İranda həbs olunmuş şair Şəhriyar del Geraninin (Hacızadə) Kulis.az-a müsahibəsi
- İrana getmək barədə necə qərar verdiniz?
- Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində görüşlər keçirirdik. Bu görüşlər silsiləsində Vaqif Bəhmənli ilə görüş təşkil olunmuşdu. Bu görüşdən sonra Fəridlə qərara aldıq ki, ölkədən kənara çıxaq. Rusiya, Gürcüstan variantlarını nəzərdən keçirdik. Anam Təbrizdə müalicə olunmuşdu deyə ilk olaraq İrana səfər etməyi qərara aldıq. O ərəfədə güneyli şair Bəhram Sürgündən bizə məktub gəlmişdi. Təbrizdən 200 kilometr məsafədə yerləşən Binab şəhərində gənc şair və yazıçıların birliyi var. Orada Elçin Əfəndiyevin, Əkrəm Əylislinin kitablarını çapa hazırlayırdılar. Dedilər ki, həm kitabların hazırlanmasında kömək edərsiniz, həm də poeziya günlərini təşkil olunacaq, orada iştirak edərsiniz. Binabdakı yazıçılar birliyinin möhürü olan məktub mənim və Fəridin elektron ünvanına göndərilmişdi. Bu məktubla da səfər etdik.
- Festivalda neçə gün iştirak etdiniz?
- Bəhram Sürgün bizi Təbrizdən yaşadığı Binab şəhərinə apardı. Həm də ki, poeziya günləri orada keçiriləcəkdi. Aprelin 29-u, 30-u və mayın 1-də festivalda iştirak etdik. Marağa rəsədxanasında olduq. Təbrizə səfərimizin axırıncı gün gəldik, Şəhriyarın ev muzeyini və şairlər qəbristanlığını ziyarət etdik. Festival müddətində olduğumuz yerlərdə bir çox şəkillər də çəkdirdik. Mayın 2-də qayıtmaq üçün Təbriz-Bakı avtobusuna bilet almışdıq. Avtobus saat 22.30-da yola düşəcəkdi. Avtobusun hərəkət etməyinə 5-10 dəqiqə qalmış yaxınlıqdakı dükandan su almağa yollandıq. Dükanda tanımadığımız adamlar bizə yaxınlaşdılar. Mülki geyimdə idilər. Yaxınlaşan adam adımı çəkdi, adımı çəkməsi təəccübümə səbəb oldu. Dedi ki, məmuram, bizimlə getməlisiniz. Qollarımıza qandal, gözümüzə də çeşbənd, yəni gözlük bağlayıb, ETTELAAT-ın binasına apardılar.
- Fotoaparatınızda dövlət əhəmiyyətli obyektlərin şəkillərini çəkmişdinizmi?
- Çəkilən şəkillər turistlər üçün açıq olan yerlərdə çəkilmişdi. Hansısa bir dövlət əhəmiyyətli obyektin şəklini çəkməmişdik. İstintaq müddətində müstəntiq də deyirdi ki, strateji obyektlərin şəkillərini çəkmisiniz. Mən də deyirdim ki, məscid nə zamandan strateji obyekt hesab olunur?!
- Bəhram Sürgünə də cəza verildiyini demisiniz...
- Mətbuat konfransında bu haqda düzgün yazılmayıb. Sürgünə 3 il müddətində öz şəhərində yaşamamaq qadağası qoyulub. Bəhram Sürgünü şəhərindən sürgün etdilər.
- Festival necə keçdi və festivala sizdən başqa kimlər dəvət olunmuşdu?
- Şimali Azərbaycandan festivala mən və Fərid dəvət olunmuşduq. İranda yaşayan azərbaycanlılar, farslar da festivalda iştirak edirdilər. Festivalda şeirlər dedik, şairlərə qulaq asdıq. Binab yazıçılar birliyinin hazırladığı kitabların redaktəsi ilə məşğul olduq. Kitabların hazırlanması zamanı onlar dilimizdəki bir çox sözləri bilmədikləri üçün onlara kömək edirdik. Məsələn, Elçin Əfəndiyevin “Ölüm hökmü” əsərində getmiş “KQB” sözünün anlamını bilmirdilər.
- Onlar KQB sözünün mənasını bilmirdilər, siz də ETTELAAT-ın. Amma ikiniz də öyrəndiniz bu sözlərin mənalarını...
- Elədir... (gülür)
- İstintaq necə aparılırdı?
- 22 gün, tək adamlıq kameralarda saxlanıldıq və bu müddətdə ciddi istintaq aparılırdı. Saatlarla dindirmələr keçirilirdi. Dindirmə zamanı kim olduğumuz, haradan gəldiyimiz barədə suallar verirdilər. Bizi dəvət edən Bəhram Sürgünün müxalif insan olduğunu deyirdilər. Zənnimcə, biz Binabda olandan bəri bizi izləmişdilər. Çünki avtobusun yola düşməyinə 5 dəqiqə qalmış bizi həbs etdilər.
- Həbsdə olan zaman oxumağa qəzet, kitab verirdilərmi?
- Fars əlifbasında Azərbaycan dilində çap olunmuş kitabları oxumağa verirdilər. Latın qrafikalı kitab demək olar ki, yox idi. Özümüzlə Bakıdan apardığımız Andrey Platonovun “Can” romanını oxudum.
- Nə zaman hökumətin, medianın sizin həbsinizdən xəbər tutduğunu öyrəndiniz?
- Sinif yoldaşlarım İrana müayinəyə getmişdilər. Təbrizdən yola düşən zaman dostlarımla görüşmüşdüm. Bizi yola salmağa gəlmişdilər. Həbs olunan zaman ETTELAAT işçiləri dostlarıma deyiblər ki, onları saxlamışıq. Uşaqlar bu haqda atama deyiblər. Həbsimizin 25-ci günü evdəkilərlə əlaqə saxladıq. Atamla danışanda kim tərəfindən həbs olunmağımız, harada saxlanılmağımız barədə məlumat vermişdim. Ancaq hökumətə bizim barəmizdə 51 gündən sonra rəsmi cavab verdilər.
- Vəkillə təmin olunmuşdunuzmu?
- İnformasiya blokadasında saxlanılırdıq. Biz təkidlə onlara hüquqlarımızın pozulduğunu deyirdik. Konsulluğa, səfirliyə həbs olunmağımız barədə məlumat verilməsini tələb edirdik. Vəkillə də təmin etməmişdilər. Bizi İran Konstitusiyasının 500-cü maddəsinə əsasən İran İslam Respublikasının əleyhinə təbliğata cəhddə ittiham edirdilər. Bu maddə ilə də haqqımızda 1 il həbs qərarı çıxarıldı. Onların qanunlarına görə ilk dəfə məhkum olunmusansa həbsin yarısını yatdıqdan sonra azadlığa çıxa bilərsən. Bu şərtlə biz noyabrın 4-də həbsdən azad oluna bilərdik. Çünki mayın 4-də həbsxanada bizi rəsmi qeydiyyata almışdılar. Hökumətimizin təkidi ilə 2 ay qalmış həbsdən azad olunduq.
- Həbsdə olduğunuz zaman yaradıcılıqla məşğul oldunmu?
- Həbsdə “Edam hörükləri” adlı roman yazmağa başlamışam. Bu yaxınlarda imkan etsəm çap etdirəcəyəm. Romanın sujeti ağlında problemi olan rəssamın üzərində qurulub. Rəssam sevişdiyi qızlardan ayrılan zaman saç alır və topladığı saçlardan düzəltdiyi hörüklə sərgisində özünü asaraq öldürür.
- Həbs olunmamışdan əvvəl neçə dəfə İrana getmisən?
- İrana ilk dəfə 1998-ci ildə atamla birlikdə Məşhəd ziyarətinə getmişəm. Qum şəhərində də olmuşuq. Keçən il anam xəstə olan zaman iyul, avqust və sentyabr aylarında olmuşam. Ümumi 7 dəfə səfər etmişəm. Tutulan vaxt 8-ci dəfə gedirdim.
- Sən özün həbsinizin səbəbini nədə görürsən?
- Bizi həbs etməkdə əsas məqsədləri başqalarını qorxutmaq idi. Görk olsun deyə bizi həbs etdilər. Təbriz Azərbaycanın yaralı yeridir. İrana müalicəyə, ticarətə, ziyarətə, gəzməyə gedə bilərsən. Ancaq şairin şairlə görüşməsi qadağan olunub. Digər yazıçı və şairlərə ədəbi-mədəni tədbirlərə gəlməyin siqnalını verdilər.
- Həbsdə daha çox kimin üçün darıxırdın?
- İnsanlardan ötrü darıxmadım. Daha çox anamın qəbri üçün darıxırdım...
Şəhriyar del Gerani: “Anamın qəbri üçün darıxırdım”
22 sentyabr 2012
04:00
3427 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024