Yatağım üç min ildir yığılmır – Qaraqaplandan Yeni Şeirlər

Yatağım üç min ildir yığılmır – Qaraqaplandan Yeni Şeirlər
4 iyul 2019
# 13:20

Kulis.az Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir.



Getmək haqqında gəmi şeiri

Bir gün dənizin üstündə bir gəmi görsəniz əgər
Bilin ki, gedənlər dönüb
Ama kimlərə dönüblər bilin ki, bilinmir hələ...

Uçaqlar da yerə ensə, bilin ki, kimlərsə dönüb
Elə qatarlar da elə
Elə avtobuslar da...

Adamların getməsinə üzülməklə olmur bu iş
Adamların dönməməsiylə də olmur
Nə qədər eləsən belə gedənlərin geri dönməməsinə
Səbəb elə gəmilərin olduğunu düşünürsən
Elə uçaq, elə qatar, elə avtobusların da...

Yollar bəzən onu getmək üçündür
Geri dönmək üçün deyil
Gəmilər də o yollarda üzmək üçün
Uçaqlar da süzmək üçün...

Getmək üçün nə qədər yol varsa gedər adamlar

Bir gün dənizin üstündə bir gəmi görsəniz əgər
Bilin ki, gedənlər dönüb
Ama bütün gedənlər yox
Bəlkə də heç getməyənlər
Gedə bilməyənlər dönüb...

Yenə dim-dik ayaqdayam

Yatağım elə dağınıq
Üç min ildir yığılmır
Bu boyda tənhalıqda
Dünya niyə dağılmır?!

Bilirəm ki, gələn gedir
Gedən də gəlmir, nə edim..
Məni bu gözəl dünyadan
Edən də gəlmir, nə edim...

Biraz şeirə bağlıyam
Biraz da səndən asılı
Köynəyim də ipdə qalıb
Sərdiyin gündən – asılı

Soyunub girmişəm evə
İçimi çölə atmışam
Mən yuduğun köynəyimi
Geyinib gölə atmışam

Biraz sudan çıxıb gəldim
Biraz da tənhalıqlardan
Mən guya bir köynək uzaq
Bir köynək yaxınındaykən
Uzaqdım ayrılıqlardan...

Son məktubum da islanıb
Köynəyimin sol cibində.
Yenə dim-dik ayaqdayam
Boğulub suyun dibində...

İnsanlar gedəcəklər

insanlar gedəcəklər həmişə
biz də oturub içəcəyik

bir tanış, bir yad adamın
kafasını yarmasıyla oyalanıb
həyata ən saf yerindən tutunacaq
içimizdə təmizlənə bilməyin acısıyla
yürüyəcəyik səs-küylü küçələrdə

həmin günü bir yad qadın da gələcək
xeyli yaxın bildiyimiz
və o da hər kəs kimi
heç nə olmayıbmış kimi gedəcəkdir...

insanlar gedəcəklər həmişə
və o günün axşamçağı
yəni sən sərxoş olarkən
o qadın çıxıb gələcək
həmişə qələn qadın

hamının həyatından
necə çıxıb getdiyinə şahid olan

gəlib öpəcək səni...

insanlar gedəcəklər həmişə
görəcəksən gedənlərin səbəbləri
dünyadakı ən kiçik şeydən də kiçik

görəcəksən o, sənə bir söz deyəcək:
- nədən sənin kimi bir insan yoxdur ki...

görəcəksən...

bəlkə heç görməyəcəksən:
insanlar gedəcəklər həmişə...

Yoxluğun Unutmaq Halı

dolandı yolculuğum günəşin ətrafında
bir neçə ay da keçdi
bir neçə içkili gecə
doğulanlar ölənlər öldürülənlər çoxaldı
çoxaldı rəsmlərin
sən çoxaldın

qarşıma çıxanları çoxaltdı ayrılıqlar
bir gün içim boşaldı - bir şeir yazdığımda
alışdım yaşamağın gerçək tərəflərinə
alışdım rəsmlərinə
sənə alışdım

gecələrin içkili halından sən yaratdım
qoxladım saçlarını limon qabığı kimi
öpdüm dodaqlarından yağışlar yağdığında
dağıldı sulu günlər quru gecələrimə
rəsmlərini yaratdım
səni yaratdım

gecələr yuxularım sən qoxmağa başladı
başladı yuxulardan hövlank oyanmaqlarım
başladı qəzəb məni sən olmağa qoymağa
durub biraz da içdim dan yeri söküləndə

rəsmləri unutdum
səni unutdum
unutduğum hər şeyi bir kəz daha unutdum...

# 5096 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #