Saçını satan məşhur aktrisanın kədərli taleyi – Orxan Bahadırsoydan YENİ HEKAYƏ

Saçını satan məşhur aktrisanın kədərli taleyi – Orxan Bahadırsoydan YENİ HEKAYƏ
1 mart 2017
# 12:41

Kulis.Az gənc yazar Orxan Bahadırsoyun “Saçını satan aktrisa hekayəsini təqdim edir.

Onun evinin pəncərəsindən bu şəhərə baxanda hər şey necə də bəzəkli, ehtişamlı və xoşbəxt görünür: üzərində quşların uçuşduğu Xəzər dənizi, adamla dolu Bakı bulvarı, Təzəpir məscidinin parlayan minarələri, atəş rəsminə bürünən Alov qüllələri... Amma bu xoşbəxt şəhərdən onun pəncərəsinə baxdıqda hər şey tamam başqa cürdür: qaranlıq otaq, sönük və soyuq divarlar, yepyekə tənhalıq və güzgüdə keçəl başına yaylıq bağlayan yaşlı qadın.

Telefonu susmur. Onu hansısa telekanaldan, qəzetdən, xəbər portalından narahat etdiyini deyən jurnalistlərin zəhlətökən suallarından bezir.

- Saçınızı satışa çıxarmağınızla bağlı yayılan xəbərlər doğrudurmu?

- Tutaq ki, doğrudur. Nə edəcəksiniz?

- Niyə saçınızı satırsınız?

- Mən bu barədə danışmaq istəmirəm.

Telefonu divanın üstünə tullayır. Çox keçmir ki, telefon yenə ac it kimi zingildəyir, yenə eyni dialoq təkrarlanır. Nəhayət, telefonu birdəfəlik söndürüb masanın üstünə qoyur. Ağ parçanın üzərinə səliqə ilə sərdiyi uzun, qara saçlarına üzgün-üzgün baxıb dərindən nəfəs alır.

Qapı döyülür. Güzgüdə özünə baxıb üst-başına əl gəzdirir və qapını açır.

- Buyurun, keçin içəri. Xoş gəlmisiz.

- Xoş gördük.

İçəri daxil olan qlamur geyimli qadının bahalı ətri evə yayılır. Soyuq divarların nəm qoxusuna üz-gözünü turşudub ətrafa göz gəzdirir.

- Əyləşin. – qadına divanı göstərir.

- Vaxtım çox deyil. Salona getməliyəm. Saçı görə bilərəm?

- Əlbəttə. Bilirsiniz, bu saçlar çox keyfiyyətli saçlardır. Altmış ildən çoxdur ki, mənimlədir. Tökülmür, qırılmır, yağlanmır, gecə-gündüz parıldayır və həmişə ipək kimidir.

Ağ parçanın üzərinə sərdiyi saçını qadına göstərir. Qadın diqqətlə saça baxır, əli ilə toxunur və bir neçəsini əlinə götürüb möhkəmliyini yoxlayır.

- Bu saçlarla mən Mariya Tüdor oynamışam. Bilirsiz, siz indicə fransız kraliçasının saçlarına toxundunuz. Hələ Kleopatranı demirəm. Hə, hə. Bunlar həm də Misir kraliçası Kleopatranın saçlarıdır. O şəkili görürsüz? – divardakı ağ-qara fotonu göstərir, - “Romeo və Cülyetta”dandır. Orda da Cülyettanı oynamışam. Bu saçlar Şekspirin məşhur məhəbbət pyesinin qəhrəmanı Cülyettanın da saçlarıdır.

- Deyin görüm, onlar üçün nə qədər istəyirsiniz?

- Axı siz məni dinləmirsiniz. Bilirsiniz, əslində, bu saçların heç bir əhəmiyyəti yoxdur. Belə baxanda adi tük yığını kimi görünür, elə deyil? Ondan sizin də başınızda var. Amma siz bilsəniz ki, bu saçlar səhnədə necə dalğalanıb, minlərlə insan hansı ehtirasla bu saçları ayaqüstə alqışlayıb, neçə-neçə kişilərin qanını coşdurub, o zaman belə biganə yanaşmazdınız.

- Xanım, siz mənə onların qiymətini deyin. Əgər münasib olsa, əlbəttə, alaram.

- Yox, siz məni yenə də anlamadınız. Bəs siz o filmi izləmisiniz? Xristian qızla müsəlman oğlanın sevgisindən bəhs edən filmi deyirəm. Axırda hər ikisi yanıb külə dönürlər. Bunlar həmin saçlardır da. Orda sarıya boyamışdım. Hə də. Bunlar Əslinin saçlarıdır. Tanıdınız?

- Görürəm, sizinlə dil tapa bilməyəcəyik. Məni salonda müştərilər gözləyir. Əgər satmırsınızsa çıxıb gedim.

- Çay içirsiniz?

- Yox, çox sağ olun.

- Bəs qəhvə necə?

- Yox, təşəkkür edirəm.

- Onsuz da qəhvə yoxdur. Mənim evimdə çaydan və sudan başqa heç nə yoxdur.

- Siz bu saçın qiymətini demədiniz...

- Məni tanımadınız?

- Belə başa düşdüm ki, aktrisasız.

- Hə. Mən aktrisayam da. Bəs bunu başa düşdünüzsə necə belə laqeyd davranırsınız?

- Nə etməliyəm ki? Sizə gül bağışlamalıyam?

- Niyə belə sərt danışırsız? Mən sizdən gül istəmədim ki. Bir baxın, bu şəkildə Luiza Milleri oynayıram. Şillerin “Məkr və Məhəbbət”indəndir. Ferdinandı oynayan bu yaraşıqlı kişi də düz iyirmi beş il mənim ərim olub. Sonra o Rusiyada bir teatrdan təklif aldığı üçün getdi, amma geri qayıtmadı. Yəni Luiza ilə Ferdinandın ölümsüz sevgisi elə ancaq əsərlərdə ola bilərmiş. Amma siz yəqin ki, bu aktyoru tanıyırsınız. Aha, gülümsədiniz. Deməli, tanıdınız. Görürsünüz? Siz az əvvəl o yaraşıqlı aktyorun öpdüyü saçlara toxundunuz.

- Bağışlayın, mən artıq getməliyəm. – qadın qapıya tərəf addımlayır.

- Yox, yox. Dayanın. – aktrisa onun qolundan tutub saxlayır.

- Siz mənim vaxtımı alırsınız. Mən bura boş-boş çənə döyməyə gəlməmişəm.

Aktrisa susur və üzgün baxışlarını yerə dikib kövrəlir.

- Bilirsiniz, mənə təcili kimyaterapiya lazımdır. Amma bunun üçün pulum yoxdur. Elə bilməyin ki, mən ölümdən qorxuram. Yox. Heç vaxt ölümdən qorxmamışam. Sadəcə bu ağrılara dözə bilmirəm. Onsuz da kimyaterapiyadan sonra bu saçlar töküləcək. Nə qədər ki, sağlamdır, satmağı düşündüm. Siz bu saçların müqabilində kimyaterapiyaların xərclərini ödəyə bilərsiniz?

- Baxın, sizə şəfa diləyirəm. Amma mənim kimyaterapiyalardan başım çıxmır. Siz mənə konkret məbləğ deyin. Əgər mənə münasib olarsa bu saçları satın alaram.

- Axı niyə anlamırsınız? Mən bu saçları satmaq istəmirəm. Daha doğrusu, onlara hansısa məbləğ deməyə dilim gəlmir. Mən onlarla bərabər qocaman bir ömür yaşamışam. Bu saçlar Mariya Tüdor tacının altında dalğalanıb. Bir baxın, nə qədər uzundur!? Tacın altından bütün belim boyunca uzanır və mən səhnədə yeridikcə dalğalanırdı. Axı indi onları necə sata bilərəm? Qanımda bir xərçənglə yaşayıram və müalicə üçün pulum yoxdur. Eyni ilə sizə lazım olmadığı kimi, mənim oynadığım kraliçalar, aşiqlər heç kəsə lazım deyilmiş. İndi məni anlayırsınız?

- Sizə kömək lazımdırsa imkanlı şəxslərə müraciət edə bilərsiniz. Mən əminəm ki, sizə kömək edərlər.

- Siz məni dilənçi hesab edirsiniz?

- Yox, məni yanlış anladınız.

- Mən hər şeyi düz anladım. Siz elə bildiniz ki, mən sizdən pul dilənirəm? Mənə yazığınız gəlsin deyə özümü bu hala salıram?

- Bağışlayın, mən sizi...

- Bağışlamıram. Xahiş edirəm, evimdən çıxın. Elə bu dəqiqə evimi tərk edin.

- Məni bura siz özünüz...

- Çıxın deyirəm sizə. Yoxsa qışqırıb köməyə adam çağıracağam. Çıxın evimdən.

Qadın dodaqaltı deyinərək, hirslə evdən çıxır. Aktrisa onun arxasıyca qapını çırpır. Qəzəbli gözlərindən od püskürür. Ağ parçanın üzərindəki ipək saçlarına nifrətlə baxır. İti addımlarla mətbəxə keçib qazan və kibrit gətirir. Saçını qazanın içinə doldurub kibrit çöpünü yandırır. Az sonra qazanın içindəki ipək saçlar od tutur və evi tünd yanıq qoxusu bürüyür. Aktrisa ağrı içində və göz yaşları ilə divana əyləşib yanan saçlarına tamaşa edir.

# 1053 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #