Ramiz Rövşən: “Ələkbər Salahzadə şairlər üçün şair idi”

Ramiz Rövşən: “Ələkbər Salahzadə şairlər üçün şair idi”
2 sentyabr 2013
# 18:00

“Qobustan ” jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə sentyabrın 1-də vəfat edib. Kulis.Az mərhum şairin qələm dostlarının xatirələrini təqdim edir.

Anar: “Mənə bu gün dedilər Ələkbər rəhmətə gedib. Çox təəssüfləndim. O, bizim çox gözəl şairimiz idi. Çox təmiz insan idi. Cavanlıqdan dostum idi. Çox böyük təəssüf hissi ilə qarşıladım bu xəbəri. Yaxşı şair olmaqla bərabər yaxşı redaktor idi. Biz onu Fikrət Qocadan sonra “Qobustan”a təyin etdik.

Bildiyiniz kimi, “Qobustan”ın birinci redaktoru mən olmuşam. Məndən sonra Fikrət Qoca oldu. Fikrət I katib seçiləndən sonra Ələkbər Salahzadə baş redaktor oldu. Əvvəl “Ulduz”un redaktoru idi. Orda da yaxşı çalışırdı. Yaşlandı, “Qobustan”a keçirtdik. “Ulduz”a daha cavan adamı təyin elədik. “Qobustan”da da çox səmərəli fəaliyyət göstərdi. Ümumiyyətlə, bizim ədəbiyyatımız üçün çox böyük itkidir. Həm orijinal şair idi, həm də qiymətli redaktor idi”.

Ramiz Rövşən: “60 - cı, 70 – ci illər Azərbaycan ədəbiyyatının, musiqisinin, mədəniyyətinin intibah dövrüdür. Bunu yəqin hamı bilir. Bir intibah, bir dirçəliş yaşanırdı. Ələkbər də bu intibahın övladlarından biri idi. Ələkbər Azərbaycanın ən istedadlı şairlərindən biridir. Mən Ələkbəri belə bir şair sayıram. 60 - cı illərdə Ələkbər və İsa İsmayılzadə imzaları həmişə qoşa səslənirdi. Çox da sevilən imzalar idi. İsa çox vaxtsız getdi. Ələkbərin yaşı 70-i keçib, yenə də həyatdan vaxtsız getdiyini düşünürəm.

Ona görə vaxtsız getdiyini deyirəm ki, indiki dövrdə elə bil ki, şeirin, poeziyanın zamanı deyil. Bu tərəfdən vaxtsızdır. Mənə elə gəlir ki, Ələkbərin hələ çox deyəcəyi sözlər var idi. Çox şeirlər yazmışdı, hələ yazacaqdı da. Özü çox böyük şair olsa da, Ələkbər belə deyək də o qədər də oxucu populyarlığı olmayan şair idi.

Ələkbər haqda bir dəfə demişdim ki, elə bil şairlər üçün bir şair idi. Onun poeziyasında o qədər yeniliklər var idi. Həm şeirin strukturu, musiqisi, sözlərin düzümü, ümumiyyətlə, sözlərlə işləməyi. Bütün bu cəhətlərdən Ələkbər çox bənzərsiz bir şair idi. Bizim ədəbiyyatımız, poeziyamız üçün çox böyük itkidir. Çox saf, çox təmiz şəxsiyyət idi. Ədəbiyyata münasibətdə də həddən artıq təmiz idi. Bir şair kimi qətiyyən iddiasız idi. Şeir onun üçün vasitə deyildi ki, şeir vasitəsilə nəsə alsın, nəyəsə nail olsun. Şeir elə bil ki, onun həyatının məqsədi idi. Çox kədərləndim, çoxdan onun haqqında bir yazı yazmaq istəyirdim, hətta bir az da qaralamışdım da. Çox təəssüf olsun ki, Ələkbərin sağlığında yaza bilmədim o yazını. Çox müsahibələrimdə Ələkbərin poeziyasına olan sevgimi bildirmişdim. Amma onun haqqında ürək dolusu bir yazını sağlığında yazıb özünə oxutdura bilmədim. Heyf, çox təəssüf. Ələkbər çox böyük şairi idi. Yeri behişt olsun”.

Seyran Səxavət: “Ələkbərin ölüm xəbəri öz rəngiylə, qaralığıyla bütün düşüncələrə müvəqqəti də olsa bir nöqtə qoyur. Ələkbər Azərbaycan poeziyasının ən istedadlı şairlərindən biri idi. Biz bir yerdə işləmişik. Uzun illər idi tanıyırdım onu. İndi heç nəyə təəccüblənmir adam. Adam ən yaxınını, yaxud uzaqdan, yaxından tanıdığı adamın itirməyə hazırdır. Burda onun yaradıcılığından söhbət açmağa ehtiyac yoxdur.

Mən çox təəssüflənirəm Ələkbəri itirdiyimizə görə. Onun Səttar Bəhlulzadə haqqında yazdığı bir şeir var, indiyə qədər yadımdadır. Səttar Bəhlulzadəni əncir ağacına bənzətmişdi. O mənim üçün elə uğurlu bənzətmə idi ki, aradan bəlkə 45 il, 50 il keçib, bu bənzətmə indi də yadımdadır, xatırlayıram. Çox təəssüf, heyf ondan”.

Vaqif Nəsib: ”Ələkbər ləyaqətli, namuslu şair ömrü yaşamış insanlardan biri idi. Ələkbər idi, İsa İsmayılzadə idi, onlar doğurdan da o vaxt şeirimizə yeni nəfəslə, yeni səslə gəldilər. Axıracan da belə davam elədilər. Onlar böyük ədəbiyyatın böyük əsgərləri idilər. Həm də onlar ədəbiyyata xalturanın gəlməyinin qarşısını alırdılar. İsa İsmayılzadə “Azərbaycan” jurnalında özünü hamı ilə pis eliyib, sinəsini qabağa verib yalançı poeziyanın qarşısını kəsirdi. Ələkbər də onun kimi.

Ələkbər Salahzadəni “Ulduz” jurnalından uzaqlaşdırıb “pensiyoner” “Qobustan” jurnalına göndərdilər. Bu vəzifə Qobustan qayalarının qoruqçusu kimi bir şey idi. Ələkbər hətta Anarın, Fikrət Qocanın göndərdiyi şeirlər zəif olanda buraxmırdı.Ələkbərin o vaxt şeiri çıxmışdı: Əsrin havası çatmır, şeirin ortalarında, nəsrin ortalarında. O vaxt mən demişdim, elə bil Əli Kərim şeirinin yeni xələfləri gəlir. Heyf Ələkbərdən, heyf. Yazıçılar Birliyinin iclasında özümdən getmişdim, gözümü açanda Ələkbəri gördüm. Həkimdən də, loğmandan da, bəlkə İbn Sinadan da yaxşı qayğıma qaldı”.

Səlim Babullaoğlu: “Ələkbər Salahzadə 60-cı illərin sonu, 70-ci illərin birinci yarısında parlayan, Ramiz Rövşənlə Çingiz Əlioğlunun nəsildaşı olan olduqca istedadlı bir şair idi. İndi böyük şair sözünü çoxlu adamların adının qabağında yazırlar. Amma Ələkbər Salahzadə böyük şair deyilən kateqoriya var ki, ora aid idi.

Ələkbər Salahzadənin poeziyasında bizim şairlərdə az rast gəlinən estetizm var idi. O sözlərlə dəqiq işləməyi, sözləri seçməyi, sözlərlə yaxşı mənada peşəkarcasına oynamağı sevən şair idi. Eyni zamanda, yaxşı şair olmaqla yanaşı Ələkbər Salahzadə çox yaxşı redaktor idi. Mən onun “Ulduz” jurnalındakı redaktorluğunu xatırlayıram. Bir neçə dəfə əməkdaşlıq etmişəm. Təvazökar insan idi. Yəni, belə deyək də qalmaqallardan, səs-küydən uzaq olan, gözə girməyə çalışmayan təvazökar insan idi. Nə deyim, vallah. Allah rəhmət eləsin!”.

# 3967 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #