Dinmə, ayıbdı, kişilər eşidir... – Bircənin Romanı

Dinmə, ayıbdı, kişilər eşidir... – <span style="color:red;">Bircənin Romanı
29 mart 2019
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Obaşdan biz yığışıb yas evinə keçəndə on il qabaq Mahmud əminin, ondan bir il sonra Eminin cəsədi yuyulduğu yerdə Zöhrə xalanın yuyat yeri hazırlanırdı. Bakıdakı qaynım Akif də arvadını qoltuğuna vurub gəlmişdi (Tək övladları İlham qonşunun uşağını bıçaqladığına görə türməyə düşmüşdü). Sahib əmi onunla görüşəndə xəncər dilini işə salmaqdan qalmadı:

- Bir uşaq əkib-doğdunuz, onu da belə qanacaqlı tərbiyələndirdiniz. Nə faraş gəlmisən, gözləyəydin basdıraydıq, sonra gələydin.

Akif əmisinin dediklərini eşitməzliyə vuranda kişi Zöhrə xalanın meyidinin hələ soyumadığını vecinə almadan ağzından gül sovurdu:

- Tfu, südünüzə lənət!

Camaat meyit namazına duranda bizimkilər də gəldilər – atam, Səməndər, Kamil, bir də Musa əmimin iki oğlu. Səməndər onlardan aralanıb mənə yanaşdı:

- Necəsən? Cavid hanı? Bir şey yemisiz?

Başımı tərpədib onu arxayın saldım.

- Əynini qalın elə, dəfn bitən kimi gedəcəyik, - deyib qardaşım özünü verdi namaza durmuş kişilərin səfinə.

Zöhrə xalanın bacısı ağız acılığı halvası çalırdı, Maral qaynanasının vəsiyətini yerinə yetirmək üçün evdə otaqdan-otağa çovuyurdu. Namazdan sonra eltim Eminin şəklini, əynindən çıxan qanlı köynəyini bir ağa büküb Elgizə verdi:

- Bunları qoyarsan ananın üzünün altına.

Baldızım Cavidi qucaqlayıb qulağına nəsə deyirdi, uşaq da üzünü turşudub başını bulayırdı. Cənazə parası qurumuş qovağın altında üzü qibləyə yol gözləyirdi. Mərasim bitəndə hamı irəli durub mərhumla halallaşdı, meyit yerdən götürüləndə baldızım üstümə qaçdı:

- Bircə, anam vəsiyət eləmişdi gözünə torpağı Cavid töksün. Gör yola gətirə bilərsənmi, o da getsin.

Səməndərlə Kamil duruxdular, mən Cavidi yanıma çağırdım:

- Gəl sən də dayılarınla get, nənənin vəsiyətinə əməl elə.

Cavid ayaqlarını yerə döyə-döyə çığırdı:

- Getmirəm də, getmirəm, mən ora gedə bilmərəm!

Onun səsini eşidən Eldar bizə yanaşıb Cavidi dilə tutmağa başladı:

- Gedək atanın da qəbrini gör, sən heç görmüsən oraları?

Cavid onu itələyib o biri böyrümə keçdi, ağlaya-ağlaya əllərini yanlarına çırpıb dedi:

- Getmirəm, ay bala, əl çəkin məndən, getmirəm!

Səməndər irəli durub uşağı qucaqladı, Eldara:

- Əmoğlu, belə olmaz, dəyməyin, - dedi, - bir az böyüyəndə özü gedəcək. Uşağın ürəyinə xal düşər, o nə qanır belə şeyləri?

Sonra qardaşım balamın əlini əlimə verib özünü mafənin dalınca ayağını sürüyə-sürüyə gedən Kamilə çatdırdı. Səməndər aralanan kimi baldızım cavab gözləmədən:

- Müəllimi güclü olub ey, - deyib ağlaya-ağlaya evə girdi.

Girməyilə çıxmağı bir oldu, mərhumun yatağına qoyduqları daşı qolu gəldikcə doqqaza doğru tolazladı:

- Heç gedən gününüz olmasın, - deyib yenidən özünü evə təpdi.

***

Qaldım şikəst qovağın dibində, çisəngi yağışın altında ecələnə-ecələnə. Bir dəstə kənd cavanı mənim toy mağarım qurulan yerdə Zöhrə xalaya yas mağarı qururdu.

Fürsətdən istifadə eləyib özümü ərzaq, meyvə saxlanan anbara verdim. Anbar da xaraba qalmışdı: boş bankalar kirli-pasaqlı taxçalarda xəcalətdən tozlanmışdı, torpaq döşəməyə sərilmiş soğanlar cücərib boy vermişdi, üstü mırd bağlamış yarımçıq motaldan, mis qazandakı bir-iki xısma qozdan başqa dişə vurulası nəsə gözə dəymirdi.

Küncə qoyulmuş köhnə şirli vedrədən boylanan dibçək gülünü görəndə kürəklərim uyuşdu – mən bu evə gəlin köçəndə o gülü budağına qırmızı bağlayıb Telli mama qoymuşdi mənim cehiz maşınıma. Dibi qupquru olsa da elə bil gülün bu qışdan xəbəri olmamışdı.

Açıq qapıdan geri boylandım, pilləkəndə heç kimi görməyəndə ürəkləndim. Qulpsuz vedrəni ortalayıb gülü qucağıma aldım. Qapıda bir az duruxub sağa-sola, irəli-geri baxındım, kimsəni duyuq salmadığımdan arxayın olunca gül əlimdə üz tutdum Maralgilə. Ürəyim guppuldayırdı, istəyirdim eltimgilin döngəsini tez burulum ki, məni görən olmasın. Yol yarıdan keçəndə arxadan Nərgizin anasının ciyiltisini eşitdim:

- Burda dağ boyda arvad ölüb, tərifli gəlininiz də gül qovalayır.

Bir zaman ana-bala mənə oğru damğası vurmağa çalışsalar da sonunda özləri rüsvay olmuşdular. O vaxt bunlarla savaşdan qalib çıxmışdım, amma indi özümü iş başında tutulmuş oğru kimi itirdim. Dibçək əlimdə durduğum yerə mıxlanıb qaldım. Zöhrə xalanın evdəki qohumları arvadın səsinə çölə çıxdılar. Gülü qucağımdan yerə qoymadan elə bircə dəfə:

- Ay Maral, - deyin çağırdım.

Maral əlində pörşələnmiş cücə başını pəncərədən çıxardı:

- Hay can, - deyib əvvəlcə üzümə, sonra əlimdəki gülə baxdı.

Siftə-siftə deyəsən bir şey anlamadı, sonra mənim gözlərimin saldığı cığıra düşüb başını bir az da irəli uzatdı, yas evinin pilləkənində dayananları görcək onların eşidə biləcəyi səslə:

- Orda dur, gəlirəm, - dedi.

Maral bir anda böyrümdə bitib dibçəyi əlimdən aldı, sonra üzünü pilləkəndə duranlara tutub gözündəki ikrahı onların üstünə sıçratdı:

- Girin içəri halvanızı təpişdirin! Mənim balalarım bunu neçə ildi qoruyub-qorğanırlar, xalxın cehizidi.

Ardınca da elə gül qucağında mənə çəmkirdi:

- Sənə tapşırmışdım axı dəymə, Bəhruz qoyacaq Kamilin maşınına, - deyə-deyə məni qabağına qatıb evinə sarı qovdu. - Dünəndən yedəyində bir yetim ac-susuz qalıb buralarda, yazığa bir içim su da verməyiblər, indi oğurluq başı tutan çıxıblar.

Maral vedrəni qucağından pilləkənə qoyanda mən xəcalətimdən əriyib yerə hopmuşdum. Bozardığımı görən xilaskarım:

- Aaz, çıx yuxarı, - dedi, - lap yaxşı eləmisən, orda utanılası adam var? Görmədin hamını dağıdandan sonra özlərini hara verdilər? O Eldar neçə gündü evini-işini atıb gəlib bitib burda, Sahib əminin, Misir əminin külfəti ələm-yesirdi. Gördünmü baldızımız hamını yola salıb öz halvaqarpanlarını necə yığdı başına? O kişilərin arvad-uşağına bir qurtum su da verən olmadı. Yeməli halva Zöhrə xalanın halvasıdı, hayıf Emindən.

Maral mənə toxtaqlıq üçün yeddi dərənin suyunu bir yerə qatdı. O danışdıqca mən içimi didirdim, düşünürdüm heç yeri deyildi, gərək belə eləməyəydim – burda dağ boyda arvad yıxılıb ölüb, mən də yapışmışam bir budağın qulpundan.

- Yox ey, ay Maral, gərək götürməyəydim, - ağlımdan keçəni dilimə gətirdim.

- Ay qız, kiri, özünə xısəki vurma. O gül mənim balalarımı çərlətmişdi, sən görməsəydin də Bəhruz onu sənə göstərəcəkdi. Gəl bir tikə çörək kəsək, kişilər gələnəcən onların da yeməyi hazır olacaq.

Maral dayağı uçmuş ürəyimə neçə yerdən dirək vurub məni dolu süfrəsinin başına çəkdi. Ancaq hikkəsi hələ də soyumamışdı:

- Sən bir o kaftarküsə bax ey, - Nərgizin anasını deyirdi, - neçə gündü qızının qənçimə balalarını qatıb dama, gün axşamacan üzərlik yaxır alınlarına. İndi yəqin sidik yandırırmış ey onu, - bunu deyəndə eltim canı-dildən şaqqanaq çəkdi...

***

Maral atamgili, Eminin əmilərini, əmisi uşaqlarını da açdığı süfrədə yedirib-içirməmiş buraxmadı. Yığışıb getmək vaxtı gələndə atam məni çağırdı:

- Yuxarı çıx Bəstigillə görüş, pal-paltarınızı da götür qayıdaq.

Onların içinə getmək istəmirdim – həm tutduğum işin xəcaləti hələ soyumamışdı, həm də qorxurdum kimsə bundan istifadə eləyib mənə söz atar, məni davaya çəkər.

Yenə Maral hovuma çatdı:

- Ay Rəhim əmi, orda görüşüləsi kim qaldı axı, Allah bu kişilərə (baxışlarını Sahib əmiylə Misir əmiyə tuşutdu) dəyməsin, - dedi.

Eltim ha dilə-felə basdısa da atam dirəşib dediyinin üstündə durdu. İş belə olanda Marala qoşulub bir zaman qanuni sakini sayıldığım yad evə qalxdım. Cavidin paltarlarını, özümün dəyişəyimi zənbilimə yığdım, qaynanamın bacılarını, baldızımı öpüb içəridən çıxdım. Bu arada Nərgizlə anasını görmədiyimə çox sevindim.

Biz pilləkənin başına çıxanda baldızım arxadan məni çağırdı:

- Bircə, anam Cavidə bir balaca torba qoz yığıb, ağzını öz əlləriylə tikib, ayaq saxla onu gətirim apar.

Mən varıb getmək istəyəndə Maral böyrümü burmatladı:

- Dayan, ay bala, yaman da böyük pay tutublar, qoy gətirsin.

Bəsti içəridə xeyli ləngidi, handan-hana bayıra kəmşavağat çıxıb:

- Yaxşı, indi gedin, - dedi, - yeddiyə gələndə tapıb verərəm.

Maral ona yarı nifrət, yarı ikrah dolu bir heyrətlə baxıb içini çəkdi:

- Xotkarın qızı vermədi, eləmi, - deyib məni pilləkən aşağı dartdı, - sizin payınız palçıq olsun! Nə bilirsən bunlar yeddiyə gələ biləcəklər?

İndi də mən Maralı dürtmələdim:

- Axı neylirsən o qozu, sənə dedimmi durmayaq, gözləməyək.

Maral üzümə bozardı:

- Donuzdan bir tük də qənimətdi deyiblər, yoxsa ki, sənin dədənin qoz almağa pulu yoxdu? Qansalar, pay şirin şeydi.

Eminin əmiləri bizimkilərə dil-ağız elədilər, onların sözünü yerə salmayıb Zöhrə xalanı son mənzilə beyman göndərmədiyinə görə atamı qucaqlayıb öpdülər. Biz maşına minəndə artıq xeyli böyümüş (zarafat deyil, son gedişimizdən az qala yeddi il keçirdi) balaca dostlarım yenə boy-boya verib arxamızca baxa-baxa boyunlarını bükdülər. Maral bayram payı dolu torbanı Cavidin qucağına qoyub dedi:

- Atam-anam, qara gözlərinə canım qurban! Allah dayılarını, babanı saxlasın, onları göy kimi dirəksiz eləsin! Get, bu kişilərin sözündən heç vədə çıxma.

Hamıyla mehriban görüşüb-öpüşüb mənə çatanda yenə üzünü bozartdı:

- Sən də gözünün zığını tökmə, get birini ye, beşini də nəzir ver ki, canın bu xarabadan qurtardı.

Sonra məni basmarlayıb qollarının arasına yığdı, bir göz qırpımınca gözlərdən oğurlanıb qulağıma xısıldadı:

- Vallah ərə getsən ora da gələcəm, təki sənin bir yuvan olsun.

Əlimi onun ağzına tutdum:

- Ay dəli, dinmə, ayıbdı, kişilər eşidir.

Hamıyla görüşəndən sonra viranə həyətə, quruca torpağı qalmış bağ-bağçaya son dəfə nəzər salıb qardaşımın maşınına oturdum.

***

Evimizə çatanda anam Cavidi qucaqlayıb üzündən öpdü:

- Allah nənənə rəhmət eləsin, ay Cavid, - dedi.

Gülü görəndə isə təəccübləndi:

- Bunu hardan aldın? Ölürsən də ot-alaf yığmaqdan ötrü.

- Mənim cehizimdi, - dedim, - yaddan çıxıb qalmışdı. Bizdən sonra Nərgiz götürüb bəsləyirmiş, Maral da alıb özümüzə qaytardı.

Hesabatın bir hissəsi yalan olduğundan onun üzünə baxmadan danışırdım. Hər şeyi olduğu kimi desəydim anam məni Nərgizin anası saldığından betər günə qoyacaqdı. Üzünün ifadəsindən sezirdim ki, gülü gətirməyim onun xoşuna gəlib.

- Uşağını da götür, keçin suatda əlinizi, ayaqqabılarınızın altını yaxşıca yuyun, sonra evə girin.

Nənəmdən qalma bir yasaq evimizdə hələ də qüvvədən düşməmişdi: yas yerindən çıxıb ayrı bir evə (xüsusən də qohum evinə) qonaq getmək olmaz, yasdan çıxıb axar su üstündən gözüyaşlı keçmək olmaz; əlini, üzünü, əl dəsmalını o suda hökmən yuyub sonra evinə dönməlisən; ayaqqabını ota, torpağa sürtməlisən ki, yas evinin tozunu öz evinə daşımayasan.

Mənasını bilmədiyim, faydasını anlamadığım bu ayinləri anama xoş getsin deyə canla-başla yerinə yetirib evə keçdik. Anam yenə dincəlmədi:

- Hamamın suyu istidi, apar birinci uşağını çimizdir, sonra da özün çim. Çimməmiş əlini heç nəyə vurma.

Bu tapşırıqları da dinməz-söyləməz yerinə yetirdim. Anamın bizdən ayrı bir tələbi olmadı. Getdiyimiz yerdə nələr baş verdiyilə qəti maraqlanmadı, bizdən heç kimi, heç nəyi soruşmadı...

ardı var

# 8471 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #