İmir Məmmədlidən “TISBAĞA QEYDLƏRİ”

İmir Məmmədlidən <span style="color:red;">“TISBAĞA QEYDLƏRİ”
2 iyun 2016
# 12:04

Kulis.Az şair-yazıçı İmir Məmmədlinin "Dizdən aşağı. Tısbağa qeydləri" silsiləsindən bir neçə şeiri təqdim edir.

1.

Belimə yazılıb adım, soyadım,

Yaşadığım illər həkk olunub qabarlarıma,

Belimdə daşıyıram babalarımın keçdiyi yolu,

Belimdədi göyün yerə hopan ağrıları da...

2.

Qabığımın içinə bir dünya sığır,

Sığır qabığıma başımdakı külli fikirlər,

Ürəyimdəki çılğın duyğular,

Amma hərdən olur, qabığıma sığmıram özüm.

3.

Mənim gördüklərim,

Söylədiklərim xeyli məhduddur,

Dizdən aşağıda baş verənləri görürəm yalnız,

Dizdən yuxarını görə bilmirəm.

4.

Görürəm dünyanı dizdən aşağı,

Dizdən aşağıdır arzu-niyyətim, iztirablarım.

5.

Ayaqlar tələsir hər bir tərəfə.

Ayaqlar bildirir, baş nə düşünür.

Ayaqların hərəkətində (addımların biçimində də)

Çağlayır insanın arzu-istəyi.

6.

Tələsən insanın başı ayağındadı,

Ayağı başında,

Amma ürəyi qıçlarında döyünür həmin an.

7.

Vətən bildikləri yurddan-yuvadan

Qovulanların yerişlərisə

Ayaqla deyilən ağı-qarğışdı.

8.

Mənim ayaqlarımı görən olmayıb,

Buna görədir ki, ayaqlarımın nə dediyini

Hələ bilən yox.

9.

Ayaqla saldığım,

Qabıqla sildiyim ləpirlərimi

İt duyur, oxuyur, insan onları oxuya bilmir.

10.

Nolsun ki insanın dostudur köpək,

Ayaqlarının hərəkətindən aydın görürəm,

Fərqlidir onların həm yerişləri, həm yürüşləri.

11.

Ayağın çoxluğu

Tənhalığın yoxluğuna dəlalət edir.

12.

İnsanla köpəyin arasında başqa fərq də var:

İt tapanda yeyir, insan acanda.

Ayaqlardakı həyacandan hiss edirəm ki,

Qarını doyuca gözü ac olur.

13.

Oxşarlıq da var:

Adam aya uçur, it aya hürür,

Hilal nə insana, nə də köpəyə

rahatlıq vermir.

14.

Amma mənim aya deyəcəyim bir sözüm yoxdur,

Aydı, o gecə tramvayı kimi

Saldığı yol ilə gəlib keçir öz zamanında.

15.

İnsanmı qədimdir, aymı, görəsən?

16.

Zamanda yaşayan canlı yoxdursa,

Zaman da yoxdur.

Zaman, məkan, sakin birdən yaranır.

17.

Yaşımdan xəbərsiz yaşaram, çünki

Dirsəyim kimi belimi də görə bilmirəm,

Amma görürəm, xeyli yaşadım.

18.

Bu uzun ömürdə

Ömürlə ölümün fəlsəfəsini

Açdım özüm üçün dizdən aşağı:

19.

Qoyun başını aşağı salıb ölümə gedir,

Qurd isə qaçır öz ölümündən.

20.

Qurd ölüm gətirir,

Qoyun qeyd-şərtsiz

Qəbul edir həmin ölümü.

21.

Qurddan qalan qoyun qəssabınkıdır,

Qəssabxananın ətrafındakı göy ot—qoyunun.

22.

Mən yaşıl otlağa sinib baxırdım,

Hər şeyi görürdüm dizdən aşağı.

Ayaqların vəziyyətindən hiss eləyirdim.

Əlibıçaqlı xaşal qəssabın gözü qoyunda,

Qoyunun gözü mən dinşidiyim göy otlaqdaydı.

23.

Sonrasa qoyunun ölümqabağı

Şehli otu qırpan ağzını gördüm.

24.

Bir azdan ucları azca qırpılmış

Otların üstünə sıçradı, düşdü

Qoyunun qanı.

25.

Kəsik baş-bədən

Dizdən aşağı düşdüyü üçün aydın görünür.

26.

Bu qanlı mərasim necə bitir, bilirsinizmi?--

Ağızıselikli qəssabın iti yalayır sonda

Göy otun üstünə tökülən qanı.

27.

Yenə də söhbətə it gəlib çıxdı,

Ya dizdən aşağı olan bu söhbət

Köpəyin üstünə çıxdı yenidən.

28.

Dörd ayaq qaçır o yan, bu yana,

Tüyünür, tüyünür, həmdəm axtarır köpək özünə.

Hələ keçənilki bic balalardan xəbəri yoxdur.

Qarşısına çıxsa, ən gözəlini tanıya bilməz,

Dördü dörd üstünə toplamaq üçün dalına düşər...

29.

Dəqiq bilirəm ki, iki qıç-ayaq

İnslanlara belə azlıq eləyir.

Hamı çalışır,

İkinin üstünə iki gəlsin ki,

Cəmi dörd olsun.

Dörd ayaq daha da etibarlıdır.

30.

İndi bu barədə (səbr eləsəniz)

Dizdən aşağı gördüklərimi söyləyəcəyəm.

# 1002 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #