Otuz il küçədə yaşayan ədəbiyyat müəllimi - SÖHBƏT

Otuz il küçədə yaşayan ədəbiyyat müəllimi - <span style="color:red;">SÖHBƏT
24 may 2016
# 13:17

Ayxan Ayvaz

Onu İçərişəhərdə restoranla üzbəüz skamyada oturan gördüm. Böyür-başında adyal, şal, pal-paltar dolu torbalar vardı.

Keçib onunla yanaşı oturdum, niyə burda oturduğunu, nə işlə məşğul olduğunu soruşdum. Bu qadının vətəni küçələr idi. Doluxsunmuşdu.

Tək-tənha qalmış bu qadın mənə qırıq-qırıq öz həyatını danışdı. Onun söhbətinə əlavə edəcək heç bir şey tapa bilmədim. Ona görə düşündüm ki, Rəhilə xanımın həyatını öz dilindən eşidək, heç bir şərh vermədən...

- Mənim adım Rəhilədir, oğlum. On bir uşaq anasıyam. Bir oğlum vərəmdən ölüb, 18 yaşında. Beş uşağımı baldızım aparıb özü ilə, dördü də türmədədi. Biri də harasa qaçıb gedib, bilmirəm.

8 oğlan iki qız. Göyçək uşaqlardı hamısı.

Uşaqlarımın çoxusu çıxıb getdi. Nə gəlirlər, nə yerlərini bilirəm ki, hardadırlar, nə iş görürlər.

Əvvəl onlara yaxşı baxırdım. Ayaqlarım şikəst olandan sonra uşaqlarımın bir neçəsini veriblər uşaq evinə.

Hər şey yoldaşım rəhmətə gedəndən sonra başladı. Cavan vaxtında ömrünü tapşırıb getdi. O da vərəmdən öldü. Oğluma çox oxşayırdı, vərəmdən ölən oğluma...

Mən təkbaşına baxdım o uşaqlara ərimin ölümündən sonra...

Xalça yuyurdum

Təndirə çörək yapırdım.

Onları mən o cür böyütmüşəm, min bir zülmlə.

Bilirsən, oğlum, “limonka” atıb yandırıblar məni, zorla xilas olmuşam.

Ümnisə adında qadın vardı orda, günü 20 qəpiyə “siqan” saxlayırdı. Məni də öz caynağına keçirmək istədi, daş atıb başımı tutdum.

Ömrümün 30 ili küçədə keçib, oğlum. Məni televizorda da göstəriblər. Gözlərim həmişə yaşlı olur, amma ümidliyəm, hər şeyin yaxşı olacağına inamım böyükdür.

Evsiz

- Biz İçərişəhərliyik. Yarımız da nardaranlı... Atam buralıdır, anam nardaranlı.

O vaxt “Sovetski”də çoxuşaqlı ailə olduğumuza görə Vəzirov mənə ev vermişdi.

Danışım nə təhər oldu, oğlum? Qulaq as!

Yanımda balalarım Nizami küçəsində durub “rayspalkomu” gözləyirdim. İndiki kimi yadımdadır, saatın kəfkiri 3-ü vururdu. Əlimi yuxarı qaldırıb dua elədim ki, ey pərvərdigar, elə-elə ki, burdan məni evə aparsınlar, köhnə ev də olsa razıyam. İnanırsan, oğlum, bir “Limuzin” maşın dayandı. Başında silindr, əlində çəlik bir kişi çıxdı içindən. Dedi, sən niyə oturmusan burda? Mən də dedim, çoxuşaqlı qadınam, ərim də yoxdur, mənə ev versinlər deyə oturmuşam burda. Dedi, anaya kömək edin, uşaqları da götürün. Şofer uşaqları da götürdü, oturduq maşına, gəldik Mərkəzi Komitəyə, Əbdürrəhman Vəzirovun yanına. Yadımdadır, o kişi yuxarıda var-gəl eləyirdi, papiros da damağında. Uşaqlarımı aşağıda saxladılar, əmzik-zad tapıb sakitləşdirdilər. Hamısı çığırışırdı. Birtəhər onların başını aldatdılar. Məni də apardılar yuxarı.

Əbdürrəhman Vəzirov mənə sual verdi:

- Çem delo?

Dedim, növbədəyəm, amma mənim evimi vermirlər.

O da harasa zəng elədi, dedi, bu söhbəti qurtarın, Rəhilə xanıma evini verin.

İndi 70 yaşım var, “Sovetski”ni də dağıtdılar. Bu saat da orda qeydiyyatdayam.

Sovetski indi dağılıb, o evim də əlimdən çıxdı. Amma mənə ev verən o kişini unutmuram. İndi hər gün dağılmış, evləri uçulmuş “Sovetski”yə gedib gecələyirəm. Hər yerə səpələnmiş daşların arasında öz evimi axtarıram...

Gözəl günlər

- Mən yaxşı gün görməmişəm, oğul. Ərim öldü, elə o gündən bədbəxt günə qaldım. Onda qaynanam sağ idi. Qaynanam bilirsən kim olub? Cəfər Cabbarlının əmisi qızı...

Özü də bilirsən, oğlum, mən ədəbiyyat müəllimliyini bitirmişəm. Sabir adına texnikumda oxumuşam. Amma, xeyri nədir? Müəllim oldum, diplomum oldu. Nə xeyri mənə? 1 saylı “Detdom”da işlədim, əlimə nə keçdi? Başıma belə işlər gəldi e...

Evlənəndə 20-21 yaşım var idi. Əslində, oğlum, mən evlənmək istəmirdim. Həmən bu Cəfər Cabbarlının qohumu məni zorla aldı. Toyumu da Brilliant Dadaşovanın anası eləyib.

Mən heç yoldaşımın üzünü görməmişdim. Atam məni küçəyə buraxırdı ki, onun üzünü də görəm? Biz beş bacı olmuşuq. Atam qapıdan qırağa ayağımızı qoymağa icazə vermirdi. Əli də bərk, bazburutlu kişi idi, qorxurduq ondan. Sevgi nə olan şeydi, bilməmişım.

Mən varlı adamın gəlini olmuşam. Üç yerdə mülküm olub. O vaxt “Kirpi”nin redaktoru Seyfəddin Dağlıya kömək eləmişəm. Pilləkəndən yıxılmışdı, qollarından tutdum, evə gətirdim, yemək verdim, su içirtdim. Xeyirxah olmuşam, hamı çox istəyib məni. Süpürgəçi ilə süpürgəçi, alverçi ilə alverçi olmuşam.

Restoranım olub “28 May”da, yuxarısı kafe, aşağısı xaşxana. 2 taksim var idi, gecə biri gəlirdi məni götürməyə.

Bilmirəm, bu xasiyyət mənə atamdan keçmişdi, ya yox, içən adamdan zəndeyi-zəhləm gedirdi, oğlum. Ərim də elə xeyirə-şərə yarayan biri deyildi. Bir də görürdüm gecənin gec vaxtı qapı döyülür, qlazokdan baxırdım, görürdüm ki, ərimdi, özü də lül-piyandı, qoymurdum evə.

Küçədə keçən həyat

- Mirmövsüm ağanın türbəsinə aparırlar məni, oğul, yemək bişirirəm, kartof soyuram, qocalara Quran oxuyuram, bir də görürsən uşaq saxlamağa çağırırlar.

Ayaqlarım şikəstdir indi, xəstəyəm. Belə kökdə kimdi mənə baxan? Özüm özümə baxa bilməsəm, heç kim mənə baxan deyil.

İndi küçənin ortasında qalıram. “Sovetski”də. Axşamlar ora gedirəm, əlimdə ədyal, pal-paltar. 24 saat küçədəyəm mən. Gecə də “Sovetski”yə qayıdanda itlər qabağımı kəsir. Ancaq elə onlar da deyəsən artıq evsiz olduğumu bilirlər, neçə vaxtdır yoxa çıxıblar. Daha üstümə cuman itlər də yoxdur.

Hərdən çağırırlar, gedib evlərdə işləyirəm. Qocalar üçün xörək bişirirəm.

Həmişə əlim bax belə dolu olur, otururam bu bahalı restoranın yanında. Bax, görürsən, bu “kasinkam”dı, axşam atıram başıma. Jaketimdi, soyuq olanda geyinirəm.

Hələ bir azdan nə təhər külək qopacaq burda. Buranın havasına bələdəm.

Küçə ilə dost olmuşam artıq.

Vergili qadın

- Mənim 13 yaşımdan vergim var, oğlum, özü də ayağım yüngüldür. İndi bir azdan aşağıdan, “Manqal”dan məni çağıracaqlar: “Ay bibi, gəl sənə çay verim”. Ayağım düşərli olur. Mən oturan kimi sabahısı banket olur, boğaza qədər adam yığılır içəridə.

Bir də görürsən “Sovetski”də bir mağazaya girirəm. Uzaqdan bir oğlan əl eləyir ki, ay xala, dayanginən, pul-zad lazım döyül, götür nə istəyirsən. Mat qalıram ki, bunlar simicin biridirlər, niyə belə eləyirlər, görən.

Allahın vergisi var məndə. O vergi olmasaydı, oğlum, mən çoxdan ölərdim.

Bizim bir uzaq qohumumuz var idi. “Detdom”da olmuşdu yazıq. “Sovetski”də bir oğlan bunu ələ salırdı. Adı da Fidan idi. Deyirdim, Fidan, o oğlan sənnən ancaq gəzmək istəyir. Deyirdi yox, Hüseyn məni alacaq. Dedim, yox, almayacaq, amma sənə uzaq ellərdən, uzaq bir ölkədən elçi düşəcək. Qız çöndü getdi, inanmadı mənə. Üstündən bir az keçdi, qız gəldi ki, uzaq eldən elçi var. Tay bilmədim Amerikadan gəlib bu oğlan, yaxud Rusiyadan, onu heç cür bilə bilmədim. Gözləri işıq saçırdı qızın, sevincək olmuşdu. Sonra dedim ki, sənin yanına biri gələcək, sən onu görəndə çox xoşbəxt olacaqsan. Sən demə, bunun qardaşı uzaq bir ölkədə işləyirmiş, bunu demişdim ki, səhəri gün qardaşı qızın qapısını döydü.

Elə bilmə falçıyam, cadu-piti eləyirəm ha! Məndə fala baxmaq deyil, oğul, ürəyimə gəlir eləcə. Hiss eləyib deyirəm. Məsələn, deyirəm ki, ey İlahi, yağışı dayandır, mən küçədə yağışın altındayam. Bir də gördüm yağış dayandı.

Məni hamı atdı

- 20 yanvar vaxtları idi, oğlum. Mən mühafizəçi işləyirdim. Belimdə də tapança olurdu. Nə qədər adamı xilas elədim onda. Neçə il mühafizə işləmişəm e... Ordan da təqaüdə çıxmışam.

Çox yerdə işləmişəm, oğul. Saçımı süpürgə eləmişəm uşaqlarıma görə. İndi heç biri axtarıb-eləmir. Elə bil mən adda biri yoxdur. Qohumlarım da yoxdur, oğul. Ölüblər deyəsən. Sağ olsalar məni niyə axtarmasınlar ki? Artıq alışmışam belə yaşamağa. Küçə doğma evim kimidir.

Ev demişkən, yaxşı yadıma düşdü, uşaq yandırmışdı evimizi birinci dəfə. Niyə? Deyim sənə. Böyümüşdü, bığı-zadı çıxmışdı. Deyirdi, mənə rahatlıq ver, evlənmişəm, sığışa bilmirəm.

Deyə bilmirdim ki, bu evin nəyinə gəlirsən, ocaqla yemək bişirirəm. Harda mən sənə yer verim? Yoxdu da. Neyləyim mən?

Hə, bala, bax belə. Oğlumun birini də Xəlil Rzanın qohumu götürüb aparıb. Vallah. Göyçək oğlandı, xoşuna gəlib. Gəlib otururdu evimizin qabağında, deyirdim, ağız, nə oturmusan burda. Deyirdi, oğlunuza vurulmuşam, yaman göyçək oğlandı. Ay qız, sənin mənim oğlumla nə işin var? Hələ gör mən sənə icazə verəcəm oğlumla evlənəsən. Deyir, yox, vurulmuşam.

Hamı atıb getdi məni, oğul, bircə bu küçədən başqa...

Ümidsiz yaşanmır

- Ümidim onadır ki, indi Nardaran uşaqları gəlib deyirlər, sənə bir balaca yer düzəldəcəyik, qalarsan orda.

“Sovetski”də dağılan evlərin daşlarından balaca bir ev düzəldəcəklərini söz veriblər.

Həmişə burda, “Manqal”ın aşağısında, ya da məsciddə otururam.

Restoranda uşaqlara dua edirəm, yemək verirlər. Səid adlı bir oğlan olur burda, restoranı var. Ona dua elədim ki, maşını olsun. Allah yetirdi. O da deyir, haçan gəlsən, sənə qurbandır yemək.

Bu restoranın qabağında oturmağıma baxma. Bunlarla aram yoxdur. Bir pişiyi var idi bunların, iri gözlü, iri quyruqlu. Onu tapıb gətirmişdim, xeyri olmadı. Baxma burda oturduğuma, zəhləm gedir bunlardan. Dua elədim o dəqiqə pişik ortaya çıxdı. Qədrimi bilmədilər.

Kaş keçən günlərimi də dua eləyib geri qaytara bilsəydim, oğul. İndi burdan getməliyəm “Sovetski”yə, bir azdan axşam düşəcək. Veş-vüşümü də götürüb yola düzəlməliyəm. Ürəyimə damıb ki, ayın işığı düşəcək yoluma...

# 2029 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #