Atam qollarımdan tutub məni maşına basdı – BİRCƏNİN ROMANI

<b>Atam qollarımdan tutub məni maşına basdı – <span style="color:red;">BİRCƏNİN ROMANI </b>
6 aprel 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İyul bu yerlərdə görünməmiş istiylə gəldi. Gün meyvələri budağında qovurdu, bağ-bostanı şirnək vurdu. Kənddən axan iri arxların suyu öləziyib soğuldu. İstidən bağ-bağat, çöl-çəmən vaxtsız keçəllədi.

Qaynanamgil Elgizin nişanını iyulun ikinci ongünlüyünə salmışdılar. Yaxından-uzaqdan hər gün bir qara xəbər gəlirdi. Emin elin-günün bu dəkəsində təmtəraqlı məclis keçirməyin tərəfdarı deyildi, anasını fikrindən döndərmək üçün tez-tez:

- Camaatın bu yerində nə toy-nişan ey, - deyirdi, - sakitcə aparın üzüyü verin, gəlin.

Qaynanamla baldızım Eminin fikrinə dəstək vermədilər, qız eviylə sözləşib böyük də olmasa ortabab bir nişana razılaşdılar.

Günüm mətbəxdə keçirdi. Bir əlim soyuducuda qalmışdı, gah ayran, gah kompot, gah da su daşıyırdım. Əlimə gələni yığırdım ora ki, evin kişiləri susuzluqdan təntiyəndə dodaqları çatlamasın. Emin az qala hər gün bizə şirin vədlər verirdi:

- Nişanı yola verək, sizi götürüb bir sərin bulaq üstə aparacam.

Günləri sayırdım, səbirsizlikdən özümə yer tapmırdım. Mən bu evə gəlin köçəndən bəri Emin bizi bir dəfə də harasa gəzməyə, dincəlməyə aparmamışdı.

Nişan üçün lazım olan hər şeyi Zöhrə xalayla Bəsti alıb yığmışdılar. Şirniyyatı-filanı da mən bişirəcəkdim.

Nişana lap az qalmış qonşuda yas düşdü.

Qapıdakı arxın üstündə qab-qaşıq yuyurdum, Maral da özünü keçalatdakı körpüyə yıxıb Zöhrə xalanın bacılarını yamsılayırdı. Qəfil Misir əmigil səmtdən bir çığırışma qopdu. Maral qalxıb ara qapıdan güllə kimi onlara keçəndə mən də əlimdəki qabı ləyənə atıb düşdüm onun dalınca. Misir əminin çəpər üstündən qonşu həyətə baxan gəlini dedi:

- Vaqif dayının oğlu Cakkı (oğlanın adı Cəlil idi, uşaqlıqdan belə çağırmışdılar) minaya düşüb ölüb, meydini indicə gətirdilər.

Gəlin sözünü bitirən kimi Maral əndamına yaraşmayan cəldliklə hoppanıb düşdü alçaq çəpərin o tayına. Mən də onun dalınca. Biz qapıya çatanda şivəndən, şaxsey-vaxseydən qulaq tutulurdu. Tanımadığım adamların üzünə baxa-baxa donub qalmışdım. Gözlərimi ha sıxdımsa bir damcı da çıxmadı, bir-iki dəfə Maralı dümsüklədim ki, gəl qayıdaq evə, Emin gəlib məni evdə görməsə dərimə saman təpəcək.

Maralı az qala sürüyə-sürüyə çəpərin yanına gətirmişdim ki, yas evindən bir gurultu qopdu. Hamı meyiti yerdə qoyub içəri daşdandı. Maral əlimdən çıxıb səsə doğru qaçdı. Özümü saxlaya bilməyib yenə onun arxasınca yüyürdüm. Adamlarını tanımadığım evə girəndə gördüyümdən üşəndim: uşağa bənzər arıq sarışın bir gəlin dibçəkdəki gülləri qab qarışıq evin içinə səpirdi, yerə düşüb qırılmayanı da cumub yenidən qırıqlayıb ayağının altında əzirdi. Onu tutmaq istəyənlərə gəlin dəli kimi bağıra-bağıra deyirdi:

- Cəlildən sonra gülü neylirəm, nəyimə gərəkdi bunlar!

Onu saxlaya bilmədilər, gəlin aynabənd boyu düzülmüş dibçəkləri gülü-torpağı qarışıq evin ortasına, xalça-palazın üstünə səpdi. Mənim bütün diqqətim onun üzündə cəmlənmişdi, hamı vaysınıb ağlayır, mənsə evi dağıdan gəlinə baxırdım, hətta arada gülməyim də gəlirdi.

Maral qonşunun evində baş verənlərə bir xeyli tamaşa eləyəndən sonra dinməzcə qabağıma düşüb yola düzəldi. Çəpəri keçəndə mən ona sarı baxmadan:

- Yazıq o evi yığışdıranın halına, - dedim, - kim təmizləyəcək o toz-torpağı?

Maral da mən tərəfə baxmadan:

- Başıxarab qızı başıxarab, - dedi, - mənim ərim ölsə güllərimin bir yarpağına da əl vurmaram.

Eltimin ağzından çıxan sözlər qulaqlarıma dəyəndə çimçəşdim, elə bildim Maral içimi gördü.

Biz qapıya çatanda Emin anasıyla baş-başa qovağın dibində durmuşdu. Sarımı uddum. O, üzünü Marala tutub dedi:

- Gördün də yazıq Cakkını, özü basdırdığı minaya düşdü.

Maral bir gözü Emində, bir gözü məndə:

- Həə, gördük, - dedi, - arvadı da ev-eşiyi yaxşı rahatladı.

Emin təəccüb, sual dolu nəzərlə onun üzünə zillənəndə Maral gördüklərimizi ana-balaya danışdı. Zöhrə xala vaysındı:

- Neyləsin yazıq, bir ilin gəlini oldu, canının hovurundan eləyib yəqin.

Maral yenə kirimədi:

- Əşşi, canının hovurundan saçını yolsun, üzünü cırsın, ta gül-çiçəyin nə günahı!

Özümdən ixtiyarsız mən də Maralın sözünə söykək verəndə Emin qayıtdı ki:

- Sabah mən də ölsəm sən güllərini qırmazsan?

Bayaqdan içimdə bir qorxu vardı, elə bilirdim Maralın dalına düşüb qonşuya getdiyimə görə Emin mənlə dalaşacaq. İndi xatanın sovuşduğunu görüb bir balaca ürəkləndim:

- Yoox, gülümü niyə qırıram? Onlara neçə ildi qulluq eləyirəm, heç birinin xətrinə dəymərəm.

Emin acı-acı güldü:

- Arvad tayfası belə etibarsız olur ey, bəxtəvər Cakkının başına!

Sonra pilləkəni qalxdığı yerdə qəfil dönüb sərt baxışla üzümə baxdı:

- Yaxşı, sən ora nəyə getmişdin, səni kim tanıyırdı orda?

Maral canımı qurtardı:

- Bura bax ey, kişilənmə, mən apardım onu. Qonşunun hayına getmək lazımdı, anan da xəstədi.

Emin onu üstdən-aşağı istehzayla süzüb:

- Üzünüz ağ olsun, - dedi, - yaman da haya gedənsiz, xalxın arvadını bəzəyə qoydunuz.

Emin qapını arxasınca örtəndən sonra Maralla bir-birimizə baxıb xeyli gülüşdük...

***

Nişana sanılı günlər qalanda Emin qaynanama şərt qoydu:

- Ana, nə desən eləyəcəm, nə istəsən alıb gətirəcəm, amma Bircə nişana getməyəcək.

Zöhrə xala işığı azalmış gözlərini bir az qıyıb:

- Niyə, a bala, - dedi, - sənin arvadın çox matah tikədi? Bacın gedir, Maral gedir, o niyə getməsin ki?

Emin əlindəki yarımçıq tikəni boşqaba atıb səsini qaldırdı:

- Dedim, bitdi, daha heç kim bu söhbətə qayıtmasın! Kimi aparırsan apar, mənim arvadım getməyəcək!

Qaynanam dil boğaza qoymadı:

- Hmmm, sənin arvadın aş üstə qırqovuldu, turacdı, bildirçindi. Qoyma gedə, birdən happ eləyib udarlar onu. Evin gəlinini evdə qoyaq gedək, el-aləm cəmdəyimizə tüpürsün.

Ana-bala xeyli söz güləşdirdilər, axırda Emin qaynanamı sakitləşdirmək üçün dedi:

- Narahat olma, şirniyyatı bişirib qurtaran kimi Bircəni aparıb qoyacam atasıgilə, nişanın səhəri gələr.

Doğrusu, məndən ötrü elə bir fərqi yoxuydu, hamısından rahatı evdə oturmağıydı. Hay-küylü məclisdən, toy-nişandansa sakit şəraitdə kitab oxumaq daha maraqlıydı mənə. Ancaq oğlunun qərarından qaynanamın çox narazı qaldığını görüb gecələrin birində Emini dilə tutmağa çalışdım:

- Bəlkə mən də gedim? Anan-bacın neçə gündü mənə düşmən kimi baxır.

Emin həmişə məndən utanıb gizlətdiyi zədəli qolunu divara vurub bağırdı:

- Deyəsən sən də ölürsən ha özünü göstərmək üçün! Dedim olmaz, demək olmaz! Sən işlərini bitirən kimi mənə xəbər ver, gerisi sənlik deyil.

Son vaxtlar o, əməlli-başlı dəyişmişdi, özünü qəribə aparırdı. Deyəsən hardasa nəsə iş gördürürdü – hər gün mənə ayrıca bir qazan yemək bişirdib yanının sərin suyu, mer-meyvəsiylə harasa aparırdı. Soruşanda:

- Çox çəkməz, - deyirdi, - bir balaca işim qalıb, nişanı da yola verək, sizi sərin bir yerə aparacam...

***

Baldızımın, qaynanamın bacısı qızlarının köməyilə iki günə nişan şirniyyatını hazırladım. Qalırdı tortların kremlərini yaxmaq, baldızım məsləhət gördü ki, bunu da gedənə yaxın eləyərik.

Qız evinə sabah günorta üstü gediləcəkdi. Emin mənə görə yenə anasıyla üz-göz oldu, ancaq yenə tutduğunu buraxmadı. Sonra da qaynanam eşidə-eşidə mənə sarı dönüb:

- Əl-ayağını yığ, - dedi, - mənim işim çoxdu, axşam sərinində Yunus səni aparacaq atangilə.

Könülsüz-könülsüz torbaya bir-iki paltar atdım. Cavid iki ayağını bir başmağa dirədi ki, getmirəm. Zöhrə xala da uşağın qalmağını istəyirdi, ancaq Emin evdən çıxanda mənə bərk-bərk tapşırdı:

- Uşağı da apar haa! Hava istidi, hamının da başı qarışıq olacaq, uşaq qalar ortalıqda.

Atamgilə getməyə heç könlüm yoxuydu, ona görə də Eminə dil tökdüm:

- Axı ora nəyə gedirəm, nolar qoy oturum bu damın altında.

Emin mənə acıqlı-acıqlı baxıb dedi:

- Evdə qalsan əmilərim məni sındırıb səni nişana aparacaqlar. Atangildə bircə gecə qalacaqsan, məclis dağılan kimi dalınızca gələcəm.

Daha başqa yolum qalmadı. Cavidi birtəhər dilə tutub maşına oturtdum. Qaynanam getdiyimi görəndə bir də dilə gəldi:

- El bizə töhmət eləyəcək, gərək getməyəydin.

Əlacsız-əlacsız onun üzünə baxıb:

- Pir sənindi, kəramətinə də sən bələdsən, - dedim.

Baldızım da bu yandan çəmkirdi:

- Get, get, pişiyin könlü samanlıqdaydı, it də vurub saldı ora.

Qırmızıya bükülüb bağlanıb yan-yana düzülmüş xonçaları qoxulayıb maşına mindim.

Toran qovuşanda atamgilə çatdıq. Qaynım ləngimədi, bizi darvazadan içəri ötürüb qayıtdı. Cavid ayağını yerə döyə-döyə əmisinin dalınca ağlayır, geri dönmək istəyirdi, uşağı evə sürüyə-sürüyə apardım. Anam gəlişimizə elə də sevinmədi, Cavidin ağlamağı arvadı lap hövsələdən çıxardı. Yaxşı ki, Lalə evdəydi, uşağı şirin dilə tutub birtəhər kiritdi.

Mən yanımı yerə qoyub toxtamamış anam acı dilini işə saldı:

- İndi nə qələt qarışdırıb gəlmisən?

Olanları yerli-yataqlı danışdım, məni nişana aparmasınlar deyə Eminin bizi bura göndərdiyini dedim.

Gəlişimizdən xəbər tutub gecəyə doğru Musa əmimin uşaqları, Kamilin ailəsi də hamılıqla bizə yığıldılar. Gecəyarıya kimi ordan-burdan danışdıq, deyib güldük. Musa əmi arada Laləyə də sataşdı. Ermənilərlə savaşın qızğın çağında kiçik bacım ağlamsına-ağlamsına atama belə demişdi: “Oğlanların hamısını yığıb apardılar müharibəyə, ay ata, deyəsən biz ərə-zada gedə bilməyəcəyik”. Atam da Lalənin bu nigaranlığına doyunca gülüb ona toxtaqlıq vermişdi: “Qorxma, qızım, sənə elə bir toy çaldıracam ki, səsi qonşu mahalda eşidiləcək”. İndi Musa əmi bunu yada salıb hamını güldürürdü.

Gecə qohum-övlad dağılışandan sonra Lalə Cavidi dilə tutub özüylə apardı. Mən də hər şeyi unudub yuyunmaq istəyəndə hamamda yenə özümdən gedərəm. Hamamdan çıxmadığımı görən Lalə harayıma çatıb məni özümə gətirəndə artıq olan olmuşdu, rəngi-ruhu yenicə özünə qayıtmış üz-gözüm təzədən daş-divara dəyib göyərmişdi.

O gecə yenə xəcalətdən yerə girdim, yenə mənə görə hamının yuxusuna haram qatıldı. Anam əzilmiş canıma baxıb dedi:

- Elə bunamı gəlmişdin?

Kiçik bacımla Musa əmimin kiçik qızı o gecə səhərəcən mənə qarovul çəkdilər...

***

Ertəsi gün Cavid od olub daraşdı canıma. Ağladı, dilinə heç nə vurmadı, gedib oturdu darvazanın ağzında:

- Emiş gəlib məni aparsın, - deyin dad döydü.

Gözüm alt evin divarına vurulmuş saatda qalmışdı. Özüm üçün təxmini qrafik tutmuşdum: saat birdə qız evinə gedəcəklər, dördə-beşə nişan məclisi bitəcək, təqribən saat altıya-yeddiyə Emin bizi aparmağa gələcək. Ona qədər vaxtı birtəhər öldürməliydim.

Günortaya yaxın anam əziz-xələf bacısıgilə getdi. Onun gedişinə çox sevindim – bir müddət gərginlikdən uzaq olacaqdım. Qaldıq atam, Lalə, bir də Cavidlə mən.

Günorta yeməyi zamanı gecə gördüyüm yuxunu Laləyə danışdım. Yuxuda görmüşdüm ki, Emin özünə təzə şalvar alıb, şalvarı geyinmək istəyir. Di gəl, şalvar əyninə çox balacadı, nə qədər əlləşirsə belinə gəlmir. Mən onun özünə hək gəlməsinə ürəkdən gülüb: “Görmürsən bu çox balacadı, sənə olmaz”, - deyirəm. Emin mənim sözümə məhəl qoymadan şalvarı güc-bəlayla əyninə taxır.

Lalə əlini yelləyib dedi:

- Fikir vermə, bacı, yuxudu da.

Bu vaxt hardansa çox güclü partlayış səsi gəldi. Lalə dik atıldı:

- Vaaayy, mina partladı, görən kimin evi yıxıldı!..

Kəndimiz erməni kəndinə qonşu olduğundan belə hadisələr tez-tez baş verirdi.

Cavid sakitləşsin deyə onu götürüb Kamilgilə keçdim. Gəlişimizə çox sevindilər. Kamilin qızlarından biri naxoşlamışdı, onun iynəsini vurdum. Cavid burda da dincəlmədi, əlindən tutub uşağı bir az da bağda hərlədim. Cavidin çox kürlük elədiyini görən Kamil əməllicə qayğılandı:

- Amandı, uşağın əlini əlindən buraxma! İki günün qonağısız, başına bir iş gələr...

Cavidin əlindən tutub Musa əmigilə sarı getmək istəyəndə ara yolla anamın qaçaraq gəldiyini gördüm. Əmimin qapısından Kamilin həyətinə kəsə cığır vardı, hamı bu cığıra “ara yol” deyirdi. Cavidin əlindən bərk-bərk yapışıb yerə mıxlandım. Yox, bu gəliş nəsə bir ayrı gəliş idi. Anam mənə çatmamış köklü ağac kimi aşıb fəryad qopardı:

- Gəl eeyyy, gəəəll, evin yıxılıb, koman uçub, Emin minaya düşüb!

Onun dediyi hələ beynimə çatmamışdı, arvadın nədən bu hala düşdüyünü anlamadığıma görə çaşıb qalmışdım. Anam özünü ara yolun tozuna-torpağına bələyirdi, saçlarını yolub tökürdü, üzünü cırırdı, mənsə hələ də nə baş verdiyini anlamırdım.

Handan-hana arvad quruyub qaldığımı görüb batıq səslə dedi:

-Mənlə işin olmasın, uşağı götür evə qaç, səni gözləyirlər.

Anamı toz-torpağın içində qoyub evimizə tərəf götürüldüm. Cavid dalımca dabanqırma gəlirdi. Onun dilindən “ana” kəlməsini də ilk dəfə o yolda eşitdim:

- Ana, Emişə nolub?

Uşağın sözünə ayıldım, geri dönüb Cavidi qucağıma aldım, yenidən evimizə sarı yüyürdüm. Bir anlıq gözümün ucuyla baxanda Cavidin üzündə dəhşətli qorxu, yazıqlıq gördüm.

Atamla baldızımın əri darvazanın ağzında durmuşdular. İçimdə qorxu, həyəcan, təlaş adına heç nə yoxudu. Yalnız anamın şivən qoparması, atamın baxışları bir az üşürgələndirirdi məni. Darvazaya çatan kimi baldızımın əri maşının qapılarını açdı. Atam Cavidi qucağımdan alıb həyəcanla:

- Otur, otur, - dedi, - vaxt yoxdu!

Qorxa-qorxa atamın üzünə baxıb:

- Heç olmasa uşağın paltarlarını götürüm, - dedim, - özüm də xalatdayam axı.

Atam üzümə baxmamağa çalışırdı, qollarımdan tutub məni maşına basdı:

- Lazım deyil, otur get, ləngimə.

Yarım içəridə, yarım çöldə olanda anam da özünü qapıya çatdırdı:

- Get, get, neylirsən paltarı! Yaralıdı, Bakıya aparırlar...

Özümü çəkib maşının içinə saldım. Mühərrik işə düşəndə anam yenə özünü yerə çırpdı. Maşın bir addım atmamış evdən Lalənin vahiməli çığırtısı qopdu. Qızın səsi məni silkələdi:

- Maşını saxla! - deyib indi də mən qışqırdım, elə bildim Laləni cərəyan-zad vurdu. Qapını tələsik açıb darvazaya sarı iki addım atmışdım ki, atamla burun-buruna gəldik. Kişi məni qollarının arasına alıb yenə maşına basdı:

- Dedim axı çıx get! Lalə yıxıldı, heç nəyi yoxdu.

Mən əynimdə köhnə ev xalatı, ayağımda bir cüt nimdaş sürütmə maşının arxa oturacağına qısılıb Cavidi bərk-bərk bağrıma basdım...

ardı var

# 2292 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #