ABŞ-ın vətəninə hücum etməsinə haqq qazandıran yazıçı

ABŞ-ın vətəninə hücum etməsinə haqq qazandıran yazıçı
4 mart 2018
# 10:00

Bu gün məşhur əfqan əsilli yazıçı Xalid Hüseyninin doğum gündür. Kulis.az bu münasibətlə Mirmehdi Ağaoğlunun onun “Çərpələng uçuran” romanı haqda yazdığı məqaləni təqdim edir.

Vaxtımızın çoxunun tıxaclara, sosial şəbəkələrdə söhbətlərə, böyük, fundamental məlumatlar yerinə “hər çiçəkdən bir şirə” prinsipi ilə kiçik, təsadüfi materialların oxunmasına getdiyi bir zamanda yenicə mütaliəyə başladığım “Çərpələng uçuran” kimi 440 səhifəlik qalın kitabı xeyli vaxta bitirəcəyimi sanırdım. Yaxşı ki, bu dəfə elə olmadı. Gündəlik həyat rejimimi kənara qoyub bir oturuma oxudum kitabı. Yəni o qədər maraqlı idi “Çərpələng uçuran”.


Əfqanıstanlı mühacir Əmir ABŞ-da uğurlu yazıçı karyerası qurub. Həyat yoldaşı ilə xoşbəxt yaşayır. Bircə qəlbini didib parçalayan uşaqlıq xatirələri olmaya. Sızıldayan vicdanı olmaya.

Dünyanın harasına gedirsənsə get, harasında olursa ol, əgər qəlbində bir azacıq da olsa insanlıq varsa, döş qəfəsində daş deyil ürək gəzdirirsənsə, nə vaxtsa etdiyin günah, səni həmişə narahat edəcək, rahat yaşamağa imkan verməyəcək.


Bəlkə ona görə də Əmirin övladı olmurdu ki, hər dəfə balasını görəndə unutmağa çalışdığı uşaqlığını xatırlamasın. Deyəsən Əmir ömür boyu bu vicdan sızlaması ilə yaşayacaqdı. Hər dəfə uşaqlığını xatırlamaqdan utanacaqdı. Yaxşı ki, Əfqanıstandan zəng gəldi. Əmir öz keçmişinə, uşaqlığına qayıdıb səhvini düzəldə bildi.

Kaş zaman maşını xəyalı gerçək olaydı, keçmişimizə qayıdıb səhvlərimizi düzəldə biləydik. Onda daha xoşbəxt olardıq.

Əsərin qalan hissəsini danışmasaq yaxşıdı. Bəzi adamlar var ki, baxacağı filmin, oxuyacağı əsərin sonunu bilmək istəməzlər. Əks halda əsər onların gözündən düşər, marağı qaçar. Mənsə elələrindən deyiləm. Mənim üçün bir əsərin sonluğundan çox onun yazılma tərzi, detalları vacibdi. Hətta sonluğunu bildiyim əsərləri daha maraqla oxuyuram.

“Çərpələng uçuran”ı oxuduqda isə mənə elə gəldi ki, əsərin onsuz da ürəyimə dammış sonluğunu bilmək məndə oxu həvəsini öldürəcək. Odur ki, internetdə əsər haqqında oxuyanda sujeti ilə maraqlanmadım.

Çərpələng uçuran.jpeg


Birinci şəxsin dilindən yazılmış romanları adətən avtobioqrafik hesab edərik. Sanki kitabı oxuduqca qəhrəmanın yaşadığı faciələri öyrənmək bizdə müəllifə qarşı mərhəmət hissi oyadır. Buna görə də birinci şəxsin dilindən yazılmış romanlar daha çox uğur qazanır. Anna Axmatova isə avtobioqrafik əsərlərin belə yarıdan çoxunun uydurma olduğunu deyirdi. Bəli, yazıçı müxbir, reportyor deyil, o nağıl deyən, uydurmaçıdı.

Xalid Hüseyninin Əmirin sarsıntılarını bu cür ustalıqla verməsi istər- istəməz belə bir sual yaradır: Bütün bunları cənab müəllif yaşamışdımı? Romanı yarıda saxlayıb müəllifin həyatına göz atanda yanıldığını və nə qədər sadəlöv olduğunu görürsən.

Əmirlə Həsənin münasibətləri, atasının soyuq münasibətini görən Əmirin bütün uşaqlara qarşı duyuduğu nifrət hissi, hətta atasının tikdirdiyi yetimlər evində yaşayacaq uşaqlara belə nifrət etməsi, rusların Əfqanistana hücumu, Kabilin təsviri, Əmirin atası ilə Kabildən qaçışı, ABŞ-a yerləşmələri… bura qədər hər şey qaydasındadır. Əmirin Əfqanıstana qayıdışı və Həsənin oğlunu talibanlardan xilas etməsi isə süni təsir bağışlayır. Tanış süjet-“Rembo-3” filmi yada düşür. Əmirin Həsənin oğlunu xilas etməsinin bədii həlli o qədər də uğurlu alınmayıb.

Xalid Hüseyninin yaratdığı kəskin süjet, qəhrəmanların psixoloji hallarının ustaca təsviri, Babanın tanımadığı bir qadına görə sinəsini rus gülləsinin qabağına verməsi kimi səhnələr oxucunu riqqətə gətirir. Bəzi səhnələri isə həyəcansız oxumaq mümkün deyil. Sadəcə oxuyub keçmək olmur, gərək gözlərin də yaşarsın. Əmirin sızıldayan vicdanının acısını qəlbində duymaya bilmirsən.

Bir dəfə hardansa uğurlu roman yazmağın reseptini oxumuşdum.

a) Romanda mütləq zorakılıq, şiddət səhnələri olmalı
b) Seksual səhnələr olmalı
c) Gender bərabərliyinə toxunulmalı
d) Cinsi azlıqların haqları qabardımalı
e) İrqi, milli ayrı-seçkiliklər əks olunmalıdır


Bu bəndlərə əməl etdikdə romanın uğur qazanması üçün əsas şərtlər mövcuddur deməkdir.

“Çərpələng uçuran”da bu şərtlərə müəyyən qədər əməl olunur. Romanda şiddət, zorakılıq səhnələri, qadın-kişi ayrıseçkiliyi, irqi, milli ayrıseçkilik kimi səhnələr kifayət qədərdir.

Bir də romanın nəşr olunduğu tarixi nəzərə alaq. 2003-ci il. Dünyanı sarsıdan 11 sentyabr hadisəsi baş vermiş, ABŞ qoşunları Əfqanistana yeridilmişdi. Romanda elə bu baxış bucağından yazılıb. Xalid Hüseyni ABŞ-ın Əfqanistana girməsinə bədii haqq qazandırır.


Babanın ruslara nifrət etməsi də müəllifin şəxsi düşüncəsindən qaynaqlanır. Onun ruslara nifrəti o qədərdir ki, hətta ABŞ-da qəbuluna getdikləri həkimin rus olduğunu öyrənəndə belə müayinə olunmaqdan imtina edir. Yəqin buna görə də həmişə mövzuları əhatəli işləməkləri ilə fərqlənən "Wikipedia"nın rusca bölməsində Xalid Hüseyni və “Çərpələng uçuran” haqqında məlumat kafi deyil.

Reseptlərə əməl etmək belə asan olsaydı sağalmaz xəstələr, dadsız xörəklər olmazdı. Buna da xüsusi bacarıq, zamanın nəbzini tutmaq qabiliyyəti lazımdır. Xalid Hüseyninin bu qabiliyyətinə görə “Çərpələng uçuran” satış rekordları qırdı.

# 1979 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #