Yazıçılar ilk qonorarlarını nəyə xərcləyiblər? – SORĞU

Yazıçılar ilk qonorarlarını nəyə xərcləyiblər? – <span style="color:red;">SORĞU
25 fevral 2016
# 12:57

Yazıçılar, şairlər birinci dəfə çap olunduqları qəzet və jurnalı xatirələrinin bir köşəsində daim saxlayırlar. Onların ilk dəfə yazılarına görə aldıqları qonorar sonrakılardan fərqlənir, həmişə bu xatirəni paylaşırlar. İlk qonorar ilk məhəbbət kimi heç vaxt unudulmur.

Bəs bizim yazıçılarımız ilk dəfə aldıqları qonorarı nəyə xərcləyiblər? Bu xatirə onların həyatında necə bir yer tutur?

Kulis bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Nəriman Həsənzadə: “Doğrusu, ilk qonorar aldığım günü təfərrüatı ilə xatırlamıram. Mən birinci dəfə maaşı Azərbaycan Radiosundan almışdım. 120 manat idi, səhv eləmirəmsə. O vaxt üçün yaxşı pul idi. İlk qonorarımdan isə bircə o yadımdadır ki, aparıb anama verdim. Gəncədə hansısa qəzetdə şeirim çıxmışdı. Anam da dedi ki, apar bunu kimdən alıbsansa qaytar. O inanmamışdı mənim şeirə görə qonorar aldığımı. Elə bilmişdi, kimsə verib. Ona görə deyirdi, həmişə halal pul qazan. Başa sala bilməmişdim ki, bu da halal puldu, şeirimə görə almışam. Bir də yadımda qonorarla bağlı bir xatirə var. “Azərbaycan” jurnalında “Dağlar qızı” poemam çıxmışdı. Onda mən əsgərlikdə idim, qonorarı poçtla xidmət elədiyim yerə göndərmişdilər. Xeyli də pul idi. Komandir əlimdən almışdı ki, əsgərə bu qədər pul olmaz.”

Seyran Səxavət: “Mən ilk qonorarımı 1962-ci ildə, 16 yaşımda “Qızıl Araz” qəzetində çap olunan “İki arzu” şeirimə görə almışdım. Məktəbdə oxuyurdum. İndiki kimi yadımdadır, 1 manat 80 qəpik almışdım. O vaxtlar kəndə dondurma gətirmirdilər. Ancaq şəhərdə tapmaq olurdu, o da çox çətin. Qonorarımı aldığım gün şəhərə getdim. Bir də gördüm ki, dondurma maşını dayanıb qabağında bir xeyli adam, əməlli-başlı basabas düşmüşdü. Mən də özümü verdim ora. Aldığım qonorara 9 dənə dondurma aldım. Özü də o qədər ləzzətli idi ki, hamısını yedim. Ondan sonra boğazım ağrıdı, qızdırmam çıxdı, xəstələndim, yorğan-döşəyə düşdüm, bir həftə məktəbə gedə bilmədim.”

Səfər Alışarlı: “İlk qonorarımı Naxçıvanın ”Şərq qapısı” qəzetindən almışam. Moskvada oxuyurdum, I kursda. Bir, ya iki məqaləyə görə təqribən 30 manata qədər pul göndərmişdilər mənə. O vaxt bir aylıq tələbə təqaüdü 40 manat idi. Başqa bir müqayisə kimi deyə bilərəm ki, hər səhər yataqxananın poçt stolu üzərində rus tələbələrə müxtəlif əyalət qəzetlərindən adətən 2, 3, 5 manat (əlavə qəpiyi ilə) qonorar gəldiyini də görürdük. O pulu nəyə xərclədiyim yadımda deyil, çünki rəhmətlik atam məni heç zaman pulsuz qoymurdu. Amma yeri gəlmişkən, bununla bağlı başqa bir məsələni qeyd etmək istərdim. Moskvada oxuduğum 5 il ərzində mən mütəmadi olaraq “Şərq qapısı” və bu qəzetin rusca variantı olan “Sovetskaya Naxiçevan”da çap olunan oçerk və məqalələrimə görə qonorar almışam. Buna görə qəzetin o vaxtkı baş redaktoru Sənubər Kərimovaya təşəkkürümü bildirmək istəyirəm. Eləcə də redaksiyada mənə və digər gənc qələm sahiblərinə himayəçilik etdiklərinə görə mərhum şair Hüseyn Razinin ruhuna rəhmət diləyir və görkəmli folklorşünas Əli Şamili böyük minnətdarlıq hissi ilə anıram. Peşəkar yazıçı olmaq və bütün həyatını yazılarına verilən pulun üzərində qurmaq istəyən Ədəbiyyat İnstitutu tələbələri üçün qonorar çox böyük maddi və mənəvi önəm daşıyırdı. O pulu yeyib-içməyə, əylənməyə xərcləmək bütün başqa pulları xərcləməkdən fərqli idi, əlbəttə.”

Zahid Sarıtorpaq: “11 yaşım vardı. 1968-ci ildə Şamaxıda “Yeni Şirvan” qəzetində şeirim çap olunmuşdu. Səhv eləmirəmsə, altı ya səkkiz misralıq balaca bir şeir idi. Hə, çap olunmağımdan təxminən iyirmi gün keçmişdi. Evə gələndə dedilər ki, qəbz gəlib, gedib pul götürməlisən. Mənə qəribə gəldi: nə pulu axı. Gedib poçtdan pulu götürdüm. Dəqiq yadımda deyil, amma o vaxtın pulu ilə 4 manat 60 qəpik idi deyəsən. Mənim üçün bu çox böyük pul idi. Çünki məktəbə gedəndə kökə üçün 20 qəpik filan verirdilər, vəssalam. Bu pul isə əsl sərvət idi, mənə görə. Qonorarı alanda yəqin ki, kinoya gedərdim. O vaxt kino həvəskarı idim. Qalan pula da limonad filan alardım.”

# 1122 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #