Qəddar atam məni asanda - Aydin Xan yazır...

 Qəddar atam məni asanda - Aydin Xan yazır...
3 may 2018
# 16:49

Həyati hekayətlər – 28.

Ötən il həyatdan köçən atamla, - əgər nə vaxtsa ölsəm və o dünya varsa, - rastlaşsam, sadəcə, ağlaya-ağlaya pıçıldayardım ruhuna: "Mən, sadəcə, kitab oxumağı sevən dəcəl bir uşaq idim, ata, yəni doğrudan da bunu anlamaq Azərbaycan kişisi üçün çətin idi?!"

...İndiyəcən də atamın, ümumiyyətlə Azərbaycan ailəsindəki uşaqlara qarşı olan qəddarlığının məğzini anlaya bilməmişəm: goplamayın ki, sizi də mənim kimi, elə öz ailənizdə, uşaqlıqda it kimi çırpmayıblar, sözünüzü ürəyinizdə daşlamayıblar, qəlbinizi çilikləməyiblər, arzularınızı sinənizdə basdırmayıblar, sevginizi könlünüzdə laxlatmayıblar, bir sözlə, uşaqlıq əvəzinə yerdə cəhənnəmin odundan-ağrısından keçməmisiz...

İkilikdə olanda hamı yuxarıda sadaladıqlarımın ağrısını-acısını yaşadıqlarını boynuna alır, dilinə gətirir, “çat”da yazır, amma bu dəhşətləri çox az adam ictimailəşdirir, cəmiyyətə çıxarır: ki, ailədaxili və icmada uşaq zorakılığıyla mübarizə aparılsın, onlara son qoyulsun. Axı məlum məsələdir ki, zopa görən onu başqalarına da istiqamətləndirər...

Atam çox sərt kişiydi, bircə dəfə də bizə sevgisini dilə gətirmədi, əvəzinə cəmiyyətdə gördüyü ədalətsizliyi şiddət şəklində ailəsinə, xüsusən də uşaqlara qaytarırdı: qızlarını ağır torpaq işində qul əməyi formasında işlətməklə, oğlanları it kimi çırpmaqla. Elə ətrafdakı ailələrdə də bu ictimai münasibətlər vardı: ya atalar qəddar idi, ya da analar kobud, ürəksiz. Bir dəfə Rusiyada əmimoğlu Maarifdən anasına münasibəti soruşanda vurub dəm olmuş yekə kişi ağlaya-ağlaya boynuna aldı ki, anasını istəsə də, bəzən ona az qala nifrət edir:

- Təsəvvür elə, əmi oğlu, mən uşaq idim, çöldə dostlarımla oynayanda paltarlarımı palçığa bulaşdırdığıma görə anam məni nazik çubuqla çırpırdı, bədənimin ağrıları indi də canımdan çəkilməyib...

- Əşi, unut getsin...

- Necə unudum, adə, çubuqlanan 6-7 yaşlı balaca idi, mən boyda kişi yox...

- Axı ana-bacılarımızı da başa düşməliydik: evdə 8-10 uşaq vardı və hər biri sənin kimi paltarını pis günə qoyanda...

Maarifin göz yaşları, əslində, mənim içmə süzülürdü - ruhum onunla ağlayırdı, eynən bu formada mənə də axı əzab vermişdilər, elə başqa kənd uşaqlarına da...

Atam payızda ucuz qiymətə Novruz bayramı üçün alma-armud alıb tavandan asardı ki, martda qiymətlər ceyran belinə minir: əslində bizim insanlar hər zaman bir-biri üçün problem, acılar yaradır - tutalım, indinin özündə də heç görməzsiz ki, bayramqabağı qiymətlər aşağı düşsün, əksinə, hər kəs əlinə fürsət düşmüşkən tez-bazar varlanmaq, pul qazanmaq istəyir. Fəqət, bayramlaşmanın əsas mənası insanların bərabərliyi və varlıların kasıblara əl tutması, mərhəmətli paylaşmadır...

Nəsə, biz də uşaq idik, mən mizin üstünə stol qoyub tavandakı iplik tor kisədən meyvələr çırpışdırırdımsa, yaxud televizorun kanaldəyişən dəstəyini sındırırdımsa, qonşunun toyuğuna “kiş” deyirdimsə, sinifdə kimisə vururdumsa, qızların saçını dartışdırırdımsa, kitab oxumaq üçün evdəkilərin pul gizlətdiyi, açarladıqları divariçi rəfi yağmalayırdımsa, bacı-qardaşlarımla dalaşırdımsa, o dəqiqə mərəkə qalxırdı, qaçıb aradan çıxdımsa, canımı ata cəlladın əlindən qurtarırdım, yox əgər - bu daha çox gecələr baş verirdi - getməyə ya qorxur, ya da sadəcə yerim olmurdusa, kişinin caynağına keçirdimsə, "nə yemisən, turşulu aş" məsəli, sümüklərim şaqqıldayana qədər döyülürdüm.

Belə hadisədən biri də həmin o qış gecəsi baş verdi: uşaqlıqda dəcəl, dalaşqan və söyüşcül olmuşam, bunu boynuma alıram, evdə elə adam yox idi ki, onun zəhləsini aparmayım - kimi mənim baxdığım rus-sovet filmlərini xoşlamırdı, kiminin həvəslə izlədiyim baletdən zəhləsi gedirdi, kimi də xarici estrada, pop, rok, caz, etnik, folklor və klassik musiqini dinləmək istəmir, kimi də idman yarışmalarını (xüsusən də sualtı gimnastika) xoşlamırdı. Qalın kitabların mənim başımı xarab etdiyini düşünürdülər. Hamıyla zövq davasına çıxırdım, nəticədə hər kəs doğru olurdu, mən çırpılırdım. Atamın isə babat ağır vuran qolları vardı...

Anam payızdan sirkə tutmuşdu, sonra sirkə tünd olsun deyə, onu elə evimizin pəncərəsində, uzun yekə, 20 litrlik şüşə balonda saxlayırdıq. Mən də kitab oxuya-oxuya balaca toppuş ayaqlarımla o şüşəni yellətməyi xoşlayırdım. Anam, böyük bacım və kiçiklərin xəbərdarlıqlarını qulaqardına vurub zövqümü çıxarırdım, yerdə 4-5 yorğan-döşək sərilmişdi, biz səkkiz uşaq cüt-cüt orada yatmalıydıq.

Bir də böyük qardaşım Rizvanla bölüşdüyüm dəmir çarpayıda yataq düzəldilmişdi. Mən elektrik kəsilmişdi deyə, ağ neft lampasında kitab oxuyur, sirkə şüşəsini yellədirdim. Növbəti itələməyim, deyəsən, cızığından çıxdı və şüşə malalı divara necə dəyib sındısa, içindəki 20 litr sirkə az qala balaca yataq otağında qırmızı sunamiyə çevrildi. Yarıyuxulu bacım və qardaşlarım bayıldılar. Bütün döşəmə sirkə içindəydi. İşdən yorğun və hirsli qayıtmış atamın içəri şığımasıyla məni qamarlaması bir anda baş verdi, qaçıb aradan sivişə bilmədim.

Bundan sonra nə baş verdiyini indi təfərrüatıyla danışa bilmirəm, amma dumanlı olaraq yadımda qalanlar var. Atam qışqırıb böyük qardaşım Rizvana əmr etdi:

- Get aşağıdan topa məftillər içində qalın alminium naqildən iki metrə gətir.

Atam, bir əli ilə məni tutmuşdu, digər əliyləsə başıma şapalaqlar əndərirdi.

Anam və bacılarım ağlayır, atama yalvarırdılar, xüsusən də yazıq anamın bu sözləri heç yadımdan çıxmaz:

- Burax, ay Əhməd, uşaqdır, bilməyib, qorxudan sarılıq tapar...

Atam sanki bütün bu yalvarışları qulaqardına vurur, bir az da qəzəblənərək belimə, dalıma kötəklər atırdı.

Qardaşım o ağ qalın alüminium məftili gətirəndə evdəkilərin heç biri ağlına belə gətirə bilməzdi ki, atam onunla məni dar ağacından asacaq. Hamını sirkə dağılan otağa qovan atam mənim saçımdan yapışıb sürüdü özünün yatdığı otağa. Naqilin bir ucunu qapının üstündəki paltar asılqanına bağladı, o biri ucunu isə boğazıma doladı və əsl boğma əməliyyatı başladı...

Evdəkilərin qışqırığı ərşə qalxdı, mən hardasa 5-10 saniyə əsl "dar ağacından" asılı vəziyyətdə qaldım, anam ilə qardaşım Rizvan vaxtında özünü mənə yetirməsəydilər, indi yəqin bu yazını o dünyada ya şeytanlara, ya da mələklərə nəql edirdim. Anam sanki göylərdən güc alaraq atamı kobudcasına itələdi, məni qaldırıb "dar ağacı"ndan xilas etdi, yerə uzatdı, ağzımdan köpük axırdı, bacılarımın, qardaşlarımın gözləri kəllələrinə çıxmışdı.

Anam qışqırığı qulaqlarımdan indi də çəkilmir: "Bay, uşağım əlimdən getdi..."

Düzü, o hadisədən maksimum yararlanmağa çalışdım: bir ay mənə toxunmadılar, kef elədim, sanki doğrudan da o dünyadan geri qayıtmışdım, heç atamla da danışmırdım, dərslərdən qaçırdım, evdə əsl balaca diktator olmuşdum.

Fəqət, illər keçsə də atamın o cəlladlığını heç cür unuda bilmədim, hətta onun ömrünün son illərini bütövlükdə mənim himayəmdə olması da içimi tərpətmədi. Düzdür, uşaqlığın acılı-şirinli xatirələrinin əksəriyyətini unutsaq da, bəziləri ruhumuzun dərinliklərinə cızılır.

P.S. Hərdən dəcəl oğlanlarım məni zinhara gətirəndə dallarını yüngülcə şillələsəm də çox da uzağa - şiddətə getmirəm: atamın "dar ağacı" cəzasının ağrılarını çapıqlı ruhumda xatırlayıram axı...

# 1083 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #