Yazı masası ilə karyeristin söhbəti HEKAYƏ

Yazı masası ilə karyeristin söhbəti HEKAYƏ
31 iyul 2015
# 16:39

Kulis Rəhman Əlizadənin “Yazı masası haqqında” adlı mənsur təmsilini təqdim edir.

Güclü yağış yağırdı. Köhnəlmiş yazı masasını otaqdan çıxarıb həyətə qoydular. İşıqlı, yaraşıqlı otaqda onun yerini təzə, xoş ətirli, qoz ağacından düzəldilmiş par-par parıldayan yazı masası tutdu.

Gənc karyerist üzünü pəncərənin soyuq, tərli şüşəsinə dirəyib yağışın altında büzüşmüş yazı masasına baxdı.

Bu zaman yazı masası qoca adamlar kimi xırıltılı səslə öskürüb, tənə dolu mehriban nəzərlə karyeristi süzdü.

Karyerist:

- Nə var, dostum, yoxsa soyuqdur?

- Hə, soyuqdur...

- Məndən inciməmisən ki?

- İncimişəm, dostum, incimişəm. Yadındadır, sən birinci sinfə gedəndə məni sənin üçün rəhmətlik dədən aldı. Sənin başını sığallayıb: “Oxu, oğlum, oxu adam ol!”-dedi.

- Mən atamın vəsiyyətinə əməl elədim. Oxuyub vəzifə sahibi olmuşam.

- Düzdür... Səhərə kimi arxamda oturub yazdın, oxudun, öyrəndin. Sən ilk hərfləri, sözləri, rəqəmləri mənim belimdə yazdın. Yadındadır, sənin kiçik, balaca ağappaq toppuş əllərin ilk dəfə yazı yazanda necə titrəyirdi?

- Hə, yadımdadır.

- Sən ilk dəfə “Ana”, “Vətən”, “Etibar”, “Dost” sözlərini mənim üstümdə yazdın.

- Elədir!

- Sən “Sevirəm”-sözünü də ilk dəfə məhz mənim kürəyimdə yazmısan.

- Hə.

- O vaxt sən bir qıza vurulmuşdun. Vəzifəli bir adamın qızı idi. O, isə səni sevmirdi, atasının şoferini sevirdi.

- Sən bunu hardan bilirsən?

- Dünən gecə yanımda köhnə bir divan-çarpayı var idi, o mənə danışdı. Benzin qoxusu verirdi.

- Belə de...

- Onun sənə yazdığı son məktub yadındadır?

- Yox, dostum, bu çoxdan olub.

- Mənimsə yadımdadır. O, məktubu bu sözlərlə bitirmişdi:

“Əzizim, xahiş edirəm, anqırıb tayınızı tapasınız”...

- Hə... Deyəsən belə şey olub.

- Sən onda gəlib mənim arxamda oturub ağladın. Məni də ağlamaq tutdu. Hətta bir şeir də yazdın. Necə idi... Dayan yadıma salım.

- Lazım deyil, dostum.

- Hə belə başlayırdı:

“Ruhumu yaxan alov əraflara bəsdir mənim,

Yanıram, əcdadlarım atəşpərəstdirlər mənim”.

- “Əraflara bəsdir mənim...” Əraf-cənnətlə cəhənnəmin arasındakı yüksək divar deməkdir. Ərəb sözüdür.

- Bilirəm, dostum, bilirəm. Eh, dostum, biz səninlə yaxşı günlər də keçirmişik. Sən namizədlik dərəcəsi alan kimi bir şüşə şampan şərabını üstümə töküb məni çimdirdin. Dedin: bu da sənin mükafatın.

- Hə, mən yaman kefli idim. Düz bir şüşə əla şərabı sənin üstünə tökdüm.

- Mən bundan şad oldum. Amma səhəri öskürməyə başladım. Burnum da axırdı. Deyəsən sətəlcəm olmuşdum. Amma üzə vurmadım, istəmədim ovqatın təlx olsun.

- Düz deyirsən, dostum, yaxşı günlərimiz çox olub səninlə.

- Evləndiyin gün yadındadır?

- Hansını deyirsən?

- Birinci dəfə evlənməyini deyirəm. Həlimə gözəl qız idi. Ağıllı-kamallı idi. Səni də çox sevirdi, məni də.

- Hə, müəllimə idi.

- Mən də toy məclisində iştirak edirdim. Yer çatmadığından məni də mizin başına qoyub üstümə yemək-içmək qoymuşdular. Yaman kef elədik!

- Sənin də sağlığına içdik.

- Çox sağ ol... Yadımdadır. Amma sən ikinci dəfə evlənəndə mən məclisdə iştirak eləmədim.

- Qiyamət toy idi. O boyda restoranda iynə atsaydın yerə düşməzdi.

- Mən isə bütün gecəni tək-tənha keçirdim. Qüssədən bağrım çatlayırdı. Bilmirdim nə edəm. Axırda naəlac qalıb albomdakı şəkillərə baxmağa başladım. Mən bu alboma dəfələrlə baxmışdım. Bu dəfə baxanda rəhmətlik dədənin şəklini orda görmədim. Onun yerində yekə bir filin kürəyində oturmuş yekəqarın qayınatanı gördüm.

- Kislovodskidə çəkdirib. Heykəl fildir.

- Mənsə elə bildim Afrikada cəngəllikdə çəkdirib.

- Keçən yay mən də orda olmuşam. Əla yerdir. Suzannanın da yaman xoşuna gəlib.

- Suzanna kimdir?

- Sərvinazı deyirəm də.

- Allah saxlasın, yaman mamlı-matan şeydir. Məni bu evdə gözümçıxdıya salan o oldu. Həmişə səni dilə tutub deyərdi: “Tulla bu tabutu küçəyə, evin təptəzə, par-par parıldayan əşyalarına heç yaraşmır”.

- Hə, onun səndən zəhləsi gedir.

- Amma yəqin bilmir ki, mən olmasaydım, o, heç vaxt sənin arvadın olmayacaqdı. Onu necə ələ gətirdiyin yadındadır?

- Biz bir-birimizi sevdik, o da mənə gəldi.

- Yox, dostum, elə olmadı axı. O, sənin dostunun halalca arvadı idi. Yadına düşdü?

- Hə, deyəsən.

- İndi dostun hardadır?

- Bilmirəm.

- Mən də bilmirəm. Amma sənin Sərvinaza bir qadının adından yazdığın namənin mətni indiyə kimi yadımdadır. Bu namədən sonra o ərindən boşandı, sən də onu aldın.

- Hə, dostum, yadımdadır. Bu dörd il bundan qabaq olub. Mən Suzannanı çox sevirəm, o da məni sevir!

- Nuş can! İndi sən doktorluq dissertasiyası yazırsan...

- Hə, elədir, hardan bilirsən?

- Yaddaşın yaman korlanıb. Sən dissertasiyanın ilk səhifələrini mənim üstümdə yazmısan.

- Doğrudan a...

- Yaxşı, dostum, mən elə yağışın altında qalacağam?

- Yox, sabah gəlib səni aparacaqlar.

- Hara?

- Köhnəlmiş, ömürlərini sürmüş şeyləri hara aparırlar, səni də ora.

- Yəqin yandıracaqlar.

- Yəqin.

- Amma sən dədənin vəsiyyətinə əməl eləmədin.

- Hansı vəsiyyətinə!

- “Adam ol, oğlum”-vəsiyyətinə əməl eləmədin, - deyib masa susdu. Karyerist də susdu.

Yağış yağırdı. Ötən günlər, köhnə arzular, sevinclər, kədərlər yağışın altında öskürə-öskürə dayanıb sabah kül olacaqlarını gözləyirdilər.

# 1333 dəfə oxunub

Oxşar xəbərlər

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
# # #