Çingiz Abdullayevdən əsrin etirafı, donuz zarafatı, Kəramət Böyükçölün rəqsi – Reportaj

Çingiz Abdullayevdən əsrin etirafı, donuz zarafatı, Kəramət Böyükçölün rəqsi – <span style="color:red;">Reportaj
13 may 2019
# 17:38

Kulis.az Ayxan Ayvazın Qəşəm Nəcəfzadənin 60 illik yubileyindən yazdığı reportajı təqdim edir.

- Kəramət, neynirsən burda?

- Atamın kitablarını satıram.

- Nə qədər satılıb?

- 240.

Kəramət Böyükçöllə AYB-nin binasında dialoqumuz. Qəşəm Nəcəfzadənin 60 illik yubiley tədbiri başlamaq üzrədir.

Qəşəm müəllimin 3 kitabı satılırdı: “Barış”, “O qara əyri bulud”, “Suyu seyr edən ağacın yuxusu”. Şeirlər, hekayələr, esselər kitabı.

Kənan Hacı gəlib çıxdı.

- Kəramət, - 20 manatı qoyur masaya. – çıxarsan burdan.

- Hansını?

- Hərəsindən biri...

Mənim duzsuz zarafatım:

- Kənan, birini al da. Neynirsən üçünü də...

Kənan Hacı gülümsündü. Görünür, yaxınlarda baş tutacaq kitab təqdimatına sərmayə qoyurdu. Qəşəmlə Kəramət də gəlib hərəsi bir kitab alsa, işlər yaxşı gedər.

Tədbirə gələnləri Kəramət qarşılayırdı. Hamının üzündən öpüb Natavan klubunun xeyirxah qapısından içəri ötürürdü.

- Kərəm, toy yiyəsisən?

- Hə...

Bu arada Rəşad Məcid tədbiri giriş sözü ilə açdı:

“Qəşəm istedadlı...”

Və çıxışının bir yerində Qəşəm müəllimin ailəsindən də danışdı:

“Hamımızın nifrət etdiyi və sevdiyi Kəramət...”

Kəramət bunu eşitmədi təbii, o Natavan klubunda deyildi, 3-cü mərtəbənin foyesində kitabların yanında postda dayanmışdı. Postda deyirəm, amma Kəraməti orda da tapmaq olmurdu. Hər dəfə ayrı-ayrı yerlərdən görünüb təkrar qeybə çəkilirdi.

Uzun axtarışdan sonra Kəraməti pilləkənin üstündə siqaret çəkən yerdə tapıram. Xanımlardan biri böyrümdən çıxıb Kəramətə ilişir:

- Səndən kitab satan olmaz.

Heç Kəramətin vecinədi? Əlini yelləyib kitabların yanına – postuna gedir...

Sən demə, tədbirin moderatorluğu Səyyad Arana tapşırılıbmış. Mən də elə bilirdim, ona söz verilib. Uzun-uzadı danışırdı, nitqinin bitməsinə heç bir ümidim qalmamışdı. Çıxıb bir az Sahil bağını gəzdim, quşlara dən paylayan yaşlı qadınları izlədim, gəlib Kəramətlə bir az zarafatlaşdım, kiminləsə bir yerdə siqaret çəkdim. Amma Səyyad Aranın nitqi bitmirdi ki, bitmirdi.

Bu yerdə Çingiz Abdullayev gəlib çıxdı. Səyyad Aranın əsnəmə və yuxu gətirən nitqini yarımçıq qoyub dərhal, son dərəcə dərhal Çingiz müəllimə sözü verirəm:

- Qəşəm 36 kitab yazıb. Sonra mənə deyirlər ki, çox kitab yazırsan. Sən nə qədər yazıbsan belə?

Rəşad Məcidin replikası:

- Hələ İmişlidən tez gəlsə sizin kitabların sayını ötüb keçəcəkdi.

- İmuşli dedin, Rəşad, - Çingiz müəllimin çıxışını tərcümə variantında vermək yaxşı olar, - yadıma düşdü ki, mənim atam da İmişlidə prokuror olmuşdu. Orda hələ bir qız da sevirdi. Amma bilmirəm hansı qız idi. Özündən soruşa da bilmədik.

Məclisə əməlli-başlı canlanma gəldi, əsnəyənlər əsnəmələrini unutdu, yuxusu gələnlərin yuxusu qaçdı.

Hələ Çingiz Abdullayevin növbəti abzasdakı çıxışı Seyran Səxavət demiş, “əsrin etirafı” oldu.

- Qəşəmlə biz eyni ildə anadan olmuşuq, 1959-cu ildə. 6 gün fərqlə. O aprelin 1-di, mən də aprelin 7-si. Qəşəm də donuz və qoyundur.

Hamı şok.

- Donuz və qoyunuq hamımız.

Gülüşmə düşdü və Çingiz müəllim könül almaq istədi:

- Donuzların hamısı ağıllı olur. Məsələn, Fikrət Qoca, mən, Fərhad Bədəlbəyli. Elə sən də...

Seyran Səxavətin replikası:

- Fermaymış ki...

Natavan salonu gülüşdən silkələndi. Dayandur Sevgin bu ara gəlib qulağıma pıçıldadı:

- Şunquruq qoşma ha. Donuzu yazma.

- Ən maraqlı yeri buradı axı.

Bu arada Kəramətin yenə postda olmadığını gördüm. Kiminləsə çənə-çəyə verib gülürdü. Sən demə, Rəşad Məcidmiş.

- Ay Rəşad müəllim, yubiley açmaqdan boğaza yığılmısınız e...

Rəşad Məcid də qulağında telefon gülümsəyə-gülümsəyə təkrar Natavan klubuna keçdi.

- Hə, donuzlar ağıllıdırlar. – Çingiz müəllim davam edirdi. – Ona görə də, Qəşəm, donuzluğunu qəbul elə.

Yenə gülüşmə düşdü.

- İndi yubileydi. Amma Qəşəmi tənqid etmək istəyirəm. Tənqid də lazımdı.

Rəşad Məcidin atmacası:

- Guya bayaqdan tərif eləyirdiniz ki?

Çingiz Abdullayev gülümsündü:

- Deməli, Qəşəm gedib Qallandiyaya, - tərcüməmiz zəif işləyir, üzrlü bilin, - qayıdıb gələndə mənə dedi ki, Çingiz, orda səndən, məndən başqa heç kimi tanımırlar. Sonra gedib bu sözü Anar müəllimə deyib, ondan sonra da Fikrət Qocaya.

Salondakılarda hal qalar? Qəşəm müəllimin özü də gülməkdən az qala yıxılacaqdı.

Kəramətin yanına getdim bu ara. Gördüm, bekarçılıqdan qol qaldırıb oynayır. Tez onu kadra salıb anı əbədiləşdirdim.

Səyyad Aran moderatorluğuna davam eləyirdi. Amma bu moderatorluq deyildi, Səyyad Aran hər dəfə çıxış eləyirdi, Qəşəm Nəcəfzadə ilə keçən günlərindən danışırdı.

Yazımızın zamanının bir az qabağa çəkib deyim ki, bu vəziyyətə Oqtay Rza əsəbiləşmişdi:

- Səyyad müəllim, siz hər dəfə kiməsə söz verəndə 2 saat danışırsınız. Giriş sözünüz də çıxış deyildi, məruzə idi.

Bu haqda az sonra...

Deputatlar – Fazil Mustafa və Adil Əliyev filologiya təhsili almış biri kimi Qəşəm Nəcəfzadənin şeirlərindəki poetika haqqında lakonik çıxış elədilər.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə:

- Qəşəmlə bir dəfə Slavyan universitetində tədbirə getmişdik. Biz “Azərbaycan” jurnalının tarixi haqda danışırdıq. Təbii ki, məclisə maraqsız idi. Onda Qəşəm 3 şeir oxudu və Çingiz müəllimin bayaqkı çıxışı kimi məclisə təzə bir hava gəldi.

Seyran Səxavətin çıxışından yadda qalanlar:

“Qəşəm Pərvanə ədəbi məclisi yaratmışdı. Hamısı qadınlar idi orda. Elə bil monastr idi”.

“Hekayələrini oxumusunuz? Şedevr hekayələr var bu kitabda. Kim oxuyub əlini qaldırsın?”

Yer-yerdən əllər uzandı.

“Bayaq Səyyad Aran çıxışında – açığı dinləyə bilməmişdim – dedi ki, ata ilə oğul dialoqu ədəbiyyatımızda Qəşəmlə Kəramət arasında daha demokratik olub. Razıyam. Hələ belə demokratik ailə olmayıb. Amma Səyyad dedi, mən Qəşəmin tərəfindəyəm. Adam da heç Qəşəmi dəstəkləyər? Gəncin yanında olmaq lazımdı”.

“Dünyanın ən yaxşı yazıçısı Kəramət Böyükçöl...” – Seyran Səxavətin bu sözlərindən sonra təzədən Kəramətin “post”una getdim. Masanın üstündə oturub darıxırdı.

“Qaqa, nisyə vermirsiniz kitabı?”

Ərindi cavab verməyə. Ya da məni yola verdi.

Oqtay Rza əsəbiləşmişdi:

- Bu xanıma söz verək! Məclisdən qadın səsi eşidilsin!

Qəşəm müəllimin Gəncədən tanışı olan Ofeliya xanım danışdı və şairi böyük sevgi ilə təriflədi.

Vaqif Yusifli çıxışına nədənsə Füzulidən sitat gətirdi:

- Füzulidən çox şey deyə bilərəm. Amma bura Füzulilik deyil, Qəşəmlikdi.

Sən demə, onlar Gəncədə bir-birilərini görüblər. Və onları da tanış edən füzulişünas Sabir Əliyev olubmuş. Arada Vaqif müəllim yenə Füzulidən misralar deməyi də unutmadı.

“Qəşəm yeni dövrün düşüncəsidir. XXI əsrin şairidir”. – bu da Vaqif Yusiflinin çıxışının son akkordları...

Gələk, Oqtay Rzanın əsəbləşdiyi məqama:

- Olmaz axı belə.

Kəramət də oğrun-oğrun qapıdan baxırdı.

- Gör iş o yerə çatıb ki, yubilyarın özü deyir, Oqtay müəllimin mənə şeiri var, qoyun oxusun.

Bu yerdə masadakı butulkadan özümə su süzüb plastik şüşəni Oqtay müəlimin qabağına qoydum. O da əsəbiliklə götürüb mənim qabağıma qoydu və sərt şəkildə dedi:

- İndi ki, belədir. Qəşəmə yazdığım şeiri oxumayacam!

Hamı yer-yerdən Oqtay Rzanın könlünü almağa çalışdı, ancaq Oqtay müəllimin çatılmış qaşı açılmadı.

Səyyad Aran onun rubailərini tərifləyəndən sonra isə buzlar əridi. Və söz verildi Oqtay müəllimə. Bu arada da Çingiz Abdullayev sözə qarışdı:

- Qabil müəllim deyirdi, 60-ı keçəndə ədəbi qoca olursan, 70-i keçəndə ədəbi patriarx. Mən də soruşdum, bəs 80-i keçəndə. Dedi, onda adam olmursan, olursan Qobustan abidələri.

Yenə gülüşmə düşdü.

Amma Oqtay müəllim bu sözlərdən incimədi. Hətta özü ilə də zarafatlaşdı.

Qəşəm Nəcəfzadəyə yazdığı şeiri 10 il əvvəl yazdığını xatırladı.

- Möcüzə baş versə, gələn 10 ildən sonra yenə bu şeiri oxuyaram!

Alqışlar qopdu və Oqtay müəllim şeiri oxumağa girişdi.

- Köməkçimə müraciət etməliyəm. – sən demə, eynəyini deyirmiş, eynəyini gözünə keçirəndən sonra bir nəfəsə şeiri dedi.

Çingiz Abdullayev çıxana yaxın gəlib Oqtay Rzanın qulağına pıçıldadı. Xoşbəxtlikdən yaxında oturmuşdum və hamısını eşitdim:

- Anar müəllim deyir, 90 yaş təhlükəlidir. Ondan sonra Azıx mağarası olursan.

Oqtay müəllim gülümsündü:

- Sizə də şeirim var, Çingiz müəllim. Oxuyum?

- Bilirəm...

Kəramətin postunda kitablar azalırdı. O, yaşlı və tanınmayan şairlərlə danışıb gülürdü. Bir xanım gəlib Kəramətə ilişdi:

- Sənə niyə o qədər layk gəlir ki? Necə eləyirsən?

Kəramət mənə tərəf çöndü:

- Gör bunun dərdinə bax!

Tədbir uzandıqca-uzanırdı, adamlar da azalırdı. Pərvanə məclisinin qadınları danışmağa başlayanda mən artıq yorulmuşdum, çıxıb getmək istəyirdim. Bu ara Yafəs Türksəs gəldi.

- Reportaj yazassan?

- Hə...

- Əla alınar. Məni də yaz.

- Nə yazım?

- Yaz ki, Pərvanə məclisinin qadınlarına söz verdilər, Yafəsə yox. Yafəsin çıxışından qorxdular.

# 5314 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #