Bədənin yeni bədənlərə alışırmı?... - Cəlil Cavanşirdən Yeni Şeirlər

Bədənin yeni bədənlərə alışırmı?... - <span style="color:red;">Cəlil Cavanşirdən Yeni Şeirlər
7 mart 2019
# 14:30

Kulis.az Cəlil Cavanşirin yeni şeirlərini təqdim edir.

Kirlənmiş sevgilər, saf ayrılıqlar…

indi sən,

əllərini harda gizlədirsən ki,

üşüməsin,

indi sən

bu ayrılığın harasında darıxırsan,

ki öpüşlərim yadına düşməsin?

ah talesiz sevgilim mənim,

yəni keçmiş sevgilim,

hələ də sevdiyim…

gülüşlərin heç dəyişmədi,

saçların hələ də iyirmi beş yaşında,

heç solmadı gözlərin,

yorulmadın, yaralanmadın, ağrımadın.

getdin, heç arxana baxmadın.

yeni bir oyuna başladın, üzün gülsün

yeni bir sevdaya tutuldun, böyüsün,

yeni həyatın olsun, yeni sevgilin olsun

yeni yalanlar öyrənsin dilin

ah talesiz sevgilim mənim…

indi sən

bakirəliyini itirmiş bədənini harada gizlədəcəksən ki,

ağrı çəkməsin?

indi sən

yaralanmış ruhunu necə qoruyacaqsan ki,

daha da çirklənməsin?

ah unudulmuş sevdam mənim

saçlarını dağıdırmı bakı küləyi?

yenə də hər ay eyni ağrılarla qıvrılırmı bədənin?

gerçəkdən, nə idi dərdin?

üç yüz min əlli altıncı dəfə soruşuram:

– niyə getdin?

üzdün sevdiyim, çox üzdün.

üzün…

üzün yenə də hüzn dilində yalan danışırmı?

bədənin yeni bədənlərə alışırmı?

baxışlarındakı ağrını gizlədirmi kosmetikan?

indi hansı sabahlara oyanırsan?

indi kimə “günaydın” yazırsan?

indi sən

yeni sevdanın yeni aylarında yenilmiş adamsan

indi neçənci sevgilinə dəlicəsinə bağlanmısan?

indi sən,

mənim unutduğum yerlərdə donursan,

bir içki xumarında keçmiş xatirələrə dalırsan

indi sən,

bəlkə də yeni sevgilinə məni danışırsan

məni parça-parça yad bədəndə unudursan…

ah yorğun sevdaların qorxaq yolçusu

lütfən, yeni sevgilin çox sevsin səni

sən çox sevilincə xoşbəxt oyanırsan yuxudan,

ümidli qalxırsan yataqdan

sən sevilincə ərköyün, dəcəl olursan.

Hazırki əsas şəkil

nə olar yeni sevgilin pis adam olmasın,

yəni səni getməyə qoymasın

darıxsın sənin üçün, çox darıxsın, lütfən darıxsın

yollarına baxsın, küçələrdə qarşına çıxsın, sonra daha çox darıxsın

yəni çox sevsin səni, çox sevsin və sonra yenə çox sevsin

“canım” desin, “qızım” desin, “əzizim” desin…

bir də çox sevsin…

məndən daha çox sevsin…

indi sən

hansı qapının kandarında çıxarırsan ayaqqabılarını?

indi hansı divana uçur çantan?

hansı balkonda ananla danışırsan?

indi sən

hansı yataqda axşamın düşdüyünə üzülürsən?

indi sən

ən səfeh şeylərə kiminlə gülürsən?

ah ürkək baxışlım, ruhu yaralanmış qadınım

bir diz tap başını qoymağa,

bir əl tap yapışmağa,

bir adam tap yalanlar danışmağa

bir çiyin tap sığınmağa…

heç kəsin bilmədiyi gizli yerlərdə kirlən,

təkliyinin içində gizlən

yanındakı başqa bədənlər isitdikcə səni

paklığın solduqca, məsumluğun çəkildikcə üzündən

öyrən, fərqli bədənlərlə ovunmağı,

fərqli dodaqlarla öpülməyi öyrən…

indi sən,

günün ən soyuq saatlarında dizlərini qucaqla,

bir xatirə tap yaddaşının küncündən,

varaqla…

indi sən,

durmadan, dayanmadan, yorulmadan səni düşündüyümü bilirsən,

indi sən,

yaşının sevmək və unutmaq çağındasan,

indi sən eşqin uzun sürmədiyinə inanırsan,

indi sən

aldanırsan…

və mən bütün mövsümlərdə unudulmuş, atılmış ruhumla

bütün gecələri ağlamaqla ovuduram özümü

itib günlərimin düzümü…

və mən bütün gecələri səni düşünürəm

ağrıyan və ağlayan gözlərimlə

yavaş-yavaş qızınıram sənli xatirələrlə,

əllərinçün darıxıram

indi daha çox özümlə danışıram, özümlə…

indi sən

bütün sevgilərin uzağındasan…

yəni yoxsan…

yəni, olmayacaqsan…

Küləklərin arxasınca

rəsmlər...

susqun və kədərli

diz çökdüm daşa, torpağa

qəlbim gözlə dedikcə,

ümidləndim,

bəlkə – dedim,

- bəlkə dönəcək və heç getməyəcək...

amma gecikdim

kölgəsi qalıbmış sevdaların

saralmış rəsmlərdə.

getmədi deyirəm bəzən,

o heç getmədi məndən.

bu təsəlli yetərmi ovunmama?

bu şeirlər və yazılar yetərmi,

yetərmi dərdimi anlatmağa?

gözlərim çuxura düşdü gözləməkdən,

gülüşlərini və şirin səsini topladım çantama

bir sırtıq gülüş çilikləndi qulaqlarımda:

“ağlama!”

səni xatırladan hüznlü rəsmlərin arasında

soxuldum tənhalıqdan yaranan izdihama,

baxdım dağ çaylarının axışına,

gözlərimi dikdim uzaqlara

artıq gücüm qalmayıb qanayan yaralarımı sarmağa

sənə bir məktub yazmağa gücüm qalmayıb.

orada,

uzaqlarda,

çox uzaqlarda tanrının əllərindən tutan qadınlar,

şeytana gülüməsəyən uşaqlar

soruşacaqlar tanrıdan

“tanrım, niyə qıydın ona”

şeytan güləcək onlara...

tanrı susqundur,

sənin qədər susqun və qəzəbli...

sənin sevdalı xəyalın,

nədən hələ otağımdadır bilmirəm..

nədən hələ burdasan?

götür xəyalını, qoxunu, rəsmlərini çıx get,

get lütfən,

get

küləklərin arxasınca...

# 4355 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #