Elçin: “Artur Rasizadə ilə həmişə Azərbaycan dilində danışmışam” - MÜSAHİBƏ

<b><span style="color:red;">Elçin : “Artur Rasizadə ilə həmişə Azərbaycan dilində danışmışam” - <span style="color:red;">MÜSAHİBƏ </b>
16 may 2018
# 12:07

Kulis.az Modern.az saytına istinadən Xalq yazıçısı, baş nazirin sabiq müavini Elçinin müsahibəsini təqdim edir.


- Elçin müəllim, doğum günü ərəfəsində prezident İlham Əliyev sizi “Şöhrət” ordeni ilə təltif etdi. Belə yüksək ordenə layiq görülməyinizi necə qiymətləndirirsiz?

- Fürsətdən istifadə edib cənab prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçüncü ordenimdir. “İstiqlal” ordeni, “Şərəf” ordeni və “Şöhrət” ordeni! Bunu çox yüksək qiymətləndirirəm. Müstəqil Azərbaycanın 3 ordenini almışam, gizlətmək istəmirəm, bu, mənə çox böyük qürur verir. Mən 25 il Baş nazirin müavini vəzifəsində çalışmışam. Bu, Ginnesin rekordlar kitabına düşəcək rəqəmdir. Sizə deyim ki, 25 ili həyatımda çox əlamətdar dövr hesab edirəm. Ona görə ki, bir var Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizəyə kənardan baxasan, bir də var ki, bilavasitə bu işlərin içində olasan. 25 ilin 10 ilini ulu öndər Heydər Əliyevin dövründə işləmişəm. 1993-cü ildən 2003-cü ilə qədər... Heydər Əliyevin şəxsiyyətinin miqyası olduqca böyükdür. Heydər Əliyev məktəbi çox zəngin bir məktəbdir. 15 il isə cənab İlham Əliyevin Respublikaya rəhbərliyi dövründə çalışmışam. Bu da unudulmaz illərdir. İlham Əliyev Azərbaycan xalqının müstəqilliyi, azadlığı, ərazi bütövlüyümüz uğrunda böyük mübarizə, mücadilə aparır. Hazırda dünyanı idarə edən ikili standartlar siyasəti mövcuddur. İlham Əliyevin həmin ikili standartlara qarşı apardığı mübarizə isə tarixi mübarizədir. Yenə də fürsətdən istifadə edib Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı xidmətlərini xüsusi qeyd etmək istəyirəm.

- Mərhum Heydər Əliyevlə ilk tanışlığınız nə vaxta təsadüf edir?

- 1975-ci ilin oktyabrında Nizami institutunda çalışırdım. Cavan oğlan idim. O zaman Heydər Əliyev ilk dəfə məni qəbul etdi. Rəhmətlik İmran Qasımov Azərbaycan Yazıçılar İttifaqında 1-ci katib idi. O, Yazıçılar İttifaqına katib gəlməyimi istəyirdi. Amma bir qrup yazıcı – rəhmətə getdikləri üçün ad çəkmək istəmirəm- mənim İttifaqa gəlməməyimə görə təzyiq göstərirdilər. İmran Qasımov isə Yazıçılar İttifaqında yeniliyə, gəncləşməyə çalışırdı. Heydər Əliyev o görüş zamanı dedi ki: “İmran Qasımov Yazıçılar İttifaqını cavanlaşdırmaq istəyir. Bu çox yaxşıdır. Məsələnin digər tərəfi də var. Yenilənmə... Ədəbiyyat ocağına gedirsənsə, ədəbiyyatda yenilənmə etməlisiniz”.

1975-ci ildən Yazıçılar İttifaqına getdim. Sonra “Vətən” cəmiyyətini yaratdıq. Daha sonra isə Nazirlər Kabineti....


- 25 il çox böyük rəqəmdir. Dediyiniz kimi, 25 il Ginnesin rekordlar kitabına düşəcək tarixdir. İnsan müəyyən müddətdən sonra eyni işdən, eyni vəzifədən yorulur. Sizdə isə eyni proses 25 il davam etdi. “Səhər işə get, axşam evə gəl”. Bezib usanmadınızmı?

- Bezib yorulmaq söhbəti deyil, mən harda işləsəm də, ilk növbədə yazıçıyam. O vəzifədə ki çalışırdım, bu, yazıçı üçün çox böyük material idi. Cəmiyyətin müxtəlif təbəqələri ilə təmasda olurdum. İnsanların problemləri, xoşbəxtliyi, faciəsi... Mən gördüyüm, ərsəyə gətirdiyim işləri reklam etməyi sevmirəm. Adətən səhərlər erkən yuxudan dururam, saat 5-də, zəngli saatsız. Saat 5-9 arası yaradıcılıq işlərimdir. Ümumiyyətlə, mən səhərlər yazıram. Amma çox yazarlar axşam yazır. Məsələn, rəhmətlik İsa Hüseynov gecə 12-dən, 1-dən sonra, İlyas Əfəndiyev də axşamlar yazıb səhərlər redaktə edirdi. Gündəlik yaşayışım bu cür formalaşıb. Səhər saat 9.30-da işdə olurdum. İş vaxtı 6-da qurtarsa da, müəyyən işlərə görə evə gec də gedə bilirdim. Bu, işin çoxluğundan asılı idi. Əlbəttə, hər bir vəzifə zaman məsələsində yazıçının vaxtını alır.

- Amma yaradıcı insana vəzifə verilən zaman təbrik edənlər çox olsa da, təəssüf məqamı həmişə var. Çünki vəzifə yaradıcı insanısadə vətəndaşın arasından tamamilə qoparır deyirlər. Maraqlıdır, yaradıcı insanlara vəzifə verilərkən onlar nəyi itirib, nəyi qazanırlar?

- Bu, həmin insandan asılıdır. Özümü müqayisə mənasında demirəm, ancaq Şah İsmayıl Xətai böyük imperiyanın başında dayanmışdı. Eyni zamanda, böyük şair idi. Yaxud da Molla Pənah Vaqifi nümunə gətirək. Bir tərəfdən qoşmalarında, gəraylılarında gözəlləri vəsf edirdisə, o biri tərəfdən də dövrün ağır proseslərində, siyasi həyatında çox aktiv iştirak edirdi. Qarabağ xanının vəziri idi. Dediyim odur ki, hər şey şəxsin özündən asılıdır. Əgər şəxs həqiqi yazıçıdırsa, onun üçün mövzu qıtlığı olmamalıdır. Hər adam onun üçün maraqlı olmalıdır. Həyatda bir-birinin eyni olan iki adam yoxdur. Hətta, əkizlər belə zahiri olmasa da, daxili aləmlərinə görə bir-birindən fərqlənir. Bunu görməyi bacarmaq lazımdır. Əgər bunları görə bilirsənsə, bu sənin yazıçı missiyana kömək edəcək.

- “Ölüm hökmü”, “Mahmud və Məryəm”, “Ağ dəvə” kimi iri romanlarınızı, bir çox hekayələrinizi Sovet dövründə qələməalmısız. Maraqlıdır ki, Sovet dövrü ilə müqayisədə indiki əsərlərinizdə mövzu fərqliyini hiss edə bilirsinizmi?

- Heç bir fərq hiss etmirəm. Sovet dövründə yazdıqlarımın içində müstəqil Azərbaycan vətəndaşından gizlədiləcək bir mövzum yoxdur. Bu gün də Sovet dövründə çap olunan adını çəkdiyiniz romanların hər birini, bir yerini dəyişmədən, ixtisar etmədən oxucuya təqdim edirəm.

- Bəs Qarabağ, şəhidlər mövzusu Elçin müəllimin yaradıcılığında necə yer alıb?

- “Bayraqdar” povestim, qaçqınların həyatından bəhs edən hekayələrim var. “Qarabağ şikəstəsi” adlı böyük hekayəm var və s. İndi hansı qəzeti, yaxud jurnalı əlinə götürsən, şəhidlər, Qarabağ haqqında yazılar görəcəksən. Təəssüf ki, o yazıların böyük əksəriyyəti bədiilik baxımından şəhidlərin ruhuna layiq səviyyədə deyil. Bir məqamı deyim. Sovet dövründə mövzu arxasında gizlənənlər vardı. Traktordan, pambıqdan, camışçılıqdan yazırdılar. Öz istedadsızlığını bu mövzuların arxasında gizlədirdilər. İndi bizdə də bunun əks tərəfi baş verib. Oxucu üçün müqəddəs olan mövzuların arxasında gizlənirlər.

- İndi çox şeyə “don geyindirənlər” tapılır. Fikir vermisinizsə, son dönəmlərdə cəmiyyət sadə hadisələri belə sakit qarşılaya bilmir. Bunun səbəbləri nədir?

- Cəmiyyət ayrıca bir qurum deyil. Müxtəlif təbəqələrin, müxtəlif düşüncəyə sahib olanların toplusudur. Cəmiyyətdə formalaşan insanların arasında savadlı və savadsız, nələrdənsə incik düşən, səhv edən, yaxud etməyən kəsim mövcuddur. Bu məsələlərə diferensial, soyuqqanlı yanaşmaq lazımdır. Bəzi qələm dostlarımdan fərqli olaraq, mən haqqımda yazılan böhtanlara, şaiyələrə, naşı yazılara cavab yazmıram. Səviyyəsizlik həmişə olub və olacaq.


- Bir vaxtlar haqqınızda belə sözlər yazılırdı. Sizdən söz düşəndə o məsələ mütləq gündəmə gəlir. “Elçin baş nazirin müavini olduğu üçün pyesləri Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulur”. Yəni sizin yazıçılığınız yox, vəzifəniz qabardılırdı.

- Əgər mənim yaradıcılığım bu cür fikirlərə dözməyəcəksə, o zaman yaxşı edib yazırlar. Özümü müqayisə etmirəm, ancaq baxın, Azərbaycan mətbuatında Cəlil Məmmədquluzadənin və onun “Molla Nəsrəddin” jurnalı haqqında nələr yazmayıblar?!. Üzeyir Hacıbəyov haqqında nələr yazmayıblar?! Yaşayan kimdir?! Yaşayan yenə də Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyovdur. Təsəvvür edin, mənim pyeslərim Londonda bir neçə dəfə tamaşaya qoyulub. O zaman zəng etməliyəm Kraliçaya ki, danışan baş nazirin müavinidir. Əsərimi orada tamaşaya qoyun? Nyu-Yorkda “Şekspir” pyesim tamaşaya qoyulanda mənim üçün sürpriz olmuşdu. Deməli, Amerika prezidentinə zəng etməliyəm ki, baş nazirin müaviniyəm. Əsərimi tamaşaya qoyun?! Gülünc bir şeydir. Əgər bir pyesi teatra təqdim edəcəmsə, onu uzun müddət saxlayıram, oxuyuram. Fikrinə inandığım insanlara oxumaq üçün təqdim edirəm. Əgər hiss etsəm ki, cüzi narazılıq var, heç vaxt o əsərin tamaşa qoyulmasına razı olmaram. Azərbaycanın teatrları yaxşı əsəri heç vaxt geri qaytarmaz. Yaxşı əsərə həmişə ehtiyac var. Mən, Ərəbzəngi kimi deyirəm ki, kimsə “Azdrama”ya pyes təqdim etməsin?! Gülüncdür. “Elçin vəzifəsindən istifadə edib əsərlərini tamaşaya qoydurur”. Bu, o qədər cəfəng söhbətdir ki, üzərində dayanmağa ehtiyac yoxdur.

- Yeri gəlmişkən, bir məqama da toxunaq. Tez-tez vəzifədə olan, vəzifədən gedən məmurlar haqqında faktlara əsaslanan yazılar yazılır. “Filankəs, filan yeri monopoliyaya alıb. Filan sahə onun inhisarındadır” tipli məsələlər cəmiyyəti narahat etməkdədir. Bu məsələlərlə bağlı hər hansı narahatlığınız yoxdur ki?

- Qətiyyən! Heç bir narahatlığım yoxdur. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan mətbuatında böyük vəzifə ajiotajı var. “Filankəsi sabah vəzifədən çıxaracaqlar. Filan yer boşdur. Mötəbər mənbələrdən eşitmişik ki, bunun yerinə filankəsi qoyacaqlar” və sairə. Azərbaycan mətbuatında bu dərəcədə vəzifə aludəçiliyi yerə-göyə sığmır. Şayiələr mətbuatda yerə-göyə sığmır. Düzdür, bu cür hallar mətbuatda həmişə olub, ancaq bu, təsginlik deyil.

- Yeni formalaşan Nazirlər Kabinetində artıq yoxsunuz...

- 25 ildən sonra, eyni vəzifədən getməyim təbiidir. Yeni tərkibdə olmamağıma son dərəcə təbii hadisə kimi baxıram. Vəzifə kiminsə boyuna biçilməyib.

- Hər kəsi bir sual düşündürür. Elçin Əfəndiyev 25 illik qaynar fəaliyyətdən sonra yeni vəzifə gözləyirmi?

- Mənim ən böyük vəzifəm yazıçı olmağımdır.

- Sabiq baş nazir Artur Rasizadə ilə əlaqə saxlayırsınızmı?

- Əlbəttə, elə dünən telefonla danışmışıq.

- Razılaşarsınız ki, Artur Rasizadə çox tənqid olunan hökumət adamlarından olub. Xüsusən də, onun öz ana dilində danışa bilməməsi qınaq obyektinə çevrilib.


- Artur müəllim haqqında bu tipli yazılanlarda böyük yanlışlıq var. Bu da onu tanımamaqdan irəli gəlir. Əlimərdan bəy Topçubaşov Azərbaycan dilini çox pis bilirdi. Lakin bu onun böyük fəaliyyətini azaldırmı? Rasizadə rus təhsili alıb. Sizə bir söz deyim: Artur müəllim, Azərbaycan dilini də çox yaxşı bilir. Onunla həmişə Azərbaycan dilində danışmışam. Rasizadənin yaşının çox olmasına baxmayaraq, kobud səslənsə də, onun zehni kompyuter kimi çalışır. O, iqtisadiyyatı, sənayeni, maliyyə məsələlərini dərindən bilən adamdır. O, çox təcrübəli şəxsdir. Artur Rasizadə milli və ləyaqətli insandır.

- Azərbaycanda yeni yazarlar nəsli formalaşmaqdadır. Gənclərdən kimləri oxuyursuz?

- Misal üçün, Mübariz Cəfərlinin, Şərif Ağayarın əsərlərini oxuyuram. Qan Turalının məqalələri, esseləri xoşuma gəlir. İstedadlı adamdır. Xüsusilə, qadın şairələr var. Hətta, onlar haqqında böyük məqalə yazdım. Misal üçün, Hədiyyə Şəfaqət və başqaları...

- Yaradıcılığınızda uşaqlar üçün yazdığınız maraqlı hekayələr var. “Aysunun, Humayın, Günayın nağılları” hekayəniz daha çox diqqət çəkir. Hekayəyə qızlarınızın adını vermisiz. 3 qız atasısız. Nədir qız atası olmağın üstünlükləri?

- O qızlara malik olmağın özü elə üstünlükdür.


- Adətən, qız uşaqlarının atasına daha yaxın olduğu söylənilir. Sizdə vəziyyət necədir?

- Qızlarımla ilk növbədə dostam. Məncə, bu yetər.

- Bir ara Yazıçılar Birliyinin sədri Anarla münasibətlərinizin soyuq olduğu deyilirdi. İndi münasibətlər necədir?

- Anarla münasibətlərimiz həmişəki kimidir. Biz həmişə dost olmuşuq. Bizi birləşdirən bir çox cəhətlər var. Ailələrimiz bir-birlərini tanıyıblar. Anarla 50 ildir ki, dostluğumuz var. Anar mənim üçün məhrəm bir adamdır. Ola bilsin ki, ayrı-ayrı vaxtlarda aramızda um-küsü olub. Amma sərhədi keçmək söhbəti olmayıb. Bizə görə kimsə nigaran olmasın. Hətta, sizinlə görüşdən yarım saat qabaq telefonda danışdıq. Oljas Süleymanovla nahara dəvət etdi. Sizinlə görüşüm, sonra da rayona səfərim olduğu üçün, gedə bilmədim.

- Bir qədər də pedaqoji fəaliyyətinizdən danışaq. Bundan sonra yazıçı Elçin tələbələr qarşısında tez-tez görünə biləcəkmi?

- Bakı Dövlət Universitetinin professoruyam. Auditoriya qarşısına çıxıb-çıxmamağımla bağlı fikirləşirəm. Amma cavanlarla işləmək mənim üçün də maraqlıdır. Növbəti dərs mövsümünə qədər bu barədə düşünmək istəyərəm. Hələ ki, qərara almamışam.

- Yeni iş təklifləri olurmu?

- Həm Azərbaycan, həm də Türkiyə universitetlərindən dəvətlər gəlir. Xüsusilə, Türkiyənin Yedi Təpə Universiteti orada mühazirələr oxumağımı istəyir. Ancaq hələ ki bir az başım qarışıqdır. Bu günlərdə Rus Dram Teatrı “Absurd” pyesimin tamaşasının məşqlərinə başlayıb. Bir müddət bundan qabaq Londondan xəbər gəldi. İngilis bəstəkar “Cəhənnəm sakinləri” pyesim əsasında muzikl yazıb. Bu muzikl mənim üçün gözlənilməz oldu. İngilis bəstəkar Azərbaycan yazıçısının pyesi əsasında muzikl yazıb və əsəri Cənubi Koreyanın Opera və Balet Teatrı sifariş edib. Seulda tamaşaya qoyuldu. Təəssüf ki, o tamaşaya baxa bilməmişəm. İndi Londonda tamaşa hazırlanır.

- Bir vaxtlar “Vətən” Cəmiyyətiniz vardı. Orada sədr idiniz. İndi o cəmiyyət fəaliyyət göstərirmi?

- O cəmiyyət artıq öz missiyasını başa vurub.

- Yenidən elə bir cəmiyyətin yaranmasına ehtiyac duyursunuzmu?

- Hər şey Diasporla İş üzrə Dövlət Komitəsindən asılıdır. Əgər bu komitənin işi geniş miqyas alarsa, hər hansı cəmiyyətin yaranmasına ehtiyac görmürəm. Çünki dövlətin xüsusi bir komitəsi var. Komitə üzərinə düşən işi bundan sonra daha da yaxşı yerinə yetirməlidir.

- Son olaraq istirahətiniz barədə soruşmaq istərdim. Bu qədər gərgin işin içində necə istirahət edirsiz?

- Mənim istirahətim odur ki, səs salmayın işləyirəm.

# 1178 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
#
#
# # #