Aktyorun dəhşətli Quran səhvi HAQVERDİYEV XATİRƏLƏRDƏ

Aktyorun dəhşətli Quran səhvi  HAQVERDİYEV XATİRƏLƏRDƏ
8 may 2014
# 11:12

1979-cu ildə, “Gənclik” nəşriyyatında belə bir kitab nəşr olunub: “Azərbaycan yazıçılarının həyatından dəqiqələr”. Kamran Məmmədovun tərtib etdiyi kitabın adının belə zövqsüz olmasına baxmayın, içərisində çox maraqlı əhvalatlar var. Bu əhvalatlar Azərbaycanın məşhur adamlarının “həyatından dəqiqələrdir”! Qətran Təbrizidən tutmuş Nəcəfbəy Vəzirova qədər...

Kulis.Az bu kitabdan və digər yazılı-şifahi mənbələrdən yararlanaraq ən məşhur qələm adamlarının həyatından maraqlı məqamları diqqətinizə çatdıracaq.

İlk seçdiyimiz əhvalatlar “Azərbaycan yazıçılarının həyatından dəqiqələr kitabındandır və böyük yazıçı-mütəfəkkir Əbdürrəhim bəy Haqverdiyevlə bağlıdır.

Səni əkənin atasına lənət

Haqverdiyev Peterburqda təhsil aldığı illərdə çox vaxt yay aylarında Şuşaya gələrdi. O, öz dostları ilə Çəkili bulağa, İsa bulağına, Turşsuya və başqa səfalı yerlərə gəzməyə gedərmiş. Bir gün yenə dostlar sözləşirlər ki, filan gün səhər tezdən Bazarbaşı deyilən yerdə toplaşsınlar və Səkili bulağa gəzməyə getsinlər. Cavanlar toplaşarkən hamının zəhləsi gedən bir nəfər də bunlara qoşulur. Dostlar həmin dilxorçudan canlarını qurtarmaq üçün sözləşib başqa yerdə yığışır və səyahətə gedirlər. Axşamüstü gəzməkdən qayıdarkən həmin şəxslə yenə Bazarbaşında rastlaşırlar. O, tez dillənir:

- Hə, məni əkib, özünüz kefə getmisiniz?

Bu yerdə Haqverdiyev yarıciddi cavab verir:

- Nə danışırsan əəə... Səni əkənin lap atasına lənət!

Yalançı “Xortdan”

1907-ci ildə Haqverdiyev Gəncədə yaşayırdı. Gəncə ziyalıları onu yaxşı tanıyırdılar. Ziyalılardan yazmaqla məşğul olanlar da vardı. Əli Nəzmi də bunlardan idi. Onlar öz yazdıqlarını Haqverdiyevə oxuyar, ondan məsləhətlər alardılar. Bir nəfər onu lap təngə gətirmişdi. Bu “zaiyalı” gecələri yatmır, ağlına gələn hərzələri yazıb adını da faciə qoyur və səhəri Haqverdiyevə oxuyurdu. Haqverdiyev də xasiyyətcə mülayim olduğu üçün özünə əziyyət verib qulaq asırdı. Bir gün yenə Haqverdiyev bağda oturmuşdu. Bir də gördü ki, həmin “dostu” əlində də “Molla Nəsrəddin” məcmuəsinin son nüsxəsi gəldi və salam verib onun yanında əyləşdi. O, həmişəkindən fərqli olaraq çox qürurlu görünürdü.

- Əbürrəhimbəy, “Cəhənnəm məktubları”nı mütaliə edirsinizmi? - də “Molla Nəsrəddin” nüsxəsinin “Cəhənnəm məktubları” çap olunan səhifəsini göstərir.

- Bəli, oxuyuram, - ədib cavab verdi.

- Necə, xoşunuza gəlirmi?

- Niyə, pis deyil, yaxşıdır.

- Mən ölüm, Əbürrəhimbəy, düz deyirsiniz?

- Necə bəyəm? Sizinlə zarafatım var?

- Elə isə mən çox xoşbəxtəm.

Haqverdiyevi maraq qarışıq təəccüb bürüdü.

- Təəccüblənməyin, Əbürrəhimbəy, öz aramızda qalsın, heç kimə deməyin. “Cəhənnəm məktubları”nı mən yazıram. “Xortdan” da mənim gizli imzamdır.

- Çox gözəl, amma qardaşoğlu, hər bir yazdığın pyesi mənə oxuduğun halda, bəs bunu niyə oxumursan? Gətir hekayənin mabədini oxuyaq, çox maraqlıdır...

- Yox, mirzə, bu onlardan deyil, bunu oxumaram...

- Oxumazsan?

- Yox.

- Niyə?

- Ürəyinizə pis gəlməsin, qorxuram...

- Nədən qorxursan, qardaşoğlu?

- Belı deyirlər ki, qələm sahibləri çırpışdıran olurlar.

- Elə isə qulaq as, mən oxuyum, sən başa düş – Haqverdiyev əlini cibinə salıb bir dəftər çıxarır və “Cəhənnəm məktubları”nın mabədini əlyazmasından oxumağa başlayır. “Cəhənnəm məktubları”nın “müəllifi” - yalançı “Xortdan” özünü itirir, “Mirzə, işim var” – deyə əkilir və bir daha Haqverdiyevin gözünə görünmür.

Mozalanbəyin səyahətnaməsi

1908-ci ilin əvvəllərində “Molla Nəsrəddin” əməkdaşlarından Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Faiq Nemanzadə, Qurbanəli Şərifov, Salman Mümtaz və başqaları əyləşib “İbrahimbəyin səyahətnaməsi” əsərindən söhbət edirlərmiş.

Haqverdiyev deyir:

- Hə olardı, bu kitaba nəzirə bir “Cəyahətnameyi Molla Nəsrəddin” də olaydı. Aya, görəsən Molla Nəsrəddin səyahət etsə başına nələr gələ bilər?

Cəlil Məmmədquluzadə üzünü yoldaşlarına tutub aram-aram söyləyir:

- Gəlin biz bir “Mozalan” gəzdirək. Ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək. Hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin. Oxuyanlar güman etsinlər ki, həqiqətən bu adam gəlib buraları görüb, bu felyetonları yazıb.

Hamı onun fikrinə şərik olur. Birinci felyetonu Haqverdiyev başlayıb, Mozalanı Qarabağ və Gəncə tərəflərdə gəzdirir, Bakıya gətirir. Mozalanı Bakıdan Məşhədə Salman Mümtaz aparır. İrəvan və Naxçıvan tərəflərdə isə Qurbanəli Şərifov gəzdirir. Beləliklə, “Mozalanbəyin səyahətnaməsi” əsəri meydana çıxır.

Bığlı qadınlar

Haqverdiyev Hüseyn Ərəblinski ilə dost idi. Hətta o, “Ağa Məhəmməd şah Qacar” faciəsini Ərəblinskinin istedadlı sənətkarlığını nəzərə alaraq yazmışdı. Faciə yazılıb qurtaranda onlar görüşürlər. Ərəblinskinin ilk sözü bu olur:

- Mirzə, sən allah, əvvəl bir de görüm, mənim xahişimi yerinə yetirdinmi? Arvad rolu yoxdur ki? Bu aktrisa məsələsi gözümün qabağında dağ kimi durub!

Əbdürrəhimbəy cavab verir:

- Hüseyncan, mən bu “Ağa Məhəmməd şah Qacar” əsərini sənin üçün yazmışam, sənin xatirin üçün bir nəfər də olsun arvad rolu salmamışam.

Bu sözlər Ərəblinskini çox həyəcanlandırır: O, Haqverdiyevi qucaqlayıb öpür və qadın rolu oynayan bığlı kişiləri nəzərdə tutaraq, deyir:

- Can mirzə, heç olmasa bu əsərdə mənim canımı bığlılardan xilas elə...

Qonaqlıq

1910-cu ildə “Ağa Məhəmməd şah Qacar” faciəsinin Tiflisdə tamaşasından sonra bir dəstə tamaşaçı şahı xüsusi məharətlə oynayan Hüseyn Ərəblinskini və onun artist dostlarını qonaq aparırlar. Qonaqlıq otağında Hüseyndən soruşurlar:

- Harada əyləşəcəksiniz?

- Mən Əbdürrəhimbəyin yanında əyləşəcəyəm.

Qonaqlıq sahibləri o zaman Tiflisdə olan Haqverdiyevin məclisə çağırılmadığını və Hüseynin buna işarə etdiyini başa düşürlər. Təcili olaraq Əbdürrəhimbəyi tapıb məclisə gətirilər və Ərəblinskini də onun yanında əyləşdirilər.

Jandarm rəisi və Ostrovski

Bir dəfə evdə oturduğu zaman jandarm idarəsi rəisi təklifsiz otağa daxil olur:

- Mirzə eşitmişəm kitablarının içində siyasi ədəbiyyat da var. Düzdü, mən buna inanmıram, ancaq gərək məni bağışlayasınız, qulluq adamıyam, vəzifəmdir, özüm sizin kitabları yoxlayacam, - deyə otaqdakı kitabları diqqətlə gözdən keçirir. A.H.Ostrovskinin pyesləri məcmuəsini əlinə götürür, birinci səhifədəki şəklə diqqətlə nəzər salır:

- Yox, mənim gözüm bu kişidən su içmir, heç düz adama oxşamır, cənab Əbdürrəhimbəy, belə kitabları oxumaq sizə yaraşmaz.

Haqverdiyev ona heç bir söz demir və gülümsəyir. Jandarm rəisi Ostrovskinin kitabını özü ilə aparır.

Quran yanlışı

“Dağılaq tifaq” faciəsinin tamaşası gedirmiş. Dördüncü pərdədə Əbdül ilə İsmayılın daş üstündə oturub, Nəcəfbəyin tarmar olmuş evinə baxaraq danışdıqları səhnədə Əbdül İsmayıla deyir: “Xudavəndi-aləm hətta öz Qurani-şərifində qumarı şeytan əməli buyurubdur”.

Əbdül rolunda oynayan artist sözləri dəyişib demişdir:

- Xudavəndi-aləm hətta öz Qurani-şərifində Quranı şeytan əməli buyurubdur.

Bu söz dəyişmənin üstündə Haqverdiyevi məsuliyyət çəkirlər məsuliyyətə çəkirlər ki, bilə-bilə belə yazmısan. Lakin mətn yoxlandıqdan sonra ədibdən üzr istəməli olublar.

O küçə...

1928-ci ildə Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi ilə bağlı yaranan komitəyə Haqverdiyev başçılıq edirmiş. Komitə üzvləri Bakıdakı mərkəzi küçələrdən birinə M.F.Axundovun adını qoymağı təklif edəndə Haqverdiyev deyir:

- O küçəni yox, o küçə lazım olacaq...

# 4741 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #