Kim Ki Kitaylı – Nahiddən YENİ HEKAYƏ

Kim Ki Kitaylı – Nahiddən YENİ HEKAYƏ
18 sentyabr 2017
# 17:40

Kulis.az Nahidin “Kim Ki Kitaylı” hekayəsini təqdim edir.

Parlaq metlaxları, rəngli reklamları, gur işıqları olan ticarət mərkəzlərində də olmuşam. Həyəcan sıfır. Nə aldığın əşyanın keyfiyyətli olub-olmadığını deyən var, nə də cibindəki pulu zorla almaq istəyən. Əşyanı seçirsən, ortalıqda gəzən qızlardan kassanın yerini soruşursan, aparatın “cürt” səsini eşidib pulu ödəyirsən. Vəssəlam.

Ən gözəli al-ver mexanizminin bütün tərəflərindən istifadə edildiyi “bazar”lardı. Bir əşyanın beş fərqli qiymətə düşməsi, alıcının, “Haralısan?” sualı, andlar, “Get bundan ucuzunu tapsan gətir qaytar” əminliyi. Hər alver bir marafondu.

Bazar haqqında daha geniş;

Binə ticarət mərkəzində satıcılar satdıqları əşyanın keyfiyyətini alıcılara inandırmaq üçün üç bildirişdən istifadə edirlər;

1. Allah haqqı…

2. O bir balamın canı üçün…

3. Kitayskisidə var, orginalı da…

Xatırlayıram, bu bildirşlərin üzərinə şirkət də qurulmuşdu. Çindən gətirdikləri əşyaların barkodunu söküb, əvəzinə, “Allah haqqı, o bir balamın canı üçün orginaldı” bildirişini tikirdilər. Bu üsul da ən çox qadınları cəlb edirdi. İnam başlıca şərtdir. TED-də həyat hekayəsini danışmağa layiq olan şirkət qurucusuna, “Uğurunuzun başlıca fəlsəfəsi nədir?” sualı ilə müraciət etsəydiniz, belə cavab verərdi: “Bir insan, xüsusilə qadın, “Allah haqqı…” andına inana və ya inanmaya bilər, lakin “o bir balamın canı üçün” cümləsinin içindəki körpə saflığına ürəyi dözməyəcəkdir.”

Bütün iqtisatçılar bilir ki, uğurun fəlsəfəsi yox, pulu olur. Şirkət adlarının – Burda sizin şirkətinizin adı ola bilər(Brendin adını qeyd etmək üçün bir neçə şirkətlə əlaqə saxlayıb təklifimi irəli sürsəm də, “Hekayədə reklam… Maraqlıdır. Birinci dəfədi eşidirik” deyib oxucu sayını soruşdular. Nəticədə razı olmadılar) keyfiyyətin əsas göstəricisi olduğu günə qədər, bazarlarda alıcı-satıcı arasında “Original” bildirişi o qədər işləndi ki, insanların ticarətlə bağlı həyat hekayələri bir-birinin bənzəri oldu.

Bir-birinə bənzəyən həyat hekayəsi:

Qonşumuz Eldəniz kişi vardı. Heç bir kişi həyat yoldaşına onun qədər gözəl, məlahətli, zənguləli qışıqıra bilməzdi. Belə qışqırığın ən avazlısı bir aylıq maaşı uşaqların geyim ehtiyacına dönüb yoxa çıxdığ günlərdə olurdu. Əsas da oğlunun əynində cırılan ayaqqabıya əsəbləşərək, “Az, bəs deyirdin orginaldı” sədasına qabların sınma səsini lirik tonlarla əlavə edib, arvadı Sənubərin “Ayə, balasının canına and içdi” fəryadı ilə küçəyə qaçdığı günlər. 3D film. Tamaşaya 5D effekində baxmaq istəyənlər isə Eldəniz kişinin “Nə baxırsan ə, xiyar?” sualına susub, tulladığı ayaqqabısına yumuşaq yerlərini uzatmalıydılar.

Bir-birinə bənzəyən həyat hekayəsində biz də vardıq. Bu hekayə atamın yüz əli manatlıq balaca, bir otaqlı, kiralıq evimizi “Kitaylıya üç yüz manata verdim” deyib, əlini-əlinə çırpması ilə başlamışdı. Zamanla anamın kitaylılar üzərinə söylədiyi elmi, fantastik məlumatları eşitdikcə, atam dərin fikirlərə daldı. Eşitdiklərindən sonra narahat olsa da, sığındığı təskinlik vardı – Kopay oğlu bizim dildə yaman danışır.

Anamın fantastik məlumatlarından sonra bizi narahat edən üç əsas məsələ;

1. Kitaylıların it əti yeməsi.

2. Kitaylıların hamısının karate ustası olması.

3. Kitaylının orginal kitay olması.

Qərara gəldik. Fikrimizi əsir alan məsələlərin həll yolunu tapmalıydıq. Əsas da kitaylının it əti yeyib yemədiyini bilməliydik. Mənə görə fantastik məlumatları aydınlaşdırmağın bir yolu vardı – Dostum Ayoğlanın (Dostum qəribə adını atasının qız uşağına olan sevgisindən almışdı. “Qızım olsa adını Ayqız qoyacam” deyib, təkrar-təkrar cəhd etməsinin əvəzində “Gözün aydın, oğlun oldu” təbriklərlərindən tükənərək qismətinin acığına sonuncu körpəsinin adını Ayoğlan qoymuşdu) ipək tüklü itini kitaylıya göstərib ağzının sulanıb, sulanmadığını test etmək.

Əməliyyat N1.

Əməliyyatın adı: İt əti.

Plana əsasən kitaylının icarə haqqını ödəyəcəyi gün Ayoğlanın itini “Gəzdirmək” adı ilə götürməli, kirayənişinə göstərib ağzının sulanıb-sulanmadığını müşahidə etməliydim.


Əməliyyat günü deyəcəyim sözləri, edəcəyim hərəkətləri təkrar-təkrar incələdim. Pulu almağa tələsməyəcək, iti yanımda tutub ağ-qara tüklərini sığallayacaqdım.

Zaman yetişdi. Qapının zəngini sıxmazdan öncə iti yanıma dartdım. Dilini çölə çıxardıb ləhləməsi üçün qənd yedizdirdim. Hər şey hazır olduqda zəngi sıxıb gözlədim. İt sağ tərəfimdə oturub yuxarı, üzümə baxır, onun üzərindən oynadığım pis oyundan xəbərsiz, növbəti qəndin şirin dadına yaltaqlanırdı. Üzümə baxdıqca blokun açıq qalmış pəncərəsindən dəhliz boyu uzanan günəş şüası gözlərində əks olunub, parlayırdı. Kitaylı olub belə bir iti yeməmək, kafedə çay dəzgahı gətirilərkən fısdığı götürməmək kimi bir şeydi.

Qapı açıldı. Arıq, cılız bədənli balaca boy oğlan qarşımda dayanıb gülümsədi. Kim olduğumu deyib iti tumarlamağa başladım. “Anadım, anadım” söyləyərək cibindən pul çıxardıb mənə uzatdı. Plan düz işləmirdi. Hərəkətlər sürətli alınır, kitaylı itə baxmırdı. Tələsirdi. Doğru danışacağından qorxan cinayayətkar kimi ehtiyatlı davranırdı. İçimdə, “İtə baxmamaq üçün özü ilə mübarizə aparır” şübhəsinə qapıldım. Qapını bağlamaq istədiyini gördüyümdə əməliyyatda olmayan “B” planına keçdim. Nə edəcəyimi bilmədən “Sibir, əmiyə sağ ol elə” deyib itin sağ ayağını göyə qaldıraraq yellədim…

Əməliyyat N2.

Əməliyyatın adı: Karate ustası.

Planın tərtibi dostlar arasında müzakirə olundu. Atamla anam, ilk əməliyyatdan aldıqları məlumatı əsas gətirərək, “İt əti yeməsin bəsimizdi” deyərək tərəfdaşlıqdan boyun qaçırdılar. Müzakirə olunan plana əsasən on nəfərlə gecə yarısı, binanın qaranlıq tinində kitaylının yolunu kəsməli, “Haca” deyib üzərinə tullanmalıydıq.

Kitaylını gözlədiyimiz, əslində isə bu gün gəlməsini istəmədiyimiz altıncı gecənin ən vahiməlisiydi. Üstəlik on nəfərlik qrupdan altısı qorxaq çıxmışdı. Qəfil başlayan küləkdən blokun açıq qalmış pəncərəsinin paslı petləsi aramsız cığıldayır, uzaqlardan dəmir qapıların səs-küyü, açılıb-bağlanması eşidilir, küçədən addım səsləri çoxalıb azalırdı. Kitaylı beş dəqiqəyə gəlməsə daha gözləməyəcək, dağılışacağımıza qərar vermişdik. Tərs iş tərsdi. Kitaylı beş dəqiqənin dolmasına on saniyə qalmış işıqlı küçədən qaranlıq tinə buruldu. Qorxub, çəkilmək olmazdı. Gözümüzü yumub “Haca”, “Hayy”, “Kida” sədalarıyla dörd tərəfdən üzərinə tullandıq.

Tələsdiyimizdən, daha doğrusu, qorxduğumuzdan aramızdan heç kim kitaylının arxasınca qaranlıq tinə burulan beş nəfəri görməmişdi.

Əməliyyat N3

Əməliyyatın adı: Kimlər kitaylıdır?

Bir kitaylının kitaylı olub-olmamasını hansı yolla sübut edəcəyimə qərar verə bilmirdim. Üstəlik, qəsəbənin hər küncündə kitaylılar tərəfdən döyülməyimiz min bir gecə nağılına dönmüşdü. Hər tinin öz hekayəsi vardı.

Plan tərtibsiz qalmışdı. Kömək gözlədiklərimin dediyinə görə bütün qıyıq gözlülərin hamısı kitaylı, adları Kim Çan Çin, yeməkləri də it əti idi.

Düşünürdüm: Demək dünyanın qarşılaşdığı ən çətin vəziyyətlərdə, hər şeydən uzaq, meşənin içində, taxta evində odun doğrayan Conun ümidlərin öldüyü, dünyanın təslim olduğu an meydana çıxıb bütün problemləri dəf etməsinə inanmamaq insafsızlıqmış. Demək, hər şey doğruymuş. Demək filmlər həqiqətin obrazalı ifadəsiymiş.

Dünya üzərində yaşayan bütün qıyıq gözlülərin kökü haqda saytdan sayta məlumat toplayıb, suallarıma cavab axtardığım günlərin birində, anam telefonu sinəsinə sıxıb otağımın qapısında görsəndi. “Kitaylı zəng eləyib, qaranlıq tində baş verənlərlə bağlı, üzrxahlıq etmək, səni görmək istəyir” cümləsini eşidəndə, “O gəlməsin, mən gedərəm” deyib evdən çıxdım. Kimlərin kitaylı olduğunu bir kitaylıdan başqa heç kim bilə bilməzdi.

İçəri dəvət alıb, divana doğru uzanan əlin istiqamətində irəlilədim. Oturduq. Söhbətə hardan başlayacağını bilməyən iki insanın aldığı səsli nəfəsi biz də aldıq, fısıldadıq, növbə ilə tavana, divara, pəncərədən çölə boylanıb, dırnaqlarımızın içini təmizlədik. Məndə “Kimlər kitaylıdır?” sualını verib hissiyatına toxunmaq, onda isə bütün insanlarda olan “Üzr istəmək” utancaqlığı vardı.

Uzun fasilədən sonra, buralara necə gəldiyini maraqlı hadisə kimi danışmaq istədiyini dedi. Razılaşdım. Çay süzüb, gəzib-dolaşdığı, işlədiyi ölkələrdən, insanlardan söhbət açdı. Gördüyü çətinliklərdən, qarşılaşdığı problemlərdən bəhs etdi. Onu lağa tutanlardan, barmaqları ilə gözlərini qıyıq edən uşaqları xatırlayıb güldü.

Danışdığı hadisələr maraqlıydı, bircə demək istədiyi sözlərin qarşılığını dilimizdə tapmayanda əllərini mənə doğru uzadıb çırtma çalması bezdirici idi. Qafiyə tapa bilməyən meyxanaçılara oxşayırdı.

Cır səsi ilə sualıma cavab olmayan hadisələrdən uzun-uzadı danışıb anidən susdu. Dalğın gözlərimi görmüşdü. Bir müddət üzümə baxıb ciddiləşdi – Əsgərlikdə – dedi – arıq oğlan idim. İlk günümü xatırlayıram – Hərbi formanı geyindiyim günü. Batinkanı bir ölçü böyük vermişdilər. Dəyişmək istədiyimi dedim. Zabit, “Bir aydan sonra ayağın batinkanın içində şişəcək. Onda gəlib canıma dua edəcəksən” dedi. Heç nə anlamadım. Məcbur, geyindim. Bir ay tamam olana qədər yerişim dəyişdi, hər addım atdığımda elə bilirdim ağır bir daşı geridən götürüb önümə qoyuram. Fikrim ayaqlarımda qalmışdı. Hər gün, “Canıma dua oxuyacaqsan” deyən zabitin canına azar oxuyurdum. Sonra bilirsən nə oldu? – Çiynimi çəkdim – Möcuzə. Bir ay keçdi, ayağım batikanın ölçüsünə uyğunlaşdı. Yerişim düzəldi, addımlarım havada quş kimi süzdü. Uzun müddət bu işin sehrindən çıxa bilmədim. Yaşadığım hər şeyi batinka ilə əlaqələndirməyə başladım. Həyatı başa düşdüm. Evdən çölə çıxmaq istəməyən anamı, dediyini qəti olaraq dəyişmək istəməyən atamı, küyə gedən kütləni…


Gəzdiyim, işlədiyim bütün ölkələrdə hamı ən pis tərəfləri ilə üstümə gəldi. İt əti yeyib-yemədiyimi sual etdilər, arxamca Cek Can qışqırıb təpik atdılar, adımı Kitaylı qoyub gerçək adımı soruşmadılar. Haya-küyə gedən cəmiyyətin içi qaranlıq batinka olduğunu anladım. Hər şeyi, hər kəsi öz formasına salmağa çalışır. Dəyişməsəm, ayaq kimi zamanla şişib kütlənin ölçüsünə uyğunlaşacağımı hiss etdim.

Sonuncu cümləsini bir neçə dəfə təkrarladı. Belə cümlələri əsasən səsləndirdiyi fikir ətrafında müzakirə aparmaq istəyən insanlar qurur. Ən çox da dediklərinin təsdiq olunmasını gözləyirlər.

(Burda sizin adınız ola bilər) dediklərinə əlavə edəcəklərimi gözlədi. Danışmadım. Əsgərlikdə ayağımı sıxan "batinka"nı fikirləşdim. Üzüm turşudu. Lənət olsun. Həmin "batinka" nə zaman yadıma düşürsə baş barmaqlarımın mazolu sızıldayır.

06.2017

# 1276 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #