Bacıma yazığım gəlirdiBİRCƏNİN ROMANI

<b>Bacıma yazığım gəlirdi</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
2 fevral 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Məni atamgilə göndərmiş böyük qaynım evdən qaçdığımın dördüncü günü arxamca gəldi. Kamillə uzun-uzadı danışandan sonra mənə:

- Dur yığış, gedirik, - dedi. - Mənim uşaqlarıma görə də heç kimlə dilləşib evinə söz-söhbət salma. Bişirmə deyir, bişirmə.

Qaynımın dediklərini eşidən Kamil elə onun yanındaca mənə ayrı nəsihət verdi:

- Yunusun sözünə qulaq asma, o uşaqlara hər dəfə kökə bişir. Qoy bunun üstündə səni döysünlər, söysünlər, heç nəyə baxma, bişir. O uşaqların sənə sevgisinə kölgə salma. Yığış, get evinə.

Yığışmaq deyəndə, nəyim vardı yığışam da? Bir köhnə xalatda gəlmişdim, neçə gündü bacılarımın paltarlarını geyinirdim...

***

Qaynanam üzümə də baxmadı. Emin evdə yoxuydu. Maralın balalarına qoşulub həyətdə oynayan Cavid bir gündəydi ki, uşağı görəndə qorxdum – üstü-başı kir-pasağın içində, saçlarının dibi qum, torpaq... Uşağın baxımsız qaldığı birgünlükdən bilinirdi. Onun bu yetimliyi, kimsəsizliyi bağrımın başını dağladı, özümə bərk acığım tutdu, düşündüm gərək havayı yerə aralığa söz-söhbət salmayaydım. Onsuz bu gedişimlə nəyi dəyişdim – uşağa da əziyyət verdim, özümə də.

Axşam hamı evə yığışanda Zöhrə xala başladı, nə başladı! Gələndən bəri evə çökmüş yalançı sakitliyə görə çox utanmışdım, özümü xeyli danlamışdım. Ancaq indi qaynanam çıxış elədikcə özümə haqq qazandırırdım. Arvad hikkəsindən yırğalana-yırğalana qan əkirdi:

- Həə, nooldu, getdin məni pislədin evinizdə? Neyləyəcəklər mənə, nişanımı qaytaracaqlar?! Hamıya məni pis qələmə verdin, nolacaq, medalımı sökəcəklər?! Gələn kimi uşağı suya soxdun ki, guya sən də anasan, guya biz baxmamışıq uşağa?!..

Zöhrə xala danışdıqca qulaqlarım uğuldayırdı, çimdirib dəsmala bükdüyüm Cavidi geyindirə-geyindirə özümü heç nə eşitmirmiş kimi aparmağa çalışırdım. O məqamda nənəmin bir öyüdü beynimdə səslənib əsəblərimə sakitlik çiləyirdi. Nənəm həmişə deyərdi: “Acıqlı adamın qabağından qaçın, susun, qoyun doyunca danışsın, səbbi alınsın. Qəzəbin arxasında peşmanlıq dayanır, sən nə qədər səbirli olsan, hirsli adam da bir o qədər tez peşman olar...”

Kiçik qaynımla Emin başlarını aşağı salıb yemək yeyirdilər. Arada gözaltı Eminə baxırdım, bilirdim anasına cavab qaytarsam, durub mənə hücum çəkəcək. Qaynanamın hikkəsinin soyumadığını görüncə Cavidi götürüb yataq otağına keçdim ki, bəlkə arvadın gözündən iraq olsam bir az sakitləşər. Mənim bu gedişimi saymazlıq kimi qəbul eləyən Zöhrə xala lap coşdu, valideynlərimi, onların mənə verdiyi tərbiyəni söyməyə başlayanda özümü saxlayammadım:

- Bəsdirin də, oldu bitdi. İndi mən hara gedim, necə eləyim, siz deyin.

Emin bu sözümə bəndiymiş, yerindən qalxıb ley kimi üstümə şığıdı:

- Başından böyük qələt eləmisən, hələ bir cavab da qaytarırsan?!

O mənə çatmamış zalın qapısı şaqqıltıyla açıldı, böyük qaynım içəri girdi:

- Əl çək xalxın uşağından! Ona bir çırtma vursan, gətirdiyim kimi də geri qaytaracam.

Elə bil üfürülmüş tuluğun havasını fısıltıyla aldılar, Emin yaxamı buraxıb çörək üstünə qayıtdı. Ancaq qaynanam yenə kirimədi. Onda Yunus üzünü mənə tutub atam evində dediyini təkrarladı:

- Bir də bu evdən mənim uşaqlarıma nəsə versən, ya onlara nəsə bişirsən, mən özüm sənlə davaya çıxacam. Mənim balalarımın ucbatından evinə qırğın salma. Analarına da deyəcəm onları bu qapıya qoymasın. Mənim uşaqlarıma görə anamla üz-göz olma.

Oğlunun sözləri qaynanamın canına yağ kimi yayıldı. Düşdüyüm vəziyyət həm ağlamalıydı, həm də gülməli; guya mən bu evin çörəyini bunların düşməninə yedirtmişdim. Bu adamlar axı kimi kimdən qoruyurdular? Başımı itirmişdim.

Ancaq bura qədərkilər toya getməliymiş; qaynanam mənim cinayətlərimi sübuta yetirmək üçün, qaynım uşaqlarına mehrimi çirkaba bulamaq üçün daha usta taktika seçibmiş. Zöhrə xala mənim tərəfimi saxlayan böyük oğlunun gözlərinin içinə baxışlarıyla tüpürdü elə bil:

- Kül sənin arvadının (yəni Maralın) başına, gəlin (yəni mən) axşamacan sənin balalarını eşşək kimi işlədir, sonra da başlarını bir konfetlə, bir kökəylə aldadır. Özü qəzet-kitab oxuyur, sənin uşaqlarına paltar yudurdur, təndir odladır.

Uşaq qucağımda ayaqlarım yerə yapışdı, heyrətlə bir-bir hamının üzünə baxdım, kimin nə düşündüyünü üzündən oxumağa çalışdım. Heç kəsdən səs çıxmayanda ağlamaq əvəzinə yenə gic gülmək tutdu məni – o halımı dilə gətirməyə bir aşığın, bir ağıçının, bir mərsiyəxanın gücü çatmaz.

Mən şaqqanaq çəkib güldükcə Eminlə qaynanam quşqulanırdılar, ağlımın azdığını güman elədiklərindən üzümə qəzəblə, nifrətlə də yox, qorxuyla, vahiməylə baxırdılar.

İl qədər çəkən yarım dəqiqəlik aradan sonra Yunus anasını ikrahla süzüb:

- Tfuuu, - dedi, - yalansa sənin nəslinin-kökünün gorunda it balalasın! Sən qarışma, qoy mənim uşaqlarım ona qulluqçu olsunlar.

Bunu deyib Yunus qapını hikkəylə çırpıb çıxdı, az keçmiş geri qayıdıb qapının kandarından Emini hədələdi:

- Gəlinə əl qaldırsan, səni hörmətsiz eləyəcəm!..

***

O gecə hamı yatandan sonra yenə dar günlərimdə mənə atalıq-qardaşlıq eləmiş qovağımın kölgəsinə sığındım. Qovaqla bir boyda-buxunda tut ağacımız da vardı, həyət bölünəndə qaynım Yunisin qapısına düşmüşdü. Qovaqla tutun arasında bəlkə yüz dəfə gedib-gəldim. Bu cəhənnəmdə xəyalsız baş girləmək çox çətiniydi, ancaq içim qurumuşdu, xəyalım uçmağı yadırğamışdı. Arzularım pas atmışdı, sabahımı görə bilmirdim. Göylərdə bir tanış ulduz gəzə-gəzə qovaqdan tuta, tutdan qovağa dərd aparıb-gətirirdim.

İtlər yenə qərib gecənin üstünə hürüşürdü, hardansa İsaq-Musaq quşlarının nigaran səsi gəlirdi. Özümü hansısa uzaq dünyadan yer üzünə atılmış kimi hiss eləyirdim.

Düşdüyüm torun içində çabalamaqdaykən iri tutun budaqları arasından qaranlığa boylanan dörd balaca baş gecənin dərinliyində dörd körpə günəş kimi qəlbimə işıq saldı:

- Bibi, get yat, atam yalan deyir, biz sabah yenə sənin yanına gələcəyik...

Küpəgirən qarının eymə kimi açılmış ağzına bənzər gecəyə bundan gözəl kim nur saça bilərdi! Qaranquş yuvasından boylanan dörd ətcəbala kimi baxan dəcəllər özləri də bilmədilər üstümə qara duman təki çökmüş qaranlığı başımdan necə dağıtdılar. Güclə boyları çatan pəncərədən hərəsi gecənin ağzına bir konfet atdı. Konfetləri qapıb arxama baxmadan evə qaçdım. İçim sevinclə limhalim doldu. Düşündüm, yox, həyatım çox maraqlıdı, mən yaşamalıyam, hökmən yaşamalıyam!..

***

Sevilin toyuna heç olmasa bircə gün tez getmək istəyirdim, deyirdim bəlkə mən də bir işin qulpundan yapışaram. Di gəl, nə qədər dilə tutdumsa Emin məni evimizə elə toy günü apardı. Mahmud əminin ili çıxmamışdı deyə Zöhrə xala toya getmədi. İnsafən, biz maşına minəndə Eminə bərk-bərk tapşırdı:

- Keçən dəfəki kimi eləmə ha, qoy gəlin bacısının toyunda axıracan otursun, camaat sonra bizə gülər.

Biz atamgilə çatanda oğlan evi artıq gəlmişdi. Ancaq bundan əvvəllər dediyim səbəbdən atam Sevilə düz-əməlli toy eləmədi, ona cehiz vermədi, iki il qabaq ölmüş cavan xalası oğlunun müsibətini bəhanə gətirib qapımızda toy çalınmasına razı olmadı. Oğlan evi bizimkilərin bütün bəhanələrinə səbirlə dözdü, iş pozulmasın deyə hər şərtə razı olub səslərini çıxarmadılar.

İndi həyətimizdə vur-tut əlli nəfərlik bir məclis qurulmuşdu.

Sevil dediyindən dönmədiyinə görə anam ona yengə də qoşmadı. Gəlinlik məsələsində lap qabağa getdi:

- Ata-ana sözünə baxmayan qız gəlinlik geyib bu pilləkəndən düşməyəcək!

Bacım buna da qatlaşdı. Anamın belə hikkəylə yerə çırpdığı Sevili qaynanası göydə tutdu. Bizimkilər bacımı evdən adi bir donda, sadə bir görkəmdə, bəzəksiz-düzəksiz düşürüb yola saldılar. Ancaq sən demə, qaynanası gələndə özüylə ağ gəlinlik də götürübmüş. Maşın karvanı bizim rayonun ərazisindən çıxanda yolqırağı evlərdən birinin yanında əylənərlər, oğlan evinin qadınları o evdə Sevilə gəlinlik geyindirəndən, bər-bəzək vurandan sonra yola davam eləyərlər...

Biz darvazadan girəndə əmilərim, qardaşlarım, kişi qohum-əqrəbam çiyin-çiyinə verib həyət boyu düzülmüşdülər. Emin bir onlara, bir mənə baxıb:

- Uşağı al qucağına, cəld evə keç, - dedi, - bu qədər adamın hansıyla görüşəcəksən?

Gözümlə ona razılıq işarəsi verdim. Di gəl, maşından düşən kimi başda əmilərim olmaqla hamı mənə sarı axnaşdı. Mən bu adamların qabağından necə qaçaydım? Üstəlik, doğmalarımı görən kimi Emin də, ona verdiyim söz də yadımdan çıxdı. Mənə yaxınlaşan əzizlərimi bir-bir qucaqlayıb hamısının boynuna sarıldım. Emin Cavid qucağında qırağı boyunca gül-çiçək əkilmiş hasarın dibindən məni qanlı-qanlı süzürdü. Hələ mənlə görüşəsi xeyli adam qalmışdı, Emin əmim oğlunu qırağa itələyib Cavidi hirslə qucağıma atdı:

- Götür uşağı, rədd ol içəri!

Hamının sevinci, gülüşü üzündə qurudu, mənlə görüşmək üçün növbəyə durmuş əzizlərim kirimişcə geri çəkildilər.

Gəlin gedəndə düşdüyüm pillələrlə üst evlərə qalxdım. Ətirli plovun, yarpaq dolmasının, narlıqda çəkilən kababın qoxusu vurduqca iştaham açılırdı. Yenə üst evlərdə cavanlar, alt evlərdə yaşlılar, həyətdəki iri çinarın dibində isə kişilər əyləşmişdilər.

Toyu çalğısız, yengəsiz, cehizsiz, gəlinliksiz keçsə də, Sevilin kefi köküydü. Əllərini bir boşqab xınaya salmışdı, hamıyla danışıb gülürdü.

Cavid adamı çox görüb sallaşmışdı yaxamdan. Sevillə aramızda əzəldən bir pərdə vardı, onu elə bircə dəfə qucaqlayıb öpə bildim. İki bacı danışmağa söz tapmadıq. Yenə Telli mama özünü üstümə atdı, Cavidi qucağımdan alıb mənə oturmağa yer göstərdi. Könlümdən əlimə bir sini götürüb qonaqlara qulluq eləmək, camaata qaynayıb-qarışmaq keçirdi. Hər dəfə həyətə boylananda Eminin bayaqdan bir yerə mıxlanıb durduğunu gördükcə pərt olurdum. Bu yandan da anam yad eldən təşrif buyurmuş təzə qohumların içində mənə:

- Nə faraş gəlmisən, özünü lap ələm-yesir elədin ey bacının toyunda, - deyib getdi.

Onun atmacası Eminin davranışından betər oldu, bu, həm də guya bizim ana-bala görüşməyimiz idi. Pərt-pərt onun-bunun üzünə baxırdım. Cavid də yemək deyib dad döyürdü. Hələ qonaqlar hamılıqla cəm olmamışdılar deyə qazanların ağzı açılmamışdı. Elə mən özüm də Caviddən az acmamışdım.

Halımı pərişan görən əmim qızları başıma yığışdılar. Bir gözüm Sevildəydi. Mənə elə gəlirdi Sevil anamın acığına özünü sındırmır, yalandan danışır-gülür. Bir yandan bacıma yazığım gəlirdi, bir yandan da hörmətim artırdı ona: düşünürdüm qərib yerdə, uzaq rayonda, təkcanına mən çəkdiklərimi o da çəkəcək; ancaq sözünün üstündə durub dediyini yeritdiyinə görə ürəyimdə Sevilə əhsən deyirdim.

Mən xəyalımda Sevilin gələcək həyatının epizodlarını canlandırmaqdaykən Telli mama boynubükük qarşımda durdu:

- Emin deyir düşsün, gedirik.

Mənə elə gəldi yanlış eşitdim. Bibimin naçar üzünə əlacsız-əlacsız baxıb, üst evə qalxan pilləkənin başına çıxdım. Artıq qazanların ağzı açılmışdı, aşağı-yuxarı evlərə yemək daşınırdı. Eminin üzündə bir ifadə vardı ki, elə bilirdim ağzımı açsam, bunca adamın içində canımı qanıma qəltan eləyəcək. Məni görcək sözləri ağzında çeynəyə-çeynəyə dedi:

- Qayıt uşağı götür, sakitcə düş gəl min maşına, gedirik.

Mən səsimi əsdirə-əsdirə yavaşca:

- Ayıbdı axı, - dedim, - indicə gəlmişik. Qoy heç olmasa bir tikə çörək yeyək, oğlan evi qızı aparsın, sonra gedək.

Sözlərim Emini coşdurdu:

-

Sənə dedim axı uşağı götür gəl! Mən burda bir dəqiqə də ləngiyəsi deyiləm.

Çevrilib atamın, əmilərimin üzünə baxdım, gözümlə onlardan kömək istədim. Düzü, məclisin bu yerində çıxıb getmək mənə ar gəlirdi. Eminin birdən-birə niyə belə əcaib qərar verdiyini də anlamırdım. Heç demə, mən içəri keçəndən sonra Musa əmim məni doğmalarımla görüşməyə qoymadığına görə onu camaat içində qızardıbmış:

- Düz deyiblər oddan kül törər, elə bil o kişinin oğlu deyilsən. Sən nə vaxt adam olacaqsan, ay bala?

Əmimin sözləri Eminə bərk toxunmuşdu, o da acığa düşüb qisasını məndən alırdı. Atam, qardaşlarım nə qədər minnət elədilərsə Emin yumşalmadı. Bibim ona yalvardı ki, azca hövsələsini bassın, heç olmasa bizə bir tikə çörək kəsməyə möhlət versin.

Hamı bir-birinə dəymişdi, Emin ona minnətçi düşənlərin çoxaldığını gördükcə ayağını bir az da yuxarı qoyurdu. Əmim qızları məni çaqqal sürütməsinə döndərmişdilər – biri yaxamı sağa çəkirdi, biri sola, biri ora dartırdı, biri bura. Bu gülməli-ağlamalı səhnəciyə nöqtə qoyan da anam oldu, alt evin pəncərəsindən başını çıxarıb:

- Nə yalvarırsız ona, verin arvad-uşağını da çıxıb getsinlər, - dedi. - Bir də kim çağırıb bura onları? Mən evin ağbirçəyini çağırmışdım, o da özü gəlməyib, uşaq-muşaq göndərib üstümə.

Anam hamıya yolunu göstərdi. Mən dinməzcə pilləkəni enib maşına oturanda bibim əlində qazan bizə doğru qaçdı:

- Heç olmasa bunları götür, uşaqlar evdə yeyərlər, - deyib Eminə yalvardı.

Anam irəli şığıyıb qazanı Telli mamanın əlindən aldı:

- Bəri ver onu! Qanacaqları-qabiliyyətləri çatsaydı, oturub yeyərdilər.

Musa əmim adamları yarıb Eminə:

- Özün get, qoy uşaqlar qalsın, - deyəndə anam yenə hirslə geri dönüb bu məzhəkənin son nidasını da qoydu:

- Buraxın rədd olub getsinlər!

Emin maşının qapılarını hikkəylə çırpıb mühərrikə nə təhər qaz verdisə, elə bildim həyətdəki uşaqlardan kimsə təkərin altında qaldı...

ardı var

# 1507 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #