Ölümlə dil tapıb əbədi əzabdan xilas olanlar – Fəxri Uğurlu yazır...

Ölümlə dil tapıb əbədi əzabdan xilas olanlar – <span style="color:red;">Fəxri Uğurlu yazır...
22 dekabr 2017
# 15:48

Kulis.az yazıçı-esseist Fəxri Uğurlunun “Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si” məqaləsini təqdim edir.

Əvvəli burda

Dövrün sərt qaydalarına baxmayaraq Rumi bu hekayədə öz kinayəsini gizlətməyə azacıq belə cəhd eləməyib. Əlbəttə, bir çox başqa şairlərdən (hardasa, elə Xəyyamın özündən də) fərqli olaraq Mövlananın kinayəsi Allaha yox, Allah haqqında bu təsəvvürdə bulunan insanlara, söz yox ki, ilk növbədə ortodoksal ilahiyyatçılara, kəlam əhlinə yönəlib. Onların rasional məntiqindən fərqli olaraq Ruminin məntiqi Allahın “günahını yumaq”, Tanrını “təmizə çıxarmaq”, məsuliyyəti insanın çiyninə qoymaq məqsədi daşıyır. “Fihi ma fih”dəki söhbətlərin birində deyirdi ki, o dənizdən (yəni Allah elmindən, ilahi nurdan, idrakdan) hər kəs öz qabına görə götürür. Yəni insan o dənizdən heç götürməyə də bilər və bunun məsuliyyəti də, xeyri və şəri də yalnız onun özünündür. Əgər biz bütün işlərə görə Allahı cavabdeh saysaq, onda bizim görməyə işimiz qalmaz, onda yer üzündə heç kimi, heç bir əməlin sahibini cəzalandırmaq lazım gəlməz və biz fəlakətli passivliyə düçar olub tarixi prosesi ləngidə bilərik, insanın yer üzündən doyacağı, bu dünyadan aralanıb gedəcəyi günü daha, kim bilir, neçə min il o yana çəkə bilərik. Belə qəbul eləyək ki, insan öz taleyini özü seçir; çünki bizim belə qəbul eləməmək imkanımız yoxdur, əks halda, biz dünyadakı bütün norma və ölçüləri, bütün keyfiyyətləri şübhə altına almış oluruq. Digər tərəfdən də, əgər insanın öz taleyinə düzəliş etmək cəhdi əbəsdirsə, onda yer üzünə gələn dahilərin, ilk növbədə peyğəmbərlərin dünyada nəyisə dəyişməyə can atması da mənasız olardı. Həm də insanın üzərindən məsuliyyəti götürmək onun özünü böyük bəlaya salmaq deməkdir; məsuliyyətsizlikdən gücsüzlük törəyir, gücsüzlük qorxu törədir, qorxu isə qatilliyin, hakimiyyət divanəliyinin, bir sözlə, hər cür cinayətkarlığın və murdarlığın mayasıdır. İnsan yalnız məsuliyyət duyanda özünü həyata səfərbər eləyir, öz əməllərini ölçüb-biçir və dünyada nəyisə dəyişə biləcəyinə inanır. Beləliklə, insan fələyin əlində oyuncaq deyil, o öz iradəsinin sahibidir. Ancaq bir yandan da Tanrının qüdrəti, hər otun, hər yarpağın həyatında aktiv iştirakı haqqında bu miflər, inamlar, hələ doğulmamış körpələrin beyninəcən kök atmış təsəvvürlər... Görünür, burda yalnız kompromis variantla vəziyyətdən çıxmaq olar. “Məsnəvi”dəki bir sıra hekayələr məhz bu məqsədlə yazılıb.

Bu hekayələrin birində deyilir ki, bir şair şaha yazdığı mədhiyyəni şahın hüzurunda oxumaq üçün saraya gedir. Şah şairə xəzinədən min dinar mükafat ayırır. Vəzir isə mükafatı on dəfə artırmağı təklif eləyir. Şah razılaşır və şair mükafatını alıb sevincək evə dönür. Yolboyu şair vəzirin ömrünə dua oxuyur (14-64). Ancaq mükafatı verən kimdir? Şair bu xeyirxahlığın məhz şahın (Allahın) istəyi, iradəsi və sərəncamıyla gerçəkləşdiyini unudur. Şair unudur ki, vəzir (bəndə) öz iradəsini yalnız şahın (Allahın) iradəsinin davamı kimi gerçəkləşdirə bilər və əgər bu başlanğıc olmasa, vəzirin istəyi, iradəsi heç bir səmərə verməz. Bu, əlbəttə, insanın iradəsini inkar etmir, əksinə, insan iradəsini, insan arzusunu Allah iradəsi və Allah istəyi kimi münbit zəmində əbədiləşdirməyə çağırışdır. Quranın “Əgər Allah istəməsə, siz bunu istəyə bilməzsiniz” (81, 29) ayəsi də belə başa düşülməlidir. Bu halda insanın bütünlüklə özünü Tanrıya tapşırmaqdan, öz arzusunu, iradəsini Allaha təslim etməkdən, öz inamına təslim olmaqdan, bir sözlə, fəna olmaqdan başqa yolu yoxdur (yenə də Füzulinin misraları yada düşür: “Ey Füzuli, istəməz kimsə rizasilə fəna, Mən ki bundan özgə bilmən çarə, naçar istərəm”). Bu, insanın öz iradəsindən məhrum olması, onun köləliyi deyil, insanın öz iradəsi ilə kifayətlənməyərək Allah iradəsinə yiyələnməyi, insanın tanrılaşmağı və öz iradəsini dünyaya qəbul etdirməyidir. Bunun üçün insan öz varlığını, öz fərdiyyətini ayrılıq odunda yandırıb vəhdət vadisinə giriş haqqı qazanmalı, külli-aləmi bütün qüdrəti və əzəmətiylə, bütün sonsuzluğu və bilgisiylə bir zərrəyə yerləşdirməlidir. Hekayələrin birində deyilir ki, birisi dan söküləndə dostunun qapısını döyür və gələnin kim olduğunu soruşan dostuna: “Mənəm”, - deyə cavab verir. Ancaq dostu onu qəbul eləmir və qayıdıb “öz mənini ayrılıq odunda yandırmağı” məsləhət görür. İkinci dəfə gələndə isə o, dostunun sorğusuna belə cavab verir: “Gələn sənin dostundu, özündən ayrılıb sən olan dostun”. Bu dəfə ev yiyəsi qonağı xoş üzlə qarşılayıb deyir: “Bir dam altında iki “mən”ə yer yoxdu. İndi artıq bizim varlığımız ayrılmazdı, indi “sənin”lə “mənim” arasında fərq itib” (14-166). Aydındır ki, söhbət Tanrı dərgahında qəbul olunmaqdan gedir və insan öz qürurunu yenməyincə, öz məninə qalib gəlməyincə bu dünyaya da qalib gələ bilməyəcək, iki dünya arasında əbədi gedib-gəlmək əzabına məhkum olacaq və belə bir ömrün əslində cəhənnəm işgəncəsinə heç bir ehtiyacı yoxdur.

Əbədi əzabdan yaxa qurtarmaq üçün insan ilk növbədə ölümlə dil tapmalıdır, hər vaxt ölümü qarşılamağa hazır olmalıdır. “Alim, sükançı, gəmi, bir də dəniz” hekayəsində deyilir ki, bir dilçi alim gəmidə gedəndə sükançıdan qrammatikanı bilib-bilmədiyini soruşur. “Yox” cavabı alan alim başını bulayıb deyir ki, sən ömrünün yarısını itirmisən. Sonra dənizdə fırtına qopur, gəmi burulğana düşür və bu vaxt sükançı alimdən soruşur ki, üzməyi bacarırmı? “Yox” cavabı alan sükançı belə deyir: “Elə isə, müdrik adam, hesab elə ki, bütün ömrünü itirmisən!” Hekayənin sonunda yenə Mövlananın səsi eşidilir: “Məqamı gələndə ölümü qarşılaya bilmək ən böyük elmdir” (14-109).

Yalnız mənəvi kamillik insana ölümlə necə davranmaq lazım olduğunu öyrədir və yalnız bu kamilliyin gücünə insan dünyanı öz quluna çevirə bilər. Bu dünya bizim bədənimizdən başlanır və dünyanın min cür ehtirası, min cür riyakarlığı yalnız insan bədənindən keçib yer üzünə yol tapa bilər. Bu mənada insan yer üzündə İblisin ən qüdrətli dayaq nöqtəsidir. Və özünə qalib gəlmək həm də dünyanı, İblisi yenməkdir. Bir gün bir hökmdar öz müəllimindən ehtiyacı olub-olmadığını soruşur. Müəllimi cavabında deyir: “Mənim bir cüt qulum dünyanın bütün hökmdarlarına ağalıq eləyir. Bu qullardan biri arzudu, o biri qəzəb”. Deməli, insanın özünə qalib gəlməyinin də ilkin şərti arzunu, qəzəbi, kini, ehtirası söndürməkdir (Burda da hind fəlsəfəsinin, xüsusilə buddizmin təsiri göz qabağındadır). Bədən söndükdən sonra ruhun ilahi dincliyi bərqərar olur və insanın azadlığına müdaxilə etmək imkansızlaşır. Harmonik sakitlik vəziyyətində olan insan artıq dünyada nifrət və söyüş obyekti axtarmır, o ancaq və ancaq bilmək, başa düşmək, hər şeyin mahiyyətinə varmaq istəyir. O artıq İblisə də kin saxlamır, xeyirin güzgüsü, dayağı kimi, ən güclü hərəkətverici qüvvəsi kimi şəri də qəbul eləyir və günahkarların ömrünə dua oxuyur: “Əvvəllər özüm də şər işlərlə məşğuldum. Heç bir möminin öyüd-nəsihəti məni günahlarımdan ayıra bilmirdi. Yalnız bunların iyrənc əməlləri məni haqqın yoluna qaytardı...” (14-77).

Əlbəttə, bu yazıda “Məsnəvi” haqqında daha ətraflı danışmaq imkanımız olmadığı üçün deyilənlərlə kifayətlənməyə məcburuq. Ancaq bir məsələ aydındır ki, “Məsnəvi”də insan təbiəti, insan psixologiyası haqqında, təsəvvüf elmi haqqında, ümumiyyətlə, insanla dünyanın münasibətlərindən, mübarizəsindən doğan saysız-hesabsız məsələlər haqqında böyük bilgi var, əbədi suallara əbədi cavablar var. Və nə qədər ki əbədi suallar var, “Məsnəvi”yə həmişə ehtiyac olacaq və onun böyük müəllifi dünya durduqca dadımıza çatacaq.

Son söz

Mövlana Cəlaləddin Ruminin yaradıcılığı və ümumiyyətlə, sufizm dünyaya nə verdi, insana nəyi öyrətdi? Hər şeydən əvvəl sufilər insanın alnından kölə damğasını sildilər, insanı “həşəratlıqdan”, “heyvanlıqdan”, fələyin sadiq nökəri, düşünən oyuncaq olmaqdan xilas elədilər. Sufilər insanın iradəsini, Allaha qovuşmaq istəyinin ilk növbədə insanın arzusuyla gerçəkləşə biləcəyini təsdiqlədilər, bununla da ifrat dini ehkamların yaratdığı insan obrazını tədricən təsəvvürdən silməyə başladılar. Əgər dinlər üzdə insanın Allah qarşısında bərabərliyi ideyasını irəli sürürdülərsə, dolayısıyla bütün dinlər bu prinsipin əleyhinə yönəlmişdi; doğrudan da, əgər dünyada seçilmişlər varsa, yəni Tanrı yer üzündən kimisə seçib insanları onun əliylə idarə edirsə, bir başqası da tamam unudulub dünyanın bir küncünə atılırsa, onda Tanrının da ədaləti şübhə doğurur. Yunis peyğəmbər haqqında Bibliya mifində isə göstərilir ki, Yunis hətta Allahın gözündən yayınıb onunla əhd bağlamaqdan vaz keçmək istəyir, ancaq yaxa tutdurmamağa nə qədər çalışsa da, Allah ondan əl çəkmir... Bu təsəvvür, bu ideya, ehkam min illər boyu saysız-hesabsız qırğınların, müharibələrin, qətllərin, edamların ideoloji dayağı olub.

Sufizm bu ideologiyanın fəlsəfi-psixoloji bazasını darmadağın elədi və bundan əvvəl də dediyimiz kimi, müqəddəslərə, peyğəmbərlərə sitayişi, məscidi, ibadəti, ehkamları, normativləri inkar etməklə sufilər Allahla birbaşa əlaqəyə girdilər və bu yolda yalnız şəxsi intuisiyaya, ruhun təcrübəsinə söykəndilər. Yəni insana xilas olmağın yolunu göstərdilər; göstərdilər ki, bu yol yalnız insanın öz içindən, yalnız burdan başlanır və elə insanın öz içində də qurtarır, burda heç bir kənar müdaxiləyə, heç kəsin köməyinə bel bağlamaq olmaz. Bununla da sufizm sözün əsl mənasında insanın Allah qarşısında bərabərliyi konsepsiyasını və dünyanın daha ədalətli fəlsəfi modelini yaratdı, insanı böyük bir məsuliyyət - öz taleyini seçmək məsuliyyəti qarşısında qoydu. Beləcə, günahlar Tanrının üstündən götürüldü və insan xilas olmaq imkanı qazandı. Qəddar, kinli və amansız Allah obrazından fərqli olaraq rəhmli, mehriban, sözün əsl mənasında “demokratik” Allah obrazı, bəndələrin sitayişinə, duasına, qorxusuna heç bir ehtiyacı olmayan əsl “ehtiyacsız” (Quran) Tanrı obrazı yarandı.

Sufi ideyaları, sufi təsəvvürü tədricən bütün dünyaya, o cümlədən hər cür yeniliyə çox həssas olan Avropaya yayıldı və Dantedən tutmuş Höteyə, Hegelə, Tolstoya, Fromma qədər bir çox Qərb klassiklərinə təsir etdi. Bu baxımdan protestant məzhəbinin yaranmasında da sufizmin rolu şübhə doğurmur. İspaniyadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə qədər yayılmış sufi qardaşlıqlarının ərsəyə gəlməsində təsəvvüfün mərkəzi fiqurlarından biri kimi Ruminin müstəsna xidməti var. Onun əsərləri, xüsusən də “Məsnəvi” yüz illər boyu neçə-neçə sufi dərnəklərində əsl ensiklopediya kimi, dərslik kimi istifadə olunub, müridlərin və mürşidlərin istinadgahı olub. Mövlana öz əsərləriylə bu gün də haqqa tapınanlara bələdçilik edir, heç vaxt tükənməyəcək sözüylə, heç vaxt dəbdən düşməyəcək poeziyası ilə, hər misrasının arxasından boylanan gizli mənalarıyla bu gün də ruhumuza dayaq durur, qəlbimizə təskinlik verir. Ən böyük fədakarlıq da yəqin elə budur.

May, 1993-cü il

Ədəbiyyat

1. Anri Masse. İslam. Bakı, 1992

2. K.Sultanov, Ş.Sultanov. Ömər Xəyyam. Bakı, 1991

3. Fuad Qasımzadə. “Qəm karvanı”, yaxud Zülmətdə nur. Bakı, 1968

4. Mevlana. “Güldeste”. Ankara, 1989

5. Mevlana. “Fihi ma fih” ve “Mecalis-i seba”dan seçmələr. Ankara, 1989

6. Nihat Keklik. Muhyiddin İbn-ül Arabi. Ankara, 1990

7. Sultan Veled. Maarif. İstanbul, 1991

8. Şebüsteri. Gülşen-i raz. İstanbul, 1989

9. İrano-tadjikskaə pogziə. Moskva, 1974

10. İslam (istorioqrafiçeskie oçerki). Moskva, 1991

11. Literatura Vostoka v srednie veka (çastğ II). Moskva, 1970

12. Radiy Fiş. Djalaleddin Rumi. Moskva, 1987

13. Raüionalistiçeskaə tradiüiə i sovremennostğ (Blijniy i sredniy Vostok). Moskva, 1990

14. Rumi. Pogma o skrıtom smısle. Moskva, 1986

15. Sufizm v kontekste musulğmanskoy kulğturı. Moskva, 1989

16. Dj.S.Triminqgm. Sufiyskie ordenı v islame. Moskva, 1989

# 1976 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #