Onlar hansı dahilərlə görüşmək istərdilər? - SORĞU

Onlar hansı dahilərlə görüşmək istərdilər? - <span style="color:red;">SORĞU
6 mart 2017
# 09:00

Hamımız hansısa dahi ilə görüşməyi arzulayar, onunla uzun-uzun söhbət etmək istəyərik. O dahiyə verəcəyimiz suallar da var. Bəs yazarlarımız hansı dahi ilə görüşmək arzusundadırlar? Ona verəcəkləri ilk sual nə olardı?

Kulis.azın bu barədə sorğusunu təqdim edirik.

Fikrət Qoca

- Mən mücərrəd işlərə baş qoşmuram. Heç bir dahi ilə görüşmək istəməzdim. Allah hamısına rəhmət eləsin! O biri dünyaya gedəndə orda onlara sual verərəm. Amma hələ ki, o suala hazır deyiləm.

Aqşin Yenisey

- İmaddədin Nəsimi ilə görüşüb eksklüziv bir müsahibə almaq istəyərdim və ilk sualım da yəqin ki, redaktorun tapşırığına uyğun bu olardı: “Dünyaya yenidən gəlsəydiniz şair olardınızmı?”

Nəriman Əbdürrəhmanlı

- Şəms Təbriziylə görüşmək istəyərdim. Dərhal da soruşardım ki, Ustad, adi bir fars mollasından Mövlananı necə yaratdın, bunun hikməti nədir?

Murad Köhnəqala

- Açığı, hansısa dahi ilə görüşmək barədə düşündüyüm yadıma gəlmir. Çünki xəyalpərvərliyin dalından çoxdan dəymişəm. Sizin sualdan sonra xeyli fikirləşdim. Baxdım ki, belə bir irreal imkan daxilində görüşmək istədiyim adamlar çoxdur. Məsələn, Diogen, Basyö, Nəsimi, Ömər Xəyyam, Hüqo, Volter, Dostoyevski, Puşkin, Janna Dark, Kurasava, Əziz Nesin, Mirzə Cəlil, Maykl Cekson, Brüs Li, Bertran Rassel... Amma söhbət yalnız bir nəfərdən gedirsə, indiki şəraitdə məni daha çox narahat edən problemlə bağlı Atatürklə görüşüb ona bu sualı verərdim: “Türkiyəni bu vəziyyətdən necə çıxarmaq olar?”

Xalid Kazımlı

- Markeslə görüşmək istəyərdim və ondan soruşardım ki, Santyaqo Nasarın əvəzinə öldürülməli olan yaramaz kim idi?

Aqşin Evrən

- Bütün zamanların ən nəhəngi Nizami Gəncəvi ilə görüşüb, ondan soruşardım ki, Şeyx, əgər həyat varsa və buradadırsa, bəs, yoxluğun nəhayətsiz varlığında həyat haradadır? İndi ağlımda olan budur. Amma, bəlkə də soruşardım ki, Şeyx, 21-ci əsrdən gəlmişəm, üst-başım tozludur, yorğunam, əl-üzümü harda yuya bilərəm?

Rəbiqə Nazimqızı

- Bütün suallar kimi buna da cavabım situativ olacaq, sabah dəyişə də bilər, hərçənd bütün həyatım boyu məni narahat edən suallar dəyişmir. Müqəddəslərlə görüşmək istərdim. Davudla, Yaqubla, Yusiflə, İsmayılla, İbrahimlə, Musayla, İsayla və əlbəttə Məhəmməd Peyğəmbərlə. "Necə bacardınız? Yaşamağı deyirəm. Necə oldu ki, ağrıları aşdınız, özünüzü aşdınız?". Təxminən bu motivdə olardı söhbətim: necə bağışlamalı? Adamları, həyatı, özünü. Əzab vermədən və əzab çəkmədən necə yaşamalı? Və istərdim mənə, kitablardan danışmasınlar. Bəlkə də, onları görsəm, heç bu suallara ehtiyac qalmayacaq, özüm anlayacam. Bilmirəm.

Kənan Hacı

- Həsən bəy Zərdabiylə görüşmək istərdim. Bir də Hacı Zeynalabdin Tağıyevlə. Onu da dahi hesab edirəm. Çünki çar Rusiyası dövründə Bakıda Qızlar Məktəbi açmışdı. Millətin kasıb balalarını öz hesabına oxudurdu. Ziyalılara qiymət verməyi bacarırdı. Onlara sual verərdim ki, bizə yol göstərin, daha neyləmək lazımdır ki, insanlar kitab oxusun və mesenatlıq ənənələrinin Azərbaycanda kökü kəsilib. 20 dəfə Həccə gedən adam bir acın qarnını doydurmağa can çəkir, bir istedadlı adamı himayəsinə götürmür. Niyə belədir? Xalqdan qazanılan pullar niyə xalqın dəyərli övladlarına xərclənmir?

Günel Natiq

- Mən Füzuli ilə görüşmək istərdim və ona sualım bu olardı ki, qəzəllərini ayrı-ayrı qadınlara həsr edib, ya həyatında ömür boyu sevdiyi bircə qadın olub?

Alpay Azər

- Məktəbdə oxuyanda, Şah İsmayılla görüşmək istəmişəm o dünyada. Belə baxanda, elə indi də görüşmək istərdim onunla, primitiv və sadəlövh səslənsə də ilk sualım belə olardı: “Necə oldu ki, o cür imperiya yarada bildin?”

# 2563 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər