O qızın qorxaq ayaqları - Kəramət Böyükçöl yazır

O qızın qorxaq ayaqları - Kəramət Böyükçöl yazır
4 avqust 2016
# 13:28

Kulis.az Kəramət Böyükçölün “Zahid Xəlilov küçəsi” yazısını təqdim edir.

Mən əvvəllər elə bilirdim həyasız və sırtıq küləklərinə, dingiş müğənlilərinə az-çox bələd olduğum Bakını heç vaxt sevə bilmərəm və heç təəsəvvürümə belə gəlməzdi ki, bir gün qədimliyinin arxasında gizlənən bu şəhərin tən ortasında - Zahid Xəlilov küçəsinin üzündəki o müqəddəs inam tam aydınlığı ilə mənə doğma ola bilər. Mən düz dörd il bu küçədə təhsil almışam, bu küçənin tələbəsi olmuşam və bu dörd ildə demək olar hər gün bu küçədə özümlə qarşılaşıram, özümə salam verirəm və özümü bu küçədə çox yaxşı tanıyıram. Olub ki, arada daşı ayağıma ilişib, polisi qolumdan yapışıb, xazeykası evindən qovub, ancaq bir dəfə olsun bu küçənin üzünə qayıtmamışam, danışanda sözünü kəsməmişəm, bir dəfə də olsun yanından salamsız ötməmişəm, əlini havada qoymamışam...

Mənim Zahid Xəlilov küçəsi ilə tanışlığım 2007-ci ildən başlayıb və bu tanışlıq o zaman baş verdi ki, o ili Bakı Dövlət Universitetinin tələbəsi oldum. Biz qrupda otuz tələbəydik və filologiya fakültəsi olduğumuzdan qızlar sayca üstünlük təşkil edirdi. Həmcins mübtədalı cümlələr kimi yan-yana düzülən qızların içində vergülə oxşayan tək-tük oğlanlar isə adətən hüquqa balı çatmayan kasıb balaları olurdu.

Bakı Dövlət Universitetinin 1 saylı korpusunda - filologiyadan üç mərtəbə yuxarı hüquq fakültəsi yerləşirdi və bizdə qızlar çox olduğuna görə “hüquq”un oğlanları demək olar hər dəfə yolunu bu tərəfdən salırdılar. Bir-iki dəfə bu barədə yüngülvari tədbir görsək də nədənsə xeyri olmadı. “Hüquqi” cəhətdən əsaslandırıldı ki, biz günahkarıq. Sonra da başımızı salıb aşağı öz işimizlə məşğul olduq. Mən onda hələ bığ yeri təzə-təzə tərləyən və ayrı-ayrı yerlərdən gələn uşaqların eyni ünvanda birləşməsini çox böyük maraqla qarşılayan yeniyetmə bir oğlandım. Hər şeyə şeir kimi baxırdım və elə bilirdim bu dünyada hər nə varsa hamısı mənim gözlərim boydadı.

Mənimlə eyni küçədə bir qız da oxuyurdu. Balaca, kövrək bir qız. Adama elə gəlirdi əl vursan o saat ağlayar, adına da Sərçə deyirdim. Təbiətin bu balaca balası qrupumuzun son beşiyidi, nə vaxt baxırdın uşaq kimi əlləriylə oynayırdı. Sərçənin qardaşı yoxuydu, əllərini özünə qardaş sayırdı. Onun tullana-tullana yeriməyi hələ də yadımdadı və xüsusən belə vaxtlarda Sərçə altından xətt çəkilmiş cümlə kimi heç vaxt mənim gözümdən yayınmazdı. Ancaq onun yerişi nə qədər şıltaq olsa da bu addımlar mənim gözümə həmişə kimsəsiz görünüb və elə təsəvvür eləmişəm ki, onun bu qorxaq ayaqları Zahid Xəlilov küçəsində kirayə yaşayır.

Filologiya fakültəsində mühazirə dərsləri adətən birinci saatlara salınırdı. Gecələr gec yatıb səhərlər yuxudan tez durmaq və xüsusən soyuq qış aylarında dərsə vaxtında çatmaq çox çətin olurdu. Təəssüf ki, tələbələrin saçlarında bir ovuc qarla siyidə-siyidə mühazirə otağına girməsi belə müəllimlərin qayıb yazmaq hissinə mane ola bilmirdi.

Günü bu gün də olduğu kimi yadımdadı: ayağının altında qaldığımız günlərin birində Zahid Xəlilov küçəsinə şıdırğı bir yağış yağdı, o günü bu küçədə elə bil heç kəs yaşamırdı, hər yan şaxtalı qış gecələrində olduğu kimi kimsəsiz idi. Mən heç vaxt belə tənhalıq görməmişdim. Elə bil allah Zahid Xəlilov küçəsinin üzünə ölüm hökmü oxuyurdu. Həmin gün Sərçə dərsə gecikmişdi və bu zaman mən dərs jurnalını da qoltuğuma vurub (Sərçəyə qayıb düşməsin deyə) onun yolunun üstündə dayandım. Sumqayıtdan Zahid Xəlilov küçəsinə gələn ağ rəngli avtobusu son ana qədər gözlədim. Birdən yağışın arxasında Sərçənin nərmənazik ağ əllərini gördüm və elə küçənin ortasındaca dəli bir həsrətlə onun boynunu qucaqladım, titrəyən əllərimlə saçlarını daradım, qayğılı gözlərinə doyunca baxdım. Dipçək gülünə oxşayırdı qucağımda Sərçə. İki-üç dəqiqə üz-üzə dayandıq. Sərçənin vulkan gözləri aşmış qayığa oxşayan qaşlarının altında par-par parıldayırdı və yağış onun kədərli gözlərinə dəyib sönürdü. Sərçə qollarımın arasına sığacaq qədər balacaydı, elə bil allah onu qucaq üçün yaratmışdı.

Düzü, həmin an yağış da bizə xeyli aradüzəldənlik elədi və beləliklə aramıza çökən dərin bir səssizlik ilk dəfə idi ki, yağış simfoniyasının sədaları altında hisslərimizi bu qədər aydın ifadə edə bilirdi.

Aylar biri-birinin dabanını basa-basa ötüşür, günlər üstümüzdən toz kimi çırpılırdı. Oxuduğum bütün kitabların içindən Sərçə çıxırdı. Evimizdə palazımızın altında saxlayırdım şəkillərini. Hər gecə şəkillərinə yalvarırdım. Dərslərdə də yanaşı otururduq. Elə bil qol saatım idi Sərçə, həmişə yanımda olurdu. Bir dəfə professor mənim sərçəmə dünya ədəbiyyatından 3 yazdı. Sərçənin kədərli gözlərinə baxanda o qədər darıxdım ki, barmaqlarımı cilovlaya bilməyib onun 3-nü jurnalda 9 elədim. Bilə-bilə ki, buna görə məni universitetdən qova bilərlər. Maraqlı anlar idi, çox maraqlı. Bir də yaşya bilməyəcəm o günləri, belə uşaq kimi sevmək getdi işinə daha:

Öldü gözlərimdə bir dəvə kini,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi,
Çəkildi başımdan gənclik havası.
Bir də bir kimsəni sevməyəcəm,
Bir də sevda nədi bilməyəcəm.

Dördüncu kursun mayı idi. Biz tələbələr bəzənib-düzənib, geyinib-kecinib ayrılıq gününə hazırlaşırdıq. Sərçənin üzündə isə tamam ayrı bir ifadə vardı, fikirləri də saçları kimi dolaşıq və qarmaqarışıq idi. Mən ona yaxınlaşdım, o isə elə bircə kəlmə dedi:

- Olmaz!

Mən hər şeyi aydınca, ürək ağrısıyla dərk elədim və axır ki, həyat mənim də üzümə güldü, ancaq ironiya ilə deyə düşündüm. Təngnəfəs oldum və heç bir söz demədim.

Əslində bu novellavari bir sonluq da deyildi. Mən lap əvvəldən, elə ilk gördüyüm gündən əmindim ki, Sərçə mənim bu üstü-başı nimdaş, köynəyi ütüsüz sevgimə layiq deyil, ikincisi, onu da deyim ki, adına Sərçə dediyim həmin o qızın bir gün qollarına quş lələyi taxıb elə bu küçədəncə nazik dişli darağa oxşayan əllərini saat əqrəbləri kimi üzümə yelləyib uçub gedəcəyini də bilirdim.

Sərçə mənim gözümdə Zahid Xəlilov küçəsinin ilk şəkli idi, neyləyim o da qollarına quş lələyi taxıb uçub getdi buralardan və orasını da necə deməyim ki, ondan sonra mənim gözüm bu küçədə daha özgə bir qanadlı görmədi.

Bütün bunlar demək olar ki, dörd il ərzində baş verdi. İndi isə mən Zahid Xəlilov küçəsində - Bakı Dövlət Universitetinin həyətində oturmuşam. Qəribə də olsa mənə elə gəlir, ömrü boyu bu küçədə yaşamışam, hərdən də elə olub ki, bu küçəni öz evim hesab eləmişəm və yalnız elə indi, bu yazını yaza-yaza fikirləşirəm ki, daha mən dostu düşmən, düşmən düşmən, iqtidarı iqtidar, müxalifəti də iqtidar olan bu küçənin nə ikili-üçlü, saçları pırtdaşıq tələbəsi, nə də kasıb, tör-töküntülü sakiniyəm. Elə bil ömrümü başa vurmuşam və mənə elə gəlir, daha bu dünya qurtarıb.

# 2551 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #