Məmməd İsmayıl: ”Qurultaya tost deməyə gəlmişdilər”

Məmməd İsmayıl: ”Qurultaya tost deməyə gəlmişdilər”
18 iyun 2014
# 15:10

Kulis.Az şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayında sərt çıxışı ilə diqqət çəkən şair Məmməd İsmayılla qısa müsahibəni təqdim edir.

- Sizin qurultaydakı çıxışınız AYB sədri Anarın etirazına səbəb oldu. O, belə bir fikir səsləndirdi ki, Məmməd, sən uzun müddət ölkədə olmadığına görə, reallıqları yaxşı bilmirsən. Anar düzmü söylədi?

- Anara yazıçı kimi böyük hörmətim var. Amma qurultayda alternativ namizədin olmaması, şablon fikirlərin çox səslənməsi məni narahat etdi. Bu, yuxarıdan qurulan iş sisteminin nəticəsidir. Adamlar ora tost deməyə gəlmişdi. Və bütün bunları söyləyəndə Anar nə deməli idi ki? Deməli idi ki, sağ ol, belə sərt tənqidə görə? Mən ölkədə də, ölkədən kənarda da olsam nə baş verdiyini gözəl bilirəm. Anarın bu barədə dediyi çox səhv fikirdir. Necə yəni mən ölkədən kənardayam və nə baş verdiyini bilmirəm?! Hər şeyi, o cümlədən nizamnaməni də çox yaxşı bilirəm. Bəyəm AYB-nin nizamnaməsində yazılıb ki, özgür düşüncəli insanlara təqaüd verilməməlidir? Əgər yazılıbsa, onda mən yanlış demişəm. Əgər yazılmayıbsa mən doğru demişəm və bundan sonra da deyəcəm.

- Ənvər Əhməd sizin çıxışınızı çox sərt tənqid etdi. Hətta, siz yerdən replika vermək məcburiyyətində qaldınız. Amma biz sizin replikanızı eşidə bilmədik. Nə demək istəyirdiniz Ənvər Əhmədə?

- Mən demək istəyirdim ki, bura məhkəmə deyil. Məhkəmə olsa, sənə yüz faiz sübut edərəm ki, dediklərimin hamısı həqiqətdir. AYB üzvü olanların kitablarını qoyaram masaya, yaxud vuraram Ənvər Əhmədin başına ki, sənin şeirdən, poeziyadan, hecadan xəbərin varsa gör bu adamlar Yazıçılar Birliyinin üzvü ola bilərmi? Min manat verib AYB-nin üzvü olan o qədər adam var ki... Ənvər kimdir axı? Onun Azərbaycan ədəbiyyatında mövqeyi, yazdığı nədir? Ənvər Əhməd kimi adamların kitabları maklaturadır, bir şeir belə yoxdur. Şeir yoxdursa, o adam necə AYB-nin üzvü ola bilər? Mənim həqiqətim budur.

- Qurultayda sanki belə bir fikir formalaşdırmağa çalışdılar ki, Anarın ümumiyyətlə alternativi yoxdur. Amma məhz siz alternativdən danışdınız. Anara alternativ kimi görürdünüz?

- Sevilən bir yazıçı, sevilən bir şair, sevilən bir tənqidçi ola bilərdi. Əgər Anara alternativ yoxdursa, 1600 nəfərdən 1599-u yoxdursa, deməli Yazıçılar Birliyi yoxdur. Dünyada elə bir qurum ola bilməz ki, ora sədr alternativsiz seçilsin. Yenə də bir söz demirəm, ancaq, vallah, məsələnin qoyuluşu yanlışdır. Müzakirə olardı, maraqlı fikirlər səslənərdi. Ancaq katib olmaq istəyən adamlar çox pis vəziyyət yaratmışdılar. Halbuki tənqidi fikirlərin səslənməsi, alternativin olması Anar müəllimin xeyrinə idi. Bəlkə Məmməd İsmayıl alternativ olsaydı, yenə Anar seçiləcəkdi. Amma bu daha gözəl olacaqdı. Qurultay keçirdik, nəyə nail olduq? Hansı ciddi məsələni müzakirə elədik? İrəliyə doğru bir addım atdıqmı? Bax söhbət budur. Mən bunu deyirəm, yoxsa mənim heç bir iddiam-filan yoxdur.

- Və bu cür sərt fikirlər səsləndirən adam da Anara səs verdi...

- Səsverməni saydılar ki? Saymadılar. Digər tərəfdən, mən tənqidi fikirlərimi deməyə gəlmişəm, düşmən olmağa gəlməmişəm ki... Tənqidi fikirlər səslənməlidir və səsləndi də. Sabah Anarla düşmən olası deyiləm ki?

- Şəxsi söhbətlərdə belə fikirlər səsləndi ki, siz Türkiyədə yaşadığınıza, AYB ilə ciddi bağlılığınız olmadığına görə fikirlərinizi belə sərbəst deyə bilirsiniz...

- Bərəkallah! Oğlum, belə çıxır ki, sən məni yaxşı tanımırsan.

- Şair, mən sizi yaxşı tanıyıram, bu fikrin müəllifi də mən deyiləm. Amma bu fikri səsləndirənlər vardı.

- Bunu deyənlər mənim baş redaktor olduğum dövrdəki “Gənclik” jurnalına baxsınlar. Baxın görün, orda kimləri yıxıb-sürümüşəm? Mənim xarakterim, təbiətim belədir. Nə Türkiyəbazlıqdır? Bu, nə boş-boş söhbətlərdir? Mən o salonda göstərmək istədim ki, burda da özgür fikir səslənməlidir. Biri əks fikir deməyi bacarmalıdır. Nə qədər teatr olacaq? Qoy görsünlər ki, belə bir şablon situasiyada söz demək olar və dünya dağılmaz. Və mən onsuz da bura qayıdacağam. Burda mənim bir məzar yerim olacaq da...

- Anar Ənvər Əhmədin təriflərindən sonra dedi ki, məni çox tərifləməyin, bəzilərinin qarnı ağrıyır.

- Hə, o, bunu mənə deyirdi. Çünki məndən başqa tənqidi fikirlər səsləndirən olmadı. Bu, Anarın səviyyəsi, düşüncəsidir. Məncə bu sualı ona verin, öyrənin görək, məni, yoxsa başqasını nəzərdə tutur. Amma mənim çıxışımdan sonra deyilibsə bu fikir, yəqin ki, nəzərdə tutulan mən olmuşam. Bu fikir deyilən zaman yenidən söz alıb fikirlərimi deməyə halım yox idi. Çünki artıq fikirlərimi demişdim, ox yaydan çıxmışdı. Anarla onun kabinetində həm çox səmimi, həm də çox ciddi söhbətlərim olub. Mən tribunadan demədiklərimi otağında üzünə demişəm.

# 4039 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #