M.Ə.Sabirin oxumağa qoymadığı oğlan – Şərif Ağayardan yeni hekayə

M.Ə.Sabirin oxumağa qoymadığı oğlan – <span style="color:red;">Şərif Ağayardan yeni hekayə
12 aprel 2016
# 14:25

Kulis Şərif Ağayarın “Sabir bülbülləri” hekayəsini təqdim edir

Paytaxtın dəmiryol vağzalında qatardan düşəndə az qala pilləkəndən perrona yıxılacaqdım. Mahəddin müəllim əl atıb qolumdan yapışmasa özümü tarazlaya bilməzdim. Amma inanın, bundan da çox vağzal mehmanxanasının nəhəng binasını qəbir daşına oxşadanda şaşırdım. Qatarların tısıltıyla dayandığı nəhəng vağzal isə qəbrin özü idi ki, durmuşdu. Sağa-sola vurnuxan adamları, şübhəsiz, balaca cücü və həşəratlara bənzətmək olardı. Sifətimi yalayıb keçən mazut qoxulu külək də məni bu sarsaq xəyaldan arındıra bilmədi. Əslində, ilk dəfə gördüyüm hündür vağzal binasını və binanın qarşısındakı ucsuz-bucaqsız vağzal meydanını özümdən asılı olmadan nəhəng məzara bənzətməyimin ciddi, həm də çox ciddi səbəbi vardı; hardasa dörd yüz kilometr qərbdə qoyub gəldiyim doğma kəndimizdə müharibə gedirdi. İki-üç gündən bir tanış-bilişdən kimsə həlak olur, adamlar al-yaşıl bayraq və güllərlə məzar başına yığışır, yeddi-səkkiz gün keçməmiş qəbrin üstü ağ mərmərdən götürülür, bax eynən bu vağzal binası kimi dik başdaşı qoyulurdu. Di gəl, bu qanlı-qadalı günlər atamın da, mənim də, müəllimim Mahəddinin də böyük arzularına xələl gətirə bilməmişdi. “Xeyirnən-şər qardaşdı!” – atam deyirdi – “İnşallah, məhtəbə qəbul olub gələrsən, bizim də, qohum-əqrabanın da üzü gülər!” Mahəddin müəllim arıq boynunu uzadıb söhbətə müdaxilə edirdi: “Atası, bütün dahilərin qəbrinə and olsun, səndən çox mən istiyirəm bunu! Yarımçıq qalan arzularımı bax bu qarabala həyata keçirəcək” - əlini ərklə çiynimə qoyub xoşbəxtcəsinə gülümsünürdü - “Nömrə bir olacaq, nömrə bir! Hamı barmaqla göstərəcək!”

Mahəddin müəllimin mənə ədəbiyyatdan dərs demişdi. İnsafən bildiklərini bizə öyrətməkdə Hatəm səxavəti göstərib. Biliyi də ki, namxuda! Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə bitirib. Saxlamaq istəyirmişlər universitetdə, qalmayıb. Daha doğrusu, qalmağa qoymayıblar. Evin tək oğludur. Tərs kimi tələbə vaxtı atasını da itirib. “Adam nə qədər biqeyrət olar ki, yaşlı anasını damın altında tək qoyub, Bakıya elm dalınca gedə?”- bütün ağsaqqallar biri-birinin ağzına tüpürüblər elə bil. “Bəlkə, arvad Bakıya – oğlunun yanına getsin, nə şiş yansın, nə kabab.” “Olmaz! Ata yurdunu boş qoymaq ananı atmaqdan da böyük nankorluqdur!” “Axı bacıları var?” “Kəs, küçük! Dünənki uşaq, gəlib bizə ağıl öyrədir, qız nə vaxtdan ata yurdunda kösöv tutan olub?!” Əlbəttə, bu dialoqlar olmayıb, amma olsa bundan yaxşıydı.

Həyatdan elə küsübmüş ki, evlənmək də istəmirmiş. Görüblər özündə hərəkət yoxdur yaşı keçmiş kəmsavad, küt xalası qızını balaca bir yığıncaqla gətirib oturdublar evində. Qoca xalasına mehriban gəlin olsun, yetər. Bu səfər də heç kim Mahəddin müəllimi düşünməyib. Həyatının ikinci, ən mühüm mərhələsini də anasına qurban verib. Yaşı keçmiş xalası qızı sevgi-məhəbbət bir yana qotur bir uşaq da verməyib ona. Amma nikdindir! Başına gələnlərə rəğmən hələ də boynunu uzadıb qarşımızda şəstlə dayanan bu arıq-uzun kişiyə də min şükür! Kim olsa çoxdan əriyib-çürüyüb getmişdi.

Hamı Cuhud Mahəddin deyir ona. Bilmirəm niyə? Cuhud adətən ağıllı, soyuqqanlı, hər işdən karlı çıxan adamlara deyirlər. Mahəddin müəllimdə əksinədir - həyatı uğursuzluqlarla doludur. Uşaqkən “Cuhud Mahəddin”i “Cuhudmahaddi” kimi başa düşür, elə də tələffüz edirdim. Hind adları kimi...

Ədəbiyyat idealı Sabirdir. Heç vaxt dilindən düşməyən və heç bir işdə qolundan tutmayan Sabir! İstənilən situasiyaya uyğun bir Sabir misrası tapmaq onu xoşbəxt edir. Sanki bu problem ona görə var ki, Sabirdən misal gətirsin. Arada tez-tez təkrarlamağı da unutmur: “Sabir ictimai eyiblərimizi öz kəskin satirası ilə qamçılamışdır!”

Atam ona çox inanır. Düşünür ki, əziz oğlunu oxumağa Mahəddin müəllim aparmalıdır. Özü də qohum-qonşudan, elə Mahəddin müəllimin özündən aldığı borc-xərc hesabına düzəltdiyi 40 min manatla... Lazım gəlsə, rüşvət verər, lazım gəlsə yol-yördəmini öyrədib öz gücünə imtahana salar. Maşallah, ikisinə də hazırıq. Pionerlər necə deyirdi: “Vseqda qotov!”

“Bax bura dəmiryol idarəsidi” – Mahəddin müəllim qatardan tökülüşüb şəhərə doğru axışan insan selinin düz ortasında dayanıb əlini qəbir daşına oxşatdığım dik binaya uzadaraq bu sözləri deyəndə heyrətdən ağzım açıla qaldı.

“Bu boyda idarə olmaz, müəllim!” – nadir hallarda ona etiraz edirdim. Çünki çox höcət idi. Dediyini sübut eləmək üçün saatlara, günlərə qızırqalanmazdı. Bəzən aylarla davam edən mübahisələrinin şahidi olmuşdum.

Bir mənə, bir binaya baxıb gülümsədi:

“Bəs nə binasıdı?”

“Mehmanxanaaa” – a-nı uzatmağım, “çox sadə, burda nə var ki” anlamına gəlirdi.

Baxışlarını qəbir daşına oxşayan binadan ayrılıb uzun ayaqlarını irəli ata-ata narazı səslə buyurdu: “Sən buranı harda görmüsən? Yuxuda? Hahaha!” – gülüşü çox saxta gəldi mənə, deyəsən, özü də bivec səs çıxardığının fərqinə vardı və tez ciddiləşdi – “İdarədi.”

“Müəllim, idarə bax odur haa, ordadır, üstünə də yazılıb” - əlimlə soldakı birmərtəbəli binanı göstərdim – “Burasa mehmanxanadı. Odur, onun da üstünə yazılıb.”

Baxmadı.

Eşitmədi.

“Əzəmətli binadır!” deyib söhbətə xitam verdi.

***

Mahəddin müəllim ikinci dəfə məni “Domsovet”i tanımamağı ilə heyrətləndirdi. Ola bilsin, tanıyırdı, sadəcə harda yerləşdiyini bilmirdi. Məsələ budur ki, mən Bakıda olmaya-olmaya “Günün ekranı” proqramında gördüyüm bu binanı televiziyadan tanıyır, dəniz qırağında, milli azadlıq hərəkatının döyünən ürəyi olan məşhur “Azadlıq” meydanının yanında yerləşdiyini bilirdim. Onun qarşısındakı tribunalardan kimləri dinləməmişdik? Əvvəl binanın önündə Leninin heykəli vardı, hərəkat vaxt o heykəli aşırıb, yerinə bayraq qoymuşdular.

Biz “Domsovet”i niyə axtarırdıq? Mahəddin müəllimi də, məni də dilxor edən bu suala cavab vermək üçün qısa arayışa ehtiyac var: demək, sovet ittifaqı dağılan kimi milli hökumət qəbul imtahanlarında ənənəvi “rüşvətini ver, oxu” prinsipini ləğv edib test üsuluna keçmək istəyirdi. Bir yandan da köhnə qayda ilə sənədlərin qəbulu başlamışdı. Di gəl, köhnə qaydaya da bəzi əlavələr etmişdilər və ingilis dili keçməyən abituriyentlərin sənədini dövlət universitetinə götürmürdülər. Mahəddin müəllim hələm-hələm hirslənən deyildi, ancaq işin bu məqamında səsini başına atıb əməlli-başlı dava-dalaş saldı. İki ayağını bir başmağa dirədi ki, mənim şagirdim mən oxuyan universitetdə oxumalıdır! Uzun mübahisədən sonra ucaboy bir oğlan mehribanlıqla qoluna girib onu kənara çəkdi, kamali-ədəblə izah elədi ki, bu məsələ ilə bağlı çox adam narazılıq edir, ona görə nazirliyə müraciət etmək lazımdır, bizlik deyil.

Nazirliksə “Domsovet”də yerləşirdi.

***

Sinəsini qabağa verib şəstlə içəri keçmək istəyəndə mühafizəçi qarşısını kəsdi: “Boynunu uzadıb hara soxulursan, a kişi?!”

Mahəddin müəllim özünü itirdi: “Mən müəlliməm, “a kişi” deyiləm, ədəbli ol!”

“Müəllim kişi deyil?” – mühafizəçi irişdi. Xeyli utandım. O an Mahəddin müəllimin üz cizgilərinə baxaydınız... Mənim yanımda ilk dəfə belə pərt olduğu üçün tanınmaz hala düşmüşdü. İki-üç dəfə ağzını açıb nəsə demək istədi, bacarmadı.

Mühafizəçi:

“Zəng edin, sizə buraxılış yazsınlar!”

Mahəddin müəllim nə edəcəyini bilmirdi. Gah divardan asılmış telefonda qurdalanır, daxili nömrələrə zəng edib kimisə axtarır, gah da fikirli-fikirli gəzinirdi. Mənsə, gəlib-gedənlərə göz qoyurdum. Deyəsən, mühafizəçiyə pul verib içəri keçənlər vardı

Nahar fasiləsinəcən beləcə naəlac qaldıq. Naharda dəmiryol vağzalına tərəf gəlib hansısa köşkün qarşısında adama iki peraşki yedik. Bir az da gəzinib saat 2 radələrində təzədən “Domsovet”ə qayıtdıq. Mühafizəçi həmişəki yerində durub laqeydliklə irişirdi.

“Mahəddin müəllim, nahardan əvvəl də fikir verdim, adamlar pul verib keçirlər, bəlkə biz də verək?” – qorxa-qorxa dedim.

“Dəlisən? Səhv görmüsən. Bura bilirsən haradı?” - əsəbi halda söylədi. Dediyim sözdən utandım və “Günün ekranı” başlamazdan əvvəl simfonik musiqinin müşayiəti ilə ekranda getdikcə böyüyən əzəmətli “Domsovet”i xatırladım. Qarşısında da üçrəngli bayraq! Hələ mitinqlərdəki izdiham, alovlu çıxışlar... Doğrudanmı sərsəmləyirdim? Amma yox, budur, bax, gömgöy bir üçlüyü basdılar mühafizəçinin ovcuna və rahatca keçib getdilər.

“Gördüüüz, Mahəddin müəllim?”

Görmürdü deyəsən. Səbrim tükəndi, mühafizəçinin yanına getdim, bayaqkı adamlar sayaq bir üçlük çıxarıb onun ovcuna basdım və içəri keçdim. Heç soruşmadı ki, kimsən, hara gedirsən. Mahəddin müəllimin gözü kəlləsinə çıxdı. O da eyni hərəkəti təkrar edəndə mühafizəçi üçlüyü götürmədi, alçaldıcı səs tonuyla guruldadı: “Pulunu qoy cibinə, get, buraxılış al. Müəllim!”

Müəllim sözünü ən axırdı, vergüldən yox, nöqtədən sonra, uzun fasilə verərək, ayrıca, xüsusi ahənglə söylədi. Əgər biz Mahəddin müəllimlə birlikdə mühafizəçinin son cümləsini sintaktik təhlil etsəydik, “Müəllim” sözü xitab olmayacaqdı. Heç mübtəda da deyildi. Nə idi Allah bilir. Bəlkə, ayrıca cümlə hesab etmək daha düzgün olardı. Çünki bitmiş fikir ifadə edirdi. Hardasa “Gör nə günə qalmışıq, belə axmaqlar gəlib müəllim işləyir, adam içinə çıxır” mənasını verirdi.

Uzun çək-çevirdən sonra mühafizəçiyə yalvarmalı olduq. Hətta arada Mahəddin müəllimin bu sözləri dediyini eşitdim: “Məni çevir balalarının başına...”

“Mən subayam!” – ömrümdə bu mühafizəçidən əclaf adam görməmişdim.

Nə başınızı ağrıdım, işin bitməsinə bir saat qalmış on manat verib içəri keçdik. Mahəddin müəllim dərindən köks ötürüb “İlahi, şükür kəramətinə” sözlərini elə ürəkdən söylədi ki, elə bildim universitetə qəbul olunmuşam.

Dördüncü mərtəbəyə qalxıb maraqlandıq, məlum oldu ki, səhv gəlmişik, bu məsələ ilə bağlı başqa ünvana müraciət etməliyik.

“Domsovet”dən çıxanda mühafizəçi irişə-irişə üzümüzə baxdı: “İşiniz düzəldi?” Mahəddin müəllim küskün-küskün üzünü yana çevirdi, mən özümü sındırmadım: “Əlbəttə!”

İncəvara dördüncü mərtəbədən aldığımız ünvanı asanlıqla tapdıq. İşin qurtarmasına iyirmi dəqiqə qalırdı. Əgər burda da inadkar bir mühafizəçi görsək, yəqin ki, heç nə edə bilməyəcəkdik. Amma bu qapıda bir inni-cinni yox idi. Qapını döyüb içəri keçəndə stolun başında nəhəng vücudlu, iri eynəkli, yekəbaş bir adam gördük.

“Olar, müəllim?” – Mahəddin müəllim udqunub qorxa-qorxa soruşdu.

“Buyurun!” – adamın səsi də əzəmətli idi.

Yaxınlaşdıq, dərdimizi anladınca gülümsündü:

“Siz dövlət universitetinə sənəd verə bilməzsiz.”

“Niyə?”

“Çünki, imtahanları testlə keçiriləcək. Bu gün axırıncı təlimatı almışıq. Qəbul bülletenlərində ingilis dili yeri boş qalmamalıdır.”

“Məktəbdə ingilis dili müəllimi olmayıb, nə edək?”

“Başa düşürəm, haqlısız” – xeyirxah səslə danışırdı – “Məsələ budur ki, bizim sənədlər xaricdə kompüterdə yoxlanır. Kompüterə siz deyənləri necə izah etmək olar? Qrafa boşdursa, sənəd düzgün hesab edilmir.”

“O zaman yalandan “çertə” qoyaq” – Mahəddin müəllim ərklə söylədi. Amma bu təklif qarşımızdakı nəhəng adamı elə oturduğu yerdəcə yırğalana-yırğalana güldürməkdən başqa heç nəyə yaramadı:

“Bax bunu mən eləyə bilmərəm. Get, özün eləyə bilirsən, elə.”

“Biz sizi tanıyırıq, bu işə məsul sizsiz.”

“Məsul mənəm və sizə qaydanı izah elədim. İşiniz düzələcək deyə, saxta sənəd hazırlamalıyam?”

“Nə məsləhət görürsünüz?”

“Başqa ali məktəblər var.”

“Xeyr, mənim şagirdim dövlət universitetində oxumalıdır!”

“Təəssüf edirəm ki, sizə heç bir kömək edə bilmirəm. Bizə belə bir səlahiyyət verilməyib.”

“Biz hörmət də edə bilərik. Lap istəsəniz “filfak”ın haqqını bu dəqiqə nağd ovcunuza qoyaram.”

Nəhəng adam duruxdu, bizə diqqətlə baxıb nə qədər etibarlı olub-olmadığımızı yoxladı. Deyəsən, yoxlamadan yaxşı çıxmadıq: “Təəssüf edirəm!”

Bilmədim kömək edə bilmədiyi üçün belə deyir, yoxsa ona rüşvət təklif elədiyimiz üçün. Bəlkə də, testə görə bu qədər puldan məhrum olduğuna təəssüflənirdi.

Mahəddin müəllim ona baxdı-baxdı və qəfil dedi:

“Sabir belə yerdə deyib eee... Millət necə tarac olur-olsun...”

Nəhəng adam eynəyini çıxarıb diqqətlə Mahəddin müəllimin üzünə zillədi, sonra başını buladı:

“O şeir Sabirin deyil! – öz-özünə deyinirmiş kimi: “Bilmirəm, bu xalq nə vaxt ağıllanacaq.”

“Hörmətli müəllim, adınızı da bilmirəm...”

“Uilqar”

“İlqar, həə, İlqar müəllim...”

“İlqar yox, Uilqar... Əvvəlində U var.”

“Uilqar?” – Mahəddin müəllim gözlərini qıyıb başını irəli uzatdı. Sanki müəllimin adını dəqiqləşdirmək üçün onu hardansa oxuyacaqdı.

“Bəli, bəli, Uilqar. Filologiya elmləri namizədi Uilqar Əhmədov. Qəribə addır, bilirəm, amma belədir. Rəhmətlik atam qoyub. Bəlkə də o, İlqar deyib, səhvən belə yazıblar. Hər halda, olanımız budur” – şirin-şirin güldü.”

“Uilqar... Marqlıdır...”

“Narahatlıq varsa, İlqar müəllim deyə bilərsiniz. Çoxu belə deyir. İncimərəm.”

Mahəddin müəllim dərin-dərin düşünməyə başladı. Bu an həyatımda ilk dəfə cuhuda oxşatdım onu. Gözümə birdən-birə çox ağıllı göründü və əslində ağıllı da qərar verib söhbəti dəyişdi.

“Demək filoloqsunuz. Mən də filoloqam. Həmkar sayılırıq...”

“Lap yaxşı. Universitet?”

“Bəli.”

“Neçənci il?”

“1963”

“Mən, 60. Təxminən bir vaxtda oxumuşuq.”

Nə qədər müəllim və tələbə sadalayıb biri-birini yada salmağa çalışdılarsa da, heç nə alınmadı.

“Gör hardan hara gəldik. Hahaha” – çənəsini qaldırıb ərklə güləndə ürəyim yerinə gəldi, düşündüm ki, nəhayət dərdimizdən-odumuzdan danışacaqlar. Amma növbəti sözlərini eşidəndə allah bilir neçənci dəfə heyrətləndim: “Sabirdən danışırdıq...”

“Həə... Həəə...” – Uilqar müəllim səsini qaldırdı – “Məsələ budur ki, mənim elmi işim Sabirdəndir. “Sabir satirasında obrazların özünü ifşası” Açığı elə də əziyyətli olmadı. Uşaqlıqdan Sabiri əzbər bilirəm.”

“Baaa... Ən böyük arzum Sabirdən elmi iş yazmaq olub. Amma alınmadı.”

“Niyə?”

“Anam...”

“Allah rəhmət eləsin.”

“Yox, ölməyib, sadəcə anam qoymadı.”

“Necə yəni anam qoymadı?” – Uilqar müəllim qaşlarını düyünləyib eynəyini Mahəddin müəllimə daha dərindən tuşladı.

“Uzun söhbətdi. Evin tək oğluyam, ona görə kəndə qayıtmalı oldum.”

“Canınız sağ olsun. Guya biz müdafiə edib hara nə qoyduq? Heç kitabımızı oxuyan da yoxdur.”

“...” – Mahəddin müəllim başını elə kədərlə aşağı salmışdı ki, deyirdin bu saat hönkürüb ağlayacaq.

“Deməyim odur ki, o şeir Sabirin deyil. Bunun lap mabədinə varmışam. Bu barədə məqaləm də var. Sabirin üslubu deyil o.”

“Siz elmi iş yazsanız da, əminəm ki, səhv edirsiniz. İnciməyin. Mən Sabiri bütün ruhumla, varlığımla hiss edirəm və bu şeirin Sabirə məxsus olduğuna zərrəcə şübhəm yoxdur.”

“Mübahisə etməyin. Sabirə sevginizi başa düşürəm, ancaq fakt faktlığında qalır. Kaş məqaləm yanımda olaydı, verəydim, baxaydınız.”

“Məmnuniyyətlə oxuyardım. Hətta istəsəniz cavab da yazardım. Yəqin çapına kömək edərdiniz.”

“Məqaləni oxumadan cavab yazacağınızı nə bilirsiniz? Bəlkə mənimlə razılaşdınız.”

“Söhbət bu şeirdən gedirsə, həyatım boyu razılaşmaram.”

“Heç vaxt?”

“Heç vaxt!”

“Uşağın işini düzəltsəm necə?” – qaşlarıyla məni işarə verəndə Mahəddin müəllim çaşdı. Əmin idim ki, məni tamamilə unutmuşdu, indi Uilqar müəllimin hesabına bura nə üçün gəldiyimizi xatırladı. Xatırladı, amma üstündə çox dayanmadı:

“Uşağın işini düzəltmək nədir eee... mənə padşahlıq versəniz də razılaşmaram! O şeir Sabirindir.”

“Nə maraqlı adamsız” – Uilqar müəllim gülə-gülə ayağa qalxdı, əvvəl divardakı, sonra qolundakı saata baxdı.

“Hardan gəlmisiz?”

“Odun-alovun içindən. Dörd yüz kilometr uzaqdan.”

“Vay, vay, vay. Oralardan nə xəbər?”

“Müharibə gedir. Bir saatdan sonra nə olacaq, heç kim bilmir.”

“Qalacaq yeriniz var?”

“Yox, mehmanxanaya gedəcəyik.”

“Gəlin belə bir təklif edim: mən indi bağa gedirəm, orda tək qalıram, mənimlə gedək, axşam ev telefonu ilə bir-iki adama zəng vuracam, alınmasa sabah birlikdə bura gələrik. Ümidvaram ki, işinizi yoluna qoyacam.”

Təklifi nə Mahəddin müəllim gözləyirdi, nə də mən. Ona görə bir müddət susduq, az sonra Mahəddin müəllimin səsi eşidildi:

“Sizə zəhmət olar... Bbbiz... Əəəsslindəə...” – kəkələdi.

“Etiraz-metiraz istəmirəm. Sizə qalmağa yer lazımdı, mənə də gecəni maraqlı keçirmək üçün yoldaş. Kor nə istər?”

Əvvəlcə Mahəddin müəllim güldü.

Sonra Uilqar müəllim.

Ən axırda mən.

Uilqar müəllimin maşınına oturub Mərdəkan yoluna çıxanda alnımı şüşəyə söykəyib küçələrə, evlərə, adamlara baxırdım. Müəllimlərsə qızğın mübahisə edirdilər: şeir kimindir!

***

Alkaşın biriymiş. Ömrümdə belə içən adam nəinki görməmişdim, heç təsəvvür də eləməmişdim. Adam niyə bu qədər içsin ki? Üç yarım litrlik araq boşalmışdı. Mahəddin müəllimlə mən bu qədər araqdan heç 300 qram içməmişdik. Hamısını Uilqar müəllim vurmuşdu. Danışır, şeir deyir, arada meyxanaya keçirdi. Sabir mübahisəsində rəqibini tamam susdurmuşdu. Ancaq hiss edirdim ki, içkili olduğuna görə Mahəddin müəllim onun xətrinə dəymir. Sabah yəqin cavabını verəcəkdi.

Bağ evi kasıbyana olsa da çox rahat idi. Deyirdin, ölüb qalasan burda. Müharibədən, kənd-məktəb qayğılarından uzaq yeyib-içib şənlənəsən. Soyuducusu da, maşallah, dolu idi. Açanda sosiska, kolbasa, çolpa soyutması, cürbəcür pivələr, meyvə-tərəvəz, turşular adamın üstünə tökülürdü. Müəllimlərə mən xidmət edirdim. Öz evimdə hiss edirdim özümü. Məncə, Uilqar müəllim yaxşı adam idi. Düzdü, arada dediklərinə acığım tuturdu, amma yenə də. Məsələn, deyirdi: “Zaman dəyişib, ali məktəblərin də zibilini çıxardıblar. Əvvəl işini bilirdi camaat. Bax, indi pulun əlində qalıb, yaxın dura bilmirik. Sənin də işin axsayır, mənim də. Əvvəl belə deyildi. Test bizim üçün deyil.”

Bir yandan da Mahəddin müəllim kəndimizdəki vəziyyətdən, camaatın qorxu-ürkü içində yaşamasından, cəbhədə həlak olanlardan danışdıqca göz yaşlarını saxlaya bilmirdi: “Əclaflar! Əclaflar!” – deyib eynəyini alnına qaldırır, gözünün qorasını tökürdü. Dalınca: “Biz o namussuzların dərsini verəcəyik! Çörəyimizdən yeyib-yeyib qudurdular!” – deyir, burnunu stola sallayıb təkrar hıçqırır, bu vaxt sağa-sola buladığı çallaşmış başı daha iri görünür.

Mahəddin müəllimlə ən böyük mübahisələri Sabirin ilk kitabının çap olunmasına görə düşdü. Hətta dalaşmaq həddinə gəldilər.

Mahəddin müəllim:

“Gəl gör ki, Sabirin ilk kitabını erməni qadınlar pul yığaraq buraxıb.”

Uilqar müəllim:

“Onu səndən başqa deyən qələt eləyir!”

Mahəddin müəllim:

“Faktdır axı! Elə uzaq tarix də deyil.”

Uilqar müəllim:

“O qəhbələr o kitabı buraxıblar ki, baxın, görün, müsəlman şair, öz müsəlmanlarını necə tənqid eləyib, bunlar adam deyil.”

Mahəddin müəllim:

“Doğrudan sən hesab edirsən ki, Sabir bizim ictimai eyiblərimizi öz kəskin satirası ilə nahaqdan qamçılayıb? Düşmənləri üstümüzə güldürüb?”

Uilqar müəllim:

“Bəli!”

Mahəddin müəllim:

“Onda sənin yazdığın elmi işə bir qoz!”

Uilqar müəllim:

“Bu nə deməkdi?”

Mahəddin müəllim:

“Sən bu ağılla Sabiri necə araşdırmısan? Vaxtında məni zorla kəndə qaytarmasaydılar, elmin meydanı sənin kimi kəmsavadlara qalmazdı!”

Uilqar müəllim:

“Tərbiyəli danış!”

Mahəddin müəllim:

“Tərbiyəsiz sənsən ki, o boyda şairi şərləyirsən. Özü də onun hesabına alim olmusan.” - mənə tərəf çevrildi: “Dur əəə... gedirik burdan!” – ayağa qalxıb pencəyini axtardı. O an hiss elədim ki, Mahəddin müəllim də keflənib. Bəli, elə içdiyi o iki yüz-üç yüz qıramla... Yerimdə döyüküb ora-bura baxdım. Gecənin bu vədəsi hara gedəcəkdik? Maşın yox, marşrut yox, heç yeri tanımırıq. Amma ayağa durmalıydım, durdum da. Mənimlə bahəm Uilqar müəllim də durdu. Özü də qollarını yana açıb oxuya-oxuya:

Ay sallanıb gedən yaar – dələləm

Ayaq saxla sözüm var – dələləm

Yerindən qəfil qalxıb sərxoşluqdan gələn ətalətlə irəli yeridi, Mahəddin müəllimi qucaqlayıb ayaqlarını yerdən üzdü, sağa-sola yelləyə-yelləyə irəlilədi. Mahəddin müəllim arıq canıyla bu nəhəng adamın qucağında əriyib yox olmuşdu, yelləndikcə nəhəng vücudun arxasından gah başı, gah ayağı görünürdü. Deyəsən qışqıra da bilmirdi. Yellənə-yellənə gedib yan üstə divanın üstünə aşdılar. Mahəddin müəllim çırpınıb ev sahibinin qollarının arasından çıxmağa çalışsa da alınmadı. Uilqar müəllim onun başından, alnından, çənəsindən – hardan gəldi öpür, üzr istəyirdi. Hətta arada belə də dedi: “Cücüyünü yeyim, məndən incimə!”

Dalınca dediyinə baxın hələ: “Lap belə sənin xətrinə qoy “Millət necə tarac olur-olsun...” şeirini də Sabir yazsın. Nolacaq? O boyda “Hophopnamə” yazdı, indi bir şeirə görə nə olasıdı? Qoy o yazsın. Cəhənnəm, onu da o yazsın! Hər şeyi o yazsın. “Şair nə tez qocaldın sən” şeirini də o yazsın. Lap “Qılınc və qələmi” də! Qələt eləyir Süleyman Vəliyev. “Saçlı”nı da Sabir yazsın. Səmimi deyirəm. Oğraşdı yalan deyən, tam səmimiyəm. Sənin xətrinə qoy hamısını Sabir yazsın.”

Mahəddin müəllim yalnız bundan sonra yumşalıb qalmağa razılıq verdi. Hətta keçib bayaqkı yerində oturdu. Və inanmayacaqsınız, Mahəddin müəllim stolun altındakı yeşikdən dördüncü arağı çıxartdı. Bu arağın çoxunu Mahəddin müəllim vurdu. Təsəvvür edin, vəziyyət o həddə çatdı ki, tərsinə mübahisə başladı. Mahəddin müəllim dedi, sənin xətrinə o şeiri Sabir yazmayıb, sən deyən olsun. Uilqar müəllim də dirəşdi ki, olmaz, sən qonaqsan, sənin xətrinə şeir Sabirindir!

Məni yuxu aparırdı.

Arada mürgüləyir, oyananda yenə qızğın söhbətlərə qulaq müsafiri olurdum.

Birində Uilqar müəllim Mahəddin müəllimə elmi iş yazıb ad almaqda kömək edir, universitetdə işə düzəldirdi.

O birində Mahəddin müəllim kənddəki təsərrüfatından danışır, yayda Uilqar müəllimi ora qonaq aparırdı. Mahəddin müəllimin təqdimatında müharibə-filan yox idi, yaylaqları rahatca gəzib kef edirdilər. Təbii ki, arada özünü tərifləməyi də unutmurdu: “Ağlıma, savadıma, fərasətimə görə kənddə mənə cuhud deyirlər!”

Başqa birində Uilqar yenə ağlayırdı. Sən demə içməyinin üstündə arvadı və uşaqları ilə problemi var, ona görə bağda tək qalır, onlarsa şəhərdədirlər. Heç əlində o qədər zəhmət çəkdiyi doğma oğlanları da quru bir zənglə yada salmırlar atalarını.

Sonuncu dəfə Mahəddin müəllimin səsini eşitdim: “Saa deyim ki, adın Şekspirin adına oxşayır. Görünür, sən də dahisən. Uilyam - Uilqar...”

Və məni yuxu apardı.

***

Bir də gecənin hansı aləmi idisə Mahəddin müəllimin qışqırığına oyandım. Uilqar müəllim tirtap getmişdi, nəfəsi də gəlmirdi. Dəli oldum. İkimiz də qeyri-ixtiyari telefonun yanına qaçdıq, ancaq təcili yardıma necə zəng edəcəyimizi bilmədik. Telefonun yanında əlacsızcasına biri-birimizə baxıb qaldıq. Birdən Mahəddin müəllimin ağlına nə vedisə “Ay haray!” deyib bayıra qaçdı. Çöldən onun səsi həm gülməli, həm də dəhşətli gəlirdi.

Harayımıza hay verən qonşuların səyi nəticəsində təcili yardım gəldi, Uilqar müəllimi maşına uzadıb apardılar. Biz də evin qapısını, darvazasını bağlayıb təcili yardım maşınında xəstəxanaya getdik. Orda məlum oldu ki, fasiləsiz içdiyinə görə Uilyam müəllimin qanında ciddi zəhərlənmə var. Həm də təzyiqi qalxıbmış.

Reanimasiyaya yerləşdirdilər. Mahəddin müəllim koridordaca əllərini göyə açıb Uilqar müəllim üçün dua edirdi. O da sərxoş idi. Amma xoşbəxtlikdən həkimlərin diqqətini çəkməmişdi. Qonşulara isə özümüzü Uilqar müəllimin rayonda yaşayan qohumları kimi təqdim etmişdik.

Uilqar müəllim bir həftə xəstəxanada qaldı.

Biz ona hər gün baş çəkirdik. Mahəddin müəllimlə elə dostlaşmışdı ki, işimin düzələcəyinə əmin idim. Özü də bərk-bərk söz vermişdi: “Bir ayağa qalxım, hər şey yaxşı olacaq”. Həm də yanına elə adamlar gəlirdi ki, tək biz yox, bütün görənlər təəccüb edirdi. Bu qədər vəzifəli dost-tanışı olan adam sadə bir sənəd işini düzəldə bilməyəcəkdimi? Mahəddin müəllim də xatircəm idi.

Uilqar müəllimin təkidi ilə onun bağında qalırdıq. Deyirdi, oraları yiyəsiz qoymayın. Sizə də qalacaq yer lazımdır. Boş vaxtlarımızda şəhəri gəzirdik. Mahəddin müəllim gəzdiyimiz yerlər haqqında mənə müfəssəl məlumat verirdi. Arada milli kitabxanaya da getdik. O, əvvəlcə Uilqar Əhmədovun Sabir haqqında monoqrafiyasını axtardı, ancaq tapmadı. Uilqar müəllimin kitabını evdəki kitabxanasında da xeyli axtardıq, yox idi. Amma məqaləni tapdıq.

Məqalə yaman qeyzləndirdi Mahəddin müəllimi. Uilqar müəllimə demək istədiklərini mənə deyir, daha doğrusu hirs-hikkəsini mənim üstümə tökürdü. Bu söhbətdən o qədər bezmişdim ki, ürəyimdə Sabirə söyürdüm.

Mahəddin müəllim filologiya elmlər namizədi Uilqar Əhmədovun əleyhinə söylədiyi uzun-uzun monoloqlardan sonra bu nəticəyə gədli: “Haranınsa agentidir. Məqsədi ədəbiyyatımızı və ədəbiyyatımızın mötəbər nümayəndələrini gözdən salmaqdır.”

“Onda biz ona nəyə inanırıq? Gedək işimizin dalınca...” – mən dedim.

“Bah! Mənim çoxbilmişimə bax! Dünyanı idarə edən bu agentlər deyilmi?”

Nə danım, paytaxtda keçirdiyim bir həftə ömrümə qızıl hərflərlə yazıldı. Mahəddin müəllimin “Millət necə tarac olur-olsun...” şeiri ilə bağlı monoloqlarını çıxsaq günüm xoş keçirdi. Bircə müharibəylə bağlı narahatlığım vardı. Kənddən heç cür xəbər tuta bilmirdik. Daha doğrusu, mən xəbər tuta bilmirdim, Mahəddin müəllim Sabirə elə aludə olmuşdu ki, heç nə yadına düşmürdü. Radio-televiziyalarda da cəbhədən xəbər vermirdilər. Cürbəcür pis şeylər ağlıma gəlirdi, amma mümkün qədər bu qara enerjini özümdən uzaqlaşdırırdım.

Həftənin bir gününü dövlət universitetinin korpuslarını və tələbə şəhərciyini gəzməyə sərf elədik. Yataqxanada qalan bir kəndçimizin dalınca getdik. Tərs kimi, onu da tapmadıq. Yoxsa kəndlə bağlı nəsə soruşardım. Mahəddin müəllim mənə özünün qaldığı yataqxananı, tələbəliyinin üç ilini keçirdiyi otağı göstərdi. Yaman kövrəlmişdi. Dalbadal xoş-naxoş xatirələr danışırdı.

Uilqar müəllimin necə sağalıb evə gəldiyindən xəbərim olmadı. Elə bil yeddi gün yox, yeddi saat keçmişdi. Başqa bir sevindirici hadisə də baş vermişdi: Uilqar müəllim xəstələnəndə xanımı da, uşaqları da tökülüb gəlmiş, onunla barışmışdılar. Qəşəng bir qızı da vardı, atasını sarılıb elə ağladı ki, Mahəddin müəllimin də gözləri yaşardı, udqunub özünü güclə ələ aldı.

Arada imkan tapıb məni yanladı: “Çox gözəl qızdır, onu sənə alacam. Uilqar müəllim sənə kömək edəcək. Özün də Sabirdən elmi iş götürüb əsl həqiqətləri yazacaqsan. Mənim edə bilmədiklərimi edəcəksən.”

***

Uilqar müəllimin maşını ilə şəhərə - onun öz qəbuluna gəlirdik. Heç birimiz danışmırdıq. Sanki söhbətimiz Uilqar müəllimin işə çatmasına, keçib öz əzəmətli kreslosunda əvvəlki kimi oturmasına mane ola bilərdi.

Uilqar müəllim yerinə keçib oturanda ilk gördüyüm gündəki kimi yad və uzaq gəldi mənə. Qollarını yana açıb “Ay sallanıb gedən yar” oxuyan, Mahəddin müəllimlə divanda boğuşan o sərxoş hara, bu əzəmətli, zabitəli kişi hara. Həyat qəribədir.

Uilqar müəllim telefonu alıb kiminləsə danışdı. Birdən uca səslə dedi: “Ola bilməz! Yola salınıb uje? Baho. Nə pis oldu. Bəs mənə niyə demirdiniz? Xəstəxanada deyərdiniz.”

Tənbəl-tənbəl dəstəyi yerinə qoydu, eynəyini çıxarıb lal adamlar kimi dayanmadan gözünü qırpan Mahəddin müəllimin üzünə baxdı, yorğun-yorğun dedi: “Sənəd qəbulu başa çatıb! Nəzərdə tutduğumuz vaxtdın beş gün əvvəl.” – bizim reaksiyamızı gözləmədən həyəcanla alnını ovuşdurdu.

Yerimizdə donub qaldıq. Təzədən cana gəlməyimiz üçün xeyli zaman lazım oldu. Uilqar müəllim alnını elə ovuşdururdu ki, elə bil dərisini qoparmaq istəyirdi.

Axır, Mahəddin müəllim dilə gəlib bayaqdan zəhləmizi tökən saat çıqqıltısının səsini batırdı:

“Əlavə eləmək olmaz?”

“Xaricə yola salınıb artıq” – Uilqar müəllim ümidsizcəsinə dilləndi. Dalınca, qorxa-qorxa: “Amma, yenə deyirəm, istəsəz, başqa ali məktəblər...” – deyincə Mahəddin müəllim onun sözünü kəsdi: “Mümkün deyil! Mənim şagirdim mən oxuyan yerdə oxuyacaq!” Uilqar müəllim çiyinlərini “Özünüz bilərsiniz” anlamında çəkib susdu.

Heç nə. Durub getməkdən başqa nə etmək olardı? İçimdə nəhəng bir boşluq əmələ gəlmişdi. Necə hiss idi, söz tapıb yaza bilmirəm.

Mahəddin müəllim ayağa qalxıb qısa vida nitqi söylədi: “Allah bilən məsləhətdir. Bilmək olmaz, bəlkə elə xeyir bunda imiş. Əsas odur ki, sizin kimi mötəbər bir şəxslə tanış olduq, səhhətiniz düzəldi, peşmançılıq olmadı. İnşallah gələn il gəlib uşağın işini də həll eləyərik.”

“İnşallah!” – baş verənlərə yekun vurmaq üçün bundan yaxşı söz tapmaq mümkün deyildi.

Qapıdan çıxhaçıxda Mahəddin müəllim geri qanrılıb Uilqar müəllimə baxdı:

“Məqalənizi oxudum, yanılırsınız, o şeiri Sabir yazıb.”

Uilqar müəllim gülümsədi:

“Olsun, müəllim, siz deyən olsun.”

Mahəddin müəllim həmsöhbətinə tərəf çevrilib əlini yellədi:

“Yooox, yooox, məni başınızdan eləməyin, həqiqətən belədir.”

“Allah eləməsin, nə başdan eləmək, gələn il gələrsiz, mübahisəmizə davam eləyərik, sağlıq olsun.”

Mahəddin müəllim də “Sağlıq olsun” deyib xoşbəxtcəsinə gülümsündü.

***

Qatara minəndə yenə büdrədim. Mahəddin müəllim yenə qolumdan yapışıb məni yıxılmağa qoymadı. Özümü cəmləyib içəri keçəndə dəmir yol vağzalındakı hündür mehmanxana binasına bir də baxdım. Qəfil hiss elədim ki, ilk gördüyüm gün məni şaşırdan bu bina qəbir daşından daha çox dikinə qoyulmuş domino daşına oxşayır.

Şərif Ağayar

# 3152 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #