"Bu yerlərdə mən sənsiz nə çəkirəm, bilərsən!" GÜNEL TREU

"Bu yerlərdə mən sənsiz nə çəkirəm, bilərsən!" GÜNEL TREU
4 aprel 2015
# 10:02

Kulis Günel Treunun yeni şeirlərini təqdim edir.

Vahə

sən mənim vahəmsən,

mən sənin səhran

həsrətim səpilib

dörd bir yanına

sənə can atırlar qum dənələrim.

mən sənin yolunda

təcrübəsizəm

ürəyim cat verib,

varlığım yorğun

hər ilğım görəndə kölgən sanıram

bilmirəm hardadı yaşıl torpağın?

baş alıb gedirəm

sarı torpaqda

bəzən addımlarım yarıda qalır.

xatirən beynimdə qum fırtınası

hayana dönsəm də

qum dənələri

hər biri sən olub gözümə dolur.

sən mənim vahəmsən

mən sənin səhran

hər dənəm sən olan yerə can atır.

bir ömür xərcləyib,

sən olan yerə

gözləri qapalı yola düşmüşəm.

ya çox uzaqdasan, ya çox yaxında,

hər dəfə üzümü tutub göylərə

üsyan elədikcə,

bilirəm sənə

nə ünüm yetişir,

nə səsim catır.

üzündə min sual,

lal baxışları

çaşqındı yanımdan ötən sarvanın.

nə yol soruşuram,

nə də zamanı.

o haradan tanısın sən olan yeri?

mənim ürəyimin yükü ağırdı,

yükləmə boş yerə nər dəvələri

çıx get bu yerlərdən,

karvan yiyəsi

daşımaz bu yükü sənin karvanın.

Qəfil qapı döyülə...

qəfil qapı döyülə açıb görəm ki sənsən,

əlində gül dəstəsi, köynəyinin təzəsi...

itirərəm özümü çökərəm dizi üstə.

əyilib qaldırarsan məni çökdüyüm yerdən.

səninlə bu görüşü

xəyal edirəm hərdən...

səni görsəm neylərəm, sarılaram boynuna

möhkəm qucaqlayaram, hönkürüb ağlayaram.

qoxlayaram sacının telini bircə-bircə.

kövrələrsən əzizim, inan ürəyin yanar

onda görərsən sənə

necə həsrətəm necə!

gözlərimdən yaşları əllərinlə silərsən.

bu yerlərdə mən sənsiz nə çəkirəm,

bilərsən!

söykəyərsən üzünü gözlərimdən süzülən,

yaş bürümüş üzümə.

çətin gələm özümə!

xəyallar yorur məni,

nolar, gəl görüm səni...

baş qoyduğum yastığı sinən bilib, yatıram.

aldadıb ürəyimi, öz başımı qatıram!

onsuz da çəkilmirsən gözlərimin önündən.

axşam tez yatıram ki, heç olmasa yuxuda

səni görüm yenidən.

sənin özündən başqa

nə istəyim ki səndən?

qəfil qapı döyülə acıb görəm ki sənsən...

Bilirsən ən pisi nədi?

bilirsən ən pisi nədi?

darıxmağı unutmaqdı

unudursan darıxmağı

adiləşir gözündə

dünən əlçatmaz olan.

sanki o sən deyildin,

gözü uzaqda qalan.

adiləşir darıxmaq...

bilirsən ən pisi nədi?

ağlamağı unudursan

boğulursan!

yığılırsan

boğazadək

marağında olmur heç kim

səni hərə bir cür yozur,

yuxu kimi

ögey gəlir sənə hamı

gözün ancaq onu gəzir.

bilirsən ən pisi nədi?

öz-özünlə danışırsan

qarşında o varmış kimi.

öz-özünə sual verib,

özün cavab axtarırsan

suallara...

bilirsən ən pisi nədi?

hər kəs sənin ürəyində

fırtınanı görə bilmir

gülüşünlə aldadırsan

hər adamı.

axı damla yaş axarsa

gözlərindən

aciz bilər səni hamı.

bilirsən ən pisi nədi?

o insanın xəyalıtək

sənə kimsə doğma deyil

səni kimsə ovutmur,

öz dünyanda yaşayırsan.

bilirsən ən pisi nədi?

acıq-aşkar, bilə-bilə

kiməsə qurban verdiyin

ömür geri qayıtmır...

# 4824 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər