Satirik şair: “Maraq doğurmaq üçün gərək məmur adı çəkəsən” - MÜSAHİBƏ

<span style="color:red;">Satirik şair:  “Maraq doğurmaq üçün gərək məmur adı çəkəsən” - <span style="color:red;">MÜSAHİBƏ
5 dekabr 2017
# 09:02

Kulis.az ARB TV-də yayımlanan “Xalqın şairi” layihəsində Mirzə Ələkbər Sabir obrazını canlandıran satirik şair Əvəz Qurbanlı ilə müsahibəni təqdim edir.

- Siz daha çox satirik şeirlərlə tanınırsınız...

- Bəli. Amma lirik şeirlər, qəzəllər, heca şeirləri də yazıram. Nəsrdə qələmimi sınayıram. Daha çox satirik şair kimi tanınmağımın bir səbəbi var. ANS-də “Qulp” verilişi vardı, orda satirik şeirlərimi səsləndirirdim. Tamaşaçılar o verilişə baxandan sonra məni tanıdılar.

- Orda Baba Pünhan da vardı. Sizin ona həsr etdiyiniz şeiriniz də var...

- Elədi. Əsl adı Atababa Mədətzadə idi. Baba Pünhanı təxəllüs kimi götürmüşdü. Şeir məclislərində görüşürdük. Baba Pünhanın ömrünün axır çağları idi. Xəstəxanada görüşdük onunla. Həmin görüşün maraqlı tarixçəsi var. Baba Pünhan ürəyindən əməliyyat olunmuşdu. Mən də təsəlli kimi dedim ki, yaxşı olacaq, keçib gedəcək. Baba dedi, mən yaxşı olmaq haqqında düşünmürəm, indi başqa şeylər fikirləşirəm. İndi o dünya haqqında fikirləşmək vaxtıdır. Elə bil ürəyinə dammışdı. Tamam başqa adam kimi danışırdı. Sanki başqa bir sabaha hazırlaşırdı. O anlar gözümün qabağındadır. Baba Pünhanı məhz həmin anlarda xatırlayıram. Başqa görüşlərimiz heç bu qədər yadımda qalmamışdı.

- Əvəz bəy, daha çox klassik ədəbiyyata bağlısınız. İndi qəzəl yazanlar Bakı kəndlərində daha çoxdur. Meyxana deyilən, şeir səsləndirilən məclislər təşkil olunur. O məclislərdə iştirak edirsinizmi?

- Qabaqlar “Füzuli məclisi” vardı. Vahid ədəbi birliyini xatırlatmaq istəyərəm. “Məcməul şüəra” məclisi indi də davam edir. Doğrudur, qəzəl, klassik şeirlər ən çox Bakı kəndlərində qorunur, mühafizə olunur. Amma diqqət etsək görərik ki, bizim klassik şairlərimiz ayrı-ayrı bölgələrdə ortaya çıxıblar. Məsələn, Şirvanda, Ərdəbildə, Təbrizdə, Qarabağda. Şirvan aparıcı yer tutur. Çünki Şirvani təxəllüsü ilə yüzlərlə şairimiz var.

- Amma siz nə Şirvandan, nə də Bakı kəndlərindənsiniz...

- Hə, Saatlı rayonundanam. Amma əslimiz başqadır. Babam Ərdəbildən gəlib. Bəlkə də klassik şeirə marağım ordan qaynaqlanır.

- İndi yeni dövrdür. Sizi necə qarşılayırlar? Elə o məclislərdən üzü bu yana götürsək...

- Mən bu haqda çox eşidirəm. Nə bilim, qəzəlin dövrü başa çatıb, daha qəzəl yazmaq köhnəlik əlamətidir... Forma baxımından bu həqiqətdir. Ancaq mən heç vaxt şeirdə formaya önəm verməmişəm. Məni ən çox maraqlandıran şeirin bədii çəkisidir. Postmodernizmin hardasa 100 illik tarixi var. Bu daha çox düşüncədə və formada özünü göstərir. Fikir belə bir şeydir ki, yaxşı olanda heç vaxt köhnəlmir. Yaxşı fikir heç vaxt köhnələ bilməz. Formada isə yaxşı işlər görməyi bacaranlara yaşıl işıq görünəcək. Və o şəxs həmişə öz dövrünün fenomeni olur.

- Klassik şeirdə yeni forma yaratmaq çox çətindir. Buna cəhd edənlər də olur. Amma bəzən fikir verirəm, qəzəl yazanlara bu cür münasibət yaranır: “Sabir olan yerdə sən kimsən?”, “Əliağa Vahiddən yaxşı yazası deyilsən ki?” və s.

- Məsələn, tutaq ki, biz klassik şairlərik. Orta əsrlər dövründə yaşayırıq və öz sələflərimizə nəzərən şeirdə öz yerimizi müəyyənləşdirməyə çalışırıq. O zaman onlar nə düşünərdilər? Baxın, Nizamiyə qədər, İslama qədər böyük şairlər vardı. Ümumiyyətlə, hər dövrün böyük şairləri olub və olacaq. Söz dövrünün ifadəsi olmalıdır. Forma, janr – bu o qədər əhəmiyyətli deyil. Öz dövrü ilə ayaqlaşan şeir həmişə seviləcək. Klassik şeiri tənqid edən adamlar var ha. Deyirlər, bu köhnəlmişdir, itib-gedib. Onlar klassik şeirdən anlayışı olmayanlardı. İndi əruzda yazılmış qatma-qarışıq şeirlər klassik şeiri gözdən salır, ictimaiyyət o şeirlərlə maraqlanmır. Pis nümunələr maraq doğurmur. Yəni qəzəl yazmaq adı ilə qəzəl yazırlar. Buna görə də haqlı olaraq diqqətdən kənarda qalır. Şeir bəlağətli, gözəl bir fikri oxucuya zövqü oxşamaqla çatdırmaqdır. Mən indi yazılan müasir şeirləri qəbul edə bilmirəm. Bu fikri deyəndə deyirlər, sən mühafizəkarsan, müasirliyə açıq deyilsən.

- Niyə qəbul etmirsiniz modern şeiri?

- Şeir sözünün özü ölçü deməkdir. Sərbəst şeir də ölçüylə yazılanda gözəl olur. Məsələn, Nazım Hikmət ən böyük örnəkdir. Bizdə indi gənc bir şair şeir yazır, baxırsan yaxşı fikirləri var. Bu sadəcə istedadın bəhrəsidir. Yəni onaqədərki məsələdir, istedadın bəhrəsi verilib. Amma bundan sonrakı məsələ onun özündən asılıdır. O həmin şeiri düzgün şəkildə təqdim etməlidir. Bu gün təqdimat hər şeydən vacibdir. Mağazaya gələn yeni malların satılması təqdimatdan asılıdır. Şeirdə də elədir. Baxırsan ki, şeirdə forma yoxdur, ölçü, qafiyə yoxdur. Yaxşı fikirlərdir. Dağınıq fikirlər. Bu istedadın elədiyidir. Radioqəbuledici kimi fikirləri göydə qapır və yazır. Amma onu hazırlayıb təqdim eləməyə hazır deyil.

- Siz özünüz yazmısınız modern şeirlər?

- Əvvəllər bir-ikisini yazmışam. İndi heç yadımda deyil. Açığı, o cür yazmağa heç cəhd eləməmişəm. Baxıram ki, mən daha çətin şeir yaza bilərəm. Keyfiyyət həmişə çətin yazılan şeirdə üzə çıxır. Yoxsa oturub ağlıma gələn fikirləri dağıdaram ora, olar modern şeir. Mən bu gün modern şeir yazanları tanıyıram, münasibətim də var, fikirlərini də qəbul edirəm. Ancaq onların təqdimatı xoşuma gəlmir. Baxıram, hansısa fikri yazıb çıxarıb ortaya. Təəssüf ki, həmin fikir şeir deyil. Konkret şeir deyil. Çünki şeirin qayda-qanunu var. Burda isə heç bir qayda-qanundan söhbət gedə bilməz. Heç nə yoxdursa, bunun adını şeir qoymayaq. Deyək ki, istedadlı adamın yaxşı bir fikridir.

- Əvəz bəy, dediniz ki, formanın önəmi yoxdur, əsas şeirdir. Klassik şeirin tarixi çox böyükdür. İndi Əvəz Qurbanlı yazdığı klassik şeirlərlə Sabirdən, Əlağa Vahiddən nə ilə fərqlənir?

- Dövrü ilə səsləşməsi. Əsas fərq budur. Yaxşı şeir dövrlə səsləşməlidir. Bugünkü Avropa şeiri, bizə gəlib çatan həmin o modern şeirlər bizim düşüncəmizi, təfəkkürümüzü ifadə edə bilmir. Bizim öz bazamız, keçmişimiz var. Öz düşüncə qəlibimiz var. O şeirlər bizə yaddır.

- Əslində, sizin yazdığınız qəzəl də bizə yaddır. Qoşma, gəraylı daha doğmadır...

- Bəli.

- Qəzəl fars...

- Qəzəl fars da deyil, ərəb də deyil. Bu şeirlər yazılanda niyə ərəbin adına yazıldı? 8-ci əsrdə Xəlil ibn Əhməd adında bir ərəb alimi əruzu sistemləşdirib. Əruz isə əvvəldən var idi.

- Ərəbin, farsın deyilsə, bəs kimindi?

- Əslində, əruzun tarixi bilinmir. Bütün xalqlarda əruz ola bilər.

- Yəni konkret ərəbin, farsın şeir forması deyil...

- Deyil. Janr etibarilə ola bilər ki, qəzəl ərəb janrıdır. Amma mən əruzun özündən danışıram. Axı əruzda yalnız qəzəl yazılmırdı ki. Əruz ritmdir. Əruzu bizdən uzaqlaşdıran, ikrah hissi yaradan o şairlər oldu ki, onlar klassik şeirdən bəhrələndilər, onun təsirindən çıxa bilməyib təqlid eləmək yolunu seçdilər.

- Ustad hesab etdiyiniz klassik şairimiz kimdir?

- Aydındır ki, Füzulinin təsirinə düşməmək olmur. Sonra Qovsi Təbrizinin adını çəkə bilərəm. Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir ən çox sevdiyim şairlərdəndir. Hamısından öyrənmişəm.

- Sabirin də adını çəkdiniz. “Xalqın şairi” verilişində də siz Sabirin obrazı kimi çıxış edirsiniz. Necə bir hissdir? Sabirin yerində olmaq, ona yenidən can vermək...

- Biz əslində bu veriliş haqqında 7-8 il əvvəl düşünürdük. Mübarizin layihəsidir. İndiki kimi verilişdə bu qədər çox klassik olmayacaqdı. Yalnız Sabiri nəzərdə tutmuşduq. Çoxdan düşünülmüş bir ideya idi. Sadəcə zaman elə gətirdi ki, bu veriliş 10 ildən sonra ortaya çıxdı. Lakin daha təkmil və mükəmməl formada. Verilişdə bildiyiniz kimi, münsiflərdən əlavə klassiklər də var. Səməd Vurğun, Məhsəti Gəncəvi, Vaqif, Nəsimi və s. Və hər dəfə də bu adlar dəyişiləcək. Mənim əslində orda aktyor kimi Sabir rolunu ifa etmək fikrim yox idi. Amma iş elə gətirdi ki, mən də o klassiklərin yerində əyləşdim. O biri aktyorlardan fərqli olaraq mən Sabiri oynamıram, Sabiri canlandırıram. Oynamaq ayrı bir şeydi. Nəyə görə bu təklifə razı oldum? Fikirləşdim ki, başqa bir aktyor bunu edə bilməyəcək. Sabiri duymaq məsələsi var axı. Mən Sabir obrazında olanda özümü unuduram. Düşünürəm ki, görəsən, Sabir bu məqamda nə deyərdi. Çalışıram ki, Sabirin hüquqlarını, haqqını tapdalamayım, kənara çıxmayım. Sabiri duymamaq elə ona qarşı haqsızlıq olardı.

- Bəzən fikir verirəm, verilişdə bəzi iştirakçılar Sabirin sözünü kəsirlər. Yəni sizin sözünüzü. Bu sizə toxunmur ki? Hər halda orda Sabirin adını daşıyırsınız.

- Yox, bu qeyri-adi gəlmir mənə. Çünki biz yüz ildir Sabirin sözünü kəsirik. Elə ona görə də onun şeirləri öz aktuallığını itirmir. Bir yandan bu şairin böyüklüyünə dəlalət eləyir. Digər yandan da cəmiyyətimizin hələ də dəyişmədiyini, eyni olduğunu deyir.

- Bəzən klassiklər hədəf taxtasına çıxarılır. Sabir də bu hədəf taxtasında olub. Rafiq Tağı yazı yazmışdı, aləm dəymişdi bir-birinə. Sabirin satirasının heç nəyi düzəltmədiyini və o satirik şeirlərin sadəcə milləti gözdən salmasını düşünən adamlar var. Buna münasibətiniz necədir?

- Bir vaxtlar düşünürdüm ki, artıq satira öz missiyasını başa vurmaq üzrədir, yeni formalar tapılmalıdır. Bəlkə də bu insan xarakteri ilə bağlıdır. İnsan tənqidi qəbul etmir. Başqa inkişaf etmiş ölkələrdə də bu belədir, tənqid qəbul olunmur. Amma satiranın milləti gözdən salması fikri ilə razı deyiləm. Niyə gözdən salsın ki? Sadəcə onun düzgün yozumu lazımdır. “Fəhlə özünü sən də bir insanmı sanırsan?” Bir tanınmış qəzəlxan var idi, deyirdi ki, mən Sabirin bu fikri ilə razı deyiləm. Əslində, hamıdan yaxşı dolanan elə fəhlədir. Onun öz arqumentləri vardı ki, fəhlə yaxşı qazanır və s. Amma indi baxanda görürük ki, fəhlə həm ən az qazanan təbəqədir. Sabir də dövrün sözü ilə deyirdi o sözləri. Milləti gözdən salmırdı. Əslində, Sabir işıq salırdı. Cəmiyyət qaranlıq içindəydi. Heç kim heç nə görmürdü və hər şey yaxşıydı. Elə ki, projektor düşdü o qaranlığa, əyriliklər göründü. Cəmiyyətin problemini deyib Sabir. Cəmiyyətin problemi olmasın, Sabir də elə deməsin. Sabir hansı problemi özündən uydurub? Heç birini uydura bilməzdi. Ürək ağrısıyla dilə gətirirdi ki, bu problemlər olmasın. Satira da onun üçün bir vasitəydi. Sözünü çatdırmaq üçün vasitə...

- Siz indi satira yazırsınız. Bu gün satiraya münasibət necədir? Oxuyan varmı, tələbat varmı? Məsələn, indi meyxanaya maraq çoxdur. Videolarda ən çox baxılan da meyxanalar olur. Amma mənə maraqlıdır, həmin adamlar kitab mənasında satiraya tərəf yol gəlirlərmi?

- Bu poeziyamızın ən böyük problemlərindən biridir. Poeziyanın meyxana dövrünə keçməsi. Meyxana kütləviləşdi və oxucu tənbəlləşdi. Meyxana deyənlər istedadlı adamlardı, bədahətən nəsə demək hər adamın işi deyil. Amma bədahətən deyilən söz ciddi ədəbiyyat nümunəsi sayılmır. Bu əyləncə vasitəsi kimi qəbul olunub. Bir az da vizuallığı var, musiqisi var. Və buna görə də maraqla qarşılanır. Özü də əsas maraq bilirsiniz nədir? Meyxanada sözə fikir vermirlər. Əsas kontr fikirlər, bir-birini aşağılayan sözlərə həvəs var. Bu, yaxşı bir şey deyil. Bu cəmiyyətin aşağı səviyyədə olduğunu göstərir. Üç min il əvvəlki qladiatorlar necə döyüşəndə həvəslə baxırdılar, indi də elədir. Bu gün o qladiatorlar söz üstündə döyüşürlər. Camaat da söz adına bir-birilərini söyənlərə baxıb zövq alırlar. Belə çıxır ki, biz üç min il geridəyik. Satiraya gələndə... Yaxşı satiraya həmişə münasibət yaxşı olub. Satira vacibdir. Bu gün cəmiyyətdə gedən proseslərlə bağlıdır deyəsən, daha çox siyasi şeirlərə maraq var. Belə şeirlər də satiranı öz mahiyyətindən çıxarır. İndi əsas diqqət ondadır ki, siyasi şeir olsun və kiminsə, hansısa məmurun adı çəkilsin. Ancaq bunun poeziyaya aidiyyatı yoxdur. Sənət kimi təəssüf ki, satiraya münasibət ürəkaçan deyil. Bunun ən böyük səbəbi mütaliəsizlikdəndir. Kütləvi mütaliəsizliyin problemi. Həmid Herisçinin fikridir: “Müasir Azərbaycan ədəbiyyatı meyxanaya 5-0 uduzdu”.

# 3467 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #