Ehtiras niyə cəzadır? - TƏNHA SÖHBƏT

Ehtiras niyə cəzadır? - TƏNHA SÖHBƏT
6 iyun 2014
# 11:16

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz şair Səlim Babullaoğludur. S.Babullaoğlunun ən sevdiyi əsər Avqust Yuhan Strindberqin “Tənha” romanıdır.

- A.Y.Strindberqin “Tənha” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevimli əsərinizdir?

- Bunun bir neçə səbəbi var. O romanı oxumağa məni ilk sövq edən əsərin adı idi. 1996-cı ildə şeirlər, hekayələr, dram və tərcümələrdən ibarət ilk kiçik kitabım nəşr olunmuşdu. Kitabın adı hekayələrimdən birinin adıyla “Tənha” adlanırdı. 1999-cu ildə isə Strindberqin rusca olan ikicildliyini vərəqləyərkən ordakı romanlardan birinin adı – “Tənha” diqqətimi çəkdi. Və əvvəl “Tənha”nı, sonra “Qırmızı otağı”, “Dəlinin öz müdafiəsi üçün sözü”nü və başqa əsərlərini oxudum Strindberqin. Bu bir qədər də anoxronizm idi. Çünki oxu sırası belə olmalı idi – “Qırmızı otağı”,“Dəlinin öz müdafiəsi üçün sözü”, yalnız axırda “Tənha”. Hər nəysə, yəni eyni adlı əsərlər mənim bu romanı oxumağıma səbəb oldu o vaxt. Elə o vaxt üçün mənim sevimli əsərlərimdən birinə çevrildi “Tənha”. Bu əsəri Hamsunun “Aclığ”ı, Hessenin “Yalquzağ”ı, Kamyunun “Yad”ı kimi bir sıraya qoydum xəyali kitab rəfimdə. Ümumiyyətlə, iri həcimli romanlar oxumağı sevmirəm. Sevmirəm ona görə ki, iri həcmli əsərlərdə təfərrüat çox, ruhi təcrübə isə bir qayda olaraq az olur. Bir dəfə sizinlə danışmışıq Fərid, Allahın öz peyğəmbərinə və insanlara Sözünün-bunu böyük hərflərə yazarsız-bir kitaba sığdığı vaxt insanın insana olan sözünün cild-cild olması bir az təəssüf doğurur. Bu kiçik həcmli romanı 3 saata, bir nəfəsə oxumaq mümkündür, ancaq mən bu əsəri 5 günə oxumuşam. Düşünə-düşünə, ruhuma hopdura-hopdura diqqətlə mütaliə etmişəm. Su çəkən kağız mürəkkəbi canına necə çəkirsə, bu romanı o cür ruhuma hopdurmuşam. Bu günlərdə, sizinlə söhbətdən əvvəl “Tənha” romanını yenidən oxudum, bu dəfə rusca yox, azərbaycanca. Bilirsən ki, bizim sifarişimizlə Rəbiqə Nazimqızı çevirib əsəri. Anladım ki, o vaxt bu romanı mənə sevdirən həm də əsərin poetik stixiyası imiş, bu mənada roman heyranedicidir. Xatırlayıram, o vaxt bu cümlələrin altını xəttləmişdim:

  • Heç nəyi olmamaq azadlığın nişanələrindən biridir.
  • Həyat uzun və dəyişkən məsələdir.
  • Qəlbim tənhalığın ipək baramasına bürünmüşdü.
  • Tənha həyat başqa həyatdan daha zəngin və asandır.
  • Ehtiras cəzadır.
  • Arzuların ziyanı olmur, hərçənd xeyri də olmaya bilər.
  • Bayağı ifadələri mübadilə etməyə vadar olunca münasibət mənasını, cazibəsini itirəcək.
  • İt sahibləri bütün bəşəriyyəti nədəsə həmişə günahkar sayırlar.
  • Tiranlara həmişə nifrət etmişəm, bunu isə onlar heç vaxt bağışlamırlar.
  • Tənhalıq-özünü çözmək və özünü tanımaqdır, bundan faydalı bilik isə yoxdur.
  • Yuxu ölüm yanğısı ilə yaxındır.
  • Yalnızlıqda o qədər həssas olmuşam ki, sanki ürəyim dərisiz qalıb.
  • Övladını özünün təkmil variantın kimi sevmək.
  • Səfalı və mərhəmətli yuxu mənim uzun müddət xatırlayacağım günə son qoydu.
  • Qaranlıq məni yad gözlərdən qoruyaraq öz ağuşuna al.

Bu cür cümlələr kitabı oxuyanda məni içimdən tərpədirdi, bəlkə də ona görə ki, belə situasiyaları bir qədər başqa planda, özüm də yaşamışdım, oxşar fikirləri özüm-özümə çox pıçıldamışdım. Biz nə qədər razılaşsaq da, razılaşmasaq da, oxuduğumuz əsərləri həm də ona görə sevirik ki, şəxsi həyatımızdan orda nələrisə tapırıq. Bayaq dediyim kimi daha sonra Strindberqin “Qırmızı otaq”, “Dəlinin öz müdafiəsi üçün sözü”nü əsərlərini oxudum. Sonradan biləcəkdim ki, bu əsəri yazdığı dövrdə Strindberqin həyatında, içki, qadın və bu cür şeylər olmayıb, o tənhalığa çəkilib, bu əsər daxili təmizlənmə dövrünün məhsuludur. Roman yaddaşımda işıqlı bir iz qoydu, bəlkə də elə bu səbəbdən. Adətən, oxucular hanısasa əsəri oxuyub bitirəndən sonra öz-özünə sual verir: bu əsərdən mən nə götürdüm, hansı nəticəyə gəldim və ya bu əsər mənə nə öyrətdi? Bu romanın nəticəsi və bir oxucu kimi mənə öyrətdikləri, romanın son cümləsində aydın yazılıb: “Başqasının xoşbəxtliyinə həsəd, qüssə və ya uydurma qorxu kölgəsi olmadan baxa bilmək – bu zirvəyə çatdığım üçün məmnun halda gənclik əzablarımın mənzilini tərk edib evimə – öz tənhalığıma, öz işimə, öz mübarizəmə qayıtdım”. Ümumiyyətlə, ədəbi əsər barədə fikrim budur ki, əsər öz oxucusuna kömək etməlidir, onun qəlbinə işıq salmalıdır, onu dəyişməlidir. “Tənha” romanı ədəbiyyatdan umduğumu qismən də olsa mənə verə bilib.

XX əsri Avropa filosofları “İnsanın cəmiyyətdən qopma dövrü” adlandırırlar. Olsun ki, sosializmin ciddi mənada, təbii şəkildə yayıla və bəşəriləşə bilməməsinin də kökündə, məhz bu fərdi ayrılma dayanırdı. İnsan sanki aysberq kimi, öz “buz ənənəsi”ndən ayrılır, məhv olsa, ərisə belə ayrı yaşamaq istəyirdi. Yəni, bir yerdə inkişafa və yaranışa qol qoymurdu. XX əsr romançılığında daha çox fərdlərin problemi qoyulur, ya da böyük ideyalar fərdi planda çözülür. Alber Kamyunun “Yad”, Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” və ya hazırkı halda haqqında danışdığımız “Tənha” romanında da məhz bu cür insan və onun taleyi var. Sizcə, XX əsr insanının təklənməsinin səbəbi (haqqında danışdığımız əsər kontekstində) nə idi?

- Bu cür dövrləşmənin, klassifikasiyanın tərəfdarı deyiləm və bunu növbəti şərtilik hesab edirəm. Filosofların dediyi həmin ayrılma, təklənmə təkcə XX əsrə aid deyildi. Məgər Don Kixot öz idealları ilə tənha deyildi? Yaşadığı cəmiyyətdə dəli kimi görünmürdü? Yaxud Knyaz Mışkin tənha deyildi? Kamyunun “Yad” romanının qəhrəmanı Merso qəlbən dünyadan o qədər soyumuşdu ki, özünü heç bir şeylə ovuda bilmirdi. Öz edamına belə soyuqluq vardı Mersoda. Amma bu barışqanlıq inancsız barışqanlıqdı. Təklik və tənhalıq XX əsrdə kəşf edilməyib və ədəbiyyat vasitəsilə yalnız ötən əsrdə fiksə edilməyib. İmam Əli deyirdi ki: “Adamlarla olma, adam ol”. Bütün bu problemlərin XX əsrdə daha qabarıq şəkildə üzə çıxmasının, ifadə olunmasının səbəbi, görünür, insanların sayca çoxalmasıdır. Say tənhalıq üçün fondur, o artdıqca, tündləşdikcə tənhalıq dəhşətli ola bilir. İnancsız insanlar üçün isə daha dözülməz. Həm də görünür biz özgələrin təcrübəsində öyrənə bilmirik.

- Kamyunun “Yad”, Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”, Strindberqin “Tənha” romanda əvvəlcə təklik sosial, sonra isə mənəvi müstəviyə keçir.

- “Tənha” romanının adsız qəhrəmanı tənhalaşsa da, əsərin sonunda gənc bəstəkar dostu ilə görüşür və onunla birgə yeni əsərlər yazmaq barədə düşünür. Yəni sonda qəhrəman yenə də öz əvvəlki həyatına qayıdır. Əsərin əvvəlində qəhrəman dostları ilə kafedə görüşür, bir müddət sonra dostlar bir-birini bəyənmir, sonra hiss edirlər ki, onlar əvvəlki insanlar deyillər, və s. Bu kimi nüanslar onları ayırır. Qəhrəman tənhalığına çəkilir, fəaliyyətsizləşir və ancaq müşahidə etməyə başlayır və bu müşahidələr zamanı böyük mətləblər üzə çıxır, qəhrəmanın mənənən təmizlənməsin prosesi başlayır. Əsərdə bədii esse kimi təqdim edilən yerlər var. Xüsusən də, Höte ilə bağlı. Məsələn: “Yox, məni Hötenin bütün həyatı, onun həyatından içindən yetişən poeziyası cəlb edir. Gənclik illərində yaşca böyük dostlarından biri onun yaradıcılığı üçün açar bağışlayır: “Sənin səylərin, doğru cəhdlərin özü qarşısında poetik gerçəkliyin yaradılması məqsədini qoymalıdır. Başqaları poeziya adlandırılan şeydə uydurmanı ifadə etmək istəyiblər, amma bu ideyalardan yalnız cəfəngiyat hasil olub”.

Höte bu barədə “Mənim həyatımdan” povestində danışır. Sonrasını isə artıq Stirindberq özü yazır: “Və budur mən bu cəhdlərimə başladım və artıq onlardan heç cür vaz keçə bilmirəm: məni sevindirən, kədərləndirən və ya sadəcə maraqlandıran hər şeyi şeir misrasına, obrazlara köçürmək və sonra gerçəklik barədə təəssüratlarımı dəqiqləşdirmək, könül dünyama düzən və rahatlıq vermək üçün bütün bunlarla bağlı öz-özümlə mübahisə etmək. Bu cür istedada sahib olmaq heç kəs üçün mənim qədər vacib ola bilməzdi, çünki təbiətən elə mən bir kəskin küncdən digərinə atılmağa meylli olmuşam. Beləliklə, qələmimdən çıxan hər şey yalnız vahid və bitib-tükənmək bilməyən etirafın gerçək kitabda tamam əks olunmuş fraqmentləridir”. Əslində, bu Strindberqin Höteyə və ədəbiyyata şəxsi münasibəti idi. Höte isə müdrik idi. Həqiqi müdrik. Kamyunun və Selincerin qəhrəmanında fərqli olaraq Strindberqin qəhrəmanı Allaha inanır. Nə Holden Kolfildi, nə Mersonu Strindberqin adsız qəhrəmanı ilə müqayisə eləmək olmaz. “Tənha”nın baş personajı bəzi məqamlarda küfr etməyə belə qorxur. Hərçən Kolfild də bacısına görə ailəni, demək cəmiyyəti seçir, yəni oxşarlıq az da olsa var.

- Əsərdə “Bibliya”nın ayrı-ayrı nüsxələrinə inamsızlıq və bəzilərinə inam, katolikliyə aydın mənfi münasibət var. Eyni zamanda, qəhrəmanın dilindən deyilir: “Şərq üslubunda dəstəmaz” aldım. Bu cür qarışıq dini düşüncənin səbəbi nədir və yazıçı bütün bunlarla (əlbəttə ki, obraz vasitəsiylə) nə demək istəyir? Sizcə, bu fikirləri dilə gətirməklə qəhrəman dinləri puç sayıb, yalnız Allaha inamı önə çəkmirmi?

- Əgər bir insan inandıqlarına doğru-dürüst əməl eləmirsə, o hökmən pis nəticələrlə üzləşir. Məsələn, mən bir kitabdan oxuyub maşın sürmək öyrənirəm. Sonra qəza edirəm və günahı o kitabda görürəm, özümdə axtarmıram. Öz ömrünə qədər kimi baxmaq hər insana nəsib olmur. Bu əsərdə qəhrəman istər dini, istərsə də digər sahələrdə düşüncələrinə qədər kimi baxır. Qaldı ki, Şərq üsulunda dəstəmaz alması məsələsinə, bu barədə onun fikri mənə də tam aydın deyil, ancaq haqlısan ki, romanın qəhrəmanı üçün bütün dini təlimlərinin, inancının mərkəzində Allaha inam duyğusu dayanır. O əsas əlaqəni Allahla qurur və bu da yazıçı mövqeyi kimi çox təbiidir.

- “Tənha” monoloq romandır. Bu cür romanlarda, adətən, bir qəhrəman danışır, “izləyici teatr işığı” ancaq onun üstünə düşür. Öyrəncəli olduğumuz, bizi maraqlandıran dinamika, konflikt və həll kimi bədii əsəri maraqlı edən göstəricilər bu romanda yoxdur. Amma müsbət haldır ki, roman maraqla oxunur və bir nəfərin taleyi oxucunu təsirində saxlaya bilir. Bu dinamikasız monoloq romanın oxucunu bu cür maraq kəndirinə düyünləyə bilməsinin səbəbi nədir?

- Bəli, romanın süjeti yoxdur və bir nəfərin dilindən hadisələr danışılır. Amma əsərin oxunmasına səbəb ordakı düşüncələrin, gəlinən nəticələrin doğruluğudur. Məsələn, qəhrəman deyir ki, tənhalıq qəlbimi o qədər həssaslaşdırmışdı ki, sanki qəlbim dərisini itirmişdi. Bu cür hissləri yaşamamış yazmaq olmaz. Qadın kişi münasibətlərinə aid yazır: “Bir masa arxasında oturub həyat uzandıqca bir-birinə baxmaq”. Bu romanı həm də böyük bir şeir kimi oxuya bilirsən.

- Romanın qəhrəmanı öz tənhalığını yüksək qiymətləndirir və daxil bir qorxu keçirir ki, tənhalığını onun əlindən alarlar. Sizcə, qəhrəman təkliyini niyə bölüşmək istəmir?

- Yenə deyirəm, əsərin qəhrəmanı sonda tənhalığı seçmir, cəmiyyəti seçir. Sadəcə tənhalıq onu dəyişir, o dəyişmiş, təmizlənmiş insan kimi cəmiyyətə qayıdır. Əsərdə deyilir ki, öz-özünə tədqiq etmək və öz özünü anlamaq ən faydalı bilikdir. Romanın sirri də burdadır. Strindberqin qəhrəmanı tənha olduğu müddətdə öz-özün anlayandan sonra cəmiyyətə üz tutur.

- Əsərdə deyilir ki, insan başqaları üçün yaşayır, bəzənir, nələrisə kimlərəsə göstərmək üçün əldə edir və s. Ailə haqqında romanda belə bir fikir var: Əgər yanında başqaları varsa, deməli, sən öz taleyinin yiyəsi deyilsən. Yəni başqaları olmasa insan özü üçün də maraqsız olar. Məsələn, əsərin qəhrəmanı deyir ki, mənim onlar kimi qadınım yoxdur ki, özümə baxam.

- İnsan yaşamaq üçün stimulu, hədəfi olmalıdır. Adi bir məqamı deyim sizə. Ailə evdə olmayanda məsələn ayağa qalmağa, saç daramağa belə həvəsim olmur. Qadın kişi, kişi də qadın üçün yaradılıb, qadın yoxdursa, deməli, kişi üçün stimul da yoxdur. Övladın yoxdursa, onları problemi barədə beynində düşüncə də yoxdur. Məsələ də budur ki, müəllif doğru düşünür. Bu romanı bu cür doğru düşüncələr təlqin etdiyinə görə xeyirli roman hesab edirəm. Bu romanı Strindberq 54 yaşında yazıb, o zaman yazıçı, artıq yetkin insan idi. Bundan sonra az yaşadı Strindberq. Amma Stindberqi həm yazıçı, həm insan kimi tanımaq üçün bayaq adlarını sadaladığım hər iki romanı oxumaq lazımdır. Onda “Tənha”nınhansı səhvlərdən doğduğu və başqa suallar aydınlaşar. Yəni yazıçı sınaqdan çıxmış və doğru təcrübələrini oxucularıyla bölüşür.

- Romanda bir yerdə qəhrəman etiraf edir, öz tənhalığının səbəbini açır və belə deyir: “Bütün həyatım boyu irəliyə, zirvəyə doğru can atmışam və bununla da məni aşağı salmağa çalışanlar qarşısında haqlı olmuşam, bax, tənhalığımın da əsas səbəbi budur”. Bu cür məqamlar doğurdanmı, insanı əbədi tənhalığa məhkum edə bilər?

- Adətən, müsahiblərinə siz sual verirsiz, ancaq icazə verin indi mən sizə sual verim.

- Buyurun.

- “Bütün həyatım boyu irəliyə, zirvəyə doğru can atmışam və bununla da məni aşağı salmağa çalışanlar qarşısında haqlı olmuşam, bax, tənhalığımın da əsas səbəbi budur”. Bu cümlədən nə başa düşürsüz?

- Yəni mən yüksəkdəyəm, onlar məni öz səviyyələrinə endirmək istəyirlər, mən də enmək istəmirəm deyə öz mərtəbəmdə tənhayam.

- Siz deyən variant da doğrudur, ancaq əsas fikir başqadır. Əsas fikir budur ki, əgər biri başqasını ötüb keçirsə, deməli, kimisə arxada qoymağı özünə məqsəd qoyub. Əslindəsə, belə olmamalıdır, hər kəs olduğu yerdə öz işi ilə məşğul olmalıdır. Mən əgər redaktoramsa düşünməməliyəm ki, mətni ona görə yaxşı redaktə edim ki, kimsə məni görüb qabağa çəksin. Strindberqin qəhrəmanı o cümləylə eyham eləyir ki, mən həm də məni aşağı çəkmək istəyənlərə haqq vermişəm.

- Dinə münasibət belədir ki, əslində, kitablara olan inam həmin kitablarda insan enerjisi kimi toplanır deyə mistik görünür. Əslindəsə, dini kitab da adi kitabdır, sadəcə onlarda imanlı insanların enerjisi toplanıb. İmanı isə qəhrəman “şəxsi bateriya”, yəni enerji mənbəyi adlandırır. İman, yəni enerji olmayanda kitablar da lal və kar olur. İstərdim qəhrəmanın bu cür düşüncələri haqqında danışaq.

- Stirndberqin bu fikrilə razı deyiləm. Dini kitablarda ancaq ilahi enerji cəm olub.

- Romanda bir paradoksal məqam var. Qəhrəman deyir ki: “Qismətinə həbsxanada yatmaq düşən dostlarımdan soruşdum: əslində, cəzanın mahiyyəti nədədir və hamısı mənə eyni cavab verdilər: “tənhalıqda”. Bir tərəfdən tənhalığı azadlıq, başqalarının təsirindən uzaqlığı, bir tərəfdəndənsə cəza olmağı əks etdirilir. Sizcə, yazıçı tənhalığı niyə ikibaşlı əks etdirirdi?

- Doğrudur, romanda tənhalıq barədəki düşüncələr ziddiyyətli təəssürat yaradır. Amma unutmaq olmaz elə əsərlər var ki, orda son fikrə gedənə qədər başqa, bəlkə də sonradan ziddiyyətli görünəcək fikrilərin dolanbacından keçməlisən. Həm də razılaşaq ki, həyatda çox şeyin həm xeyir, həm şər tərəfi var. Eləcə də tənhalığın. Həbsxanadakı tənhalığın ağırlığısa tənhalığın çətin olmasında deyil. Sadəcə həbsxanada tənhalığı daha kiçik ərazidə hiss edirsən. Biri var deyəsən ki, mən bu dünyada təkəm, bir də var düşünəsən ki, bu otaqda təkcə qalmışam. Yəni tənhalıq dar çərçivədə daha əzablı olur. Tənhalığın coğrafi xassəsi də var. Cəzanınsa mahiyyəti tənhalıqda yox, vicdan əzabındadır.

- Kamal Abdulla esselərinin birində tənhalıq və təkliyi ayrı-ayrı məfhum kimi əks etdirir. Onun fikrincə, təklik fiziki, tənhalıq isə mənəvi anlayışdır. Əgər siz də, tənhalıqla təkliyi ayırsanız, bu əsər kontekstində sizinçün tənhalıqla təkliyin fərqi nədədir?

- Təklik heç bir dayaq axtarmadan yaşamaya bilməkdir. Yəni yerüstü dayaq axtarmadan yaşamaqdır. Məsələn zahidləri və killerləri iki fərqli nümunə kimi göstərmək olar. Sonuncular pullarını alıb, tapşırılan işləri görüb gizli ünvanlarında yaşayırlar və onlara heç kəs lazım deyil. Zahidlər isə deyək ilahi rabitə hesabına yerüstü dayaq axtarmadan yaşaya bilirlər. Tənhalıq isə xarici və yerüstü dayaq axtararaq, ona ehtiyac duyaraq yaşamaq istəyənin təkliyidir. Bir məşhur pritça var. Bir nəfər Allaha dua edir ki, mənə keçdiyim yolları və ayaq izlərimi göstər. Allah onun istəyini yerinə yetirir. O bütün keçdiyi yollarda iki cüt ayaq izi görür. Adam sual edir ki, bəs, ikinci ayaq izi kimindir. Allah ona anladır ki, O heç vaxt bəndələrini tək buraxmır. Ancaq elə yer gəlir ki, bir cüt ayaq izi olur yalnız. Onda soruşur ki, bəs, deyirdin heç vaxt məni tək qoymamısan. Allah da ona anladır ki, yox, ey bəndəm, o gördüyün ayaq izləri də mənim idi. Səni qucağımda aparırdım. Məncə əlavə şərhə ehtiyac qalmır.

- Bu roman haqqında yazılanları oxudum, ancaq heç birinin fikri roman haqqında sual yaratmadı məndə. Sanki bu mətndən agah olmaq üçün ancaq romanı oxumalısan.

- Bir dəfə Çingiz Əlioğluna yubileyi ilə bağlı bir məktub yazmışdım. Yazmışdım ki, sizin haqqınızda nə desəm də axırda şeirlərinizdən sitat gətirməliyəm. Biz hansı mətn haqqında nə deyiriksə deyək, mətndən yeganə mənfəətimiz mətnin özü olacaq. Bu romanın maqnit sahəsi onun öz içindədir, oradan kənara çıxmaq olmur. Strindberqin müasirləri yazır ki, o bu əsəri yazanda, doğurdan da, tənha həyat yaşayırdı, ancaq özünə qapanmışdı. Şəxsi həyatla, yaşantılarla bədii yaradıcılıq üst-üstə düşəndə belə əsərlər meydana gəlir.

- Yuxarıda dediyiniz Strindberqin “heç nəyi olmamaq azadlığa nişanədir” fikrinə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında bir neçə məqamda rast gəldim.

Kimin ki, dünyada mənzili yoxdur,

Gözləri qəmlidir, ürəyi oxdur.

Ağlın var, hər şeydən çalış azad ol.

Nəyin var qane ol, onunla şad ol!

Bu həyat gəmisi məhkumdur batsın

Gərək hər kəs yükün qayadan atsın.

Qazanmaq çətindir, itirmək asan.

Əlin boş olarsa daha yaxşıdır.

Hərdən mənə elə gəlir ki, hər mövzu yazılıb. Bəs bəzi mövzuları bizə yeni göstərən nədir?

– İnsan necə təzə söz yaza bilər ki? Siz mənə bu dünyada elə bir şey göstərə bilərsizmi ki, onun sözlü ekvivalenti olmasın, yaxud elə söz varmı ki, onun predmet, situasiya və ya hadisə kimi qarşılığı olmasın? Biz elə söz yaza bilərikmi ki, o sözü təşkil edən hərflər əlifba kitabında olmasın? Bir də sükutu düşünün, o bütün sözləri qohum edir, bütün sözlərin təkrar olduğunu təsdiq edir. Və tərsinə.

- Bu əsəri yenə əvvəlki kimi sevirsiniz?

-Bir maraqlı əhvalat danışım. Bir dəfə ailə ilə Sumqayıta getməliydik. Həmidə xanıma dedim ki, siz hazırlaşın, mənim bir saatlıq işim var, görüb gəlim və gələn kimi çıxaq. Zarafatla dedim ki, Allah xətrinə bir eşelon paltar yığma, aparmağa taqətim olmayacaq. O da gülə-gülə dedi ki, necə edim, sənin uşaqlarındır, azadlığı sevirlər, qaçıb tərləyirlər. Paltarın çoxluğuna işarə edirdi. Mən də ona sual verdim ki, bilirsən Strindberq azadlıq haqqında nə deyib? O da ironiya ilə dedi ki, nə deyib Strindberq müəllim? Deyib ki, heç nəyi olmamaq azadlığın nişanələrindən biridir, – dedim. Həmidə xanım da belə cavab verdi: Strindberq onu böyüyəndə deyib. Strindberq çox pis yerdə axşamlamışdı. Və bu mənim heç yadımdan çıxmaz.

Əlbəttə, mən Strindberqin “Tənha”sını yenə xoşlayıram, amma uşaqları isə heç bir ədibə ehtiyac duymadan yaşaya biləcəklərinə, adi hərəkətləri ilə onların bütün düşüncələrini alt-üst edə biləcəklərinə görə sevirəm.

Fərid Hüseyn

# 5042 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #