İsa peyğəmbərin atası varmış? ARAŞDIRMA

İsa peyğəmbərin atası varmış? <span style="color:red;">ARAŞDIRMA
21 oktyabr 2014
# 08:30

Kulis.Az Ertoğrul Özkökün məqaləsini təqdim edir.

1859-cu ilin gözəl bir günündə Almaniyanın Binderbrück qəsəbəsi yaxınlığında dəmir yol inşaatı üçün qazıntı işləri aparan fəhlələr bir məzara rast gəldilər. Bu qədim Roma məzarlığı idi.

Məzarlıqdan çıxan yazı və heykəllər, yaxınlıqdakı Bad Kreuznach qəsəbəsində yerləşən Römerhalle muzeyinə təhvil verildi. İkinci Dünya Müharibəsində ərazidəki bütün binalar bombalanaraq dağıdıldı.

Ancaq bu binaya bircə bomba belə düşmədi. Bu bir təsadüf idi, yoxsa muzeyin taleyini dəyişən bir gücmü vardı? Bu detal o vaxt çox adamın diqqətini çəkmədi. Ağır günlər idi və insanların ancaq itirdikləri yaxınlarının acısını yaşayacaq qədər taqəti vardı.

Qəsəbə sakinləri bu barədə heç zaman düşünmədilər. Həyat yenidən öz axarına düşdü. Müharibə yaraları sağaldı. Sonra qəribə bir şey oldu.

Muzey işçiləri bir gün otaqların birində yağlı boya ilə çəkilmiş bir neçə tablo tapdılar. Halbuki o günə qədər həmin otağa çox adam girib-çıxmışdı. İşçilərdən biri özündən əmin şəkildə dedi: “Hələ keçən həftə bu otağa girmişdim. Bu tablolar yox idi”. Bəziləri isə “Yaxşı görək, bəlkə də bizim gözümüzdən qaçıb” dedi.

Bəzi insanlar üçün metafizik açıqlamalar, eyni şeyi dünyəvi həqiqətlərlə açıqlamaqdan daha asandır. Daha da inandırıcıdır.

O gün muzeydə həqiqət olan yeganə şey o tabloları əvvəllər heç kəsin görməməsi idi. Amma tablolarda elə bir şey vardı ki, bir müddət sonra muzeyin taleyini dəyişdirəcək bəzi hadisələrə səbəb olacaq, o günə qədər muzeyin alınyazısına laqeyd olan insanların başına başqa şeylər gələcəkdi.

Tablolar 1860-cı ildə çəkilmişdi. Yəni dəmir yolu fəhlələrinin o məzarı tapdıqları vaxtdan bir il sonra. Bir rəssam məzarın tapılması səhnəsini komiks kimi silsilə şəklində çəkmişdi.

O tablonun üzərindəki bir ad o an arxeoloqların diqqətini çəkdi və xristianlıq tarixinin ən maraqlı müzakirələrindən biri başladı.

***

Qəbiristanlıqda tapılan qəbir daşlarından birinin üstündəki romalı əsgər barelyefinin altında belə bir ad yazılmışdı:

“Saydalı Tiberius Iulius Abdes Pantera.”

Bu orada qəbri olan romalı əsgərin adı idi. Altında bu məlumat yazılmışdı:

“Burada Birinci Oxçu Birliyində 40 il xidmət elədikdən sonra 62 yaşında ölən bir əsgər yatır”.

İlk baxışda adi bir Roma əsgərinin qəbri idi. Qəbir b.e. sonra birinci əsrə aid idi.

“Pantera” adı bəzi arxeoloqlara bəzi şeylər xatırladırdı. Xüsusən də komplo teoriyalarına maraq edən arxeoloqlara.

Bu adı ilk dəfə Celsus adlı bir yunan filosofu tələffüz eləmişdi. Celsus “Həqiqi doktrina haqqında” adlı bir kitab yazmışdı. Orada “Həzrəti İsanın anası Məryəm Ananın Pantera adlı romalı bir əsgərdən hamilə qaldığı” iddia edilirdi. Bunun mənası belə idi. Deməli, İsanın “bioloji” bir atası var imiş.

Yaxşı, bəs bu necə olurdu? Xristianlığın ən təməl prinsiplərindən biri məhv olurdumu?

Keçmişdə belə iddialar ortaya atılmış, Kilsə buna həmişə qarşı çıxmış və iddialar da unudulub getmişdi. Bu hadisə də dünyanın müxtəlif yerlərində ortaya atılan bənzər iddialar kimi unudulacaqdı.

Ancaq kilometrlərcə uzaqda bir insan eyni düşüncədə deyildi. Onun marağı bu hadisəyə münasibəti dəyişəcəkdi.

***

James D. Tabor, Amerikanın Şimali Karolina Universitetində Dini Elmlər Fakültəsinin dekanı idi. Bir az Den Braunun qəhrəmanı Langdonu xatırladırdı.

Almaniyada yerləşən bu qəbirlə bağlı məlumatı oxuyandan sonra Bad Kreuzancha gəldi.

Bəzi yoldaşları onu elm adamından çox adi bir komplo teoristi hesab edirdilər. O, isə gördüyü işlərə inanırdı. Bad Kreuzanchda axtarışlara başladıqdan qısa müddət sonra bəzi şeylər diqqətini çəkməyə başladı.

Əldə elədiyi ilk fakt bu idi:

Panteranın anadan olduğu yer olan Sayda Suriya-Fələstin sərhədində yerləşirdi. Pantera Fələstində xidmət etmiş bir Roma əsgəri idi. Yəni Həzrəti İsanın doğulduğu torpaqlardan gəlirdi. Əslən romalı deyildi. Qul kimi işlədikdən sonra azad edilmiş və ona Roma vətəndaşlığı verilmişdi.

O vaxt Fələstindəki romalı oxçular əvvəlcə Xorvatiyaya, ordan da Almaniyaya göndərilmişdilər.

Romalı əsgərin adında diqqətini çəkən ikinci nöqtə bu idi:

“Abdes” adı aramicə bir sözün latıncalaşmış şəkli olan “Ebed”dən törəmişdi. Mənası da “Tanrının qulu” demək idi (Yəni ərəb dilindəki “Abd” kəlməsi). Bu da Panteranın yəhudi əsilli olduğunu ifadə edirdi.

Pantera da Həzrəti İsa kimi yəhudi idi.

Tabor addım-addım öz versiyasını doğrultmağa çalışırdı. Adların şifrəsini açdıqdan sonra növbə o günə qədər heç kəsin səbəbini bilmədiyi bir ziyarət haqqında izahat verməyə çatmışdı.

***

1891-ci ildə Charles Clermont-Garneau adlı bir fransız arxeoloq Qüdsün şimalında Nablus yolu üzərində qədim bir yəhudi qəbiristanlığı aşkar etmişdi.

Buradakı daşların birinin üzərinə yunanca “Panteros” adı yazılmışdı. Yəni latınca “Pantera” və ya yunanca “Pantheros” o vaxtlar həm romalılar, həm də yəhudilər tərəfindən istifadə olunan ad idi.

Elə isə bu Pantera Həzrəti İsanın doğma atası ola bilərdimi? Məryəmi omu hamilə qoymuşdu?

Tabor bu məqamda daha bir addım irəli getdi və cəsarətlə belə bir sual ortaya qoydu:

Məryəmi Pantera zorlaya bilərdimi? (Bir təcavüz söz konusu ola bilərdimi?)

Mattanın İncilində Həzrəti İsa ilə əlaqədar kiçik bir detal var. Həzrəti İsa bir səfəri zamanı Saydaya dönmüşdü. Yəni Panteranın doğulduğu qəsəbəyə. O gün yanındakılardan heç kəs Həzrəti İsanın niyə Saydaya getdiyini başa düşməmişdi. Çünki Sayda yolunun üstündə deyildi.

O gündən bəri heç kəs Həzrəti İsanın o səfərdə Saydaya niyə döndüyünü izah edə bilməyib.

Növbəti iş barelyefdəki əsgərin üzünə baxmaq idi. Həzrəti İsanın bütün təsvirləri onun çox diqqətçəkən üzü olduğunu göstərirdi. Və bu günə qədər bütün heykəl və tablolarda o üz aşağı-yuxarı eyni bir fiqurun ortaya çıxmasına yol açmışdı. Hər bir adam Həzrəti İsanın üzünü ayırd edə bilərdi.

Tabor barelyefdəki əsgərin üzünü araşdırmaq istədi. Əcəba əsgərin üzü Həzrəti İsanın təsvirlərinə bənzəyirdimi?

Bu sualın cavabı tapılmadı. Çünki dəmir yolu işçiləri məzar daşını tapanda barelyefdəki əsgərin başı yox idi...

Muzeyi İkinci Dünya Müharibəsinin bombalarından qoruyan ilahi güc, sanki təbiətə əmr verərək Həzrəti İsaya aid çox önəmli bir məlumatları verə biləcək heykəlin başını qopartmış, tarixin axarını dəyişə biləcək bir dəlili yox eləmişdi...

# 3524 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #