Adamlar gedir ağaclar qalır - Zahid Sarıtorpaqdan 10 ŞEİR

Adamlar gedir ağaclar qalır - Zahid Sarıtorpaqdan 10 ŞEİR
5 mart 2018
# 15:03

Kulis.az “Seçilmiş əsərlər” layihəsindən tanınmış şair Zahid Sarıtorpağın öz yaradıcılığından seçdiyi on şeiri təqdim edir.

Ömür deyil ulduzların işığı

ömür deyil ulduzların işığı

yuxu deyil çiçəklərin qoxusu

olsa olsa bir sehrli vidadır

dinir məndə tənhalığın ağısı

mən susuram

mən susuram

sonsuzluqdan səslər dönür

mən yumuram gözlərimi

mən yumuram gözlərimi

uçuq divarlar üstünə

yorğun göyərçinlər qonur

daş dililə quş dililə

qaytarır fələk duamı

görəsən nə vaxt biləcəyik

sürdüyümüz ömür kimin yuxusunun davamıdır

gördüyümüz yuxu kimin ömrünün davamı

Heç nə bilinmir heç nə

heç nə bilinmir heç nə

adamlar gedir ağaclar qalır

ağaclar gedir quşlar qalır

ya da elə əksinə

heç nə bilinmir heç nə

nə əvvəldi nə də son

nə dinən var nə susan

getmək gəlməkdən asan

ya da elə əksinə

heç nə heç nə bu gecə

gecəyə

yurd güllərinə

ulduzlara

küləyə

bu gecədən keçib gedən

tale adlı hər şeyə

bir kədərli şərqi kimi

oxuyur bizi ruhumuz

ya da elə əksinə

tək sevgidən savayı

heç nə bilinmir heç nə

Necə bilirsən

necə bilirsən

doğrudanmı yiyəsiz ocaqların külü

heç vaxt qarışmır torpaqlara

doğrudanmı ahlı günlərdə

sovrulurlar gecələrin üzünə

sonra da gözləri tutulmuş ulduzlar

qaranlıqların içiylə

baş alıb gedirlər əlhavasına

necə bilirsən

bu gün bir kimsəsizdən qalan cığır

sabah hökmən başqa bir kimsəsizin

bəxtinəmi çıxır

yoxsa açılıb tökülür daha

tale dediyimizin dürlü sirləri

yoxsa mən inanmalıyam

inanmalıyam ki

ilk dəfə dünyada

çiyni bir tabuta dirənənəcən

böyüyür kişinin boyu-buxunu

necə bilirsən

Quşlar oxusun

quşlar oxusun oxusun

onsuz da bu haqq yolunda

mehrimizi nəyə salsaq

sonunda aldanış durur

kimə övliya söyləsək

dilində bir qəmli hökm

içində yalvarış durur

gedənlər gedir uzağa

gələr gəlməz Tanrı bilir

Tanrı bilir gedər getməz

gələnlər uzaqdan gəlir

sındırılmış budaqların eşqinə

«haqq! haqq!» deyən dodaqların eşqinə

yenib qonsun baxtımızın köşkünə

oxusun oxusun quşlar

quşlar oxusun oxusun

onsuz da

ancaq qanadı olanların nəğmələri

haqdan gəlir

İşıq sınıqları

qaş qaraldı

fələyin çarxına dolaşaraq səsini çıxarmadan ölmüş

bir günümüz də beləcə sürüklənib getdi

köhnə düsturların

yazılı yazısız təkrarında görünən eyni gələcək

uçuq dəyirmanların yerində

kabusa çevrilmiş eyni keçmişə oxşayır

alatoranlarda pırıldayaraq boz ayın çiskinli sinəsinə

qanadının ucuyla «artıq yazdır!» yazan

o quş da eynən ötələrdəkidi

hər gün eyni duz eyni çörək eyni iştah

hər gün eyni sevda eyni dua eyni ölüm

eyni aqibət eyni gor eyni gorgah

günün sonluğuna atılmış imza da

alnının möhür yerində eyni cürdü

könlünün gül yerində eyni cür

amma bir quşun nəfsi

bir buluddan o yanı istəməz iddiasına inanma artıq

insan nəfsinin cıdır açıb at oynatdığı yerlərdə

küfrə batilliyə haqq qazandırmaq kimi bir şeydi bu

hər gün eyni sözü eşitməsəydi qulaqların

danışmasaydın eyni dildə

dilə sözə möhtaclıq ucbatından

kim bilir qara başın

daha hansı qapılarda alnını söykəmişdi yerə

hamının hər gün eyni rəngdə gördüyü işıq

suyun dibindən baxan bir balığın

qaralmış mirvari dənəsinə oxşayan gözündə

yəqin yeddi rəngə çalır yenə

eləcə işıq sınıqlarıyla oynayırsan sən də

içəridən baxa-baxa

«qismət... qismət...» deyə-deyə

ala-bula görə-görə gərdişi

inana-inana hər gün eyni sevdayla

əlin qaşının üstündə eyni hicranı çəkirsən

amma qaş qaraldı dostum

fələyin çarxına dolaşaraq səsini çıxarmadan ölmüş

bir günümüz də beləcə sürüklənib getdi

eyni cam eyni su eyni surət

eyni işıq sınıqları

eyni Eşq eyni Həsrət

eynən dünənki kimi

qafillik və kor bəsirət

qamçı və milçəyini qovan at quyruğu

Unudulur

V.B.Odərə

unudulur

ana südünün dadı kimi yaddan çıxır

qanımıza yeriyən sevgilər

bələkdəki körpələr

gündə bir yol da olsa

qanadsız doğulduqlarına ağlayırlar

ağlayırlar torpağa düşənəcən

deyirlər

atlar ömürləri boyu

bir dəfə də olsun dərdli gözlərini qaldırıb

göy üzünə baxmırlar

amma ölümqabağı

uzun-uzadı baxırlar mavi dərinliklərə

baxırlar torpağa çökənəcən

bəzən bir qara-qorxu kimi

doldurur ruhumuzu

dünyanı qəfildən tanımaq qəmi

hər şeyi bilincə

qanı damarında qərib olur

sevgisi qanında qərib olur

sevdiyi sevgisində qərib olur adamın

deyirlər qayıdacağıq

qayıdacağıq atıb getdiklərimizə

sevib unutduqlarımıza

unudub ötdüklərimizə

Vida Günü

torpaq əvəzinə

mavi sonsuzluqlara yıxılacağıq

üzüquyly

qayıdacağıq deyirlər

qanımıza yeriyən sevgilər

ana südünün dadı kimi yaddan çıxır

bəlkə də qayıdacağıq

dördəlli tutun torpağı

Adını bir parça daşa yazdılar

adını bir parça daşa yazdılar

o gündən

çiçəklər səndən yuxarıda qaldı

səndən yuxarıda qaldı ağaclar

günəş səndən yuxarıda qaldı

səndən yuxarıda qaldı bu dünya

o gündən

çıldır-çıldır ulduzların altında

küləyin yağışın qarın altında

bir parça daşın qara günü başlandı

«qara günə daş düşəydi!» deyərdin

qara gün də daşlandı yavaş-yavaş

dost-tanışın ürəyində

qəmin getdi yuxuya

təkcə bir qadının saçlarını

ağarınca yudu

alnını üz-gözünü

şırım-şırım səngərləyib

gizləndi sənsizlik

səndən yuxarıda qaldı bu dünya

çiçəklər

ağaclar

günəş

o qadın

adını bir parça daşa yazdılar

adın səndən yuxarıda qaldı

Stalker

qatar getdi biryolluq

hörümçək toru bağlamış gözlərin filmi bitdi

yazın ölüsünün suyu qurudu yaş budağın sınığında

o budaqdan geriyə qayıda bilməyən qarışqaya

tanrısı qanad verdi dan üzü: “hər şeyin çarəsi Ondadı...”

illər tərpənincə

yandırılmış təzək qoxusu vurdu

atları öldürülmüş keçmişin nəfəsindən

səsiylə qaranlığı doğraya-doğraya getdi qatar

öz-özünə pozuldu

alnını vaqonun şüşəsinə söykəmiş uşağın

üzündən oxunan güləbətin yazı

qatar getdi

ağlamsınan qızın gözündən düşüb çilik-çilik olan şəhərin

tozunu vağzalda burum-burum ciyərlərinə çəkdi

hər şeydən xəbərsiz miskin adamlar

qatar getdi getdi getdi

gözünün gördüyü ağlının kəsdiyi heç nə

içinin tutumuna hesablanmayıb adamın –

bu məntiq cücərdi hər şeydə

indi sən sübut elə ki

doğrudan da qədərin yükünə hesablanıb

çiyninin körpücük sümükləri

sübut elə ki

sən Onu özünə hesablaya bilmədiyin kimi

səni Özünə hesablayıb O

bitdi hörümçək toru bağlamış gözlərin filmi

qatarlar gedəndə yaxşı ki geriyə baxmır

indi neyləyirsən kim olduğumu

tutaq ki bu şəhərdə bir şam ağacıyam

sibir ormanlarından gətirilmiş bir qocaman şam

qumrular yuva bağlamış qəribliyimdə deyək

nə dəyişəcək bununla

düzdü, şam budaqlarının yaşıl iynələrinə toxunan fəsillər

sabun köpüyündən başqa bir şey deyil əsla

amma gərək unudulmasın

yarpaqları həmişə yaşıl olsa da

şam ağacları kökləriylə yaşayırlar zamanı

gövdələriylə qocalırlar duyulmadan

bitdi hörümçək toru bağlamış gözlərin filmi

qatarlar gedəndə geriyə baxmır

yaxşı ki qanrılıb baxa bilmirlər

amma bir gün qayıda bilirlər hökmən

filmin sonu əvəzinə

ekrana bir stalker ölüsü qayıdırmış kimi

Yuxusuzluq

yığışdır səccadəni deməyə gücün çatmırdı

əvəzində qoy mey süzüm deyirdin dərddaş keçib daha

divardakı iblis şəklindən qalxan toza tüpürürdün

başını qaldırıb xaç çəkdiyin yerdən

qar yağırdı eşikdə oynaşan uşaqların səs-küyünə

göyün yumşaqlığıyla beləcə örtülürdü günün gerçəyi

yenə orada

ölmüş vaxtın yanmış qanadlarını öpürdün yaş kipriklərinlə

hisli bir lampanın içindən gəlməliydi yol

amma məbəddən gəlir deyirdin

yumşaq gecənin qarlı üzünü cızırdı

çalınan kilsə zənglərinin səsi

səni vuran məntiqin dəmir dabanları altında

içinin sirri bir badam çəyirdəyiydi –

xıncım-xıncım qırılırdı alın sümüyündə qışın

deyirdin: xəncər tiyəsinə keçirilmiş

çörək tikəsinə bənzəyir dönük ürək –

soyuqlarda quşlar yox quşqular dimdikləyir onu

ayağı üzüklüdü sülh göyərçinlərinin

yalandı, nişan vurulub hamısına deyirdin

sonra tüstüsü boğulduqca üzülən ocaqla danışırdın

guya tüstünün xaça döndüyü göy üzünün ismarışı

həm düymələnir bir həvarinin daş-qalaq olmuş gerçəyində

həm də açılır demək

ağzının duasıyla yalançı bir möminin söyləyirdin

amma bu gerçəyin çatlamış camından ayrı şeylər sızırdı

gecənin qabırğasını sökən ağzı qanlı köpəklərin zingiltisi

boyunlarındakı zəncir cingiltisinə dolaşmışdı

sürüklənirdi yuxusuzluğun üşəntili dibsizliyinə

əslində adi bir gecəydi

eşikdə oynaşan uşaqların qar basmışdı səs-küyünü

ölümsüzlük iksirinin qoxusunu gəzirdin – amma hanı?

deməli gəldiyin kimi də gedəcəksən, hə? amma hara?

deməli təzədən pozulub yazılır bu saxtakarlıq söyləyirdin

yığışdır səccadəni deməyə gücün çatmırdı amma

əvəzində qoy mey süzüm deyirdin dərddaş keçib daha

divardakı iblis şəklindən qalxan toza tüpürürdün

sonda mey badəsinin çırpıldığı divara

maddım-maddım baxırdın

bax, bax deyirdin ordan başlamalıydı hər şey –

gözlərinin dibinə saplanmış

qılınc tiyəsinə doğranan dərdinə işarə edirdin sonra

amma bilmirdin ki orda

yuxusuzluğun nədəni çürüyürdü çarəsiz işıqların quraqlığında

əslində adi bir gecəydi

qar basmışdı eşikdə oynaşan uşaqların səs-küyünü

divardakı iblis şəklindən qalxan toza tüpürürdün

üzgün bir dost səsi çırpılırdı sənə

o səs: get, – deyirdi – tərsa balası, sən sərxoşsan artıq

yetər Şeirə damdığın

Can söz

de

gün batdığı yerdəncə qəfil doğanda

üstümüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləndə

iki bulaq qaynaya-qaynaya quruyanda

budaqları altından çaylar axan

ağaclarımız yaşıl-yaşıl solanda

iki rükət sübh duası qaranlığa dirənəndə

qanadlarımızın işığa çıxan kimi əriyib töküldüyü yerdə

üzü üstə çevrilən dəniz

yun kimi didilən dağlar boşluqlara töküləndə

dərdinə doğranan aşiq

eşqinə qəltan olub da sönəndə

içimizdən kimsə Söz tapacaqmı ola

Baş Suala

de

quş kimi uçacaqmı Sözlər könlümüzün göyündə

Sözlər quşlara quşlar Sözlərə çırpılaraq

lələklərini tökə-tökə

hara enəcəklər pünhan-pünhan

de

quşlar qeybin müridləri

Sözsə Sözdür

əvvəl-axır

şan arıya qalmaz aparılar de

can aşiqə qalmaz tapşırılar de

göy qübbəsi də quşlara qalmaz

quşlar sonu yerdə tapar

de

arının ölümü güldə dilənər eşq üzündən

aşiqin ölümü eşqdə dilənər gül üzündən

Arı da Aşiq də Quşlar da Gül də

bir Canın çəmbərində süslənər

hər şey beləcə alar qiymətini

bircə

mataha minən Söz olmaz bu Can Bazarında

dodağının çatdağından

qan deyəndə qan sızan Söz

bal deyəndə bal sızan Söz

quşlar qeybin müridləridir deyəndə

udan Söz uduzan Söz

bu Can Bazarında

sənə ayrılan köşk boş qalar Qiyamətəcən

arını gül ömrünə bal kimi ölümlə yazan Söz

aşiqi ol əmrinə gül kimi omürlə yazan Söz

batil ömrümüzü Candan

dar ağacından asırmış kimi

uf demədən asan Söz

can-can,

can Söz

Image result for zahid sarıtorpaq

# 4028 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #