Əllərim buz geyir sən olmayanda – YENİ ŞEİRLƏR

Əllərim buz geyir sən olmayanda – <span style="color:red;">YENİ ŞEİRLƏR
22 avqust 2017
# 12:30

Kulis.Az gənc şair Səfa Rəşidin yeni şeirlərini təqdim edir.

Uğursuz sev

Məni yenə uğursuz sev,

Yenə yollarda itir.

Heç olmasa üç, beş il,

Qollarımda yuxu gör.

Sonra yenə qayıdaram,

Yenə köhnə yerimə.

Yenə bağlı qapı görüb,

Qayıdaram evimə.

Məni yenə uğursuz sev,

Azdır ömür yolunda.

Heç olmasa, üç, beş il,

Gəzim, axtarım səni.

Yenə təzədən küs məndən,

Qaytar gəldiyim yollara.

Saatı olmayan evə,

Yenə zaman axıb getsin,

Darıxmaqla bitməsin.

Məni yenə uğursuz sev,

Yolda gözləyim səni.

Heç olmasa, üç, beş il,
Sevməyi öyrət mənə.

Məni yenə uğursuz sev,

Saçlarına toxunum.

Heç olmasa üç, beş il.

Sübhü mənlə qarşıla...

Bacarırsan

Məni elə beləcə sev,

Ara vermə sevgiyə...

Yenə başdan başlayaq,

Yenə sevək üç, beş il,

Yenə sevək üç, beş il...

Məni elə qısqandır

Məni elə qısqandır,

Daha sözüm olmasın.

Dənizə gizlicə get,

Səndə gözü olmasın.

Bədənində dənizin,

Duzlu suları gəzsin.

Qumlu sahildə uzan,

Çarpayı səni əzsin.

Məni elə qısqandır,

Yansın sevgi toxumu.

Sənin yalın ayağın,

Sahilin isti qumu.

Qəfildən dəli külək,

Öpsün dodaqlarından.

Mən səndən küsüb getdim,

Bezdim ayrılığından...

Gizlənpaç oyunun heç sevmədim...

Gizlənpaç oyununu heç sevmədim,

Sən də sevmə bu oyunu!..

Yenə qağayılarla dolu dəniz havasındayam,

Günəş yox göy üzündə...

Küləksə soyuğuna bürünüb məni qovmaqdadı...

Qumlu sahilin şırıltısı var qulaqlarımda...

Allaha yorulmadan dua edən, muradına hələ də yetməyən

Milyonlar gözləyir sıxıntıda.

Yenə köhnə qanunlarda yaşayır şəhər...

İnsanların haqları məhkəmə zalında

Hər gün

Min yol tapdalanmış küçə kimidir...

Daha darıxmağım da keçib.

Özümə içində sən olmayan ürək düzəltmişəm.

Tibb məntəqəsində qanımı təzələdim ki,

Daha ürəyimə yenməyəsən,

Axmayasan şah damarımda...

Üzümdəki cizgilərdə hiss etməsinlər səni.

Təmizlənmişəm şıltaqlığından, ərköyünlüyündən,

Yoxluğunu hiss etməyindən.

Nə yaxşı ki, azadlığa çıxmısan

Damarlarımdan!..

Ürəyim əməliyyatsız kiçilir get-gedə...

Yumruğumdan yüz dəfə kiçik olmanı

İstəyirəm...

Ütüsüzdü köynəyim...

Mənim səndən gizlətməyə nəyim var,

Heç nəyim yox, heç nəyim yox, heç nəyim.

İndi yoxam, asılqandan asılmır,

Ütüsüzdü, ütüsüzdü köynəyim...

Sən də məni unutmağa vaxt elə,

Üyüt məni dəyirmanın gözündən.

Bu həsrətin tayasına yaba sanc,

Uzaq elə, uzaq elə özündən.

Dənizin sərt dalğasına tuş gətir,

Ver küləyin qoltuğuna, yada ver.

Doğmalığın soyuyubsa gözləmə,

Apar məni, apar məni bada ver..

Yaman soyuqlaşıb...

Yaman soyuqlaşıb bizdə havalar,

Hamı istəyir ki, isti geyinə.

Əllərim buz geyir sən olmayanda,

Öyrəşib əlinin istiliyinə.

Nəğməli ömrümə darıxmaq gəlib,

Yuxulu gözlərim dağ çuxurudu.

Arzular ümiddən asılı qalıb,

Əlim də yetməyir, çox yuxarıdır.

Tavanım göylərə duvaq kimidir,

Düşüb qarğışına yenə fələyin.

Allah da gizləyib yağışlarını,

Yenə arxasında isti küləyin.

Mənim ağlamağım yağışdan betər,

Şəhər yollarında boğular adam.

Axı yatağında körpə uşaq tək,

Nə qədər büzüşüb yığılar adam.

Yaman soyuqlaşıb bizdə havalar,

Hamı istəyir ki, isti geyinə.

Əllərim buz geyir sən olmayanda,
Öyrəşib əlinin istiliyinə.

Sən allah, dur indi işığı yandır...

Bir yoxuşda qaldım, enişə çıxan

Bir təpə istədim qaya dibində.

Bir əl fanarıyla yolda azmışam,

Qəlbinin qaranlıq küçələrində.

Bir ümid də yoxdur yolun sonuna,

Ha çağır, harayın özünə çatmır.

Bu qərib küçələr, köhnə divarlar,

Nədənsə heç mənim qəlbimə yatmır.

Sənin qəlb evinin hasarı hündür,

Bir ocaq qaladım, külümü qaldı?

Deyəsən çatmışam yolun sonuna,

Sən ALLAH, dur indi işığı yandır.

# 1689 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #