Amerikalı ər – İran yazıçısının hekayəsi

Amerikalı ər – <span style="color:red;">İran yazıçısının hekayəsi
6 yanvar 2017
# 16:55

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi son illərdə bir sıra maraqlı layihələr həyata keçirib. Beynəlxalq tədbirlər təşkil edilib, diqqətçəkən nəşrlər hazırlanıb. Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin müxtəlif ölkələrin ədəbiyyatını əhatə edən xüsusi sayları işıq üzü görüb. Dərginin bir müddət əvvəl çapdan çıxan “İran ədəbiyyatı” sayı da ədəbi mühitin, peşəkarların diqqətini çəkib.

Kulis.az həmin nəşrdən Cəlal Ale-Əhmədin “Amerikalı ər” hekayəsini təqdim edir.

– Araq?.. Xeyr, minnətdaram, o mənlik deyil, yenə viski olsaydı, bəlkə... Heç olmasa, bir azca - qədəhin dibində... Sağ olun... Yox, su ilə aram yoxdur... Qazlı su, bəlkə... Heyif! O murdarın it xasiyyəti axırda mənə də keçdi! Kaş biləydiniz, o necə qazlı viski içirdi! Mən nə qədər ki atamın evindəydim, belə şeyləri dilimə də vurmazdım. Atam heç indi də bunları yaxın qoymur. Heç bir içkini! Yox, mömin və ya müqəddəs deyil, sadəcə, bizim ailədə bu cür içkilər əvvəldən adət olmayıb. Amma o murdarın mənə öyrətdiyi ilk şey qazlı viski düzəltməkdi. İşdən qayıdan kimi, hələ əllərini yumamış qazlı viskisi dəhlizdə əlində hazır olmalı idi. Əgər mən onun həmin əllərlə nə işlər gördüyünü bilsəydim... O, evdə olmayanda arada onun viskisindən dadmaq həvəsinə düşürdüm. Əlbəttə, onda hələ qızım dünyaya gəlməmişdi. Təklikdən darıxırdım. Amma xoşum gəlmirdi. Boğazımı elə pis yandırırdı ki. Ona yoldaşlıq etməyimi çox istəsə də, alınmırdı. Amma hamilə qaldığımı biləndən sonra israrla mənə pivə içirdirdi ki, südünə xeyirdi... Viski isə qətiyyən! Axıra qədər də belə oldu. Amma onun peşəsindən xəbər tutan gün özümdən asılı olmadan viskini heç nəsiz başıma çəkdim. Sonra da birini özümə süzdüm, birini də onun “girl frendinə”, yəni guya keçmiş nişanlısına. Axı həmin xəbəri o gəlib mənə demişdi. İkimiz oturub başladıq viski içərək dərdləşməyə. İndi ağlamayım, bəs nə vaxt ağlayım? Təsəvvür edin: adamın orta təhsili ola, özü də – gördüyünüz kimi – gözəl, atası hörmətli bir şəxs, yeyib-içməyi yerində, ingiliscəni öyrənə, hər halda, kişisinin əlinə baxıb hər dediyinə əməl etmək məcburiyyətində qalacaq qadın olmaya, amma axırda qabağına beləsi çıxa! Axı bu necə ola bilər?! Ölkədə bu qədər ali təhsilli gənc, bu qədər mühəndis, həkim və sairə var... Ancaq o başına kül olmuşlar axırda ya avropalı qız alırlar, ya da amerikalı. Gedib məhəllələrindəki püstəsatanın qızınamı, ya yol üstündəki supermarketin satıcısınamı, yaxud diş həkiminin yanında dişlərinə bircə dəfə pambıq qoymuş xidmətçiyəmi bənd olurlar. İndi sən gəl onların özlərini əzib-büzmələrinə, lovğa ədalarına tamaşa elə! Guya Süzan Heyvord, ya Şirli Makleyn, ya da, nə bilim, Elizabet Teylordur... Canım sizə desin, srağagün axşam onlardan birini gördüm. İki aydır bir iranlı oğlanla evlənib, on beş gündü İrana gəlib. Ərini teleqram vurub çağırıblar ki, bəs dur gəl, deputat seçilmisən. Məni ev yiyəsi çağırmışdı ki, xarici qonağı tək qalmasın. Yanında dilbilən biri olsun ki, ona dərdini desin. Düz bir həftə bundan qabaq. Sən onun Texas ləhcəsi ilə danışığını görəydin... Yox, gülməyin, zarafat eləmirəm. Danışanda ağzını elə geniş açırdı ki, gəl, görəsən! Dırnaqlarının kobudluğundan məlum olurdu ki, gündə bir yığın qab yuyurmuş. Amma bir eşidəydiniz, nə deyirdi: “Biz sizə mədəniyyət gətirmişik, qaz lampası ilə işləmək öyrətmişik, paltaryuyan maşın...” Bax, belə-belə sözlər danışırdı. Əllərindən görünürdü ki, özü Texasda paltarı teştdə yuyurmuş. Amma bizə belə ədalar göstərirdi. Bir inəkotaranın qızıymış da. Əlbəttə, sonradan torpaq sahəsindən neft çıxan və Allaha bəndəlik eləməyən inəkotaranlardan yox, başqasının inəklərini otaranlardan birinin. Düzdür, mən onun özünə heç nə demədim. Amma məclisdə bir kişi vardı, həmin kişi öz bərbad ingiliscəsiylə ona çatdırmaq istədi ki, əgər mədəniyyət bu dediklərinizdirsə, onda yəqin həmin şirkət cənabınızı da paltaryuyan maşının dalınca bizə hədiyyə göndərib! Əlbəttə, həmin qadın onun dediklərini başa düşmədi. Dedim axı, kişinin ingiliscəsi bərbad idi. Axırda məcbur qalıb kişinin dediklərini mən tərcümə elədim ona. Amma o, həmin kişiyə cavab vermək əvəzinə, üzünü mənə tutub qırmızı-qırmızı dedi ki, yəqin, xasiyyətin pis olub, ya da pis yola düşmüsən, ərin səni ona görə boşayıb. Hə, o kişinin sözlərinin acısını azaltmaq, həm də qadını darıxmağa qoymamaq üçün ürəyimi ona açıb demişdim ki, mən də Amerikada olmuşam, ərim amerikalıydı, amma sonradan boşanıb geri dönmüşəm. Ona ərimin nə iş gördüyünü, boşanmağımıza onun peşəsinin səbəb olduğunu deyəndə də, bilirsiniz, necə reaksiya verdi? Qayıdasan ki: “Burda eyiblik nə var?! Ümumiyyətlə, heç bir iş eyib sayıla bilməz. Yəqin, ailəsi səni başından edib ki, mirasa şərik çıxmayasan, ya da pis yola düşmüsən...” Bax, belə-belə sözlər! Elə danışırdı ki, heç təzə gəlmiş adama oxşamırdı. Hələ bizi borclu da çıxarırdı. Elə olmalı idi də. Axı əri deputat idi. O külbaşlar gedib bu gəzəyənləri almasalar, mənim kimi qızlar da özlərini dağa-daşa vurmazlar... Yox, yox, zəhmət çəkməyin, mənə çox süzməyin, çox içəndə halım pisləşir. Viski, özü də acqarına?! Eləcə dibində bir dəfə də süzün, bəs edər. Bircə qıça pendir də olsa, pis olmaz... Təşəkkür...

Bu pendirdi?! Bəs niyə belə ağdır? Nə duzludur! Haranındır? Liqvan? Ora haradır?... Heç tanımıram. Holland, Danimarka pendirlərini tanıyıram, amma beləsini yox, xoşlamıram da. Bu, püstə ilə yaxşı gedir. Minnətdaram. Nədən danışırdım? Hə, yadıma düşdü. Onunla amerikalıların dərnəyində tanış olmuşdum. Bir il idi dil kursuna gedirdim. Yəqin ki, orda necə tünlük olduğundan xəbəriniz var. Attestat alandan sonra universitetə qəbul olunmaq üçün sənəd vermişdim. Amma, bilirsiniz də, 20-30 min adamın içindən universitetə daxil olmaq çətindi. Buna görə də atam dedi ki, dil kursuna get, həm başın qarışsın, həm də bir xarici dil öyrən. O murdar da həmin kursda müəllim işləyirdi. Boylu-buxunlu, şüvərək, sarışın saçlı, tipik amerikan idi. Əlləri elə böyük idi ki, tapşırıqları yoxlayanda bütün dəftəri tuturdu. Bax belə! İlk vaxtdan bir-birimizdən xoşumuz gəldi. Dedikcə ədəbli idi. Əvvəl məni dərnəyin Abbasabaddakı yeni binasında açılmış rəsm sərgisinə dəvət etdi. Bu, o başsız adamlar cızan, lopa-lopa rəngləri bir-birinin yanına düzən, ya da adam adı ilə mütəkkə çəkib baş yerində də bir qədəh çəkən, nə bilim, iki metrlik parçanın ortasına iki qəhvəyi nöqtə qoyan rəssamların sərgilərindən idi. Sərgiyə atamla anamı da dəvət etmişdi. Bu dəvət onlara çox xoş gəldi. Sonra da bizi öz maşını ilə qaytardı evimizə. Özü də çox ədəb-ərkanla: maşının qapısını özü açır, hər cür nəzakət göstərirdi... Təbii ki, bütün bunlar özlərinin hələ də avtomobili olmayan valideynlərimə xoş təsir bağışlamışdı. Elə həmin gecədən işin rəngi dəyişdi. Sonra o, özlərinin milli bayramlarının birində məni rəqs məclisinə dəvət etdi. Deyəsən, “Sanksqivinq” mərasimi idi. E, necə, bilmirsiniz? “Sanksqivinq”, yəni şükran günü, amerikanların qırımızıdərililərin axırına çıxdıqları gün! Atam həmin məclisə getməyə icazə verdi. Axı niyə də verməsin! Mənim dil kursundan sonra danışmağa bir adamım yox idi. Dili də ki, təcrübədə tətbiq eləmədinsə, kursa getməyin faydası yoxdur. Üstəlik, belə qərara gəlmişdik ki, mən də ona fars dili öyrədim. Əlbəttə, bu, ingilis dili dərslərindən kənarda, asudə vaxtda olurdu. O, fars dili öyrənmək üçün həftədə bir dəfə bizə gəlirdi. Belə qərarlaşdırmışdıq. Kaş biləydiniz həmin bayram necə gözəl keçdi! Boranını deşib, üstündə göz, burun, dodaq yeri açmış, içindəsə lampa yandırmışdılar. Çox gözəl rəqs edirdilər! Mən artıq yavaş-yavaş ingiliscəyə alışırdım. Buna görə də daha özümü məclisdə qərib hiss eləmirdim. Əlbəttə, həmin məclisdə iranlı da çox idi. O, həmin gecə də pivə içməyim üçün israr etdi, amma mən içmədim. Deyəsən, onun bundan da xoşu gəlmişdi. Çünki məni qaytarıb evə gətirəndə anama dedi ki, belə bir qızınız olduğu üçün sizi təbrik edirəm. Onun bu sözlərini də mən özüm tərcümə etdim. Axı mən indi bunu bacarırdım. Beləcə, səkkiz ay bir yerdə olduq. Birlikdə qayıq sürmək üçün Kərəc bəndinə, kinoya, muzeyə, bazara, Şemirana, “Şah Əbdüləzim”ə və bir çox başqa yerlərə getdik. Əgər o olmasaydı, mən həmin yerləri ömür boyu görməyəcəkdim. Nəhayət, Milad bayramında bizi evinə dəvət etdi. Milad bayramının nə olduğunu, hər halda, bilirsiniz. Atamla anam da gəlmişdi. Firfir də orda idi. Tanımırsınız? Qardaşımdı da – Firidun. Los-Ancelesdən iki dənə hazır hinduşqa göndərmişdilər.... Paho, bunu da bilmirsiniz? Los-Anceles də – Hollivud olan yer. Əlbəttə, təkcə ona göndərməmişdilər, qürbətdəki amerikalıların hamısına hinduşqa göndərirlər ki, bayram axşamı qəriblik hiss etməsinlər. Əlbəttə, indi elə bir murdar adamı xüsusi tapşırıqla Tehrana göndərirlərsə, hinduşqa, siqaret, viski və şokoladla da təmin etməlidirlər də! İnanın, qatil, oğru, cinayətkar, qanqster olmasına razı idim, təki o işlə məşğul olmayaydı... Zəhmət olmasa, o viskidən bir azca da süzün. Deyəsən, Amerika malı deyil. Onlar “Burbon” içirlər, torpaq tamı verir. Bəli, bu, şotland viskisidir. Lap britaniyalıların özləri kimidir. Nə deyirdim? Hə, həmin axşam şam süfrəsi arxasında rəsmi şəkildə məni atamgildən istədi. Tərcüməçiliyi də özüm edirdim. Maraqlıdır, hə? İndiyə kimi belə ərə gedən olmayıb. Əvvəl hinduşqanı doğrayıb boşqablarımıza qoydu. Şampan şərabını açıb əvvəl atamla anama, sonra da hamıya süzdü. Anam yox, ancaq atam içdi. Mən özüm də dodağımı toxundurdum. Əvvəl tünd və ağızbüzücü bir tam hiss elədim, amma tündlüyü gedəndən sonra ağzımda şirinliyi qaldı. Sonra dedi ki, atana səni istədiyimi de. İsrar edirdi ki, onun dediklərini yavaş-yavaş, cümlə-cümlə çatdırım, sözlərinin hamısını çevirim. Dedi ki, hərbi xidmətini başa vurub, vergidən azaddır, qan qrupu “B”dir, xəstə deyil, ayda 1500 dollar maaş alır, qayıdandan sonra isə maaşı 800 dollar olacaq. Amma Vaşinqtonda öz evi var, kirayə pulu verməyəcək, heç bir kredit borcu yoxdur, ata-anası Los-Ancelesdə yaşayır və onun işinə qarışmırlar...

Atam elə birinci gecədən razı idi. Mənə demişdi ki: “Bax, qızım, diqqətli ol, min qızdan birinə də amerikalıya ərə getmək qismət olmur. Zarafat iş deyil!” Onun bu sözləri indi də qulağımdadı: “Amma, özün də bilirsən, onunla sən yaşayacaqsan. Yaxşı fikirləşib götür-qoy etmək üçün ondan bir həftə möhlət istə...” Elə o cür də etdik. Əlbəttə, əslində iş elə əvvəldən həll olunmuşdu. Məsələdən bütün qohumlar xəbərdar idi. Onu iki-üç dəfə evimizə dəvət etmişdik, qonaqlıq-filan... Paxıllıq edən kim, qızını onun gözünə soxan kim, gəl görəsən! Bu işə görə xalaqızılarım, əmiqızılarım məndən küsdülər. Atam haqlıydı: zarafat iş deyildi bu! Ətrafımızdakı hər bir qız onunla evlənməyə hazır idi. Amma o, məni istəyirdi. Axı necə ola bilərdi ki, mən hədsiz fədakarlıq göstərim, ona öz əvəzimə bir başqa qız təklif edim?! Bircə nənəm gileylənirdi. Deyirdi ki, qohumlarımız arasında kaşanlı var, isfahanlı var, hətta buşehrli var, hamısını da tanıyırıq... Amma bu, amerikalıdır... Axı biz hardan bilək ki, o kimdir? Adam da evini-ailəsini tanımadığı, gedib bir-iki qonşusundan soruşub, haqqında nəsə öyrənə bilmədiyi kürəkənlə qohum olar?! O, əksər qocalara xas olan bu cür fikirlər deyirdi. Heç nişanımıza da gəlmədi, o ərəfədə çıxıb getdi Məşhədə. Amma mənim sevincdən uçmağa qanadım yox idi!

Kəbin kəsdirmək üçün nikah idarəsindən tanış məmur çağırmışdıq. Mərasimdə bütün qohumlarımız iştirak edirdilər, bir neçə nəfər də amerikalı var idi. Nişan süfrəsindən bir şəkillər çəkirdilər ki! Nişanlımın dostlarından biri mərasimi videokamera ilə də çəkirdi. Aman, aman bu amerikalıların əlindən! Burunlarını hər yerə soxurdular. Hey gəlib məni sorğu-suala tuturdular. İndi guya mən gəlin idim də... Amma heç onlar bunu fikirləşirdilərmi?! “Bunun adı nədir? Qəndi niyə belə bir-birinə sürtürlər? Çörəyin üstünə nə yazılıb? Üzərliyi hardan gətirirlər?...” Nə isə, axır ki, məsələ bitdi.

Elə həmin məclisdə qohumlarımızdan onlara canfəşanlıqla qulluq edənlərdən iki nəfəri də sürücü kimi idarələrinə işə götürdülər. O, mənim üçün yüz min tümən də mehriyyə təyin etdi. “La ilahə illəllah” cümləsini də elə kəbin kəsiləndə dilinə gətirdi, amma necə çətinliklə! Onun “la ilahə ...” deməsinə o qədər güldük ki!... Bunu bizim kəbinimizin şəriət baxımından yerində olması üçün deməli idi. Peşəsi? Məlum idi də - ingilis dili müəllimi! Amma kəbin kağızında hüquqşünas yazılmışdı. Səfirlik işçilərindən iki nəfər də kəbinə şahidlik etdi. Mən onu bu yalanına görə həbsxanaya atdıra və kompensasiya tələb edə bilərdim. Heç olmasa, məcbur edə bilərdim ki, indi qızıma aliment kimi verdiyi dörd yüz dollardan əlavə, altı yüz dollar da versin. Amma... Daha onu görmək belə, istəmirdim. Heç bircə saat da birgə yaşaya bilməzdim. Elə o da buna görə sonda uşağı mənə verməyə razı oldu. Yoxsa ki, öz qanunlarına görə, uşağı özündə saxlaya bilərdi. Əlbəttə, mən də mehriyyəmi ona qaytardım. Mürdəşir əlinə düşsün o da, onun pulu da! Siz o pulun hardan, nədən çıxdığını bilsəydiniz... Məgər o pulla boyunbağı alıb boyundan asmaq olar?! Yaxud ət, düyü alıb yemək olar?! Bu sözləri o gün həmin qadın da deyirdi: köhnə “girl frend”i, yəni qız dostu, nə bilim, nişanlısı... Mən onu birinci və sonucu dəfə görürdüm. Təyyarə ilə Los-Ancelesdən birbaşa Vaşinqtona gəlmişdi. Hava limanından da bir maşını kirayə götürüb birbaşa gəlmişdi qapımıza.

Vaşinqtonda olduğum iki il ərzində onun qohumlarından heç kəsi görməmişdim. Deyirdi ki, yol uzaqdı, hamının başı öz işinə qarışıb və sairə. Mənə də belə rahat idi, başımın üstündə kimsə ağalıq eləmirdi. Arada qohumları ilə məktublaşırdım. Onlara qızımın şəklini də göndərmişdim. Cavabında uşağa doğum hədiyyəsi göndərmişdilər. Qızımın bir yaşı olanda da şəklini göndərdik, amma daha onlardan xəbər çıxmadı...

Nəhayət, həmin qadın gəldi. Salam verib, mədəni şəkildə özünü təqdim elədi. Sonra da “Tək darıxmırsan? Bəh-bəh, nə gözəl qızdı bu!..” tipli sözlər... Paltaryuyan maşının bir yeri xarab olmuşdu, onu düzəldirdim. O da heç çəkinib-eləmədən gəlib mənə kömək elədi. Birlikdə paltaryuyanı düzəltdik, paltarları atdım maşının içinə. Sonra keçib oturmuşduq ki, onun dərdi açıldı. Dedi ki, biz nişanlı olanda onu Koreyaya müharibəyə apardılar. Müharibə qurtarandan sonra o daha Los-Ancelesə qayıtmadı. Qalıb Vaşinqtonda işləyirdi. Allah bilir, bunlar Koreyada camaatın cavan balasının başına nə oyun açıblar ki, qayıdandan sonra da bu işi görməyə razılıq veriblər. Mən onun nə işlə məşğul olduğunu soruşanda qadının gözləri kəlləsinə çıxdı ki, mən hələ ərimin nə işdə çalışdığını bilmirəmmi?! “İşləyib pul qazanmaq, əlbəttə ki, ayıb deyil. Amma bütün qohumları ondan həmin işinə görə uzaqlaşıblar. Onları nə qədər dilə tutubsa da, faydası olmayıb...” Mən ürəyimi yedim ki, olmaya, ərim cəllad işləyir... Ya bəlkə “qaz kamerası”, yaxud “elektrik stulu” işlədəndir... Amma onun belə bir işdə... Qadın onun işinin adını çəkəndə dünya başıma daraldı, o isə durub mətbəxə keçdi, viski şüşəsini gətirib bir stəkan mənə süzdü, birini də özünə. Beləcə, dərdləşməyə başladıq... Hə, bu o qadının əlindən çıxan üçüncü nişanlısı imiş. Onlardan biri Koreya müharibəsində ölüb, biri Vyetnamda, bu da belə... Qadın deyirdi ki: “Heç bilinmir də, görəsən, nə üçün həmin müharibədən sağ qayıdanlar ya belə qeyri-adi işlərə girişirlər, ya da dəli, oğru, qatil olurlar...” Axı mən niyə bu vaxta kimi ərimin nə işlə məşğul olduğunu öyrənməmişdim?! Axı mən nökərin, ya hansısa yoldan ötənin qızı deyildim, yetimxanadan çıxmamışdım... Mən orta məktəb oxumuşdum, ata-ana tərbiyəsi görmüşdüm, gözəl idim, nə cür imkanlarım vardı...

Hə, zəhmət olmasa, birini də süzsəniz, pis olmaz. Sizin qonaqlarınız da gəlmədilər. Boğazım yaman quruyur... İşin bir pis cəhəti də bu idi ki, o qadın ürəyimə yaman yatmışdı, çox səliqə-sahmanlıydı. Danışırdı ki, yeddi ildir, Los-Ancelesdə ya ər tapmaq üçün çalışır, ya da kino ulduzu olmağa... Sonra durub paltarları sərdik, qızımı arabası ilə birlikdə qoyduq avtomobilin arxa oturacağına, getdik ərimin iş yerinə. Axı mən hələ də inana bilmirdim ki... Öz gözlərimlə görməliydim, çünki eşitdiklərim heç inandırıcı gəlmirdi. Əvvəl onun işlədiyi idarəyə getdik. Salam-əleykdən sonra “Sizə nə quluq edə bilərik? Hansı ağaclar, hansı otlar və çiçəklər, necə bir mənzərə?..” kimi söhbətlər başlandı... Əgər orada nə iş görüldüyünü bilməsəydin, deyərdin ki, bəs, bunlar bal ayı keçirmək üçün ev tikirlər. “Hər şey poqramlaşdırılıb. Ölçülər, borular, hər iki tərəfdəki tutacaqlar, üzərinə qoyulacaq gül dəstəsi, taxtasının hansı materialdan olması, üzərinə hansı parçadan çəkilməsi, mərasimin təşrifat hissəsi... Adamı aparan araba necə olsun? Neçə at qoşulsun? Əgər ürəyiniz istəsə, avtomobillə də apara bilərik, bu həm də bir az ucuz başa gəlir. Avtomobil hansı sistemli olsun? Neçə müşayiətçi istərdiniz? Onların hərəsinin öz haqqı var, ona uyğun davranırlar. Onların hansı özünü sizin hansı qohumunuzun yerində hiss etməlidir? Necə geyinsinlər? Hansı kilsədə olsun?..” Dediklərimi təəsvvür edə bilirsiniz? İdarələrində addımbaşı reklam lövhələri, kibrit və salfetka qoymuşdular. Şəkillər, belə-belə yazılar: “Məxmər içində əbədi yuxu.. Filan bağ – behiştin bir guşəsi...” İşçilər başımıza fırlanırdılar: “Bir nəfərlik istəyirsiniz, ya ailəvi? Neçə nəfərsiniz? Əgər ailəvi götürsəniz, sizin üçün də sərfəlidir, əlli faiz ucuz olacaq, üstəlik, kreditlə də mümkündür...”

Az qala ürəyim partlayırdı. Ərimin belə bir işlə məşğul olduğuna heç cür inana bilmirdim. Axı o, mənə demişdi ki, hüquqşünasam: “loyə!” – eynən belə dediyi yadımdadır.

Nəhayət, özümüzü təqdim etdik və ərimin iş yerinin ünvanını aldıq. Amma bunu elə etdik ki, şübhələnməsinlər. “Bu xanım ərimin bacısıdır, Los-Ancelesdən gəlib, günortadan sonra da qayıtmalıdır. Ərimlə vacib işi var, mən də onun bu gün iş yerlərindən hansında olduğunu bilmirdim....” Ordan çıxıb onun iş yerinə getdik. Mən onu şümşad ağaclarının arxasından görməyincə, deyilənlərə inanmadım... Qollarını çırmalamışdı, əynində də iş paltarı. Çəmənliyi ölçür, ölçdüyü yerin dörd küncünə işarə qoyur, sonra elektron cihazı işə salıb həmin yeri dövrələmə deşir, ardından başqa yerə keçirdi. İki zənci gəlib həmin çəməni qəlib şəklində çıxarıb yük maşınına qoyur, daha sonra ərim qayıdıb yenidən həmin yeri deşirdi. Zəncilər bir də həmin yerin torpağını çıxarır, başqa maşına yükləyirdilər. Ərim beləcə gah yuxarı gedir, gah aşağı qayıdırdı. Sonra da o iki zəncinin biri... Amma onların hər üçünün paltarı eyni idi. O qədər diqqətlə işləyirdilər ki, həmin torpağın bir zərrəsi belə itkiyə getmirdi, onun ətrafa, çəmənliyə səpələnməsinə əsla imkan vermirdilər. Biz yarım saat maşında oturub yol kənarındakı şümşadların arxasından ona tamaşa etdik və zar-zar ağladıq. Torpaq, ya çayır daşıyan yük maşınları yanımızdan ötüb keçirdi. Bir başqa yük maşınları da təzə tabutlar gətirir və onları çəmənliyin üstünə düzüb qəbirlərin tam hazır olmasını gözləyirdilər.

O günlər Vyetnamdan dəstə-dəstə əsgər meyitləri gətirilirdi, gündə iki yüz dənə, üç yüz dənə. Buna görə də ərimgilin başı bərk qarışıq idi. Onlardan başqa 10-12 dəstə də qəbir qazıb hazırlayırdı. Hər dəstə parkın bir tərəfində işləyirdi. Əcəb park idi, adı da Arlinqton. Eşitmiş olarsan. Amerikanın iki məşhur yeri var: bir paytaxtı, bir də həmin Arlinqton. Bütün dünyada məşhurdur. Ümumiyyətlə, Amerika bir tərəfədir, Arlinqton bir tərəfə. Bunları həmin vaxt mənə o qadın dedi. Ora istiqlal döyüşləri zamanından məşhurlaşıb. Kennedinin də qəbri ordadır. Camaat ora tamaşa etməyə gedir. Orda fəxri qarovul dəstəsi də dayanır. Qarovul dəstələrinin bir-birini əvəz etməsinin özünəməxsus təşrifat qaydaları var. Park başdan-başa çəmənlik, kiçik təpəciklərdir. Çəmənliklərin ətrafına ağaclar əkilib, hər məzarın baş tərəfinə ağ daşdan nişanə qoyulub. Daşın üstünə məzardakının adı, vəzifəsi qeyd edilib. Polkovniklər bir tərəfdə, mayorlar başqa tərəfdə, sıravilər tamam ayrı tərəfdə. Qadın deyirdi ki, bax, hərbi rütbəyə görə fərqləndirməyə burda da riayət edilib! Deyirdi ki, biz amerikalıların bütün cəhdlərinin son ucu bu Arlinqtonda bitir... Ürəyi doluymuş! Yeddi il gözləmişdi, üç nişanlısı əldən çıxmışdı... O, mənə həm iki nişanlısının, həm Kennedinin qəbrini göstərdi, həm də fəxri qarovulun dayandığı yeri. Sonra geri döndük. Mənim dayanıb oraya tamaşa etməyə əsla hövsələm yox idi.

Günorta yeməyini restoranda yedik. Ordan getdik kinoya, amma qızım o qədər zırıldadı ki, heç bilmədim, filmdə nədən bəhs olunur. Günortadan sonra – saat dörddə məni evə gətirib qoydu, özü isə çıxıb getdi. O, xüsusi endirimlə ikitərəfli bilet almışdı və həmin gün qayıtmaq məcburiyyətində idi. Bilirsiniz, gedəndə mənə nə dedi? “Müharibələrdə onların başı o dünyaya elə qarışıb ki, bizim dünyanı yaddan çıxarıblar...” Ərim axşamçağı evə gələndə mən ona söhbəti açdım. Qadın gedəndən sonra çox fikirləşmişdim, iranlı dost-tanışlarıma zəng vurub məsləhətləşmişdim... Əvvəlcə onun məni israrla Misgərabada aparması yadıma düşdü. Bu, toyumuzdan qabaq olmuşdu. Ora elə getdik ki, guya Gülüstan muzeyinə gedirdik. Onda mən heç Misgərabadın nə olduğunu, harda yerləşdiyini bilmirdim. Bayaq da dedim, əgər o olmasaydı, mən Tehranın çox yerlərini tanımayacaqdım. Əslinə qalsa, onda da tanımırdım. İdarələrinin sürücüsü tanıyırdı oraları. Mən də guya tərcüməçi kimi gedirdim. Elə hey meyiti kəfənləmək, dəfn etmək barədə suallar verirdi. Mən bu barədə elə bir şey bilmirdim. Sürücümüzsə, erməni olduğu üçün bizim müsəlman adət-ənənələrindən xəbərsiz idi. Adaxlım gedib Misgərabadın qapıçılarından birini çağırdı. Həmin qapıçı izah edirdi, mən də ingiliscəyə çevirirdim. O zaman belə suallar verməklə nə məqsəd güddüyünü başa düşmürdüm. Amma yadımdadır, nənəm deyinmək üçün elə bu məsələni əlində bəhanə etmişdi və onun bu əməlinin nə məna daşıdığını soruşurdu: “Axmaq adam, namaz qılmaya-qılmaya, durub gəlib camaatın qızına elçiliyə, sonra da durub qızı Misgərabada aparır!..”

Yadıma gəlir, həmin gün onun yanında bir başqa amerikalı da var idi. Mən qapıçının sözlərini onlara tərcümə edəndə o biri qayıdıb ərimə dedi: “Görürsən, onlara hətta tabut da lazım olmur. Bir parça ağ üçün xeyli sərmayə yatırmağa dəyərmi!..” Mən o amerikalını tanıyırdım. Proqramlaşdırma Təşkilatının məsləhətçisi idi. Deyəsən, öz aralarında belə qərara gəldilər ki, bu məsələni Təşkilatla da müzakirə etsinlər. Sən bir mən axmağa bax ki, həmin vaxt onların bu sözlərinin başına ip salmadım. Yadımdadır, onlar bizdə ölünün tabuta qoyulmadığını bilən gün mənə dedi ki, amma biz meyiti bəy, yaxud gəlin kimi bəzəyib tabuta uzadırıq; əgər qocadırlarsa, ovurdlarına pambıq qoyuruq, saçlarını bururuq, bunlar isə xeyli pul deməkdir. Mən həmin gün şam yeməyində bunları nənəmə danışmışdım, arvad təəccüb içində deyinməyə başlamışdı. Sonra da, dediyim kimi, bizim nişanımız günü çıxıb getmişdi Məşhədə. Amma gör heç mən nəsə anlamışdımmı?! Axı, özünüz deyin, məgər yaraşıqlı, pullu və hörmətli bir amerikalıya ürcah olan iyirmi yaşlı qız bütün bunlardan necə şübhələnə bilərdi?! Axı onun Misgərabada niyə getdiyi mənim nəyimə lazım idi? Nənəm kimi o cür yerlər, elə məsələlər barədə fikirləşib şübhələnməyimə hələ çox vardı. Vaşinqtonda olanda ərim günortalar evə gələndə bəzən deyinirdi ki, zəncilər işimizi əlimizdən alırlar... Yadımdadır, bir dəfə soruşdum ki, məgər zəncilərin hakim işləmək hüququ var?! Axı mən onu “loyə”, yəni hakim, hüquqşünas, ədliyyəçi bilirdim...

Nə isə, o axşam ərim qapıdan girən kimi viskisini tutuzdurdum əlinə, birini də özüm üçün süzdüm, onunla üz-üzə oturub məsələni açdım. Mən artıq hər şeyi götür-qoy etmiş, bəs deyincə məsləhətləşmişdim. İranlı dostlarımdan biri telefonda mənə demişdi: “Aydındır, onların hamısı bu yolun adamıdır. Onlar bütün bəşəriyyətin gorqazanıdırlar!” Mən də qayıtdım ki: “Sən də şüarçılıq etməyə vaxt tapdın?!” Bilirdim ki, amerikalılardan yanıqlıdır. Onun pasportunu ləğv etmişdilər: nə geri qayıda, nə də orda qala bilirdi. O da indi əlacsızlıqdan Misir vətəndaşlığına keçirdi. Daha ona deyə bilmədim ki, əgər elədirlərsə, bəs niyə ilişib qalmısan Amerikada? Bir nəfər də vardı, çox qəşəng oğlan idi, vaxtilə ona ərə getməyi elə arzulamışdım ki... Bircə bilsəniz, o oğlan mənə nə dedi: “Əşşi, sən də! Məncə, Amerikadakı gözəl həyat səni havalandırıb, indi toxluqdan belə eləyirsən!” Eynən belə dedi. Bilirsiniz, onun özü nə işlə məşğul idi? Heç nə! İki amerikalı qadın saxlayırdı onu. Yox, sərxoş deyiləm, böhtan da demirəm. Həmin qadınların biri müəllimə idi, o biri də stüardessa. Hərəsinin bir evi vardı. Həmin oğlan həftənin üç gününü birinin evində olurdu, dörd gününü də o birinin. Xan kefində yaşayırdı. Nə oxuyurdu, nə işləyib pul qazanırdı, nə də kimsə ona kənardan pul göndərirdi. Amma lap körfəz şeyxləri kimi dövran sürürdü. İranlıları, israrla, qaldığı evlərə aparır, utanıb-qızarmadan yaşayışını onların gözünə soxurdu. Bəli, belələrinin üzündən mən – iyirmi üç yaşlı gənc qadın – qızımın əlindən tutub geri dönmək məcburiyyətində qalmışdım. Amma yenə sağ olsun. Çünki onunla danışıb qurtarandan sonra telefon yenidən zəng çaldı. Dəstəyi götürdüm, gördüm bir başqa iranlı gəncdir. Özünü təqdim elədi, dedi ki, bəs mən bayaq danışdığınız oğlanın dostuyam, hüquq fakültəsində oxuyuram, bildiyimə görə, probleminiz var, nə kömək edə bilərəm sizə? Ondan xahiş elədim, evimizə gəldi. Yarım saat oturub məsələnin bütün cəhətlərini məsləhətləşdik və son qərara gəldik. Buna görə də xatircəm idim, ərim gələndə nə deyəcəyimi bilirdim. Saat 10-a kimi oturub viski içə-içə ərimə başa saldım ki, mən artıq Amerikada qalan deyiləm. İsrarla onun işindən nə cür xəbər tutduğumu soruşsa da, heç nə demədim. Elə bilirdi ki, ya ata-anası, ya da bacısı, qardaşı xəbər verib. Mən də elə “yox, yox” deyib durmuşdum. Çox təkid elədi ki, həmin gecə gəzməyə çıxaq, kinoya, ya da kluba gedək, bu məsələyə bir də sabah qayıdaq. Amma mən razı olmadım. Ona son sözümü deyib qızımın otağına getdim, qapını arxadan bağladım, uzanıb div yuxusuna getdim. Sözün düzü, yaman sərxoş olmuşdum, eynən indiki kimi. Səhərisi gün yollandım məhkəməyə. Hakim çox baməzə adam idi, mənə dedi ki, bu da belə bir peşədir də, heç buna görə boşanarlarmı!? Onda hakimlə aramda belə bir dialoq oldu:

– Cənab hakim, əgər sizin qızınız olsaydı, onu belə bir adama ərə getməsinə razılıq verərdiniz?

– Təəssüf ki, mənim qızım yoxdur.

– Gəlininiz necə, var?

– Bəli, var.

– Əgər sabah gəlininiz gəlib desə ki, ərim əvvəl müəllim idi, amma indi başqa şey çıxıb, ya da, ümumiyyətlə, yalan danışıb, onda necə?

Bu məqamda ərim müdaxilə edib sözümü kəsdi. Yəqin, yalançılığının üstünün açılmasını istəmirdi. Və beləcə, boşanmağa razılıq verdi. Qızımın aliment kağızını imzaladı, qayıtmaq xərcini də elə oradaca ondan aldım. Bax, belə. Amerikalı ər macəram bu cür tamamlandı... Zəhmət olmasa, o viskidən bir az da... Sizin bu qonaqlarınız niyə gəlib çıxmadılar, görəsən?.. Amma... Ey dili qafil!.. Deyirəm, bəlkə, həmin qadın – onun “girl frend”i – bu yolla mənim torbamı tikirmiş, hə?..

Tərcümə etdi: Ağabala Mehdiyev

# 1031 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #