Ərə gedən qızın uzunqulaq axtarışı - HEKAYƏ

Ərə gedən qızın uzunqulaq axtarışı  - <span style="color:red;">HEKAYƏ
7 yanvar 2016
# 18:32

Kulis Səidə Haqverdiyevanın “Qara qızın qara dərdi” hekayəsini təqdim edir.

İyun ayının sonunda kənd adamları biçinə gedəndə qəribə bir mənzərə ilə qarşılaşdılar - sahənin ortasındakı tənha ağacın qalın budağından nəsə nəhəng bir şey asılmışdı. Kənd əhli əvvəl qorxusundan ağaca yaxınlaşmadı, sonra içlərindən bığ yeri yenicə tərləmiş Bilal qabağa durub asta-asta ağaca tərəf getdi. Az keçməmiş əlini əlinə vurub qəşş elədi. Onun qəhqəhəsindən bir az ürəklənən, bir az da narahat olan adamlar qorxa-qorxa ağaca yaxınlaşdılar. Və bütün əkinçilər bərkdən gülməyə başladılar. Hamı barmağıyla ağacı göstərir ürəkdən gülürdü. Bircə Tamam arvaddan başqa. Yazıq arvad mat-məəttəl ağaca baxıb, ürəyində Arifin qızlarına qarğışdan tökürdü.

Tamam arvadın qarğış eləməkdən başqa əlindən nə gəlirdi? Arifin böyük qızı Xumar Tamam arvada xəbərdarlığını eləmişdi ki, uzunqulağına sahib çıxmasa, heyvan taxıldan yesə onu ayağından ağaca asacaq. İndi Tamam arvad iki yüz kilo ağırlığı olan uzunqulağı tək canına ağaca asan Xumara nə deyəsiydi ki?! Heç zad!

Günün ilanmələyən vaxtı Əlövsət kişi tut ağacının altında oturub “Astra” papirosundan bir qullab alıb fikrə getmişdi. Qəmli görsənirdi. Xasiyyətcə həlim, mehriban olan Əlövsət bu dəfə yaman əsəbiləşmişdi. Gülşah düz darvazanın yanında oturub atasına baxırdı. O, indiyə kimi atasını belə qəmli görməmişdi. Qızları olmasa Əlövsət bir dəqiqə də bu kənddə dayanmazdı. Gülşah beli götürüb atasına tərəf gəldi və onun saçının tökülmüş yerindən marçıltı ilə öpdü.

- Dədə, qurban olum, dərdin nədi, azzarın nədi, mənə gelsin. Başına dönüm, xaraba qalmış bazarda kim hirsləndirdi səni?! Ürəyim patladı axı... Kim dəyib xətrinə, de, gedim, gözünü oyum. Ay dədə, niyə dinmirsən, niyə danışmırsan?!

- Eh, a bala, nə sən soruş, nə də mən danışım. Adamda gərək bəxt ola. Uşaqlıqda həmişə istəyərdim qardaşım olsun, olmadı. Dedim, eybi yox, oğlum olar. O da olmadı. Beş qız verdi allah mənə. Naşükürlük eləmirəm, sizi verənə şükür! Amma noolarıdı, bir oğlum da olardı. Dedim, eybi yox, qızlar ev-uşaq sahibi olar. Belə getsə, o da olmayacaq. Kimin nə dediyinə yanmıram e, içimdəki, dərdə yanıram.

- Ay dədə, Allah kərimdi, di dur bir az dincəl. Yəqin yenə Səttar sənin xətrinə dəyib. Sarsaq adamdı. Hər oğlunu iki dəfə evləndirib. Gəlinlər onun əlindən baş götürüb qaçırlar.

- Kaş mənim də yeddi oğlum olaydı, hərəsinin dörd arvadı... Bəxtimdən həyəti qorumağa gətirdiyim it də dişi çıxdı. Elə bil arvad fabriki açmışam. Məni soruşan olsa, deyin, örüşə gedib. Gedim bir az yatım. Heç kimi görmək istəmirəm, lap dədəm dirilib gəlsə, oyatmayın məni.

- Get qadan alım, get. Mən də pəyəni təmizləyim.

Gülşah evin böyük qızı idi. Ondan başqa beş subay-salıx bacısı vardı. Gülşahın iyirmi beş yaşı təzə tamam olmuşdu. O da öz ad günündə dəvəsi ölmüş ərəb kimi o ki var ağlamışdı. Kənddə iyirmi beş yaşına kimi ərə getməmək evdə qarımaq sayılırdı. Gülşah ağıllı, qoçaq olsa da çox çirkin idi. Kişi kimi üzü tüklənirdi. Brejnyevin qaşına bənzəyən qaşları, osmanlı bığına oxşayan bığları onu lap kişiyə oxşadırdı. Bütün günü o qədər günün altında işləyirdi ki, dərisinin rəngi kömürə dönmüşdü. Yazıq bir dəri idi, bir sümük. O biri bacıları da çirkinlikdə heç də Gülşahdan geri qalmırdılar. Bu evdə bir qəşəng qadın varsa, o da Gülşahın anası Şahzadə idi. Şahzadə Əlövsətlə Bakıda vağzalda tanış olmuşdu. Bir-iki dəfə məktublaşandan sonra elçilərini göndərmişdi. Onlar evlənəndə Əlövsətin üç bacısı subay idi. Üç bacı, bir ana, doqquz bibi Şahzadəni yola vermədiyi üçün gəlin acıq edib ata evinə qayıtmışdı. Üstündən bir ay keçəndə Əlövsət xəbər tutmuşdu ki, arvadı hamilədi. Baxıcı Qara Məryam fala baxıb deyibmiş ki, dördüncü uşaq oğlan olacaq. Əlövsət də varını-yoxunu yığıb birdəfəlik köçmüşdü arvadının kəndinə. Və o gün bu gündü, arvadının doğulduğu kənddə yaşayır.

Şahzadə qızlarına görə narahatdı. Di gəl, Əlövsət kimi xiffət çəkmir.

Gülşah tövləni təmizləyib, burnunu çəkə-çəkə getdi Alabaşın damının yanına. Dodağının altında deyinə-deyinə itin kəndirini açmışdı ki, suçu Məhəmmədin qızıyla, xortdan Bilalın qızı qarğı çəpərdən aşıb Gülşahı harayladılar. Gülşah hirsini içində boğub, gülə-gülə hay verdi. Əlindəki beli itin damına söykəyib onların yanına getdi. Suçu Məhəmmədin qızı yaşı ötmüş qızlardandı. İki gün öncə onu qonşu kənddən olan, özü də Rusiya bazarlarında alver edən, yaşı qırxı keçmiş bir oğlana nişanlamışdılar. Payıza qədər toyu olmalıydı. Nişana gələn qızılları kənd qızlarına göstərmək üçün bayram faytonu kimi bəzənib, düşürdü qonşuların canına. Gülşah bu qızların onlara niyə gəldiyini bilsə də, içində paxıllıqdan partlasa da, üzə vurmur, qızlar üçün samovar qaynadırdı. Qızlar bir az havadan, bir az sudan danışandan sonra mətləbə gəlirdilər.

Bəs necə oldu ki, suçu Məhəmmədin qızının bəxti birdən-birə açıldı? Onun bəxtini açan nə falçı, nə cadu, nə də dua idi. Onun bəxtini açan qara eşşəkdi. Xortdan Bilalın qızı vallah-billah elədi ki, bu belədi. Üç gün sübhdən, günorta, bir də gecə yarısı eşşəyə tərsinə minən qızın bəxti açılır. O, danışır, suçu Məhəmmədin qızı da təsdiqləyirdi. Söhbətin şirin yerində hasarı yarı taxtadan, yarı qamışdan olan dəmir darvaza açıldı, Şahzadə xanım göründü. Qızlar durdular, onunla hal-əhval tutub aradan çıxdılar.

- Bu qarabaxtlar nəyə gəliblər?

- Bilmirsən, ay nənə, qızılların göstərirlər.

- Yaxşı ki, bir qoca kişi tapıblar, anası kəndin o başına düşüb, balası bu başına, elə bil kişi-zad görməyiblər.

- Ay nənə, sən olsaydın düşməzdin?! Ta iyirmi doqquz yaşında qızını ərə verir, sevinərlər də...

- Yaxşı, yaxşı çərənnəmə. Nağayrım e, getdiz oxşadız bibilərinizə. Mən yazıq, gözüm açılmamış, iyirmi yaşımda ərə getdim.

- Neçənci pasportunla?

- Di kiri, Allah bibilərini öldürsün, qarabaxtlar gör necə doldurublar beynini?! Mənim cəmi iki pasportum olub. Birində doğum tariximi səhv yazıblar, ona görə də dəyişdirdim. Beş yaş qoca olmalıydım ki? Bir də sənin Safura bibin var ha, sovet dövründə on dəfə pasportunu dəyişib. Axırda nənən dedi ki, ay qız, elə elə ki, kişinin ölümündən sonraya düşməyəsən. Getsinlər öz eyiblərinin dərdini çəksinlər. Dədən hanı?

- Getdi yatmağa. Nənə, bazarda noolmuşdu?

- Bıy canınıza azar olmuşdu. Aaaz, sizə min dəfə deməmişəm zibillərinizi hara gəldi asmayın. Tezdən alaqaranlıqda dədən kəndir axtarırmış ki, hinduşkanın ayağını bağlasın, görüb sizin zibiliniz asılıb. Başa düşməyib nədi, açıb görüb yaxşı kəndirə oxşayır, bağlayıb hindüşkanın ayağına. Mən də nə bilim, getmişik bazara. Qumrunun vurğunvurmuşu var ha, Xaliq, gəlib deyir “Əlövsət dayı, bu hindüşka xoruzdu, ya yox“? Yazıq dədən də dedi ki, ayə kənd adamısan, bilmirsənmi xoruzdu, ya yox. Xaliq o yandan qayıdıb nə desə yaxşıdı, xoruzdusa, bəs niyə lifçik taxıb? Əyilib baxam ki, boooy biabırçılıq...

- Hə, ona görə dədəmin qanı qaradı. Yazıq dədəm...

- Yazıq dədəm. Bir məni fikirləşən yoxdu ha! Ancaq dədənizi fikirləşin. Ay qız, orda mən necə utandımsa, az qala yer yarılsın, yerə girim. Heç demir ki, yazıq nənəm. Dədən gəlib başın atıb yatıb, amma mən Məryamın xarabasında saatlardı günün qabağında oturmuşam ki, sizin bəxtinizi açdırım. Olan-qalan qızıllarımı da sizin yolunuza qoyuram. Bircə sizin bəxtinizi açılsaydı...

- Ay nənə, deyirlər eşşəyə minən adamın bəxti açılır.

- Nə bilim vallah, hə dana, mən də Bakıya getməmişdən arteziandan eşşəklə su daşımışdım, bəlkə ona görə bəxtim açılmışdı. Nədi, könlündən eşşəyə minmək keçir? A bala, sən getsən bu həyət-bacanın işini kim görər? O qızlardan mənə yar olmaz. Qoy bacıların getsin, lazım olanda dədənə deyərəm, sənə bir eşşək alar, nə qədər istəsən minərsən, bəxtin açılana kimi. Gedim kişinin yanına, həyəti təmizləyəndən sonra axşama çolpa bişir.

Gülşah çoxdan axtardığı çarəni tapmışdı. Mütləq eşşəyə minməliydi... Səhər sübhdən, günorta və gecə yarı. Həm də üç gün. Bütün gecə ilan vuran yatdı, Gülşah yatmadı. Fikirləşirdi ki, qara rəngli uzunqulağı hardan tapmalı, kimdən almalı. Qonşudan istəyə bilməz, başa düşərlər. Bəs hardan almalı, hardan?! O, sağa-sola çönüb fikirləşir, fikirləşdikcə başı şişirdi.

Səhər çoban Qafarın səsinə hamı yuxudan oyandı. Baxmayaraq səhər o başdandı, amma istidən adam nəfəs ala bilmirdi. Şahzadə əlində iki yekə çuqun vedrə tövlədən çıxıb asta-asta artırmaya sarı gəlirdi. Həyətdəki toyuq-cücələr onun qabağına qaçıb addım atmasına mane olurdu. O, var səsiylə nə qədər “kış-kış” etsə də, toyuq-cücə kənara çəkilmirdi. Hələ yetim cücə Şahzadənin təzəyə batmış ayağına necə dimdik vururdusa, az qala dərisini qoparacaqdı. Şahzadə arvad bir Gülşaha, bir də ayağını dimdikləyən cücəyə əsəbiləşib necə qışqırdısa kəndin ayağında hürən it qorxusundan kiridi. İt kiridi kiriməyinə, amma Gülşahdan hay gəlmədi. Eh, Gülşahı qınamalı deyildi. İndi o dəllək Minarənin əlinin altında oturub toy üçün bəzənirdi. Keçəl Qəşəmin qızı Lalə onun üz-qaşını alır, pəltək Bahar onun dırnaqlarına boya çəkir, Minarə də saçlarını yığırdı. Gülşah kənarda asılan gəlinlik paltarına və barmağındakı üzüyə baxan kənd qızlarına türk müğənnisi Əmraha oxşayan nişanlısından ağız dolusu danışır, subay qızların başına sağ əlini çəkib xeyir-dua verirdi. Minarə Gülşahın saçını daraya-daraya “A bacı, hamının ərə gedəcəyinə inanardım, bircə sənin yox. Sağ olsun o qara eşşək” - deyib, saçını necə dartdısa Gülşah yuxudan dik atıldı. Baxdı ki, bütün olanlar yuxu imiş, bircə saçının yolunmasından başqa. Şahzadə Gülşahın saçından bir topa qopardıb, əl atdı o biri qızların saçına. Gülşah başa düşdü ki, anası onların gec durmasına əsəbləşib. Tez əynini geyib, qaçdı atasına kömək eləməyə.

Əlövsətlə Gülşah heyvanları tez-tələsik tövlədən çıxardıb Qafarın mal-qarasına tərəf ohalamışdılar ki, Gülşahın gözü qonşunun oğlu Cahidin uzunqulağına sataşdı. Cahidin on yaşı var idi. Heyvanlarını örüşə həmişə o aparırdı. Və həmişə də uzunqulaqla gedirdi ki, onu da bəlkə yüz dəfə Gülşah görmüşdü, amma bir dəfə də ağlına Cahid gəlməmişdi. İndi Gülşahın üzü qeyri-ixtiyari gülürdü. Özünü ağ paltarlı, fatalı, qır-qızıllı gəlinə bənzədirdi. Hətta qulaqlarına zurna-balaban səsi gəlirdi. O, qara uzunqulağa elə baxırdı, elə bil qara brillianta baxır.

- Deyirəm ki, Qafar da zəhmət haqqın qaldırdı.

Gülşah dik atılıb:

- Nə zəhmət haqqı, ay dədə?

- Çobanpulun da, ay bala, dövlətimizin gəlhagəlidi. Noolardı, mənim də Cahid kimi bir oğlum olaydı, ya da nəvəm, eh, nə bilim, Allah bilən məsləhətdi...

- Dədə, Allah vurmuşdu onu, sabah örüşə özüm gedəcəm. Lap indi də gedə bilərəm.

- Sən bacarmarsan bala.

- Gör nətəhər bacarıram. Getdim mən...

Hə, Gülşah uzunqulaq minmək arzusuna az da olsa yaxınlaşmışdı. Amma Qafar bunu görsə, bütün kəndə yayacaqdı, atasının qulağına çatacaqdı, o, bir az da boynunu bükəcəkdi. Bir hiylə fikirləşməliydi, ağlına gələn fikirdən bir az utansa da, qərarını verdi. Həmin gün, o uzunqulağa dərdli-dərdli baxsa da yaxınlaşmadı. Gecə hamı yatandan sonra özüylə bir az arpa götürüb hasarı aşdı, qonşunun tut ağacına bağladığı uzunqulağın yanına gəldi. Arpadan bir az ovcunda tutub uzunqulağa uzatdı. Sonra fikirləşdi ki, ona pəncərənin yanında minmək olmaz, qonşu görər. Bəs nə etməli? Ən yaxşısı evin arxa tərəfinə aparmaqdı. Bilmirdi ki, uzunqulağa minib gəzməlidi, ya sadəcə minib, düşməlidi. Bunu bilmədiyindən uzunqulağı yavaşca açıb, evin arxa tərəfinə çəkir, göz-gözü görməyən qaranlıqda astaca uzunqulağı minmək istəyəndə birdən ayağı sürüşür, uzunqulaqla birlikdə evin arxasında üstü örtülmüş tualet quyusuna düşür, ondan elə bir səs çıxır ki, nəinki ev yiyəsi, hətta bütün kənd oyanır. Gülşahı çətinliklə quyudan çıxardıb, xəstəxanaya aparırlar. Deyilənə görə, həkimlər qoxudan ona kömək eləməyə çətinlik çekirmişlər.

Qonşular bir kənara çəkilib qımışırdılar. Atası yazıq hönkür-hönkür ağlayırdı. Gülşahın isə ah-naləsi yeri-göyü inlədirdi. Arada: “Ay dədə, kaş bizim də eşşəyimiz olaydı, onda hər şey yaxşı olardı” - deyib zarıyırdı.

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #