Yalançı seyidin ahı çayxana sahibini niyə tutdu? HEKAYƏ

Yalançı seyidin ahı çayxana sahibini niyə tutdu? HEKAYƏ
8 sentyabr 2015
# 20:00

Samir Sarı

Qonşum Mirzəkinin bir xasiyyəti var: heç vaxt uzaq yola tək çıxmaz və hamıya da bunu tövsiyə edər, deyər, əgər rayondan rayona gedirsinizsə, mütləq özünüzlə qohum-əqrəbadan, qonşudan, iş yoldaşlarından-filandan birini götürün.

Mirzəki bunu əsasən öz avtomobili ilə uzaq yola çıxanlara deyir, avtobusla, qatarla gedənlərlə işi yoxdur. O özü də bu prinsipə həmişə riayət edir. Kim ona desə ki, seyid, filan rayona dəyib qayıtmaq lazımdır, bir kəlmə demədən adama qoşulub gedir.

Ona görə də qonşuluqda, iş yerində heç kəs bir günlük səfərlərində ona yol yoldaşı olmağa etiraz etmir. Mirzəki də maraqlı, səmimi, deyib-gülən, oxumuş-gəzmiş adamdır, onunla yol yoldaşı olmaq ləzzətli işdir.

Şənbə günü axşam idi, Mirzəki ilə həyətdə qarşılaşdıq, hal-xoş elədik, ənənəvi mükalimədən sonra dedi ki, qonşu, sabah ikilikdə Gəncəyə gedə bilərikmi? Ta soruşmadım niyə. Birincisi, adi bir “Niyə?” səfərdən boyun qaçırmağa bəhanə axtarışı kimi çıxardı, ikincisi, onun oğlu Elmirin Gəncədəki “N” saylı hərbi hissədə xidmətdə olduğunu bilirdim, yəqin ki, oğlunun yanına getmək istəyirdi. Dedim, gedə bilərik.

Mirzəki səfərin məqsədini dedi, təxmin etdiyim kimiydi. Ardınca qonşum əlavə etdi ki, sabah tezdən çıxarıq, elə bu vaxtlar da qayıdıb gələrik. “Cəddin köməyimiz olsun” dedim, Mirzəki güldü.

Onun öz cəddi, yəni əcdadları ilə bağlı səmimi və baməzə söhbəti var, azı yeddi dəfə mənə də danışıb. Mirzəki seyidliyi ilə bağlı kompleks yiyəsi deyil, nə seyidliyini özünə üstünlük kimi qəbul edər, nə də bunu özü üçün boxova çevirib yeyib-içməyindən də qalar. Qonşular əmin idilər ki, Mirzəki uzun müddət Rusiyada yaşadığından seyidliyini soyuq rus qışına, konkret olaraq, spirtli içkilərə qurban verib gəlib. Ancaq məsələ elə deyildi. Mirzəki içməyinə içirdi, amma həm tez-tez içmirdi, həm də tuluğunu doldurmurdu. Olardı, hərdən çöldə-bayırda, toyda-nişanda, “Mən bir əlli atım, kefimə düşüb” deyərdi. 50 dönüb 100 olardı, 100 artıb 200 olardı, amma Mirzəki heç vaxt açarını itirəcək qədər işməzdi. Kimsə ona “Az iç” tövsiyəsi verəndə, cibindən maşınının açarını çıxarıb göstərər, deyərdi: “Hələ açarım itirməmişəm”.

Mən bir dəfə ona dedim ki, seyid adamsan, sən içməməlisən. Birinci dəfə məhz onda Mirzəki dedi:

- Qonşu, biləsən ki, mən kitayski seyidəm. Mənim Qulaməli adlı moşennik babam olub, yəni ulu babam. O vaxt, yüz il əvvəl kəndin ərbabıyla babamın sözü çəpləşib, tutub pazlayacaqlarmış, qaçıb keçib Arazın bu tayına, görüb başını dolandıra bilmir, deyib, seyidəm. İşləri başlayıb yaxşı getməyə. Evlənib, oğlan övladlarının hamısının adını Miryəhya, Mirzəki, Mirkazım, Mirbağır qoyub. Mənim babam Mirzəki də öz övladlarının adına Mir qoşub, sonra atam da onun adını mənə qoyub, beləcə olmuşuq seyid nəsli. Amma Qulaməli babam axır nəfəsində bu sirri açıb övladlarına danışıb, deyib, gedin ömrü boyu yeyin, dehqan Qulaməli sizi seyid nəslinə caladı, ömürlük çörəyiniz olacaq.

Mirzəki bunu danışıb gülərdi. Sırf adındakı “mir”ə görə ona hörmət edənlər də vardı. Amma o özü oğlunun adının qarşısında “mir” yazdırmamışdı, söz düşəndə deyirdi, oğlumun da “mir”i var, amma titul deyil. Bəzi adamlar Mirzəkinin araq içdiyini ilk dəfə görəndə öncə şaşırıb qalırdılar, sonra qəbul edirdilər ki, seyid içəndə daha xoşqılıq və mehriban olur. Bu xüsusda məhəlləmizdə zarafatlar da vardı. Bir də görərdin, kafe-kababxananın yanından keçəndə köhnə curları Mirzəkini çağırırlar: “Seyid, sən cəddin, gəl bir əlli qram araq iç, sənsiz içilən araq halal olmaz”. O da bəzən ofisiantlara belə deyirdi: “Bax, sən cəddim, mənə təmiz araq ver, ağır seyidəm, girdirmə araq verərsən, nəfəsim səni vurar”.

Baməzə söhbətlər eləyə-eləyə Gəncə yolunu yarı eləmişdik, saat 10 radələriydi, Mirzəki yol qırağındakı nişanda çəngəl-bıçaq rəsminə işarə edərək dedi ki, dönək bir qismət çörək yeyək, çay içək.

Döndük. Ağacların kölgəsində bir masada oturduq, çay istədik. Pavilyon-çayxananın təhər-tövrünü, səhər çağı olmasını nəzərə alaraq qərar verdik ki, yeməyi burda yeməyək, çataq, Gəncədə yeyərik. Çayçıda bizdən başqa da 5-6 adam var idi. Yerli adamlar idi, bir kənarda oturub zarafatlaşırdılar.

Çayımızı içdik, ayağa qalxanda mobil telefonunu götürmək istəyən Mirzəkinin əli toxundu, stəkan masanın üstündən plitə döşəməyə düşüb çilikləndi. Çay gətirən oğlan da, kənardakılar da sınan stəkanın səsinə dönüb baxdılar. Amma heç kəs heç nə demədi. Mirzəki “Təki sınan stəkan olsun” dedi, cibindən pul çıxardı, 3 manat ayırıb nəlbəkiyə qoydu. 3 manatın ikisi çay üçün, biri sınan stəkan üçün idi. Maşınımıza oturmaq üzrəydik ki, arxadan bir tösmərək kişi təngnəfəs halda özünü yetirdi:

- Hara qaçırsınız, əə? Stəkanı sındırıb aradan çıxırsınız?

Mirzəki mənə baxdı, mən ona, sonra ikimiz də çayxananın yiyəsi kimi təxmin etdiyimiz adama. Mirzəki dedi:

- Nə qaçmaq, əşi. Stəkanın pulunu qoydum da nəlbəkiyə. Bir manat da artıq qoydum.

Adam gözünü bərəldə-bərəldə dedi:

- Söhbət bir manatda deyil ey, ziyan vurub qaçmaqdadır.

Mirzəki dedi, ay qardaş, qan olmayıb, adam ölməyib, stəkandır də, altısı iki-üç manatdır.

- Elə şey yoxdur, - çayçı qardaş heç bir ehtiyac olmadan bağırdı. – Stəkanın pulunu tam verəcəksiniz!

Onun səsinə çayçıdakılar da bizə yaxınlaşdı və pəsdən-pəsdən qımıldandılar ki, adama ziyan vurmusunuz, ödəməlisiniz.

Mirzəkinin üzü çöndü, səsinin qalın yerinə salıb dedi:

- Adə, siz nə təhər adamsınız? İndi bir stəkana görə nə qədər pul istəyirsiniz? Neçəyədi bu şoğərib siz tərəfdə?

“Siz tərəfdə” sözü açıq-aşkar ətrafdakıların xoşuna gəlmədi və dərhal kəndə sataşmaq kimi yozuldu. Onlar öz aralarında nəsə mızıldandılar və bizi əməlli-başlı dövrəyə aldılar. Bir az da o yan-bu yan olsa, tökülüşüb bir sınıq stəkan üstündə qol-qabırğamızı sındıracaqdılar. İş dalınca gedirdik, planımızda belə şey yox idi. Yanına getdiyimiz əsgər biz döyülmüş vəziyyətdə görsəydi, heç yaxşı olmazdı.

Ona görə də qovğaya fəal şəkildə, sülhyaradıcı olaraq müdaxilə etdim və Mirzəkiyə dedim:

- Seyid, cəddinə qurban, bir-iki manatdan ötrü qanımızı qaraltmayaq, əsgər yanına gedirik axı.

“Seyid” titulundan ona görə istifadə etdim ki, həm bizi dövrələyənləri bir az yumşaldım, “əsgər” xatırlatması isə Mirzəkini sakitləşdirməliydi.

Bununla qalmayıb, əlimi cibimə atdım, pul çıxartdım və dəhşətli ziyana düşmüş çayxana sahibinə dedim:

- Nə qədər verməliyik, qardaş?

- On manat!!! – o, acıq verirmiş, bizi böyük fakt qarşısında qoyurmuş kimi bəyan etdi, mən dərhal bir onluq seçib onun ovcuna basdım və Mirzəkinin qolundan yapışdım.

- Otur, gedək, ağa, sən o babanın müqəddəs ocağı, min maşına, gedək.

Sükan arxasına özüm oturdum, Mirzəki də hirsli-hirsli maşının qapısını açıb ön oturacaqda əyləşdi. Adamlar yavaş-yavaş çayxananın çəpərindən içəri keçməkdə və biz tərpənməkdəykən, heç gözləmədim halda Mirzəki maşının pəncərəsini endirib qışqırdı:

- O onluqdan xeyir tapana cəddim qənim olsun!

O, bunu niyə dedi, bilmədim, amma yol boyunca dedim, a lotu, başqa vaxt seyidlik institutunu qəbul etmirsən, indi nə oldu bəs. Hirsi tamam soyumuş Mirzəki etiraf etdi ki, bu sözü sırf çayxana yiyəsini narahat etmək, qorxutmaq üçün söyləyib.

- Gecə qurcuxacaq, yata bilməyəcək, - dedi seyid.

Gəncəyə çatdıq, əsgərlə görüşdük, apardığımız sovqatı ona və yoldaşlarına verdik, komandirləri ilə söhbətləşdik, uşağı tapşırdıq, sağollaşdıq, sonra gedib məşhur pitixanada nahar elədik və geri qayıtmaq üçün yola düzəldik.

Yolda Mirzəki dedi, elə yerdən sür ki, bir dəst armudu stəkan alaq.

- Aparıb verəcəm o çayçıya, qoy işlətsin.

- Yox, - razılaşmadım. – Elə biləcəklər ki, stəkanları verib 10 manatımızı geri almaq istəyirık. Qoy cəhənnəm olsun.

Mirzəki hələ də qəzəbliydi: - Yaxşı, onda eləcə o çayxanaya dönək, mən bir stəkan sındırıb, on manat da verəcəm onlara.

Yenə razılaşmadım, onu ulu babası Qulaməlinin qərib goruna and verdim ki, elə bir hərəkət eləməsin. Mirzəki bir az dirəşdi, amma sonra söz verdi ki, heç nə eləməyəcək, amma o adamın sifətini bir də görmək istəyir.

- Eləcə çayımızı içib çıxarıq. Görüm adamın sifətində bircə damcı abır-həya varmı.

Yola davam etdik, nəhayət, türkün sözü, mola verəcəyimiz yerə çatdıq. Oraya 3-4 yüz metr qalmış fikir verdim ki, nəsə qaydasında deyil, çoxlu adam yığışıb. Çayxananın tuşuna çatanda maşını yolun sağında saxlayıb o tərəfə keçdik.

Çayxana nə gəzirdi. Səhər-səhər çay içdiyimiz, davaya düşmüş çayxananın yerində tamam yanıb külə dönmüş, qaralıb kösövə dönmüş dörd divar vardı. Hətta ətrafdakı ağaclar da ütülmüşdü. Camaat dörd-dörd, beş-beş dayanmışdılar, yenicə söndürülmüş yanğını müzakirə edirdilər.

Biz ehtiyatla yanaşıb adamlardan nə baş verdiyini soruşduq. Onlar başqa adamlar idi, səhər-səhər gördüyümüz adamlar deyildi. Biri dedi ki, heç zad, mətbəxdə yanğın baş verib, sonra qaz balonu partlayıb, yaxın düşmək mümkün olmayıb.

- Ölən, yaralanan yoxdur ki? – soruşdum.

- Yox, yoxdur, - həmsöhbətimiz dedi, - amma Qafar bərk qorxmuşdu, xəstəxanaya apardılar.

- Qafar kimdir?

- Buranın yiyəsidir.

Sonra başqa bir nəfər söhbətə qoşuldu.

- Yerli adamlar danışırlar ki, günah Qafarın özündə olub. Səhər-səhər eşşəklik eləyib, bir ağır seyiddən sınmış stəkana görə on manat alıb, o da əlini göyə qaldırıb, nəfəs çəkib, deyib, babamdan istəmişəm, bura od salsın. İki saat keçməmiş belə olub.

Yanmış çayxananın yanında çox ləngimədik. Pıqqıltımızı boğub maşına qayıtdıq.

Yolda Mirzəki ilə çox zarafat elədim, dedim, seyid, ulu baban Qulaməli heç də dələduz deyilmiş, görürsənmi, camaatın çayxanasını necə dağıdıb.

Mirzəki bir az pərt kimiydi, elə hey deyirdi, təsadüfdür, Qafar acgöz olduğu qədər də gönüqalının biri olub, təhlükəsizlik texnikasına riayət eləməyib, vəssalam.

- Ona qalsa, indiyəcən iki dəfə “Binə”də mağazam yanıb. Amma mən heç vaxt haramxorluq eləməmişəm.

Mənzil başına çatdıq, maşından düşəndə Mirzəki dedi:

- Heç nə yox, o kəndin camaatı yazıq oldu. İndi onlar ağır seyidlərin cəddi haqqında əfsanə uyduracaq və inanacaqlar.

# 1664 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #