[b]Şedevrin oğurlanması[/b] – Azər Abdullanın hekayəsi

[b]Şedevrin oğurlanması[/b] – Azər Abdullanın hekayəsi
4 aprel 2018
# 11:10

Kulis.az Azər Abdullanın “Şedevrin oğurlanması” hekayəsini təqdim edir.

Vur-tut beş aylıq tanışlıqları ərzində Seyfəlin danışdığı qəribə əhvalatlar və onun davranışı, özündən iyirmi yaş böyük, ömrü boyu tənha yaşamış qoca rəssamı yerindən oynatmışdı. Şəhərin mərkəzində yan-yana qoşa binada yaşayan tanınmış bəstəkar və yazıçı ailələrinin qızları, oğlanları bir yana, özünün otuz illik dostu, ən yaxın qohumları, hətta doğmaca atası haqqında xoruz səsi eşitməmiş əhvalatlar... yaxud birbaşa özüylə bağlı ağılagəlməz hadisələr... odadavamlı kərpic əhvalatı... qazdan ayıq KQB əməkdaşının gözünün qabağından külqabını çırpışdırması... gözəl rus qızıyla bağlı bir-birindən maraqlı, unudulmaz macəralarını eşidən rəssam Seyfəlin son dərəcə səmimi, yüksək mədəniyyəti və təbiiliyindən xoşu gəlsə də, hər dəqiqəsi qızıldan artıq bildiyi, tükənməkdə olan payız ömründən (yetmiş yeddi yaşlı rəssam belə düşünürdü) saatları, günləri oğurladığına dözəmmir, həm də ondan əməlli-başlı ehtiyat edir, əslinə qalsa, bir az da qorxurdu... Ancaq ömrünü evində və emalatxanasında təkcə keçirən rəssam tənhalıqdan bezdiyindən Seyfəlin hər gün ona baş çəkməsini (onlar eyni mərtəbədəydi) “şirkətlərindəki iyirmi həmkarındansa mən ona maraqlı göründüyümdən yanıma gəlir...” düşünərək, dözürdü.

Hər dəfə emalatxanaya gircək Seyfəl molbertin arxasında həvəslə işləyən rəssamın yanına gələrək, tablonu diqqətlə gözdən keçirər, anındaca ehtiyatla, həm də çəkinmədən tənqidə keçər, gah filan yerdə boyaların bir-birinə qovuşmadığını, gah məsafə-perspektiv qaydasının pozulduğunu, sağ gözlə sol gözün ayrı-ayrı yerlərə tuşlandığını, işıq-kölgənin düzgün verilmədiyini nəhəng bədəninə uyuşmayan ehtiyat və nəzakətlə deyəndə qoca rəssam içində əsəbiləşsə də onun incə rəftarına uyğun gah “ay Seyfəl, axı işi qurtarmamışam, o yerə yenə qayıdacam...”, gah “yaman səbirsizsən...”, yaxud qəlbinə toxunmamaq üçün süni gülüşlə onun gözünün içinə baxıb əlindəki fırçanı uzadaraq “buyur, çatışmayanları düzəlt” deyərdi. Ancaq elə bircə gün ötəndən sonra gendən öz işinə baxan rəssam Seyfəlin iradlarının düzgün, peşəkar olduğunu görüb təəssüf hissiylə tablonun üzərində yenidən əl gəzdirməli olurdu.

Tanış olduqları ilk günlərdə rəssamı Seyfəlin söhbətlərindəki yumor hissi, səmimiyyət, təbiilikdən başqa ondakı yüksək artistlik qabliyyəti, musiqi duyumu, qeyri-adi qavrayışı, (rəssamın özündə müsiqi qavrayışı, ritmi tutmaq qabliyyəti zəif olduğundan, Seyfəlin dilində, sonra fitlə ifa elədiyi Üzeyir Hacıbəylinin “Arazbarısını” dinləyəndə. – Möhtəşəm konsert gecəsindən aldığım zövqü mənə yaşatdın - demişdi, xüsusilə öz atası barədə dediyi bəzi məqamlar rəssamı ovsunlamışdı.

***

Bakının Nərimanov rayonunda beş mərtəbəli binanın dördüncü blokunun qarşısında uca piramida şəklində yığılmış yumurta sarısı rəngində sığallı, parlaq, az qala adamı güzgü kimi özündə əks etdirən odadavamlı kərpic qalağını Seyfəl görəndə, illər öncə Moskvadan ata-anasıyla onlara qonaq gəlmiş, konservatoriyanın son kursunda (pianoçu) oxuyan gözəl rus qızını xatırladıbmış. Seyfəlin dediyinə görə həmin o rus qızı onun həyatı boyu rast gəldiyi yadda qalan ən maraqlı, həm də ən üzücü, ağrılı, təlatümlü hadisə olub. O gözəl qız ata-anasıyla bir həftə Seyfəlgilin Fatmayıdakı bağında qalıbmışlar. Seyfəl onu bircə yol bağlarında görübmüş.

Həmişə ailəsiylə başqa ölkələrə dincəlməyə gedən Seyfəlin bəstəkar atası bu səfər tək imiş. Səhərin gözü yenicə açılanda Baltik dənizinin sahiliboyu tək-tənha addımlayan atasına sovet dövründə səlahiyyət və nüfuzca birinci sayılan rəsmi qəzetin mədəniyyət üzrə şöbə müdirinin özü yaxınlaşıb tanış olubmuş. İki gün ərzində təsadüf tanışlıq (iki gündən sonra bəstəkar Vətənə dönəcəkmiş) onları bir-birinə necə bağlayır, necə doğmalaşdırırsa, Seyfəlin dediyinə görə, bəlkə də atasının şöbə müdirinə bağışladığı bir şüşə beş ulduz “Şirvan” konyakına görə bir aydan sonra “Sovetskaya kultura” qəzetinin bir səhifəsinin yarısını tutmuş piano arxasında şəkliylə bəstəkara həsr edilmiş “Ladı Yurmala” başlıqlı məqalə çap olunur. O məqalədə bəstəçinin “Qaboy üçün sonata” möhtəşəm əsərinin Yurmalada yarandığını yazır. Şöbə müdirinin bəstəkarın vətənini görmək arzusunda olduğu xəbər əsən yelləmi, quşların qanadıylamı bəstəçidən qabaq Bakıya çatır, bu xəbər hakim dairəni zəlzələtəkin silkələyir. Seyfəl deyir, dekabr ayının ortalarında atamla Fatmayıdakı bağımıza gedəndə trasdan bağımıza qədər yüz-yüz əlli addımlıq çala-çuxurlu, çınqıllı-daşlı yolun şüşə kimi asfaltlandığını, kələ-kötür, xır daşlardan palçıqsız hörülmüş qurşaq boyda bağ hasarımızın ağappaq mişar daşlarıyla əvəzlənib adam boyundan da qəlbi edildiyini, iki göz bir mərtəbə evimizin yerində iki mərtəbəli beşğöz yaraşıqlı evi, bağımızın sahəsinin ikiqat böyüdüyünü, yeni-yeni meyvə ağaclarından savayı cürbəcür dekorativ- bəzək ağaclarının, çeşidbəçeşid gül kollarının nizamla əkildiyini görəndə bir yannan sevinsəm də, o anlar heç bilmirdim nəyə görəsə, bir yannan da məni qəm-qüssə bürümüşdü.

May ayının ortaları səhər çağı günəş Xəzərdən bir qulac qalxanda ağappaq çılpaq bədənində təkcə şort olan şöbə müdiri, arvadının əynində qırmızı, iyirmi bir yaşlı qızınınsa açıq mavi çimərlik paltarında (hər şeyi yeri-yurduyla, ünvanı-adıyla danışan Seyfəl, nədənsə, nə şöbə müdirin adını dedi, nə də onun arvadının, qızının) bəstəkarın bağının gündöyən yerindəki qumsallıqda arın-arxayın söhbət edə-edə gəzişirmiş.Tarım çəkili dolu döşlərinin az qala yalnız giləsini gizlədən lifçiklərinin napnazik aşırmalarını da çiyinlərindən sürüşdürüb bəmbəyaz, təravətli, sığallı bədənlərinin hər milli metrini, hər bir hüceyrəsini təşnəsi olduğu cənub günəşiylə hərisliklə qaraltmağı qənimət bilirmişlər. Seyfəl deyir, nə gizlədim, aralıdan baxanda bir-birindən o qədər də seçilməyən, adamın ağlını başından edən uzunqıç, sarısaç, model bədənli bu gözəllərə gizlincə arxayın və doyunca baxmaq üçün ikinci qata qalxmaq fikrimdən keçdi. Qapısı açıq pianino olan otağa girmək istəyəndə pəncərə pərdəsinin qırağını çeçələ barmaq boyda qatlayaraq bayıra baxan atamı gördüm. Hənirimi duyan atam əlini tez pərdədən çəkərək geri çevrildi. Həyalı adam sanki intim anında, ya da oğurluq üstündə tutulmuşdu, çaşdığındanmı, diqqəti yayındırmaq üçünmü, atam əlini qıçına şappıldadaraq təəssüf hissiylə:

– Qonşular yanında biabır olduq, (Bağ divarımız adam boyundan hündür olsa da, yuxarıdakı evlərdən baxanda bağımız ovuc içi kimi görünürdü.) - deyib başını bulayaraq. – Bezobraziye!- biabırçılıq, heç olmasa qarınları, göbəkləri örtülü...- nəyə görəsə kişi fikrini tamamlamadı. Mən gözümü ondan yayındıraraq yaxınlaşıb kitab rəfindən əlimə keçən hansısa kitabı ğötürüb tələsik geri qayıtdım.

Qonaqlar gedəndən sonra Seyfəlin hər günü aya, hər ayı ilə döndü. Sonuncu imtahanı verən günün səhərisi beş ədəd beşulduz “Şirvan” konyakı, beş qutu Bakının bir daha ələdüşməz o zamankı dadlı paxlavası(!), bir də sonsuz həyəcan-şiddətli ürək döyüntüsüylə təyyarəyə minib Moskvaya yola düşdü. Onun Moskvaya birinci səfəri yazılsa, bir povest olar. Ancaq bu hekayədə yer qıtlığı olsa da, həmin səfərin bir məqamını bu mətnə salmamaq günah olardı. Seyfəl deyir, boş sözdü, deyirlər “moskvalılar əyalət adamını evində qonaq eləməyi, evində saxlamağı sevmir.” Deyir, mən onların evinə girəndə qadın da, qızı da, kişi hələ işdən gəlməmişdi, boynuma sarılıb o üzümdən bu üzümdən necə öpdülər, iki ildən bir kəndə gedəndə bibim məni o cür ürəkdən öpmür desəm, inanmazsız. Onların mənə olan bu istək, bu mehribanlığının təkcə atama görə olmadığını bağımızda hiss eləmişdim. Mən bağımızda kabab bişirəndə acı tüstüdən gözlərini ovuşdurub göz yaşı axıdan ana-balanın yanımdan uzaqlaşmaq istəmədikləri vaxt...

Evin kişisi saat doqquzda gəlib çıxdı. İnsafən, o da məni çox isti, mehriban qarşıladı. Saat on birəcən yeyib-içdik. “Şirvan” konyakının biri yarıdan keçəndə kişi ayağa qalxaraq nəzakətlə “Məni bağışlayın, bir az işim var” deyib kabinetinə getdi. Mən ayağa qalxıb – Gecdi, mən də gedim,- deyəndə qızın anası həyəcanla – Nə danışırsınız!?.- deyib mənə yaxınlaşdı, əlimdən tutub bir sayaq darta-darta arxasınca apardı. Ayrıca tualet, hamamı olan bir otağı göstərib – Bu, sizin otağınızdı, nə qədər istəsəniz, lap bir ay da qala bilərsəniz... Qızı, anasını çağırdı, səsində əsəbilik vardı. Sözlər aydın eşidilməsə də, mətbəxdə onların mübahisə elədikləri bilinirdi. Qızın səsi daha hökmlüydü. Az sonra anası qayıdıb gəldi, gülümsəməsi zərif, sığallı üzündəki kədəri, pərtliyi, təəssüf hissini gizlədə bilmirdi. O, yenə əlimdən tutaraq, indisə sanki yalvarışla, bir az da günahkarcasına, vallah, mənə belə gəlirdi,

– Seyfalçik, bilmirəm necə deyim, bizdən inciməyəsiniz. Yenə deyirəm, o otaq sizindir... Ancaq... Qızımın evi yaxındadır, ancaq əri ezamiyyətdədir. Tək özünü pis hiss edir. Bəlkə də bərk qorxur, “bərk qorxur” sözünü pıçıltıyla dedi. Əgər mümkünsə, əri gələnəcən xahiş edirəm gedib onunla qalaydınız...

Seyfəl deyir, bu sözləri eşidəndə, içimdə qəfil baş verən sevinc fırtınasından kükrəyib ucalan dalğa məni göyün yeddinci qatına qaldırdı, hayqırıb nərə çəkməkdən, qadını bağrıma basıb o gözəl sözləri deyən gözəl dodaqlarını öpməkdən özümü güclə saxladım. Həm də bütün varlığımı çulğamış xoşbəxtliyimin, sevincimin üzə çıxmaması üçün, İlahi, mənə o fil gücünü hardan verdin. Başımı aşağı salıb sözəbaxan uşaq cildinə girdim. Azacıq çiynimi oynadaraq biganəliklə – Necə məsləhət bilirsiniz,- dedim.

Qızın evi atasıgildən iki bina aralıdaydı. Evlərinə gircək qızın əlindəki çantası dəyib lalıxlamış alçatəkin yerə düşdü. O, qucağıma atılıb qollarını boynuma doladı... Həmin gecə səhərəcən dörd dəfə hamamlandıq... Səhərisi qalxıb nahar elədik. O, bületen almaq üçün poliklinikə getdi. Qayıdanda mən yuxudan güclə ayılıb ayağa qalxdım. O, gülə-gülə: – Tı ne poxoj na sına kompozitora. Tı moy Gerakl! (sən bəstəkar oğluna oxşamırsan. Mənim Heraklım!)- deyib yenə qucağıma atılıb boynuma sarıldı...

Arxada qalmış gecəli-gündüzlü narıncı günlərdə adamı heyrətləndirən ən maraqlı, məqam... dördüncü günün axşamı qız nə desə yaxşıdı...

– Bu gecə ərim gələcək, gəl Sizin (Sizin ha!) yerinizi o biri otaqda salım...

Gülməkdən uğunub gedən rəssam (bəzən onlar bir-birinə baxıb uğunub gedəndə tablodan aralanmış rəssamın fırçası yavaş-yavaş aşağı enərək ya köynəyinə, ya da şalvarına toxunub ləkələyirdi) “şöhrəti respublikaya sığmayan doğmaca atasının, özü də öləndən sonra, gizli, intim sirrini açıb-tökən adama ehtibarmı etmək olar?.. Bircə səhv burax, beş-on gülməli, məzhəkəlisini də böyür-başına yamayıb qarşısına çıxana danışacaq...” düşünürdü.

***

Odadavamlı kərpic qalağının yanından türyan ötəndə sadə geyimli bir kişinin (soba düzəldən usta) ucaboy, şişman gövdəli mayor rütbəli milisə dediyi “Rəis, köməkçim Bilgədən yarım saata ancaq gəlib çıxacaq. Yaxında “xoztovar” varsa, mən ora dəyim... bəzi şeylər almalıyam...” sözləri Seyfəlin qulağı çaldı. Elə o andaca özünü havada yumşaq-yumşaq qanad çalıb uçan kəpənək kimi yüngül hiss elədi. O, şəhərin başqa rayonunda yaşasa da, buralara yaxşı bələdiydi. Təsərrüfat malları mağazasının azından dörd yüz, beş yüz metr burdan aralı olduğunu bilirdi. Sonuncu blokda yaşayan xəstə dostuna baş çəkməyə gəlmışdi. Üçüncü qatacan pilləkənləri kəpənək kimi yüngül qalxdı. Ağlına nə gəldisə, sürətini azaltdı. Dostunun mənzili beşinci qatdaydı. “Sağalıb durmağı çox çəkəcək, sonra gələrəm.” Geri qayıdıb tərəddüd içində pillələri ağır-ağır enib çölə çıxdı, kərpiclərin yanında kimsəni görməyəndə bədənində-canında yenə də uçan enli qanadlı kəpənəyin yüngüllüyünü hiss elədi. Yumşaq-yumşaq, ancaq yeyin-yeyin addımlayıb özünü binanın küçə tərəfində saxladığı açıq mavi “Qaz-24” ünə yetirdi. Binanın sonunda sağa dönən yerdə qadağan işarəsinə məhəl qoymadan həyətə girib sakitcə sürərək maşının arxasını gözoxşayan kərpıc qalağının bir addımlığında saxladı. Maşından endi, açarı çıxartmadan, qapısını örtmədən irəliləyib maşının sandığını açdı, başını qaldırıb yan-yörəsinə baxmadan üç-üç, dörd-dörd kərpıcləri yeyin-yeyin, ancaq çox ehtiyatla, həm də arxayınlıqla götürüb sandığa yığdı. Həmin anlar Seyfəl özünü yuxu görürmüş kimi hiss edirdi. Yerdə qalan kərpicləri beş-beş qaldıraraq aparıb arxa oturacaqların ayaqaltına yerləşdirdi, iki yol əllərini bir-birinə sürtərək gəlib sükanın arxasında əyləşdi.

Binanın həyətində yeniyetmə uşaqlar çığırışa-çığırışa futbol oynayır, bloklardan çıxan adamlar arzu-istəklərinin arxasınca müxtəlif ünvanlara tələsirdilər.

Həyətlərinə tökülmüş bir maşın(!) (əslində doxsan yeddi ədəd) kərpicin on beş- iyirmi dəqiqənin içində yoxa çıxma əhvalatını düz iki aydan sonra Seyfəllə görüşən dostu həyəcan içində senssasiyalı xəbər kimi danışırdı. Yüz on beş kilo çəkisi olan sahə müvəkkilinin beş bloklu beş mərtəbəli binanın həyətində, blokların ağzında, pilləkənlərin başında qarşılaşdığı adamlardan başqa, bəzən buraya gəlmiş tanış-biliş, qonaqlardan, yaxud buradan təsadüfən ötən adamlardan savayı, mənzillərin qapısını qan-tər içində dönə-dönə bir-bir döyüb dörd- beş yaşlı uşaqdan tutmuş səksən-səksən yeddi sində ahılınacan, bir nəfəri buraxmadan bezdirici təkrar sorğu-suallarıyla boğaza yığdığını söyləyirdi. Günortaya yaxın küçələrdə, həyət-bacada insanların qaynaşdığı vədə bir yığın kərpicin su kimi buxarlanıb yoxa çıxması sahə müvəkkilindən savayı adamların da matı-qutunu qurutmuşdu. Son günlər adamlar danışırdı ki, zərgər ustalığıyla qurulmuş bu oyun, bu əməliyyat yuxarıların işidi. Deyirdilər, podpolkovnik rütbəsi almağa hazırlaşdığı məqam dabanı yerə gəlməyən, ayağının altını görməyən, göylə gedən sahə müvəkkilini qonşuları kimi iş yerində də sevmirmişlər. Sahə müvəkkilinə görə beş bloklu, beş mərtəbəli binanın həyətə baxan əlli pəncərəsindən günortaya yaxın heç olmasa bircə nəfərin bayıra baxmaması mümkünsüz bir iş idi. Deyirdilər, bu boyda binanın adamlarından bir ipucu ala bilmədiyindən sahə müvəkkilinin hirsindən-hikkəsindən dişlərinin qıcırtısı beş addımlıqdan eşidilir, ağzından qığılcımlar bayıra püskürürdü. Deyirdilər, sahə müvəkkili istəsəydi, elə həmin gün, həmin kərpicdən bir Kamaz maşını da gətizdirib blokunun qarşısına tökdürə bilərdi. Deyirdilər, günün günorta çağı iyirmi dəqiqənin içində öz qapısının ağzında o boyda kərpicin yoxa çıxması sahə müvəkkili üçün tikilən torbaymış. Arif adamların dediyinə görə sahə müvəkkilində bir qırıq ağıl, bir tikə uzaqgörənlik olsaydı, gərək bu məsələni heç açıb ağartmaz, dilə-dişə salmazmış. – Yaxşı, bəs o kərpiçləri neylədin?- rəssam soruşanda Seyfəl: – Onları görəndə o rus qızı gəldi, durdu gözümün qabağında... Neyniyəcəm, mənə kərpicmi lazımıydı? Qonşuya verdim. Yeddi-səkkizini də bağa aparıb eşikdə kabab bişirmək üçün ocaq düzəltdim...

Dörd ay öncə iki bina burdan aralı, yenə də mayor rütbəli sahə müvəkkilinin ərazisində dörd mərtəbəli binanın üçüncü qatında baş verən və artıq sorağı bütün şəhərə yayılmış möhtəşəm olayın, onun ardınca da kərpic sirrinin açılmaması bu cantaraq kişinin kitabının biryolluq bağlanması deməkdi. Guya kərpicin müəmmalı şəkildə yoxa çıxması, elə dörd ay qabaq baş verən kriminal olayın davamıymış.

Həmin qonşu binanın üçüncü qatındakı dözülməz, birbaşa əsəbləri tarıma çəkən danqıltı, xırıltı, xırçıltı səs-küy eşidən sakinlərdən biri qapını açıb boylananda ilk öncə divara söykənmiş gözəlliyi göz qamaşdıran bir dəmir qapı görür. İncə naxışlı, qızılı boyalı o qapıdan çətinliklə gözünü çəkib sağa baxanda qapıbir qonşusunun toz-dumana bürünmüş qapısı üzərində işləyən əlləri əlcəkli, üzü maskalı iki kişidən birinin qaynaq elədiyini, ikincisinin laqondayla nəyisə kəsdiyini görür.

– Yorulmayasınız!- deyəndə ciddi işindən ayrılmayan qaynaqçı səsini çıxartmadan başını tərpətməklə minnətdarlığını bildirir. – Ay usta, bu ğözəl qapının qiyməti neçə olar?- qonşu soruşanda qaynaqçı yenə də işindən ayrılmadan çiynini atmaqla “bilmirəm” işarəsi verir. “Bəlkə sir verməyən bu üsta qonşumun qohumu... ya da etibarlı, sınanmış tanışıdır” düşünür, qaynağın işığından gözü qamaşdığından geri çəkilib qapını örtür.

Bir neçə gündən sonra ailəsiylə sanatoriyada dincəlib gümrah ovqatla qayıdan qonşu evindəki seyfin açıldığını, bir sözlə, başdan ayağa evinə süpürğə çəkildiyini görür...

***

Deyəsən, mövzudan gen düşdük. Söhbətimiz Seyfəl barədəydi axı. Seyfəlin dostu Fikrət Misirdə iki il tərcüməçi işləyib fil sümüyü rəngində “Qaz-24” maşınıyla qayıtmışdı. Gəldiyinin ikinci günü qohumlar, qonşular, bir də bu şəhərdə yeganə dostu Seyfəl (eyni binada yaşayırdılar) gəlib onu təbrik etmişdi. Təbrikə gələnlərin hamısının ürəyində gizli umacağı da vardı. O vaxtlar sovet adamının xaricdən gəlmiş hər hansı bir şeyə, hətta bükülmüş kağızında Türkiyə, İran, Bolqarıstan, İtaliya, Fransa sözü yazılmış konfet, saqqız da əziz, dəyərli nemət, göydəndüşmə bir təbərrik sayılırdı. Gəldiyinin ikinci günü Fikrətin Misirdən gətirdiyi firuzəyi rəngli təkərcikdən olan brüloku yoxa çıxdığından evlərində qanqaraçılıq idi. Dos-doğma ailə üzvlərinin hamısından şübhələnən Fikrət qabaqca bacısını, qardaşını sorğu-suala tutub əziz itiyinin onlarda olmadığına əmin olanda atası: – Əmioğlundan başqa kimdə ola bilər?- deyəndə elə bil Fikrət diksinərək yuxudan ayıldı. Rayondan gəlib Mərkəzi Komitədə şöbə müdiri işləyən əmisinin xidmət maşınını sürən, ailənin bütün bazarlığını edən, boş vaxtlarında bağlarında işləyən, bir sözlə, qonaq-qaralı bu evin üzüyola, bacarıqlı, səriştəli olduğundan hər işin öhdəsindən gələn... ancaq yeri düşəndə ələyriliyindən qalmayan əmisioğlu... İşlədiyi beş il ərzində ildə bir yol çırpışdırdığı şeylərin (gümüş siqaret qabı, narıncı billur vaz, qızıl suyuna çəkilmiş çəngəl dəsti, fransadan gətirilib əmisinə hədiyyə verilən yüksək zövqlə düzəldilmiş naxışlı əsa, fiqurları fil sümüyündən şahmat) elədiyi oğurluqlardan bəzilərinin üstü açılsa da, əmisinin dəfələrlə danlağına, öz atasının hədə - qorxusuna, bəzən lap kötəkləməsinə baxmayaraq əmisioğlu canına hopmuş vərdişindən əl çəkmirdi ki, çəkmirdi. Hind ustalarının sehrli əlindən çıxmış şahmat yoxa çıxanda əmisi onu qovur.

Bir həftəydi ailədə ancaq yoxa çıxmış brülok söhbəti gedirdi. “Əgər tapılmasa, bir sözdü deyirəm də, od vurub maşını yandıracam” Fikrətin bu sözünü ciddi qəbul eləməsələr də, ailənin bütün üzvləri - atası, anası, qardaşı, heç vaxt əmisi oğlunu saymayan, onunla salamlaşmayan əmiqızısı da ayrı-ayrılıqda oğurçu sürücüylə təkbətək görüşüb onu dilə tutaraq brüloku qaytarmasını tələb edir, sürücüsə həmişəkindən fərqli olaraq bu dəfə əmisinə də, əmiqızısına da yeni andla “Sənin əziz canın üçün mənim bürülokdan xəbərim yoxdu” desə də, kimdi ona inanan. Xəbər gedib rayona çatanda oğlanın atası həmin gün bir səbət mer-meyvəylə qardaşıgilə gəlir. Məhkəmə qurulur, atasının, əmisinin və bütün ailənin qarşısında səliqəli, geyimli-kecimli, qalstuklu sürücü yenə and-aman edib, “Quranı gətirin əlimi basıb and içim, brülokdan xəbərim yoxdur” deyəndə atası ailənin qarşısında oğluna yağlı bir şillə tutuzdurur. – Qardaş, aman günüdü, gədənin başını kəssən də uf demərəm. Bilərəm ki, əmisinin əlindəki küt-kor dəryaz deyil, almaz kimi iti bıçaqdı, ağrısı az olar. Türməlikdisə, özün öz əlinlə apar saldır içəri. Onsuz da hara getsə, harda işləsə, gec-tez tutub basacaqlar içəri. Özüm cəhənnəm, kimdi məni tanıyan, sənin adına-sanına söz gələcəyindən qorxuram. Hesab elə qapına bağladığın sülək ittir... Bir təhər yola verin...

Bir həftə ötəndən sonra yaşadıqları binanın qarşısında rastlaşanda Seyfəl: – Gəmilərinmi batıb, niyə qanın qaradı? – soruşdu, Fikrət brülok məsələsini dostuna danışanda Seyfəl – Məndədir,- deyir. Fikrət inanmır, qanıqara halda aralanıb getmək istəyəndə Seyfəl onun qolundan tutub bir sayaq zorla evlərinə aparır. Divara vurulmuş parıldayan çəkmə mıxından asılmış brüloku görəndə bir həftə öncə Seyfəlin onlara gəldiyi günü xatırlayır. Həmin gün qucaqlaşıb görüşəndən sonra masanın arxasında əyləşib çay içərkən Seyfəl ərkyana – Yaxşı, bəs mənə nə gətirmisən?- soruşanda Fikrət and-aman eləyib atasına, anasına, bacı-qardaşına da bir şey gətirmədiyini bildirir. – Ə, görmürsən, qarnım kürəyimə yapışıb. İki il ərzində gündə bir yol çörək yeyirdim ki, yığım maşın alım...

Seyfəl brüloku götürüb o üzünə, bu üzünə diqqətlə baxır, zincirini şəhadət barmağına keçirərək sağdan sola, soldan sağa hərləyə-hərləyə – Heç olmasa bunu bağışla mənə.- deyir. Simic dostu – Sənnən nə gizlədim, öz aramızda qalsın, bu sirri birinci ancaq sənə açıram, maşını satmaq fikrim var. Sən belə şeyləri mənnən də yaxşı bilirsən, bu brülok psixoloji baxımdan maşının dəyərini az da olsa artıra bilər... - söyləyir.

Fikrət əmisioğlunu görəndə şərləyib böhtan atdığına görə utana-utana, günahkarcasına ondan üzr istəyir. Əmisioğlu ya Fikrətin dediyini eşitmir, ya da günlərlə ellikcə onu oğurluqda suçladıqlarına, bəlkə oğurladığını yadından çıxartdığına inandığından, bəlkə də bir Allah bilir nəyə görəsə büzüşərək, sıxıla-sıxıla günahkarcasına:

– Əmoğlu, yaman xoşuma gəldi, götürdüm, ancaq Allaha and olsun, hara qoymuşam, neynəmişəm, yadıma salammıram ki, salammıram... - deyir.

***

Seyfəl Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin işlər üzrə gözü eynəkli, dazbaş şöbə müdirinin (komitənin işçiləri, ştatlı və ştatdan kənar jurnalistlərin hamısı iri, qırmızı, sallaq dodaq, qalın şüşəli gözlüyünün üstündən adama sirayətedici və zəndlə baxan kişini KQB-nin adamı bildiyindən hamının ondan zəhləsi gedir, ehtiyat edirdi) geniş kabinetinə girib salam verəndə o, nə salam aldı, nə də başını qaldırıb gələnə baxdı. Seyfəl yaxınlaşıb onun qarşısında dayandı, ani sükutdan sonra:

– Zeynal müəllim, dördüncü dəfədi gəlirəm... vəsiqə məsələsinə görə...- dedi. Kişi vərəqdən gözünü çəkmədən qarşısında sırayla düzülmüş kreslolara əlini tuşlayaraq əyləş işarəsi verdi. Seyfəl onun düz qarşısında deyil, azca aralıda masanın üstündə içərisi siqaret kötükləriylə dolu qoşa əlin ovcu boyda, qıraqları qayadan aşıb tökülən su pərdəsitəkin əyili, içdən və çöldən İlahidən incə xətlərlə naxışlanmış açıq sumağıya çalan balıqqulağından olan külqabını görəndə “Bu, əsl akvarium üçün yaranıb. Gözəlliyi bir yana, yenicə doğulmuş balalarını öz anası yeməməsi üçün... yan-yörəsinə də xırda daşlar düzsəm gizlənərlər...” fikrindən keçdi, külqabıya yaxın əyləşdi. Bu vaxt işlər müdiri sola çevrilib səliqəylə üst-üstə çinlənmiş qovluqlardan birini götürüb qarşısına qoydu, bağını açaraq vərəqdən birini götürüb gözünə yaxınlaşdırdı, qocanın başı vərəqin arxasında qalanda çənəsi sol əlinə söykəli Seyfəl masanın üstüylə dirsəyini sürüşdürərək külqabının qarşısını kəsdi. Şöbə müdiri vərəqi götürdüyü yerinə qoyub qovluğun bağına düyün vuraraq qaldırıb yenidən qovluqların üstünə qoydu, irəli-geri, sağa-sola itələyib yerində səliqəli oturmasına səy göstərdi. Bu anlar Seyfəl də sol qoluyla kül qabını sezilməz ustalıqla yavaş-yavaş ehtiyatla özünə sarı sürüşdürdü. İşlər müdiri yana çevrilib siyirməni çəkərək vəsiqələrdən birini götürəndə Seyfəl sağ əlini uzadıb masanın qırağına çatmış kül qabını ehmalca götürüb pencəyinin sağ cibinə saldı. “birdən siqaretlərdən sönməmişi olar?..” fikri ağlından keçdi. İşlər müdiri ilk dəfə başını qaldırıb gözlüyünün üstündən nüfuzedici və zəndlə Seyfələ baxa-baxa qaldı, hannan-hana:

– Adın, soyadın?- soruşdu. – Seyfəl Qaraqaşlı... – Bıyy, Qafur Qaraqaşlının oğlu sənmisən?- müdir heyrətlə soruşanda Seyfəl orta məktəb şagirdi kimi əllərini masanın üstünə qoyub “guya bu vaxtacan məni tanımırdın...” bəli dedi. İşlər müdiri həyəcan içində – Boynuma alıram, Qafur müəllimin musiqisini başa düşməsəm də o, xalqımızın fəxridi, millətimizin başnı dünyada uca edən yeğanə şəxsiyyətdir,- deyib yenidən siyirmənı özünə sarı çəkdi, əlindəki bəd rəngli vəsiqəni siyirməyə qoyub sözünə davam elədi – Sənə al qırmızısını verəcəm.- dedi, əlini qələmdana uzadıb özünə sarı çəkdi, müxtəlif çeşidli rəngbərəng qələmləri tələsmədən barmağıyla araladı, nəhayyət, birini götürüb qabaqca balaca ağ vərəqin üstündə iki yol imzasını atdı, sonra imzasının üstünü xətləyib qaraladı. – İndi yazmaq olar, - deyib vəsiqənin üstünə əyildi, başını qaldırmadan – Sizinki musiqi verilişləri redaksiyasıdır, eləmi? Seyfəl sakitcə bəli dedi. “Qocada yaddaşa bax e, hansı redaksiyada işlədiyimi də bilir” Müdir gözəl xəttlə, bəlkə həm də sevgiylə vəsiqəni yazıb doldurdu. Yenə siyirməni açıb möhürü çıxartdı, bayaq imzalayıb üstünü xətlədiyi kağıza möhürü basdı, sonra ağzına yaxınlaşdıraraq hovxurduğu möhürü ehtiyatla şəkilin qırağına basaraq gücü gəldikcə sıxdı. Möhürdən hələ də əlini çəkmədən başını qaldırıb – Atan Leninqraddan bu günmü qayıdır? ­– Bəli.- Seyfəl qısaca cavab verdi. “Hər şeydən xəbərdardı. Yüz faiz KQB-nin adamıdır” Müdir vəsiqəni götürüb gözünə yaxınlaşdırdı, – Əla!- deyib masanın üstünə qoydu – Bircə dəyqə gözləyək qurusun. Suçəkənlə qurudanda yazılar solğun düşür... Yaman isti oldu,- deyib ayağa qalxdı, iri addımlarla irəliləyib pəncərəni açdı. Asta-asta geri qayıdıb vəsiqəni götürdü, – Hər ehtimala qarşı...- deyib vəsiqənin arasına bir parça ağ kağız qoydu, Seyfələ uzadaraq – Xeyirli olsun.- söylədi.

Seyfəl qapıdan çıxcaq yeyin, iri addımlarla üzüaşağı irəlilədi. “Yəqin milisə zəng edib saxlatdıracaq. Onda hasardan aşım xiyabana”. Onmu-on beşmi addım atmışdı, xoşagəlməz-cır səslə adını eşitsə də dayanmadı, gedə-gedə geriyə çevriləndə qapının ağzında dayanmış işlər müdirini gördü, bic-bic gülümsünür, dayanmadan əli və başının işarəsiylə onu geri çağırırdı. Elə bil Seyfəli ildırım vurdu, bir an donub yerində qaldı. “Alçağın biri, görübmüş, məni sındırmaq, alçaltmaq, diliqısa, gözükölgəli... məhv etmək üçün, öz sukasına çevirmək... bütün komitə biləcək, bütün şəhərə yayılacaq... atamın simsarı, doğmalarından biri ehtiyatla ona xəbər verəcək. Qafur Qoşqarlının oğlu külqabı oğurçusu...” Seyfəl qaçıb aradan çıxmaq istədi, ancaq anladı ki, qaçıb aradan çıxması biabırçılaqdan xilas yolu deyil. Bir yandan da işlər müdirinin gülə-gülə (həmin an onun gülüşündə doğmalıq hiss elədi) dayanmadan israrla çağırması onu qaçmağa qoymadı. Geri dönüb ağır-ağır addımlamağa başladı, elə bil hər ayağına bir dəyirman daşı bağlanmışdı. Sağ ayağını hər dəfə irəli atanda pencəyinin cibindəki külqabı qıçına toxunaraq onu daha da sarsıdırdı. “Yalvarımmı... Bahalı hədiyə alacağıma and içim...” Qapıya çatmağına üç-dörd addım qalmış işlər müdiri əlini ona sarı uzadanda, az qaldı Seyfəlin dizləri qatlansın – A bala, pulunu vermədin axı?..

Qəpiyi olmadığına görə bir rubl verib geri dönərək daha yeyin-yeyin addımlayıb bayaq qayıtdığı yeri yenicə ötmüşdü ki, yenə onun sarsıdıcı, iliyə işləyən səsini eşitdi. “İşim bitdi. Əclaf... Əzab vermək üçün qəsdən məsələni uzadır. Sadist köpəyoğlu. Dəli şeytan deyir çıxart vur təpəsinə... Qoca kaftar...” Rəngi ağarmış Seyfəl ona çatanda işlər müdiri – Zdaçını(qalığını) götür... - dedi.

Məsələnin ən maraqlı tərəfindən biri bu idi ki, hər bir işini üfürə-üfürə, çox ehtiyatla görən işlər müdiri son bir həftə ərzində vəsiqə payladığı adamlardan yanına çağırıb sorğu-suala tutmadığı bir adam qalmışdısa, o da yalnız Seyfəliydi.

***

Seyfəl külqabı əhvalatını danışanda qoca rəssamın üz-gözündəki müəmmalı çaşqınlığı, heyrəti görəndə zarafatlamı, yoxsa ciddimi, ancaq gülə-gülə dediyi “baxıram, görüm sənin studiyandan bir şey əkişdirə bilərəmmi...” sözlərdən sonra rəssam hər dəfə açar salıb qapısını açanda “studiya” sözünü xatırlayaraq içində xoş duyğu yaranırdı. Ancaq onun bəbəklərində civə kimi oynayan gözlərini, iki-üç balasından sonra doğduğu balalarını yeməməsi üçün Seyfəl ana balığı akvariumdan çıxarıb vannaya salaraq lezvayla qarnını qəddarcasına yardığını, kəsilmiş yerin hər iki yanından basdığını, balaların pırtlayıb çıxdığı səhnəni görübmüş kimi xatırlayanda... “əkişdirə bilərəmmi” sözündən sonra Seyfəl hər dəfə gözlənilmədən qapını açıb emalatxanaya girəndə otağın havasının sıxıldığını duyan rəssama elə gəlirdi, onu elə bil rezin torbaya salıb sıxırlar.

Əvvəllər emalatxanasının qapısını bağlamadan yeddinci qatdan arın-arxayın enib birinci mərtəbədə olan bufetdən su, qoğal, günəbaxan tumu, yaxud kolbas, sosisk alır, bəzən sıraya durub gecikəndə belə, tələsmədən qayıdırdısa, Seyfəlin zarafatla, yoxsa ciddimi söylədiyi “əkişdirə bilərəmmi” o sözdən sonra eyni mərtəbədə üç qapı aralıda tualetə sarı addımlayanda belə, otağının qapısını bağlayıb gedirdi. Bir dəfə fasilə vaxtı birinci mərtəbənin bufetində iki sardelinin qazanda pörttəməsini gözləyəndə birdən rəssama elə gəldi emalatxanasının qapısını bağlamayıb. O vədə idi ki, bufetçi qazanın qapağını qaldıraraq qaşıqla sardelləri o yana, bu yana çevirərək “hazırdı, bu dəyqə...” deyib çıxartmaq istəyəndə, rəssam “gəlirəm” deyib yaşına uymayan qaçışla başılovlu özünü liftə yetirdi. Otağına girib həyəcan-təlaş içində divara vurulmuş tabloları gözdən keçirdi, arxadan qapını bağlayıb küncdəki sırayla yığılı tabloları saydı, iyirmi altı. Biri artıq çıxmışdı. “həyəcanlıyam, tələsdiyimdən düz saymadım.” İkinci dəfə sayandasa biri əskik oldu-iyirmi dörd. Rəssamı tər basdı, o tabloları divarboyu yanbayan düzərək, iki dəfə sayandan sonra arxayınlıqla dərindən nəfəs alıb köks ötürdü.

İstər mobil, istərsə şəhər telefonu zəng çalanda, emalatxanasına qız-oğlan, yaxud qadın- kişi daxil olanda... nahar vaxtı rəssam yeməyə başlayanda Seyfəl dərhal otağı sakitcə tərk edəndə “yüksək mədəniyyətli, etikalı adamdı” rəssam düşünürdü. Masa üstündəki dərin, enli gümüş vaz ilboyu meyvəylə dolu olurdu. Bəzən az qala yalvar-yaxar edib onu yenicə çıxmış nübar çiyələk, gilas, ərik, üzüm, incirə... ürəkdən təklif edəndə Seyfəlin heç olmasa, bircə dənəsini də dilinə vurmaması, yaxud həmişə əlində bir stəkan çay və bircə konfetlə emalatxanaya girməsi rəssamı narahat edirdi. “Qürurlu, gözütox olduğunu nümayiş etdirir” Nahar edəndə gözlənilmədən gəlmiş qonağı, bəzən yaşca onlar-qız, yaxud oğlan olsun, rəssamdan iyirmi beş-otuz yaş balaca olsa da yemək qurtarandan sonra qab-qacağı, içdikləri çay stəkanını, qəhvə fincanını yumadan, süfrəni yığışdırmaqda qoca sənətçiyə kömək etmədən çıxıb gedirdilər. Ancaq tanışlıqları ərzində rəssamın israrlı təklifindən boyun qaçıra bilməyən Seyfəl bircə yol onunla çay süfrəsi arxasında əyləşmişdi, qonaqlıq qurtarcaq o, dərhal ayağa qalxaraq stəkan-nəlbəkiləri götürüb (bu anlar Seyfəlin əlləri, qolları, ayaqları, gövdəsi rəssama həmişəkindən nəhəng göründüyündən o özünü narahat hiss etmişdi) yumağa aparmışdı. “Gec də olsa, mənə indi aydın oldu... ikicə gün sonra evlərindən qazanda gətirdiyi döşəmə plov, qapağını açcaq xoş qoxusu emalatxananı bürüdü, zoğal arağı, barmaq boyda xiyar turşuları, göyəm kampotu, iştah açan göy-göyərtisiylə bircə yol oturub içdiyi iki stəkan çayımın əvəzini ödəyirmiş ki, mənə borclu qalmasın, əsəri əkişdirəndə vicdanı ağrımasın...”

Bir gün səhər tezdən rəssam otağının qapısını açıb içəri girəndə pəncərənin açıq olduğunu görüb bərk narahat oldu. Nə qədər baş sındırsa da dünən pəncərəni açıb-açmadığını yadına salammadı. “Dünən hava küləkliydi. Deməli, mən açmamışam. Birdən Seyfəl açmış olar... Açar, açar, o nəyi bacarmır ki... Dünən burdaydı. Pəncərənin örtülü olması məni arxayın salıb. Görünür, başım çəkməyə qarışanda işgilini (rəzəsini) ehmalca –səssizcə qaldırıbmış. Çöldən itələcək açılıb. Onun əlindən hər şey gəlir. İstəsə o, nəhəng bədəniylə uçub pəncərəyə qona bilər, istəsə, lap yerdən qolunu uzun-uzun uzadıb beşinci qatda pəncərəni itələyib açar...”

İllər öncə işlədiyi idarədə bir şöbə müdirinin başı üstündə respublikanın ən məşhur portret ustasının yağlı boyayla çəkdiyi atasının portreti Seyfəlin çox xoşuna gəlir. Şöbə müdirinə “Onsuz da sən ona baxıb doymusan, fikir vermişəm, yanına da ayda-ildə bir adam gələ gəlməyə. Gələn olsa da sənin zəhmin elə ağırdı, adam sıxılıb qorxduğundan başını qaldırıb yuxarı baxa bilmir... Ona görə ver aparım evimizdən asım” deyir. Şöbə müdiri razılaşmayanda “onda heç olmasa, bircə aylığına ver, yerinə o ölçüdə bir gözəl mənzərə də alıb gətirərəm” desə də şöbə müdiri – İdarənin inventarıdı, mümkün olan iş deyil...- cavab verir. Günlərin bir günü Seyfəl, həmin portreti (metrin səksən sm ölçülü) divardan necə endirib selofan torbaya yerləşdirir, dəhlizdəki kameradan necə yayındırır, fasilə vaxtı adamsız qalmış boş otaqların pəncərəsindən iplə sallayaraq binanın arxa tərəfində gözləyən dostuna necə çatdırırsa, o boyda müəsissənin üçüncü qatındakı qırx yeddi işçidən biri də görə bilmir. On gündən çox, tablonun boş qalmış yerindən kimsənin xəbəri olmur. Şöbə müdiri biləndə qabaqca şirin dilini işə salaraq yalvarır, bir şey əldə edə bilməyəndə hədəyə keçir “Atanın adına-sanına xələl gəlməmiş... Mən rəva bilmərəm Qaraqaşlının oğlunun adı cəmiyyətdə oğru kimi dilə-dişə düşsün... heç kimə deməmişəm, xahiş edirəm, gətir sakitcə asaq yerinə” deyəndə Seyfəl bic-bic qımışaraq – Mən düz beş ay yalvardım, sən eşitmədin. Beş ay da sən yalvar, sonrasına baxarıq- deyəndə şöbə müdiri birdən ciddiləşərək – Sən öz atana, özünə hörmət eləmiyəndən sonra... onda məndən incimə, bu dəyqə milis çağıraçam...- söyləyəndə – Sən də gərək məndən inciməyəsən. O boyda nüfuzlu kişinin portretini mənə beş yüz rubla satdın. Heç olmasa beş min istəsəydin, mənə o qədər yer eləməzdi. Bilirsən latış kolleksioneri məndən neçəyə aldı, düz iyirmi beş min rubla. Yerini bildin, gedin otuz-otuz beş min verib geri alın gətirin.- deyəndə şöbə müdirinin rəngi saralıb nitqi tutulduğundan bir söz deyə bilmir.

Qoca rəssam yenə divardakı tabloları ani gözdən keçirdi. Hamısı yerindəydi. Ancaq o, iriölçülü, (metryarımın bir iyirmi ölçülü) “Banan Məmləkəti” adlı tablosundan çox ehtiyat edirdi. Əsərlərinin içində Seyfəlin bu işi çox bəyəndiyini bilirdi. Həmin çoxfiqurlu əsəri diqqətlə gözdən keçirən Seyfəlin həyəcanla dediyi “Ustad, bu əsərin ç o o o x gözəldi. Adı da çox uğurlu tapılıb. Bu ad əsərin açarıdı, işin səviyyəsini, dəyərini qat-qat qaldırır,” sözlər bu səfər onun içini daladığından, qorxuyla xatırladı. “Oğurlamağı cəhənnəm... kiməsə satıb eləsə, heç olmasa əsərin adını deməyəydi. Yalvarıb geri istəsəm, götürdüyünü boynuna almayacaq. Özündə saxlasaydı, dərd yarıydı. Kiməsə “bağışlasa” heç olmasa, adını deməyəydi. Deyim, aman günüdür, əlli-ayaqlı itirərlər məni. Özüm cəhənnəm... gücü tükənmiş, ruhu ölmüş qocadan innən belə kim çəkinər... Uşaqları zaval tutacaq. Seyfəl də ki macəralar aşiqidi, bazıdı. Dünyasını dəyışmiş o boyda sanballı doğmaca atasının sirrini gülə-gülə, məzəkəylə, ləzzətlə mənə danışan adam, mənimmi taleyimi düşünəcək... Neçə vaxtdan sonra mənim başıma gətirdiyi əhvalatın üstünə beşini də artırıb ləzzətlə, nəşəylə kiməsə danışacaq...”

Divara söykəli “Banan Məmləkəti” əsərinin arxasınca rəssam iyirmi dörd tablo düzmüşdü. Ard-arda qoyduğu işlərinin hamısına baxmağa bu səfər rəssamın hövsələsi çatmadı. Divara söykəli tablonu çətinliklə geriyə dartıb baxanda başqa əsərini görüb sarsıldı. “Bəlkə ortaya qoymuşam...” tabloları yenə divarboyu yan-yana düzmək qərarına gəldi. Birinci işini götürüb qırağa qoydu, ikincini çevirib baxanda üstündə əsdiyi əsərini görüb nisbətən sakitləşdi. Bir an sonra “Axı onu divara söykəmişdim, özü də üzü divara sarı. Yüz faiz, yerini o dəyişib. Əməliyyatının başlanğıcıdı. İkinci etapda əliylə qoyduğu yerdən vaxt itirmədən çalıb aradan çıxacaq...”

Rəssam iyirmi yeddi il çalışdığı emalatxanasına birinci dəfə ayaq basırmış kimi otağı gözdən keçirdi. Tablonu gizlətmək üçün bapbalaca otağında, indi otaq ona həmişəkindən də balaca göründü, bir yer ağlına gəlmədi. “Bəlkə pəncərənin pərdəsinin arxasına, üzü otağa sarı... Küçədən arxa üzünü də görçək, dərhal tanıyacaq...” Ğözü az qala tavana çatan dolaba sataşanda “Tapdım!” sevindi. Tez stulu gətirib dolabın qarşısına qoydu. Iri mismarı divar tərəfdən dolabın başına çaldı. İpə bağladığı tablonu divarboyu sallayaraq, ipin ilgəyini mismara keçirdi. Birdən günlərin bir günü yenə də “sən Allah, qoy əsərə bir də baxaq” desə, (bu vaxtacan Seyfəlin özü üç dəfə həmin işi tabloların arasından ehtiyatla çıxarıb diqqətlə, bəlkə biraz da heyranlıqla baxandan sonra yenə də çox səliqəylə götürdüyü yerə qoymuşdu.) evə aparmışam deyərəm.

***

Yeddinci günüydü rəssam emalatxanasına gəlib iki metrin bir səksən ölçüdə olan ağappaq kətanın qarşısında dayanıb saatlarla baxsa da, qara boyaya batırdığı fırçasını (qabaqkı günlər fırçasını başqa rənglərə batırmışdı) kətana çəkməyə nə cürəti çatır, nə də hardan başlayıb nə çəkəcəyini yadına salammırdı ki, salammırdı. Birdən ona elə gəldi uzun, sallaq qollu, iri başlı, gözləri qıvıl-qıvıl oynayan, ayaqları vəl taxtası boyda olan sehrbaz, fokusçu Seyfəl onun başının içində busa-busa, əyilib sinə-sinə gəzişir. Hirsindənmi, həyəçan-qorxudanmı fırçanı döşəməyə atdı. Palitrasına yaxdığı, artıq qurumaqda olan boyaları balaca malasıyla əsəbi-əsəbi qaşıyıb plastik təknəyə tökdü. Bir həftə öncə Seyfəlin heyrətlə söylədiyi “Əla! Danışdıqlarını dediyin kimi çəkə bilsən, çəkəcəyinə də inanıram! Məncə bu monumental işin “Banan Məmləkəti” əsərini geridə qoyacaq. Dünyada məşhurlaşacaqsan. Ancaq bu əsərinə görə başın ağrıya bilər. Şahidlik elədiyimə görə elə mənim də...” sözləri birdən xatırladı.

Rəssamın qəribə xasiyyəti vardı. Yaradacağı əsərin mövzusunu-ideyasını qabaqcadan kiməsə söyləmək adətiydi. Bu adətindən əl çəkməyi dəfələrlə özünə söz versə də bacarmırdı. Neft mövzusunda yaratmaq istədiyi sonuncu monumental əsərinin ən incə detalınacan Seyfələ söyləyəndə, onun üzündəki anbaan dəyişən- sevincdən paxıllığa, paxıllıqdan qorxuya, qorxudan tərəddüdə keçən anlaşılmaz, müəmmalı cizgilər gözünün qarşısında canlandı. Həmin an Seyfəlin başqa vaxt dediyi “ən yaxşı əsərini oğurlayacam” sözlərini xatırladı. “Vicdansız cadugər! Monumental “Neftin ağrısı” əsərimi başımdan, ağlımdan oğurlayıb... Qələt eliyib deyirlər dahilərin övladı debil olur. Bu yaramaz atasından da böyük talantdı. Səpələnmiş istedadını, bacarığını bir səmtə yönəltsəydi, korifey kimi tarixə düşərdi...”

O, masanın üstündən götürdüyü ülgüc kimi iti dəftərxana bıçağıyla bəyaz kətanı (ona elə gəlirdi həm də Seyfəli) doğrayıb şırıx-şırıx elədi, bıçağı da palitradan qaşıyıb tökdüyü boyaların üstünə atdı, yorğun-yorğun, titrəyə-titrəyə əlləri əsə-əsə, addımlayıb boşalmış torba kimi köhnə kreslosuna çökdü.

Təknəyə tökülmüş tel-tel qızılı qarğıdalı saçağına, qıvrım-qıvrım yaş ağac yonqarına, maqnitə suvaşmış bərq vuran dəmir qırıntılarına bənzər onlarla boya və onların çalarına, bəlkə də dəftərxana bıçağından əks olunan kor parıltıya rəssamın gözü sataşanda neçə gün öncə məhz Seyfəlin zümzüməylə, sonrasa fitlə çaldığı “Şur” muğam ailəsindən olan “Arazbarı” qabaqca qulağında səsləndi, bircə an sonra o həzin, ecazkar, lirik musiqinin şəkli bütün rəngləri, boya çalarlarıyla gözünün qabağında zühur elədi. Onun boşalmış varlığı, ruhu tarıma çəkilmiş tar-kaman simi kimi kökləndi. Gəncliyə xas şövqlə ayağa qalxaraq qapıya yaxınlaşıb işgili-rəzəni vurdu. “Mən də “Arazbarı”nı çəkim, gəl gör nəyə qadirəm. Bir həftə, bir ay... iş bitənəcən səni “studiyama” buraxdı yoxdu...” Həvəslə qayıdıb ağ, qırmızı, sarı, qara, mavi, göy... boya məcunlarını palitrasına sıxdı, ağardılmış hazır kətanı gətirib molbertinə yerləşdirdi. Yüksək ovqatla əllərini bir-birinə sürtüb fırçanı əlinə aldı...

Sentyabr, 2017

# 1624 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #