Dizlərimdə yata bilirsən... – AY Bənizdən ŞEİRLƏR

Dizlərimdə yata bilirsən... – <span style="color:red;">AY Bənizdən ŞEİRLƏR
27 noyabr 2015
# 21:00

Kulis AY Bəniz Əliyarın yeni şeirlərini təqdim edir.

Mən burda ağlayanda

Mən burda ağlayanda kim duyar ki, səsimi?
Baxıram pəncərədən, ağaclar sapsarıdır,
Mənim hıçqırıqlarım mənim səsim deyil ki,
Küsüb ağacdan düşən payız yarpaqlarıdır.

Mən burda ağlayanda boynubükük gül kimi,
Kimlərsə yada salır bir dağ bənövşəsini.
Mənə baxıb nə sellər, nə çaylar ləpələnir,
Təbiət də eşitmir bulaqların səsini.

Mən burda ağlayanda fələk də yuya bilmir,
O qara ləkəsindən ağarmayan daşını.
Pəncərəmdən o üzdə saralır payız yükü,
Çəkə bilmir deyəsən gözlərimin yaşını.

Sən orda baxışınla saçlarımı oxşama,
Keçməz ki, bu həsrətim, bitməz ki, bu göynəyim.
Mən burda ağlayanda gecələr xısın-xısın,
Orda yatdığın yerdə islanırmı köynəyin?

Keşkə

Keşkə bir Şeir yazasan,
bütün işlərin düzələ...

Alnındakı qırışları
silə, ata, sevinəsən.
O Şeirdən misra-misra
dada-dada sevinəsən.

Yarpaq-yarpaq sola payız,
uça isti əllərindən.
Yenə bu soyuq əllərim
aça isti əllərində...

Ağ vərəqlər yağış ola,
sətirlər üstünə cuma.
Qəmi, kədəri yox edə,
Sevincin keçə hücuma.

Şeirdən bir ev tikəsən,
Şeir ola üstü, damı.
Qızınmağa od olmaya,
Yandırasan, yana hamı...

Yazdığın o Şeir ilə,
Bildirəsən bitdiyini.
Anlayasan yoxluğunu,
anlayasan getdiyini.

Yata bilirsən

Nə mən saçlarını sığallayıram,
Nə sən dizlərimdə yata bilirsən.

Artır belə-belə alnın qırışı,
Artır belə-belə saçımda dənlər.

Sabah özünü də çəkib aparır,

Bu gün xəyalımdan ötüb keçənlər.

Əsir dəftərində əlin işığı,

Gözümün işığı eynəyə düşür.

Ağac özü bilir, hansı yarpağı
Budaqdan göynəyə-göynəyə düşür.

Saralıb xəyalın bir yarpaq kimi,

Payız vüsallıdır bu eşqin sonu.

Yalın ayaqların daşlı yolları,
Geyinə bilməyir payız donunu.

Nə mən saçlarını sığallayıram,
Nə sən dizlərimdə yata bilirsən.

Bu da bir xəyaldır, sevin ki, hələ,

Mənim işığıma çata bilirsən.

Sənin

"Sevgi yoxdur" deyən adam,
Daşmıdır qucağın sənin?
Nə olsun yanır gözlərin,
Sönübdür ocağın sənin.

Hansı qəlbdə vardır yerin?
Dada yetiş, işə yarın.
Yuyulmur əynin, paltarın,
Öpülmür dodağın sənin.

Quşsansa, yarpaqdı evin,
Daşsansa, torpaqdı evin.
Deyəsən çılpaqdı evin,
Boşalıb yatağın sənin.

Bəxtini kəm yazdırmısan.
Xəyalını azdırmısan.
Nə ümidlər basdırmısan,
Qəbirdir otağın sənin.

Günəş doğmur

Dünyasını dəyişdiyim arzular,
Gözlərimdən qaçırıbdır yuxunu.
Payız gəlib doldurubdur evimə,
Unutmağa çalışdığım qoxunu.

Mən açdığım yollar artıq enişdi,
Bu yollarla kim yeridi, ucaldı.
Ağzıüstə, yarıyolda yıxıldım,
Dünyasını dəyişməyən nə qaldı?

Dünya da bir pilləkəndir, kim bilir,
Kimlər kimin ayağına dolaşdı?
Pillələrdən ucalanda diz atan,
Pillələrdən alçalanda əl açdı?

Günəş doğmur bu düşdüyüm yerlərə,
Gözüm artıq alışıbdır zülmətə...
Nəyim varsa, ayağından çəkirəm,
Dünyasını dəyişdiyim qürbətə.

Bilirəm

Sevgidən kəm necə olur,
Baxtı qadının, bilirəm.
Hələ başını qatmağa,
Çoxdu qadının, bilirəm...

Kimdi gələn, kimdi gedən?
Baxdın nədən, susdun nədən?
Dodağında var-gəl edən,
Ahdı qadının, bilirəm...

Sevgi zorla gəlməz yola,
Göz oxşaya, könül ala...
Gərək ürəyində ola,
Taxtı qadının, bilirəm.

Qəlbimdə dağ, gözümdə çən,
Sevda gəzdim, bilmədin sən.
Səni mənim qədər sevən,
Yoxdu qadının, bilirəm...

Ola-olmaya


Mənim sevdiyim o kişi,
ya mənim ola-olmaya...

Daha vaxt o vaxt da deyil,
yatmaz üzü xəyallara.
Can xərcləyib dərdə-qəmə,
ömür qoyub bu yollara...
Ya mənim ola-olmaya...

Hərdən bir az ümidlənər,
hərdən naümid də olar.
Baxışları nəzarətdə,
əlləri kiliddə olar,
Ya mənim ola-olmaya...

Hətta toxunmaz da belə
barmağımın uclarına,
Baxar, baxar, aram-aram
əl çəkər kül saçlarına,
Ya mənim ola-olmaya...

Bir qız böyüdər ər üçün,
bir evin çörəyi olar...
Bir unudulmuş qadının
boz-boyat ürəyi olar,
Ya mənim ola-olmaya...

Bir oğul əsgər göndərər,
bir gəlin gətirər evə,
Sonra lap, lap, lap beləcə,
nəvə oxşar sevə-sevə,
Ya mənim ola-olmaya...

# 2541 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər