Elçinin “Baş” romanında ölməzliyə yüksəliş – Əsəd Cahangir yazır

Elçinin “Baş” romanında ölməzliyə yüksəliş – <span style="color:red;">Əsəd Cahangir yazır
22 fevral 2016
# 11:47

"Baş"lanğıc

birinci hissə

Elçinin “Baş” romanında metafizika məsələsi

Xalq yazıçısı Elçinin son romanında ilk diqqəti çəkən əsərin qulağa qəribə gələn adıdır - "Baş": bu adda nəsə bir sərtlik, amansızlıq, yerə-göyə meydan oxuyan təkəbbür, birbaşalıq var; üstəlik də çox qısadır, elə bil, ya bəmdən qəfil zilə qalxır, ya da zildən qəfil bəmə düşürsən; və nəhayət, bədiilikdən daha çox nəsə anatomik bir təəssürat oyadır. Amma elə ki, “Baş”ı başa vurursan, tam əksini düşünürsən: "Romana bundan yaxşı ad tapmaq çətin ki mümkün olsun."

“Baş”ın fabulasında gürcü mənşəli rus generalı Sisianovun Bakının qoşa qala qapıları önündə öldürülməsi, sonra başının kəsilib İran şahı Fətəliyə ərməğan göndərilməsi ilə bağlı məşhur tarixi olay durur və bütün əsər boyu kəlləsi alınmış müxtəlif şəxslərdən söz gedir - Vilyam Mons, Mariya Hamilton, Danton, Molla Pənah Vaqif, Yemelyan Puqaçov və sair və ilaxır. Milli tariximizin minlərlə olayı içindən məhz Sisianov olayının seçilməsi də, yəqin ki, kəsik baş məsələsi ilə bağlıdır.

Yazıçının bu obraza müraciəti bir neçə minillik frenoloji ənənəyə söykənir. Orfeyin öncəgörənlik edən kəsik başından "Kəsik kəllənin nağılı" adlı xalq nağılımıza, simvolistlər və neoromantiklərin poeziyasından "Hamlet" (Şekspir), "Ruslan və Lyudmila" (Puşkin), "Professor Douelin başı" (A.Belyayev) və "Kəsilmiş baş"a (A.Merdok) qədər bu obrazın zahirən bir-birinə zidd iki rəmzi mənası olub: ölüm; ölməzlik.

İnsan öz ölməzliyini ölüm hesabına dərk edir. Kəsik başın simvolikası bu üzdən ikiüzlüdür. Buna görə hökmdarlar düşmənlərin qafa tasından düzəldilmiş piyalədən şərab içməklə dirilik suyu içdiklərini zənn edirdilər.

Kəsik başın üçüncü rəmzi mənası bu iki zidd məqamı bir araya gətirir: ölümlü və ölümsüz dünya arasında əlaqələndiricilik, mediumluq, qeybdən xəbər vermək, öncəgörənlik.

Bu rəmzi mənalar Elçinin romanının məzmunuyla da təsdiqlənir. Rusiyanın dünya fütuhatı ideyası ilə alışıb-yanan general Sisianov ömrün mənası, dünyanın faniliyi, ruhun ölməzliyi və Allahın varlığı barədə həqiqəti yalnız başı kəsiləndən - ruhi-metafizik aləmə keçəndən dərk edir.

Ad məsələsi üzərində belə geniş dayanmağımız təsadüfi deyil:

- postmodernizmə görə, ad işarələdiyi şeylə heç bir daxili bağlılığı olmayan şərti semiotik vahiddən başqa bir şey deyil - "Qızılgülün adını dəyişsən, onun ətri dəyişməz" (Şekspir). "Qızılgülün adı"nın müəllifi, postmodernizmin xaç atası da bu fikri dolayısı ilə təsdiq edir: "Ad dolaşdırmalıdır, nizama salmalı deyil". (U.Eko, "Kənar qeydlər")

- tradisional düşüncəyə görə isə ad işarələdiyi əşyanın canı, yəni mahiyyətidir, divin canı şüşədə olduğu kimi, əşyanın da canı sözdədir: "Can sözdür əgər bilirsə insan, sözdür ki, deyirlər özgədir can" (Füzuli). Çünki söz hər şeyə öz canından can verib. O, Yaradandır: "Başlanğıcda söz var idi, söz Allahda idi və söz Allah idi" (Yəhyanın "İncil"i).

Elçinin romanında adlandırma mahiyyəti ifadə edir, çünki o, postmodernist yox, tradisionalist roman, ölüm yox, dirilmə haqda əsər yazıb, başqa sözlə, Şekspirdən Füzuliyə, qərbdən şərqə qayıdıb.

Burda iki nüansa fikir verək:

- nə qədər qəribə səslənsə də, biz tradisionalizm terminini yenilik anlamında işlədirik, çünki tradisiya tam unudulub, yenidən xatırlananda artıq yenilik kimi təzahür edir; Elçinin son romanında da bədii nəsr təfəkkürümüzün, demək olar ki, tam unutduğu məsələdən söz gedir;

- digər tərəfdən, biz "şərq" deyəndə dünyanın adətən üz-üzə qoyulan iki coğrafi cəhətindən birini yox, tarixən şərqi də, qərbi də özündə birləşdirən vahid mənəvi məkanı nəzərdə tuturuq; İntibah dövründən sonra qərb o mənəvi məkandan uzaqlaşıb, şərq isə ona sadiq qalıb; bu üzdən şərqə qayıdışdan danışmaq ərazi yox, tarixə, məkan yox, zamana qayıdışdan söz açmaq deməkdir.

"Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü"ndən sonra “Baş” Elçinin dördüncü romanıdır, amma məsələ sayda yox, son romanın öncəkilərlə daxili-tipoloji bağlılığında, yəni bu əsərlərin kəmiyyət yox, keyfiyyət əlaqəsindədir.

Birinci roman - "Mahmud və Məryəm" irfani (ilahi) eqşin gətirdiyi ölməzlikdən, üçüncü roman - "Ölüm hökmü" isə şəxsiyyətə (insana!) pərəstişin törətdiyi ölümdən bəhs edir. Məndən içəridəki "mən" insanı ölməzliyə aparır. "Mahmud və Məryəm" bunu deyir. "Mən"dən çöldəki mən (eqo) insana ölüm gətirir. "Ölüm hökmü" isə bundan danışır.

Fikrin yönəlmə ünvanları da bu əsərlərin daşıdığı başlıca ideya yükünə uyğundur. "Mahmud və Məryəm"də bu ünvan göylər səltənəti (metafizik aləm), "Ölüm hökmü"ndə yeraltı dünyadır (qəbiristanlıq) və onlar bir-birini diametral surətdə inkar edir. Ona görə bu dördlükdə "Mahmud və Məryəm"in tərs-müqabili - assendenti məhz "Ölüm hökmü"dür. Dante semiotik sistemi üzrə desək, bunlardan birincisi cənnət, ikincisi isə cəhənnəmi işarələyir.

Bu sistemdə ikinci ("Ağ dəvə") və dördüncü ("Baş") romanlar keçid xarakterlidir. "Ağ dəvə" ölməzlikdən ölümə, "Baş" isə ölümdən ölməzliyə keçidi əks etdirir. Təsadüfi deyil ki, "Ağ dəvə" romanının mahiyyətini özündə daşıyan əsas obraz (Ağ dəvə) ölümü simvolizə edir. Başqa sözlə desək, "Ağ dəvə" bu sistemdə cənnətdən cəhənnəmə, "Baş" isə cəhənnəmdən cənnətə keçidi göstərir. Odur ki, bu dördlükdə "Ağ dəvə"nin assendenti məhz "Başdır".

Qısa strukturoloji araşdırmamızı belə yekunlaşdıra bilərik:

"Mahmud və Məryəm" - cənnət;

"Ağ dəvə" – cənnətdən cəhənnəmə, ölməzlikdən ölümə eniş;

"Ölüm hökmü"- cəhənnəm, ölüm;

"Baş" - cəhənnəmdən cənnətə, ölümdən ölməzliyə yüksəliş;

Təkcə Elçin yox, istənilən yazıçının (insanın!) düşüncəsinin konturları ən qabarıq ifadəsini Dantedə tapan bu modelə uyğundur və bunun səbəbi aydındır - insan ölməzlikdən (cənnətdən) gəlib və onun düşüncəsinin hər üç qatında (şüuraltı, şüur, şüurüstü) yenidən ölməzliyə qovuşmaq istəyi var.

Dantedən sonra bu məsələ Miltonu düşündürüb və təsadüfi deyil ki, ingilis şairi öz məşhur poemasını iki hissədən ibarət yazıb: "İtirilmiş cənnət";"Qazanılmış cənnət". Milton modeli üzrə desək, Elçinin dörd romanından ilk ikisi "cənnətin itirilməsi", son ikisi isə "qazanılması" prosesinə uyğun gəlir.

Cəhənnəm-cənnət modeli dini düşüncənin daşıyıcıları olan Dante və Miltonun öz iradələri ilə yaranır. Modern-postmodern dövrün yazıçısı Elçində isə prosesin ən azı ilk yarısı (cəhənnəm) qeyri-iradi, şüuraltı olaraq meydana çıxır. Prosesi bir çevrə kimi təsəvvür etsək, onun ilk yarımçevrəsində yazıçının Vergilisi (bələdçisi) hələ şüuraltıdır.

Növbəti yarımçevrədə proses aydın dərk olunmuş nəzəri təfəkkür qatına keçdiyindən, yazıçı artıq onu sadəcə icra etmir, həm də idarə edir. Onun bələdçisi rolunda şüuraltı yox, indi şüur (hətta ola bilsin ki şüurüstü!) çıxış edir. Bu, məntiqidir. Axı, söhbət başdan gedir. Keçid dövrü axır ki, “baş”a çatıb və d diaqnozu ilə ("Diaqnoz D") dəlixanadan qaçan sovet adamının ("Dəlixanadan dəli qaçıb") ağlı axır ki başına gəlib.

Elçin Qoqol ("Dəlinin qeydləri", "Ölü canlar"), yaxud C.Məmmədquluzadənin ("Ölülər", "Dəli yığıncağı") dəf edə bilmədiyi ölülər-dəlilər mövzusundan keçib, ölülər-dirilər mövzusuna çata bilir. Çünki onu nə Qoqol kimi şüuraltının infernal qatları özünə çəkir, nə də o, C.Məmmədquluzadə kimi neytral zonaya düşür.

Hər iki yazıçı üçün xarakterik olan ruhi-psixoloji maneələri aşmaqda “Baş” müəllifinin əsas istinad nöqtəsi şüurüstü intellektdir. Bu intellektlə təmas hesabına o sadəcə ölülər və dəliləri yox, həm də diriləri yazmaq qərarına gəlir. Diriləri yazmaq isə artıq Qoqol yox, Tolstoyla ("Dirilmə"), C.Məmmədquluzadə yox, İsa Muğanna ilə ("İdeal") analoji düşüncə sahəsinə keçmək - dirilmə zonasına daxil olmaq deməkdir.

Şüurüstü məsələsi ilə bağlı kiçik bir laborator remarkaya lüzum görürük. Hər hansı yazıçı şüurüstünün verdiyi informasiyanı birbaşa öz şəxsi ruhi-psixoloji təcrübə (bədəndənkənar hissiyyat) hesabına da, bu təcrübəni keçirən yazıçı və mistiklərin yaradıcılığından bəhrələnmək yoluyla da əldə edə bilər. Şübhəsiz ki, birinci variant daha yaxşı olardı. Lakin belə bir ruhi-mistik təcrübəyə ya birbaşa, ya da dolayısı ilə bələd müəllifin əsəri kimi "Baş" hər iki halda bədii nəsrimiz üçün yenilikdir və bununla da maraqlıdır.

"Baş"ın müəllifi də daxil olmaqla, kimsə yuxarıdakı fikirlərimizi filoloji fantaziya, struktural sxolastika, hətta metafizik spekulyasiya saya bilər. Bütün əks-fikirlərlə bəri başdan razılaşırıq və bu konuda dartışmaya getmək fikrimiz yoxdur. Çünki yalnız özümüzə agah olan intuitiv (daxili!) həqiqətin mütləqliyinə israr etməyimiz “baş”sızlığımız olardı. Özü də söhbətin "Baş"dan getdiyi bir yerdə.

Elçinin daha iki əsəri - "Şekspir" və "Teleskop" pyesləri də ən ümumi ideya-məzmun yönündən "Baş"la eyni sistemə daxildir. Əgər yazıçı "Şekspir"də sənət bu dünyanın yeganə həqiqətidir qənaətinə gəlirdisə, son romanında Qurbani, Xətayi, Füzuli, Vaqif və digərlərinin poeziyası timsalında sənəti də fani dünyanın komponentləri sırasına daxil edir və beləliklə, əvvəlki fikrinə önəmli bir redaktə edir.

Kosmoloji təfəkkürlə yazılan “Şekspir”dən fərqli olaraq, metafizik (kosmos ötəsi!) düşüncənin məhsulu olan "Teleskop"un qəhrəmanı ruhdur və bu yöndən o, "Baş"a daha yaxındır, çünki "Baş"ın da əsas qəhrəmanı ruhdur. Lakin "Şekspir" və "Baş"da sənətə münasibətdə fərq olduğu kimi, "Teleskop" və "Baş"da da ruha, ümumən metafizika məsələlərinə münasibətdə radikal fərqlər var.

"Teleskop"da bərzəx aləmindən yeri seyr edən və "O dünya, yoxsa bu dünya?" dilemması qarşısında qalan ruh ikiüzlü gerçəkliyin hər iki üzünə münasibətdə postmodern ikibaşlılıqdan doğan açıq-aşkar ironiya sərgiləyir. Saysız-hesabsız mələklər ordusundan tutmuş, İlahi Dəftərxananın (lövhi-məhfuz!) katibləri olan baş mələklərə, hətta Yaradanın özünə qədər heç kim və heç nə bu ironiyadan sığortalanmayıb. Nə üçün? Çünki təkcə pyesin qəhrəmanı yox, müəllifi də hələ metafizik seçimini etməyib.

Amma pyesdəki inkarçılığın şiddəti və miqyası yazıçının belə bir seçimə maksimum yaxınlaşmasından xəbər verir. Çünki pozulmaz bir ilahi qanun var - son həddinə çatan istənilən təzahürün varolma limiti bitir və o özünün əksinə çevrilir. Məsələn:

- İntibah dövründən başlayan insanmərkəzçi düşüncə (antroposentrizm) maarifçilikdə yüksək həddə çatır;

- insan və insani dəyərlərin ön plana çəkilməsi (humanizm) modernizmdə, xüsusən də ekzistensializmdə hər kəsin konkret olaraq özünü mütləqləşdirməsi ilə əvəzlənir - "İnsanların sayı qədər “allah” var! Bir həqiqət var, o da mənəm!" İnsanın özünü dəyər saymasında bu, sadəcə yüksək yox, artıq son hədd, atomar dalan idi!

Əksinə çevrilmə qanunu üzrə özünüinkar başlamalıydı.

- modernizmin ardınca gələn postmodernizm bu üzdən nəinki insan, ümumən hər şeyi inkar edirdi; postmodernizm inamsızlığın son həddi idi; daha inanmamağa kimsə və ya nəsə yoxuydu; indi inamsızlığın (imansızlığın!) inkarı və inamın (imanın!) təsdiqi tələb olunurdu.

Əksinə çevrilmə qanunu üzrə növbəti özünüinkar başlamalıydı.

Tradisional metafizik həqiqətlərin təsdiqinə söykənən "Baş" romanı bu çoxəsrlik əksinə çevrilmələrin ən son dalğasında yaranıb. Romanın psixoloji əsasında əksinə çevrilmə qanunu durur. Bu üzdən romanda "Teleskop" üçün səciyyəvi olan postmodernist ikibaşlılıqdan, metafizik gerçəkliyin varlığına skeptik münasibət və sətiraltı ironiyadan əsər-əlamət yoxdur. Çünki "Teleskop"un dilemma qarşısında qalan müəllifindən fərqli, "Baş"ın müəllifi artıq öz metafizik seçimini edib. Roman öz mahiyyəti etibarilə bu seçimdən doğan qənaətləri ifadə edir.

Müəllif bu romanda yeni düşüncə müstəvisinə - rasional Arsitotel məntiqindən irrasional Platon məntiqinə keçir. Burda Nizaminin “İskəndərnamə”sində Platon və Aristotelin yarışı ilə bağlı remarkaya ehtiyac olacaq. Aleksandr Makedonskinin münsiflik etdiyi bu yarışda Aristotel eksperiment predmeti kimi seçilən adamı tütək çalmaqla ancaq öldürə bilir, Platon isə öz tütəyi ilə onu dirildir və qalib gəlir.

Aristotelin rasional məntiqi ancaq ölümə qədər gedir, Platon isə öz irrasional idrakı ilə ölməzliyə (metafizik qata!) keçir. Əsas məsələ (Maqnum Opus!) isə insanın öz ölməzliyini dərk etməsidir. Nizami tütək haqq-hesabı ilə bunu deyir.

Nizami modelini Elçinin romanlarına tətbiq etsək, "Ölüm hökmü” yazıçının düşüncəsindəki aristotelizmə verilən hökm, "Baş" isə artıq platonizmə keçiddir. Aleksandr Makedonskidən roman yazan Nizamidən səkkiz əsr sonra rus imperatoru I Aleksandrdan roman yazan Elçin də Aristotelin tütəyini qoltuğuna verir. Çünki o artıq rasional Aristotel məntiqi ilə yox, irrasional Platon məntiqi ilə düşünür. İndi onun gerçəkliyə münasibəti Platonda olduğu kimi konseptualdır, yəni o təkcə ölümün bəri yox, o biri üzünü də gerçək sayır.

Buna görə son romanında yazıçının istər ölməz, transsendent ruha, istərsə də ümumən metafizik gerçəkliyə münasibəti birmənalı olaraq təsdiqedicidir.

Bu fakt yazıçını son iyirmi beş illik yaradıcılığında özünü bəzən ünsür, bəzən isə sistem şəklində büruzə verən ("Teleskop"da olduğu kimi) postmodernist düşüncə və üslubla vidalaşmasından xəbər verir. Çünki postmodernizm heç bir əbədi gerçəkliyi, heç bir metafizik nizamı (nizamiliyi!) qəbul etmir.

Beləliklə, Elçinin son romanı sadəcə "Baş" yox, həm də "baş"lanğıcdır. Roman öz müəllifinin yaradıcılığında yeni, daha kamil bir dönəmin “baş”lanmasından xəbər verir. Terminoloji tələskənliyə yol vermək ehtimalını da göz önünə almaqla, bu mərhələni metafizik realizm adlandırmağı təklif edirik. Bir daha diqqət edək - METAFİZİK REALİZM!

Adından da göründüyü kimi, bu meyl ənənəvi realizmə metafizik qatın əlavəsilə şərtlənən yaradıcılıq metodudur. Rus ədəbiyyatında bu metodun tanınmış nümayəndəsi və nəzəriyyəçisi olan Yuri Mamleyev özünün "Varlığın taleyi" əsərində yazır: "...metafizik realizm metafizik səviyyəni, ruhi axtarışları, insan qəlbi və kainatın gizli sirlərini və sairi özündə birləşdirən ənənəvi realizmdir".

Amma metafizik realizm məsələsində Mamleyevə istinad rus yazıçısı ilə Elçin arasında metodoloji bərabərlik işarəsi qoymaq kimi anlaşılmamalıdır. Öncə məsələnin təkcə bu iki yazıçı yox, istənilən yazıçıya aid olan ümumi yönlərindən başlayaq:

- eyni metodla yazan və metodoloji yöndən tam üst-üstə düşən iki yazıçı təsəvvür etmək çətindir. İstedad həmişə fərdidir və heç bir nəzəri çərçivəyə sözün tam mənasında sığmır; hər hansı bir yazıçının müəyyən metodoloji düşərgəyə aid edilməsi onun özünəxas cəhətləri üzündən həmişə qaçılmaz şərtliklərlə bağlı olur;

- adi gerçəklikdən fərqli olaraq metafizik reallıq hər kəsə fərdi qaydada açılır, hər kəs onu dünyada yalnız özünə məxsus olan formada görür və göstərir; çünki metafizika daxili gözlə görülür və heç kəs başqasının daxilinə girib varlığa ordan baxa bilməz; metafizikanın hamını və hər şeyi özündə birləşdirən həqiqət nöqtəsinə (vadiyi-vəhdət) isə çox az adam gedib çatır; bizcə, Mamleyev bu yolun təriqət, Elçin isə mərifət mərhələsindədir.

Bizim üçün daha maraqlı olan Elçindən söz gedəndə mərifət məqamı göydəndüşmə bir yarlıq olmayıb, dəqiq göstəriciyə malikdir. Klassik təsəvvüfə görə, insan bədən və ruh da daxil olmaqla iç-içə yerləşən yeddi candan ibarətdir. Mərifət bu canların bir-birindən ayrılması ilə başlayır və ruhun bədəndən ayrılması ilə başa çatır. Elə ki, ruh bədəndən ayrılır, insan özünü bədən yox, ruh kimi dərk edir və onun dünyagörüşündə radikal dəyişiklik başlayır - o hər şeyə Alahın bir zərrəsi olan ruhun gözüylə baxır, bununla da aprior ilahi bilgi, yəni əzəli mərifət (qnozis) sahibi olur.

Bu anlamda ruhu bədənindən ayrılan və özünü ruh kimi dərk edən əsas qəhrəmanın düşüncələrindən ibarət “Baş” romanı postmodern ötəsi mərifətnamə, onun müəllifi isə mərifət sahibidir. Amma romanın klassik təsəvvüfdən bir fərqi var. Sufilər bu mərifətə ölməmişdən öncə, romanın qəhrəmanı isə öldükdən sonra çatır.

Bütün bunlar hər hansı iki yazıçı arasında sözün tam mənasında metodoloji qeyri-bərabərlik məsələsinin ən genəl yönləridir. Amma məsələnin bilavasitə Mamleyev və Elçinlə bağlı özəl yönləri də var.

Rus yazıçısının romanlarında (“Moskva qambiti”, “Özgə”, “Rusiya ilə təkbətək”, “Ruhun imperiyası”, “Dünya və qəhqəhə”, “Dəhşətin qanadları”, “Kainat tarixi”, “Sondan sonra” və s.) qatı metafizika adi gerçəkliklə əriş-arğac kimi iç-içədir və onları bir-birindən ayırmaq mümkünsüzdür.

Elçinin romanında isə dumanlı metafizik eyhamlar, güclə sezilən metafizik işarələrin adi gerçəkliyə zərif müdaxiləsindən danışmaq olar. Burda metafizik gerçəklik və adi gerçəklik ikimərtəbəli evin ayrı-ayrı qatlarıdır - birinci qat adi, ikinci qat metafizik gerçəklikdir. Sadəcə, hansısa gözəgörünməz çatların hesabına ikinci qatdan birinci qata nələrsə sızır.

Yuxarıdakı fərqə uyğun olaraq, Mamleyevin qəhrəmanları bütün qeyri-adilikləri, qəribəlikləri ilə birlikdə real şəxslər, Elçinin baş qəhrəmanı isə xalis metafizik subyekt, transsendent mən, yəni ruhdur.


Y.Mamleyevin romanları üçün xarakterik olan aqressiv psixoloji iqlim, psixopat qəhrəmanlar, ölümün empirik dərki naminə törədilən eksperimental qətllər, zorlanma və intiharlar, bir sözlə, infernalizm (“çernuxa”) elementləri Elçinin romanında ya ümumən yoxdur, ya da önəmli dərəcədə yumşalıb.

Hər şeyin (eləcə də insanın!) göründüyündən daha böyük anlam daşımasına dair magik-metafizik duyum bu yazıçıların hər ikisinə xasdır, bir fərqlə ki, Mamleyev daha çox qara, Elçin isə daha çox ağ maqdır.

Bəs, metafizik problematikadan söz gedəndə, çağdaş Azərbaycan nəsrində durum necədir? Əgər şüuraltı yox, yazıçı tərəfindən aydın dərk olunan metafizikadan danışsaq, xeyli tərəddüd etməli olacağıq. Halbuki, Azərbaycan Nizami, Nəsimi, Xətai, Füzuli, Cavid kimi metafizik dühalar yetirən klassik şərq ölkəsidir. Şərqdə isə metafizikaya sədaqət qərblə müqayisədə qat-qat güclü olub və indi də elədir. Qərb-xristian metafizikası da öz mənşəyi etibarilə qərb yox, şərq hadisəsidir - Həzrəti İsa qərbdə yox, şərqdə doğulmuş və fəaliyyət göstərmişdi. Bəs, onda bədii nəsrimiz metafizik mövzular baxımından niyə xüsusi parlaqlığı ilə seçilmir?

Bunun çoxlu səbəbləri sırasında ikisini daha önəmli sayırıq:

- qərb fəlsəfəsində Dekartın deizmi, Spinozanın panteizmi, Feyerbaxın ateizmi, Marksın materializmi, Kontun pozitivizmindən tutmuş Haydeggerin ekzistensializminə qədər əsrdən-əsrə güclənən antimetafizik meyl ötən yüzildə dünya insanının düşüncəsində şəriksiz avtoritetə çevrilmişdi; bu, problemin fəlsəfi əsası idi.

- qatı antimetafizik ideologiyaya malik sovet rejimi (xüsusən də Stalin dönəmində!) əbədiyyətin qapısını ədəbiyyatın üzünə bərk-bərk bağlamışdı; bu isə problemin siyasi-ideoloji əsası idi.

Əslində, bu amillərdən ikincisi birincinin qanuni və məntiqi davamı (Marks-Engels-Lenin-Stalin!) idi və problemin bir əsası vardı - Yeni Dövrdən üzü bəri getdikcə daha çox maddiləşən insan düşüncəsinin hər cür metafizik-ruhani başlanğıcdan uzaq düşməsi.

Bununla belə, 60-cı illərdən sonra yaranan bədii nəsr örnəklərimizdə metafizika özünün istər infraqırmızı (Y.Səmədoğlu, M.Süleymanlı, A.Məsud), istərsə də ultrabənövşəyi (İ.Muğanna) layı ilə mövcud idi. Lakin bu yazıçıların əsərlərindəki metafizikanın hökmən ya kosmoloji (İ.Muğanna), ya mifoloji (Y.Səmədoğlu), ya psixoloji (M.Süleymanlı, A.Məsud) aşqarı var. Çünki onların əksərinin əsərlərindəki metafizik duyum şüuraltı faktı kimi meydana çıxır. Muğannanın bilavasitə şüurüstünün diktəsilə yazılan "İdeal"ı bu yöndən bir istisna olsa da, yazıçının metafizika anlayışı sonucda kosmosla eyniləşir. Metafizika isə kosmik yox, metakosmik (kosmos ötəsi)"ərazi"dir.

90-cılardan H.Herisçinin "Solaxay" romanına gəlincə, əsərdə metafizik ərazinin təsvirindən daha çox, sirr aləminə çıxış metodundan (insanın indiyədək latent qalmış sol tərəf imkanlarının aktivləşdirilməsi - ambideksteriya) söz gedir.

Bütün bunlar "Baş" romanını milli bədii nəsr düşüncəmizdə xalis, kristal metafizikanın təsvir olunduğu ilk əsər kimi dəyərləndirməyə əsas verir.

Eyni təsnifatı yuxarıda adı keçən yazıçıların insana münasibəti baxımından da aparmaq olar. Onlar ya mifik (Y.Səmədoğlu), ya psixoloji (M.Süleymanlı, A.Məsud), yada kosmik (İ.Muğanna) insandan danışıblar. "Baş" metafizik adamdan söz açır. H.Herisçinin tibbi-eksperimental yolla qeybdən informasiya alan ambidekster qəhrəmanı ümumən insan yox, post insandır.

Altmışıncı illərdən öncəki sosrealist nəsrin qəhrəmanının isə bu təsnifata dəxli azdır. Tipik sovet nəsrinin qəhrəmanına hətta homo sapiens də (ağıllı adam) demək çətindir, çünki totalitar kommunizm ideyasının köləsi olan bu adamda məhz fərdi ağıl çatmırdı. Çüzi istisnaları çıxmaqla, Stalin dönəminin nəsr qəhrəmanı polad çəkicini burjuaziyanın başına vuran fəhlə, yaxud orağını o çəkicə söykək verən kəndli də, oraq-çəkic tandeminin təşkilatçısı olan inqilabçı, yaxud bu tandemə mədhiyyələr düzüb-qoşan şair də ola bilərdi, amma mifoloji özümüz-özgələri modeli (binarlıq!) üzrə yaradılan bu sxematik məxluq istənilən halda canlı insan deyildi.

Əslində, homo metafizikus da insan deyil, lakin o, normal insanın (homo sapiensin!) düşüncə hüdudlarını ondan yuxarı qalxmaqla aşır. Halbuki tipik sosrealist nəsrin qərhəmanı bu hüduddan sadəcə aşağı düşürdü. Klassik şərq kəlamçılarının dili ilə desək, insanlığı iki cür aşmaq olar - ya mələk, ya da heyvan olmaqla. Sosrealist qəhrəman ikincilərdən idi. Təsadüfi deyil ki, C.Oruel totalitar sovet rejimini ifşa edən iki məşhur antiutopik əsərindən birini "Heyvanxana" adlandırır, ikincisində ("1984") isə kommunist inancını nəzərdə tutaraq, "İnanclı adama ağıl lazım deyil" deyə ironiya edirdi.

Sual oluna bilər ki, axı, metafizik qata çıxmağın əsərin bədii-estetik dəyərləndirilməsinə nə dəxli var? Bu, doğrudanmı, bədii mətnin analizində həlledici meyardır:

- metafizika anlayışı üzərində israr etməyimiz (metaisrarımız!), bütün yazı boyu dünya və milli ədəbiyyat tarixinə ekskurslarımızda bu anlayışı etalon kimi götürməyimiz hər şeydən öncə "Baş" romanının özünün məzmunundan doğur; biz, sadəcə, faktı analitik registrasiyadan keçiririk; bu, metafizika anlayışına ardıcıl müraciətimizin konkret tərəfidir;

- digər tərəfdən, ədəbiyyat sadəcə söz oyunu deyil, zamanın qarşıya çıxardığı dürlü suallara bədii cavab cəhdidir; zamanın doğurduğu bütün sualların fundamental cavabı isə məhz zamansız metafizik “baş”lanğıcdadır; insanın ən böyük problemi odur ki, gerçəkliyin metafizik əsaslarına inamını itirib və heç cür başa düşmək istəmir ki, metafizikaya keçid problemlərin ən dərin əsaslarına getmək, tikanı kökündən çıxarmaq deməkdir; bu problemin ümumi (qnoseoloji) tərəfidir.

- nəhayət, çoxqatlı, çoxrəngli varlığın vahid metafizik əsasına yaxınlaşmaqla biz onun ana dilini öyrənir və onunla dil tapırıq; metafizik dil vahiddir; bu gün dünya ədəbi prosesindən təcrid olunmağımızın “baş”lıca səbəbi metafizik dili unutmağımızdır; dünya ədəbi prosesinə qoşulmağımızın ilk baxışdan görünməyən yolu metafizik təfəkkürdən keçir; bu isə problemin ümumi (komparativist) tərəfidir.

Odur ki, Elçinin metafizik əsaslara "baş" vuran romanını istər öz müəllifinin yaradıcılığı, istərsə də ümumən bədii nəsr düşüncəmizdə ikinci nəfəsin açılması kimi dəyərləndirmək olar. Metafizik Amerika artıq açılıb, yeni ərazi kəşf olunub. Əgər digər yazıçılarımızın bu xam ərazinin dərinliklərinə yetməyə gücü çatsa, milli bədii nəsr düşüncəmizdə yeni (sonsuz!) üfüqlər açılacaq və indiyə qədərki nəsrimiz gələcək ədəbiyyatımızla müqayisədə Lobaçevskinin fəza həndəsəsi müqabilində Evklidin müstəvi həndəsəsi kimi görünəcək.

Amma burda iki ciddi perspektiv təhlükə amili də görürük.

- birincisi, metafizikanın qətl, zorlama, intihar, satanizm və sair kimi qaranlıq məsələlərlə bağlı infernal yönlərinin inkişafı, yəni "Baş"dan monstr düzəltmək, demonologiya, qotika;

- ikincisi, “baş”larını “Baş”a qoşan çoxsaylı epiqonçular tərəfindən metafizik düşüncənin işıqlı tərəflərinə parodiyalar yazılması; bu hələ ilk örnəyini verən metafizik realizmdən yenidən postmodernizmə qayıtmaqdan, bu qayıdış isə bir-birindən uğursuz milli sorokin və limonovlar sırasına onlardan da uğursuz milli pelevinlər əlavə etməkdən başqa bir şey olmayacaq; Vaqif Səmədoğlunun "Mamoy kişinin yuxuları" pyesində mələklərin göydən endirdiyi qoçun başından xaş bişirmək istəyən əyalət alkoqolikləri kimi, onlar da uzaq"baş"ı xaş eləmək istəyəcəklər.

# 3236 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #