Səfər Alışarlıdan yeni povest: Qız və maneken - Tam Mətn

<span style="color:red;">Səfər Alışarlıdan yeni povest:  Qız və maneken -  <span style="color:red;">Tam Mətn
6 aprel 2019
# 14:21

Kulis.az yazıçı Səfər Alışarlının “Qız və maneken” adlı yeni povestini təqdim edir.

1

Rəisin kabinetinin səliqə-sahmanı, təzə mebelin ciddiliyi, hətta böyük qabdakı qarğıdalıya bənzər gülün yarpaqlarının tərtəmiz, yumşaq parıltısı da içəri girən hər kəsə özünü-sözünü toparlamaq, fikirlərini konkretləşdirib nizama salmaqla vaxta qənaət etməyin vacibliyini xatırladırdı. Bəlkə də palçığa, suya bata-bata nefti yerin damarlarından çətinliklə sorub çıxaranlara baş ofisin belə gigiyenik sterilliyi bir o qədər ləzzət eləmirdi. Hər halda əsaslı təmirdən sonra bura ilk dəfə gələn Musayev öz içindən keçən bu ani sızıltını dərhal tutdu və onu qazılıb qurtarmış quyuya aid köhnə bir faiz rəqəmi kimi kənara atıb unutmağa çalışdı, çünki bundan sonra bu ofisin, dənizdəki platformaların, qazılan quyuların-filanın onun həyatına dəxili olmayacaqdı, o bu dəsgahla vidalaşmağa gəlmişdi. Mövcud olduğu yüzillər ərzində onun kimi çox mühəndisləri yola salmış bu idarə nəinki kadr qıtlığı üzündən dağılmamışdı, əksinə, ilbəil yeniləşib, güclənib öz kəmərlərinin ucunu Avropa bazarlarına da çatdıra bilmişdi. Musayevin təxmini hesabına görə, bir mühəndisin büsbütün burada keçən həyat və fəaliyyəti praktik müqayisədə o kəmərlərdəki borulardan yalnız birinin uzunluğuna bərbər ola bilərdi: 12 metr! Onunku heç bu qədər də eləmirdi.

Musayev ürəyində bu de-marşı maraqlı filmi yarıda qoyub seansdan çıxmağa bənzədirdi və hələ sevimli filmə tam baxmadığına görə kiminsə bu dünyada öldüyünü xatırlaya bilməməklə özünə təskinlik verirdi. Fikirlərinin və onlara qarşılıqlı alternativlərin çoxluğu nefti, qazı, dənizi, evi, indiyə qədər olanları, bundan sonra ola biləcəklərə qarışdırıb onun başında dolaşıqlıq yaratmaqla ofis və kabinet interyerinin diktə etdiyi ciddi tələblərin yerinə yetirilməsini bir qədər çətinləşdirdi.

Ağbaş rəis bir ucu Avropada olan bu kompyüter dizaynının içində qol-budağı dəqiqliklə vurulub-daranmış qoca palıd kimi möhkəm və sarsılmaz görünürdü. Musayev tərk etdiyi 34-cü platformanı divardakı monitora gözünün qırağı ilə baxan kimi gördü: lap yuxarıda mavi dəniz fonunun şərq sərhədləri yaxınlığında yaşıl işığı gündəlik sabit tonnajla göz qırpan sonuncu nöqtə idi, yanında qazılmaqda olan iki ağ işıqlı bala quyusu ilə...

Rəis yumşaqlığı güclə sezilən, monitordakı yaşıl nöqtələr kimi diri baxışla onu süzüb işdən çıxmasının səbəbi ilə maraqlandı. Əlində tutub diqqətlə baxdığı kağızı ya oxuya bilmədi, ya da başının başqa işlərə qarışıqlığından mətləbi anlamaqda çətinlik çəkdi: dövrün, zəmanənin bu çətin vaxtında buranı mühəndismi tərk edər?! Bu təəccübü Musayev dəfələrlə təsəvvür eləmişdi, gah özünə, gah onun bu halına təəssüflənən rəisə yazığı gəlmişdi, odur ki, indiki pəjmürdəliyində daxilən toparlanmağa sarı elə də əhəmiyyətli irəliləyiş edə bilmədi.

Dedi ki, o, dənizə növbəyə gedəndə qızı hər axşam evdə ağlayır, onun xiffətini çəkir.

– Başqa çarə görmürəm, – Musayev artıq idarəni tərk etmiş adam kimi mızıldanıb köks ötürdü.

Cavab rəisin başını bir az da qaldırdı, baxışlarını bir az da diriltdi, amma yumşaqlığını artırıb-azaltmadı. Sanki bu məsələ də başqaları kimi rəisin ömür qoyub keçdiyi vəzifə pillələrində ən düzgün variantlarda çoxdan həll edilib qurtarmışdı, müəlliflik hüququ verən sənəd alınmışdı, üstəlik, hələ "Googl"a da yerləşdirilmişdi. Bu isə sadəcə analogiyadan başqa bir şey deyildi.

– Neçə yaşındadı qızınız? – rəis soruşdu.

– Beşə az qalıb.

Sonra evdəki uşaqların sayı, onların anası, ev şəraiti-filan haqqında suallar sanki anketin tam doldurulması üçün rəisin səlahiyyətli dilində rəsmiyyətdən bir qədər uzaqda səsləndi və onların hamısı o müxtəsərliklə də mühəndis Musayev tərəfindən nəsə hələ tam tükənməmiş gizli bir ümidlə cavablandırıldı. Hər halda ayrılığın da xoşluğu gərək, belə rəislə adam bütün ömrü boyu bir dəfə ya görüşür, ya da görüşmür.

– Neçə ildir bizdə işlədiyiniz?

– On iki ildir, – Musayev dedi.

– Bəs necə yaşayacaqsınız? Axı indi... – Fikrin sonu səslənməsə də, bu sual üçün bəlkə də rəisə təşəkkür etmək lazım idi.

Adətən məsələni öyrənib dəqiqləşdirmək üçün adama 5-6 sual tam kifayət edir. Rəis planı ikiqat yerinə yetirmişdi. Rəis üçün zəmanənin ən çətin məsələsi plan idi, odur ki, plansız o, pəncərəyə də baxmırdı.

Onunsa başındakı xaosun arxasından soyuq qış günəşi kimi boylanan gələcək planlarının hamısı qızının ağlamağı ilə bağlı idi, qızı öz ağlamağı ilə onu bütün bu sahilboyu metal yığını və mavi dəniz sularının təlatümü içindən bapbalaca bir iynə kimi dartıb çıxarırdı, amma hara taxacağı haqda heç fikirləşmirdi.

Bilirdi ki, qızı bir az böyüyəndən sonra ondan ötrü ağlamayacaq, sonra ayrılıb gedəcək öz həyatını yaşamağa. İndisə ağlayır və ağlayanda onu kiritməkdən ötrü, onun ümumiyyətlə ağlamamasından ötrü mümkün olan hər şeyi etmək sadəcə borcdur. Ata borcu.

– Sizcə, niyə belə olur? – rəisin sarsılmaz gümrahlığı nisbətən zəifləmiş kimi göründü.

– Nə? – o dərhal başa düşmədi. – Uşağın ağlamağı?

– Hə də... Bizdə minlərlə adam işləyir, hamının da uşağı var. Amma təkcə sizinki ağlayır.

Bu haqda, əlbəttə, fikirləşmişdi. Həqiqətən uşaq var heç ata görmür, ancaq ağlamaq yadına da düşmür. Bu ağlayır. “Niyə”nin səbəbləri çox ola bilərdi. Onun gücü çatanı indiki halda işdən getmək qədərində idi.

– Hə, ağlayır, – o dedi. – Bağçaya da getmir...

– Yaxşı reabilitasiya mərkəzləri var, – rəis dedi. – Müraciət etmək lazımdı.

Rəis bütün səlahiyyət sahibləri kimi o qədər inandırıcı dedi ki, sanki bircə müraciətlə hər şey həll olunacaq və iş bu əndazəyə gəlib çatmayacaqdı.

– Etmişik, – Musayev qısaca dedi. –Hərəsi bir söz deyir... Amma, baxırsan, hər şey normaldır: yeyir-içir, yatır, oynayır. Hava qaralmağa başlayan kimi eləcə nadinclik eləyir. O da mən evdə olmayanda.

Deyəsən, rəisin daha sual və tövsiyəsi qalmadı. Fikrinin də kabinetdən uzaqlarda harasa yayındığı Musayevin diqqətindən qaçmadı. Orada bir mühəndis yeri hələ boş idi. Rəis onun olmadığı yerlərdə bir az da gəzib-dolaşandan, istehsalata aid vəziyyətlə bağlı göstərişlərini verəndən sonra, nəhayət, buradakı problemin sonuna gəldi.

– İndi mən neyləyim, imzalayım ərizəni? – Musayevin gözlərinin yarısına o cür də yarımçıq təbəssümlə baxa-baxa soruşdu.

Musayev yüngülcə başını tərpətdi və “Kadr id./əmr, imza, tarix” kimi şeylər qeybdən var olmuştək ağ vərəqin yuxarı küncünə düşüb oranın intizarlı boşluğunu sanki dövlət rəmzləri ilə dolduraraq məsələni bir göz qırpımında rəsmiləşdirdi. Bu aktdan sonra rəis qələmi səliqə ilə borucuğuna sancıb öz işgüzarlığını tam bərpa etdi: həyat köhnə axarında, istehsalat və plan qayğılarının sönməz gərginliyi altında davam etməyə başladı. Musayev özünü sakit dənizdə sanki bekarçılıqdan yaranan ləpələrin vurub sahilə atdığı neftli taxta parçası kimi hiss elədi.

Kadr idarəsinin mərtəbə fasadından şapka dimdiyi kimi irəli çıxmış foye pəncərəsindən boz dənizin əl boyda bir hissəsi oğruncasına Musayevə əl elədi. Elə bil indi o, qurudan baxdığına və sulardan belə qəflətən, xəbərdarlıqsız ayrıldığına görə dəniz bütün ehtişamı ilə onun gözünə görünmək istəmədi. Növbədə olanda bir qarış torpaq görmək ümidi ilə hər dəfə başını qaldıranda suların sonsuzluğu üzünü qarsalayırdı, bu yanğıda dərhal qızını xatırlayırdı. Hərdən qulağına dolan ağlamaq səsini batırmaq üçün dənizi, dalğaları haylayırdı, mancanaqda işləyən ustalara səslənirdi, sonra da guya ucadan mahnı oxumaqla bədənindəki bütün səslərin məzmun və mahiyyətini dəyişməyə çalışırdı. Pəncərədən dənizə baxanda o səs eşidilmirdi, sanki bundan müəyyən edirdi ki, 34-cü platforma real bir nöqtədə yox, haradasa uzaqda, sudan başqa heç nə görünməyən, yeri yalnız xəritədə məlum olan sirli və şərti bir məkandadır. Ona elə gəldi ki, rəisin monitorunda 34 rəqəminin altında yanan yaşıl və ağ nöqtələr də həmin yeri düzgün göstərmir; dənizin ən dərin yerindəki o məkanı koordinat setkasının iks, iqrek rəqəmlərindən də dəqiq onun ürəyinin aylar boyu çəkdiyi ağrıların dərinliyində tapmaq olardı.

Sahil boyu uzanan bu dolaşıq, boyalı və boyasız kəmərlərin, rezervuar və çənlərin, elektrik xətlərinin, asfalt və dəmir yollarının, kir basmış şam ağaclarının, projektor qüllələrinin, mısmırığınmı sallayıb bekar durmuş kranların və yezid rahibləri kimi təpədən-dırnağa qırmızı geyinmiş adamların belə qarmaqarışıqlıqda öz adının və fərdiyyətinin tam on iki il səhvsiz identifikasiyası daha onu təəccübləndirmirdi.

Kadr idarəsinin rəisi vəzifə borcundan irəli gələn səhihliklə təkcə onun yox, hamının ailə dastanından xəbərdar idi. Özünün uşaq doğa biləcəyinə ümidini gənclik şuxluğu ilə bərabər itirməkdə olan bu xanımın fikrincə, övlad naminə bütün belə fədakarlıq və qəhrəmanlıqlar zirvəsinin fəthi yalnız ona məxsus ola bilərdi, amma qismət deyilmiş və bunda mühəndis Musayevin günahının olmaması işi yüngülləşdirməsə də, ən azı, qəlizləşdirmirdi.

– Başqa iş təklif eləmədi sənə? – xanım şəffaf eynəyinin altında gözünü qıyıb onun üzünə deyil, yanağının böyründən divardakı portretə baxa-baxa soruşdu, səsinin cəsarətli cingiltisi ilə rəislər rəisini qınadı.

– Yox, – o da xanımın analıq xoşbəxtliyindən başqa bu dünyada çox sevincləri irdələmiş gözəl sifətinə baxmadan dedi.

– Bəlkə mən gedim ondan xahiş eləyim? – xanım soruşdu və üzündə elə məsum və doğma ifadə yarandı ki, onun bu istəyinə “yox” demək üçün Musayev öz içində bir qədər dirəşməli oldu.

– Nırç, – o dedi. – Başqa bir şey... Özüm axtararam.

Sonra xanım kreslosuna tədricən, sanki az tanış olan nəyinsə üstünə otururmuş kimi ehtiyatla əyləşib, nəhayət, onu xoş avazla cırıldatdı, kağızları qurdaladı, elə bil ona verməyə yazılı nəsə axtardı və birdən başını qaldırıb ucadan gülə-gülə dedi:

– Vəssalam, Musayev! Finita la kommedia! Bir həftədən sonra mühasibatdan haqq-hesabını ala bilərsən. Qudbay, moy love!

Musayevin gülən halı yox idi, amma bu vida gülüşünə görə ürəyində xanıma təşəkkür elədi. Yoxsa bayıra çıxanda bütün bu sahilboyu qarmaqarışıqlığın içində neyləyəcəyini müəyyənləşdirməkdə çətinlik çəkərdi. Bu gülüş isə onu elə bil tənhalıqdan qurtarıb həyatın yeni istehsalat sahələrinə doğru irəliləməyə həvəsləndirdi: milyonların yaşadığı şəhərdə hamı dənizdə işləmir ki! Qayıdanda foyedən dənizin o bir qarşılıq uzaq zolağına baxdı, görmədi, elə bil fırlanan Yer kürəsi tini burulub dənizi 34-cü platforma qarışıq özü ilə aparmışdı. Qarğıdalıya oxşar güldən biri də buradaydı, necə olmuşdu bayaq bunu görməmişdi? İndi bayaqkının da əvəzinə diqqətlə baxdı: uzunyarpaqlarının hamısının tozunu silib parıldatmışdılar, ortada birindən başqa. Cibindən dəsmalını çıxarıb o yarpağı nəvazişlə sildi. Ona elə gəldi ki, yarpaq onun qızıdır, bütün başqa uşaqlardan ağlamağı ilə seçilir və tozu da o ümidlə sildi ki, qoy daha seçilməsin, onlar kimi olsun. Oxşasaydı və ağlamasaydı, bundan sonra o öz həyatını neftdən və hələ tam müəyyənləşdirmədiyi yeni bir dönəmdən fərqli haradasa üçüncü axarda qurmalı olacaqdı. Fikrində o qədər qabağa qaçmışdı ki, geri dönüb təzədən sanki dənizin sahilindən dərin quma bata-bata şəhərə doğru addımlamaq ona əziyyət verirdi.

Boru kəmərlərinin arası ilə gedə-gedə onları adamlara bənzədirdi. Fikirləşirdi ki, kəmər gedir, gedir və mütləq diametrcə özündən böyüyünə calanır, eynən ailə kimi. Başından gecə-gündüz alov qalxan qonşu zavod borusunu gizlicə öz qızına bənzədirdi. Ona elə gəlirdi ki, alov bütün ailənin bətnində yaranan hansısa ağrı-acının təzahürü kimi püskürüb o borudan qalxır. Boru da belə ağlayır. Ağaca, onun budaqlarına, güllərə diqqətlə baxanda mütləq seçilən birini qızına oxşadırdı və istəyirdi ki, o seçilməsin, başqaları kimi olsun, seçilmək istəsə, böyüyəndən sonra seçilər.

Dəniz özü ağırlığında bir yük kimi daim onun beynindən sallanırdı. Qızı ilə oynaya-oynaya ilk dəfə suların və dəli küləklərin hər üzünü görmüş platformasından ötrü gizlicə darıxdı. Beton ayaqlarını suların dərinliyinə uzatmış platformanın güclə hiss olunan ağır ləngəri ilə həmahəng işləyən qazma aqreqatlarının gurultusu, ustaların səs-küyü, arada səsgücləndirici reproduktordan verilən meteoxəbərlər və musiqi – hamısı bir yerdə uzaq dəniz səthinin kiçik bir nöqtəsində bütün sehri və sirri ilə davam etməkdə olan nağıl kimi yenə onu səslədi. O, çağırışa cavab vermədi, susdu, gözlədi ki, dəniz onun yox, qızının səsini eşidib hər şeyi başa düşsün. Qızı onun qəhrəmanlığına məhəl qoymadan kuklalarının yerbəyer olması üçün müxtəlif tapşırıqlar verir, arada onu “qaçdı-tutdu” oynamağa çağırır, hərdən divanın başına, dolabın üstünə dırmaşır, yorulmaq bilmədən evdə şütüyürdü. Ev doludur oyuncaqla, marketdəki satıcılar nəyisə onlara göstərəndə mütləq əlavə edirlər: "Təzə gəlib", yəni sizdə bundan yoxdur.

2

Yay kölgə düşməyən talalardan gözünü qıyıb boylanırdı, beşmərtəbələrin balkonundan, ağacların təpəsindən payızın nəyi necə başlayacağına baxırdı. Yay sarı otlu uca dambanın üstü ilə şütüyən qatarların pəncərələrində bir ucdan yığışıb gedirdi.

Payız hələ ayrı işlə məşğul idi, başı qarışmışdı. Gecələr buraları hərlənib tez də öz köhnə işinin üstünə qaçırdı. Qız qəfləti səslərdən qorxub ona qısılırdı, altdan-yuxarı baxa-baxa ağlamağın tamamına bir neçə saniyə qalmış qorxunc səsin bitməsini gözləyirdi. Kiminsə qorxub qan-bağır olmağı, ağlamağı o səslərin vecinə deyildi, sanki onların da öz uşaqları vardı və o uşaqların ağlamaması üçün öz işlərini sonadək görməyə məcburdular. Qızın toxunuşunda, balaca əllərinin naşı tutumunda, təlaş dolu baxışlarının titrəyişində bütün instinktləri ox kimi dəlib keçən, tükənməz bir doğmalıq vardı.

– Sən məni qoyuyaysan, eləmi? – səs olmayanda soruşur, növbəti təhlükə üçün bənd-bərəni bağlayır.

– Hə, əlbəttə! – o deyir. – Bir barmağımnan itələyərəm onları, hamısı yıxılar yerə.

– Hansı barmağınnan? – dəqiqləşdirir. – Baş bamağınnan? Ya bunnan? – öz barmağını göstərir.

– Hə-əə! Bir dəfə “Fuuuu!” eləyərəm, hamısı uçar burdan!

– Belə hə? Uu-u-u!

Parkda uşaqlarla oynayanda onlara tam qarışıb oyunun içində itmir, oyunun qırağında bir uşaqla oynayır, daha çox o uşaqla danışır və növbəti səsi hamıdan tez eşidən kimi uçuna-uçuna qaçıb gəlir. Elə bil səslər üzrə növbətçidi, o eşitməsə, o qorxmasa, səsin həqiqiliyinə heç kim inanmayacaq və səsin uşaqları həmin gün nəyinsə xiffətindən mütləq ağlayacaq. Amma bu dəfə ağrını nisbətən yüngül keçirir. Belə anlarda ona elə gəlir ki, qızı hər saniyə böyüyür. Ancaq az, cüzi miqdarda böyüyür və hər hansı bir gurultulu maşın, qatar, tozsoran, laqunda səsi onun əziyyətli saniyələrlə yığdığı müqavimət gücünü birdəfəyə silib yox edir və təzədən qorxudur.

Butikin qabağındakı geyimsiz manekendən xoşu gəldi. “Böyük kukla!” deyib durdu, üzünün faciəvi ifadəsini göstərməmək üçün çevrilib tamam lazımsız tərəfə baxmağa başladı. Mağaza müdirini güclə razı saldı ki, onu satsın. Deməyinə görə, guya bu Türkiyə gözəlini buradan keçən çox adamlar istəyib, amma verməyib. Belə götürəndə bəlkə də ağsaqqal məsləhətinə baxmayıb şair sözünə inanmaq olar, son onilliklər boyu bütün peşələri sarımsaq kimi əzərək kütləvi şəkildə formalaşmağa başlamış bu alverçi zümrəsininkinə yox. Elə bil doğma qızını ərə verirdi, heç Koroğlu Qıratı elə tərifləməmişdi ki bu, manekeni tərifləyirdi. Qarasaç, ağzı-gözü boyalı bir mulat idi, 108 santimetrlik ayaqları ilə qarşısından keçən bütün gənc xanımlara qızlar bulağından doyunca su içməyin vacibliyini xatırladırdı...

Avtobusda özü ilə yanaşı oturtmuşdu, hər soruşana izah edirdi:

– Mənim evdə baaca kukuyayım vaa, bu da onnaın anasıdı. Küsüb getmişdi, mən onu tapdım. Hə, anası...

Dizdən qatlanmadığına görə ayaqlarını omba şaravoylarında fırlayıb göyə qaldırmışdı, sonra öndəki oturacağın tutacağına qədər endirdi. Orada oturmuş yaşlı qadın başına iki tərəfdən dirənmiş lüt-üryan ayaqlara baxıb-baxıb dedi:

– Bəxtəvərin nə qəşəng də baldırları var e!

Bu tərifdən sonra avtobusdakılar manekendən əl çəkib müasir xanımların etdirdikləri plastik əməliyyatlara keçdilər və nəticə ondan ibarət oldu ki, sən demə, təzəcə kartla ödəniş sisteminə alışdırılmış avtobus sərnişinlərinin heç biri bu bahalı əməliyyatları bəyənmir. Orta yaşlı bir qadın isə dediyinə necə reaksiya veriləcəyini düşünmədən plastik əməliyyat etdirən xanımların hamısının hansı yuvanın quşları olduğunu dəqiq bildiyini iddia etdi. Təkcə iddia etmədi, həm də bunu ana dilində tərtəmiz ifadə etdi. Qız o danışıqlardan, əlbəttə, heç nə başa düşmədi. Amma başa düşən gənc xanım lap qabaqdakı uca yerindən ayağa qalxmadımı? Özünün düzbucaqlı üçbucağa oxşar model burnunu göstərib, onun məhz plastik əməliyyatın məhsulu olduğunu elan etdi, ardınca yuva və quşlarla bağlı bir neçə tənbehedici ricət edərək belə dedi:

– Bəzi quşlar o yuvalara yaxın düşə bilmədikləri üçün divar çatdağında gecələyirlər! Elə orada da, Allah bilir, necəsə balalayırlar, sonra da ictimai yerdə belə ağzıgöyçəklik eləyirlər. – Axırda da ritorik bir hirslə bütün avtobusa: – Deyin, pulumuz yoxdu, yeməyə çatmır, ona görə plastik əməliyyatı bəyənmirik! – dedi və dərsini əzbər söyləmiş nümunəvi şagird kimi yerinə oturub irəli baxa-baxa susdu. Musayev dənizdə işlədiyi üçün ictimai nəqliyyatda son dövrlər baş verən belə ekspromtları az görmüşdü və indi təmaslar ona balıqlarla daimi ünsiyyətdən daha maraqlı gəldi. O özünün dənizlə belə tez vidalaşa bildiyinə təəccübləndi.

Нет описания фото.

Manekeni qoltuğuna vurmuşdu, bir əlinin əcaib qövs formasında qurumuş barmaqlarından isə qızı yapışmışdı.

– Əli xoşuma gəlmiy, – dedi və əyri barmaqları buraxdı.

Evdə isə uca boyu qane etmədi, çünki onu geyindirməyə əlləri çatmırdı, üstəlik də evdə paltar tapılmırdı. Nənəsinin paltarlarını isə heç cür yaraşdıra bilmədi. Axırda başını, ayaqlarını və qollarını çıxarıb atdı, altdan-üstdən kəsdirib, topuqlarına çatan çılpaq, plastmas bədəni öz əyninə geydi. Bu, heç zaman olmayan bir sevinc partlayışı idi və bütün axşamı evdə moda nümayiş etdirməklə həmin sevinci sıralara düzdüyü kuklaları ilə bölüşdü.

O, otağın küncünə atılmış lazımsız əl-ayaqlara, uzunboyun, naziksifət başa və qızının adi yaylıqla, çiyninə atdığı köynək, başına doladığı dəsmal və süfrələrlə öz kuklalarına moda nümayiş etdirməsinə baxa-baxa fikirləşdi ki, bəlkə də qızının vücudunda bir yox, üst-üstə geyilmiş bir neçə can var ki, onlardan biri nəyə görəsə daim sızlayır. Paltarlarının qoruya bilmədiyi bu canlar hərdən onu tərk edib harasa gedəndə o özünü çox pis hiss edir, ona görə hamısının üstündən plastmas qılafı ana bətni kimi məmnuniyyətlə geyinir ki, qatbaqat canları onu asanlıqla tərk edə bilməsin. Sonra o fikirləşdi ki, bu ağrılı tərketmədə ruh yox, konkret fikir iştirak edir. Nəhayət, tapdı ki, fikir onu tərk etmir, ona gəlir və o bu fikirlə davrana bilmədiyi üçün əziyyət çəkir, anlaya bilmədiyi incəlikləri yalnız ağlamaq və ya sevinməklə ifadə edir, hansı halda nə demək lazım olduğunu, əlbəttə, bacarmır. Yalnız yorulanda – ağlamaqdan, oynamaqdan, gəzməkdən, deyib-gülməkdən, qaçdı-tutdu oynamaqdan yorulanda onları törədən, idarə edən fikirlərindən ayrılır və növbəti dəfə onları necə qarşılayacağı haqda qətiyyən düşünmür.

O təkcə moda nümayiş etdirmirdi, həm də ev sahibi kimi qonaq qəbul edir, onları divanda, kresloda, stol arxasında əyləşdirib öz oyuncaq mətbəxində hazırladığı çaya, yeməyə qonaq edir, televizoru, paltaryuyan maşını işə salır, xəstələri müayinə edir, onlara iynə vurur, ağlayan körpələri sakitləşdirir, paltar ütüləyir və bunların hamısını dodaqlarından qopan müvafiq söz və çıqqıltılı, şıqqıltılı səslərlə müşayiət edirdi. Plsatmas qılaf onu yoranda əynindən çıxarıb virtual qonaqlardan kiməsə təzə, sehrli can kimi geyindirir, başqa nağıl sferasına sıçrayıb ona möcüzə yaratmaq səlahiyyəti verirdi.

3

Qaranlıq düşməmiş evə çatmaq hər şeydən vacibdir. Hərdən köhnə tanışlardan kimisə görmək ümidi ilə çıxdığı bulvardan dənizə, platforması səmtə uzun-uzadı baxırdı, körfəz limanından çıxan katerlərin məhz ora kurs götürdüyünü fikirləşirdi: qazmaçıların səsini, mancanağın ciyiltisini, estakadadan dənizə tökülən palçıqlı qrunt suyunun şırıltısını eşidirdi və daha onları eşitməmək üçün öz-özünə oxumurdu. Səslər onun qulaqlarına yad dildə oxunan mahnı kimi necə saymazyana girirdisə, o cür məsuliyyətsizcəsinə də, sanki azmış kimi çıxıb gedirdi. Səslərdən sonra xışıltı qalırdı, elə bil qulaqları bir anlığa tutulurdu, həmin an ətraf dünyanın reallığına onda şübhə yaranırdı, mövcud olan hər şey, hətta adamlar da özlərinin davranışı, arzu-istəkləri, sənət və ierarxiyaları ilə ona çox uzaq keçmişin saralmış cahiliyyət mənzərələrinin içində çabalayan ibtidai insanlar kimi görünürdü. Bir neçə belə təsadüfdən sonra adətən qəfləti gələn, amma tədricən yuyulub gedən bu karlaşma ilə mübarizə fəndini özü üçün kəşf elədi: istədiyi səsi istədiyi zaman söndürə bilirdi. Elə bil bütün səslərin açar düyməsi onun ovurdunda idi, gözünü bircə dəfə möhkəm qırpıb yanağını gərməklə dənizin səsini kəsirdi, metro qatarını relsdən qaldırıb havada süzdürürdü, maşınların mühərrikini vakuum boşluğuna büküb səssiz işləməyə məcbur edirdi. Belədə özünü güvəndə, qızını da uzaqdan-uzağa əmin-amanlıqda hiss edirdi, sanki bütün təhlükələrə qarşı gözəgörünməz, xəyali hasarlar ucaldır və onları gecə ərzində peyda olmuş yeni təhlükələrə qarşı hər gün yeniləmək məcburiyyətində qalırdı.

Yolu sahildən elə də uzaq deyildi, istəsəydi, gəzə-gəzə piyada gələ bilərdi, hələ parkdakı kafedə oturub pivə içməyə də vaxtı çatardı. Soyuq külək meşələrin, dağların, səhraların qəzəbi kimi dənizin üstündən keçib gəlirdi, hamını özü ilə hesablaşmağa məcbur edir, niyə əsdiyini, nə demək istədiyini kimsəyə bildirmirdi. Fikirləşdi ki, avtobusa yox, havayıca əsib gedən bu küləyə minib getmək necə asan, rahat və əlverişli ola bilərdi. Bunun üçün qanadın olması mütləq deyildi, necəsə ya o özü formasını dəyişməklə əsən hava axınını lazımi qədər toplayıb əlində tutmağı bacarmalı, ya da külək düz-dünyaya israfçılıqla səpələdiyi gücünün bir hissəsini müəyyən istiqamətə yönəldib hər kvadratmetrə düşən güc əmsalını artırmalı idi. Ancaq fantaziyalar aləmində deyil, küləyin, sən demə, reallıqda işi varmış!

Qız son günlərin sakit keçən ab-havasından fərqli olaraq yuxarı mərtəbədəki matxab səsinə ağlayıb onun qucağındaca yuxuladı. O, televizoru yandırdı ki, matxabın səsini evdən, qapı-bacadan qovsun, amma açan kimi də eşitdiyi dəhşətli xəbər matxab səsilə müqayisədə daha faciəvi idi. Platformaların birində partlayış olmuşdu, alov qara suların ortasında böyük, qırmızı göbələk kimi aşağıdan qaynaya-qaynaya göyə püskürürdü, açıq dənizdə növbədəki qazmaçıların axtarışı aparılırdı: katerlər, helikopterlər fırlanırdı. O, platformanın nömrəsinin 34 olacağına daxili bir əminliklə diksindi və qucağındakı uşağı divana uzadıb yerdə döşəmənin üstündə oturdu, elə bil platformadan sürüşüb dənizə yıxılacağından qorxurdu. Hansısa bir anda ağlı qaraldı, dənizin dərinliyinə qərq olmuşdu, paltarının, çəkmələrinin ağırlığı yox, soyuq suda bədəninin yanması onu qıvrıldıb kiçildir və təsadüfən diyirlənib suya düşmüş ağır mufta kimi dərinə aparırdı. O, suyun altında xeyli qaldı, sonda ölməyəcəyini bildiyindən ciddi cəhdlə əl-qol atmadı, nəfəsi tükənənəcən gözlədi: kimin onu dərinliklərdən yuxarı necə qaldıracağı da artıq maraqlı deyildi. Birdən qızının kiçik əlini boynunda, qulağında hiss elədi, əlin yanacağından qorxub diksindi, amma bu diksinmək onu suyun altında tərpədə bilmədi; sonra o kiçik əl onu xırdaca oyuncaq kimi suyun altından qaldırıb platformanın günəşdən qızmış quru dəmirinin üstünə uzatdı. O, boğulmaq ağrısının boğazından duzlu su kimi çırtım-çırtım, necə çətinliklə çıxmasına, sinəsindən dalbadal sıçrayan yekə bir yumruğun dəhşətli ağrılarla boğazına dürtülüb aşağı qayıtmasına sona qədər dözüb, nəhayət, qorxa-qorxa başını çevirdi. Oxşar fəlakəti divanın üzərində də görməyə, sonra yenidən suya qərq olmağa hazır idi: yaxın keçmiş sayılan həyatın tar-mar olması gözləri önündə baş vermişdi. Ancaq qızı yuxuda da hər an gələ biləcək qorxunun qayğısını yaşayırdı, elə bil dünənki həyatı o dağıdıb nəsə özünün bildiyi sayaq yenidən qurmuşdu və orada hələ də ürəyincə alınmamış nələrinsə mənasız eybəcərliyinə lütfkarlıqla baxırdı. Fikirləşdi ki, dənizdə boğulmağın ölüm dəhşəti ilə çuğlaşmış lütfkar səmimiyyətin bu sadə ifadəsini 18 metrlik bir otağa necə sığışdırmaq olarmış, görən, ilahi?!

Haradansa qəflətən peyda olmuş it yaxınlaşıb ona bax-baxa iki ağız könülsüzcəsinə hürdü:

– Haf! Ha-uvv.

Nəsə deyirdi, kefini soruşmurdu, elə bil dünyada bu qədər iş-gücün, qayğı və xarabazarın olduğu halda onun buralarda boş-boşuna niyə veyilləndiyini başa düşmədiyini deyirdi. Ona həmişə elə gəlmişdi ki, düşdüyü bu vəziyyətin faydası ilə faydasızlığı arasında çox nazik bir pərdə var və o bu pərdənin bir üzündən o birinə keçmək kimi asan bir işi nəsə mənasız, cəfəng bir anlaşılmazlıq ucbatından bacara bilmir. İtin hürməklə dediyini tam dəqiqliyi ilə anlamaq üçün də ona həmin pərdə mane oldu elə bil.

O sonradan xatırladı ki, it qarşılaşdığı adamlara məhəl qoymadan bulvarın ağ-qırmızı şahmat döşəməsinin üstü ilə yavaş-yavaş qaçırdı. Elə bil it deyildi, adamlardan biri kimi nəsə vacib işdən ötrü tələsdiyindən heç kimə toxunub sürtünmədən qaçırdı. Birdən dönüb parapetə tərəf gəldi və qaça-qaça axtardığını tapmış kimi dayanıb diqqətlə onun gözlərinə baxandan sonra hansısa dəqiq məna ilə hürdü. Sanki yüngülvarı qınaqla dediyi o sözləri Musayev qədim it dilinin bulvar ləhcəsini unutduğuna görə başa düşmədi. Qaçarkən heç kimin məhəl qoymadığı itə hürərkən də fikir verən olmadı, hətta Musayevə elə gəldi ki, itin hürməsini də ondan başqa heç kim eşitmədi. Dayanıb hələ də diqqətlə ona baxan itin qarşısından keçməli olan bəzi adamlar burulub yolu dəyişdilər. Yalnız o bu gözlənilməz müraciətə cavab vermək üçün diqqətlə itin gözlərinə, başmaq pəncəsinə oxşar qırmızı dilinə baxdı: gözlərinin parıltısını elə bil içindən söndürüb yerinə soyuq kül səpmişdilər, dişlərinin sırası seyrəlmişdi, bir qulağının ucu tikanlı məftilə ilişmiş parça kimi 90 dərəcəlik bucaq altında cırılmışdı.

– Haf! Ha-uvv!

Nədənsə ona elə gəldi ki, itin məhz dişi ağrıyır. Hələ də havadan sallana qalmış hürüşü ovurdundakı düymə ilə söndürüb itə doğru iki addım atdı və əlindəki qəzet dürməyini sümük kimi itin ağzına qoydu.

– Get oxu, – dedi. – Ağıllı ol. Mənasız işlərə baş qoşma.

İt getmədi, yerindən tərpənmədən sönük baxışlarını onun gözünə dikib durdu, yüngülcə quyruğunu oynada-oynada susdu. Sanki səslər düyməsi və sehrinin harada olduğunu anlamışdı, ona görə də qəzeti ağzından buraxmağa cəsarət eləmirdi. Sarımtıl, üzü qapqara yekə it idi, belindəki boz ləkəni beş yaşlı uşağın naşı məşq vərdişləri ilə kağız üzərində çevrə əvəzinə çəkdiyi Xəzər dənizinə bənzətmək olardı. Əsl Xəzər dənizi isə arxada öz balıqları, buruqları və gəmiləri ilə əyri sahil xəttinin qırağında baş verənlərə səbirlə baxa-baxa növbəti, ağır iş gününü yekunlaşdırırdı. Görünün o idi ki, dənizin öz işi, axıb gedən adamların öz işi, itin isə öz işi vardı. Bircə o bikardı!

Bu təkrar, mənasız düşüncələrdən bezib getdi, it də, ağzında qəzet dürməyi, onun dalınca. Fikirləşdi ki, avtobus dayanacağına qədər gedər, sonra ayrılar və it həyatında belə səhvlərə görə heç bir məsuliyyətin nəzərdə tutulmadığını bildiyindən vicdan ağrısı çəkməz. Amma diş ağrısı... doğrudan da ola bilər! İt əl çəkmədi, onunla yanaşı elə məhrəm və yumşaq yerişlə addımlayırdı ki, sanki bütün ömrü boyu onu axtarmışdı və indi heç nəyə xətir ondan ayrılmaq fikrində deyildi. Qəzeti itin ağzından çıxarıb dişlərin seyrək düzümündə nəsə nasazlıq əlamətləri gördü və təsadüfən ağlına gəlmiş itin məhz dişinin ağrıması fikrini özündə möhkəmləndirə-möhkəmləndirə onu həkimə aparmağı qət etdi. O, ömründə bu şəhərdə baytar həkim görməmişdi, onu necə tapmağı götür-qoy edə-edə, ətrafdakı xəstəxana və poliklinikaları, tanıdığı həkimləri xatırlaya-xatırlaya bir də gözlərini açdı ki, avtobusa-zada minməyib, birbaşa bulvardan Dağüstü parka qalxan yoxuşla Baş Səhiyyə İdarəsinin “Şəfa” Klinikasına gəlib. Əmin idi ki, itlə onu nəinki həkimin qəbuluna, heç beşmetrlik dəmir darvazadan da içəri buraxmayacaqlar. Sonra fikrini dəyişən kimi oldu və özü də bilmədi bu necə baş verdi.

4

Sısqa şam ağaclarının küskün duruşuna, küləkdən əyilmiş qamətinə öz bənzətmələrilə xüsusi diqqət yetirdiyindən yoxuşu qalxanda fikri yayındı, it ondan geridə qaldı. Hətta ona elə gəldi ki, nəhayət, it çıxıb getdi. Həmin an o, xəyalən qızı ilə söhbət eləyə-eləyə ona axtarışları haqda deyil, uçmaq haqqında nağıl uydururdu. Nağıl əvvəlcə küləyi minib uçmaq haqqında idi, sonra dəyişdi, birdən at gəldi, ağaclar, quşlar peyda oldu. Dedi ki, o, atı minib uçdu, qalxdı göyün birinci qatına, burada göyüzü geniş və ağımtılıydı. “Gümüşü” ona görə demədi ki, onda gərək gümüşün də nə olduğunu anladaydı, üstəlik də qarşıda qızılın nə olduğunu izah etmək məcburiyyəti dururdu. Çünki işıqlar saçan göyüzündən qızıl zəncirlərin ucunda çoxlu ulduzlar sallanırdı, hər ulduzun da üstündə bir adam oturub onu düşmənlərdən qoruyurdu. Sonra bir qoca kişi ona yaxınlaşdı, o gördü ki, bu onun atasıdı. Atası onu qucaqlayıb dedi: Ay mənim hamıdan qəşəng, hamıdan ağıllı balam! Göyüzü doluydu çoxlu-çoxlu heyvanlarnan, quşlarnan. Onların içində çox böyük, özü də qar kimi ağappaq bir xoruz varıydı. Xoruz o qədər böyük idi ki, ayaqları göyün birinci qatında ola-ola pipiyi göyün ikinci qatına dəyirdi. Ora çatmaq üçün beş yüz il yol getmək lazım idi. Yəni yatıb-durub, yatıb-durub, çoxlu-çoxlu yatıb-durub, çoxlu-çoxlu süd aşı yeyib, çoxlu-çoxlu yol gedəndən sonra ora avtobusnan gedib çatmaq olardı. Ora dənizdən, 34-cü platformadanda uzaqdaydı. Bu xoruz hər səhər hava işıqlanmamış başlayırdı banlamağa, onun səsinə hamı oyanırdı.

Birdən o, arxadan cavan və qətiyyət dolu səs eşitdi:

– Adamlardan başqa...

Dönüb baxdı, adamı görmək ümidindəydi, heç iti də görmədi. Bir anlığa gözləri bulandı, elə bil uzaqda parıldayan dəniz şəhərin aşağıdakı zolağını evləri, ağacları, küçələrilə birlikdə yavaş-yavaş uddu və sürətlə qalxıb ona çatanda dayanaraq heç nə olmamış kimi xumar ləpələriylə yalnız bircə dəfə onun başmaqlarının burnunu yaladı. O isə başmaqlarının içindən asanlıqla çıxıb atlının dalınca uçaraq göyə qalxdı və xoruzun iki banlamasının arasındakı müddət ərzində aşağıdakı hər şeyi seyr edib təzədən öz yerinə, başmaqlarının içinə qayıtdı. Bu uçuş gözəlliyi bəs elədi ki, o, adamın, atın, itin – hər kəsin uçmağına inansın və bütün həyatı boyu məhz bu uçuşun qeyri-adi gözəlliyindən zövq alsın.

– Xoruzun səsinə adamların oyanmamasını mən özüm demədim, – o, ucadan danışmağa cəsarət etməyib demək istədiyini yalnız fikrindən keçirdi. – Çünki uşağa mövzudankənar nəyisə izah etməyə başlayanda o, əvvəl dinlədiklərini unudur.

– Sən izah elə, o başa düşər, – eyni səs bu dəfə də arxadan gəldi və o özünün artan ürək döyüntülərini eşidə-eşidə təzədən dönüb geri baxanda gördü ki, it qabaq ayaqlarını cütləyərək quyruğu üstdə oturub və iki addımlıqdan onun üzünə nəsə bozumtul gözlərində peyda olmuş qəribə bir təbəssüm qırığı ilə baxır. O, itin daxilən gülümsədiyini, hətta o təbəssüm qırığının harada yaranıb, yuxarıya doğru necə davamlı qıvrıla-qıvrıla qalxdığını da gördü.

Sonra o fikirləşdi ki, döndüyü an arxada gözləyən dəniz onu da udub öz sularına qərq eləyə bilərdi. Bu sehri anlayıbmış kimi uçuşu unutdu, əl-qolu boşaldı və platformadan yuyulmuş dostlarının yanına yollanmaq qismətilə barışdı. Amma heç nə baş vermədi, gözlərini yumub ətrafdakı səsləri dinlədi və aşağıda boğuq fitlə böyürən gəmi nəriltisini sonadək dinləməli oldu.

– Səniydin danışan? – nəhayət, özünü toparlayıb itdən soruşdu.

İt dinmədi, qalxıb yoluna davam etdi. İtin etimad və inam dolu sanballı yerişi özlüyündə onu arxasınca getməyə səslədi.

Darvazanın piyadalar keçidinə nəzarət edən polis onu itlə görən kimi yerində dikəlib pəncərədən baxdı və düyməni basıb turniketi şıqqıltı ilə açaraq dedi:

– Hə, Cabbarova xanım üçün gəlmisiniz? Keçin, keçin.

O keçdi, it ondan əvvəl turniketin aypara qolları altından sürüşüb həyətə açılan qapının önündə, adlı-sanlı klinikada dəyərli dişlərini müayinə etdirməyə hazır vəziyyətdə dayandı. Turniketi həmin avtomatik şıqqıltı ilə də kilidləyən polis keçiddə dayanmış vətəndaşlara səslənərək dedi:

– Vətəndaşlar, gözləməyin, bu gün buraxılış olmayacaq! Klinikada antisanitariya günüdür!

Polisin bu gözəl və elmi danışmaq istəyinə hətta it də fınxırıb quyruğunu yellədi, polis isə xəstə yanına gələnlər üçün qoyulmuş qadağanın səbəbini izah etməyi lazım bilmədən qapıya çıxıb ona öz iti ilə konkret hansı istiqamətdə getməyi göstərdi.

– Düppələndüz gedin! Xurustalnı şüşə qapılar olacaq, administrativ korpus...

“Şəfa” klinikasının mat şüşə qapıları arxasındakı geniş, işıqlı, yumşaq mebelli foyesində 3-4 nəfərlik mühafizə xidməti heyəti bütün sayıqlığı ilə fəaliyyət göstərirdi: vəzifəsi naməlum ağxələtli, vəzifəsi naməlum xələtsiz cavan oğlan, vəzifəsi məlum polis və lift şaxtalarının rəisi.

– Kimin yanına gəlmisiniz? – ağxələtli ondan soruşdu.

Adətən belə yerlərdə bu sualın iki başı olur: birinci, qonağa xidmət göstərib ondan qəpik-quruş qoparmaq üçün; ikinci, ondan firavan həyat yaşamasının intiqamını almaq üçün. Bu, ikinciyə daha çox oxşayırdı, çünki axələtli xanım bu onbeşmərtəbəli klinika korpusunda müalicə keçən bütün xəstələri adbaad tanıya bilməzdi. Soruşmağı da ona görə ola bilərdi ki, münaqişə yaranacağı təqdirdə belə qohum-əqrəbası olan xəstənin adını dəqiq bilsin.

– İtnən içəri keçmək olmaz, – cavab gözləmədən cavan oğlan ona çəmkirdi. – Paşol! – Bunu da itə dedi.

– Mən professor Həmzəyevin yanına gəlmişəm, – o burada heç kimi tanımadığı üçün divardakı ikimetrlik portretin altında yazılmış soyadından faydalanmaq istədi. Ağxələtli xanım onun üzünə elə baxdı ki, elə bil 1803-cü ildə Gəncədə Cavad xanı ruslara satmış xəyanətkarı indicə tapmışdı.

– Ya da Cabbarovun... – o, çaşqın tərzdə əlavə elədi.

Dörd cüt gözlə onu dübarə rentgendən və maqnit tomoqrafiyasından keçirdilər və gördülər ki, uzaqbaşı professorun assistent köməkçilərindən biri qəbul edə bilər. O da resepşndə qeydiyyatdan keçib zəruri məbləği ödəyəndən sonra.

– Nə probleminiz var? –bunu artıq polis soruşdu.

– Bilmirəm sizə necə izah eləyim, – o, fikrini ifadə etməkdə həqiqətən çətinlik çəkdi.

Fikrini cəmləşdirincə ağxələtli xanım kömək əlini uzatdı:

– Neyrocərrahiyəyə indi professor Əzizbəyli baxır. Professor Həmzəyevin isə ölümünün 5 ili tamam oldu, o gün burada qeyd eləyirdilər.

O başa düşürdü ki, ömründə tanımadığı Həmzəyevin ölümü, bununla bağlı hədəfdən yan keçən ricətin fənalığı, hətta itin dişinin ağrıması kimi qeyri-dəqiq bir diaqnoz belə bu məsələdən ötrü məhz bura, ölkənin ən pullu və ən nüfuzlu adamlarının müalicə olunduğu klinikaya müraciətin yanında heç nədir. Ancaq dağın döşündə baş verənlərdən sonra o nədənsə bura gəlməyin vacibliyini dərk eləyərək bütün başqa şeyləri, onların doğuracağı mənaları və yozumları sanki öz əlləri ilə götürüb kənara qoymuşdu və indi itin dişinin ehtimal olunan ağrısı ona öz dişinin ağrısından da artıq əzab verməyə başlayırdı.

– Mənim itimin dişi ağrıyır! – birdən o ucadan, qəti səslə dedi. Az qala qışqırdı.

Bir anlığa susan mobil komanda heyətinin üzvləri sadəcə ondan üz döndərib başqa tərəfə baxdılar, yalnız polis vəzifə borcunu sonadək sədaqətlə davam etdirdi.

– Ayə, yeri çıx get burdan, sən başın! – bunu deyəndən sonra polis birdən elektrik cərəyanına qoşulmuş generator kimi yavaş-yavaş pırıldaya-pırıldaya öz-özünə gülməyə başladı, amma əlavə eləməyə də macal tapdı: –Burada... Pır-pır-pırrrrrr... Burada sto... stomatologiya şööööö-bəsi yox... Pırrrr-pırrrr- pırrrrrr...

Polisin bu gülməyinə vəzifəsi naməlum ağxələtli qadın da ölü ağlayırmış kimi dəvətsiz-zadsız birdən tərtəmiz zil səsini qaldıraraq qoşuldu və onlar gülmək həmrəyliyində Musayevi taybatay, qatbaqat şüşə qapılardan bayıra, orada gözləyən itin yanına çıxararaq daha nəsə demək istədilər, ancaq deyəmmədilər. Çünki, necə deyərlər, uğunmuşdular. Onların dayanmaq bilməyən gülüşündə hər pırıltılı qəhqəhəni uc-uca qoşub metrlə ölçmək mümkün olsaydı, başqa şəhərlərə gedib çıxmaq və buradakı olaylardan xəbər vermək üçün üfüqü istiqamətdə uzaqlaşan gülüş başının indi ən azı Tiflis vağzalına çatdığını düşünmək səhv olmazdı.

– Gedək, – o, gülənləri və gülüşləri mat şüşə arxasında qoyub təəssüflə itə dedi. – Gərək Musa Nağıyevə gedəydik. Ora heç olmasa ucuzdu.

İt qalxıb bir ağız hürdü, bununla sanki klinika rəhbərliyinə öz etirazını bildirmək istədi və o, itin hürüşünün ahəng və mənaca heç fərqlənmədiyini, “haff”ların isə yalnız sayca müxtəlif olduğunu görüb təəccübləndi. Ancaq bu an daha təəccüblü işlər oldu. Onlar yerlərindən tərpənməmiş Baş Səhiyyə İdarəsi “Şəfa” Klinikasının həyətində əsl müharibə həyəcanı başladı.

5

Həqiqətən də adamlar iki dəqiqə sonra başlarına nə gələcəyini bilmirlər. Kitabların birində bununla bağlı çox şeylər deyilib, birində isə qəti müəyyənliklə yazılıb ki, bunu bilmək üçün təkcə rəngbərəng oyuncaqlarla dolu dünyaya deyil, hərdən öz içindəki qaranlığa da baxmalısan. Adamlar bir çox səbəblər üzündən buna əməl edə bilmir, bəzən baxsalar belə orada heç nə görə bilmirlər.

Uca korpusun harasındasa səslənmiş həyəcan siqnalı nəticəsində xələtli personal əsas binadan çıxıb həyət boyu naməlum istiqamətlərə səpələnirdisə, darvaza tərəfdən qaça-qaça gələn xələtsizlər, silahlılar, əli çamadanlılar, başılolular qışqıra-qışqıra korpusa doluşmağa, dedikləri kimi, baş həkim Sərdarovu tutmağa və yerindəcə öldürməyə tələsirdilər. İş gününün sona yaxınlaşmasına baxmayaraq, Sərdarov hələ də vəzifəsinin icrasında idi və təbii ki, o da binadan çıxmaqda olan tibbi heyətin içində onu tutmaq və yerindəcə öldürmək istəyənlərə doğru yürüyürdü. Korpusun şüşə qapıları liftlərdən çıxan, pilləkənlərdən qaçaraq foyeyə enən ağ xələtliləri pambıq qozası təmizləyən maşın kimi topa-topa çölə tökürdü.

– Tap o oğraşı, na meste güllələ! – əlindəki tapançanı qarşısına çıxan hər kəsə, o cümlədən dişi ağrıyan itə də göstərən orta yaşlı kişi qabağında qaçan cavan oğlana əmr edirdi. Orta yaşlı məşhur kişinin adətən daz başına ekvatorfason doladığı uzun, qara tüklər ikiyə bölünüb matros papağının qoşa lenti kimi havada yellənirdi. Binalar, ağaclar da adamlar kimidir: həyatda mövcudluqlarının üzərindən illər keçdikcə gördükləri, şahidlik etdikləri hadisələrin də sayı artır. Belə həyəcanı paytaxt xəstəxanaları sonuncu dəfə 20 Yanvar inqilabının qanlı günlərində yaşamışdı.

Başqa əlisilahlılar da vardı, onlar sanki həyətdə, eks-rəislərin biri demişkən, milyon faiz gözlənilən atışma üçün əlverişli mövqe axtarır və tapan kimi əməliyyat planına uyğun olaraq göyə dalbadal atəş açmaqla mövqeyin ələ keçirildiyini komandirə məruzə edirdilər. Odur ki, binanın tinlərindən, ağacların, maşınların arxasından, yaşıl bəzək kollarının arasından göyə açılan atəş səsləri "Şəfa" klinikasının bütün korpuslarını ayağa qaldırmışdı.

Lakin tezliklə Sərdarovun əvəzinə ələ keçmiş hələ də gülməyə davam edən polisi və ağxələtli qadını sürüyə-sürüyə içəridən çölə çıxartdılar: cangüdənlər qışqırıb söyür, o ikisi isə aramsız gülüş pırıltılarından başqa onlara heç bir cavab vermirdi. Xəbərdarlıq kimi iki dəfə göyə açılan atəş də kömək eləmədi, çünki gülməkdən uğunmuş bu iki şəxsi dayandırmaq, kiritmək mümkün deyildi. Adama elə gəlirdi ki, onları bu dəqiqənin özündə güllələsələr belə yenə də gülməyə davam edəcəklər: kiçik fəvvarə şırıltısı ilə aramsız qaynayan gülüş dueti özlüyündə o qədər gur olmasa da, hədə-qorxu ciddiyyətinin içində adicə görünüşü ilə silahlıların ölüm-dirim həyəcanını ucuz məzhəkəyə çevirirdi.

– Ə, bınnar keflidi, diyəsən! – yekəpər silahlı qışqırdı və haldan düşməkdə olan polisi sadə güləş fəndi ilə danaboynu eləyib başını dizinin üstünə qoyaraq ağzını iylədi.

Sonra onların ikisini də sürüyə-sürüyə darvaza səmtə apardılar və həyətdə xofun yaratdığı uğultulu çaşqınlıqdan başqa heç nə qalmadı. Yalnız bundan sonra qaçışmaqda davam edən əlisilahlıların səsləri və onların demək istədikləri bütün aydınlığı ilə eşidilməyə başladı. Onların demək istədiyi isə bu idi ki, darvaza vaxtında açılmadığına görə ambulans hələ də içəri keçə bilməyib. Nəinki vaxtında açılmayıb, ümumiyyətlə açılmayıb: reduktorun içində nəsə ilişib və beş metr hündürlüyündə bir tağdan ibarət dəmir darvaza relsin üstündə nə sağa gedir, nə də sola. Akademik Sərdarov bu nüfuzlu müəssisənin rəhbəri olaraq həqiqətən də pis yerdə axşamlamışdı.

Çöldə bütün sirenaları ulayan ambulans və müşayiətçi maşınlar artıq həssas prospekti qapayıb tıxac yaratmışdılar. Qapını əzib keçmək üçün Müdafiə Nazirliyindən çağırılmış zirehli maşınlar haradasa həmin tıxacın içində dozanqurdu kimi çabalayırdı. Sərdarovu sürüyüb reduktora elə çırpmışdılar ki, daha yerindən qalxmağa heyi qalmamışdı. Başının hansı tərəfdə olduğu dəqiq bilinməsə də, ağ komadan arada zarıltı qalxırdı:

– Şestırna ilişib... Mənə qəsd elədilə-ə-ə-ə-ər!..

Ambulansın içində kimin olduğunu bilənlər üçün dost, düşmən, Sərdarov, reduktor-filan yoxuydu, əsas giriş darvazasının açılmaması, ehtiyat girişin qarşısındakı ağaclıqda özünə villa tikən birinin yola daş tökməsi və bunun pis nəticə verəcəyi təqdirdə bu dünyada hər şeyin onlar üçün tar-mar olmaq təhlükəsinin reallığı vardı. Onlar, zatən, indi də özlərini elə aparırdılar, sanki ambulansın içindəki Nazim müəllim ölmüşdü və dərdin, fəlakətin ağırlığı Nazim müəllimin qohum-əqrəbası qarşısında bunları dəli eləməyə təzə başlamışdı. Əmr gəlsəydi ki, müşayiətçi və cangüdənlər başlarına döyə-döyə kostyumlarını cırıq-cırıq eləsinlər və yaxud klinikaya od vursunlar, yəqin ki, dərhal yerinə yetirilərdi.

Zirehli döyüş transportyoru özünü təcili yardım maşını kimi yetirib darvazanı taran eləyəndə o, başıqırxıq kolluqların arxasındakı skamyada oturub itlə söhbət eləyirdi. Bütün bu həngaməni görməyin ona lazım olmadığını, qızının yüksək səslərdən qorxduğunu, özünün isə hələ də iş tapmadığını itə deyirdi. İt hər şeyi gözəl başa düşən, ancaq danışmağa qorxan məmur kimi susurdu, hərdən yüngülcə başını tərpədir, quyruğunu yelləyirdi.

Darvaza ağır çərçivə dəmirləri qarışıq gurultu ilə yerə gələndə sakitləşmiş ambulans və müşayiətçi maşın karvanının sirenaları "Mənsuriyyə" muğamının şaxsey-vaxsey guşəsində ulaşmağa başladı. İt zirehli maşının darvazanı sürüdüyü mərkəzi xiyabana tərəf qaçıb yenə narazılıqla bir-iki ağız hürdü və şuluqçu uşaqlara təpinmiş ağsaqqal ədası ilə qayıdıb skamyanın önündə durdu.

Onlar çıxışa doğru gedəndə baş həkim Sərdarovun vəzifədən və ərazidən qanuni yolla uzaqlaşdırılması proseduru darvazanın yarıuçuq deşiyində yekunlaşmaq üzrə idi. Sərdarovun kök bədənini reduktorun böyründən köməkləşib qaldırmış adamlar onu ayaq üstə qoya bilməyib birtəhər çölə sürüklədilər və yerə oturdub kürəyini səkiyə yaxın şam ağaclarından birinə söykədilər. Vida mərasiminin son akkordu olaraq o şəxslərdən biri cibindən kağız çıxarıb keçmiş baş həkimin divara sürtülüb qanamış daz başı üstündə ucadan oxudu ki, onun vəzifədən azad edilməsi haqqında əmrin imzalanması faktını hamı, hətta tıxacdakı sürücülər də eşidib bilsin: “...tutduğu vəzifədən azad edilsin. Baş Səhiyyə İdarəsinin müdiri Ələmdarov”. Şəxs son sözləri elə sərt, ciddi intonasiya və ruh yüksəkliyi ilə tələffüz etdi ki, sanki Ələmdarov öz yerinə ona imza qoyub baş həkimi vəzifəsindən qovmağı tapşırmışdı, o da bu məsuliyyətli işi çox dəqiqliklə yerinə yetirmişdi və beş dəqiqə sonra özü buranın baş həkimi olacaqdı.

Tibbi biliklərinin və canlıları duymaq qabiliyyətinin zirvəsini yaşayan akademik Sərdarov, əlbəttə, karyerasının son mərhələsini belə urvatsızlıqla başa vuracağını heç zaman ağlına gətirməmişdi. O yalnız indi, ağacın dibinə atılmış zədəli və lazımsız əşya vəziyyətində anladı ki, bu qeyri-ciddi həyatı və bir anın içində dəyişən münasibətlər dünyasını alim olaraq dəqiq biliklər və sınanmış təcrübə metodologiyası ilə deyil, ən ağlasığmaz fantaziyalarla yaşamaq lazımmış. Ona elə gəldi ki, fantaziya özünün irreallığı ilə belə yekuna gətirib çıxaracaq cəfəng və mənasız planlar qurmağa və başlıcası, onların itaətində dayanıb əsirinə çevrilməyə heç zaman imkan verməzmiş! Bu gözlənilməz kəşf Sərdarovun akademik fəaliyyətinə verilmiş ən yüksək mükafat kimi ona yerindən qalxmaq və fəaliyyətini tamam başqa bir aləmdə davam etdirmək üçün güc verdi.

– Fantaziya! – o öz kəşfinə heyrətlənərək qışqırdı. –Fantaziya! – bir də qışqırdı ki, yaxşı eşitsin: dəyməzmiş bu boyda əziyyətə! – Mən yetmiş ili Pavlovun iti kimi yaşamışam bu xarabada.

Bu həmin an idi ki, zehni sanki ildırım şaxıması ilə birdən-birə aydınlaşmış akademikin kürəyini söykədiyi qoca şam ağacının yanından mühəndis Musayev guya dişi ağrıyan iti ilə keçirdi.

Musayev yaxınlaşıb ona kömək eləmək istədi:

– Sərdarov, mənim itimin dişi ağrıyırdı, sənin adamların qapıdan qovdular bizi, – dedi. –Kömək eləyimmi qalxmağa?

Sərdarov başını qaldırmaq əvəzinə imkanı çatan qədər göz qapaqlarını və bəbəklərini qaldırıb diqqətlə ona, sonra da itə baxdı. Ona elə gəldi ki, qarşısındakı məşhur tibb alimi Pavlov özüdür, iti ilə gəlib ki, şərti reflekslər nəzəriyyəsinə birdəfəlik son qoyduğunu ona bəyan etsin.

– Mən daha akademik Sərdarov deyiləm, sadəcə Loğmanam! Vəssalam-şüttamam! Bundan sonra ayrı cür yaşayacam. Ələmdarov başda olmaqla hamısı getsin tullansın! Bir kopoyoğlunu müalicə eləmərəm bundan sonra. Qoy hamısı atreskelerozdan qırılsın!

– Müalicə eləməyəcəksənsə, daha nəyə Loğman olursan? – Musayev cızıq yerlərində qanı qurumuş daz başdan soruşdu. – Ol, məsələn, Vəlişan Abdinov! Admananavin-zad düzəlt.

– Yox. Olammaram. Kiminsə dublu olmağa həvəsim yoxdu. Onu da elə belə, bu qər-qəhbənin acığına dedim, – baş ləngimədən cavab verdi. –Ala, şestırna ilişib də, mən neyləyim!?

– Yaxşı, olan-oldu, keçənə güzəşt, – Musayev dedi. – Sən mənim bu itimin dişini müayinə edə bilərsənmi?

Sərdarov yerində çevrilib iti yaxşı görmək üçün xələtinin harasındansa eynəyini tapıb gözünə taxdı, təəssüf və ağrı ilə “Fantaziya!” deyib fısıldadı və Musayevə yox, birbaşa itə müraciətlə dedi:

– Hörmətli cənab it, zəhmət olmasa, yaxın gəlib ağzınızı açın. Bağışlayın ki, stomatoloq kreslomuz yoxdu, belə antisanitar şəraitdə işləməyə məcburuq.

İt Sərdarovun niyyətində məkr və şiddətin olmadığını onun səsindən müəyyən etsə də, hər ehtimala qarşı ağzını açmazdan əvvəl doktorun gözlərinə baxdı. Necə baxdısa, doktor heç nə olmamış kimi yerindən sıçrayıb qalxdı, cırıq xələtini əynindən çıxarıb şam ağacının xəstə qolutək halsızcasına sallanmış tozlu budağına keçirdi. Bununla vəzifədən çıxmağını yekunlaşdırıb əsl loğmalığa başladığını əmrlə rəsmiləşdirdi, sonra itin qarşısında çömbəlib bir də dedi:

– Ağzınızı açın, zəhmət olmasa. Ağız-burnunuz qurudu, çirk, selik yoxdu, deməli, quduz deyilsiniz. A-a-a eləyin görüm.

Loğman itə ağzını açmaqda kömək elədi, onun qırmızı dilinə, seyrəlmiş dişlərinin sıralarına və sanki it olduğunu sübut edəntək köpək dişinə baxdı. Çənəni qapayıb Musayevə müraciətlə dedi ki, itlərdə diş ağrısı olmur, çünki onlar birbaşa sümük yeyir, zəifləyən dişlər öz-özünə tökülür.

– Bunun qlandalarında bir az problem var, – dedi, – o da yəqin infeksiyalı yeməkdən olub. – Siz onun suyuna hər dəfə bir-iki tabletka nolitsin atın keçib gedəcək.

Onlar xəstəxana həyətində baş verən gülləbarandan sonra da tıxacı tərpənməyən prospektin abad səkisi boyu getdilər: onlar elə bil reflekslər aləmindən qopub harasa azad və firavan gələcəyə doğru gedirdilər, tıxac sıxlığına zıplanmış şəhər isə yerində qaldı. Tezliklə onlar ayrılmalı oldular, çünki loğman Sərdarovun dalınca gəlmiş adamlar onu aşağı küçələrin birində maşına oturdub, necə deyərlər, naməlum istiqamətə apardılar.

6

Onlar həyatı məhdudiyyətsiz, eyni dərinlikdə, eyni genişlikdə və eyni incəlikdə dərk etdiklərindən bir-birlərini daha yaxşı başa düşürdülər. Qız öz danışığında, oyun hərəkətlərində itə hər kəsdən çox inanırdı, onun nədəsə səhv edəcəyini, nəyisə başa düşməyəcəyini ağlına belə gətirmədən evdə, koridorda quş kimi ora-bura uçurdu, it onun dediyi hər şeyə dərhal, böyük həssaslıq və həvəslə itaət göstərirdi. Hərdən yerində tullanıb düşür, qabaq ayaqlarını uzadıb başını onların üstünə qoyaraq qızın üzünə elə şən oyunbazlıqla baxırdı ki, deyirdin, bu dəqiqə dil açıb danışacaq: “Mən çoxdan səni axtarırdım”, – deyəcək. Onlar təsadüfən görüşmüşdülər, təsadüfə bənzər bir şəkildə də ayrıldılar. Vaxt tamam olan kimi it quyruğunu tərpədə-tərpədə mehribanlıqla zingildəyib ondan ayrıldı və heç bir çağırış gözləmədən pilləkənlərlə beşinci mərtəbədən birbaşa aşağı qaçdı.

– Bəs onun adı nəydi? – yalnız it gedəndən sonra qız peşmanlıqla soruşdu.

Bu barədə heç düşünməmişdi və həmin an ağlına gələn yeganə ad, əlbəttə, “Loğman” idi. Eləcə də dedi:

– Loğman!

İtin yerinə qızı ilə oyunu özü davam etdirməli oldu. Bilirdi ki, bütün günü evdə olduğundan yorulmayınca oyunlarından əl çəkməyəcək. Ona gözlərini yumdurub özü isə stolun altında kuklaları ilə tərbiyəvi mövzuda söhbət eləyirdi. Oyun qaydasına görə o, gözlərini açmamalı idi, ancaq azacıq açmışdı və qızı bunu görsə, heç nə deməyəcəkdi, çünki qaydaları hələ tam dərk edə bilmirdi. Qaydalar onun üçün davamlı yox, ani xarakter daşıyırdı və onlar itin hərəkətləri, baxışı kimi hər an dəyişə bilərdi. Ona elə gəlirdi ki, oyun üçün iti əvəz eləyə bilmir, hətta danışığı da itin susmaqla, qaş-gözünü, quyruğunu oynatmaqla dediklərindən anlaşıqsız, qeyri-səmimi alınır. Ona görə onlar çox oynaya bilmədilər və yatmazdan əvvəl o, Əhmədin nağılını sanki öz xəyalında yenidən yarada-yarada, müxtəlif təfsilatlarla danışmağa başladı. Dedi ki, Əhmədin atı çox sürətlə uçurdu, yolda iki yerdə enib Əhmədə dedi ki, bu gözəl yerlərə baxsın. O, nağılı yarıya qədər danışanda hiss elədi ki, qızı yatıb, hətta bir neçə dəqiqənin içində qızının böyüdüyünü, daha ağlamayacağını hiss elədi. Amma dayanmadı, axıra qədər danışdı... Ona elə gəldi ki, danışdıqca bu nağıl həqiqət olur, həqiqət olduqca onu özünə daha çox inandırır, bağlayır və qəlbindəki tənhalıq hissini azaldır. Ona elə gəldi ki, sübh tezdən şəhərin çoxmərtəbəli bozluğu altında yaşıl oyuncaq kimi qalmış Piruşaq kəndinin xoruzları banlaşanda at, Əhməd, günbəzli məbəd, qızıl zəncirlərin ucundan sallanan ulduzlar ağappaq xoruzla haradasa lap yaxında, kəndin arxasındakı dərələrdə onu gözləyəcəklər. O mütləq ora gedib Əhmədlə, atla, xoruzla tanış olmalı, ona dənizdə batmış dostları haqqında danışmalıdır.

Gözəl qadın ona zəng vurub platformadakı faciəyə görə için-için ağladı. Elə bil üstünə ağlamağa başqa adam tapa bilməmişdi. Bəlkə də o, ölənlərdən çox onların uşaqları üçün ağlayırdı, sanki atalarını itirmiş uşaqların hamısı indi birdən onun həyatına doluşmuşdular və o, uşaqları nəinki sakitləşdirə bilmirdi, nəinki onlar naminə illər boyu düşündüyü fədakarlıqları edə bilmirdi, heç onlarla danışmağı da bacarmırdı.

– Sənin qızın... – hıçqıra-hıçqıra dedi. Sonra nəsə dili dolaşdı və demək istədiyini heç dolaşığı açılanda da izah eləmədi. Yenə səssizcə ağladı.

Ona elə gəldi ki, gözəl qadın fəlakətin miqyasını və məsuliyyətini hər dəqiqə yeni-yeni nəticələrlə dərk edənlərin arasında yeganə adamdır ki, hələ ağlaya bilir. Ona zəng vurub ağlamağı ilə onun simasında fəlakətdən daha bir adamın sağ-salamat qurtardığına sevindiyini bildirir.

– Qızım, deyəsən, daha ağlamır,– o dedi.

– Rəis dedi ki, qayıtmaq istəsən, sahildə nəsə tapmaq olar sənin üçün, – qadın dedi, telefon danışığına da, ağlamağına da nöqtə qoymaq istədi.

Telefonla danışa-danışa o, pəncərədən həyətə baxırdı, it bayaqdan gəlib qəzet köşkünün böyründə oturmuşdu, deməli, harasa getmək lazımmış. Baxa-baxa o, beşinci mərtəbədən ora məsafə hiss etmirdi, elə bil pəncərə arxasında balkonda oturmuş itlə yenə göz-gözə dayanmışdı, itin yüngül nəfəsini üzündə hiss edirdi. Qadına cavab vermək üçün bir az düşünməyə ehtiyacının olduğunu duydu. Hətta bir azdan görüşəcəyi Sərdarovla da bu barədə danışmağın vacibliyi çox sürüşkən bir eyham israrı ilə onun beyninə soxulmağa başladı. Və daxilən neftə qayıtmağa razılıq versə də, bəri başdan bildi ki, bu iş nəyə görəsə alınmayacaq, indiyədək heç nəyin təkrarı onun üçün faydalı olmamışdı.

Nə qədər fikir, hiss-həyəcan axıb keçmişdi. Bunu təklif etmək üçün dənizdə, “Şəfa” klinikasında baş verənlərə uzaqdan-uzağa şahidlikmi eləmək lazım idi? Əsas o idi ki, indi qızı ağlamırdı. Bir-iki dəfə axşamları evə özü qəsdən gec gəldi: nəticə o qədər sevindirici oldu ki, qonşunu çağırıb onunla sevincini bölüşdü.

– Mən baxaram, – o dedi.

– Bir şey tapa bilmisən? – qadın soruşdu.

– Yox, – o dedi, sonra səhvini düzəltməyə çalışdı. – Tapmışam: iki Loğmanı birdən.

Qadın heç nə başa düşmədi, heç nə də soruşmadı.

Narın yağış duman rütubəti kimi hər şeyin üstünə hopub hələlik yalnız rəngləri azacıq dəyişirdi. İrəlidə qayğılı yerişlə gedən itin belindəki Xəzər dənizi bu nəmişliyin kiçik zərrəciklərilə parıldaşırdı. Bu parlaq zərrəciklərə baxa-baxa ona elə gəlirdi ki, it də Əhmədin nağılından gəlmiş bir varlıqdır və o, nəyisə anlaqlı şəkildə düz eləməsə, it peyda olduğu kimi də birdən-birə yox olub gedəcək. O gedib itin qarşısında durdu, it bu lazımsız hərəkətdən heç nə anlamırmış kimi dayandı, başını da qaldırmadı. O xeyli baxandan sonra itin laqeydliyinə deyindi: “Deyəsən, daha dişin-zadın ağrımır ha-a, Loğman!” – dedi və öz yerinə qayıtdı. Sərdarovla görüşmək üçün hara gedəcəyini yaxşı bilsə də, indi it onu aparırdı. Eniş qurtaranda sağa dönüb böyük küçə ilə ortasındakı yaşıl təpədə heykəl durmuş meydana qədər getmək lazım idi. İt oranı yaxşı tanıyırdı, maşın az olanda göz-gözə vurub yolu keçir, qranit postamentin künclərini iyləyirdi. Heç yerə baxmırdı, gül şitillərinin arasından ehtiyatla keçib həmişə güney künclərdən birini seçirdi. Ora yolun o biri üzündəki hökumət binasından yaxşı görünürdü.

Yolda it dayanıb onu gözlədi və başını qaldırıb çiskin havaya, sonra isə onun başındakı kepkanın uzun dimdiyinə baxdı. O, başındakı xaosa görə itin bu qayğı dolu bəsirətli baxışından utandı, vaxtı belə boşuna, ən azı, faydalı şeylər düşünmədən keçirdiyinə görə xəcalət çəkdi.

– Mən təsadüfən bu itin də adını “Loğman” qoymuşam, – bundan sonrakı ömrünü yalnız fantaziya məntiqi ilə yaşamağı qət etmiş Sərdarova dedi. – Qızım qəflətən soruşdu, həmin an ondan başqa heç bir ad ağlıma gəlmədi.

– Əla! – Sərdarov səsini ucaldıb tüklü qaşlarının altından gicbəsər baxışlarını xarab olmuş monometr oxu kimi sağ-sola çırpdı. – Əla! Bir kabinet ona ayırarıq, birini də mənə. Xəstələri gah o qəbul eləyər, gah da mən! İstəsən, sən də qəbul eləyərsən!

Sərdarovun dediklərini o, bir qədər sonra vağzalüstü bərbad küçələrin birindəki klinikanın geniş həyətinə girəndə başa düşdü. Elə bil qəflətən daxil olduğu fantaziya aləmi həqiqətən Sərdarovu düşüncədə ondan bir neçə addım irəli atmışdı, dedikləri ona xeyli sonradan çatırdı. Hasar boyu düzülmüş uca sərv ağacları, ləklərdə açmış qızılgüllər və budaqları əymiş, yetişmək bilməyən heyvalar buranın tibb personalından xəbərsiz Sərdarovun pişvazına çıxmışdılar. Bir və iki mərtəbəli dam-daşın əhatəsində sıxılmış bu kvadrat həyət sıralama çoxsaylı qapı və pəncərələri ilə tibb müəssisəsindən çox Bakının köhnə bazarlarından birinə oxşayırdı.

– Sən elə bilirsən, “Şəfa”dakı həkimlər bundan çox bilir təbabət elmini? – Sərdarov iti göstərərək ondan soruşdu. – Sən bunun gözlərinə bax, gör nə qədər dərin, məna dolu baxışları var. Noolsun danışa bilmir! O, xəstənin psixi panik həyəcanını bir dəqiqənin içində götürə bilər. Mən onu “Şəfa”nın qabağında bircə baxışından hiss elədim. Hə-əə... Nəymiş ə, bu fentezi ilə yaşamaq?! Sən də öyrən, keç bu sistemə, – ona da loğman olmağı tövsiyə elədi.

İt Sərdarovun fantaziya məhsulu ilə dolu nitqinə sakitcə qulaq asıb ağır baxışlarını qaldırdı, sonra da bir ağız yüngülvarı hürməklə deyilənlərə öz münasibətini prinsipcə razılıq əlaməti kimi ifadə etdi.

– Gördün? – Sərdarov dedi. – Bayaqdan niyə hürmürdü? Dinlədi, dinlədi, gördü söhbət ondan gedir, başa düşdü və hürməklə xoş münasibət bildirdi.

Sərdarov itə dedi ki, bura onun şəxsi klinikasıdır, birinci mərtəbədəki kabinetini ona verir, özü isə yuxarıdakı otaqlardan birinə köçür.

Loğmanları şəxsi klinikada qoyub öz işlərinin arxasınca gedən Musayev bir neçə gün əvvəl arzuladığı bu işə görə qətiyyən sevinmirdi. Böyük ölçü ilə götürəndə, on iki il çalışdığı bu idarədən qızının, nəhayət, kiriyib, ağlamamağını son haqq-hesab kimi almağı da ona kifayət edirdi. Bu halda nə işləməyin, necə işləməyin və ya ümumiyyətlə işləməməyin elə də böyük fərqi yox idi. Ona görə də iş haqqında yox, həyatın belə gözlənilməz dəyişikliklərini daha çox özündə əks etdirən qəribə nağıllar haqqında düşünmək onun üçün daha xoş idi. Çünki nağılda daha heç nə dəyişib alt-üst ola bilməzdi, onun sevinci də, kədəri də tanış, doğma və əsl həqiqətə daha yaxın idi. Musayevə elə gəlirdi ki, Sərdarovun son dərəcə ciddi bir təkandan sonra öz həyatını sərt reallıq və həqiqətlər müstəvisindən nağıllar və fantaziyalar aləminə keçirməsi Sərdarovun özündən çox onun həyatı üçün vacibdir. O, Sərdarovun yeni aləminə keçməyə, orada nəyin necə baş verdiyinə baxmaq istəmədi, çünki hələlik kiçik də olsa, bir nağılı vardı və tanış olmayan qütbün birindən digərinə tullanmaqdansa bu nağılla kifayətlənib yaşamaq daha rahat idi.

Onlar nərdivanla ağ xoruzun pipiyi dəyən göyün ikinci qatına çıxdılar. Bura aşqarlanmış ağımtıl metaldan olduğu üçün işığının parıltısı göz qamaşdırırdı. Onlar burada bir gəmiçi kişi ilə rastlaşdılar. Onun gəmisi aşağıda qayalara dəyib parçalanmışdı, ancaq o, gəmisi, gəmidə gətirdiyi heyvanlar, quşlar haqqında onlara heç nə demədi, hətta inandırmaq istədiyi adamların ondan üz döndərdiyini də xatırlatmadı. Gəmiçi uzun müddət bu dağlarda tənha qalmışdı, onları sevinclə qucaqladı və mehribanlıqla yola saldı. Onlar nərdivanla yenə qalxdılar. Göyün üçüncü qatının da darvazasını döyəndə onlardan yenə soruşdular: kimsiniz? Əhmədin dostu yenə cavab verdi və onları içəri buraxdılar. Buralar çox qiymətli daş-qaşlarla bəzədilmişdi, bu daş-qaşın da parıltısı göz qamaşdırırdı. Burada çox ucaboylu birisi vardı, özü də onun gözlərinin arasındakı məsafə yetmiş min günlük yol uzaqlığında idi. Buradaca onun hökmü altında saysız-hesabsız silahlı qoşunlar döyüşə hazır vəziyyətdə durmuşdu. O-o, bu qoşun yola çıxsaydı, onun ayağının altından qalxan toz dünyadakı bütün canlıları boğub öldürərdi. Ucaboylunun qabağında özü kimi yekə bir kitab vardı, o, kitaba tez-tez nəsə yazır, nəsə pozurdu. Dedi ki, yer üzündə elə adam yoxdu ki, onun adı həmin kitaba düşməsin. Dedi ki, onun pozduğu adamlar həmin an həyatını bitirib ölənlər, yazdıqları isə təzə doğulacaq adamlardı. O fikirləşdi ki, nağılın bu hissəsini başa düşmək qızı üçün çətin olacaq, odur ki, onu qızına deyil, kadrlar idarəsindəki gözəl qadına danışdı.

Faciənin rəmzi nəticələrini öz səsindən və görkəmindən birinci mərtəbədəki şəkilli qara stendə köçürmüş qadın kreslosunda oturub diqqətlə onu dinləyirdi: hərdən üzündən oğrunca, fərari kimi qaçan təbəssüm qırığı onun ciddi görkəmini bürümüş gizli bir səbir və hövsələ sehrinə düşüb oradaca donurdu. Hərdən qadın öz qara donunda ram olunmağa hər an hazır neft fəvvarəsinə oxşayırdı. Sanki əlində öz taleyi kimi soyuqqanlıqla oynatdığı qələmi stolun üstündəki yerinə, başqa qələmlərin arasına qaytarıb qoysaydı, bu nağıl sahilboyu mədənlərə, dənizdəki platformalara qədər çatıb orada adamların işinə mane olacaqdı.

– Bəlkə səni ciddi bir vəzifəyə təyin eləmək istəyirlər, – qadın əlindən boşlayıb stolun üstünə uzatdığı cansız qələmin qırmızısına incikliklə baxa-baxa dedi. – Sən orda da belə nağıl danışacaqsan?

– Nədir, pis nağıldı bəyəm? – o, tam ciddiyyəti ilə soruşdu.

– Mənə danışdın bəsdir, daha buralarda heç kimə danışma,– xanım da tam ciddiliklə cavab verdi. – Adamlar müxtəlifdir, birinin nağıldan xoşu gəlir, birininki gəlmir, biri inanır, o biri mənim kimi belə şeylərə o qədər də inanmır. Çünki külək əsir, tufan qopur, partlayış baş verib platformanı dağıdır və 27 neftçi dənizin qara sularına qərq olur. Meyitləri də tapılmır. Başa düşürsən? Bu, nağıl deyil, reallıqdı, sərt və qəddar reallıq. Ona görə burada nağıla yer yoxdu.

O, bəzəkli koridoru gedə-gedə, pilləkənlərlə ikinci mərtəbəyə enə-enə ərkyana da olsa, qınaq dolu səsi maqnit yazısı kimi təkrar dinləyir və xanımın onu başa düşmədiyinə təəssüflənirdi.

Ağbaş rəis birinci dəfə gördüyü kimi sarsılmaz deyildi, elə bil payızın qəfləti gecə şaxtası vurub yuxarıda bir neçə yarpağını saraltmışdı. Hər şey öz yerində olsa da, otaq insanların ölüm xəbəri ilə sanki dəyişib xeyli adiləşmiş, hüznlü, fani bir görkəm almışdı. Dəyişəni tapmaq mümkün deyildi, amma o vardı hiss edilirdi, hətta stolun üstündə su butulkalarının təzə peyda olmuş kölgəsi kimi gözlə görünəni də vardı. Rəislər rəisi təkcə narahat görünmürdü, dənizdəki qəza sanki onun təzə kostyumuna toxunmadan içində canını əzmişdi: dodağı da uçuqlamışdı, səsi boğazında ilişib xəfiflənmişdi. Həmişə sarsılmazlığı ilə seçilən adamlar belə hallarda o qədər yazıqlaşır ki, onları görməyə peşman olursan.

Rəis qəza haqqında danışırdı, amma danışığında elə bil 34-cü platformanın estakadası üzərinə qalxmağa, orada baş verən faciəyə, adamları udmuş dənizə baxmağa, hətta onların adını belə çəkməyə nədənsə qorxurdu. Eləcə platformanın neçə kilometrliyindəsə katerini dayandırıb kapitan körpüsünün qalın şüşəsi arxasından irəli baxır, akvatoriyada axtarışların hələ davam etdiyini az qala qürur hissi ilə deyirdi.

– Qızınız necədi? – rəis ondan soruşdu. – Yenə ağlayır? O sizi necə xilas etdi! – dodağını yüngülcə dişləyib başını yırğaladı.

Borularını Avropaya uzatmış bu nəhəng müəssisənin ağlı-qaralı neft işlərində, dərinliklərində insan meyitlərini gizlədən dənizin sirli kəhkəşanında kiçicik bir nöqtə kimi də görünməyən qızının adının səslənməsi ona qəribə, bir az da qorxunc göründü. Keçən dəfə nəsə belə olmamışdı rəislə danışanda, hətta çox istəmişdi ki, rəis ona sahildə bir iş təklif etsin. Etməmişdi. İndi Sərdarovun nağıllar və fantaziyalar aləmindən uzaqda buna sevinən kimi oldu.

– Yox, daha ağlamır, – o dedi.

– Möcüzədi! Möcüzədi! – gözü qorxmuş rəis sanki bu möcüzənin də yaxınına getmədən uzaqdan-uzağa dedi və tez də mətləbə keçdi. – Bizim bu sahil strukturunda vakansiya yaranıb, texniki standartlaşdırma idarəsində. Dedim sizi ora dəvət etsinlər. Amma bir şərtlə, – rəis barmağını qaldırıb onun gözlərinə baxa-baxa gülümsündü. – İşə başlayandan sonra məni qızınızla tanış edərsiniz. Mən onu görmək istəyirəm.

Ona elə gəldi ki, haradasa yaxınlıqda, həyətdə it hürdü, Loğmanın səsinə oxşadı. Səsdən sonra bütün bu idarə dəniz, sahilboyu gen-bol yerləşmiş başqa idarələr kiçilməyə və qızı ilə müqayisədə tamam əhəmiyyətsizləşməyə başladı. Onun fikri, xəyalı birdən-birə aydınlaşmağa, orada yaranan hiss, həyəcan öz-özünə sakitləşib yerbəyer olmağa başladı. Kimsə onu yer üzündən qaldırıb göyün birinci qatına qoydu. İndi də ürəyi Dağüstü park yoxuşunu qalxanda olduğu kimi bir anlığa dayanıb hər şeyi ona tamam başqa, həqiqi rəng və ölçülərdə göstərdi. Hər tərəf ağımtıl rəngdə idi, ağ xoruz orada dayanmışdı, yuxarı baxmaqla da bu bir cüt ayağı sonadək görüb qurtarmaq olmurdu. Haradasa lap yuxarıda xoruzun göylərə dəyən qıpqırmızı pipiyi, dimdiyi, gözləri olmalı idi, amma onlar görünmürdü, sanki xəyal məhsulu idi. Birdən xoruz ayağını azacıq tərpətdi və onun ayağının altında yerindən oynayan müstəvinin böyüklüyü təsəvvürə sığmadı. Aşağı baxanda o, qızından başqa heç nəyi və heç kimi görmədi.

– Mən fikirləşərəm, –nəhayət, o dedi. – Əgər siz bu təklifi mənə işdən çıxanda etsəydiniz, buradan birbaşa texstandarta gedərdim. İndi vəziyyət bir qədər dəyişib.

– Noolub, qızın səhhətində problem tapılıb?

– Yox, – o dedi. – Problem tapılmayıb, birdən-birə mənim “Loğman” adında iki dostum tapılıb.

O, yuxarı mərtəbədəki gözəl qadına baş çəkmədən gözəl binanı tərk edəndə iki Loğmanın ikisi də güllü-çiçəkli həyəti qoruyan şlaqbaumun qarşısında onu gözləyirdi. Sərdarov ağ xələtində, o biri Loğman belindəki Xəzər dənizi şəklinin altında əvvəlki vaxtlara nisbətən xeyli nikbin görkəmlə var-gəl edirdilər. Adı dillər dastanı, boruları dünyanı dolaşan bu qara qızıl idarəsinin qarşısında it Sərdarovdan daha sanballı yerişlə şlaqbaum boyu irəli-geri yeriyirdi və ona baxanda itin adamdan daha dərin düşüncə və fantaziya qatına enə bildiyini ehtimal etmək heç də çətin deyildi. Sərdarov dərhal öz fantaziya aləmindən başını çıxarıb ona təpindi:

– Ala, nə gəlib giribsən yenə bu korrupsiya idarəsinə?

İt isə özünün sanballı düşüncə və fantaziya aləmindən kənara heç gözünün ucu ilə də baxmadı.

– İş təklif eləyirlər, – o dedi.

– Nə iş?! Nə iş?! – Sərdarov tez-tez öşələdi və onun qolundan yapışıb maşına tərəf apardı. – İş bu yandadı: Nazim ölüb! Məni çağırıblar “Şəfa”ya.

– Səni niyə?

– Mən ogünkü günə qədər kardiologiya professoruydum. O gündən bəri meyitlər professoruyam. Ha-aha-ha! Fantaziya mənim deyil? Kefim belə istəyir. Lazım döyüləmsə, çağırmasınlar. Elə döyülmü, a Loğman-2, sənin qadoyu alım? – əyilib itin üzünə baxa-baxa ondan ciddi tərzdə soruşdu və cavab yerinə yalnız Xəzər dənizini tumarlamağa layiq görüldü.

İt bu səfeh danışığı vecinə almadan şlaqbaumdan maşına qədər olan on-on beş addım yolu bayaqkı gümrahlıqla keçib qapı önündə dayandı və nə fikirləşdisə, birdən başını qaldırıb eynən yalquzaq kimi dəhşətli hüznlə uladı. Sərdarov itin “u” səsləri ilə dolu bu ulamasını diqqətlə dinləyə-dinləyə sanki yuxudan oyanmağa başladı, elə bil Sərdarovun bütün əqli, düşüncə və dərrakəsi onun cismindən çıxıb xeyli uzaq məkanlarda pərvəriş tapmışdı və ora yalnız itin hüzn dolu ulartısı gedib çatır və akademikə nələrisə ən son biçimdə anlada bilirdi.

– Nazimin ölümü bir günlük, uzağı, bir həftəlik işdi, – o dedi. –Sonra yenə haradasa işləmək lazım gələcək. Nə məsləhət görürsən, qayıdım bura?

– Mən məsləhət görmürəm, – Sərdarov bir an belə düşünmədən dedi. – Loğman ikidən soruş, bəlkə o, məsləhət biləcək.

Bir anlığa susub Loğman ikidən cavab gözlədilər, cavab yerinə idarəyə məxsus limandakı katerlərdən birinin xırıltılı fiti göyə yüksəldi. Elə bil o da itin yuxarılara göndərdiyi “uuu”lara işarə etdi.

7

Xoruzdan yuxarıdakı yekəpər vəzifə borcu olaraq özünün böyük kitabından Nazimin adını silmişdi. Bu ölüm onun döyüşə daim hazır saysız-hesabsız ordularının sırasında zahirən heç nəyi dəyişməsə də, başqa yerlərdə nələrəsə təsirsiz ötüşməmişdi. Yekəpəri bu maraqlandırmırdı, burası onun səlahiyyətlərinə daxil deyildi. Ölmək, əslində, asan iş deyil. Canı ağızdan çıxaran o dəhşətli anı adamlar bəzən illərin daha ağır zülm və məşəqqətləri içində həsrətlə gözləməli olur, adamlar da var ki, o anı sinəsi ilə futbol topu kimi qəbul edib son zərbəni soyuqqanlıqla qapının düz doqquzluğuna vurur və tamaşaçı kütləsinin bağırtısı altında kibrit çöpü səssizcə sönüb puç olur. Necə olsa da, zamanı yetişəndə asan olmayan bu işin öhdəsindən gəlməyi hər kəs bacarır və bununla sağ qalanlardan dərhal bir baş yuxarı məqama qalxır. Bəzən buna inanmaq və inana-inana nələrinsə üstündən xətt çəkib yenidən başlamaq üçün ölünün özünü görmək lazım gəlir. Bütün ölü üzlər düşüncə dərinliyindən püskürmüş kəskin emosional məzmunun ifadəsi ilə fərqlənir. O dərinliyə Yer kürəsini öz peyki Ayla bərabər gurum-guppaz atsan, yarısını doldurmaz. Adam ölən kimi “düşmən” elan ediləndə isə o dərinlik daha müdhiş görünür, ölü üzün hər məsaməsindən bir şübhəli əməl, qaranlıq niyyət, xəyanət və satqınlıq boylanır. Nazim müəllim ölmüşdü, amma düşmənliyi təzəcə doğulmuş bic çağa kimi televizorların ekranında qığıldayırdı. Qanlı mələfənin altında çox rahatca gizlənmiş bu arıq, ölü canın altmış ildə törətdiyi əməllərin tam başqa mənalı əks-sədası ölkə mətbuatının girə bildiyi bütün yerlimənbələrdən, hətta bəzi qonşu ölkələrdən də axın-axın gəlməyə başlamışdı. Elə bil köçəri quşlar qayıdırdı.

Sərdarov mələfənin qırağını qaldırıb baxdı, xəstəliyin qurudub eybəcərləşdirdiyi sifət gün altında qalmış köhnə başmaq tayı kimi əyilmişdi. Ölü məsamələrin cəmindən peşmanlıq əzabının sarımtıl pöhrələri boylanırdı. Əgər Nazim müəllimi bu mələfənin altından həyata qaytarmaq mümkün olsaydı, bir an belə düşünmədən baş götürüb ölkədən qaçardı – peşmanlıq ifadəsi o qədər güclü idi!

– Yeyib-içən oğlanıydı, – Sərdarov mələfənin qulağını qatlamaqla açdığı əzablı sifətə baxa-baxa dedi. Sonra da dönüb itə müraciətlə əlavə elədi: – Yaxşı da goplamağı vardı, ömrü boyu dilinə bir dənə düz söz gəlmədi.

İt akademikin verdiyi qiymətin Nazim müəllimin həyatı boyu danışdığı yalanlara nə dərəcədə adekvat olduğunu yoxlamaq üçün başını qaldırıb Musayevin üzünə baxdı və bir şey anlamayıb fınxırdı.

– Sən bilən, bunu niyə belə, meyiti soyumamış “düşmən” elan elədilər? – Musayev soruşdu. Əslində, bildiyini soruşdu, amma hər halda sıradan bir məsələ deyildi.

– Bilirsən,– Sərdarov dedi. – Sən bunu məndən bir həftə əvvəl soruşsaydın, mən sənə ayrı cavab verərdim. – İndi isə fantaziya adamı olduğum üçün deyirəm, eşit: bir milyon dollardan sonra adam özündən şübhələnməyə başlayır ki, ayə, bu dünyanın götünə-başına yaxmağı elə buyumuş?! İki milyondan sonra ətrafdakılardan şübhələnirsən ki, ayə, bunların birinin də başı çatmır. Çatsaydı, bunlar da çox asanca qazanardılar. Üç milyondan sonra isə hamıdan şübhələnirsən ki, milyonun-filanın xeyri yoxdu, hamısı bir zibildi, sən də onun içində! Bu, böyük biznes adamıydı, milyonlarının sayı-hesabı yoxuydu, yəqin aynan, ulduznan əlləşirmiş binəva. Sən də soruşursan: niyə “düşmən” elan olundu?!

– Səninki nə qədərdi, Sərdarov? – səs gəldi, nədənsə akademikə elə gəldi ki, bunu ondan Musayev yox, it soruşdu.

– Maşında var beş-altı milyon, –cavab verdi. – Gizlətməyə yer tapmıram. Cinlər düşüb dalıma, gecə-gündüz hər yeri iyləyirlər, özümnən gəzdirməyə məcburam. Nə qədər istəsən, götürə bilərsən. Ancaq səndən bir xahişim var: qurban olum, o korrupsiya idarəsinə bir də qayıtma. Bu da oranın yetirməsiydi...

– Sərdarov, bəs qorxmursanmı birdən mən Allahımdan dönüb bir milyon götürərərm?! – Musayev özünün də dərk edə bilmədiyi, haradansa quş kimi uçub gəlmiş bir kasıb marağı ilə soruşdu. Əslində isə gözlənilməz təklifin qeyri-adiliyi əvvəlcə onun içini təsadüfən toxunulmuş dərin süxur partlayışı kimi tərpətdi, bir anın içində haralarasa qaldırıb oradan aşağıları göstərdi və içini qüssə ilə doldurub öz yerinə qaytardı.

– Allahından dönən üçün bir milyon pul deyil. Sənə də bəs eləməz, əminəm, – Sərdarov da qüssəli səslə dedi. Sanki onun pulları daha vacib işlər üçün nəzərdə tutulmuşdu və nəyə xərcləyəcəyini özü də bilmədən kimsə bu pullara sahiblik iddiası ilə çıxış edirdi.

8

Ağ xələtli həkimlər içəri girib akademiki nəzakətlə başqa stolun yanına dəvət etdilər və Nazim müəllimin tabaqda qanı qurumuş içalatını sanki onun özünün əvəzi kimi göstərdilər.

– İçi heyrətamiz dərəcədə sağlammış! – başı alma kimi yumru, qırmızıyanaq professor dedi.

Sərdarov ilk dəfə görürmüş kimi, meyiti buraxıb göz altdan professorun başı ilə maraqlanmağa başladı. Az qaldı əl atıb başdan kolpakı götürsün ki, ora səliqə ilə qablaşdırıldığı ehtimal edilən yaşıl alma yarpağı saplaqdan qulağın üstünə sallanıb rahat nəfəs alsın.

Nəhayət, akademik dönüb heyrətamiz dərəcəyə əlindəki lupadan istifadə etmədən soyuq-soyuq baxdı. İçalatın o biri tərəfinin çevrilməsini istədiyini əlini oynatmaqla assistentə göstərdi. Nisbətən gənc həkim xirtdəkdən kəsilmiş qığırdaqlı qida borusunun ucundan qəssab səriştəsilə yapışıb yuxarı qaldırdı və bu an Nazim müəllimin içalatdan ayrılıb tədqiq edilmiş ürəyi eynən “Payız axşamıydı, hava qaranlıq” misrası ilə başlanan “Ana ürəyi” muğamında oxunduğu kimi pırtdıyıb ləyəndən qırağa düşdü. Akademik bayaqdan məhz bunu axtarırmış kimi, içalatı heyətin ixtiyarına buraxıb titrək, əlcəksiz əli ilə balıq ağzı kimi açıq qalmış kəsik iki şah damarın birindən yapışıb ürəyi yuxarı, lampaya tərəf qaldırdı. Lupa ilə də baxandan sonra almabaşa ürəyin o yan-bu yanını göstərib alman həkimi təriflədi ki, koronar şuntlamanı o vaxt çox yaxşı eləyib, ancaq amansız infarkt... Bu an it də qabaq ayaqlarını stolun qırağına qoyub yuxarı, ürəyə sarı dartındı. Akademik ürəyi endirib itin gözləri qarşısında saxladı, it də candan ayrılmış bu əzələ düyünçəsinə diqqətlə baxdı və pataloqo-anatom personalını başqa hərəkətlərilə qorxutmamaq üçün yalnız astaca zingildədi.

Akademik itin dediyini professorlara təxminən belə tərcümə elədi:

– Heyrətamiz dərəcədə sağlam içalatın bu cür, heyrətamiz dərəcədə xəstə ürəyi ola bilməz!

Miokardit və infarkt yüz faizdir. Hipertireoz, üstəlik də qara ciyər böyüməsi lupasız da görünür. Axtarsaydıq, ağ ciyərdən də emfizema çıxara bilərdik. Keçmişdə qoca professor varıydı... Deyirdi, ürək elə yaman şeydir ki, ayrı-ayrı vaxtlarda istədiyi və almadığı heç nəyi unutmur və gec-tez onların ümumi hesabını adama təqdim edir. Mütləq təqdim edir...

Sərdarov keçmişdəki qoca professorun adını qəsdən demədi, heyəti o müdrikliyə layiq saymadı. O başa düşürdü ki, ekspertiza formaldı, amma peşə vərdişindən vaz keçə bilmədiyi üçün bəzi şeyləri heyətin diqqətinə çatdırdı.

– Rəy üçün ürəyin təqdim etdiyi buket də bəs eləyər, – mızıldandı.

Onlar ölüm haqqında ekspertiza rəyini oxumaq üçün zala girəndə orada bir videokamera və klinika personalını təmsil edən on yeddi nəfər ağxələtli adam vardı. Beş dəqiqənin içində “düşmən” elan edilmiş adam üçün bunun da çox olduğunu düşünən səhiyyə idarəsi yəqin ki, özünü loğman elan etmiş akademiki bura urvatsızlıq əmsalını daha da yüksəltmək məqsədilə dəvət etmişdi. Akademikin həyat məntiqini klinikanın girişindəki şam ağacının altında dəyişməsindən xəbərsiz olanlar, çox güman ki, belə fikirləşmişdilər. Ancaq fikirləşməklə iş bitmir, bu dünya inək deyil ki, on qarın doğuzdurub sonra da başını kəsəsən. Akademik yüz dəfələrlə çıxış etdiyi, ölü yola saldığı boş zalı ağzına qədər adamla dolu sanırmış kimi başını qaldırmadan komissiya üzvlərinə və mərasim iştirakçılarına baxmadanöz burnu qədər tanışmikrofona hüzn dolu qalın səslə dedi:

– Ölüm hamı üçün var. Bu gün Nazim Tahirov öldü, sabah başqaları öləcək. Onların “düşmən” elan olunub-olunmayacağını bilmirəm. İndiki halda bizim vəzifəmiz dost-düşmən tanımayan ölümün, daha doğrusu, fiziki mövcudluğun dayanması aktının nə səbəbdən baş verdiyini tədqiq edib cəmiyyətə açıqlamaqdır.

Sonra almabaş komissiya adından oxumağa başladı:

Tahirov Nazim Kamil oğlunun xəstəliyi və ölümünün səbəbi haqqında tibbi rəy

Tahirov N.K., 1930-cu il təvəllüdlü, ürək aortasının atreskelerozundan və onun qarın nahiyəsində anevrizmin inkişafından, koronar arteriyaların stenozlaşması ilə gedən atreskelerozdan, ritm pozğunluğuna səbəb olan ürək işemiyasından, keçirdiyi infarktdan sonra miokarddakı çapıq dəyişiklərindən əziyyət çəkirdi.

Üç gün əvvəl səhər saat 8-9 radələrində ürəyin qəflətən dayanması baş verib.

Patoloji-anatomik müayinə zamanı diaqnoz tam təsdiq edildi.

Sonda biri akademik, qalanları professor, yalnız biri dosent olan komissiya üzvlərinin adsız familiyaları xatırladıldı və bununla Nazimin ölüm tarixçəsinə nöqtə qoyuldu. Həyat tarixçəsi isə sonrakı hadisələrdən də göründüyü kimi hələ davam edirdi.

9

Ölümündən iki saat sonra “düşmən” elan olunan Nazimin dəfnini təsəvvür etmək, əlbəttə, çətin deyil. Meyit faktiki olaraq sahibsiz qalmışdı, konkret göstəriş verilmədiyinə görə onun qohumlarına bir söz, tibbi personala, maraqlanan bəzi instansiyalara, o cümlədən mediaya başqa söz, dünənədək onun itaətində duran sıravi adamlar ordusuna isə tamam başqa sözlər deyilirdi. Hətta şayiələrə görə, Nazimin zavodlarından birində fəhlə təlatümlərinin başladığını deyənlər də vardı. Ümumiyyətlə, bu işdə saxta sözün, fərziyyə və arzunu həqiqət kimi qələmə vermək cəhdlərinin sayı-hesabı yox idi, kimin ağlına nə gəlirdi, onu da Nazimin xətrinə cəmiyyətə sırımağa çalışırdı. Zatən, bütün belə hallarda olduğu kimi, şəxsin həm fərdi, həm maddi, həm də ictimai-siyasi diapazonunun genişliyi buna imkan yaradırdı. Digər tərəfdən onu da qeyd etmək yerinə düşər ki, çoxdandı paytaxtda bu yekəlikdə adam ölmürdü, yığılıb qalmış vacib qeybətlərin çoxunu Nazimin tabutuna yükləyib gedər-gəlməzə yola salmaq üçün fürsət yaranmışdı. Təsir miqyaslarına görə Nazimdən çox kiçik görünən “Yasəmən” Mərasim Evinin direktoru Həsrət İbalı öz efir çıxışlarında nahaq yerə demirdi ki, gedən hər tabut özü ilə təkcə cansız cəsədi deyil, həm də bir insan ömrü boyu toplanmış problemlərin, xəstəliklərin, özünəməxsus ənənə və qanunların üfunətli çələngini aparır.

Bütün bu dedi-qoduların qızğınlıqla baş alıb getdiyi məqamda, "düşmənçiliyin" səbəbləri tam açılıb qurtarmamış birdən dedilər ki, Parisdən Fransa hökumətinin tapşırığı ilə bir xanım gəlir Nazimin dəfninə. Onda bütün ölkə həqiqətən yasa batdı. “Düşmən” fitvası televizor vasitəsilə dərhal geri oxundu, amma dostluq haqqında heç nə deyilmədi. İmkan verildi ki, ölkə vətəndaşları ölüm aktından sonra dost-düşmən seçimində sərbəst olsunlar, hər kəs özünə sərf edəni götürsün. Parisdən gələn qonağı qarşılamaq üçün cəmiyyətə atılmış bu cür seçim azadlığından gözəl nə ola bilərdi?!

Bütün gözlənilənlərin əksinə olaraq xanım aeroportdan birbaşa “Şəfa” klinikasına gəldi və araba üzərində onun pişvazına çıxarılmış arıq meyiti uzaq dağ kəndinə aparıb orada dəfn etdi. Paytaxtda hər şeydən xəbərdar adamlar çox-çox sonralar da belə nəql eləyirdilər ki, xanım vaxtilə Nazimlə hansısa nazirliyin rəhbərliyində, daha sonra Avropa beynəlxalq strukturlarında çalışıb və onun gözlənilməz gəlişi ilə meyitin üzərindən bir gün, bir günortalıq rəsmi “düşmən” sözünün götürülməsi, əlbəttə, sıradan bir hadisə sayıla bilməzdi. Xanımla görüşə göndərilmiş məşhur konfliktoloq əvvəlcə “düşmən” məsələsinə görə dil-ağız eləməyə çalışdı, bildirdi ki, anlaşılmazlıq üzündən bir az tələskənliyə yol verib bəzi kütləvi informasiya vasitələri. Adətən belə hallarda deyilən, mənasızlığına və faydasızlığına görə misli bərabəri olmayan sözlər elə bil onun yekə buxağının içinə yerləşdirilmiş telefon aparatına haradansa davamlı şəkildə daxil olub nazik dodaqlardan pauza bilmədən şırıltı ilə havaya sovrulurdu. Faciəvi operada vəzifəli şəxsin ariyası kimi tam mətn üzrə səslənən partiya xanımın ifadəsiz sifətində və laqeyd baxışlarında heç nəyi dəyişmədi.

– Yas mərasimini "Yasəmən" Mərasim Evində keçirməyiniz məsləhətdi, – şəxs fasiləsiz avazla əlavə etdi.

– Fərq etməz, – xanım mızıldandı.

– "Yasəmən" çox yaxşı plan üzrə tikilib, Həsrət İbalı orada xidməti ən yüksək səviyyədə təşkil edib: böyük mətbəxləri, qadınlar, kişilər üçün ayrıca mərasim zalları, həyətdə geniş parkovka meydanı, ciddi səliqə-sahmanı var. Ən başlıcası isə ora aid iki məsələ mühümdür. Siz uzaqdan gəlmisiniz, ola bilər ki, bilmirsiniz, ona görə məlumat üçün deyirəm: birinci, çox rahat yerdə, Babur prospektindədi, gediş-gəliş asandı; ikinci, "Yasəmən"də xörəklər yerliətlə, Həsrət İbalının Qax rayonundakı fermasında bəslənən malların ətilə bişirilir.

Əslində, adam deyirdi ki, "Yasəmən"də keçirilən mərasimlərə kompleksin müvafiq qurumları tərəfindən nəzarət edilir, tədbirlər bütünlüklə lentə alınır, vacib bilinənləri sonradan təhlil olunur və xidmətlə bağlı lazımi qaydada tapşırıqlar, tövsiyələr verilir. Parisdən gəlmiş xanım isə düşünürdü ki, bəzi uşaqlıq xatirələri istisna olmaqla heç zaman tam uyuşmadığı bu şəhərlə bağlı daha ağır xatirələrin altına yenidən girməmək üçün yas mərasimini yola verəndən dərhal sonra çıxıb gedər və kim bilir, bir də buralara güzarı düşərmi?! Buranı bütün müsbət və mənfi təzahürlərilə təzədən sevmək üçün xanım öz içində böyük adaptasiya müddətinə ciddi ehtiyac duyurdu, buna isə onun vaxtı yox idi.

Zalın qarşısındakı böyük foyedə iki kişi ilə bir itin onu dərhal tapıb Nazimin ölümü haqqında tibbi ekspert komissiyasının imzalı, möhürlü rəyini təqdim etməsi xanımı qətiyyən təəccübləndirmədi. O, şəffaf faylın içindəki rəyə ani göz gəzdirib orada “düşmənçiliyə” aid konkretliklər görmədiyinə sevindi, dağlardakı dəfndən sonra öz mənasını büsbütün itirmiş “anevrizmin inkişafı”, “koronar arteriyaların stenozlaşması” kimi terminləri olduğu kimi anlamağa vaxt sərf etməyi artıq saydı. Ancaq xanım itə insan məhəbbətinin Paris paytaxtından gəlsə də, keçmiş doğma vətənində itin "Yasəmən"nin qapısından içərigirməyinə bir qədər təəccübləndi. İt bunu hiss etmiş kimi qələbəlikdə əzilib-büzüldü, bir-iki dəfə yerində atılıb-düşdü hər dəfə quyruğunu sağa-sola tərpədəndə ətrafında qəribə rənglərlə boyanmış balaca şar kimi halələr göz qamaşdırmağa başladı və elə bu an arxa tərəfdə qəflətən açılan tapança atəşinin cır səsi mərmər və gips dekorlarla bəzədilmiş foyedə əks-səda verərək hamını qanrılıb kişilər zalına tərəf baxmağa məcbur etdi. Bu, həqiqətən tapança atəşinin səsi idi, bir az sonra dəqiqləşdirilmiş məlumat yayıldı ki, kompleksin mühafizə rəisi pilləkənlər tərəfdə karnizin üstü ilə qaçan siçovulu interyerə ziyan vurmadan dəqiq atəşlə yerə salıb. Xanım dönəndə qarşısında peyda olmuş uzun, qara paltarlı bir gəlini gördü. O dərhal onları tərk edib yuxarısına yaşıl hərflərlə “Qadınlar-1” yazılmış işıqlı zalın taybatay açıq qapısına doğru gedən gəlinin çevik hərəkətlərini, qıyıq gözlərini və ağappaq, nazik sifətində gözü boyda kiçik ağzını dəqiq yadda saxlaya bildi. Portret öz tənasüblü xətləri və ölçüləri ilə xanımın yaddaşına o qədər aydın həkk oldu ki, onu diksindirib ardınca apardı. Ancaq gəlin peyda olduğu mükəmməlliklə də ağ mərmərin üstü ilə süzüb işıqlı qapıda gözdən itdi.

Parisli xanım zala karıxmış qaranquş kimi uçaraq daxil oldu, cərgələrin arası ilə mollanın stoluna qədər gedib ətrafa boylandı, başqa sıralara baxa-baxa geri döndü, qapının ağzında dayanıb diqqətlə zala, mətbəx tərəfə göz gəzdirdi, qızı tapmadı. Sonra o, foyedə bayaqkı kişiləri də görməyib bir qədər çaşqın və məyus halda yuxarı, öz yerinə qayıtdı. Qədim torpağın hələ də möcüzə yaratmaq imkanlarından təsirlənmiş xanımın daş sifəti bu qəfləti görüşün öhdəsindən gələ bilməyib acizanə yumşaldı. Bu çaşqınlıq içində o bayaqdan bəri zəncirli divar saatının quşu kimi hər dəqiqənin tamamında deşikdən sıçrayıb çıxaraq cik-ciklə başağrısı verən qan təzyiqini sakitləşdirməyə nədənsə tələsmədi. Ağ örtüklü uzun stol cərgələrində üz-üzə oturub asta qab-qaşıq cingiltilərilə ehsan yeyən yüzlərlə qadın sanki bu təamdadma proseduru vasitəsilə Nazimin bütün həyat və fəaliyyətini ən kiçik detallarına qədər son instansiya səviyyəsində araşdırmaqla məşğul idi. Parisli xanım diqqətlə onlara baxa-baxa xəyalən quşu izlədi, növbəti dəqiqənin tamamında yuvasından çıxmadığına sevindi.

O başa düşürdü ki, belə hallarda təzyiqi ram etmək üçün yaxşı şeylər haqqında düşünmək, ağrı-acı verən hər şeyi unutmağa çalışmaq lazımdır. Nazimin məsələsilə bağlı Avropada gözlənilməz asanlıqla əldə etdiyi uğurlarla bərabər xanım bu ölüm hadisəsi və dəfn mərasiminin onun illər boyu sabit ahənglə davam edən mühacir həyatına necəsə təsir göstərmək ehtimalını düşünürdü. Amma bunun necə başlanacağı, hansı vasitələrlə məcralaşacağı onun ağlına yerləşmirdi. Xanıma elə gəldi ki, proses məhz indi, foyedə onun gözünə möcüzə kimi görünüb tez də yox olan qızın gəlişi ilə başlandı. Xanım qorxdu, çoxdandı belə həyəcanlı anlar yaşamırdı. Ona elə gəldi ki,bir suyu tanış həmin qız o özü, nə vaxtsa tərk edib getdiyi gəncliyi idi. Birdən-birə onun gözünə göründü ki, heç nədə çaşmasın, gedərkən burada qoyub getdiyi incikliyi, həyəcanlı xatirələrini unutsun, özünü doğma evində hiss eləsin. O daxilən bunu özünün özü ilə zarafatı sanıb ciddi qəbul etməmək üçün dağlardakı dəfni, qarşılaşdığı adamların ona münasibətini, şəhərdə keçirdiyi bu üç günün başqa təfsilatlarını sürətlə xatırladı və qeyri-adi heç nə tapmayıb toxtamaq üçün çantasından çıxardığı nebiolol həbini udub bir qurtum su içdi.

O oturmuşdu, ancaq xəyalən foyedə, başqa zallarda pərvaz edib qızı axtarırdı ki, onu heç yerdə tapa bilməyib sakitləşsin. Arada hətta mollaxanıma da müraciət edib belə bir şeyin qeyri-mümkünlüyü haqqında əlavə fikir eşitmək istədi ki, özünü tam sakitləşdirib ələ alsın. Başı möhkəmcə bağlı mollaxanım yalnız üzünün kiçik bir hissəsi açıq idi və ona söz çatdırmaq üçün üzün o açıq hissəsini snayper dəqiqliyi ilə nişan almaq lazım idi, ondan da əlavə, qaşı-gözü əyninin paltarı kimi qara bu xanım üzünün açıq yerini büsbütün haqqında danışdığı hədisə və qarşısındakı mikrofonun gümüşü toppuzuna təslim etmişdi. Bu an Parisli xanıma elə gəldi ki, qızı yenə qapıdan içəri girən gördü, ancaq əl-ayaq eləyib dumanlanmış gözünün fokusunu məsafəyə uyğunlaşdırınca o, məclisə təzə gəlmiş bir qrup qadının arasında itdi.

10

Sonra tapdı. Birdən xatırladı məhz belə, qıyıq gözü boyda ağzı olan bir qızın onilliklər öncə onu Nazimin xahişi ilə aeroport yoxlamalarından keçirmədən təyyarəyə qədər apardığını. O, ölkədən icazəsiz gedirdi, əlindəki çantadan başqa heç nə götürməmişdi. Ancaq qəlbində apardıqları bir təyyarənin yükü idi. Onlar əvvəlcə metal hasarın genəldilmiş barmaqlıqları arasından aeroport ocaqxanasına, sonra ağ, sarı xətlərlə zolaqlanmış geniş keçidlər və asfalt talalarla yanacaqdoldurma nasosları yerləşən meydançaya tərəf getdilər. Metal hasarların o biri üzündəki asfaltdan heç nəyi ilə fərqlənməyən bu asfaltın üstü ilə yerimək tamam başqa dünyada addımlamaq kimi bir şey idi: sonsuzlaşan məsafələrdə hər addımdan sonra arxadan gurlayıb onu dayandıracaq əmri gözləyirdi. Ona elə gəlirdi ki, ocaqxanadan çıxıb aeroportun küləkli genişliklərinə ayaq basdığı andan onu görüblər, bütün mühafizə artıq ayaq üstdədir və onun tutulması saniyəlik məsələdir.

Qızın ağappaq, nazik sifəti kimi çox incə beli, yumşaq tünd göy parçaya bələnmiş qəşəng bədən cizgiləri vardı. Belə dəri ağlığını isti ölkədə günəşdən necə qoruduğu ona iki daşın arasında təəccüblü görünürdü. Əslində o, təyyarəyə sağ-salamat minib uca biləcəyinə tam inanmadığı üçün beynində ən axmaq şeyləri fırladaraq stress atırdı. Qız irəlidə, o isə arxada gedirdi, ocaqxanada onun çantasını əlindən alıb özü götürmüşdü, ona ağ, plastmas kanistr vermişdi ki, guya yanacaqdoldurma məntəqəsinə kerosin götürməyə gedir. Özünün təyyarəyəqədər gicləmələr serialında bu incə cizgili stüardessa bədənini Nazimin qolları arasında görüb onu qısqanırdı. Ancaq bütün bunların daha ona dəxili olmamasının mümkünlüyü ilə təskinlik tapa-tapa Allaha yalvarırdı ki, maşınlarla buraları dolaşan mühafizə onları görməsin. Mühafizə saxlasaydı, qızı tanımadığını və şəhərdə hər axşam işıqlar söndüyünə görə kerosin dalınca yanacaqdoldurma stansiyasına getdiyini deməli idi. Qız bunu ona ocaqxanada izah eləyəndən sonra ucadan, bir az da hirslə bapbalaca ağzından turbomühərrik kimi püskürmüşdü: “Başa düşdün? Kerosin! Lampa!” Yüngül küləyin hər tərəfdən qulağına doldurduğu yad və qorxunc səslərin içində o iki söz hələ də cingildəyirdi: "Kerosin! Lampa!"

Serialın növbəti bölümündə o, qızın gözəlliyinə kişilərin necə valeh olmasının dərəcəsini müəyyən etməyə çalışırdı. Dəqiq yadında idi ki, o küfr düşüncə nankorluğunun cəzası olaraq elə həmin an mühafizənin maşını günü-günorta çağında oynaq işıqlarını işə salaraq onların başının üstünü aldı. Qız dayandı, ona isə böyrünə qısdığı boş əli ilə gizlicə işarə elədi ki, getməyə davam etsin, dayanmasın.

O, əlindəki plastmas kanistrin bir yanağında yumruq boyda dairəvi deşiyin olduğunu məhz həmin an, sanki baxmağa başqa yer tapmadığına görə kanistrə baxanda gördü və atdığı hər addımdan sonra səslənəcək çağırışı canını deşəcək güllə kimi gözlədi. Bir addım, iki, üç... Yanacaqdoldurmaya az qalmışdı, orada heç kim gözə dəymirdi, qanrılıb geri baxmağa qorxurdu ki, uzaqdan-uzağa da üzünü görsələr, vücudunu bürümüş həyəcandan hər şeyi başa düşəcəklər. Amma səs gəlmədi, bir azdan qızı götürmüş maşının onun təyyarəsinin dayandığı uzaq meydançaya tərəf getdiyini görəndə bu aeroportun düzündə tənha və kimsəsiz kimi qaldı. O, böyük risk altında ölkədən icazəsiz, ona qoyulmuş qadağanı pozaraq gedirdi, hara getdiyini, qarşıda onu nələr gözlədiyini, əlbəttə, bilmirdi. Belə kimsəsizliklə təyyarədən düşəcəyi ölkədə qarşılaşacağına əmin olduğu halda gözlənilmədən burada, öz məmləkətində, bütün uşaqlığını, gəncliyini yaşadığı yerdə qarşılaşmışdı. Aeroport düzəni ona tərk etdiyi şəhərdən də böyük və qorxunc görünsə də, bu çox çəkmədi, çünki qızı təyyarəyə tərəf aparan mühafizəçilər daha onu saxlamazdılar. O, daha yanacaqdoldurma stansiyası tərəfə yox, birbaşa maşın gedən istiqamətə doğru addımladı və ayaqlarının donunun açıldığını hiss etdi.

Trapda qız ona pasportunu və konvertdə pul verib borta qalxmasını gizli bir həyəcanla, sanki qıyıq gözlərini tam yumaraq gözlədi. O, qızın adını soruşmadı, illər sonra orada, Sena çayının sahilindəki kafedə necə oldusa Nazim sözarası dedi ki, bu ad “Lalə” olub. Sərnişinlərin arasında trapı qalxa-qalxa gəldiyi yolu geri, aeroportun binasına doğru addımlayan Lalənin doğmalaşmış göy kürəyini, yumşaq addımlarla uzaqlaşan ecazkar yerişinin kiçik bir məsafədə izləyə bildi və ölkəni tərk etməyə hazırlaşdığı bütün o davamlı əsəbi günlər ərzində ayrıldığı bu adama görə gözü yaşardı, içi qəhərlə doldu.

Sonra Nazim öldü. Dünənki bəzi dostlarının onu tələm-tələsik “düşmən” elan etməsi tanış çərçivələrin heç birinə sığmadı. Nazimin ölümü ona isinişdiyi, vətən kimi sevməyə başladığı və sonda canını məmnuniyyətlə tapşıra biləcəyi uzaq Avropadan da harasa deportasiya kimi göründü. Ona elə gəldi ki, insanın keçmişi ilə belə etinasız davranmağa heç kimin, hətta özünün də haqqı çatmır. Ona elə gəldi ki, bu həm də onun keçmişidir və orada valideynlərindən və Nazimdən başqa kimsə yoxdur. O getdiyi yerlərdə lazımi adamlara bunu izah eləyə bildi. Yəqin Avropa həm də ona görə gözəldir ki, orada hərdən səni başa düşürlər, orada sənə, sənin dediyin həqiqətlərə bəzən inanırlar. Qalan şeylər elə bil nağıllar aləmində baş verdi: təsəvvür etdiyi dəhşətli, qorxunc maneələr sanki bir ovsunla yox oldu, onun özünün bilavasitə dəfndə iştirakı, hətta Nazimin bankdakı pullarının bir hissəsini nağd şəkildə ölkəyə gətirməsi ağlasığmaz bir asanlıqla təşkil edildi.

11

İndi o, yüzlərlə qadının arasında gözünə dəyən bir-iki nəfər yaşlaşmış məşhurdan başqa heç kimi tanıya bilmirdi. Onlar seyrəlmiş saçlarının əzablı düzümü və boyun-boğazlarında gizlətməyə çalışdıqları bər-bəzəkləri ilə Sabunçu vağzalının 1930-cu ildə inşa edilmiş binasına oxşayırdılar və o bu insanları tərk etməyin peşmançılığını, ağrı-acısını çoxdan yaşayıb qurtarmışdı. Elə bil Nazimin ölümü mərasimdə iştirak edən adamların hər birinin içindən onu cəzb edə biləcək zağı silib aparmışdı. Mollaxanım konspektlərini vərəqləməklə ehsanın yeyilib qurtarmasını gözləyirdi ki, duasını oxuyub camaatın ilk partiyasını yola salmaqla məclisi bir qədər yüngülləşdirsin. Son günlər ölkədə Nazimlə bağlı baş verən hər şeydən yetərincə xəbərdar olan mollaxanım idarə etdiyi ağır məclisin şərəfli olduğu qədər də potensial təhlükə mənbəyi olduğunu bildiyindən "Yasəmən"də daim qüvvədə olan gizli təlimatlar kodeksinin 1-ci bəndini əsas götürüb öz nüfuzunu qorumaqla məşğul idi. Yəni ətrafda baş verən hər şeyi görsə də, onlara dərhal münasibət bildirməkdən çəkinirdi. Ona görə Lalə ona yaxınlaşanda da mollaxanım özünü görməzliyə vurub dəftərini vərəqləməyə davam etdi. Lalə azacıq qəddini əyib nəsə pıçıldadı və cavab gözləmədən mikrofonu götürüb dedi:

– Hörmətli məclis! Bir elanı diqqətinizə çatdırmaq istəyirəm. Mərhum Nazim müəllimlə yaxın dost olmuş xanımlardan xahiş edilir məclisin sonuna kimi qalsınlar. Həll ediləsi vacib məsələmiz var.

Bu yerdə Həsrət İbalının Qax dağlarında otlayan danalarının əti ilə bişirilmiş dadlı plovun üstündən ləzzətli çay gözləyən məclisdən həqiqətən mülayim və son dərəcə xoş əhval mehi keçdi. Çünki Lalə xanımın Nazimin keçmiş sevgililərindən biri olduğunu məclis əhlinin xeyli hissəsi bilirdi və demək lazımdır ki, burası, yəni belə vəfadarlıq indi özünü konsevativ kimi göstərən internet ölkəsinin xanımlarına xoş gəlirdi. Qısa pıqqıldamalar, qaş-göz oynatmalar, eyhamlı baxışlar bu mehi bütün zala yayaraq oradakı hüzn və matəm əhvalında hiss olunacaq dəyişiklik yaratdı. Ölənlə ölmürlər ki! Ölənin dəfnində həyat daha qiymətli görünür və yaşamağın ən faydalı, təxirəsalınmaz variantları adamların ağlına haradansa lütfkarlıqla yüklənir. Lalə gəlib Parisli xanımla yanaşı əyləşdi. Bəlkə də Yelisey sarayı və Eyfel qülləsi qarışıq, bütün Fransa gəlib həmin an xanımın böyründə əyləşsəydi, güclə tapdığı köhnə tanışının bu məhrəm oturuşu qədər ona ləzzət eləməzdi.

Zaldakı xoş mehin dalğasında qara frak geymiş cavan oğlan az qala vals ritmində dingildəyən oynaq yerişi ilə üstünə yaşıl örtük salınmış, təxminən nağara futlyarı boyda bir qutunu sıraların arasından keçirib xanımın oturduğu stola tərəf apardı. Qutunu stolun üstünə qoyub xanıma yüngülcə təzim elədi və yerində fırlanandan sona o cür incə bir bədən hərəkətini də böyük zala əta edərək həmin oynaq ritmli addımlarla da yan tərəfdəki mətbəx qapısına doğru uçdu. Zövqlü qadınlar onun rəqqas yerişli uca boyuna, əzələli sifətinə, geri daranmış uzun, qapqara saçlarının parıltısına, ağ köynəyin boğazındakı kəpənəyə, frakın qısa ətəkləri altında sanki taleyin kübar çağırışı ilə çevik hərəkət edən güclü ayaqlarına, əlbəttə, heyran oldular. Cavan oğlan arxasınca mətbəxin qapısını örtənə qədər maraq tonqalı qalamış yüzlərlə qadın gözü onu hər tərəfdən oxladı.

Əhvalı nisbətən şənlənmiş məclis əhlindən kimsə bir qədər çaşıb qalmış mollaxanıma “Fatihə”ni toysonu “Yallı” kimi sifariş verdi. Yaşıl örtüklü qutu qara geyimli xanımların stolunun üstündə Nazimin canlı vücudunu da olmasa, ən azı onun heykəlini andırırdı və bu səbəbdən “Fatihə” surəsindəki onsuz da qəliz ərəb sözləri yüzlərlə qadın dodağının pıçıltısından yaranan kələf dolaşığı kimi daha anlaşılmaz hala düşdü. "Fatihə" surəsini bilməyənlər də onu birtəhər oxuyub qurtardı, amma yerindən tərpənən, məclisi tərk edən elə də çox olmadı. Sıralardan qalxan tək-tük qadınların boş qalmış yerlərini yalnız diqqətlə baxanda görmək mümkündü.

– Bəs sən nəyə oturmusan? – tanınmış xanımlardan biri yaxın sıralardakı yerindən qalxaraq mollaxanımın müqəddəs ərazisinə daxil oldu. Sonra da şalvarının cibindən pul çıxarıb stolun üstünə qoydu. – Gedə bilərsən! Çünki bu milli yüz manata and içmək olar ki, sən yüz faiz Nazimin yaxın dostu olmamısan.

– Mən məclisi axıradək yola verməliyəm, – mollaxanım etiraz etdi, hətta tavanın küncündən baxan qaragöz kameraya da yüngülcə işarə elədi.

– Sənin məclisin qurtardı, gedə bilərsən.

– Bəlkə o da Nazimin yaxın dostu olub! – Lalə yerindən səsləndi.

– Mən Allahın, imamın, peyğəmbərin dostuyam, – mollaxanım bürüncəkli sifətini qaldırıb kameraya daha aydın göstərdi.

– Ay qız, Zərnigar, gəlin bunu yola salın getsin! Bu, mən boyda müğənnini başa düşmür, siz aparın başa salın.

Artist mollaxanımın mikrofonunu şnur qarışıq dartışdırıb A.K. demişkən, səhnəni qonşu stola köçürdü və oturmazdan əvvəl belə dedi:

– İndi sizinlə Avropadan gəlmiş hörmətli qonağımız danışacaq. Siz bilirsiniz ki, əgər o bura gəlib çıxmasaydı, bizim mərhum dostumuz Nazim bu dünyadan belə yox, bir az ayrı cür köç edəcəkdi. Bununla bağlı xanım, sağ olsun, lazım olan hər şeyi elədi. İndi isə onun bizə deməyə çox vacib sözü var. Gəlin dinləyək.

Artist keçib Lalə xanımla yanaşı oturmazdan əvvəl yaşıl örtüklü qutunu azca kənara itələmək istədi, amma elə bil gücü çatmadı. Özünün hamıya tanış, parlaq səhnə təbəssümü ilə bu gücsüzlüyünü sadəcə qadın zərifliyi kimi məclis əhlinə təqdim edərək əyləşdi. Frak geymiş oğlan yerin altından “pırt” eləyib çıxmış kimi yenə də zalın bir küncünü kəsən, özünün rəqsə bənzər oynaq yerişi ilə gəlib qutunu kənara çəkdi və bu dəfə geri qayıtmadı, mollaxanımla səhnə arasında əmrə müntəzir dayandı.

Parisli xanım ayağa qalxmadan sakit, son günlərin qaçhaqaçında bir az soyuqlamış xırıltılı səslə danışmağa başladı:

– Deyildi axı, zalda yalnız Nazimlə nə vaxtsa yaxın olmuş xanımlar qalsın. Başa düşmürəm, siz hamınız onun məşuqələri olmusunuz?

Məsələ o qədər konkret, birmənalı və ciddi qoyulmuşdu ki, məclis əhli mızıldaşa-mızıldaşa onu asanlıqla zarafata çevirib yerindən tərpəşməmək üçün həyasızlığın qadın variantından ustalıqla istifadə edirdi.

– Hesab eləyin ki, elədir! – orta sıralardan ayağa qalxan yaşlı xanım balaca boyunu göstərib gülümsəyə-gülümsəyə ucadan dedi və sünbülqıran kimi tez də yerinə oturub görünməz oldu.

– Mən hesab eləyə bilərəm, amma bununla məsələ bitmir, – Parisli xanım mikrofona dedi. – Bu qutuda milyonlarla dollar pul var, Nazim vəsiyyət edib ki, pullar onun məşuqələri olmuş xanımlar arasında bərabər bölünsün.

Məclisdə bayaqdan bəri anlaşılmaz duaların hüznlü avazını süpürüb aparan həmin isti meh bir az da gücləndi. Ürəyi zəifləri həyəcan təri basdı, çox güman ki, kimlərsə öz fani, onsuz da mənasız keçən həyatında Nazimlə yaxın olmadığına təəssüfləndi. Xanımın əlini qutuya tərəf uzatmağı kifayət etdi ki, yaşıl örtük yumşaq ipək xışıltısı ilə sürüşüb artistin qarşısına sərilsin. Selofan bükümlü pul dəstlərinin başı qapaqsız qutudan xeyli yuxarıda Ağrı dağının qoşa zirvəsi kimi göründü.

– Cəmi nə qədərdi, centlmen? – xanım fraklı gəncdən soruşdu.

– Üç milyon dollar, xanım! – centlmen səliqəli, klassik kişi vücudunun tam əks qütbündə çoşka bəyirtisini andıran səsilə çığırdı.

Xanım məmnunluqla başını tərpətdi:

– Bir kilo ətin qiyməti 10 manat olan ölkədə xanımlar üçün heç də pis məbləğ deyil. Hə, siz necə fikirləşirsiniz? – məclisə müraciət etdi.

Fikirləşmək lazımdır ki, həmin an yerbəyerdən narazılıqla danışanlar, təklif, məsləhət verənlər, səsini Parisli xanım qarışıq bütün məclis əhlinə çatdırmaq istəyənlər vaxtilə Nazimlə yaxınlıq etmişlər deyil, əksinə, buna imkan tapmayanlar idi. Yaxşını pisdən tez ayırd edən Şərq qadınının başı kompyüter dəqiqliyi ilə işləyir, puldan söhbət gedəndə isə onun başı fəaliyyətini dayandırıb dünyanın bütün maşınlarına, bütün kosmik raketlərinə keçib getmək üçün yol verərək ümumbəşəri sakitliyin tam bərpa olunmasını gözləyir ki, hesabında səhvə yol verməsin. Bu ruhda və bu mənada ayağa qalxan həmin xanımlardan biri çox vacib məsələyə toxundu. Doğrudur, əvvəlcə başqa şeylərdən, xalq nağıllarından, sevgi dastanlarından, zavallı Əsli və Kərəmdən danışdı və bütövlükdə məşuqəlik institutunun Avropa xalqlarına xas olduğunu vurğulamaqla, başqa xalqlar arasında da onun müəyyən təzahürlərinə tarixən yer verildiyini bildirərək konkret sual verdi:

– Bu məclisdə bəlkə də üç yüzdən çox xanım var, – dedi, – mənim üçün çox maraqlıdı: məşuqələri qeyri-məşuqələrdən necə ayırd etmək fikrindəsiniz?

Parisli xanım da söz altında qalmadı və birbaşa həmin xanımdan soruşdu:

– Şəxsən siz Nazimin məşuqəsi olmusunuz?

– Mən? – xanım tutuldu. – Bilirsiniz, belə məqamda olmamaq çox böyük ağılsızlıq olardı!

– Əyləş. Beş!

Bu yerdə başqa biri, əlaçı tələbəyə oxşar eynəkli, gənc xanım ayağa qalxdı və öz praktik görkəminə uyğun səslə Anadolu ləhcəsində dedi:

– Vallahi, şu olay o kadarani oluverdi ki, o paraların sahte olub-olmadığı bile bende kuşku uyandırıyor. Geçen seneydi, ben İstanbulda gediyordum. Bir kişinin sokak ortasında dayanıp millete dolar dağıttığını gördüm. Yani, gerçek dolara benziyordu, rengi yeşildi. Bir tanesini de bana verdi, gördüm yüz dolardı, üzerine de bir hotele davet ilanı yazıyordu. Şimdi belki bunlar da şey, yani... Korsan!

– Mən belə başa düşdüm ki, gənc dostumuz pulların həqiqiliyinə şübhə edir, – Parisli xanım mikrofona dedi.

Dərhal, cavab gözləmədən işarə elədi, centlmen çevik hərəkətlə pul dəstlərindən bir neçəsini vakuum bağlamanın havasızlığından azad edib büküm lentlərini cırdı, onları birləşdirib əlində böyük kart kolodu kimi oynada-oynada sıraların arasına getdi. Dörd-beş addımdan bir dayanıb pulları xanımların başı üzərində havaya səpə-səpə, demək olar ki, zalın yarısına onların həqiqiliyini yoxlamaq imkanı bəxş etdi. Naməlum həyat marafonuna halal yas məclisində uçuşla başlayan, mətbəə boyasının iyini zərrə qədər də itirməmiş pullar havada nazla süzə-süzə hər dəfə ayağa qalxmış xanımların yuxarı uzanan əllərinə çatanda zaldan xorla qopan xoş nida və inilti sədaları qadın aləminin emosional palitrasının nə qədər zəngin çalarlara malik olduğunu göstərirdi.

Centlmen sıraların arasından qaytardığı iki ədəd yüzlüyü əllərində oynadıb hamıya bir daha göstərdi və onlardan birini yerini tərk etmək fikrindən uzaq olan mollaxanıma, digərini isə ona yaxın oturmuş artistə sehrbaz ədası ilə sanki əlavə ekspertiza üçün təqdim etdi. Qadın duyumu, qadın gözü təkcə kişi saxtakarlığını ifşa etmir, saxta pulu da qaynamış çay dəmi kimi dərhal ayırd edir. O baxımdan məclis əhli pulun həqiqiliyini bir göz qırpımında müəyyən edib yenisini istədi.

– Yenə! Yenə! Yenə! – qadınlar eynən məlum ekstaz halında olduğutək ucadan, ahu-zarla qışqırışırdılar.

Xanım diqqətlə sifətlərin səmimi istəyinə baxa-baxa bir az gözlədi, elə bil burada heç zaman belə sifətlər görməmişdi, bunlar nəsə təzəydi, onun əvvəllər burada gördüklərinə oxşamırdılar.

– Bağışlayın! – Parisli xanım onları sakitləşdirməyə məcbur oldu. – Bu pullar, Nazimin dostlarına, daha konkret desək, məşuqələrinə məxsusdur. Onlar buna icazə versələr, bizim centlmen davam edə bilər. Üç milyonu bu zala yeritmək məlum bankının bütün emissiya ehtiyatlarını bir gün ərzində çox uzaq məsafələrə itələmiş sehrbaz üçün heç nədir.

Artist də özünün parlaq səhnə təbəssümündən başqa həm də incə, ərköyün barmaqlarının ucu ilə istər-istəməz əskinası yoxladı, işığa tutdu və qaş-gözünü oynadaraq xanıma nəvaziş dolu baxışları ilə təşəkkürünü bildirdi.

– Sizdən başqa burada artistlərdən daha kimlər var? – xanım maraqlandı.

– Var, beş-altısı var! – artist tələsik cavab verdi və həmkarlarının adını adət etdiyi qısqanclıq üzündən sadalamadı, amma sonda nə fikirləşdisə, əlavə elədi: – Odey, Cangül oturub...

– İndi siz məşuqələri necə müəyyənləşdirəcəksiniz? – səbri çatmayan daha bir xanım zalda ayağa qalxıb soruşdu.

Bu sual zaldakıların hamısını ciddi narahat etdiyi üçün ona cavab vermək lazım idi. Parisli xanım yenə mikrofona dedi:

– Siz əskinasların həqiqiliyindən gördünüz ki, aptek səhv eləmir, yanlışlıq istisna olunur. Mən bilmək istərdim, aranızda həkim varmı?

Müxtəlif sıralardan bir neçə orta yaşlı qadın ayağa qalxdı, ancaq Parisli xanım özünə yaxın olandan soruşdu:

– Siz də Nazimin məşuqəsi olmusunuz?

– Xeyr, – həkim yüngülcə gülümsündü.

– Onda niyə oturmusunuz? Deyildi axı, məşuqə olmayanlar gedə bilər...

– Açığı, mənim üçün maraqlıdı buradakı bəzi adamların tarixi etirafları. Rəhmətlik Nazim müəllimin mənim ərimlə dostluğu olub.

– Onda siz bir həkim kimi deyin, qoy buradakı xanımlar eşitsin: müasir tibb elmi insanda daxili orqan xəstəliklərini hansı üsullarla, necə müəyyən edir?

– İndi bu çox asandır, – xanım ciddi səslə dedi.– Ultrasəs müayinəsi, maqnit-rezonans tomoqrafiyası, rentgen şüalandırılması, analizlər və sair vasitələrlə. Ancaq indiki halda qorxuram onlar sizin işinizə yaramasın. Çünki bu məşuqəliklərin yəqin ki, ən müxtəlif tarixləri var. Ola bilər 20, 30, bəlkə də 40 il keçib o münasibətlərdən. Hətta bir neçə günün tarixçəsi üzrə də, düşünürəm ki, onu müəyyən etmək tibb elmi üçün çətin olar...

– Ona biz baxarıq, – Parisli xanım dedi və həkimi centlmenə ən yaxın boş stulda oturmağa dəvət etdi. – Əgər sizin üçün bu iş belə maraqlıdırsa, bir həkim olaraq kömək edin məşuqələri müəyyənləşdirək.

Zal məşuqələrlə bağlı hər sözə dəhşətli həssaslıqla diqqət yetirir, özündən asılı olmadan müvafiq reaksiya nümayiş etdirirdi. Həkimin peyda olması məsələni, heç şübhəsiz, ginekologiya səmtə çəkdiyi üçün əsəblər bir az da gərildi, maraqlar daha da alovlandı. Məclisin aşağı ətəklərində bəzi qadınların stulun ütündə maneken kimi dik və tərpənməz dayanıb yuxarıda baş verənləri dəqiq görmək istəməsi bunun bariz təzahürlərindən biri sayıla bilərdi.

Mətbəx qapısı birbaşa möcüzələr dünyasına açılırmış kimi taybatay açıldı və bir-birindən gözəl, bir-birindən yaraşıqlı, geyimiləri yalnız ehtimal oluna bilən qız dəstələri durna qatarı kimi zala daxil olub cərgələrin arasına axışdılar. Qızlar çiyinlərindəki məcməyilərdə gətirdikləri çay dəsgahlarını stollara düzəndə mollaxanım pəsə-püsəsini yığışdırıb çıxışa doğru qaçdı, amma bu qaçışı heç kim vecinə almadı. Həmin an mollaxanım yox, direktor Həsrət İbalı özü də məclisdən baş götürüb qaçsaydı, kimsə bunu vecinə almazdı. Hamı başa düşürdü ki, məsələ mollalıq deyil, heç bir halda mollalıq deyil! Ən sonda gələn gözəl durna məcməyi əvəzinə çiyninə qoyub gətirdiyi böyük zərrəbinli lupanı həkimə ali təhsil haqqında diplom kimi təntənəli reveransla təqdim edəndən sonra farağat vəziyyətində durmuş centlmenə göz vurdu. Bunu göydə tutan artist yerindəcə diksinib həyəcan dolu baxışlarını dönüb getməkdə olan qızın parlaq bədənini ortadan iki hissəyə bölən o gözəl yerinə arxadan Neptun neştəri kimi sapladı. Həqiqətən də elə bil qızların hamısı eyni ölçülər üzrə dəzgahda yonmuşdu. Onların yas mərasiminə bu qeyri-adi görkəmdə sirli, qəfləti gəlişi o qədər gözlənilməz idi ki, məşuqə olmayanlar da məşuqə olmaq istədilər ki, bəlkə bu can dizaynı hansısa yolla onlara da sirayət edə. Bəzi xanımlar sanki qızların həqiqiliyini yoxlamaq üçün onlara barmaqlarının ucu ilə toxunmağa, saçlarını sığallamağa, onları iyləməyə başladılar, qızlar isə bu hərəkətlərə qarşı heç bir reaksiya göstərmədən öz işlərini görüb qurtardılar: çaylar süzülüb düzüldü, durna qatarı peyda olduğu səliqə ilə də zalı tərk etdi.

– Çaylarınızı için! – fraklı, kəpənəkli centlmenin çoşka bəyirtisinə bənzər eybəcər səsi əmr ahəngində zalın hər kvadrat santimetrinə eyni tonallıqla yayılaraq qadınların əlini pula doğru qaldırdığı kimi stəkanlara doğru da uzatdı. Onlardan heç kim, hətta şirin vüsal və acı hicran dəmləri ilə dolu məşuqəlik ömrü yaşamışlar da hələ belə çay içməmişdilər. Çay onu içənlərə o qədər qeyri-adi həzz və ləzzət verdiki, onun şəninə yerbəyerdən ucalan təriflər beş dəqiqə əvvəl zala ərməğan edilmiş dollar əskinaslarının yaratdığı şok effektini tamam yaddan çıxardı. Qadınlar öz həssas hissiyyatları ilə təkcə dollar əskinaslarının saxtasını həqiqisindən ayırmır, həm də dil-damaqları ilə dadlını dadsızdan, duzlunu duzsuzdan, gözəl çirkindən, yaxşını pisdən asanlıqla ayıra bilirlər. Onlar çayın qeyri-adiliyində müalicəvi keyfiyyəti dərhal hiss etdilər və həmin andaca stolların üstündən, suyunun hara boşaldıldığı məlum olmayan butulkalar yoxa çıxdı, çantasında balaca da olsa, ağzıbağlı şüşə qabı olan və ona bir neçə qurtum o çaydan süzüb götürənləri də heç nə götürə bilməyənlərlə müqayisədə xoşbəxt saymaq olardı. Qadınlardan biri boş butulka tapmaq ümidi ilə qızların pərvaz etdiyi mətbəxə qaçdı, amma israrla itələdiyi qapını aça bilməyib peşmanlıqla geri döndü və günəşli paytaxtın çoxdan istifadəyə verilmiş məşhur "Yasəmən" Mərasim Evindəki 1 saylı qadın zalında əsas mərəkə də elə bu an başladı. Çay içmiş qadınlar yavaş-yavaş fikirlərinin aydınlaşdığını, ürəklərinin genişləndiyini, ruhən dəyişdiklərini hiss etdilər. Hər kəs oturduğu yerdəcə gülümsünüb dingildənməklə çayın müalicəvi və şəfalı təsirini nümayiş etdirir, özünün cismən, xüsusilə sifətdən dəyişdiyini, cavanlaşdığını düşünürdü. Bu ümumi eyforiya və ekstaz halında mərasimdə iştirak edən məşhur müğənnilərdən birinin zalın dərinliyindən zil səslə mərhum Nazim müəllimə xitabla ucaltdığı “Səni deyirlər!” ağısı hər kəsi ayağa qaldırıb hərəkətə gətirdi. Fərdi və ictimai baxımdan kontroldan çıxmış bu kollektiv hərəkətlənmədə ruhi və fiziki sıçrayışını cilovlamaq haqqında qətiyyən düşünməyən gənc xanımlar dəstəsindən biri əynindən soyunduğu paltarlarının hər birini göyə atıb qadınları qışqırdandan sonra gedib əlilupalı həkimin qarşısında dayandı.

– Bax! – dedi. – Mən dörd il Nazimin sevgilisi olmuşam! Səhv eləsən, cırram səni!

Həkim lupanı mauzer kimi qaldırıb endirərək gənc xanımın müvafiq yerlərinin hamısını diqqətlə yoxladı. Sanki nə deyəcəyini, necə deyəcəyini müəyyənləşdirmək üçün duruxub susan həkimi bir az da qorxutmaq üçün qız yekə ağzını var gücü ilə açıb onun üstünə bağırdı:

– Aaa-a-a-a!

Həkim bu gənc qızın dörd il Nazimin məşuqəsi olduğunu təsdiq edən məmnun hərəkətlə gözəl yığılıb daranmış sarımtıl başını aramla tərpətdi sonra isə Parisli xanımın, Lalənin və Neptun neştəri atmış artistin eşidəcəyi qaimliklə qəti şəkildə dedi:

– Olub!

– Siz onu necə müəyyənləşdirdiniz? – xanım soruşdu.

– Mənə verilən bu lupanın qulpu mikroelektronika ilə doludur, – həkim dedi. – O, nəinki əlaqədə olmuş adamların adını, soyadını, aktların tarixini göstərir, hətta əlaqənin keyfiyyətini də beşballı sistem üzrə dəqiqliklə müəyyən edir.

– Çox gözəl! Təfsilata varmayacağıq, – Parisli xanım dedi və həqiqətən dörd il Nazimin məşuqəsi olması təsdiqlənmiş gənc qızı yanına çağırdı. Gənc məşuqə ad-familiyasını xanımın mötəbər siyahısında da təsdiq etdirdikdən sonra centlmen onun hər əlinə iki dəst qatı açılmamış yüz dollarlıq bağlaması verib yola salmaq istədi, amma gözlənilmədən gəncin etirazı ilə qarşılaşmalı oldu:

– Pulu tarixi anoxronizmə görə yox, əlaqədə ruhi müvazinətin uçuş yüksəkliyinə görə vermək lazımdı, – qız dedi. – Mən getmirəm, zaldayam, yəqin ki, əlavə payım da olacaq!

– Başa düşmədim!– artist narazılıqla dillənib gənc məşuqəyə təpinmək istədi.

– Hardan başa düşəssən?! Ömür boyu onun-bunun haqqına girmisən!

Və vaxtilə kolxozçu xalq arasında populyar olmuş mahnısı ilə onun ağzını əydi: “Əxşşş-am-laaaayr!”

Qəflətən işığı söndürülmüş qadın hamamının səs-küyü həkimin qarşısındakı lüt qadınların növbəsi ilə müqayisədə ibtidai sinifdə nəğmə dərsi qədər məsum bir mənzərəni xatırladırdı. Bu qadınlar növbədə dayanmağı xoşlamadıqları üçün, bəlkə də bacarmadıqlarına görə hamısı birdən lupanın altına girməyə çalışır, hətta lazım olan yerlərə həkimlə bərabər baxıb faktı canlı müşahidə etməyə can atırdılar.

– Çəkilin kənara! – ağır lupanı qaldırıb-endirməkdən və ətrafındakı basabasdan tıncıxmış həkim qışqırdı. – Sıxlıqda lupa tərləyir, işləmir! Bəlkə siz istəyirsiniz ki, lupa düz işləməsin, səhv eləsin?!

Diribaş xanımlardan biri həkimin qulağına nəsə pıçıldadı, ancaq buradaca sözünə cavab olaraq onun soyuq, sərt baxışını alıb sıradakı öz yerinə çəkilməli oldu.

– Mənə etibar eləyiblər! – həkim sonradan nə düşündüsə, həmin xanımın qarasınca səsləndi. – Mən Hippokrat andı içmişəm, mən sənin üçün Saxtakar Səboş deyiləm!

Növbə üzrə yaxınlaşmış ortaboy xanım yarıpıçıltı ilə özünü həkimə təqdim edərək belə dedi:

– Aşıq Çimnaz Cəvanə. Biz Nazimlə bir gecə Kislovodskidə onun nömrəsində yatmışıq. Şeirlər kitabımı da ona bağışlamışdım, bəlkə də kitabxanasında qalıb.

Həkim əvvəlcə Çimnazın əzələli, möhkəm bədəninə, azacıq bulanmış qara gözlərinə və iri döşlərinə lupasız baxdı, ondan arxasını çevirməyi xahiş etdi. Xanım idmançı çevikliyi ilə dönüb əyildi və əl barmaqlarının ucunu ayaq barmaqlarına toxunduraraq gözlədi: uzun, sarışın saçlarının çəpəri onun döşlərini zaldakı eyforik publikadan gizlədi.

– Buralarda “Nazim” adını görmürəm, – həkim qızların köməyilə ağır lupanı aşığınzəruri saydığı yerlərinə tutub baxandan sonra asta səslə dedi. – Çevrilin!

Ön və yuxarı nahiyələri də Çimnaz xanım üçün uğurlu nəticə hasil etmədi. Aşıq xanım lupadan narazılığını qəti olaraq belə ifadə etdi:

– Mən sizin lupaya inanmıram!

– Deyirsiniz, indi mən bu lupanın sizin bədəninizdə göstərdiyi bütün adları printə verib rəsmi arayış kimi təqdim edim? Ya-aa... Sizin o idarəyə göndərim? – Həkim daş soyuqluğu ilə Çimnazın üzünə baxdı. – Sizdə Razim olub, familiyası da Zaranov. Akt baş verib 2004-cü il avqustun 16-da Moskva yaxınlığındakı "Viktoriya" sanatoriyasında. Keyfiyyəti 2 bal. İstəsəniz, Zaranovun başqa məsələlərini də açıqlayaram, çalışdığınız "Dübeyti" TV-də sizin üçün problem yaranar. Amma Nazim olmayıb. Yerli-dibli olmayıb.

Xanımın adı qutudakı siyahıdan da çıxmayandan sonra ona səbirli olmağı məsləhət görüb növbəti iddiaçını müayinəyə çağırdılar.

Ölkəsində vaxtilə məşhur, sayılıb seçilən adamlardan biri olmuş, həyatının son anlarına qədər daim qalmaqallar yaşamış, ölən kimi “düşmən” elan olunmuş və bir gün sonra bu tələsik qərarı ləğv edilmiş Nazim müəllimin son vəsiyyətinin belə rəvanlıq, dəqiqlik və xətir-hörmətlə yerinə yetirilməsi bir tərəfdən çox yaxşı hal idi. Amma üç milyon dolları iki qadın arasında bölməyin tam müşkül bir məsələ olduğu halda onu üç yüz qadına bölməyin mümkünlüyü hələlik təsəvvürə sığmırdı.

12

Tavanın künclərindən zala nəzarət edən kameraların aşağı, zirzəmidəki təhlükəsizlik xidmətinin monitorlarına ötürdüyü videotəsvirlər və danışıqlar orada gözlənilməz eyforik effekt vermiş çay dəsgahının özündən də böyük dəhşət yaratmışdı. Düşünmək lazımdır ki, xidmətin rəisi, istefada olan dəniz piyadası zabiti kapitan-leytenant Mehman Cəfərovun birbaşa yayım və telefon ötürmələri vasitəsilə verdiyi həyəcan siqnalı "Yasəmən" Mərasim Evinin bütün rəhbərliyini ayağa qaldırmışdı. Lakin şənbə günü olduğundan direktor Həsrət İbalı yerində deyildi, yalnız onun müavini Məsim bəy ərazidə kölgə kimi görünüb pilləkənlərdə qeyd olmuşdu.

Kapitan-leytenant Mehman Cəfərov böyrünə təsadüfən bıçaq soxulmuş günahsız dava qurbanı kimi otura bilmir, iç-içə iki böyük otaqda cövlan edir, daim yaş, ətli dodaqları arasından sağa-sola anlaşılmaz nidalar buraxırdı. Əgər sonradan başlanacaq mötəbər istintaq səviyyəsində dəqiq araşdırma lazım olsaydı, o nidalardan yalnız birini tutub qanunun tələbinə uyğun qaydada rəsmiləşdirmək mümkün olardı: “Bayyyyy-əə-əəə!” Arada zabit o qədər həyəcanlandı ki, monitorun qarşısında yazı prosesini diqqət və son dərəcə böyük maraqla izləyən cavan oğlana hücum edib yoğun barmaqlarını onun uzun, qıvrım saçına keçirərək qışqırdı:

– Bu nə saç-saqqaldı, əə-ə?! Qureyşisən sən?! İndi bütün aləm töküləcək bura!..

– Rəis, qaçım tez vurdurum başımı? – oğlan ağır əlin basqısında üzünü güclə çevirib altdan-yuxarı soruşdu.

– Ə, hara qaçırsan?! Başımızı onsuz da vuracaqlar, otur! Zapisə diqqət elə!

Ancaq bu dünyada çox üzlər görmüş kapitan-leytenantın təhlükəsizliyini təmin etdiyi mərasim evi ilə birlikdə qəflətən düşdüyü fövqəladə və tragik vəziyyətdə heç də hər şey qara, faciəvi və ümidsiz deyildi, sevinməyə də ciddi əsas vardı və aktiv əməliyyat fəaliyyətindən uzaqlaşmış rəis beyninin tam dumanlanıb boğulmaq, ürəyininsə dayanmaq həddinə çatdığını hiss edəndə o özünü bayaqdan bəri tapdığı bir işıqlı deşiyə təpib ciyər dolusu nəfəs ala bilirdi. Bu işıqlı yer onun içində, haradasa ürəyinin altında, hətta sinəsinin sağ tərəfində hələlik spirtsiz qalmış, yumşaq jele kimi ahəstə dəbərcələnən balaca bir deşik idi. Ehsan xörəklərinin xüsusi kombinativ seçmələri ilə hər gün kabinetində dost-tanışları ilə nahar edən Mehman Cəfərov həmin gün bu fantastik məclisin ilk epizodlarını monitorda görən kimi başını itirsə də, hələ içmədiyinə, heç nahar etmədiyinə görə nəinki sevindi, hətta özünü, bəzi yoldaşlar demişkən, dünyanın xoşbəxti saydı. Bu bədbəxtlikdən onu qoruduğuna görə rəis hər an möhkəmlənməkdə davam edən saleh imanı ilə itmiş başının bir küncündə Allaha dua edirdi.

Mətbəxdən qatar-qatar çıxan qızlar, zalda qadınların müayinədən keçirilməsi, yaranmış kütləvi hərəkətlənmələr özlüyündə o qədər ağlasığmaz, fantastik bir hadisə idi ki, onlardan sonra kompleks personalından kimsənin, birinci növbədə təhlükəsizlik xidməti işçilərinin yerində qalacağı yalnız möcüzə nəticəsində baş tuta bilərdi. Ona görə Mehman Cəfərov özünü artıq havada tənha uçan albatros kimi hiss edir, verdiyi mənasız əmrlərə, göstərişlərə görə heç bir məsuliyyət hiss etmir, beynindən pırıltı ilə keçən boş film kadrlarında hərdən yalnız bir obraz onun çaşmış xəyalını ani olaraq işıqlandırır və tez də ümidsizcəsinə sönüb gedirdi. Bu, Parisli xanımın stolunun üstündəki qutu idi. Sonra hər şey yenidən başlanır, nəticədə qutu daha az görünür, seyfdəki araq butulkaları qırılıb oradakı kompyüter platalarını, hard-diskləri və sənədləri isladırdı. Bu yerdə kapitan-leytenant özünü oksigen deşiyinə güclə yetirib başını ora soxur və heç nəyə xətir o xilas yerini tərk etmək istəmirdi.

Nəhayət, Məsimdən zəng gələndə qalxıb oranı darmadağın etmək əmrinin veriləcəyini gözləyən rəis öz döyüş hazırlığında əlbəyaxa səhnələrini xatırlayıb burada faktiki tək olduğunu düşündü və buna müvafiq də cavab hazırlamaq üçün itmiş başını otağın künclərinə, Qureyşinin stolunun altına baxmaqla axtarıb tapmaq istədi.

– Davam edir?.. – Məsim halsız səslə soruşdu və əlavə etdi: – O biabırçılıq?

– Ə, bə birbaşa yayım verirəm də sənə! – başsız rəis sinəsindən birbaşa karbon püskürməsi kimi çıxan hava ilə xırıldadı. – Videozapis vermirəm ki! Birbaşa yayım verirəm də sənə!

Həmin an orta yaşlı, arıq bir qadın həkimin lupası altında özünü tam fiziki səfərbərliyi ilə təqdim etmişdi, ona görə kapitan-leytenant telefonu qulağından ayırmadan operatora qışqırdı ki, kameranın görüntüsünü maksimum böyütsün:

–Nayezd elə! Nayezd elə, a Qureyşi!

Mehman Cəfərov xidməti dənizdə başa vurmuş, hətta başqa sahələrdə də müəyyən fəaliyyət göstərmiş təcrübəli adam idi. Bilirdi ki, nəyə görə də olmasa, təkcə qutuya görə bir azdan şəhərin bütün ətyeyən quşları bir qığıltıya uçub bura töküləcək və onda məsələnin əsas fazasının araşdırılması tamam başqa idarələrin nəzarətinə keçəcək, ona isə istintaqda şahid ifadəsi vermək və ömrünün sonuna qədər iştirakçısı olduğu bu qəribə hadisə haqqında xatirə danışmaq qalacaq. Mehman Cəfərov həmin gün araq içmədiyinə şükür edə-edə hadisənin hər cür inkişaf və yekun variantına razı idi, həm də kənd uşağı olduğu üçün bilirdi ki, xırmanı nə qədər silib-süpürüb aparsalar da, yerində xırmandarın toyuq dəni mütləq qalacaq.

Mehman Cəfərov oksigen deşiyindən növbəti dəfə başını çıxaran kimi qadın əməkdaşlardan birini göndərmişdi ki, zala keçsin, kameraların əhatə edə bilmədiklərini öz gözləri ilə görüb yadda saxlasın, çünki bu xəmirin hələ çox su aparacağına şəkk-şübhə yox idi. Qız zala nə əsas, nə də mətbəx tərəfdəki ehtiyat girişdən keçə bilməyib tez də geri qayıtdı ki, bütün qapılar bağlıdır.

– Qulaq verdim, içəridən elə bil musiqi səsi kimi səs gəlir, – qız deyib özündən asılı olmadan pıqqıldadı. Operativ əməliyyat işlərini yaxşı bilən, akademiya təhsili olmadan kapitan-leytenant rütbəsinədək yüksəlmiş rəisi hər şeydən çox bu “elə bil” sözü dəli elədi.

– Ay qız, “elə bil” nədi?! – rəis qışqırdı. – Burada dünya qopur, aləm dağılır, dövlətin əsasları sarsılır, sən bir taxta qapının arxasından nə səs gəldiyini müəyyənləşdirə bilmirsən?! Özün də... Bayyyy-yeee-eee!..

Allah bilir, rəisin yarızirzəmisinin pəncərəsindən həyətə bir-birinin arxasınca daxil olan minik və yük maşınları görünməsəydi, qızın üzünə itin daha hansı sözləri deyiləcəkdi.

13

Dörd yük maşını silahlı çevik qüvvə batalyonu şəxsən əlahiddə bölümlər komandirinin rəhbərliyi ilə həyətə daxil olmuşdu və Mehman Cəfərov təzim elədi. Amma vəziyyətin ağırlığını və qəribəliyini düzgün ifadə edə biləcək söz tapmadı.

– Bu nə şəbehdi burada sən çıxardırsan, Cəfərov? – nəhayət, polkovnik paroxod fiti kimi yoğun səsilə soruşdu və maşınlardan birbaşa döyüşə atılan zabit və əsgər heyətinə zallardan təxliyə əmrini verəndən sonra bir də onun üzünə baxıb dedi. – Haı-ıy?

Polkovnik başındakı qızılı kakardalı qırmızı beret gəmi projektorunun qəfləti yanmış işığı kimi Mehman Cəfərovun gözlərini qamaşdırdı. Zabit yuxarı rütbələrin aşağı rütbələri heç nədən danlamaq şakərinə yaxşı bələd olduğu üçün suala cavab vermədi və başını aşağı salıb:

– Günahkaram, cənab polkovnik! – mızıldandı.

Burası, yəni qarşısında hal əhlini görmək komandanın xoşuna gəldi. O, Mehman Cəfərovun sərbəstliyini artırmaq üçün yüngülcə bığlı ağzının qırağı ilə gülümsündü və fikirləşdi ki, peşəkar ayrı şeydir. Yoxsa doluşub bu uşaq-muşaq hər yerə, söz soruşursan, Rokossovskidən sitat gətirir. Danlamaq da olmur ki, iki dəqiqədən sonra köpəyoğlu saxta adnan ötürəcək internetə.

– İçəridən xəbərin var, Mehman Cəfərov? – polkovnik dübarə soruşdu.

Rəis cavab verincə içəridən camaatın güclü axını bəndi yarmış qara su kimi mərasim evinin qabağındakı böyük meydana, orada dayanmış maşınların al-əlvan sıraları arasına dolub qaynamağa başladı. Polkovnik bir-birinə qarışmış qadın-kişi axınına baxıb sanki maraqlı bir şey görmədən yenə üzünü zabitə çevirib ondan cavab gözlədiyini bildirdi.

– İçəridə üç milyon dollar nağdı pul var, cənab polkovnik! – kapitan-leytenant Mehman Cəfərov bunu o qədər təmiz, dəqiq diksiya və tamahsız nəfəslə ifadə etdi ki, polkovnik üstünə çirkli su atılmış kimi diksinib geri sıçradı.

– Necə?! Üç milyon?!

Bu dünyada heyrət və təəccübün həqiqətən səddi-sərhədi yoxdur. Günün günorta çağı məşhur mərasim evinin həyətində yaranmış bu dəhşətli ajiotajda daha nə baş verə bilərdi ki, təcrübəli iki zabit üç milyon dolları müvəqqəti də olsa unudub ona təəccüblənsin?! Baş verən iş doğrudan da əcaib, misli görünməmiş bir şey idi.

Onlar meydanı bürümüş uğultuya başlarını qaldırıb yuxarı baxanda külafirəngidə dəmir məhəccər boyu sıraya düzülmüş dörd qadının ağappaq qol-qıçının günəşin şüaları altında bərq vurduğunu gördülər. Onlar qurudulub hisə verilmək üçün ştanqdan təzəcə asılmış dörd balığa oxşayırdılar, sanki səhvən külafirəngi kamerasından çölə çıxarılmışdılar, bir azdan yerlərinə qaytarılacaqdılar. Ucalıqdakı adamları bir-birindən seçmək meydanda sıxlaşmağa başlamış camaat üçün asan olmasa da, qadınlardan biri ağzını açıb dərin, qarından gələn və sonsuz fəzaya istiqamətlənmiş kədərli bir avazla oxumağa başlayan kimi hamı onu tanıdı.

– Aman-ama-a-aan! Amaaaaan!..

Yuxarıda quraşdırılmış supergüclü kolonkalar oxuyanın kişi və ya qadın olmasının qətiyyən fərqinə varmadan bu tanış, məlahətini bir qədər itirmiş səsi köhnə neft rezervuarlarının, gecəqondu massivlərinin və arxadakı beşmərtəbələrin yaşıl çətiri üzərinə yaydı. Bu, yaşlaşmış, müğənni xanımların ən tanınmışlarından biri və təəssüf ki, xalqın daha hüsn-rəğbət bəsləmədiklərindəndi.

– Aman-ama-a-aan! Amaaaaan!.. – ciddi pauzadan sonra xanımın sabit tonallıqda güclə saxlaya bildiyi səsi ikinci dalğa ilə yenə də nalə kimi həmin məkanlardan keçib harasa getdi.

"Yasəmən"in ətraf yollarında dolaşan maşınlar, avtobuslar dayandı, beşmərtəbələrin balkonlarında peyda olan adamların sayı bir göz qırpımında artmağa başladı. Axırıncı dəfə buralarda göyüzünə belə heyrət və intizarla iyirmi il əvvəl türk şahinlərinin ilk uçuşlarından sonra qalan rəngəbərəng zolaqlara baxmışdılar. İndi yayla payızın qoşa dayandığı buludsuz, xoş havada məlahətli qadın səsinin çağırış avazı ləmlənirdi. Yaşıl məhəllələrdən ara yollarla kompleksə tərəf qaça-qaça gələn adamları hələlik külafirənginin hündürlüyündən məhz bu dörd xanım görürdü.

– Bidad-amaaaaaaan! Aman, amaaaaan! Aman eeey! – başqa bir xanım daha güclü, daha isti və yanıqlı səsilə davam etdirdi. Bu xanımı da səsindən tanımamaq mümkün deyildi, çünki onun yumşaq, Əməkdar artist sopranosunun köppüş ləblərindən bal kimi süzüldüyünü aşağıda dayanmış yüzlərlə tamaşaçı hər axşam televiziya ekranlarında görürdülər.

– Bidad-amaaaaaaan! Aman, amaaaaan! – xanım əlini qulağının dibinə qoyub təkrar oxudu.

– Mehman Cəfərov! – qəribə mənzərədən çaşıb qalmış polkovnik dəsmalla boynunun tərini silən rəisə sanki çarəsizlikdən səsləndi. – Mehman Cəfərov, bu "Yasəmən"in daşı ağır olacaq! Barı bunların şəkilini çək!

Mehman Cəfərov telefonunu cibindən çıxarıb ümidsiz çaşqınlıqla eynəyini axtarmağa başlayanda bahalı bir qara maşın sanki hələ də havada səslənən o xoş avazın lığabı içindən səssiz-səmirsiz sürüşüb düşərək yumşaq və qətiyyətli yerişlə düz onların qarşısında islamın ən kəsərli qılıncı Zülfüqar xofu ilə dayandı. Bu, "Yasəmən" Mərasim Evinin direktoru, məşhur “İki cahan” televerilişinin aparıcısı Həsrət İbalının maşını idi.

Bilgəh Kardiologiya Sanatoriyasında qısamüddətli müalicə almaqda olan Həsrət İbalı arıq, ucaboy, şüvərək adam idi, maşından çıxmaqda ləngidi, çox güman ki, aşağı atacağı o bir addımın onu hansı odun içinə salacağını əvvəlcədən bilirdi. Fiziki çəkisindən bir neçə dəfə ağır adam kimi maşından güclə çıxıb üst-başına göz gəzdirdi. Əynindəki qəttəzə, boz kostyum üzünün əzablı, qaraşın qırışları ilə tam kontrastda dünyanın bütün madiyyatını rədd etsə də, özünün və böyründəcə mühərriki səssizcə işləyən maşının çox-çox uzaqlardan son dəbin tələblərinə uyğunluqla seçilib gətirildiyini unutdura bilmirdi. Həsrət İbalı müavini Məsim bəyin onun pişvazına çıxmadığına görə qəsdən başını qaldırıb ətrafa baxmırdı.

Yol boyu ona, sanki konkret efir "zastavkası" üçün deyəcəyi ilk sözləri kəsərli fraza halında formalaşdıraraq dəfələrlə təkrar eləmişdi: "Məsim! Bu nə rüsvayçılıqdır sən çıxarırsan burada?!" Bir dəfə də nəsə başqa şey olmuşdu, onda deyə bilməmişdi. Fraza hazır idi, amma Həsrət İbalı indi onu Məsimin yerinə az qalırdı hələ əyninə oturuşmamış təzə kostyumuna desin ki, ürəyi soyusun.

Nəhayət, direktor başını qaldırıb sinə dolusu nəfəs almağa çalışdı və elə ağrılı yazıqlıqla tövşüdü ki, deyərdin bəlkə Bilgəhdən bura qaça-qaça gəlib, ya da içindəki kompressor körüyü cırılıb havanı ciyərdən kənara axıtdığı üçün çatdıra bilmir. Köməkçisi maşından bozumtul, bulanıq maye ilə yarıya qədər dolu stəkanı qaçaraq ona çatdırdı, arxasınca kişiyə ağzını silməyə təmiz bir dəsmal da uzatdı. İbalı göz gəzdirib polkovnikin tanış sifətinə başı ilə yüngülcə salam verdi və nəhayət, baxışlarını lazımi yerə yönəldib ora baxa-baxa mayedən bir qurtum içdi.

– Bircə elə ora qalmışdı, – güclə udqunub stəkanı qaytardı.

Həsrət İbalının məşhur, arıq, sitat və sərrast ifadələrlə dolu vücudunu efirlərdən deyil, iki metrlik məsafədən ləzzətlə seyr edən polkovnikə elə gəldi ki, artıq yaşlaşmış direktoru fani dünyanın nasazlıqları, fəlakətləri və faciələri daxilində eyni yerdən, eyni cür, eyni dərəcədə ağrıdır. Və bədəninə tam adaptasiya elədiyi bu ağrını o, cibindəki kəhrəba təsbeh kimi daim özü ilə gəzdirir: lazım olanda unudur, lazım olanda çıxarıb sifətindəki qırışların arasında şıqqıldadır. Hər halda, indi müalicəni buraxıb özünü həyəcanla bura yetirməyinə və külafirəngidə baş verən biabırçılığa görə onun daxili narahatlığı və zahiri narazılığı bikef tarazlığın tam vəhdətini təmin edə bilirdi.

– Bəs bunların o qurumsax ərləri hara baxır?! – İbalı qarşısındakıların dinmədiyini görüb ritorikfason sual verməklə məsələnin ailə-məişət aspektini önə çəkdi.

Sanki İbalının qaraşın sifətinin cod tüklü hər qırışında indiyədək gördüyü, şahidi olduğu, hətta ağızdan-ağıza eşitdiyi, insan cahilliyindən doğan minlərlə belə fitnə-fəsad və faciə diricənə qımıldanırdı və o istənilən zaman onların hər hansı birini xatırlayıb ondan çıxarılması vacib olan ibrət dərsini örnək kimi mavi ekrandan hamıya təqdim edə bilərdi.

– Niyə götürmürsən onları oradan, İsabala? – İbalı bayaqdan ona nəsə deməyə çalışan Mehman Cəfərovu görmürmüş kimi, sualı birbaşa polkovnikə verdi.

– Hələlik zallardan təxliyə gedir, – polkovnik qayğılı səslə məruzə elədi. – Qapılar bağlıdı. Sındıracam. Bir də bəla burasındadır ki, onlardan biri Rusiya Dövlət Dumasının deputatıdı... – Polkovnik dirsəkdən yuxarı çirməkli uzun qolunu yuxarıda oxuyan qadınlara tərəf uzatdı.

– Noolsun deputatdı?! – səhhətinin efir gümrahlığını yavaş-yavaş bərpa edən İbalı nisbətən sərt səslə dedi. – Deputatdı, getsin Kremlin Qurultaylar Sarayında oxusun, burada nə işi var?

Bu an ucalıqda yenə də hamının tanıdığı başqa bir artist segahın son beytlərini özünün bapbalaca səsinin yüngül estrada ləpələnməsilə mikrofona yeridib meydanda toplaşmış və ətraf məhəllələrdəki müsəlman ürəkləri vəcdə gətirdi:

– Ay aman, aman, amaaaaaaan! Aman eeeeeyy!..

– Allah sənin o bildirçin səsini batırsın! – İbalı qarğış elədi.

Xanım otuz illik müğənni fəaliyyətində dillər əzbəri olmuş çoxlu sayda gözəl mahnılara imza atmışdı, onların heç biri muğam üslubunda deyildi, yalnız biri, vanna otağında çəkilmiş klip kadrları ilə müşayiət olunan o mahnı “Heyratı” muğamının avazı ilə vannadakı yumşaq hərəkətləri tədricən oynaq ritmə keçirirdi: “Günəş batar! İşıq sönər! Can ölər!”

Artistin son akkordları ilə külafirəngidə fraklı centlmnenin peyda olması üst-üstə düşdü.

– Bəs deyirdin qapılar bağlıdı! – İbalı baxışlarını endirib polkovnikin üzünə baxmaq istədi, ancaq polkovnik də, onun arxasınca yuxarı qaçan Mehman Cəfərov da artıq uca pilləkənləri qalxırdılar.

Fraklı centlmen cırıltılı səsilə öncə elan verdi:

– Camaat! Nazim müəllimin sizə də hədiyyəsi var! Buyurun!

Cibindən çıxardığı dollar dəstlərinin büküm lentlərini cıraraq bir-birinin ardınca külafirəngidən aşağı vızıldatmağa başladı. Aşağıda nələrin baş verdiyini təsvir etmək çox çətin olsa da, demək lazımdır ki, yamyaşıl, yüz dollarlıq əskinaslardan biri də dövlət quşu kimi uça-uça gəlib düz İbalının burnu qarşısında cəh-cəh vurdu. Köməkçi pulu quş kimi yox, lap milçək kimi tutub direktora təqdim edəndə İbalının gözü Sibir qarı kimi camaatın başına yağan əskinaslarda idi və o fikirləşirdi ki, hər kimdirsə, çox köpəyoğlu adamdır, bu saxta kağızları camaatın başına yağdırmaqla onların onsuz da əskisi tüstülü banklara olan inamına ciddi ziyan vurur. Çünki həqiqi pulu kiminsə belə havayı yerə dağıda bilməsi yetmişi haqlamış İbalının zəngin siyasi, iqtisadi və mənəvi məntiqlərinin heç birinə uyğun gəlmirdi.

– Rədd elə o yana! – İbalı pulu əlində tutmuş köməkçisinə bozardı.

Həsrət İbalı çox pullar görmüşdü, fikri külafirəngidə olsa da, gözünün qırağı ilə meydanda camaatın göydən pul qapmağını diqqətlə izləyə-izləyə fikirləşirdi ki, dünya çox ədalətsiz qurulub: birinin pulunu üst-üstə yığsan, bu külafirəngi boyda olar, o biri yeməyə çörək tapmır və bunların ikisi də eyni ölkənin vətəndaşı, guya eyni hüquqlara malik insanlardır. Zırt! Sonra o fikirləşdi ki, tutasan şeytanın ətəyindən, bir neçə gün fasiləsiz bu adamların başına o külafirəngidən beləcə pul yağdırasan. Baho-o-o!.. Demək, bunlar yuxusuzluqdan və yorğunluqdan yıxılanadək, “bəsdir” demədən yığarlar o pulları. Yığarlar, yığarlar! Ailələrini, qohum-əqrəbalarını çağırıb növbəli yığım təşkil edərlər, bir ucdan taksi ilə evə daşıyıb şkafları, dolabları, döşəklərin qatını, çarpayıların altını hamamı, tualeti doldurarlar pulnan. Sonra başlayarlar pul yağan meydanda özlərinə sədd-sərhəd düzəltməyə, zəifləri sıxışdırıb aradan çıxarmaqla öz monopoliyalarını yaratmağa, sonra fələyə, Amerikaya və hüquq mühafizə orqanlarına meydan oxumağa keçəndə birdən görələr ki, pulun hamısı saxtadır. Həsrət İbalını ehtimal nəzəriyyəsi üzrə bu hala düşən insanların məyusluğunun dərəcəsi maraqlandırmadı, onların günlər ərzində bu dəhşətli həngaməni yaşaya-yaşaya keçirdikləri həyəcana, çəkdikləri əziyyətə, qurduqları xəyalların puç olmasına elə də dərindən heyfsilənməyəcəkləri təəssüfləndirdi. Çox güman ki, özləri özlərinə belə deyəcəkdilər: “Onsuz da bekarçılığydı da, guya işə gedib nə qazanırıq ki?!”

İbalı külafirəngidə ictimai asayişin vuran əli və bəşəri məntiqin qaçılmaz həyat reallığı kimi hər an peyda olacaq qəhrəman polkovnikin və onun əsgərlərinin bu rüsvayçı səhnəyə son qoyacağını görəndən sonra artistlərin qandallı qollarına, hinduşka buxağı kimi sallaq məmələrinə və həyasız sifətlərinə baxmaq üçün uca pilləkənləri əziyyətlə də olsa, yuxarı qalxmaq fikrində idi. Ancaq qiyamlar yatırmış, mitinqlər dağıtmış, silahı belində havayı gəzdirməyən polkovnik Everestə qalxırmış kimi gecikirdi. İbalı üçüncü mərtəbənin fasadından qalxan külafirənginin hündürlüyünü hələ vaxtilə ona göstərilmiş tikinti çertyojlarından xatırlayırdı: 14 metr. Polkovnik və onun müzəffər dəstəsi üçün bu, yüksəklik deyildi. Direktor köməkçisini göndərmək istədi ki, gecikmənin səbəbini aydınlaşdırsın, ancaq yəqin bildi ki, köməkçi də, sürücü də indi meydanda camaatın arasındadır.

Məlum oldu ki, yuxarıda külafirənginin giriş qapısı da bağlıdır və onu sındırmaq üçün lazım olan dəmir tiri darısqallıq üzündən orada işlətmək mümkün deyil. Polkovnik yaranmış fövqəladə vəziyyətdən çıxış yolunu Həsrət İbalı ilə iki variantda məsləhətləşdi: birinci, artistləri pulemyotla gülləbaran etmək; ikinci, kiçik partlayışla qapını partlatmaq. Variantların heç biri ağsaqqalı qane etmədi.

– Bəs hanı sənin o dağa dırmaşan, ilan-qurbağa yeyənlərin, İsabala? – İbalı narahatlıqla soruşdu.

– Bunlar ilan-qurbağa deyil, pramoy ağ balıqdılar! – polkovnik qımışdı. – Onda gözləyək yanğınsöndürən maşınlar gəlsin!

– Sən o qaçqına bax hələ! Gözündən gəlsin sənin! – İbalı sözünün ardını udub, gözlərini azacıq yummaqla üzünün qırışlarında nadinclik etmək istəyən əzabların üstünü ətlə örtdü.

– Bu artist tayfasının hamısı beləcə nankordu, – polkovnik İbalının sözünə qüvvət verdi. – O yekə... oğlundan ötrü gedib haralara çıxmışam?!

Polkovnik İsabala sehrli külafirəngini buraxıb sehrli zalla məşğul olmağa getdi. Havadan pul tutmaq mənzərəsinin yorucu hay-küyünə, yuxarıda artistlərin podium pozaları nümayiş etdirməsinə dözə bilməyən İbalı da onun arxasınca yavaş-yavaş pilləkənləri qalxmağa başladı. Təzə şalvarın ipək astarının dizlərinə yapışıb dartılmasını diqqətlə izləyən İbalı şəhərdə geydirmə brend satanlarla "Yasəmən"də bu şəbihi çıxaranların aşağı-yuxarı eyni adamlar olduğunu fikirləşdi.

Pilləkənləri ağır-ağır qalxan İbalı o zaman birinci mərtəbənin yerdən nə az, nə çox düz on üç pillə hündürlüyündə götürülməsinə nahaq razılaşdığını düşündü və öz ləngliyindən uzanan vaxtı sözlə doldurmaq üçün böyrüncə onun tempinə uyğunluqla qalxan Mehman Cəfərovdan soruşdu:

– Hardadı bu Məsim? Meydanda pul tutur?

– Səhər Nazim müəllimin mərasimindəydi, Həsrət bəy! – Mehman Cəfərov cavab verdi. – Sonra ara qarışdı, görə bilmədim. Bayaq dedilər kabinetindədi, halı xarabdı.

– Nazim müəllim də... – İbalı dərindən nəfəs aldı və öz səhhəti ilə bağlı bu sövqi-təbii nasazlığına sevinən kimi oldu. Fikrin ikinci hissəsi İbalının təzə kostyumuna bürünmüş arıq, sümüklü canının harasındasa çıxış tapmadan ilişib qaldı.

Onların gözlədiyinin əksinə olaraq ikinci mərtəbədəki məlum qadın zalının qapıları taybatay açıq, içəridə isə kimsə yox idi. Hər şey adətən yas məclisində yeməkdən sonra qalan vəziyyətdə olsa da, başdakı stollardan birinin üstündə durmaqda davam edən karton qutu və onun yaşıl örtüyü məşhur müsibəti Şam sarayında yekunlaşdırmış karvan nişanələrinə bənzəyirdi.

Polkovnik İsabala, elə özünü birtəhər yetirmiş İbalı da bir ins-cins görmək ümidi ilə ətrafa boylandılar, amma rəis Mehman Cəfərovdan başqa söz deməyə, danlamağa, hətta üzünə belə tüpürməyə adam tapmadılar.

– Bəs deyrdin zalın qapılarını tirlə vurmaq lazımdı, admiral! – məntiqinə sığmayan anlaşılmazlıqlardan hirslənmiş polkovnik təhlükəsizlik xidmətinin rəhbərinə təpindi. – İçəridə seans gedir! Hanı? Bəlkə mən yaxşı görmürəm, Həsrət bəy! – polkovnik bu dəfə nəfəsi kəsilməkdə olan İbalıya müraciət etdi.

Həsrət İbalı polkovnikin mənasız sualına cavab verməyib stola yaxınlaşdı və dibində sarımtıl maye qalmış çay stəkanlarından birini götürüb iylədi, zala göz gəzdirdi. Zalın boşluğunu aşağıda pul tutanların sədaları doldursa da, sakitlikdə birdən mətbəxin qapısı asta cırıltı ilə açıldı, nəsə havadan seçilməyən bozumtul bir şey səssiz addımlarla onların yanından keçib çıxışa doğru getdi. Daha doğrusu, onlara elə gəldi ki, nəsə canlı bir şey keçib getdi.

– Bərəkallah! – onun dalınca baxanlardan yalnız Həsrət İbalı mızıldandı və ona cavab kimi qapının ağzında geri qanrılan o şey nəsə qəribə səs çıxararaq foyeyə qaçdı.

– Sən bu məclisdə mollalıq eləyən o arvadı tanıyırsan? – polkovnik ehtiyat pilləkənlərlə aşağıdakı qapıya doğru enəndə Mehman Cəfərovdan soruşdu və cavab gözləmədən əmr etdi: – Onu qoyarsan qəfəsə!

14

Onlar foyedə Parisli xanıma Nazimin ölümü haqda tibb-ekspert komissiyasının rəyini təqdim edəndən sonra üzbəüz kişilər zalına keçmək istəyəndə Musayevə qızından zəng gəldi. Hər dəfə bu zəng gələndə Musayev ata həyəcanından başqa, nəsə ona tam məlum olmayan daha geniş, daha böyük bir qorxu hissi keçirirdi. Bu dəfə məhz ondan idi: qız onu təcili evə gəlməyə çağırırdı, hətta bunun səbəbini də izah etməyə çalışırdı. Sərdarovu da götürüb evə getməkdən başqa çarəsi qalmadı, amma it tapılmadı.

Manekenin bütün əzalarını bərpa edib ayaq üstdə servantın qabağına qoymuşdu. Servantın şüşələrində oynaşan işığın sınma bucağı bu mulat xanımın nazik sifətində incə bir təbəssümün sirli, tükənməz axınını yaratmışdı. O bunu ilk dəfə gördüyünə təəccübləndi və manekeni satmaq istəməyən dükan sahibini daha açıq bir təbəssümlə xatırladı. Qız altdan-yuxarı gah onun, gah da manekenin sifətinə baxa-baxa onun dinmədiyini görüb özü danışmağa başladı.

– Biz onu klinikaya apamalııq, – dedi. – Bilisən nə olub?

O, qızın işarəsilə əyilib qulağını onun ağzına tutmalı oldu.

– Onun qaannında bəbişləri var, o, mama olacaq. Hə-əə... eşidisən, onna ooda ağlııyı, atıq çıxmaq istiyilə...

O, qulağını manekenin qarnına söykəyib bəbişlərin ağlaşmasını dinlədi və başa düşdü ki, "aparmalı" deyirsə, aparmaq lazım olacaq. Stulu ayağının altına qoyub manekenin kəsik çiynindən qarnına baxdı: orada müxtəlif ölçülü kuklalardan ibarət ən azı iyirmi nəfərlik feminist bir icma yaradılmışdı. Hər ehtimala qarşı məsələnin daha asan yolla həllinə cəhd elədi:

– Bəlkə evimizdə mama olsun? – dedi, hətta stuldan enib manekenin özündən də nəsə soruşmaq istədi, ancaq qız qəti şəkildə razılaşmadı.

Akademikin maşından gətirib əyninə geydiyi ağ xələt də onun həkim olduğuna uşağı inandıra bilmədi. Yol boyu ordan-burdan danışmaqla qızın saqqızını birtəhər oğurlayıb maşını Babur prospektinə sürdülər, ancaq daha həyətə girməyib kənarda, seyrəngahda oturub gözləməli oldular.

Dəniz səviyyəsilə ölçülsə, “Yasəmən” Mərasim Evinə üstündə neft rezervuarları olan dağ tərəfdən aşırım ədaları ilə endirilmiş əsas yolun üstündəki skamyalar məlum başıbəlalı külafirəngi ilə eyni hündürlükdə yerləşirdi. Təxminən yüz əlli, iki yüz metrlik dümdüz, bütöv bir taxtanı körpütək yolun, hasarların, ağacların, köməkçi damçaların və dördmərtəbəli baş mərasim korpusunun turuncu mislə sandıq kimi örtülü damı üstündən birbaşa külafirəngiyə uzatmaq mümkün olsaydı, elə də ciddi maillik nəzərə çarpmazdı. Mərasim evini tikmiş memar buranı yaxınlıqda yaşayanlar üçün güllü-çiçəkli seyrəngah kimi nəzərdə tutmuşdu. Aşağıda qədim şəhərin köhnə yaşayış məhəllələri, sanki onların əvəzinə gizlicə sökülən zeytunluqlar, o cümlədən yeni dəbdəbələr üslubunda inşa olunmuş mərasim evinin bütün guşələri əl içindəki kimi aydın görünürdü: sökülüb dağıdılmalı, yenidən qurulmalı çox şey, o cümlədən köhnə neft rezervuarları uzaqdan-uzağa həmin memarı və Həsrət İbalının pullarını haraylayırdı. Yuxarıdan baxa-baxa xəyalən mərasim evini buradan çıxarıb kənara atanda seyr etməyə heç nə qalmır və bu məhkum mənzərə ürəksıxan, dəyişməz eybəcərliyi ilə adama sanki “Dur buradan rədd ol!” deyirdi.

Skamyalardan yalnız birində adamlar oturmuşdu, qalanları isə o səbəbdən boş idi ki, hamı kompleksin həyətindəki meydanda pul tuturdu. Yanğınsöndürən maşınlar iki yerdən nərdivanlarını külafirəngiyə doğru yavaş-yavaş uzatmağa başlayanda əvvəlcə bir, sonra isə anlaşılmaz sayda çox yerdən avtomat atəşləri açıldı və bununla pul yağışı dayandı.

– Gün dönməkdədi artıq, – Sərdarov dedi, – yaman uzun çəkdi Nazimin ehsanı...

Akademikin böyründə Musayev qızı ilə oturmuşdu, Parisli xanım və it ayaq üstdə dayanıb aşağıda getdikcə güclənən atəş səslərinin mənasını anlamağa çalışırdılar. Məna tezliklə gəldi və məlum oldu ki, külafirəngidən yoxa çıxmış artistlər necə olubsa, İsabalanın tələsindən yayınıb camaata qarışıblar və indi guya onları yaxalamaq üçün atəşlə camaatı qorxudub sıraya düzmək, əslində isə onların yığdıqları pulu əllərindən almaq istəyirlər. Bunu Parisdən gəlmiş xanımın telefonuna dedilər.

– Bu ölkə niyə dəyişmir, doktor? – xanım sualının cavabını bilə-bilə akademikdən soruşdu ki, bəlkə başqa səbəbləri haqqında da yeni nəsə eşidə.

– Xanım, sənə qurban olum, – akademik dilavərlik elədi, – mən bunun səbəblərinə elə sənin qədər varidəm. Biz hamımız bilirik bu niyə belə olur. – Akademik başını aşağı salıb susdu, dərindən köks ötürərək əlavə etdi. – Ölüm möcüzədir. Gördünmü, bir Nazimin ölümü ilə nə qədər şeylər dəyişdi! Ölümdə həyat var.

– İndi bu silahlılar Nazimin pullarını camaatın əlindən almaq istəyir.

Parisli xanım zəng vurdu. Onun kiminlə – mərasim evində qalmış fraklı centlmenləmi, polkovnik İsabalanın rəisiləmi, ya daha yuxarılarla danışdığını oradakılardan heç kim başa düşmədi. Yalnız qız gülümsünərək skamyanın üstündə ayağa qalxdı və bir barmağını qarşısında dayanmış manekenin boyalı dodaqlarına toxundurub, əli ilə mərasim evinin həyətini göstərə-göstərə böyük kuklanın qapqara, gödək saçla örtülü qulağına pıçıldadı:

– Sussssss!

son

# 6547 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #