Nicat Həşimzadə: “Gərək Müşfiqin arvadı özünü öldürəydi”

Nicat Həşimzadə: “Gərək Müşfiqin arvadı özünü öldürəydi”
17 fevral 2016
# 16:55

Kulis gənc yazar Nicat Həşimzadə ilə müsahibəni təqdim edir.

- Özün haqqında bir az məlumat verərdin...

- 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəblə bərabər musiqi məktəbində də oxumuşam. Mühasibat uçotu üzrə kollecə daxil olmuşam. Hərbi xidmətdən sonra universitetə qəbul olundum.

- Ədəbiyyata gəlişin necə oldu? Kim səni aldatdı ki, istedadlısan?

- Əslində mənə deyilənlərə qulaq asıram, amma heç vaxt axıra qədər inanmıram – gülür. Uşaq vaxtı kitablar oxuyurdum, oxuduqca düşünürdüm ki, mən də bu müəlliflərdən biri ola bilərəm. Sual yaranırdı içimdə. İlk dəfə 8 yaşında şeir yazmışam, musiqi müəllimimizə həsr eləmişdim. Sevgi şeiri idi. O da hər dərs məni küncə qoyurdu – gülür.

- Müəlliməni sevirdin?

- Sevirdim. Özü də ona uşaq sevgisi deməzdim. Uşaq sevgisindən böyük bir şey idi. Şeiri yazdım, verdim müəlliməyə, oxudu, cırıb tulladı.

- Bəs nə vaxt çap olundun?

- 2010-cu ildə “Ulduz” jurnalında çap olundum. Uşaq vaxtı yazdığım bir hekayə idi. O hekayəni uşaq ədəbiyyatı sayardım elə. Bu birinci və axırıncı dəfə “Ulduz”da çap olunmağım oldu. Bir də yolum oralara düşmədi – gülür. Sonra saytlara yazılar göndərməyə başladım. Çox əsəbiləşirdim, neçə portala yazı göndərirdim, qəbul etmirdilər. Bir dəfə dedim ki, +18 yazım, görüm reaksiya necə olacaq. Yazıb göndərdim, iki-üç sayt qəbul elədi, çap olundu o yazı. Maraq da yarandı. Sonra fikirləşdim ki, bunu eləməyə məcbur idim mən. Gördüm vəziyyət belədir, başladım o biri yazılarımı da +18 adı ilə çap etdirməyə. – gülür. – Adamlar oxumadan başlayırdılar tənqid etməyə. Görürsən ki, mətndən xəbəri yoxdur, amma adamla dalaşır.

- +18 yazından əvvəlki yazdıqlarını niyə qəbul etmirdilər?

- Ola bilsin, zəif yazılar idi. Bəlkə elə indi də zəif yazıram, onu dəqiq bilmirəm.

- Azad Yazarlar Ocağının üzvüsən. Gənclər var həmişə birinci AYB-yə gedir. Səndə necə oldu? Niyə AYB yerinə, AYO-ya getdin?

- Bir neçə tanınmış müəlliflə məsləhətləşdim bu haqda. Onların arasında AYB üzvləri də vardı. Hətta onlar mənə məsləhət gördülər ki, sən elə AYO-ya getsən yaxşıdır. Deməli, öz taleləri ilə barışıblar. Bilirlər ki, orda perspektiv yoxdur, sadəcə günlərini keçirirlər.

- Kimlər dedi ki sənə?

- Şəxsi söhbəti açmasam yaxşıdır. Amma bununla da razılaşmıram, deyirlər ki, AYB-də istedadlı adamlar yoxdur. Səlim Babullaoğlu var, məsələn, yaxşı şeirlər yazır, İlqar Fəhmi istedadlı adamdır. Yəni istedad AYB, ya da AYO ilə ölçülmür. Mənim AYO-ya getməyim belə oldu: tək mübarizə aparırdım və sıxılmağa, darıxmağa başladım. AYO-nun bir andı var, onu oxudum, prinsipləri xoşuma gəldi, getdim ora.

- Amma indi elə bil AYO-da imza yoxdur. Əvvəlkilərə baxıram: Seymur Baycan, Aqşin Yenisey...

- Hərdən mənə elə gəlir ki, maddi qayğılar yazarları əridir. Mən də elə bu maddi sıxıntılardan qurtulsam imzamı təsdiq edə bilərəm. Sən bir hekayə yazırsan, amma borc haqqında düşünürsən. Belə alınmır, mövzunun diqqətindən yayınırsan. Həm də özümü dahi hesab etmirəm. Deyirlər, Nicat dartır özünü. Bunu oxucu tutmağa görə eləyirəm.

- Belə bir şey eşitmişəm sənin haqqında. Məclisdir, tanınmış yazarlar oturub. Qəfil sən gəlmisən, girib içəri Zamin Hacının kürəyindən vurub demisən ki, halaldı, yaxşı yazırsan...

- Elə bir hadisə yadıma gəlmir. Bəlkə də içkili olmuşam, elə eləmişəm. Hər şey ola bilər, amma xırdalıqlarına qədər yadımda deyil. Mübarizə aparmağın yolları var da. Mən sağlam mübarizə aparıram.

- Sonra danışıblar mənə ki, Nicat bir dəfə dəxilsiz bir lətifə danışdı, heç kim gülmədi. Yazarlar tamam başqa bir şeydən danışırmış, sən də bu lətifəni danışmısan, heç kim gülməyib.

- Ola bilər olub belə söhbət də. Xatırlamıram. Dost məclisində hər şey olar.

- Davakar birisən?

- O qədər yox. Düşünürəm ki, mən də o dava eləyənlərin bir parçasıyam. Hərdən səhər duranda düşünürəm ki, kimdən dalaşım görən, bu nə sıxıcı həyatdır. Mübarizə yaxşıdır, özü də ən əsas intellektual mübarizə. Bu kitaba aparan yoldur.

- Bayaq sağlam mübarizə dedin, yadıma düşdü. Anarın “Göz muncuğu” povestini tənqid etmisən. Əsasən yazıçının dilindəki qüsurlardan yazmısan. Amma yazıya baxdım, sənin köşənin dili də çox qüsurlu idi axı...

- Bilirəm, tələsik yazmışdım.

- Axı söhbət Anarın dilindən gedirdi... Bəlkə sadəcə AYO-da olduğun üçün yazmışdın o yazını.

- Yox, mən AYO-da olmadan əvvəl yazmışdım, sonra üzv olmuşdum. Əslində etiraf edim ki, o yazını məzələnmək üçün yazmışam. Yəni dili elə qüsurlu olan əsəri elə də təqdim etmək lazımdır.

- Anarın hansısa cümləsini göstərirsən və buna görə deyirsən ki, o ciddi yazıçı deyil.

- Hamı Anarla vuruşur və mənə elə gəlir ki, Anar böyük adamdır. Məsələn, mən Anarın yerində olsaydım, infarkt olmuşdum. Adamın üzərinə bu qədər təzyiq olmaz ki...

- AYO-nun andını pozursan...

- Yox, məsələ Anar deyil axı. Tutaq ki, Məmməd, Əhməd gəlsin, ondan da Anar düzəldəcəklər. Əsas odur ki, Anar unudulmur. Həmişə aktualdır.

- Sənin bu klassik ədəbiyyatla alıb verə bilmədiyin nədir bəs? Kitabının girişində yazırsan ki, Azərbaycan oxucusunu Mikayıl Müşfiqlə, Abbas Səhətlə aldadıblar. Səncə, Mikayıl Müşfiq necə şairdi? Mənə maraqlıdır.

- Demirəm, zəif şairdir. Bilirsiniz, zəif şair ayrı, bir də var cəmiyyətə mübarizə üsulu öyrədən, ideya yaradan şair. Mənə ənənə yaradan yazıçı və şairlər maraqlıdır. Mikayıl Müşfiq ənənə qoymayıb axı. Axundov, Sabir ənənə yaradıb, amma Mikayıl Müşfiq yox.

- Ənənə yaratmayıb deyirsən. Bunu necə anlayaq? Kulisdə sorğu keçirilmişdi, XX əsrin ən yaxşı şeiri Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri qalib oldu.

- Ola bilər insanlar sentimental şeirləri sevir. Amma mən sevmirəm. Azərbaycan ədəbiyyatında mən bir şeyi başa düşmürəm. Məsələn, Stefan Sveyqin qadını onunla bir yerdə intihar eləyib. Yəni qadın ərinin yazdıqlarına inanıb. Bizdə isə Müşfiqi güllələyiblər, Dilbər normal həyatını yaşayıb. Ya da Əhməd Cavadın xanımı...

- O da sürgün olub...

- Düzdü, bilirəm, məhrumiyyətlər yaşayıb. Ancaq Dilbər inanmayıb Müşfiqin yazdıqlarına. Elə o birisi qadınlar da həyat yoldaşlarının yazdıqlarına inanmayıb.

- Səncə, nə etməli idilər?

- İntihar edəydilər. Niyə intihar etmədilər ki? Tutaq ki, Müşfiq güllələndi. Amma qadını bundan sonra yaşadı.

- Nicat, Sveyqlə qadını bir yerdə intihar yolunu seçiblər. Ancaq Müşfiqi güllələyiblər...

- İkincisi daha ağırdı axı.

- Nə demək istəyirsən? Dilbər deməliydi ki, məni də güllələyin?

- Yox, sadəcə maraqlı orasıdır ki, əri öləndən sonra necə yaşayıb. Mən ittiham eləmirəm. İçimdə şübhələr var.

- Mikayıl Müşfiqin yaradıcılığını doğrudan bəyənmirsən?

- Əslində Mikayıl Müşfiq mənim sevdiyim şair olub. Sonra dünya ədəbiyyatını oxuyanda gördüm ki, biz neçə əsr geridə qalmışıq. Qəzəbim yoxdur Müşfiqə. Kəramət Böyükçöl də bu haqda yazmışdı, adam tez ölüb deyə bizim ona yazığımız gəlir. Yazıq deyib sonra deyirik ki, yaxşı şairdir. Mən bununla barışa bilmirəm. Bu adam niyə yazıq olur ki? Mübarizə aparıb öldürüblər də. Biz bu adamları yazıq şairlər kimi göstəririksə, bəs bizim qəhrəman şairlərimiz kimlərdir? Heç biri.

- Sənin qadınlarla da aran yoxdur. Özü də bu mənada Seymur Baycanın davamçısı kimi görənlər var səni. Doğurdan, Nicat, qadınlardan nə istəyirsən?

- Bir dəfə dostum da mənə eynən bu sualı verdi. Mən də dedim ki, kimdə nə yoxdursa, ondan danışır. – gülür. – Bəlkə də elə buna görədir.

- Belə bir status yazmışdın: “Ömrü boyu bir dibçəyə bir stəkan su verməyən, lakin bir buket qızılgül hədiyyə alanda sevinən qadınlar var. Onlar qızılgülün ətrinə, təravətinə görə yox, qızılgüllərə sərf olunan pullara görə xoşbəxtdirlər. Bir bəy 100-150 manat qızılgül dəstəsinə pul verir, xanım da bu dəyərdən məmnun olur. Güllə sağlam, savadlı nəsil qurmaq olmaz. Bir də görürsən bığıburma, enlikürək kişilər əlində özü boyda panda hansısa xanımı gözləyir. Belə kişilərlə eyni cinsə sahib olduğum üçün utanıram. Bir yəhudi, bir alman əsla belə gic-gic hədiyyələr almaz”. Səncə, qadına bir gül alınmasını bu qədər faciəyə çevirmək doğrudurmu?

- Faciəyə çevirmirəm, sadəcə maraqlısı odur ki, bir adam niyə 500 manatlıq gül buketi alır, ya da 200 manatlıq panda. Bunun mənası nədir ki? Heç bir işinə yaramayan şeyi niyə alırsan ki? Elə bir şey al ki, nəyəsə yararlı olsun. Gül aldın, sonra da soldu getdi. Hə, nə olsun? Solmuş yarpaqlarını saxlayacaqsan? – gülür. – Mən düşünürəm ki, kişi özü tapdığı bir şeyi hədiyyə eləməlidir, öz kəşfi olmalıdır. Mağazadan pulla almağı hamı bacarar.

- Çox vaxt qadınlar haqqında qəzəbli yazılar yazanda deyirlər ki, onu atıb gedən bir qadın olub, müəllif də öz intiqamını alır. Ya da daha pis: deyirlər ki, geydir. Sənin yazılarına bu cür reaksiyalar olub?

- Açığı, elə mesajlar çoxdur. Facebookda mesaj bölümlərimə baxsaq, doğrudan çox maraqlı nəticələrin şahidi olarıq. Fikirləşirəm ki, bəlkə o təhqirlərdən, nifrət yağan sözlərdən ibarət gələcəkdə bir kitab çıxardım. Sırf oxucu söyüşləri, heç nəyi çıxartmadan olduğu kimi çap etmək.

- Ən çox yadında qalan hansıdır?

- Məsələn, bir xanım yazmışdı ki, siz qadınları tənqid edirsiniz, amma özünüz Balzak kimi yazmırsız? Mən də ondan soruşdum ki, bəs siz niyə Cenifer Lopez kimi seksual deyilsiniz? – gülür.

- Bayaqdan deyirsən, məni təhqir edirlər-filan. Sən özün sataşıbsan ki, oxucuya. Bəlkə də qadınla münasibət qura bilmirsən. Nəsə problem yoxdur ki?

- Yox, artıq problem yoxdu. sevgilim var.

- Onda sevgilin olmadan əvvəl qadınlar haqqında qəzəbli yazılar yazırdın...

- Yeri gəlsə indi də yazaram. Bizim qadınların sənətə qarşı münasibəti adamı yandırıb yaxır. Qadının missiyası kişidən çoxdur axı. Anadır, uşaq böyüdür, paltar, qab-qacaq yuyur. Qadının missiyası çoxdur deyə, düşünürəm ki, o, sənəti kişidən daha yaxşı başa düşməlidir. Bizdə isə əksinədir. Sənətə ciddi yanaşmır qadınlarımız. Kişi yazı yazır, deyir ki, get kartof al. Sonra da hamısı səsini başına atır: bizə ədəbiyyat lazım deyil. Ona görə də kimsə mənə yazar deyəndə utanıram. Çünki bizdə ən çox tanınan, ən çox tirajı olan yazarlar öz hesabına kitabını çap etdirirlər.

- Çox tanınan, tirajı çox olan yazarlar dedin. Keçən dəfə sənin bir statusunu gördüm: “Guya mən Azərbaycanda ən çox tanınan, oxunan müəllifəm. Amma kitabımdan cəmi dördü satılıb”. Doğrudan özünü oxunan müəllif hesab edirsən?

- Açığı, özümü çox oxunan müəllif saymıram.

- Bəs niyə statusda elə yazmışdın?

- Yəqin hansısa halla bağlı olub yazdığım. Ola bilər bir anlıq elə düşünmüşəm. Əslində, Facebookda yazdıqlarımı insanlar məndən daha çox ciddiyə alırlar. Mən orda bir az şənlənirəm, əylənirəm, ağlayıram, ağlıma gələn hər cür dəliliyi eləyirəm. Onlar da ciddi başa düşürlər. Axı virtualda adamı necə tanımaq olar? Düzdü, orda səmimisən, cəsarətli şeylər yazırsan, amma Facebookdakı statuslarınla səni tanımaq olmaz axı.

- Özünü Seymur Baycana oxşadırsan deyəsən. Statusunu zarafatla yazsan da...

- Açığı, bu Seymur Baycana oxşatmaq məsələsi məni narahat edir. Yəni, kiməsə heç vaxt oxşamaq istəməmişəm. Ola bilər hansısa fikri xoşa gəlib, ağlımda qalıb, mən də təzədən yazmışam. Əslində, düşünürəm ki, bu təkrarlamaq normal bir şeydir. Məsələn, mən hansısa şairin şeirini oxumuşam, orda bir misra yadımda qalıb, elə bilmişəm onu özüm yazmışam.

- Dedin, heç kimə oxşamıram, amma təkrarlamaq normaldır. Bu bir az aydın olmadı. Belə çıxır ki, sən Facebookda kiməsə oxşayırsan, realda isə başqa birinə. Yəni virtualdakı Nicatla realdakı Nicat arasında dağlar qədər fərq var...

- 80 faiz eyniyəm demək olar. Orda yazdığım qıcıqlandırıcı statuslar xeyli müzakirə olunur. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında çatışmayan bir şey var: yazdığın heç bir reaksiya yaratmır. Yaxşı yazılar da, müəlliflər də var, ancaq heç kimdən səs-soraq çıxmır.

- Həm deyirsən statuslarım müzakirə olunur, həm də deyirsən, reaksiya doğurmur. Bunu necə anlayaq?

- Bu, yalnız mənim fikirlərimdir. Ona görə maraq doğurur. Hekayə, şeir deyil axı. Status müzakirə olunur ancaq.

- Bəlkə hekayən, şeirin zəifdir?

- Ola bilər, yaxşı yaza bilmirəm. Bəlkə də ona görədir. Fikirləşmişəm bu haqda. Baxıram, yaxşı hekayə bildiklərimdə də reaksiya olmur. İnsanlar istəyirlər ki, onların istədiklərini yazasan.

- Sənin statusların yada düşür həmişə. Ədəbi mühitə soruşsan, Nicat Həşimzadəni heç kim tanımır. Səncə, həqiqətən belədir? İmzanı təsdiq edə bilmisən yəni?

- Məni tanıyırlarmı, bilmirəm. İmzamın təsdiq olunması da sual altındadır. Ancaq Facebook məsələsi doğrudur. Mən yay vaxtı hesabı dondurdum və tamamilə unuduldum. Maraqlanan olmadı, telefon nömrəmi bilənlər də zəng eləmədi, heç mesaj da yazmadılar. Belə çıxır ki, həyatımız Facebookdan asılıdır. Facebook olmasa bu gənc yazarların çoxu unudular.

- Tutaq ki, Salam Sarvan, sonra Aqşin Yenisey var. Ya da gənclərdən Aqşin Evrənin adını çəkmək olar. Mənə elə gəlir ki, onlar Facebooku bağlasalar da, yenə oxunacaqlar, heç bir şey itirməyəcəklər. Facebooku bağlasan sən heç kimin yadına düşməyəcəksən.

- Mənim dediyim məsələ ayrıdır. Məsələn, o adı çəkilən müəlliflər Facebooku bağlasalar kitabları iki-üç ayın içində satılıb qurtaracaq, ya yox? Adamlar niyə səni Facebookdan tanımaq istəyirlər, ancaq kitabını almaq istəmirlər?

- Pulsuz başa gəlir, ona görə...

- (Gülür) Doğrudur, yəqin ona görə kitablarımız satılmır. Mən də pul verib kitab alıram, bütün günü oxuyuram.

- Kitab oxumaq dedin. Sən bir də görürəm, aya 30 kitab oxuduğunu yazırsan, siyahını paylaşırsan. Bu kitab oxumaqla qürrələnmək deyil ki?

- Qürrələnmirəm. Bacarsaydım, daha çox kitab oxuyardım. Oxumadıqlarımın yanında oxuduqlarım heç nədir. Demək olar, heç nə oxumamışam oxumadıqlarıma baxanda. Amma məsuliyyətimi artırır. Məsələn, fikirləşirəm ki, bu ay hesabat yazacam Facebookda, mən gərək 20 kitab oxuyum. Nə işim olur-olsun, çay içəndə, qoy yarımçıq qalsın, amma kitabı oxuyum.

- Məsələn, mən Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”ının təsirindən bir neçə müddət çıxa bilmədim. Amma sənin oxuduğun kitabların siyahısını paylaşdığını görəndə düşünürəm ki, bu adama o əsərlər təsir etmir. Həqiqətən elədir? Yəni, yalnız hesabat vermək üçün oxuyursan?

- Bu çox ciddi məsələdir. Məsələn, Drayzerin “Dahi”sini oxuyandan sonra Enis Baturun “Alma” kitabını oxudum, mənim üçün ikincisi çox müasir əsər təsiri bağışladı. İndi Şərif Ağayarın “Gülüstan” romanını oxuyuram, növbədə başqa kitablar da var. Ancaq hələ də Drayzerin “Dahi”sinin təsirindəyəm, tam çıxa bilməmişəm. Mənə ən çox təsir edən Cek Londonun “Martin İden”i olub, təkrar oxumuşam neçə dəfə. Bir də Dostoyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar” romanı. Üç dəfə oxudum bu kitabı.

- Bayaq deyirdin sentimentallığı sevmirəm. “Alçaldılmış və təhqir edilmişlər” kifayət qədər sentimental əsərdir...

- Sentimental olsa da, real həyatdan yazıb. Bir var real həyatdan yazasan, bir də var kimsə sevgilisinə şeir ithaf etsin. Mənim nəyimə lazımdır kimsə sevgilisinə şeir yazıb? Bu mənə maraqlı deyil. Amma onun ictimai, sosial yüklü yazısı məni özünə çəkər.

- Səncə, o şeir bəşəri ola bilməz? Məsələn, Nazim Hikmətin sevgililərinə yazdığı şeirlər var, oxuyanda sənə də, mənə də, başqalarına da maraqlı gəlir, təkcə o qadınlara yox...

- Mən bir fikir yazmışdım bir neçə ay əvvəl. Bizim sevgi şeiri kimi oxuduqlarımızın, sən demə, başqa mənaları da varmış. Məsələn, son vaxtlar “Azad bir quşdum” mahnısını dinləyirəm. Sözləri Cəfər Cabbarlıya məxsusdur. Elə bilirdim, sevgi şeiridir, amma sonradan mənə dedilər ki, o şeir cümhuriyyətin tənəzzülünə həsr olunub. Sonra tutaq ki, “Şuşanın dağları”, sən demə, bayrağa həsr edilibmiş.

- Mənə bəzən elə gəlir ki, Nicat Həşimzadə bu dünyadan deyil. Sən nə yeyirsən, nə içirsən, vaxtını necə keçirirsən? Həqiqətən mənə Nicatın bir günü maraqlıdır.

- Demək olar, mən də sadə bir həyat yaşayıram. Səhər yuxudan dururam, əl-üzümü yuyuram, yeməyimi yeyirəm. Sonra universitetə getmək lazımdırsa, gedirəm, əks təqdirdə oturub evdə kitab oxuyuram, yazımı yazıram. Son vaxtlar adamlardan qaçıram. Vaxt itirmək istəmirəm. Hamı ilə görüşmək olmur axı. Fikirləşirlər ki, Nicat təkəbbürlüdür, adam saymır. Ancaq heç düşünmürlər ki, bu adamın işi-gücü var.

# 3831 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #