Cavanşir Yusifli:”Anarın yanaşması vulqardır”

Cavanşir Yusifli:”Anarın yanaşması vulqardır”
14 noyabr 2012
# 13:30

Anarın Orxan Pamuk haqqındakı yazısı ətrafında müzakirələr davam edir. Bu dəfə müzakirəyə Patrik Züskindin “Əttar” romanının tərcüməçisi Cavanşir Yusifli qoşulur. Xatırladaq ki, Anar “Əttar” romanını güclə oxuyub başa çatdırdığını yazmış, onu geniş vüsətli məcaz adlandırmışdı.

Kulis.az məsələ ilə bağlı tərcüməçi Cavanşir Yusiflinin fikirlərini öyrənib.


Cavanşir Yusifli deyir ki, Anarın “Əttar” romanını qiymətləndirməsinin özü ziddiyyətlidir: ”Əvvəla əsər detektiv deyil. Xüsusən 20-ci əsrin sonlarında yaranan bədii əsər nümunələrini konkret bir janra aid etmək və onun üzərində dayanmaq çox səhv olardı. Züskindin tənqidçiləri, nüfuzlu müəlliflər tərəfindən də dəfələrlə qeyd edildiyi kimi əsərdə janr qarışıqlığı, üslub qarışıqlığı var.

Yəni əsərin poetikasının, estetikasının əsas məziyyətlərindən biri budur. Burda hər hansı bir əsərdə olduğu kimi detektiv elementlər axtarmaq mənə görə yüngül yanaşmadır. Məlumdur ki, hər bir əsərin arxasında nələrsə durur, o özbaşına əmələ gəlmir. Hər bir əsər hansısa bir ideya əsasında, ona qədər ardıcıllıqla, ya xaotik şəkildə düzülmüş mətnlərdən yığıla-yığıla gəlir. “Əttar”da da bu istisna deyil. 19-cu əsrin klassik, romantik nəsrində də bunun nümunələri mövcuddur.

Misal üçün 1813-cü ildə alman yazıçı Albert fon Şamisso “Pyotr Şlemilin qəribə tarixçəsi” əsərini yazıb. “Əttar”ın qəhrəmanı kimi Pyotr Şlemil də bu dünyada yalnızlığını, heç kəs tərəfindən saya sayılmadığını görüb öz kölgəsini şeytana satmaq qərarına gəlir. Orda qəribə metafora var. Dünya ədəbiyyatında da şər obrazının metafora daxilində təsvirinin böyük ənənələri mövcuddur. Şamissonun əsərindəki insan da tənhadır. Onun insani tənhalıqından fərqli olaraq Qrenuy kosmik dərəcədə tənhadır. Ona görə törətdiyi qətl də ağlasığmazdır”.

Cavanşir Yusifli Anarın “Əttar”da ətriyyatçı sənətinin incəliklərindən başqa bir şeyin olmamağı fikrinə də münasibət bildirib:“Anar müəllimin dediyi kimi o təsvirlər 200 səhifə davam eləmir. Bu bir az şişirtmədir. Bir əsərin estetikasını bu şəkildə yozmaq məncə səhv fikirdir. Əsəri oxumayan oxucu elə bilər ki, roman ətirlərin alınması haqqında elmi məqalələr, farmaseptik məlumatlar qarışığıdı”.

Tərcüməçi “Əttar”romanının Den Branun “Da Vinçi kodu” əsəri ilə bir səviyyədə tutulmasını da ədalətsizlik hesab edir: “Əsəri bir nəfərin zövqü ilə ölçmürlər. Bunu oxucular oxuyur, onun arxasında bir dəyər dayanır, onun estetikası, poetika sistemi var. Bunu kiminsə təsadüfi mülahizələri ilə ölçmək düzgün deyil.
Hər bir sənətkar, nasir dövrünün məhsuludur. O, gənc olanda nələri oxuyursa, hansı əsərləri sistematik şəkildə mənimsəyirsə zövqü də o cür formalaşır. Bundan sonra ona nəyisə diktə etmək mümkün olmur. Anarda da Kavabatanın əsərlərinin, estetikasının güclü təsiri var. Həmin əsərləri diqqətlə oxusan görərsən ki, ordaki zen-buddizmdən gələn fikirlər, həqiqətin sistematik şəkildə deyil, birdən-birə insana əyan olması Kavabatadan gəlir. Anarın “Otel otağında”kı əsas ideyalardan biri də budur. Bu plagiat deyil. Bu dünyada yazarların bir ideyanın müəyyən hissəsini kimsə aşkarlayır, özü üçün müəyyənləşdirir, sonrakı nəsillər onu inkişaf etdirirlər.

“Əttar” başdan-başa simvollardan, modellərdən ibarətdir. Züskind dahiyanə ideya ilə 20-ci əsrdə baş verən qlobal dəyişiklikləri göstərir.

“Əttar”da həm realist təsvirlər, həm də realist təsvirlərin parodiyası var. Əsərdə üslubların bir-birinə qarışması, onların bir-birini sürətlə dəyişməsi var. Əsərdə Anarın dediyi kimi sadəcə ətirlər haqqında təfərrüatdan danışılmır.

Əsərdə freydizm fəlsəfəsi də Anarın dediyi kimi verilməyib. Freydizmin təsiri ilə yazılmış əsərlərin çox ciddi nümunələri var. Bu istedadsız adamların sığınacağı deyil. Bu cür yanaşma olduqca vulqar yanaşmadır”.

# 1604 dəfə oxunub

Oxşar xəbərlər

Çox da dərinə getmə! - Vaqif Poeziya Günlərindən qeydlər

Çox da dərinə getmə! - Vaqif Poeziya Günlərindən qeydlər

11:30 20 iyul 2024
"Əkinçi"nin layiqli davamçısı - Şahnaz Şahin

"Əkinçi"nin layiqli davamçısı - Şahnaz Şahin

16:56 19 iyul 2024
Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

17:30 18 iyul 2024
Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

12:00 18 iyul 2024
Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

18:20 17 iyul 2024
"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

16:00 17 iyul 2024
# # #