“Anarın yerinə olsam, tüpürərəm o vəzifəyə” - MÜSAHİBƏ 

“Anarın yerinə olsam, tüpürərəm o vəzifəyə” - MÜSAHİBƏ 
6 may 2014
# 13:18

Kulis.Az ədəbiyyatşünas, professor Pənah Xəlilovun APA-ya müsahibəsini təqdim edir.

Xəttin o başından səsi eşidilir: “Qocalığıma baxma, kefim lap əladır. Nə vaxt istəyirsən, gəl. Axundovun heykəlindən Nərimanovun heykəlinə sarı qalxanda soldakı bizim binadır. Tapa bilməsən, yazıçıların binasını soruş, nişan verəcəklər”.

Qapıda özü qarşılayır bizi. Deyir, siz oturun, mən bu dəqiqə gəlirəm. Əynini dəyişmək üçün o biri otağa keçir. Qayıdanda gözümə inanmıram: təzə kostyum geyib, qalstuk taxmışdı. Səbəbini soruşmuram, görünür, müəllim səliqə-sahmanından irəli gəlir. Kitabxanasına bir yerdə baxırıq. Hiss edirəm ki, onu yaşadan şüşə arxasında qoruduğu kitablarıdır. Onlardan elə şövqlə, həvəslə danışır ki. Pənah Xəlilov Azərbaycan ədəbiyyatına və tarixinə iki böyük kitabı - Migel de Servantesin “Don Kixot”, Herodotun “Tarix” əsərlərini bəxş edib.

Hə, bir də deyirəm, Pənah müəllim, sizə iki qəzet hədiyyəm var: “Ədəbiyyat qəzeti”ni və “525-ci qəzet”i alıb gətirmişəm. Və aramızda diktofona düşməyən belə bir dialoq olur:

- Çoxdandır qəzet oxumuram, nə yaxşı bunları alıb gətiribsən. Televizordan da zəhləm gedir, baxa bilmirəm. Ona görə heç nədən xəbərim yoxdur.

- İsa Hüseynovun rəhmətə getməyindən xəbəriniz var?

- Sən Allah? İsa rəhmətə gedib? Allah rəhmət eləsin! 85 yaş belədir də, adam hər şeydən təcrid olunur.

- Gələn il 90 yaşınız olacaq. 25-ci ildənsiniz, 25-in iyulundan...

- Həə, deyirəm axı, Abel müəllim xəbər göndərmişdi ki, bizə bir yaxşı şəkil göndər. Yəqin gələn ilə nə isə yığıncaq etmək istəyirlər.

Qocalıq Pənah Xəlilova yaşını da unutdurub...

***

- Vallah, nə ailəmdə, nə də özümdə heç bir əyər-əskiyim yoxdur. Ona görə də dərd çəkmirəm, hər şey qaydasındadır. Mən tamahkar adam deyiləm, ömrüm boyu aza qane olmağı bacarmışam. Universitetin rektoru Abel Məhərrəmov mənim xətrimi çox istəyir, aldığım maaşı tam saxlayıb, məni işdən azad elədi. Həm də ayda min manat prezident təqaüdü alıram. İnan, o puldan bir qəpik də özümə xərcləmirəm. Verirəm uşaqlarıma, nəvələrimə, nə çətinlikləri, ehtiyacları varsa, ödəyirlər (Gülür). Yaşımın bu çağında nədən korluğum ola bilər? Uşaqlarım işdədirlər, nəvələrimdən biri Londonda təhsil alır. Qızım nəvələrimlə mənimlə bir yerdə qalırlar. Abırlı, mərifətli uşaqlardır.

- Ömrü boyu universitetin qaynar mühitində, tələbələrin arasında olubsunuz. Yəqin “darıxırsınızmı?” soruşsam, yerinə düşməz...

- 1942-ci ildən həyatımı universitetə bağlamışam. Əvvəl tələbə, sonra aspirant, müəllim, professor... 80 yaşımın tamamında universitetin rəhbərliyindən xahiş etdim ki, daha gəlib-gedə bilmirəm, işlədiyim bəsdir. O ki qaldı darıxmağa, inan, darıxmağa vaxt yoxdur. Bax, dörd tərəfim kitabdır. Oxuyuram, qeydlər aparıram. Təzə materiallar tapmışam, türk şəcərəsi ilə bağlı kitab yazıram. Elə vaxt olur, lap çeşməksiz də oxuyuram.

- Xatirələrinizi niyə yazmırsınız?

- Xatirəm o qədər çoxdur ki, yazmaq çətin gəlir. İlk növbədə öz dərsliklərimi təzədən çap etdirməliyəm. Ən böyük arzum onları yeni dövrə uyğun, yeni tərtibatla çap etməkdir. Özümdə güc tapa bilsəm, bir ilə yazıb bitirəcəyəm.

- Çap etdirməyə maddi gücünüz çatacaq?

- Çarə yoxdur, nə olur-olsun, gərək onları çap etdirəm. Bir vaxtlar nəşriyyatlar dövlətin əlində olanda müraciət edirdik, çap edirdilər. İndi bu mümkün deyil. Puluna minnət, qənaət edib özüm çap etdirəcəyəm.

- İstəyirəm, bir az ailənizdən, uşaqlığınızdan danışasınız...

- Babamın adı Xəlil olub. Məscidə gedib-gələr, namaz qılıb oruc tutardı. Çox zəhmətkeş adam idi. Bir dəmir döyən stolu vardı, gözü orda-burda bizi axtarardı ki, dəmirin bir başından biz tutaq, o döysün. Biz də özümüzü işə verməmək üçün qaçıb gizlənərdik (Gülür). Babamın altı metr hündürlüyündə bir samanlığı vardı, ilin 12 ayı orda saman olardı. Samanlığın altında yer düzəltmişdi, pilləkənlə beş-altı pillə düşürdün, orda özünə buzxana yaratmışdı. Yayın isti vaxtı dağdan qar gətirirdi, samanın içində o buz ərimirdi. Atam mühasib, anam evdar qadın idi. Kasıbçılıq olanda, biz çörək, pal-paltar korluğu çəkəndə anam da işləyirdi. Özü də əlindən nə desən, gəlirdi. Atam işinə görə çox vaxt bizdən uzaqda olardı. Bir dəfə dostu Hüseyn kişi atamı danlayır ki, niyə uşaqlarından uzaq yaşayırsan, gətir yanına, hələlik bizim artırmada yaşayarsınız, sonra ev-eşiyin olacaq. Hesabını götür, atam gecə-gündüz işləyib 400 manat maaş alırdı, mən isə birinci kursu bitirəndə 800 manat Stalin təqaüdünə layiq görüldüm. Allah haqqı, çox gözəl dövr idi, qədrini bilmədik.

- Sovet hökuməti üçün darıxırsınız?

- Sovetin 37-ci il qırğını olmasaydı, o hökumətin əvəzi yox idi. Stalin əclaflıq elədi, bütün namuslu, pak adamları güdaza verdirdi. Ölən öldü, sağ qalanlar da ömrü boyu gözükölgəli yaşadılar.

- Sizin yetişməyinizdə hansı müəllimlərin əməyi olub?

- Müəllimlərim mənim üçün atadan-anadan artıq idilər. Məmməd Arif Dadaşzadənin, Həmid Araslının, Cəfər Xəndanın mənim alim kimi yetişməyimdə çox böyük əziyyətləri olub. Cəfər Xandan mənim elmi rəhbərim olub. Çox qayğıkeş, ürəyiyumşaq adam idi. Cəfər müəllimin Yazıçılar İttifaqında hörməti yox idi, təbiətinə görə sevmirdilər onu. Yubileyində onu bərk tənqid elədilər. Düşündüm ki, Cəfər müəllim mənim elmi rəhbərim olub, onu camaatın ayağına verə bilmərəm. Kimə ərkim çatırdısa, deyirdim, mənim yanımda onun haqqında bir kəlmə artıq-əskik danışsanız, cavabınızı qaytaracağam.

- Cəfər Xəndanı kimlər sevmirdi?

- Bilirsən, onların da haqqı vardı. Allah rəhmət eləsin, Cəfər müəllim çox dərin adam deyildi. Mircəfər Bağırovun vaxtında onun bəxti gətirmişdi. Fürsət düşüb bir söz demişdi, Bağırovun çox xoşuna gəlmişdi. Ona görə Cəfər müəllimə hər yerdə yaşıl işıq yandırmışdılar.

- Yazıçılar İttifaqına niyə üzv olmaq istəmirdiniz?

- Üzv olmaq üçün çox təklif etmişdilər. Axırda İmran Qasımov soruşdu ki, axı səbəb nədir, sənin nə dərdin var? Dedim, yaxşı görürəm ki, gücünüz bir-birinizin ayağını çəkməyə, bir-birinizə paxıllıq etməyə çatır. Kəsə cavab verdim: mən paxıl olmaq istəmirəm. Dedim, yazıçı müqəddəs sözdür, amma siz bir-birinizi söyürsünüz, böhtan danışırsınız. Belə yazıçılıq olar? Orda mənim sevdiyim yeganə adam Səməd Vurğun idi. Otağıma bax, dörd yerdə Səməd Vurğunun şəklini vurmuşam. O qədər nəcib, gözəl kişi idi. Sonralar öyrəndim ki, bir-birimizə qohumluğumuz da çatırmış.

- İttifaqda axırıncı dəfə nə vaxt olmusunuz?

- Yazıçılar İttifaqına neçə illərdir getmirəm. Gedim kiminlə söhbət edim? Soruşun, görün, mənim orda yaşıdım qalıb? İndi uşaq-muşaq gəlib Anarın atasına-anasına söyüb gedir. Gözünü çıxararam, Allah haqqı, o adamların! Belə əxlaqsızlıq olar? Yazıçı olub, söyüş söyəsən? İttifaqın sədri yenə Anardır?

- Bəli...

- Anar abırlı adamdır. Hamı istəyir ondan nəsə qoparsın. O da verə bilmir, gücü çatmır, biri razı qalır, o biri narazı. Mənim eşitdiyim düzdür ki, cavan uşaqlar gəlib Anarın atasını söyüb, gedirlər?

- Qəzetlərdə, saytlarda tənqid edirlər...

- Anarın yerinə olsam, tüpürərəm o vəzifəyə, çıxıb gedərəm. Belə şey olar? Qəzetdə tənqid etmək olar. Hər kəsin tənqid etmək haqqı var. Amma adamın kimisə tənqid etməyi üçün gərək haqqı olsun.

- İki böyük kitabı Azərbaycan dilinə tərcümə etmisiniz - Servantesin “Don Kixot”, Herodotun “Tarix” əsərlərini. İstəyirəm, bir az bu tərcümələrdən danışaq...

- “Don Kixot” yer üzünün yeganə gülüş əsəridir. O əsəri tərcümə etməyi mən özüm seçmişdim. Özü də çox sürətlə tərcümə etmişdim. Herodotun “Tarix” əsərinin tərcüməsinə görə bir qəpik pul almadım. Həmin vaxt pullar dəyişdi, mənə cəmi on kitab verdilər, vəssalam. 2004-cü ildə dövlət hesabına “Don Kixot”u nəşr etdilər, mənə bir dənəsini göndərmədilər. Bir nüsxəsini özüm satın aldım. Axı bu kitaba görə mən əziyyət çəkmişdim, on nüsxəsini mənə versəydilər, nə olardı? Belə şey olar? Bu kitabın müəlliflik hüququ məndədir. Etiraz edə bilərəm ki, çap olunmağını istəmirəm. Bəs mənim haqqım necə olsun?

- Müasir tənqidçilərdən kimi tanıyırsınız?

- Vallah, heç kimi. Jurnal-qəzet də ala bilmirəm. Bütün günü evdə oluram, bəzən heç dünyadan da xəbərim olmur.

- 90 yaşınızda nə istəyiniz, umacağınız var?

- Mənim 99 yaşım da olsa, heç kimə ağız açmaram ki, filan şey edin. Tərif nəyə lazımdır? Tərif adamı utandıran şeydir. Gərək adamı üzünə tərifləməyəsən.

# 2693 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #