İntihar edən azərbaycanlı professor ARAŞDIRMA

İntihar edən azərbaycanlı professor ARAŞDIRMA
22 may 2013
# 07:45

Tanınmış tənqidçi Məsud Əlioğlu (Vəliyev Məsud Əlioğlu) 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunda davam etdirib. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.

100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Fizuli, Axundov, Süleyman Sani Axundov, Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər ədəbiyyat adamlarının yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli araşdırmaların müəllifi olub.

Sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir. Sovet rejiminin “tabu” elan edilmiş mövzularından hesab olunan Hüseyn Cavid yaradıcılığına müraciət etməsi gələcək karyerasına ciddi zərbə vursa da, o bu yoldan geri çəkilmir. Sovet dövrünün üzdə olan yazıçılarından Əli Vəliyevin oğlu olsa da, bu onun karyerasını xilas etməyə kifayət etmir. Hətta atası Əli Vəliyev də onu tutduğu yoldan döndərə bilmir.

Mərkəzi Komitənin nəzarətində

Onun öz prinsipləri vardı. Gənc və istedadlı ədəbiyyatşünasın bu inadkarlığı onun vəziyyətini təbii olaraq çətinləşdirir. Stalinizmin ifşasından sonra “sular durulsa da” 1962-ci il, iyul ayının 17-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi onun barəsində qərar qəbul edir. Bir neçə yazıçının yaradıcılığının “ifşa” edən qərar belə adlanırdı: “Respublikanın ayrı-ayrı yazıçılarının səhvləri haqqında”. Məsud Əlioğlu haqqında həmin qərardakı cümlə isə çox şeyi deyir: “Mətbuatda səhv çıxışına görə Məsud Əlioğlu “Azərbaycan” jurnalının redaksiya heyətinin tərkibindən çıxarılsın”. Qərarda həmçinin deyilir : “...Məsud Əlioğlunun ““Sevil”dən “Saçlı”ya”, “Səriyyə haqlıdırmı?” kimi məqalələri də mövcud olmayan milli müstəsnalığı göylərə qaldıran ideyaca ziyanlı müddəalarla doludur”.

Məsud Əlioğlunun ““Sevil”dən “Saçlı”ya” adlı məqaləsi Azərbaycan ədəbiyyatında qadın obrazların təhlilinə həsr olunub. Məqalənin “Sevil” pyesinin təhlilinə həsr olunmuş hissəsi gözlənilmədən Mərkəzi Komitənin qəzəbinə tuş gəlir. Məqalənin müzakirəsi keçirilərkən Təbliğat-təşviqat şöbəsi Mərkəzi Komitəyə aşağıdakı məzmunda arayış verir: “Bu məqalə anti-marksist, açıq-aşkar irticaçı, mövcud olmayan milli müstəsnalığı göylərə qaldıran müddəalarla doludur. ...O, bütün məqalə boyu guya “müsəlmançılıq” tərəfindən hazırlanmış köhnə “milli” ənənələrin tərifini göylərə qaldırır. Məsud Vəliyev iddia edir ki, guya bütün yaxşı şeylər yalnız Şərqə məxsusdur”.

““Sevil”dən “Saçlı”ya” (M. Əlioğlu, “Azərbaycan” jurnalı, 1962-ci il, 3-cü sayı) məqaləsi gənc tənqidçinin “Azərbaycan” jurnalının redaksiya heyətindən çıxarılmasına səbəb olur və bu hadisə təbii olaraq onu bərk sarsıdır. Eyni zamanda gənc tənqidçi Mərkəzi Komitənin “qara siyahı”sına düşür. Həmin iclasdan sonra onun yaradıcılığı nəzarətə götürülür...

Yaşlıların və yaşıdlarının sevimlisi

O sadə tənqidçi deyildi. Onun yaradıcılığını, yazdığı məqalələri fəlsəfi-təhqiqat əsərləri hesab edənlər də var. Dövrünün görkəmli ədəbiyyat adamları ilə yaxın münasibətləri, fenomenal bilikləri, cəsarəti və təmənnasızlığı onun haqqında danışılan xatirələrin əsas mövzusudur. Məsud Əlioğlunun 23 illik dostu İmamverdi Əbilov xatirələrində yazır :

“ Məsud Əlioğlu ilə nə vaxt tanış olduğum yadımda deyil. Elə bilirəm ki, Bakıya getdiyim ilk gündən bu qonur gözlü, cod saçlı, enlikürək oğlanla rastlaşıb, əbədi dost olmuşdum. Dönə-dönə qonağı olmuşam, dönə-dönə qonağım olub, dönə-dönə dost evində, rəsmi iclaslarda görüşmüşük, həmsöhbət olmuşuq, heç zaman da onda rəsmiyyətə dəlalət edən kiçik əlamət də görməmişəm. Bəli, Məsud ədasız yaşadı, qısa ömrünü məhsuldar elmi yaradıcılıqla, müdrik zarafatlarla, şirin lətifələrlə, fəlsəfi mühakimələrlə, dosta məhəbbətlə başa vurdu. Məsud bütövlük, şirinlik, təmizlik timsalı idi”.

İmamverdi Əbilovun xatirələri Məsud Əlioğlunun xarakterini açmaq üçün əvəzsiz mənbədir. Müəllif yazır ki, “Tutarlı zarafatları, mənalı atmacaları ilə, yaşlıların da, yaşıdlarının da qəlbini asanlıqla ələ alan Məsud inandığı elmi qənaətləri sübuta yetirərkən, güzəşt sevməz idi.”

Məsud Əlioğlunun qızı, tanınmış yazıçımız Afaq Məsud müsahibələrinin birində atasının dissidentliyini, Sovet rejimi ilə barışmazlığını dilə gətirir: “Məsud Əlioğlu o dövrün hakim ideologiyası ilə heç cür barışa bilmirdi. Sovet ideologiyası, sovet psixologiyası bizim qapıdan içəri buraxılmayıb. Eyni zamanda o dövrün saxta şüarlarını, vəzifə adamlarını camaat içində təhqir etməkdən çəkinmirdi. Təbii ki, bu bizim yaşayışımıza təsir edirdi. Mərkəzi Komitə, “qlavlit” illərlə onun kitablarının çapına qadağa qoyurdu. Bu səbəbdən tez-tez maliyyə çətinlikləri ilə üzləşirdik”.

Əqidəli kommunistin dissident oğlu

Bütün qadağalar, psixoloji təzyiqlər, maliyyə sıxıntıları Məsud Əlioğluna çox ciddi təsir edirdi. Eyni zamanda qatı sovet tərəfdarı olan atası Əli Vəliyev onun bu azadlığını, antisovet düşüncələrini qəbul etmirdi. Rejimin və ailənin təzyiqi onu çox sıxırdı. Məsud Əlioğlunun bacısı Sevil xanım xatirələrində yazır ki, “Bəli, Əli Vəliyevin ömür kitabının ən böyük, ən faciəli fəslinin adı "Məsud" idi.

Məsud Əlioğlunun yaradıcılığı 60-70-ci illərdə Azərbaycan ədəbiyyatşünaslığında yeni söz, yeni fikir oldu. Atam öz oğlu ilə fəxr eləyirdi. Evdə isə sözləri düz gəlməzdi. Bir-birlərinə tamam zidd dünyagörüşlü adamlar idilər. Əli müəllim ölənə kimi bir fikrin sahibi olaraq qaldı. Onun fikrincə, bizi ağ günə çıxaran Sovet hökuməti olmuşdu. Stalin öləndə bir neçə gün bir adamın üzündə təbəssüm görmədik. Хasiyyətini bildiyimizdən, o günlər biz də qaş-qabaqlı olurduq. Böyük inamı vardı o hökumətə. Bu onun nəinki əqidəsi, nəinki məsləkiydi, həm də onun həyatı, tərcümeyi-halıydı. Məsud isə əksinə, azadfikirli bir insan idi və daxildən o quruluşa nifrət edirdi. Onun ədəbi idealı 37-ci ildə repressiya olunan Hüseyn Cavid idi. O, düşündüklərinin çoxunu deyə bilmirdi. Bəzən içkili olanda, deyə bilmədiklərini dilinə gətirərdi. Bu da atamın böyük narazılığına səbəb olardı”.

Sovet rejimin qurbanı

45 yaşında intihar edən parlaq istedad sahibi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmlər doktoru, professor Məsud Əlioğlu haqqında yazıma onun ədəbi varisi hesab edilən qızı Afaq Məsudun fikirləri ilə son vermək istəyirəm: “Atam dissident idi. Bu dissidentlik onun yaradıcılığında da özünü göstərirdi. Hüseyn Cavidə ədəbi bəraəti ilk dəfə atam qazandırdı. Onun haqqındа silsilə məqalələr, monoqrafiya yazdı. “Hüseyn Cavidin romantizmi” kitabının nəşrinə (70-ci illərin əvvəllərində) böyük çətinliklərlə nail oldu. Atamın həm də həyatda dissidentliyi var idi. Anam danışırdı ki, atam Mərkəzi Komitə katibləri ilə bir süfrə arxasına düşəndə onları təhqir etmədən ötüşə bilmirdi. Onları simasızlıqda, “böyük rus qardaşlarımıza”, yalan və riya üstündə qurulmuş saxta sovet ideologiyasına kor mütiliklə yarınmaqda günahlandırırdı. Atamın bir uşaqlıq dostu o dövrlər Mərkəzi Komitənin təhsillə bağlı yüksək vəzifə sahibi idi. Həmin dövrlər Mərkəzi Komitə ölkədə rus məktəblərinin sayının artırılmasıyla bağlı qərar çıxarmışdı. Atam da bu qərara görə Mərkəzi Komitədə işləyən həmin o məmur dostunu döymüşdü… İki dost həmişəki kimi, görüşüb şam yeməyinə yollanmışdılar, ordan-burdan söhbət edib məsələni rus məktəblərinin sayının artmasının üstünə gətirmişdilər. Sonra həmin o hadisə baş vermişdi… Anam danışırdı ki, atamı milis şöbəsinə aparmışdılar. Dostu isə, həmin o Mərkəzi Komitənin məsul işçisi baş-gözü yaralı halda şöbəyə gedib onu buraxdırmışdı. Çox fərqli insan olub, çərçivələrə sığmayan. Onu itirəndə 9-cu sinifdə oxuyurdum. Həmin gün atam evə çox qanıqara gəlmişdi. Onun məqalələrini, kitablarını çap etmirdilər. Onun intiharını bununla bağlayıram. O, dövrə sığmadı. Sovetin qurbanı oldu. Görünür, müəyyən məqamda gücü çatmadı”.

# 5850 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #