Homoseksuala necə buta verildi? – YENİ HEKAYƏ

Homoseksuala necə buta verildi? – <span style="color:red;">YENİ HEKAYƏ
18 may 2017
# 17:00

Kulis.Az Məcid Həsənlinin “Buta” hekayəsini təqdim edir.

Bazar günü idi. Yatağımdan qalxıb pəncərənin qarşısında dayandım. Böyük pəncərədən düşən günəş şüalarını üzümə vurduqca, elə bil mənə oyan deyirdi. Günəşin möhtəşəmliyindən həzz ala-ala, gecə oxuduğum kitabdakı fikirləri düşünürdüm: “Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr heç vaxt şüurlu olmayacaqlar.”

Anamın səsi eşidildi. Mətbəxdən məni səhər yeməyinə çağırırdı. Bu gün həftə sonu idi deyə səhər yeməyi 12-də oldu.

Otağımdan çıxıb mətbəxə keçdim. Elə bil mənim gəlməyimi gözləyirmiş kimi anam yenə hərgünkü sözlərini təkrarlamağa başladı ki, sən bu yaşa çatdın, amma hələ də bir işin qulpundan yapışmamısan. Universiteti qurtarmağına az qalıb, nə olacaq sənin axırın? Görürsən, qonşunun bəyənmədiyin oğlu necə pul qazanır, özünə, bacısına, anasına telefon da alıb. Sənə demirəm e, qazan gətir yeyim. Deməyim odur ki, mənim verdiyim – “papa”nın qazandığı budu. Qane olmuransa, get, işlə, qazan.

Anamın uzun nitqini bitirmək lazımıydı və mən də son nöqtəni qoydum: “Ya da ki, ikinci variantı seçim. Qoş başıvı yerə, öl”.

Bir neçə dəqiqəlik qurbağa gölünə daş atdılar. Sakitlik çökdü. Sonra mən dilləndim:

- Çayımı içim, Bakıya gedirəm. Vaqif əminin oğluyla Bulvara gedəcəyik gəzməyə.

- Hə, yaxşı. Atova zəng elə xəbər ver də, sora narahat qalmasın.

- Oldu.

Atamla Vaqif əmi eyni kənddə böyümüşdülər. Uşaqlıqları bir keçmişdi. Eyni küçələrdə, düzlərdə oynayıb, fərqli qoyun-quzunu otarıb boya-başa çatmışdılar. Sonra hər iki dost məktəbi bitirib ali məktəbə daxil olmuşdular.

Diplomlar alınandan sonra Vaqif əmi geriyə - kəndə öz şərəfli peşəsində işləmək üçün getmişdi. Atam isə zavodların birində işləyib və zavodun ev növbəsində sırası çatan kimi zavoddakı işini ataraq, sərbəst işə keçib. İndi atam “marketlər şəhəri” adlanan şəhərciyimizdə nə kiçik, nə də böyük olan bir mağaza sahibidir. Vaqif əmi isə, öz köhnə müəllimlik peşəsi və mal-qara saxlamaqla məşğuldur.

Vaqif əminin oğlu Rəşad paytaxtdakı universitetlərdən birinə daxil olanda, atam nə qədər israr etdisə də bizdə qalsın, amma Rəşad Vaqif əmini Bakıda kirayə ev tutmağa razı saldı. Bu Rəşad çox özündənrazı, yekəxana uşaqdır. Ali məktəbə daxil olmağına da məəttəl qalmışdım. Özü də həmişə fəxrlə deyirdi ki, mən “Azıx Adamı” Universitetində oxuyuram. Facebook-da da adı “Reshad Azix Mamedoff” idi. Guya ən sevdiyi şair də Hüseyn Caviddir, ancaq o boyda kişinin bir əsərini belə oxumamışdı. Rəşadın həyatda məqsədi varıydı: Bakıda yaşamaq. Vaqif əminin beyninə yeritmişdi ki, Bakıda ev alsın.

Stəkanı nəlbəkinin içinə qoyub, yerimdən qalxdım. Dəhlizə keçib ayaqqabılarımı geyinəndə anam zibil torbasını da mənə yol yoldaşı elədi: “Keçəndə atarsan”.

Mənzilimizin ağır qapısını açmadan əvvəl, köhnə adətimlə gözlükdən baxdım ki, görüm qapının o tayında nə var nə yox. Sakitlik idi. Əminliklə zibil torbasını sol əlimə alıb, sağ əlimlə qapının dəmir dəstəyini sağa çəkdim. Qapını açmağımla üzbəüz qonşunun oğlu Eminin “Salam, brat” deməsi bir oldu.

- Salam, Emin. Necəsən?

- Şükür, salamaclığdı. Sən nətərsən? – Cavabımı gözləmədən davam etdi – Ala, bilsən nolub, çatda bir qız tutmuşam, buralarda qalır, yaxında...

- Hə, mən neyniyim?

- Hə də... Nömrəsin vermir hələ, Tağı demiş burcudur.

Sözünü kəsib:

- Vermir, get verənlərindən tap. – deyib, söhbəti bitirmək üçün səy göstərdim.

- Hə də, heç nə sən də gəl bu çata, ful şeylərdən tut.

- Yekə kişisən. Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsisən, ancaq yenə də suvaqsız divarlarda çatlardasan – güldüm, - nəysə, özünnən muğayıt ol. Hələlik.

Uşaqlıqdan liftə minmək qorxum olduğundan, əlimdə zibil torbası ilə dördüncü mərtəbədən aşağıya qaçmağa başladım. Hər mərtəbəni düşdükcə, qaz sayğaclarının üstündəki şprisləri və ayaqqabı iplərini sayırdım. Bu şprislər bizim şəhərimiz üçün adi haldır. Hətta bəzən şəhərin içindəki baxımsızlıqdan yaranan çəmənliklərdə marixuana çəkənlərə də rast gəlmək olar. Kiçik yaşlarımda mən bunların heç birini tanımırdım. Sonra ordan-burdan eşitdikcə, mən də narkotik maddələri kitablardan, Vikipediyadan axtarıb tanıdım.

Mən Sumqayıtı sevirəm. Bütün parkları, adamı kartof kimi daşıyan kiçik avtobusları, narkomanları ilə birlikdə. Sovet vaxtı “Gənclər şəhəri” adlanmasına səbəb, deyilənlərə görə kəndlərdə atasından-anasından küsənlər Sumqayıtdakı zavodlara işləməyə gələrlərmiş. Şəhərin mavi səması zəhərli qazlar yurduna çevrilibmiş. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra artıq Sumqayıtda zavodların çoxu bağlandı, şəhərin səması mavi rəngə qovuşdu, iş yerləri bağlandı.

Məhəlləmizdən çıxıb, yolun qarşı tərəfindəki dayanacağa keçmək üçün tozlu svetofora baxdım. Qarşımda piyadalar üçün xətt əvəzinə, xəttin ruhu – izləri gözə dəyirdi. Bilinirdi ki, camaatın “zebra” adlandırdığı piyadalar üçün keçiddən nə vaxtsa burada olub.

Dayanacağın qabağı həmişə taksilərlə dolu olardı. Elə o dəqiqə, “Bakı bir manat” təklifləri başımın üstünü kəsdi. Sovet avtomobillərindən xoşum gəlmədiyi üçün yaşıl bir “Opel”lə razılaşdım.

Paytaxta çatdıq. “20 Yanvar” metrosunun yanında taksidən düşüb Yasamala gedən avtobuslardan birinə minib, məhəlləyə çatdım. Rəşadın kirayələdiyi evə hələ piyada bir xeyli yol varıydı.

Küçə ilə gedə-gedə ətrafa göz gəzdirirdim. Yolun asfaltı yoxuydu. Sadəcə, bəzi yerlərdə kimin ağlına necə gəldi köhnə şalvara vurulan yamaq sayaq camaatın tökdüyü beton parçaları varıydı. Elə bil ki, göydə xəyali tualet var və həmin unitazın kanalizasiyaya gedən borusu deşilmiş, ordan tökülənlər bu küçəyə tökülmüşdü. Hər halda, belə bərbad vəziyyətin yaranma tarixçəsini başqa cür quraşdırmaq olmazdı. İrəlilədikcə maraqlı məqamların şahidi olurdum. Qapılar hamısı səkiyə açılırdı. Bəlkə də, buna görə idi ki, evlər siçovul yuvalarını adamın yadına salırdı. Mən bu mənzərələrə baxa-baxa gedən vaxt, yanımdan dar cinsli, hündürdaban ayaqqabılı, qısa qara gödəkçəli bir qız keçdi. Qızın şalvarı elə dar idi ki, diqqətsiz baxsaydın, elə bilərdin əynində heç nə yoxdu, sadəcə, mavi rəng qazanının içinə düşüb. İki-üç saniyə sonra qızın arxasıyca iki dar şalvarlı, tozlu qara ayaqqabılı, qara gödəkçəli oğlan getdi. Oğlanlardan birinin əlində təsbeh varıydı. Bir anda gördüyüm iki cins insan növünün hər ikisi dar paltar geyinsə də, bu yalnız adını bilmədiyim xanımı cazibədar göstərirdi.

Sağ tərəfə dönüb ensiz yolla düz Rəşadın yaşadığı komayabənzər evə gəlib çıxdım. Taxta qapını taqqıldatdıqdan sonra, Rəşad məni qarşıladı. Sıra ilə, kiçik bir həyətə, oradan həyətin dörddə biri boyda dəhlizə, ordan da həyətdən bir az kiçik otağa girdik. Bu evdə eynilə bu boyda bir dənə də otaq varıydı, orada çarpayı və əşyalar qalanmışdı. Vanna otağı və ayaqyolu isə, həyətdə qaldı.

Oturduq köhnə divana. Xoş, beş, on beş. Dedim ki, gedək də.

- Gedək gəzək Bulvarı zadı.

- Ala yaxşı da, hara tələsirsən ki. Gedəcəyik də. Otur bir az.

- Qəşəh tut arağım var. Şey verib e, de o birinci kurs Nərmin varıydı e, sənə göstərmişdim. O qızın nömrəsini verən dostum.

- Ağa?

- Hə, Ağa. Ağa qardaşdı, qardaş.

- Dordan e, o qız noldu?

- Nolacaq, quşdu da. Ağa düşmüşdü dalıyca, təzə-təzə guya “dabro” vermirdi də, sora Ağa tutub qolunnan demişdi səni alacam filan, uje qaqamın tilfonunda vidyosu var.

- Sənə fikir vermədi bəs?

- Nəm ala, görüm neynirəm. Brat, otur...

- Nə qədər belə avara-avara gəzməy olar axı. Bir iş gör, ya da iş qur.

- Allah papanın canın sağ eləsin! Papa qoyacağ məni işə. Yayda rayonda bizdəki söhbət yadıva gəlmir? Elə atalarımız özləri danışırdı ki, tələbə yoldaşlarımın arasında ən avara olanları indi hamısı ən yaxşı vəzifələrdə oturublar.

- Vəzifə bu gün var, sabah yox. Əsas savaddı, intellektdi. Arada kitab oxu. Sən heç Martin İdeni, Raskolnikovu, Əli xan Şirvanşiri tanıyırsan?

- Sən heç petux Pənahı tanıyırsan?

- Kim? O kimdi?

- Ha-ha-ha – guya güldü, - otur e, başdıyax vurmağa. Mən də istoriyanı danışım sənə. – deyib, getdi dəhlizin sol tərəfindəki mətbəxdən nəsə gətirməyə. Mətbəx dediyim kiçik qaz sobası qoyulmuş bir stoldan ibarət guşə idi.

Qayıdanda bir balonda tut arağı gətirib, qoydu stolun üstünə. Sonra stolun üstünə “Demokratiya və cəmiyyət” qəzetinin səhifələrini sərdi. Yenidən mətbəxə tərəf gedəndə öz nailiyyətindən danışmağa başladı. Rəşadın dediyinə görə, universitetlərində qayda varmış ki, hər üç ildən bir “Azıx Adamı” günü keçirirlər və həmin gün tələbələrdən seçilmiş “Azıx Adamları” universitetdəki vəzifələri icra edirmiş. Rəşad da öz fakültəsinin dekanı seçilibmiş.

Yavaş-yavaş bütün yeyilə biləcək nə varsa, stola düzüldü. Rəşad badəciklərə süzüb, söhbətə başladı:

- Bayağ dedim axı, petux Pənahdan danşacam sənə.

Xatırladım ki, qarışıq cinsli insanlar haqqında daha ətraflı məlumat almaq üçün Sevinc Elsevərin (Pərvanə) “Şəhər” romanını oxumağı məsləhət görürəm. Həmin romanın bir hissəsi xüsusi olaraq bu tip insanların təsnifatına həsr edilmişdir.

***

Rəşadın dediklərini mən də sizə nağıl edim. O tərəflərdə “Buta” deyilən bir anlayış var. “Buta” nədir? Demək, hansısa oğlan, hansısa qızı yuxuda görür, vurulur və elçi gedir. Mən soruşdum ki, bəs birdən oğlanın gördüyü qız Venesuelada yaşasa necə olacaq? O cavab verdi ki, belə şey ola bilməz, bu mütləq eyni el-obadan olur. Rəşad o qədər hallandı ki, hətta, istədi bir az saz çalsın, mən dedim söhbət bitəndən sonraya qalsın. Söhbətə davam etdi. Kənddə sayılıb-seçilən ailələrdən biri də İsa kişinin ailəsi idi. İsa kişinin ailəsi beş baş idi. O tərəflərdə əhalinin əksəriyyəti dədə-babadan qoyunçuluqla məşğul olduğundan insanlar ailə daxilində “nəfər” əvəzinə, “baş”la sayılırdı. İsa kişi, Bənövşə xala, iki qızı və bir oğlan. İsa kişi adi kənd adamlarından idi. Niyə adi? Çünki bütün günü kolxoz-sovxoz dövründəki yaşayış tərzlərindən, Bakıya, İrəvana, Pyatiqorska gedib necə uşaqları, arvadı üçün çanta-çanta paltarlar almasından danışırdı. Söhbətlərində də həmişə özünün indiki nəsil uşaqlarından savadlı olmasını vurğulayırdı. Amma kənddəki söhbətlərdən belə məlum olurdu ki, İsa məktəbdə adını yazmağı üçüncü sinifdə öyrənmişdi.

Bənövşə xala – İsa kişinin həyat və həyət yoldaşı. Ər-arvad ola-ola, həm də əmi uşaqları idilər. Bənövşə məktəbi bitirən kimi evlənən, kitab oxumaqdan söz düşəndə həyatı boyu oxuduğu bir-iki sevgi romanından danışan tipik kənd xanımlarından idi. Nərgiz və Lalə - ailənin qızları. İsa kişinin qızlarına belə adlar qoymasına səbəb Bənövşə imiş. Xanımının şərəfinə qızlarına gül-çiçək fəsiləsini davam etdirib. Nəhayət, ... və ailənin tək oğlu, çürümüş evlə, beş-altı inək və bir neçə yüz qoyunun varisi Pənah. Pənahın digər ailə üzvlərindən yeganə fərqi rəsm çəkmə qabiliyyətinin olması idi. Bu ad onun babasını xatırladırdı. İsa Pənah oğlu və Pənah İsa oğlu. Güman edirdilər ki, tarix təkrarlanacaq, ikinci İsa Pənah oğlu da olacaq. Lakin belə olmadı. Avropalılar hər şeyi korladı. Pənah adəti üzrə bir gün gecə yatdı, səhər oyandı. Ancaq bu oyanış başqa şeydən xəbər verirdi. Nəsə fərqli hadisələr cərəyan edirdi. Həmin gündən Pənah adət-ənənəyə uyğun gecə yatıb, səhər oyana bilmirdi. Yuxuları ərşə çəkilmişdi. Bir neçə gün sonra hər şey aydınlaşdı. Pənahda “Buta” simptomları aşkar edildi. Amma burda bir qeyri-müəyyənlik ortaya çıxdı. Pənah yuxuda qız yox, oğlan görmüşdü. İsa kişi və Bənövşə qarını dərd bürümüşdü. Bütün günü bu vəziyyəti necə izah edəcəkləri barədə düşünürdülər. Artıq məsələ kəndə yayılmışdı. Nəinki kəndə, hətta, Bakıdakı Avropalı təşkilatlar da olan-bitəndən xəbərdar idi. Valideynlər istəyirdilər ki, “Buta” məsələsini ört-basdır eləsinlər, Pənahı evləndirsinlər kiminləsə. Ancaq Bakıdakı “avropalılar” Pənahla əlaqəyə keçmişdilər. Onlar hər vəchlə bu vəziyyətindən utanmamağı, hamıya açıq-aşkar öz vəziyyətini izah etməsini deyirdilər. Artıq kənddə hamı bu ailəyə, Pənaha birtəhər baxırdılar. Atası Pənaha deyirdi ki, daha bu kənddə qalma sən, bizi də, özünü də biabır eləmisən, get Bakıya. Bacılar da doğma qardaşlarından üz döndərmişdilər ki, səni eşidən-bilən adam heç bizim qapıya gələr? Sənə görə bəxtimiz bağlandı, bizi alan olmayacaq. Atasının təzyiqləri ilə oğul Bakıya getməyi qərara aldı. Bakıya gəlib bir-iki həftə iş axtardı. Bütün iş cəhdləri uğursuz olurdu. Çünki ingilis, rus dillərini bilmirdi, kompyuter proqamları bilmirdi. ATA təşkilatından Pənaha təklif etdilər ki, gəl səni Parisə göndərək, Bakıda qalsan uzaqbaşı Tiflis prospektində işləyəcəksən. Fransada dil də öyrənəcəksən, iş də tapacaqsan.

***

Axşam düşmüşdü. Saat 7-in yarısına tərəf gedirdi. Mən Rəşada çox sağ ol dedim və gəldim avtovağzala. Qış vaxtıdı, birdən yağışdan qardan yağar, sonra avtobus tapmaq çətin olar deyə nə qədər tez getsən daha yaxşıdı.

Gəlib çatdım məhəlləmizə. Elə bloka dönüb, pilləkənlərə tərəf gedirdim ki, yenə Emin məni yaxaladı. Dedi ki, sabah icra hakimiyyətinin qabağında əlli metrlik tortu yeyəcəyik. Sən də gəl. Mən başımdan eləmək xətrinə, dedim, hə, gələrəm oldu. Dünən gecədən bəri beynimə ilişən kitabdakı cümlələrə cavab tapdım axır ki.

# 1838 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #