İngilis dilindən tərcüməni niyə bacarmırıq? - MÜZAKİRƏ

İngilis dilindən tərcüməni niyə bacarmırıq? - MÜZAKİRƏ
17 yanvar 2015
# 11:19

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihə həyata keçirir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Müzakirələr bir neçə paneldə keçirilir. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olur.

Artıq “Türk dilindən tərcümə lazımdırmı?” mövzusunun müzakirəsi ilə tanış olmusuz.

Bu dəfə isə “İkinci dildən tərcümə problemləri” mövzusunda keçirilən müzakirəni oxuculara təqdim edirik.

Müzakirə

Qan Turalı: Bildiyiniz kimi “Tərcümə problemlərinin aktuallaşdırılması layihəsi çərçivəsində altı paneldə müxtəlif mövzuları müzakirə etməyi nəzərdə tutmuşuq. “Türk dilindən tərcümənin nəzəri problemləri” mövzusunu artıq müzakirə etmişik. Bu gün “İkinci dildən tərcümə problemi” mövzusunda müzakirə aparacağıq. İstərdik müzakirəyə İlqar Əlfiylə başlayaq. Buyurun İlqar müəllim.

İlqar Əlfi: İkinci dildən tərcümə məsələsi son vaxtlar çox müzakirə olunur. Müstəqilik qazandıqdan sonra belə düşünürdülər ki, biz dünya dillərindən tərcümələr edəcəyik və ikinci dildən tərcümə aktual olmayacaq. Dünyada kiçik xalqlar üçün ikinci dildən tərcümə məsələsi çox aktualdır və kitab bazarı kiçik olan ölkələrin dünya ədəbiyyatına hələlik yeganə çıxış yoludur. Biz uzun müddət BMT-nin əsas dillərindən biri olan rus dilinin təsiri altında olmuşuq. Təbii ki, o dili digər dillərdən yaxşı bilirik. Ancaq bu qədər yaxşı bilməyimizə baxmayaraq biz rus dilindən yaxşı tərcümə edən 15 nəfər tərcüməçi tapa bilmirik. Statistikaya görə bu gün Azərbaycanda 200-300 min adam rus dilini bilir. Bu rəqəmə nisbətdə gərək ispan dilindən 15 nəfər tərcüməçi tapmaq üçün gərək əhalinin 200-300 min nəfəri ispanca bilə. Bu isə indiki halda mümkünsüzdür. İkinci bir yol isə bu ola bilər ki, yaza bilən cavanlardan, yazıçılardan həvəsi olanları dövlət hesabına xaricə, dil öyrənməyə göndərələr. Artıq yaza bilən, yazıçılıqla məşğul olan gənclərdən söhbət gedir. Azərbaycan dilində əsər yaza bilən gənclərin hər birinə maya qoymağa dəyər. Əgər gənclər xaricə, məsələn, ancaq ispan dili öyrənməyə getsə, nailiyyət əldə etmək olar. Biz buna maraq göstərsək, o dövlətlər də bu layihəyə dəstək verə bilər.

Mirmehdi Ağaoğlu: Xarici dövlətlərin bir çoxunda bu səpkili layihələr var.

Qan Turalı: Onsuz da bizdə də xaricə ildə 300-400 tələbə oxumaq üçün göndərilir.

İlqar Əlfi: Göndərilir. Ancaq məqsədli şəkildə göndərilməlidir. Mən bu məsələyə niyə toxunduğumu izah edim. Əslində, bizim müzakirənin mövzusu təhsil məsələsi deyil. Amma bu da aktualdır. İkinci dildən tərcümə, heç vaxt orijinaldan edilən tərcümədən güclü ola bilməz. Orijinaldan tərcümə fikrin tərcüməsidir. İkinci dildən tərcümə isə çox vaxt sözün tərcüməsi olur və belə olanda tərcümə edilən əsər istər-istəməz “ölür”. Məsələn, mən birinci dildən də tərcümə edirəm, məsələn, fars dilindən və müqayisə edəndə görürəm ki, ikinci dildən etdiyim tərcümələrin mətni “ölü” doğulur. Amma heç kəs rus dilindən tərcüməni pisləməsin. Biz də bilirik ki, bundan yaxşı yol var, amma hazırda başqa çıxış yolu olmadığından ikinci dildən tərcümə ilə məşğuluq. Biz Umberto Ekonu tanımaq üçün onu rus dilindən tərcümə etməliyik.

Mirmehdi Ağaoğlu: Ancaq rus dilindənmi? Yoxsa ikinci dil kimi türk dilindən də istifadə etmək olar?

İlqar Əlfi: Mən türk dilini pis bilmirəm. Amma ikinci dildən tərcümə məsələsində mən BMT dillərindən birinə üstünlük verməyin tərəfdarıyam. Rusiyada bazar böyükdür, rəqabət var və zəif tərcümənin ortaya çıxmaq ehtimalı bir faizdir. Joze Saramaqonun “İsanın incili” əsərini rus dilinə neçə adam tərcümə edib. Amma yayılan yalnız biri və ən yaxşısıdır. Digərləri heç internetdə də yerləşdirilmir. Müəyyən ideoloji məsələləri kənara qoysaq, rus dilindən tərcümənin tərəfdarıyam. Sovet dövründə müəyyən ideoloji meyaralara söykənərək əsərlərə “əl gəzdirirdilər”. Amma ümumilikdə rus dilinə tərcümələrdən yararlanmağın tərəfdarıyam. Türk dilindən tərcümənin tərafdarı deyiləm. Çünki əvvəla, qardaşlarımız bir az tərcüməyə başdansovdu yanaşırlar. Türkiyədə də tərcümə bazarı tam formalaşmayıb. Nəşriyyatların öz tərcüməçiləri var, seçim mexanizmləri yoxdur. Eyni zamanda dünyada ən çətin iş qohum dillər arasında tərcümədir. Fars dili tərcüməçiləri arasında taciklərdən qeyri-peşəkar tərcüməçilər yoxdur. Çünki dil eynidir. Dil eyni olanda sərhədlər itir. Heç kəs deməsin ki, türk dilindən tərcümə edərək yüksək keyfiyyətə nail olmaq mümkündür. Çünki tərcümə edərkən orijinalın dili səni öz təsiri altına salır, sərhədləri itirirsən. Yaxın dillər arasında tərcümə çox çətin işdir.

Saday Budaqlı: İlqar müəllimin sözünə qüvvət, biz ikinci dildən tərcüməni xoş günümüzdən etmirik. Tərcümə Mərkəzində işləyəndə aydın olur ki, yaxşı tərcüməçi, yaxşı redaktor tapmaq çətindi. Yaxşıları barmaqla saymaq olar. Əsas şərt orijinaldan tərcüməçidir. Amma biz rus məkanında yaşamışıq və hələ imkanlar buna yetir ki, ikinci dil olaraq rus dilindən istifadə edək. İlqar müəllim deyir “İsanın incili”nin 11 tərcüməsi var. Biz də rus dilindən tərcümə edəndə bunun ən yaxşısını seçib tərcümə etməliyik. Türkiyə türkcəsindən edilən tərcümələrin çoxu yarıtmaz vəziyyətdədir. Tərcümə Azərbaycan dilində səslənməlidir və hiss olunmamalıdır ki, bu tərcümədir. Tərcüməçi ilk növbədə Azərbaycan dilini yaxşı bilməlidir. Sovet dövründə tərcüməçi olmaq üçün 7-8 nəfər oxumağa göndərilmişdi, biz oxuduğumuz dövrdə. Ancaq onların heç biri sonradan gəlib tərcümə ilə məşğul olmadı, çünki hərə öz qohumunu göndərmişdi. Onlar Azərbaycan dilindən rusa tərcümə etməli idi. Ruslarda tərcümə məktəbi püxtələşib. Amma Türkiyədə vəziyyət necədir, bilmirəm.

Mahir N. Qarayev: Bütün bu müzakirələr ondan ötrüdür ki, bizdə tərcümə işi inkişaf etsin, vəziyyət düzəlsin. Tərcümədə ideal variant dəyişməz olaraq qalır: yəni, tərcüməçi hər iki dili mükəmməl bilməli, peşəkar olmalı, özünün yaradıcılıq qabiliyyəti olmalıdır. Müstəqillik qazandıqdan sonra bu məsələ çox müzakirə olunur: bütün dünyada tərcümə orijinaldan olunduğu halda biz ikinci dildən edirik. Biz sadəcə olaraq buna məcburuq. Ən azı 50 il də buna məcbur olacağıq, yəni vəziyyət az dəyişəcək. Şeirin tərcüməsi spesifik məsələdir, biz nəsrdən danışırıq. Azərbaycan dilində normal tərcümə etməyi bacaran yazıçıların sayı xeyli azdır. Qoy olsun maksimum 30 nəfər. Bu 30 nəfərin içərisində üç-beş yazıçı var ki, həm yazır, həm də tərcümə edir. Biz tərcüməçi axtarırıqsa, bu adamların arasından axtarmalıyıq. Bu adamların da pis-yaxşı bildiyi dil rus dilidir. Bizdən asılı olmayan səbəbdən biz ikinci dildən tərcümə edirik. Sovet vaxtı tərcümə edilən əsərlərin 98 faizi rus dilindən tərcümə edilirdi.

Mirmehdi Ağaoğlu: Orijinaldan tərcüməni barmaqla saymaq olar. Şekspirdən ancaq “Otello”nu orijinaldan tərcümə ediblər.

Mahir N. Qarayev: Bizim ən yaxşı yolumuz rus dilindən tərcümədir. Təki İlqarın dediyi kimi, insanlar gedib oxuyub 10 ildən sonra qayıtsın, amma mən bu məsələnin heç 50 ilə düzələcəyinə də inanmıram. Nə yaxşı ki, ruslar dünya ədəbiyyatını öz dillərinə keyfiyyətli tərcümə ediblər. İdeoloji şeyləri kənara qoysaq, demək olar ki, hər şey yaxşıdır. Bu günlərdə “Aydın yol” da bir “müsabiqə” vardı və hardasa səkkiz nəfər Markesin bir cümləsini rus dilindən tərcümə etmişdi. Çoxu yaxşı tərcümə etmişdi. Çünki bu əsər rus dilinə həddindən artıq gözəl tərcümə olunub. Rus dilindən tərcümə edəndə böyük bir itki olmur. Markesin məşhur “Yüz ilın tənhalığı” əsəri sivil dillər içində, ən gec bizim dilə tərcümə edilib. Səhv etmirəmsə 2011-ci ildə Günel Mövlud tərcümə edib. Bir dəfə Natiq Səfərovdan soruşmuşdum ki, bu əsəri niyə tərcümə etmirsiniz? Deyirdi bu əsərdə bır neçə qat var, cəsarət etmirəm.

İlqar Əlfioğlu: Natiqin imtina etməsi, məncə, ziyanlı pedantik yanaşmadır.

Mahir N. Qarayev: Gec olsa da, amma hər halda əsər yenə ikinci dildən tərcümə olundu. Lap Günel Mövlud bu əsəri tərcümə etməsəydi, bu gün də o əsəri orijinaldan tərcümə etmək üçün tərcüməçimiz yoxdur.

Mirmehdi Ağaoğlu: Rus dilindən tərcümə ilə bağlı danışdıq. Amma son illər bizdə ingilis dilini bilənlər, bu dildə təhsil alanlar var. Onların potensialından istifadə etmək lazımdır. Mahir müəllim Markesin əsərlərinin rus dilinə yaxşı tərcümə olunduğunu dedi, etiraz etmirəm. Mən də oxumuşam, yaxşıdır. Amma bəlkə alternativ olaraq ingilis dilindən istifadə edək, müqayisə aparmadan biz nə bilirərik ki, “Yüz ilin tənhalığı” ingilis dilinə rus dilindən daha mükəmməl tərcümə edilməyib?

İlqar Əlfi: Tonni Morrisonun romanlarını tərcümə etmişdim və bir Nobel nitqi qalmışdı. Nobel nitqinin ruscası yox idi və fikirləşdim ki, bunu necə edim. Nobel nitqinin ingiliscəsini internetdən tapdım. İngilis dilini mükəmməl bilən bir qohumum vardı. İngilislə danışanda onun ingilis olmadığını müəyyən etmək çətindi. O dərəcədə gözəl bilir. Tonni Morrisonun altı səhifəlik yazısını ona verdim və dedim ki, bunu sətri tərcümə etmək lazımdır. Dedi ki, problem yoxdur və 3 gündən sonra qaytardı ki, bir cümləsini belə sona kimi başa düşmədim. Bizim dil bilgisi dediyimiz səviyyə ədəbi tərcümə üçün, yazıçını tərcümə etmək üçün kifayət deyil. Dilin ancaq üst qatı yoxdur ki, sözbəsöz tərcüməylə kifayətlənəsən... Hər sözün doğurduğu assosiasiyalar var.

Qan Turalı: Azərbaycan dilində 10 milyon adam bilir. Amma Mahir müəllim qeyd etdi ki, uzaqbaşı 30 nəfər yaxşı yaza bilir.

Mirmehdi Ağaoğlu: Bəlkə alternativ variant kimi ispan və ya ingilis dilini bilənlər sətri tərcümə etsin, sonra bir neçə peşəkar tərcüməçi bunu bədiiləşdirsin.

İlqar Əlfi: İnsan başa düşmürsə, cümlənin məntiqini anlamırsa necə tərcümə edəcək?

Mirmehdi Ağaoğlu: Bizdəki tərcümələrə baxdım, “Robinzon Kruzo”, “Don Kixot”, “Səfillər” “Üç müşketyor” o cümlədən dünya ədəbiyyatının başqa şah əsərləri rus dilindən tərcümə edilib. Sovet dövründə nəşr olunmuş kitablarda bunu müəyyən etmək çox asandır. Bir kitabda “Tərcümə: Mikayıl Rzaquluzadə” yazılır, başqa bir kitabda isə “Orijinaldan tərcümə: Vilayət Hacıyev” yazılır. Deməli, sovet dövründə orijinal tərcümələr o qədər az idi ki, buna görə rus dilindən tərcümələr çox zaman heç qeyd olunmurdu. Şekspirin “Seçilmiş əsərləri” çap olunan kitabda yalnız “Otello” orijinaldan tərcümə edilib. Bu bizim üçün nöqsandır. Tərcümə ədəbiyyatımızda orijinaldan tərcümə olunmuş əsərləri barmaqla sayıb göstərmək olar. Axı nə üçün “Don Kixot” dilimizə orijinaldan tərcümə olunmasın? Sizin dediyiniz arqumentləri başa düşürəm. Mütəxəssislər azdır. Mahir müəllim də etiraf elədi ki, ən azı 50 il ikinci dildən tərcümə etməyə məcburuq. Başqa bir məsələ də var. Bizim orijinaldan tərcümə edən tərcüməçilərimiz də var və təcrübə göstərib ki, nəticələr heç də pis deyil. Mən Vilayət Quliyevin Corc Orueldən tərcümələrini qeyd etmək istərdim. Bunlar son illər bizim tərcümə ədəbiyyatı üçün uğurlu hadisədir.

Düzdür, mən Folknerin bir əsərini, məsələn “Hay-küy və hiddət”i tanımadığım tərcüməçinin orijinaldan tərcüməsində oxumaqdansa, tanıdığım tərcüməçinin ikinci dildən tərcüməsindən oxuyaram və ya bildiyim xarici dillərin birini seçərəm. Əlbəttə, bu məni qane etməyə bilər. Amma tərcümə ədəbiyyatının inkişafı üçün qoy gənc, həvəskar tərcüməçilər orijinaldan tərcümələrini etsinlər. Qoy bir əsərin bir neçə tərcüməçi olsun. Məsələn, Fransuaza Saqanın “Salam, kədər” romanı həm Hamlet Qoca tərəfindən orijinaldan, həm də Aygün Aslanlı tərəfindən rus dilindən tərcümə edilib. Bu kimi tendensiya çox maraqlıdır. Gələcəkdə də bu kimi nümunələrin artmasını istərdim. Qoy oxucu öz seçimini etsin, arınma, durulma təbii şəkildə baş versin.

Qan Turalı: Məsələnin bir də nəzəri tərəfi var. Hərəmiz ən azı iki dil bilirik. Bir dildən başqa bir dilə tərcümədə mətn çox itirir. Reallığı başa düşürəm. Poeziyanı demirəm, bu başqa bir sahədir.

Saday Budaqlı: Poeziyanı ikinci dildən tərcümə edəndə suyunun suyu qalır.

Qan Turalı: Nəsrdə də üslubçu yazıçılar var. Məsələn Floberin “Madam Bovari” əsəri tərcümə olunub. Türkiyədə bu əsəri məşhur esseist Nurullah Ataç tərcümə edib. Çox ciddi insandır və ədəbiyyatda böyük işlər görüb, əsəri də 30-cu illərdə tərcümə edib. Müəyyən yerlərdə ulduz qoyub, qeyd yazıb ki, burada cinas var, mən bunu tərcümə edə bilmirəm. Bizdə isə “Madam Bovari”ni az qala adını ilk dəfə eşitdiyim bir adam tərcümə edib.

İlqar Əlfi: O yəqin həmin cinasları tapıb (gülür).

Qan Turalı: Floberi tərcümə edəcək səviyyədə Azərbaycanda az yazıçı ola bilər.

Mirmehdi Ağaoğlu: Çünki “Madam Bovari” üslub hadisəsidir. Ədəbi etalondur. Məsələn, “Madam Bovari” əsərinin tərcüməsinə bələd olduğum adamın imzası atılmasa mən o əsəri oxumaram.

İlqar Əlfi: İşin nəzəri tərəfindən danışmağımız çətin olar, çünki biz praktiki tərcüməçiyik və hərəmiz öz nəzəriyyəmizi tapmışıq. Bu nəzəriyyələr sistemli deyil. Mən fars dilindən satirik novellaları tərcümə edirəm. Əvvəlcə rus dilinə tərcümə olunan novellaları tapdım. Baxdım ki, tərcüməçiləri tanıyıram. Fikirləşdim ki, fars dilində orijinalını əldə edənə qədər, rus dilindən tərcümə edim. Hər iki dili bilirəm və həqiqətən də, normal bilirəm. Amma hər iki dili bilməyin özü də problem yaradır. Rus dilindən tərcümə edə-edə rus sözünün arxasında farsın sözünü gəzirəm. Bilməyəndə daha asandır. Rus orda “pijon” sözü işlədib. Fars dilində buna uyğun gələn beş-altı söz var. Bunun hansı söz olduğunu tapmaq lazımdır...

Mahir N. Qarayev: Tərcümələrlə bağlı qınaqları oxuyuram. Mən də razılaşıram qınaqlarla. Amma biz ikinci dildən tərcümə etməyə məhkumuq.

Qan Turalı: İlqar müəllim qeyd etdi ki, rus dilindən tərcümə edəndə fars dilindəki sözü araşdırır. Hegelin bir fikri var ki, “Mədəniyyət tərcümə edilmir, mədəniyyət yaradılır”. Çox maksimalist fikirdir. Markesin əsərlərinii tərcümə edərkən, məlumdur ki, rus dilindən tərcümədə itki olub. Biz orijinalla müqayisə etmirik.

Mahir N. Qarayev: Bəzən tərcüməçi rus dilindən tərcümə edəndə bir fikirdə ilişir. Ancaq başa düşmür ki, bu bəzən əsərə rus tərcüməçinin əlavəsi də ola bilər.

İlqar Əlfi: Rus dilindən tərcümələrimi işarələyib saxlamışam. İndi gözləməliyəm ki, farsca orijinal gəlsin, dəqiqləşdirim.

Saday Budaqlı: Motevasyanın əsərlərini Natiq Səfərov tərcümə edib, özü də orijinaldan yox, rus dilindən. Amma Azərbaycan dilində çox gözəldir. Natiq Səfərovun çox gözəl yazı dili vardı. Duyumdan çox şey asılıdır.

İlqar Əlfi: Fars yazıçısının əsərini Azərbaycan dilinə pis tərcümə etmək olmaz. Çünki Şərq təfəkkürü bizə yaxındır. Mənim üçün maraqlıdır ki, fars hansı əsəri necə tərcümə edir. Mənə elə gəlir ki, farslar Avropaya bizdən yaxındır. Onların düşüncələri tamam başqadır. Ərəblərdə isə tərcümə işi əsasən çox bərbaddır. Tərcümə edirlər, söz səviyyəsində tərcümələr var və keyfiyyətsizdir.

Mahir N. Qarayev: Tərcüməçi üçün əsas şərtlərdən biri, öz dilini yaxşı bilməkdir. O bırı dili yaxşı bilirəmsə, bu yalnız mənim xeyrimədir. Mən pis tərcümə etsəm də, əsər heç nə itirmir. Bu fakt, bu əsər onsuz da var. Bizim öz dilimizi yaxşı bilməyimiz vacibdir.

İlqar Əlfi: Biz şərq dillərindən gözəl səslənən tərcümə edə bilərik. Amma qərb dillərindən bu mümkün deyil. Əgər qərb dillərindən gözəl səslənən tərcümə etmisənsə dil nə isə itirir. Mən Saramaqonun Azərbaycan dilində gözəl səslənməsini önə çıxarsam, orijinaldakı dil dərinliyini itirəcəm.

Mirmehdi Ağaoğlu: O zaman şərq dillərindən qərb dillərinə tərcümədə də çox şey itir. Belə çıxır ki, tərcümədə yaxşı səslənməsinə qaçmaq yox, orta variant tapmaq lazımdır. Siz peşəkar tərcüməçilər də etiraf elədiniz ki, tərcümədə orijinaldakı dərinlik itir. O zaman heç ideal tərcüməyə qaçmaq lazım deyil, orta xətti tapmaq kifayət edər.

Saday Budaqlı: Belə olan halda tərcümə zamanı Flober kimi üslubçu yazıçıların əsərini tərcümə edəndə problem olacaq. Amma Hemenquey kimi rahat yazıçılar da var. Üslubçu yazıçılar çox deyil. Sovet vaxtı 100 cildlik dünya ədəbiyatı vardı. Fikirləşdim ki, hansını götürüm? Düşünürdüm ki, ispan, ya ingilis bir müddət sonra orjinaldan çevriləcək, mən də yapon dilindən əsər götürdüm. Kavabatanın əsərlərini tərcümə etməyə başladım, mən yekunlaşdıranda Sovet dağıldı. Sonradan 150 cildlikdə çap etdirdik.

Qan Turalı: Saday müəllim, siz rus nəsrinin ən böyük əsərlərindən birini - “Master və Marqarita”nı tərcümə etmisiniz. Kavabatanı tərcümə edəndə fərq görürsünüzmü?

Saday Budaqlı: Əlbəttə. Orijinalın öz fərqi, rahatlığı var. Yazını oxuyanda onun ritmini tutmaq lazımdır.

Mirmehdi Ağaoğlu: Sovet dövründə tərcümə olunan əsərləri oxumusunuz. “Don Kixot”u, “Səfilləri” və başqalarını... Onlar haqqında nə düşünürsünüz?

Saday Budaqlı: Yenidən tərcümə olunmalıdır.

İlqar Əlfi: Hamısı yenidən tərcümə olunmalıdır. Bizim indi etdiyimiz tərcümələrlə, o tərcümələrin funksiyası eynidir. O tərcümələr də dövründə öhdəsinə düşən funksiyanı yerinə yetirib. Süjeti, situasiyanı insanlara çatdırıb. İnformativ tərcümələrdir. İkinci dildən olan tərcümə budur. Hamısı yenidən tərcümə olunmalıdır.

Mirmehdi Ağaoğlu: Hazırda Azərbaycan oxucusunun türk dilindən istifadə etmək imkanları var. Türk dilinə tərcümələrin əksəriyyəti orijinaldan tərcümədir. Azərbaycan oxucusunun da Türkiyə kitab bazarına çıxışı asandır, internet üzərindən sifariş edə bilər, Bakıda kitab mağazalarında tapa bilər. Bu gedişlə biz oxucu itirə bilmərikmi? Yeni nəsil arasında türkcə oxuyanlar çoxdur və onlar sabah öz dilində ikinci dildən tərcüməni oxumaq yerinə türk dilində orijinaldan tərcüməni seçə bilərlər.

İlqar Əlfi: Məncə itirmərik. Türkcə oxuyanlar var, amma dilləri hələ televiziya verilişləri səviyyəsindədir. Bu səviyyə də bədii əsər oxumağa kifayət etmir. Təbii ki, əgər türk tərcüməçisi əsəri bəsitləşdirməyibsə.

Qan Turalı: Böyük dillərdən danışdıq. Məsələn, İspan dilində danışan neçə-neçə ölkə var. Amma Norveç dili də var. Knut Hamsunun yazdığı dil. İsveç dilində Stvenson var.

İlqar Əlfi: Hələ Afrika ədəbiyyatına girməmişik. 91 dildə yazırlar. Norveç dilindən bədii tərcümə bizdə yəqin heç vaxt olmayacaq. Bu cür kiçik dillər ya rusdan, ya da ingilisdən çevrilməlidir. Ona görə də ikinci dildən tərcümə hər zaman aktual olacaq.

# 2808 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #