Elçin Hüseynbəyli: “Pornoqrafiyanı erotikaya çevirdim”

Elçin Hüseynbəyli: “Pornoqrafiyanı erotikaya çevirdim”
11 mart 2015
# 09:23

Kulis Şərif Ağayarla yazıçı Elçin Hüseynbəylinin söhbətini təqdim edir.

- Sizi necə təqdim edim?

- Yazıçı kimi…

- Bəs iş?

- Əşşi, işi neyləyirsən.

- Nəsə, belə bir şey vardı: “Jurnalın müşaviri” Jurnalın müşaviri olur?

- (Gülür) Ehhh… Ay Şərif (yenə gülür). İşdi dəəə… Vacib deyil onu yazmaq. Sadəcə yazıçı… “Turan”da işləyəndə də yazıçı idim, AYB-də işləyəndə də, indi də…

- Yazıçı və vəzifə. Sizcə, bu ifadələr bir-birinə nə dərəcədə yaxındı?

- Baxır harda işləyirsən. Məsələn, “Ulduz” jurnalında işləyəndə mənə mane olmurdu, amma “Ədəbiyyat qəzeti”ndə mane oldu. Sadəcə, mən öz yerimdə idim, ədəbiyyatla məşğul olurdum. İşimiz çox da dinamik deyildi. Hətta mən çox dinamik yerdə - “Turan” informasiya agentliyində işləyəndə də yazırdım. Enerji və həvəs məsələsidir. İndi, iyirmi il əvvəlki həvəs və entuziazmla işləyə bilmərəm.

- 50-ni aşırdınız...

- Hə... 53-dəyəm... Belə bir deyim var, həmişə yada salıram: insanlar dəyər yaradana kimi qiyamçı, dəyər yaradandan sonra mühafizəkar olurlar. Dəqiq bir ifadədir.

- Amma əksini düşünənlər də vardı. Deyirdilər, Elçin Hüseynbəyli AYB-yə getməklə səhvə yol verdi.

- Açığı, mən “Ulduz” jurnalının baş redaktorluğunu böyük bir vəzifə hesab eləməmişəm. Amma nəzərə al ki, mən ora gedəndə ədəbiyyatda bir ölülük, süstlük var idi. Ona qədər ədəbiyyatın canlanmasında böyük rol oynamış EQO Yaradıcılıq Ordenini yaratmışdım. Hesab edirəm ki, ədəbiyyata ciddi və vicdanlı yanaşan adam etiraf edər ki, ötən əsrin 90-cı ilindən 98-ci ilinəcən ədəbiyyatda olan o sükut EQO ilə dağıldı. Ondan sonra hətta siyasətçilər şeir yazmağa, siyasi qəzetlər ədəbiyyat səhifələri dərc etməyə başladı. O ki, qaldı “Ulduz”a getməyimə, əslində bu “Turan”dan, ordakı gərgin iş rejimindən can qurtarmaq idi. Həm də siyasi baxışlarım onlarla düz gəlmirdi.

- “Ulduz”a gedənəcən sizi daha çox müxalifətçi kimi tanıyırdıq.

- Mən heç vaxt siyasətlə məşğul olmamışam və heç bir partiyanın üzvü deyiləm. Ancaq həmişə düşünmüşəm ki, yaxşıya yaxşı demək lazımdı, pisə pis. “Azadlıq” radiosundan da fikir ayrılığına görə getdim. Mən görməzə-biməzə dövlətin gördüyü bütün işləri qaralaya bilməzdim. “Azadlıq” radiosunun tendensiyası bu idi. O ki qaldı “Turan”a, çox hörmət elədiyim bir agentlik idi. Çünki yaranmasında yaxından iştirak eləmişdim. Amma sonralar orda da həddindən artıq siyasiləşmə getdi. “Ulduz”a gələndə yaradıcılıq imkanlarım artdı və mən sevinirəm ki, orda yaxşı bir kollektiv yaratdım. Baxmayaraq ki, maaşlar çox aşağı idi... İntriqa sevməyən adamam. Ona görə işçilər də mehriban idilər. Təəssüf ki, “Ədəbiyyat qəzeti”ndə bunu eləyə bilmədim.

- Səbəb?

- Orda həm kollektiv mürəkkəb kollektiv idi, həm də redaksiya tamamilə dağılmışdı. İşlədiyim müddətdə əsasən təşkilati işlər görməyə məcbur qaldım. Eyni vaxtda bir neçə iş görürdüm. Birincisi, qəzetin dizayn və məzmununu dəyişmək, ikincisi, redaksiyanın təmiri, üçüncüsü, kompüterləşmə və internet, dördüncüsü, sənədlərin qaydaya salınması.

- Sizin ordan çıxmağınızla bağlı çoxlu söz-söhbət gəzdi...

- Yenə deyirəm, qəzetin kollektivində əvvəldən problem vardı. Yenilikləri hər kəs normal qarşılaya bilmir. Amma müəyyən işlər görə bildik.

- Deyirlər, orda sizi gözdən salmaq, belə deyək, “vurmaq” üçün xüsusi kampaniya aparılıb...

- Kimisə qaralamaq istəmirəm, ancaq şübhəsiz ki, bəli, mənim əleyhimə işlər görülürdü.

- Və işdən azad olunmağınızda bu amilin ciddi rolu olub...

- Şübhəsiz.

- Ancaq siz açıqlamanızda demişdiniz ki, öz razılığımla getmişəm...

- Bir dəqiqə, aydınlıq gətirim. Söhbət ondan gedir ki, işə yeni gedən rəhbər ilk növbədə öz kollektivini formalaşdırmalıdır. Ancaq mən orda tək idim. Bircə Fərid Hüseyni cəlb eləyə bildim.

- Anladım. AYB rəhbərliyi sizə rahat islahat aparmaq səlahiyyəti verməyib.

- Rəhbərlik belə düşünürdü ki, işçiləri çölə atmaq olmaz. Çünki hamısının ailəsi var, yalnız bura ilə dolanırlar və s. Yəni humanist yanaşırdılar. Mən də düşünürdüm ki, işçini çölə atmaq olmaz, ancaq işçi də öz işinə məsuliyyətli yanaşmalıdır. Təsəvvür elə, hansı əsrdə yaşayırsan ki, kompüterin yoxdur və internetin nə olduğunu bilmirsən?

- Absurddur... Redaksiyada neçə nəfər internetə girə bilirdi?

- Bir Aydın Xanda vardı, bir də dizayn otağında. Mənim məqsədim o idi ki, hamıda olsun. Sonra gördüm bütün bu problemlər məni öz yaradıcılığımdan edəcək, çox gərginlikdə işləyəcəm, çıxıb getdim.

- “Ədəbiyyat qəzeti”nə öz arzunuzla getmişdiniz?

- Mən “Ulduz”da qalmayacaqdım. Müəyyən yaş dövrü var də...

- Ancaq siz ordan yuxarı – katibliyə getmək istəyirdiniz.

- Katiblik iddiası hamıda var. Desəm, istəmirdim, yalan olar. Müəyyən iş görmüş adam kimi katibliyə potensialım və imkanlarım var idi. Sadəcə belə məsləhət oldu ki, “Ədəbiyyat qəzeti”nə gedim. Orda da 6 ay müddətində lazım olan işləri gördüm və çıxdım.

- Mənimçün İlqar Fəhminin katibliyə təyin edilməsi gözlənilməz oldu. Sizinçün necə?

- Həyat qəribəlikləri ilə, gözlənilməzlikləri ilə maraqlıdır, neyləyək?

- İndi necədi vəziyyətiniz? Yazmağa vaxt var... Bəs dolanışıq?

- Dünya böhranı hamıya pis təsir eləyib. Bunu təkcə Azərbaycanla bağlamaq olmaz. Necə deyir, elnən gələn dərd toy-bayramdı. Yəqin, keçib gedər.

- Belə başa düşdüm ki, maddi çətinlikləriniz var...

- Onu deyirəm də. Ancaq zığıldamağı xoşlamıram. Məncə, peşəkar adam heç vaxt ac qalmaz. Layihələrim var, yəqin ki, həyata keçəcək. Yüksək olmasa da maaş alıram, kitablarımdan qazanc gəlir, nəşriyyat sağ olsun.

- Hansı nəşriyyat?

- “Qələm”.

- Qonorar ödəyir sizə?

- Ödəyir, həm də mən orda məsləhətçiyəm, ideyalar verirəm, layihələr həyata keçiririk.

- Romanlarınızın satışı necədir?

- Əgər təşkil eləməsən, zəifdir. Naşirlərlə söhbət eləmişəm, özündən deyən müəllifin kitabı pərakəndə satışda beş yüzdən artıq satılmır. Metroda kitab yayımı olanda çox idi, indi xeyli düşüb.

- Belə bir deyim var ki, yazıçı öz dövrü ilə bağlı həqiqətləri yazmağa cürət eləmirsə, qorxusundan ya zamanı, ya məkanı dəyişir. Sizin tarixi romanlara meyl etməyinizin kökündə nə dayanır?

- Müasir romanlarım da var. Məsələn, “Yol ayrıcında qaçış”. Müasir mövzularda hekayələrim də çoxdur.

- Daha çox tarixi romanlar yazırsız...

- Qorxulu heç nə yoxdur. Yazıçı nədən qorxmalıdır ki? Yazıçı, sadəcə, nə dediyini, nə istədiyini bilməlidir. Kobud formada heç kimin - istər toplum olsun, istər fərd, xətrinə dəyməməlidir. Mən bu təfəkkürün adamıyam. Düşünürəm ki, onun ailəsi var, ətrafı var, nəyə görə kiminsə qanını qaraldasan. Publisistik yazılarımda da bu nüansı gözləmişəm həmişə.

- Kimsə çoxsaylı və davamlı haqsızlıqlara yol verirsə, siz onun qanını qaraltmaqdan ehtiyat edəcəksiz?

- Elə yox, demək istəyirəm ki, yazıçı mərhəmət hissini heç vaxt itirməməlidir. O başqa məsələ ki, sözünü deməlisən.

- Yaxşı, sualı belə qoyaq: sizi tarixə çəkən nədir?

- Məşhur bir deyim var - tarixi yazıçılar tarixçilərdən daha yaxşı yazır. Həm bu baxımdan, həm də bizim tariximizdə boşluqlar çoxdur axı.

- Müasir dünyanın ən ciddi yazıçıları tarixə de-konstruktiv yanaşırlar. Sizdə belə deyil.

- Bizim tarix lazımı səviyyədə yazılmayıb. Ona görə ona postmodernin tələbləri ilə yanaşmaq olmur. Yəni, belə deyək, tariximiz özünün modern dövrünü keçməyib ki, onun post dövrü də olsun. Eləsək də süni alınacaq. De-konstruksiya eləmək üçün baza lazımdı. Misal üçün, mən “Şah Abbas”ı yazıram, axı bu faktlar hardasa yoxdur ki, müasir baxış da olsun.

- Don Juandan roman yazmısız, bir dənə də açıq-saçıq səhnə yoxdur.

- Erotika var, pornoqrafiyadan zəhləm gedir. Nə oxuyuram, nə yazıram. Mən bir mətləbin axıracan deyilməsinin tərəfdarı deyiləm.

- “Bozun əlli çaları”nı oxumusuz?

- Oxumamışam. Filminin treylerinə baxdım, gördüm elə düz eləyib oxumamışam.

- Markiz de Sadı necə?

- “Ehtiraslı Tereza” əsərini tərcümə eləmişəm. Pornoqrafik əsərdi, amma mən onu erotik çalarda çevirmişəm.

- Üslubu dəyişirsiz axı...

- Bir az milliləşdirmişəm (gülür). Cavan idim, o vaxt... Hətta Markiz de Sad haqda yarımçıq bir romanım da var. O vaxt “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsində çıxmışdı bir hissəsi.

- Açıq-saçıqlığı sevməyib Markiz de Saddan roman yazmağı necə başa düşək?

- Mən erotik formasını götürmüşdüm.

- Davam edəcəksiz?

- Yəqin ki, yox.

- Millətçisiz?

- Deyiləm. Millətçiliyi qəbul eləmirəm, amma milli yaddaşımızın korşalmasını da istəmirəm.

- Özünüz də Qarabağlısınız... Əlinizdə imkan olsa Qarabağ problemini necə həll edərdiniz?

- Güzəştlərə gedib, yanaşı yaşamalıyıq. Amma lap dəqiqini axtarsan, bu problemin həllini təsəvvür etmirəm. Sadəcə, övladların ölməsini istəmirəm. Müharibənin əleyhinəyəm. Amma bizə qarşı törədilən vəhşilikləri də unutmamalıyıq.

- Bir az da ictimai fəaliyyətdən danışaq... Mərhum Rafiq Tağı ilə dost idiniz. Hətta sizin hekayələr kitabına ön söz də yazıb. Maraqlıdır, o, AYB-dən çıxarılanda siz harda idiniz?

- Mən həmin iclasda idim.

- Niyə etiraz etmirdiniz?

- İş burasındadır ki, Rafiq Tağının AYB-dən çıxarılmasına etiraz edən iki nəfərdən biri mən idim. Dedim, bu, sərt qərardır. İclasın stenoqrammı Arifə xanımda durur, istəsəniz, yoxlaya bilərsiniz.

- O biri kim idi?

- Rəhmətlik Arif Əmrahoğlu. O, ümumiyyətlə bu qərarın əleyhinə idi. Dedi, ondan qəhrəman düzəldirik, buna ehtiyac yoxdur.

- Etiraf edirsiniz ki, Rafiq Tağıya qarşı ilk repressiyanı elə AYB həyata keçirdi?

- Mən elə düşünmürəm. Heç kim istəməzdi ki, onun başına bu iş gəlsin.

- “Ulduz” jurnalının bir sayını Rafiq Tağıya həsr etməli idiniz, amma etmədiniz...

- Hər şeyi bir nəfərdən gözləməyin. Mən onu bacardım ki, Rafiq Tağı haqqında yazılar getdi.

- İndiyədək neçə qurultayda olmusuz?

- İki.

- Hər dəfə də Anara səs verirsiz və yenə verəcəksiz, bunu necə bacarırsız? Bir yazıçı yaradıcı təşkilatda bu qədər sükunəti necə dəstəkləyə bilər?

- Anar müəllim hələ təzə sədr seçilib, nə olub ki? (Gülür). Qurultaydakı çıxışımda da dedim, mən həmişə alternativ düşüncənin tərəfində olmuşam. O cümlədən, alternativ namizədin. Maaləsəf ki, alternativ namizəd yoxdur. Kimisi qorxur, kimisi hörmət edir... Mən Anara sədr kimi yox, ağsaqqal kimi yanaşıram. Həmişə deyirəm, Anar müəllim qalmaqla onun ətrafında dinamik, çevik komanda formalaşmalıdır.

- Sizi niyə bu qədər tənqid edirlər?

- Görünür, çox şeylər gözləyirmişlər. Amma bilsinlər ki, mən islahatçı qanadın təmsilçisiyəm.

- Nə vaxtsa AYB-yə getdiyinizə peşman olmadınız ki?

- Yox. Taledir bu...

- Son olaraq nə deyərdiniz?

- Qələm adamlarını humanist olmağa çağırıram. Bağışlamağı bacarsınlar.

# 3698 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #