Allahı ölməyə qoyma - Elşaddan ŞEİRLƏR

Allahı ölməyə qoyma - <span style="color:red;">Elşaddan ŞEİRLƏR
28 dekabr 2015
# 11:41

Kulis gənc şair Elşad Ərşadoğlunun yeni şeirlərini təqdim edir

Ayrılıq – ölümün məsdər forması

İnsan bu dünyada yaşamır, lələ,

İnsan ölməməyin dadın çıxardır.

O da Yaradandır, yaradanlığın,

Kişinin canından qadın çıxardır.

Ağ saç kölgə salmaz üz ağlığına,

İllərin, zəhmətin gücünə çıxır.

Nəsə, görmədiyi günlərin rəngi,

Get-gedə adamın saçına çıxır.

Ayrılıq ölümün məsdər forması,

Ağrılar ölümün pis qoxusudur.

Qırış filan nədir? Adamın çölün,

İçinin yanğısı, odu qarsıdır.

Niyə yaranır bu minlər, milyonlar,

Sonda yarandığı BİRə dönürsə?

Yaşamaq deyilən nisyəçilikdi,

Hamı öz gəldiyi yerə dönürsə.

Ən şəfalı həkim Zaman həkimdi,

Bütün ağrıların dərmanı vaxtdır.

Tamaşa ordadır, səhnə ordadır,

Bu ömür ölümdə bir antrakdır...

İçində çürüyüb gedir adamlar

Nə ana bətnidir, nə də ki, qəbir,

O dünya başqadır, daha gözəldir,

Ondandır ağlaya-ağlaya gəlir,

Dünyadan kiriyib gedir adamlar.

Çox da ki, Əzrail canını almır,

Ölüb gedənlərin sayına salmır,

Heç çoxu ömrünün sonuna qalmır,

İçində çürüyüb gedir adamlar.

Ax, bu dil tökənlər, xeyrin güdənlər,

Ağılsız kəllələr, cansız bədənlər...

İnsafınız olsun, tərif edənlər,

Görmürsüz əriyib gedir adamlar?

İçini-çölünü başqa eləyib,

Bütün ömrü boyu "keşkə" eləyib,

Yaşamır, ruhuna qoşqu eləyib,

Bədənin sürüyüb gedir adamlar...

Belə sevməzlər adamı

İnsafın olsun, a zalım!

Adamın adama yazığı gələr,

Yayın bu istisində

Adamı belə sevməzlər,

Belə sevməzlər adamı.

Qarşıdan da payız gəlir...

Bu sevgi havalandırar,

Dəli eləyər adamı.

Sevgi də ömür kimidi,

Hüdudu var, sərhəddi var.

Dünyanın sonu deyil ki,

Ürəyi bir dincəldərlər,

Sevməyin də bir həddi var.

Hər gecə tamam unudub,

Hər səhər təzədən sevib

Sevgini tər saxlayarlar.

İmam üçün ağlayanda,

Yezidi də unutmazlar,

Qəzəbə də, nifrətə də

Bir azca yer saxlayarlar.

Elə ancaq sevgi görsə,

Bəs həsrətin, bəs hicranın

Dadın hardan bilər adam?

Sənin xəbərin yoxdu e,

Səadətdən xəstə düşər,

Xoşbəxtlikdən ölər adam...

Bir az düşər-düşməzi var,

Sevgi sevməz hər adamı...

Adamı belə sevməzlər,

Belə sevməzlər adamı,

Yayın bu istisində...

Yaşamaq da bir adətdir

Hamı, hər şey gəlir, gedir,

Ömrümüzü yolur gedir.

Yaxşı-pis məhv olur gedir,

Qalan boş şeydi, boş şeydi.

Ömür icarə verilir,

Verən Haqq, alan bəndədir,

Hər bir hüquq verəndədir,

Alan boş şeydi, boş şeydi.

Yaşamaq da bir adətdi,

Həyat vardan ibarətdi,

Var nə varsa həqiqətdi,

Yalan boş şeydi, boş şeydi.

Çəkdiyi hər ah böyüdür,

Saldığı tamah böyüdür,

İnsanı günah böyüdür,

Qalan boş şeydi, boş şeydi.

Ustası, xamı uduzur,

Arzunu, kamı uduzur,

Savaşda hamı uduzur,

Fərqi yox, qələbə filan

Çalan boş şeydi, boş şeydi...

Bir kişi var idi...

Babamın xatirəsinə...

Bir kişi var idi,

nəhəng bir Kişi..

Orta,

ali təhsilini

yalnız həyat məktəbində alan kişi...

Bəzən taleyinə meydan oxuyan,

Bəzən olacağa çarə yox deyib,

Bulud kimi dolan kişi..

Oğul dərdi,

torpaq dərdi çəkə-çəkə

solan kişi...

Kövrək kişi,

həlim kişi,

qəmgin kişi,

gərgin kişi...

Dastan, nağıl, bayatılı sinəsi

Akademiyanın

Folklor İnstitutu qədər

zəngin kişi...

Bir kişi var idi,

nəhəng bir kişi...

Həyatı taleyin sərt silləsiydi...

Dünyada nə qədər əzab-ətiyyət var,

hamısı əlindən keçmişdi onun,

Əlləri zəhmətin xəritəsiydi...

Həyatın hər çürə üzün görmüşdü,

Keçmişin ən dərin qaranlığında,

hələ uşaq ikən

iki qardaş bir bacı

ata-analarıyla birgə

xoşbəxtliklərini də itirmişdilər...

Elə qocalmışdı ki...

Bir vaxt Dünya savaşında

faşistlərə əsir düşməyən kişinin

bədənini qırışlar

əsir götürmüşdülər...

Bir kişi var idi,

nəhəng bir kişi...

Həyat verənim olmasa da

Həyatımın təyini olan kişi.

Sinəsindəki folklor adlı xəzinəni

uşaqlıqdan ruhuma

misra-misra hopduran,

içirən kişi...

Ovcunun içində saxlayıb məni,

öz zəhmətkeş əlləriylə

arzudan-arzuya qanadlandıran,

uğurdan-uğura köçürən kişi...

Həyatımdan qırmızı xətt kimi

gəlib keçən kişi.

Ölümü öldürüb ölümsüzləşən,

Şirin xatirəyə çevrilib tamam

yaddaşıma,

ruhuma,

ürəyimə köçən kişi...

Ürəyimdə məskən salıb,

yaddaşımda yaşayır,

əməli-sözü tən kişi,

Mənə yaşamağı öyrədən kişi...

Bir kişi var idi,

nəhəng bir kişi...

Hörümçək zaman


Tutmur beş dəqiqə bir yerdə qərar,

Gəzir bu dünyanı hey diyar-diyar.

Verən əli yoxdu, alan əli var,

Almağa öyrəşib bu külək zaman.


Sulayır gün boyu tər sifətimi,

Cadar-cadar olmuş yer sifətimi.

Qırışlar bürüyür sir-sifətimi,

Üzümdə tor qurur hörümçək zaman


Yeyir, dost tanımır, düşmən tanımır,

Qarışqa tək darışıbdır canıma.

Hopub iliyimə, hopub qanıma,

Məni məhv eyləyir bu xərçəng zaman.

Haradı ünvanı, kim bilir yerin?

Ha yalvar, ha yaxar, eşitməz birin.

Neçə sifəti var bu hiyləgərin:

Qışda qar, baharda gül-çiçək zaman.


Dincəlmir, axşamı-səhəri yoxdu,

Qəlbində bir sözlük kədəri yoxdu.

Hələ ki, kefdədi, xəbəri yoxdu

Mən öləndə mənnən öləcək zaman...

İçimdə bir işıq ölüb

Hələ dəyməmişəm, kalam,

Hələ öz nəfsimə qulam.

Ömrü sökməklə məşğulam,

Hörmürəm, Allah, hörmürəm.

Böyümüşəm, uşaq ölüb,

Saflığı qarışıq ölüb.

İçimdə bir işıq ölüb,

Görmürəm, Allah, görmürəm.

Bir canım var, ildən-ilə,

Sevib qoruyuram hələ.

Səndən aldım, Əzrailə

Vermirəm, Allah, vermirəm...

Gözə gəlir

Ha ölçürəm nəsə çölüm,

İçərimdən qısa gəlir.

Qəm də məndən əl çəkmir ki,

Köhnə gedir, təzə gəlir.

Dərdlərim var, dağdan ağır,

Hamısı da kövrək, fağır.

Gizləsəm qəlbimi sıxır,

Deyirəm də gözə gəlir.

Ana, könlüm sözə möhtac,

Gözüm toxdur, ürəyim ac.

Bir yaxşı can süfrəsi aç,

Bu gün ölüm bizə gəlir.

İşıq

Nə olsun dünyaya gecə gəlmisən,

İşığı sönməyə qoyma içində.

O işıq yaşadır səni, bilmirsən,

İşığı sönməyə qoyma içində.

Bu nağıl dünyada itlərin səsi,

Çətin doğru yola çəkə bir kəsi.

Bürüyüb hər yanı it hürüşməsi,

İşığı sönməyə qoyma içində.

Çox da işıq qaranlıqda doğulur,

Elə zülmətdə də bir gün yox olur.

Deyirlər zülmətə qurd-quş yığılır,

İşığı sönməyə qoyma içində.

Özün öz içində itərsən birdən,

Özünə xəyanət edərsən birdən,

Azıb başqa yerə gedərsən birdən,

İşığı sönməyə qoyma içində.

Taleyin asılıb tək o işıqdan,

Həyatına işıq çək o işıqdan,

Özünə ev-eşik tik o işıqdan,

İşığı sönməyə qoyma içində -

Allahı ölməyə qoyma içində...

# 1129 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #