“Bir qoca ilə bir qarı vardı” – Fazil İskəndərin hekayəsi

“Bir qoca ilə bir qarı vardı” – <span style="color:red;">Fazil İskəndərin hekayəsi
18 iyun 2018
# 11:20

Tanınmış sovet yazıçısı Fazil Abduloviç İsgəndər Abxaziyanın Suxumi şəhərində anadan olub. 1938-ci ildə gələcək yazıçının iranlı atası SSRİ-dən deportasiya olunub və bir daha oğlunu görməyib. Uşağı abxaz olan anasının Çegem kəndində yaşayan qohumları böyüdüb. Əsərlərinin bir çoxunda hadisələr yazıçının uşaqlığının böyük bir hissəsini keçirdiyi məhz bu kənddə cərəyan edir.

F.İsgəndər əsərlərini rus dilində yazıb. Bu barədə özü belə deyir: “Mən, şübhəsiz ki, əsərlərində Abxaziyanı tərənnüm edən rus yazıçısıyam. Təəssüf ki, abxaz dilində heç nə yazmamışam. Mən birmənalı olaraq rus mədəniyyətini seçmişəm”.

Yazıçı ədəbiyyata 1957-ci ildə işıq üzü görən “Dağ cığırları” adlı şeirlər kitabı ilə qədəm qoyub. 1962-ci ildən nəsr əsərləri yazmağa başlayıb. 1966-cı ildə isə çap olunan “Kozlotur bürcü” əsərindən sonra o, yazıçı kimi böyük şöhrət qazanıb.

F.İsgəndərin əsərləri, demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub, əsərlərinin motivləri əsasında filmlər çəkilib.

Bir sıra nüfuzlu ədəbi mükafatların laureatı olan Fazil İsgəndər ötən il iyulun 31-də 88 yaşında dünyasını dəyişib.

Kulis.az yazıçının “Bir qoca ilə bir qarı vardı” hekayəsini təqdim edir.

Çegemdə bir kənd qarısının əri vəfat etdi. Kişi hələ ikinci dünya müharibəsində yaralanıb ayağının yarısını itirmişdi. Elə həmin vaxtdan ta son nəfəsinə kimi o, qoltuq ağacında gəzirdi. Amma əlil olmasına baxmayaraq kişi işləməkdə davam edirdi. Xasiyyətcə də qətiyyən dəyişməmişdi. Müharibəyə qədər necə şən, zarafatcıl, qonaqpərvər idisə, ondan sonra da elə bu cür qalmışdı. Bayram şənlikləri zamanı qurulan içki məclislərində cavanlardan heç də geri qalmırdı. Qonaqlıqdan evə qayıdarkən onun qoltuq ağacları sanki uçurdu. Heç kim kişinin sərxoş və ya ayıq olduğunu ayıra bilmirdi. Çünki istər sərxoş olanda, istərsə də ayıq başla o, həmişə əvvəlki kimi şad və xürrəm görünürdü.

İndi isə qoca dünyasını dəyişmişdi. Mərhumu lazımi qaydada ehtiramla son mənzilə yola saldılar. Dəfn mərasiminə bütün həmkəndliləri, eləcə də qonşu yaşayış məntəqələrinin sakinləri təşrif buyurmuşdular. Bu da təsadüfi deyildi. Çünki qocanın hamının yanında xətir-hörməti vardı. Qəm-qüssəyə batmış qarı da qocasından ötrü yas tutmuşdu.

Dəfndən cəmi dörd gün sonra qarı yuxusunda qocanı gördü. Kişi hansısa dağlara yol gedən cığırda bir ayağı üstə dayanaraq tullanıb atılır, yalvarışla qarısına deyirdi:

- Sən əziz canın, Allah eşqinə mənə qoltuq ağaclarımı göndər. Onlarsız mən heç cür cənnətə gedib çata bilmirəm.

Yuxudan ayılan qarının qocasına yazıqlığı gəldi. Ağlından yüz cür fikir keçirdi. Axı, nədən belə yuxu görür? Bir də ki, qoltuq ağaclarını nə təhər, hansı yolla qocaya göndərmək olar?

Növbəti gecə də qarı eynən əvvəlki gecədəki yuxunu gördü. Qoca yenə də ondan qoltuq ağaclarını göndərməyi xahiş edirdi. Çünki onlarsız o, heç vəchlə cənnətə gedə bilmirdi.

– Ay Allah, mən qoltuq ağaclarını ona necə göndərim axı?-, deyə yuxudan ayılan qarı fikirləşirdi. Nə qədər daşınıb-düşünməsinə baxmayaraq o, heç bir çıxış yolu tapa bilmirdi. – Əgər bir daha yuxuma girib, qoltuq ağaclarını istəsə, bu işin öhdəsindən necə gəlməyin yolunu onun özündən xəbər alaram, - deyə qarı düşündü.

Bundan sonra qoca demək olar ki, hər gecə qarının yuxusuna girib, qoltuq ağaclarını ona göndərməyi xahiş edirdi. Amma tərslikdən qarı yuxuda özünü itirdiyindən qocadan söz soruşmağa macal tapa bilmirdi. Nəticədə yuxu dağılıb gedirdi. Bir gecə axır ki, özünü ələ alan qarı qocasına ağız açmağa belə imkan vermədən soruşdu:

- De görüm, qoltuq ağaclarını sənə necə çatdırım?

- Kəndimizdə birinci ölən şəxslə! - deyə qoca cavabında qətiyyətlə bildirdi. Sonra da bir ayağı üstə atılıb-düşərək elə cığırın üstündəcə yerini rahatladı. Kişisinin vəziyyəti qarını elə təsirləndirdi ki, hətta yuxuda ikən gözləri yaşardı.

Amma qarı elə ki, yuxudan oyandı, əhval-ruhiyyəsi şənləndi. İndi o, nə etməyin yolunu bilirdi.

Çegemin ətraf ərazisində daha bir qoca yaşayırdı. Bu qoca hələ qarının ərinin sağlığında ikən onunla dostluq edirdi. Kişilər tez-tez bir yerdə oturub söhbətləşər, çox hallarda hətta yeyib-içərdilər.

- Sən içməyin təhərini yaxşı bilirsən, - deyə bu qoca qarının qocasına deyərdi. – Nə qədər içsən belə yenə öz ayıq qoltuq ağaclarına söykənib vəziyyətdən çıxırsan. Vay mənim halıma! Çaxır ayaqlarımdan vurub məni yerə yıxır.

Qocalar hər dəfə beləcə oturub zarafatlaşar, bir-birinə məzəli, duzlu əhvalatlardan söz açardılar. İndi isə bu qoca da ağır xəstə idi, həmkəndliləri oturub onun nə vaxt öləcəyini gözləyirdilər.

Qarı qocanın yanına gedib onunla sövdələşmək qərarına gəldi. Məqsədi qoca öləndən sonra ərinin də qoltuq ağaclarını onun tabutuna qoymağa razılığını almaq, o biri dünyada köhnə dostlar bir-birilə rastlaşdıqları təqdirdə qoltuq ağaclarını ona çatdırmaqdan ibarət idi.

Səhər vaxtı o, fikrini evdəkilərlə də bölüşdü. Evdə qarı ilə birlikdə oğlu, gəlini və həddi-büluğa çatmış nəvəsi yaşayırdı. Elə ki, o, ürəyinin dərin guşəsində gizlənmiş sirri onlara açdı, hamı şaqqanaq çəkib güldü. Qarının savadlı, onuncu sinfi yenicə bitirmiş nəvəsinin şaqraq qəhqəhəsi isə bəlkə də bütün kəndi başına götürmüşdü. Əslində gəlin də, baxmayaraq ki, onuncu sinfi bitirməmişdi, oğlundan geri qalmırdı. Zalım qızı uca səslə elə şaqqanaq çəkirdi ki, hətta evin divarları tərpənirdi.

Gülüşünə bir qədər ara verən gəlin dedi:

- Axı, yaxşı çıxmır, sağ-salamat adama necə deyəsən ki, gəl indi mütləq öl, mən də öz qocamın qoltuq ağaclarını sənin tabutuna qoyum.

Qarı bir qədər fikirləşərək cavab verdi:

- Mən ki, ondan elə bu saat ölməyini xahiş etməyəcəyəm. Haçan vaxtı çatar, qoy elə o zaman da ölsün. Təki qoltuq ağaclarını özü ilə götürməyə razılıq versin.

Evdəkilər nə qədər qarını dilə-dişə tutub, qərarından əl çəkməyə cəhd etsələr də, bunun heç bir faydası olmadı.

Elə həmin gün qarı içi dolu zənbillə qocanın evinə gəldi. Qoca yuxarı otaqda çarpayıda uzanmışdı, ağır nəfəs almasına baxmayaraq elə hey gildən qayrılmış çubuğunu sümürürdü.

Onlar bir az oradan-buradan danışıb, həyat məsələrindən, dolanışıqdan, gün-güzərandan söz açdılar. Qarı isə utancaqlıqdan xahişini heç cür qocaya çatdırmağa söz tapa bilmirdi. Bir də axı, onların ətrafında qocanın gəlini ilə yanaşı, daha bir neçə yaxın adamları əyləşmişdi. Xoşbəxtlikdən xəstə qoca qarıya xahişini dilə gətirməkdə özü köməkçi oldu. Kişi qarının əri barəsində xoş sözlər söylədi, onun mehriban yoldaş, sədaqətli dost olduğunu xatırlatdı. Bütün bunlardan sonra o, ah çəkərək, əlavə etdi:

- Görünür ki, mən də tezliklə ora gedib ərinlə görüşəcəyəm.

Bu sözlərdən sonra qarı sanki cana gəldi.

- Yeri gəlmişkən bildirim ki, - deyə o, yuxusunda gördüklərini, ərinin qoltuq ağaclarını kənddə birinci olən şəxslə ona göndərmək barədə xahişini qocaya danışmağa başladı.

- Yox, yox, əstəğfürüllah, mən səni əsla tələsdirmirəm, - deyə qarı əlavə etdi. Şayət bu baş tutacaqsa, onda icazə ver qoy qoltuq ağaclarını sənin tabutuna qoysunlar. Çünki onlarsız mənim qocam cənnətə gedə bilmir.

Dişlərində çubuq tutmuş və ölməyə hazırlaşan bu qoca acıdil olmaqla bərabər, həm də çox qonaqpərvər idi. Amma özü ilə tabutunda özgənin qoltuq ağaclarını daşımaq ona çox ağır gəlirdi. Bəlkə də qoca utanırdı, ya da qorxurdu ki, öləndən sonra camaat onun adına min cür şəbədə qoşa bilər. Deyərlər ki, əlil olduğundan özü ilə qəbrə qoltuq ağacları götürür. Amma birdən-birə qarının xahişini rədd etməyə də cürət etmirdi. Qorxurdu ki, qəlbi sına bilər. Elə buna görə də o, qarı ilə siyasi söhbətlər etməyə qərar verdi.

-Axı, bolşeviklər cənnətə gedən yolu bağlayıblar. Bəyəm xəbərin yoxdur? - deyə qoca qarıdan yaxasını çəkməyə cəhd etdi.

Amma qarı da az aşın duzu deyildi. O, daha tədbirli və bacarıqlı idi. Bu qoca ilə ərinin qoltuq ağaclarını ona göndərmək istəyindən heç cür əl çəkmək istəmirdi.

- Yox, əşi, bu, heç də sən düşünən kimi deyil, - deyə qarı ciddi-cəhdlə qocanı inandırmağa çalışdı. – Bolşeviklər cənnətə gedən yolu necə bağlaya bilərlər? Buna onların heç cürəti də çatmaz. Çünki Lenini Mavzoleydə saxlayıblar. Hər kəsə qismət olmayan şərəfdir.

Belədə qoca qarıdan zarafatyana yaxasını qurtarmağa səy göstərdi.

- Eh, sən də söz danışdın ha! Yaxşısı gəl mənim tabutuma əla keyfiyyətli çəçə arağından qoy. Biz orda sənin qocanla görüşəndə içib əylənərik.

- Sən zarafat edirsən, - deyə qarı dərindən ah çəkdi. – O, isə yol gözləyir və hər gecə məndən qoltuq ağaclarını göndərməyi xahiş edir.

Qoca başa düşdü ki, yaxasını bu qarıdan heç də asanlıqla çəkə bilməz. Əslində isə onun ölmək fikri yox idi və özü ilə tabutunda kiminsə qoltuq ağacının qoyulmasını istəmirdi.

- Bilirsən, mən onsuz da sənin ərinə heç cür çata bilmərəm,- deyə qoca düşünə-düşünə ürəyindəkilərini ipə-sapa düzməyə başladı. – O, artıq bir aydır ki, vəfat edib. Əgər məni hətta onun durub gözlədiyi cığıra tərəf də göndərsələr, bundan fayda aşmaz. Çünki mənim günahlarım çoxdur...

- Mən sənin günahlarını yaxşı bilirəm, - deyə qarı onunla heç razılaşmaq istəmədi. – Mənim də qocamın günahı az deyildi. Amma gördüyün kimi onu cənnətə yolladılar. O ki, qaldı sənin ona çatmağına, vallah, gəl adamı güldürmə. Mənim qocam tək ayaqla uzağa çox gedə bilməz. Əgər sən lap elə sabah da ölsən gedib ona çatarsan. Hərçənd ki, mən səni tələsdirmirəm. Sabah olmasın, birisi gün olsun. Onsuz da o, səndən heç yerə qaçıb gedə bilməz...

Qoca dərin fikrə daldı. Bu yerdə bayaqdan onların söhbətinə kənarda durub qulaq kəsilən qocanın gəlini qarışdı.

- Əgər orada doğrudan da nəsə varsa, - deyə o, dodaqlarını sıxaraq dilləndi, - onda biz sənin tabutuna bir kisə qoz qoyarıq. Mənim yazıq rəhmətlik qardaşım necə də qoz yeməyi sevirdi...

Bütün gəlinlər eyni xasiyyətdədir, - deyə qarı fikirləşdi. – Hər yerə burunlarını soxurlar.

- Siz deyəsən mənim tabutumdan araba qayırmaq istəyirsiniz! – deyə qoca çığıraraq qarıya üzünü tutaraq əlavə etdi. – Bir həftədən sonra gələrsən. O vaxt mən sənə son cavabımı verəcəyəm.

- Bir həftə? Bəyəm gec olmaz? – deyə qarı soruşdu. – Hər halda mən səni tələsdirmirəm.

- Yox, gec olmaz, - deyə qoca inamla cavab verib, çubuğun tüstüsünü havaya üfürdü.

Bu cavabdan sonra qarı çıxıb getdi. Evə axşama yaxın döndü. Mətbəxə girərkən tamam başqa mənzərənin şahidi oldu. Onun çoxgülən nəvəvəsi ayağını babasının qoltuq ağacına bağlayaraq mətbəxin tən ortasında dayanmışdı.

- Sənə nə olub belə? – qarı nəvəsindən soruşdu.

Sən demə, qarı ölüm ayağında olan qocanın evinə gedərkən, nəvə qoz ağacına çıxaraq meyvələrini çırpmağa başlayır. Onun ehtiyatsızlıqdan ayağının birini ağacın quru budağının üstünə qoyması ilə yerə düşməsi bir olur. Güclü zərbədən oğlanın ayağı bərk zədələnir.

- Qoltuq ağacları mənə gərəkdir, - nəvə bəyan etdi, - baba daha bir ay da gözləməli olacaq.

Qarı öz qocasını sevirdi, amma çoxgülən nəvəsini də az sevmirdi. O, düşündü ki, qoltuq ağacları indi daha çox nəvəsinə lazımdır. Bir ay nədir ki? Əlbəttə gözləmək olar. Cənnətə gedən yolda isə hava korlanmaz. Həm də ki, bayaq yanına gedib baş çəkdiyi qoca da çox güman ki, hələ bundan sonra bir ay, bəlkə bir az da çox ömür sürəcək. Çubuğundan alov püskürdən qoca heç belə tezliklə ölərmi?

Ən təəccüblüsü isə, sən demə, hələ qabaqda imiş. Bu hadisədən sonra qoca bir daha qarının yuxusuna qoltuq ağaclarını ona göndərmək xahişi ilə girmədi. Elə bil hayandasa gizlənmişdi. Bəlkə də durub nəvəsinin ayağının sağalmasını gözləyirdi. Qarı isə səhərlər yuxularını xatırlayarkən doluxsunurdu. Nəvə artıq qoltuq ağaclarını atmışdı, amma bununla belə qoca daha heç cür qarının yuxularına gəlmirdi. Qarının qənaətincə, kişisi yəqin ki, yoldakı kol-koslardan tuta-tuta cənnətəcən gedib çatmışdır. Bu fikirlərlə də o, həmişəlik rahatlanmağa qərar verdi.

Siz hələ bu əhvalatın ardına qulaq asın. Ölüm yatağında olan qoca heç kimin gözləmədiyi halda sağalıb ayağa durdu. Özgənin qoltuq ağaclarını özü ilə tabutunda aparmaq fikri ilə heç cür razılaşa bilmirdi. Axı, necə də buna razı olsun? Ömründə bir dəfə də axsamayan şəxs tabutun içərisində qoltuq ağaclarının yanında rahat uzana bilərdimi? Qoca indi də sağ-salamatdır, hərçənd ki, həmin vaxtdan nə az, nə çox, düz beş il ötmüşdür. Keçilərini qabağına salıb meşədə otarır, cavan qoz ağacının budaqlarından kəsərək onların qabağına qoyur və belədə çubuğunu heç ağzından kənara qoymur.

Qoca ağaca balta çaldıqca çubuğundan çıxan tüstü havaya ucalır. Balta səsı... Çubuğun tüstüsü... Odur hey, şeytan uzaqdan durub dişlərini qıcayaraq qocaya tərəf baxır. Onun könlündən bu dünyanı partlatmaq istəyi keçir. Amma qoca öz çubuğu ilə şeytanın heç bir əməlinə onsuz da əhəmiyyət verən deyil! “Onda gözləmək lazım gələcək, - deyə şeytan fikirləşir. – Qoy keçilər doyub qurtarsın”...

Nə qədər ki, biz sağıq, nə qədər ki, qoca var, balta səsi ara vermir, çubuğun da tüstüsü kəsilmir. Keçilər isə heç vaxt doyub qurtarmır...

Tərcümə: Ağaddin Babayev

# 2081 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #