Dua edirdim ki, anam tez ölsün... – Azad Qaradərəlidən YENİ HEKAYƏ

Dua edirdim ki, anam tez ölsün... – <span style="color:red;">Azad Qaradərəlidən YENİ HEKAYƏ
5 mart 2018
# 21:00

Bu gün yazıçı Azad Qaradərəlinin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçının “Dünyanın ən böyük adamı” silsiləsindən “Dua edirdim ki, anam tez ölsün” adlı yeni hekayəsini təqdim edir.

Şəhriyar Del-Geraniyə

Axşamla gecənin arası, dar vaxtı anam sınıq səslə dedi:

- Ədə, bala, uşaxlar bilməsin... Sən bir mənim bu döşümə bax...

Orta otaqda heç kim yox idi. Uşaqlar o biri otaqda dərs oxuyur, yoldaşım mətbəxdə nəsə bişirirdi. Anam sol döşünü ürpənə-ürpənə çıxartdı, əlimi aparıb üstünə qoydu:

- Qorxma, sən mənim balamsan. Bu döşdən süd əmmisən... – Səsi qırıldı. Mənim içim silkələndi. Elə bil bədənim şüşədən idi – çiliklənib töküldüm.

- Bir bax, bax, buramda elə bil yumru var... Əlinlə tut...

Hə. Əlimə dəydi noxud, yox, fındıq boyda nəsə. “Şüşənin” salamat qalan yarısı da şarıltı ilə çilikləndi. Az qala müvazinətimi itirəcək, anamın ayaqlarına yıxılacaqdım.

- Bacı... – Elə bunu deyə bildim. Anladım ki, o “şüşə” təzədən sınıb ovulsa, arvad mənim düşdüyüm halı anlayacaq. Ona görə artistlik eləməkdən başqa çarəm qalmadı. (Bir də hələ bu noxud boyda, daha doğrusu fındıq boyda yumru o demək deyildi ki... Lənətə gələsən, kor şeytan! Bu dar vaxtı mən nə danışıram axı?!)

- Bacı... yadındadı, kənddə mənim atımın belini yük vurmuşdu. Belə yumrular gəlmişdi belinə...

- Hə... Nolsun e... at nədi?! Mən saa...

- Onda sən mənə dedin ki, get Qurbağalı göldən çim çıxart, gətir yax atın belinə... Beli götürüb getdim Qurbağalı gölə, suyun altınnan qurbağa çəmi qarışıq qapqara çim çıxartdım, gətirib yaxdım ürkənin belinə... Üç gün sonra o şişlər çəkilib getdi, getmədi?

- Getdi, hə, yadımdadı... İndi nə deyirsən, gedək Qurbağalı gölə?! Hanı Qurbağalı göl?! Mən hardan alım ildırım vurmuş göy qarğanın ətin, qara qoyunun tısbağa çanağına sağılan ilan zəhəri qatılmış südün?.. Hıy?! Hardan alım?!.

Səsim kəsildi. Anamın 45-46 il öncə uzun qış gecəsində danışdığı o məşum nağıl dirəndi o şüşə olub çiliklənən ürəyimin başına. (Mən pis uşaq idim. Hər gecə kolxoz işindən yorğun gəlmiş yazıq anama nağıl danışdırmasam, yatmırdım.)

“...Bir kişi vardı. İçindən ağrılar kəsirdi əhədini. Elə bil bir köklü ağac idi, yıxılmışdı, amma qanadı yanındakı ağaclara ilişdiyindən hələ tamam yıxılmamışdı. Bircə küləyə bənd idi. Bala-bulasının gözü qabağında yıxılıb beyüz olmamaqçün arvadına dedi ki, şələmə çörək qoy, dərdimi alıb başıma, baş alıb gedirəm bu düzü dünyadan. Ya allahın əcəlinə tuş gəlib ölərəm, ya da dərdimə bəlkə bir çara olar...

Kişi neçə dərə ötdü, dağ aşdı, gəlib bir düzəngaha çıxdı. Gördü ki, bir ağ paltarlı, ağ saqqallı, nurani üzlü qoca qarşıdan gəlir. Qoca “hara belə” deməyiynən, kişi acıqla cavab verdi ki, neynirsən hara gedirəm, guya dərdimə çarə eliyəcəksən?!

Qoca qayıtdı ki, vallah nə deyim saa. Əslində, var sənin dərdinin çarəsi. Amma hardan alım mən çobanın tısbağa çanağına sağdığı qara qoyunun südün ki, ona ilan zəhri qarışsın? Hardan alım mən tütün tayasının dərdqovan istisin? Hardan alım mən ildırım vurmuş göy qarğanın ətin?..

Kişi gözün yumub-açanda qoca yoxa çıxdı. Xəstəliyi səbəbinnən gözünə əyiş-üyüş şeylər görsəndiyini zənn edən xəstə adam daha da halsızlaşdı, ağrının şiddətinnən ikiqat olaraq sürünə-sürünə yoluna davam etdi. Ta ki, bir yastana çatdı. Özünü guruluguppaz buraxdı göy otun üstünə. Sonra onu yuxu apardı. Nə qədər yatdığını bilmədi. Çoban tütəyinin səsinə oyandı. Həzin tütək səsi ruhunu təzələdi. Ağrılarını azaldantəhər oldu elə bil. Və çoban gördü onu. Bir qara qoyun tutub sağmaq istədi, amma qab-qaşığını xeyli aralıdakı alaçığında qoymuşdu. Kolun dibində illər əvvəl ölmüş tısbağanın çanağına sağdı südü, bir kolun dibinə qoyub “iç, özünə gəl” deyib uzaqlaşdı. Xəstənin süd-zad yadına düşmürdü. Amma boğazının quruduğunu hiss edib bəlkə köməyi dəyər düşüncəsiylə süd dolu çanağa tərəf sürünmək istəyirdi ki, bir gürzə ilan ondan qabaq çanağa yaxınlaşdı, başını qaldırıb zəhərini içinə tökdü və çıxıb getdi.

“Nə yaxşı oldu, elə bunu içib, ölərəm” deyib xəstə çanağa sarı süründü. Ağzını dayayıb südün hamısın içdi və başını yerə qoyub ölməyini gözlədi. Saatlar keçsə də baxdı ki, ölmədi, hələ bir az yüngülləşən kimi oldu. Qocanın özü və sözü yenə yadına düşdü. “Əh” eləyib ayağa qalxdı. Xeyli yol gedəndən sonra bir yağış başladı ki, deyirdin bu saat dünyanın üzünü su alacaq. Ora-bura baxıb qarşıda tütün sahəsi gördü, içində də bir taya. Özünü o tayaya çatdırıb qurumuş tütün yarpaqlarını araladı, içinə girib görünməz oldu. Orada nə qədər qaldı, bilmirəm, bir də onda ayıldı ki, bərk göy guruldayır. Başını tayadan çıxardanda ildırım şaxıdı, qarşıdakı cəviz ağacını ildırım vurdu, yanan budaq qırılıb tayanın yanına düşdü. Və bir göy qarğa da cağıldaya-cağıldaya ağacdan düşüb ildırımın atəşində ütülüb kabab oldu. Yanıb-qızarmış ət iyi burnunu qıdıqladı. Mədəsi qaşındı. Tayadan çıxıb göy qarğanın kabab olmuş ətini yedi. Gözlərinə işıq gəldi. Baxdı ki, quş kimi yüngülləşib. Ağrı-acı yox...”

... - Nə fikrə getmisən? Niyə dinmirsən? Hıy? Hardan alım Qurbağalı gölü ki, indi ermənilər orda at oynadır?..

- Bacı, düzdü, Qurbağalı göl yoxdu, amma Sabunçuda gölə nə gəlib? Axşamlar qurbağa səsini eşitmirsən? – Arsız-arsız hırıldadım da. Arvadın sifətində gülüşəbənzər ifadə gəzdi. Əlini uzadıb üzümü sığalladı. Elə bil o saxta gülüşü silmək istəyirdi.

- Dedim bəlkə həkimə-zada...

- Eeeee... Nə həkim? Vallah boş şeydir... Elə o çimi qoyan kimi...

- Yaxşı, get gətir, qoyaq görək nolacax?.. – Anam əlacsız halda dedi. Və mən özümü necə bayıra atdığımı bilmədim. Qapıda yoldaşım qabağımı kəsdi.

- Hara? Danışdıqlarınızı eşidirdim? Sənnən qabax maa göstərib... Sənin anandı, mənim də xalamdı... Ağlın çaşıb, nədi? Çim-zad nədi?! Bizi biyabır eləmə... xalamı həkimə aparmax lazımdı...

- Az axı.. – Məni qəhər boğdu. Anama da, özümə də dediyim yalandan utandım. Və qərara aldıq ki, sabah anamı xəstəxanaya aparaq.

Yolda anam məni hədələyirmiş kimi dedi:

- Bax, mən özümdəkini bilirəm... Mənim döşümə pıçax-zad vurdurmayassan?.. Eşidirsən?

Eşidirdim. Amma lal olmuşdum. Dilim dönmürdü. Elə bil bir stəkan qaynar suyla dilimi yandırmışdım. Ya da çoxlu araq içmişdim, içimin odu-atəşi vurub dilimi qarsalamışdı.

Sabunçu xəstəxanasındakı həkimlər məni yaxşı tanıyırdı. İşlədiyim radioda haqlarında verilişlər hazırlamışdım. İndi ətrafıma yığışıb nə edə biləcəklərini söyləyir, zarafatla “axır ki, sənin də bizə işin düşdü” deyib məni cırnatmaq istəyirdilər. Həkimlərin mənim başıma belə yığışmasını görən anamın açıq fəxr duyğusu keçirdiyini görmək nə qədər xoş idisə, içimdən axan qanlar da o qədər naxoş idi.

- Anama baxmaq lazımdır... – Güclə deyə bildim.

Bir cərrah və bir terapevt həkim anamın döşünü müayinə edib son qərarlarını verdilər:

“İlkin olaraq dəqiq bir söz söyləyə bilmərik... Ankoloji mərkəzə getmək lazımdı.”

Və göndəriş də yazdılar.

Anam, yoldaşım və mən üstümüzə çillə suyu səpilmiş adamlar kimi bükülü halda xəstəxanadan çıxdıq. Mən taksi çağırmaq istəyəndə anam əli ilə məni hədələdi:

- Saa söz demişdim! Mənim döşümə əl vurmayacaxlar!... Mən heç yerə getmirəm...

Nə qədər çalışsaq da, anamı yola gətirə bilmədik...

Kor-peşman evə döndük.

Bir ay keçdi. Anam gözüm görə-görə ağırlaşırdı. Rahat nəfəs ala bilmir, yeməkdən də düşürdü.

Artıq döşündəki o yumru da böyüyüb qoz boyda olmuşdu. Anamın bilinməz dərdi məni də öldürürdü. Axı bir azdan bu çarəsiz dərdin dəhşətli ağrıları olacağını bilirdim. Onda mən pulsuz morfi almalıydım xəstəxanadan. Pulu cəhənnəmə, bunu reseptsiz kim verər mənə? Axı bunu biz mütəxəssis həkim tərəfindən təsdiqlətməliydik?.. Bəs nə edim? Hamıya məsləhət yeri olan mən, indi aciz qalmışdım...

Əlimi ürəyimin üstünə qoyub köhnə Ermənikənd tərəfdə - Nəsimi bazarının üst hissəsindəki Onkoloji xəstəxanaya yollandım. Orada bir qadın həkimə dərdimi danışdım. Dedi, ananı gətir bura, mən onun döşündən nümunə götürüm, verək laboratoriyada əkimə, üç-beş günə sənə nəticəni söyləyərəm... Və istədiyin sənədi də verərəm...

Sonra sirli-sirli yerə baxıb:

- Nə bilmək olar? Bəlkə heç rak deyil, ya da xoşxassəlisinnəndir?..

Qəssabın kötüyünün üstündə ət necə sıçrayar, bax heylə ətim tərpəndi haramdasa. Sonra ürəyim tez-tez atmağa başladı. Mənə ilk dəfə o ZƏHRİMARın öz adını deyirdilər... Amma qadın bir ümid yeri də qoydu: “Bəlkə...” Mən heç bəlkələrə inanmadım ki.

Ürəyimə nə damdısa, o da oldu. Ah mənim bu yazıq ürəyim... Sənin nə pis üzün varmış...

Yalvardım həkimə ki, elə iş ondadı, anam həkimə gəlmək istəmir. Bəlkə siz gedəsiniz? Hörmətinizdən çıxaram...

Həkim xanım razılaşdı. Taksi ilə onu evimizə gətirdim. Şprislə anamın döşündən nümunə götürüb getdi. Düz iki həftə sonra cavab məlum oldu: anamın döşündəki O ZƏHRİMARDAN idi... Özü də lap zəhər-zəmbərəyindən. (Qadın nəticəni çox soyuqqanlı söylədi: “Rakdır ananız. Özü də bədxassəli. Hətta sizə deyim ki, ananızda çoxdan varmış bu – yəni təzə şey deyil. Azı üç-dörd aydır orada olduğu. Hər şeyə hazır olmalısınız...”

Bu köhnə şüşəbənddə nəyinsə üstünə çökdüm. Gözümün qabağını ağ-qara halələr aldı. Başım da hərləndi. Özümə toxtaqlıq versəm də, olmadı. Elə bil bircə anda günəşi söndürdülər. Aləm alaqaranlığa qərq oldu. Sonra oksigeni kəsdilər. Boğulurdum. Sonra... Dodaqlarıma stəkan uzandı. “İçin.” Bayaqkı həkim qadın idi. İçdim və toxtayan kimi oldum. Qapıdan çıxanda qadının suallı baxışlarını görüb geri qayıtdım: ona pul verməliydim axı...)

Evə gələ bilmirdim. Döş cibimdə bərk-bərk gizlətdiyim bu kağızdakıları mən necə danışacam anama? O yəqin ki, soruşacaq məndən. Bilir yaddaşımın zəifliyini. Ona görə mütləq soruşacaq. Mən nə edəcəm? Bəlkə gedib kafedə-zadda içim bir az? Amma yox, içəndə dəyintili şey olan kimi ağlayıram. Olmaz. İçmək harama yaraşır?.. “Özümü artistliyə vuracam” deyib evə yollandım. Elə içəri girən kimi gözüm arvadımın gözləri ilə toqquşdu: “Nə oldu?” Dodaqlarım əsdi. Dilim tutuldu. Gözüm danışdı: “Heç nə. Danışmalı deyil.”

İçəri otaqda balaca qızım rəsm çəkirdi. Gözlərim anamın gözlərinə sataşmasın deyə onun çəkdiyinə heyrətlə baxıb süni səslə dedim: “Baho, lap yaratmısan ki...”

Anam hıqqıldaya-hıqqıldaya gözlərini qaldırıb mətbəxə sarı baxdı:

- A gəlin, harda qaldın, yeməy hazırla... Uşax işdən gəlib...

Anladım. Yemək yeməyincə anam məndən heç nə soruşmayacaq. Nə yaxşı. Hələ zamanım var. Sonrası da...

- Ata, sən bu gün nənəmin həkiminin yanına getdin? – Böyük qızımdır. Yemək-zad vecinə deyil. Bunun cavabını vermək lap müşkül məsələdir.

- Həəə... Getdim... Zaddı...

- A bala, qoy bir dədən çörəyin yesin, sohra soruşarsan... daş daşı yemədi ki...

Amma daş daşı çoxdan yemişdi. (Babam dəyirmançı olmuşdu. Dən qurtaranda dəyirman daşları bir-birini “yeyir”, qorxulu səs çıxardırdı.) Baxdım ki, elə desə də, anamın da daha hövsələsi daralıb. O da cavabı indi eşitmək istəyir. O biri uşaqlarım da ağzıma baxırdılar.

- Deyir ki... (“Ya allah, yet dadıma... Məni ailəmin yanında üzüqara eləmə...”) Cavannıxda kənd qadınları sinələri üstə... o qədər şələ-zad daşıyırlar ki, döşlərində belə yumrular-zaddar olur... Bunun elmdə adı da var e....

- Mastomatiya... – Artıq tibb institutunun birinci kursunda oxuyan oğlum sözü ağzımdan alıb cavab verir. Mən də sevincək sözü onun ağzından qapıram:

- Hə, mastomatiya... Bu əksər qadınlarda var... Elə də qorxulu şey deyil...

Heç gör dəxli var: “Elə də qorxulu şey deyil.” Daha “elə də” nədir?! Görmürsən anan ağzına dikib gözünü? Sən dəhşətsən vallah... (Özümü içimdə danlayıram. Arvadın artıq stola qoyduğu çörəyə gözucu baxıb hamama yönəlirəm. Bir uzun duş bəlkə altında əzildiyim yükün ağırlığını azaldar bir az...)

Gedə-gedə qulağım çalır bu sözləri:

- Eeeee, a bala, mən cavan vaxtı o qədər dərz daşımışam ki...

“Dərz” sözünü bilmədim mənim qulağım düz eşitmədi, ya anam sözün yanılmağa başlayıb: “z” yerinə “d” eşitdim elə bil...

Və iki gün sonra poliklinikaya gedib sənədi təqdim etdim. Üzünü qara tüklər basmış, mənim qaşlarımdan da qalın qaşları olan onkoloq-həkim (Brejnyevdi, mənəm, bir də bu qadınmış – qaşlarımız qəzil siçim yoğunluğundadır), sənədləri bir tərəfə atıb nə isə yazmağa başladı. Bir az gözləyib axırı dözmədim:

- Ay xanım, mənim dərdim onsuz da böyükdür. Siz də üstünə qoymayın, nə olar? Bunu həll edin, mən gedib morfi alım aptekdən...

- Mənə nə var e, dərdin böyükdür!? Allah dərd verib, get, çək də!.. Mən dəmir deyiləm e, insanam. Mən neyləməliyəm? Tulapayı maaşa baxan adamam...

Ay səni! Bu vurhavurun içində gör bu nə fikirləşir? Cəhənnəm olsun hər şey...

- Bunu açıq deyin də!.. Nə qədər verməliyəm?

- O biri həkimlərə nə qədər verirsən, mənə də o qədər!..

Bir istədim diktofonun düyməsini basıb bu ifritənin səsin yazam, biabır edəm, amma anamın ağrıdan əyilmiş sifəti gəlib durdu gözümün qabağında. Çıxardıb nə qədərsə pul verdim və lazımı sənədləri alıb çıxdım bayıra...

Qonşumuz tibb texnikumunda oxumuş, amma yarımçıq qoyaraq sevdiyi oğlana qoşulub qaçmışdı. Tibbidən başı çıxırdı. İynə-filan bacarırdı. İlk morfini vurandan beş dəqiqə sonra anamın halı dəyişdi. Mənasını anlamadığımız sözlər danışırdı. Və onların içində “gələndə-görəndə...”, “o səs ki var...”, “o qurbağalar...” kimi ifadələri ancaq mən seçə bilirdim. Anamın artıq bizim yanımızda olmadığını anlayırdım. Hərdən “biya... biyannn... bi-yaaan...” kimi anlaşılmayan səsləri də ancaq mən anlayırdım. Bu BİYAN otu bizim köfşənlərdə bitirdi və deyilənə görə, onun kökü bir çox dərdin əlacıydı. O cümlədən də O ZƏHRİMARIN...

Bilirsiniz ən çox nədən qorxurdum? Gözəl anamın saçının tökülməyindən, bir də arıqlayıb çöpə dönəcəyindən... Üzüm allahdaydı ki, anam tez ölsün, o dediyim şəkillərə düşməsin... Yox, o “ölsünü” heylə almaz-salmaz demədim ki... Ayrı cür dedim. Yanı ki, bax belə: ”Ay allah, nə olar, bacımın o gur saçları tökülməsin. Bacımın bədəni əriyib-çürüməsin... Səni and verirəm böyüklüyünə, bunu mənə yaşatma, yoxsa mən yaşaya bilmərəm... anamla birgə ölüb getmək xoşdur, amma bu külfəti Bakı yerində kimin umuduna qoyub gedərəm? Dörd qızın birini köçürüb ev eləməmişəm, oğlum hələ birinci kursda oxuyur... bunlara kim yiyə duracaq?”

Anam halbahal olurdu. Hərdən elə yaxşı olurdu ki, deyirdin, bunun heç zadı yoxdur. Yeyirdi, içirdi, hətta danışıb gülürdü də. Mən isə o anlarda da özümü ələ ala bilmirdim. Qaçıb hamama girir, suyu açıb hönkürürdüm...

Anamın sevdiyi meyvələr vardı. Yayda gilənarı, ayı gilasını, sarı əriyi, payıza doğru armudu, almanı və üzümü sevərdi. Çayı meyvəylə içərdi. Üzümlə çay içməyi kef idi.

Mən neçə vaxt idi hər meyvədən alsam da, anam gözünün ucu ilə də baxmır, heç nə istəmirdi. Mən isə səsim titrəyə-titrəyə meyvə soyur, yalvarırdım ki, yesin.

- Maa xirniy al... pırnıx yox ha, xirnik... o ağız büzüşdürənin yetişmişinnən... lalıxlıyır ha, bax onnan... Elə o birisinnən də al, uşaxlar da yesin...

(Biz xirnik – xurmaya deyərik, pırnıx da karolyoka. İndi anam bunu istəyəndə sevindiyimnən bilmədim ki, nə edəm. Tez geyinib bazara getdim.)

Xirnik və pırnıx alıb gəlmişdim ki, gördüm içəridə səs-küydür. Özümü atdım içəri. Qonşu şprisi təzəcə anamın qoluna taxmışdı. Yoldaşım yaşlı gözlərini dolandırıb ağlamsındı: “Sən o yana, halı pisləşdi...”

Aldıqlarım da əlimdə divara söykəli qaldım. Və iynə vurulandan sonra anam dirçələn kimi oldu. Başını qaldırıb şəhadət barmağını mənə tuşladı:

- Köpəyoğlu! Məni həkimə aparmadın... Dərdimə çara elətdimədin... Nə bilmək olar, bəlkə üç-beş il yaşardım...

Sonra boynu düşdü. Gözləri yumuldu. Divara söykəli hönkürdüm. Qırmızı xurmalar döşəməyə tökülüb mənim ruhum kimi dağıldılar...

Yeni ilə az qalmışdı. Hər il yolka quran uşaqlarım indi buna ürək etmir, mən də bənsitmirdim. Bir gün işdən qayıdanda gördüm ki (işdə də qərar tuta bilmirdim – saat 6-nı gözləmir, yarımçıq çıxıb gəlirdim), yolka qurulub. Təəccüblə arvadıma baxdım. O da acı-acı gülümsündü: “Xalam özü xırda qızla qurub...”

O yolka da mənə bir dərd oldu.

Yanvar ən uzun ay olsa da, onun necə çıxdığını bilmədim.

Fevralda isə anam lap ağırlaşdı. Bir dəfə “ay ana, həkiminə zəng vurmuşdum, dedi, gətir bir baxım anana” dedi, bəlkə bir taksiylə gedək həkimə?.. (Özümə təəccüb etdim: həmişə bacı dediyim – bilirsiniz də, xalamın dili ilə ona bacı demişəm – anama ömrümdə ilk dəfə “ana” dedim. Sevgisindən yarımayan anam tək oğlundan da “yarımadı”: ona doyunca ana deyən də olmadı...)

Sağ əlini güclə qaldırıb zəif-zəif yellədi. “Lazım dəyil. Mənim həkimim də, dərmanım da sənsən... O günkü sözümü yadınnan çıxart... Yəqin o iynə dedirtmidi...”

Sonra soyduğum almadan bir dilim ağzına qoyanda “naziy elə”, dedi, “ona gücüm çatmaz.” Ağlamamaqçün dişimlə dodağımı necə sıxmışamsa qançır oldu sonradan.

O gecəni anamın yorğanını qaldırıb yanına girdim. Etiraz etmədi. Üzümü o zəhrimara yoluxmuş sinəsinə sıxdım. Bir zamanlar süd əmdiyim o ağ maya döş indi odun kimi idi...

Fevralın 23-ü günüydü. Artıq anamın huşu özündə deyildi. Yemir-içmir, danışmırdı.

Onun heşan saçlarını sığallayaraq təəccüblə arvadıma baxdım - “Anamın saçları tökülmədi axı?!” O deyəcəklərimi anladı və ağappaq boğmalı biləklərinə işarə etdi – “Heç əti də tökülmədi.”

“Allah duamı eşitdi... Eşitdi duamı.” Göz yaşlarımı qoluma sildim. Sonra kəsik-kəsik nəfəs alan anama baxıb dedim:

- Bu gün işə getmiyəcəm...

Yoldaşım heç nə demədi...

O gün, fevralın 23-də anam keçindi. O gün ki, həmişə toyuq kəsdirər, plov dəmlərdi: “Kişilərin bayramıdı böyünnəri, mənim də kişim var axı... Oğlum day kişi olub...”

Anam bilirdi ki, oğlunun yaddaşı yoxdur. Ona görə məşhur gün seçmişdi...

18-21 dekabr 2017

# 2928 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #