Öldürmək istədiyim hamilə qadın - Əyyub Qiyasdan əfsanə

Öldürmək istədiyim hamilə qadın - Əyyub Qiyasdan əfsanə
24 avqust 2019
# 13:29

Kulis.az Əyyub Qiyasın “Su qayıtdı” əfsanəsini təqdim edir.

70 yaşlı doğma Sumqayıta sevgilərlə...

Min illər əvvəldir... Xəzər ağır-ağır ləngər vurur... Kəhrəba rəngli qumsallıq uzandıqca uzanır...

Neçə vaxtdır bu yerlər susuzluqdan yanıb qovrulur. Yarpaqları quruyan üzümlüklər, yemiş bostanları, əncir bağları quraqlıq üzündən tələf olur. Bu yerlərin yeganə şirin su yatağı çay quruyub. Bütün canlı aləm susuzluqdan əzab çəkir. Amansız isti az qala daşları da əridir. Əhali susuzluqdan qırılır, xəstəlik baş alıb gedir. Əlacsız qalan Cürət camaatı qayıqlara doluşub qoca balıqçının - Xızır babanın yanına üz tutur. Bu əhali hər zaman dara düşəndə, bir müşkülü olanda dünya görmüş qocanın, yaşını heç kəsin bilmədiyi nurani ağsaqqalın qapısını özünə ümid yeri bilib. Əhali pərişandır, qocalar, uşaqlar susuzluqdan taqətdən düşüblər. Cavanların avar çəkməyə taqəti qalmayıb. Günəş çıxandan qayıqlara doluşub günəş batana qədər avar çəkən Cürət camaatı göy sular qoynundan boy verən Beşbarmaq dağını görəndə ürəklərinə bir rahatlıq, bir ümid dolur. Gücü tükənmək üzrə olan avarçıların ruhuna ilahi bir güc gəlir.

Onlarla qayıq sahilə yan alır, uşaqlı-böyüklü hamı sahilə axışır, sanki quş kimi qanad açaraq, Xızır babanın görüşünə tələsir...

İllərdi tək yaşamağa alışan, kasıb balıqçı daxmasının qapısı səyyahların, ziyarətçilərin, ondan kömək istəməyə gələnlərin üzünə hər zaman açıq olan Xızır baba torları qurutmaq üçün sərdi, işini qurtarandan sonra, quyudan su çəkib, yuyundu. Sonra mis parçı su ilə doldurub başına çəkdi, amma elə bir qurtum içmişdi ki, dayandı, gözlərini qıyıb dəniz tərəfə baxdı. Bir dəstə adamın onun daxmasına doğru gəldiyini görəndə parçı quyunun yanına qoyub, gözlədi. Adamlar bir-birlərinə dayaq verə-verə onun daxmasına doğru gəlirdilər. Xızır baba, neçə gündən bəri yuxusunu qatmışdı, indi də adamları belə pərişan görəndə, dalağı sancdı, bu, heç də xeyirdən xəbər vermirdi, amma adəti üzrə ürəyində: “Allah xeyirlisindən eləsin”, – dedi.

Cürət camaatı ona doğma idi. Zamanını, vaxtını unutmuşdu, amma o kəndin təməlini onun özü və törəmələri qoymuşdu. İndi də ona pənah gətirən adamlar onun doğmaları, qanının daşıyıcıları idi.

Adamların dağa dırmaşmağa halı qalmamışdı, odur ki, özü onları qarşılamaq üçün aşağı endi. Onu görən insanların gözlərində ümid qığılcımları alışdı, ürəklərinə sərinlik yayıldı.

- Nə olub, niyə belə gücsüz, taqətsizsiz? Allah göstərməsin, nəsə bir fəlakət baş verib?

Azacıq taqəti qalmış cavanlardan biri – Dənizxan oğlu Buğdüz Xızır babaya yaxınlaşıb, qocanın əlindən öpdü:

- Baba, fəlakət deməklə düz söylədin! Neçə müddətdir bir qurtum suya həsrət qalmışıq. Əkin yerlərimiz, otlaqlarımız susuzluqdan od tutub yanır. Torpaqlarımız cadar-cadar olub... bostanlarımız quruyub, baba... Heyvanlarımız susuzluqdan tələf olur. Allah xətrinə, bizə kömək elə, Xızır baba!

Xızır baba qaşlarını çatıb, adamlara baxdı. Bu adamlar sorğu-sual olunacaq, nəsə deyəcək halda deyildilər. Hər birinin bir içim suya ehtiyacı vardı. Daha ayaq üstə durmağa, nəfəs almağa gücləri qalmamışdı.

- Buğdüz, oğlum, tez mənimlə gəl, - deyən, Xızır baba, irəli keçib daxmaya tərəf qalxmağa başladı. Buğdüz də onun arxasınca düşüb, qocanı təqib etdi. Xızır baba quyudan su çəkib səhəngləri doldurdu, ikisini Buğdüzə verdi, ikisini də özü götürdü. Sonra əlinə keçən saxsı bardaqlardan bir-iksini heybəyə qoyub, tez aşağı, adamların yanına tələsdi. Hərəyə bir-iki qab sərin quyu suyundan içən adamların ciyəri sərinlədi, gözləri işıqlandı, damarlarındakı qan durulub axdı. Əvvəlcə uşaqlara, qocalara su verdilər. Hər kəs su içdikcə: “Allah səndən razı olsun, Xızır baba, - deyirdi. - Su qədər ömrün olsun, Xızır baba!”

Beləcə, sudan içib özünə gələn insanlar, dağ döşündə oturub, rahatlıqla nəfəs aldılar. Özlərinə gələn qadınlar süfrə açdı, cavanlar ocaq qaladı. Buğdüzlə bərabər bir neçə cavan Xızır babanın daxmasından təzə balıq gətirib ocaqda qızartdı. Günlərlə davam edən susuzluq, əzab, dəhşət hələlik bitdi. Əlini süfrətə uzatmayan Xızır baba, adamlara baxdı, onların gözündəki sevinci, bu sevincin arxasında gizlənən qorxunu, təlaşı gördü.

- Danışın, - dedi, - necə oldu ki, çayın suyu qurudu?

Hamı təlaş içində bir-birinə baxdı. Hamı eyni vaxtda köks ötürdü. Dünya görmüş qoca bu gözlərdəki dəhşətin səbəbini anlamağa çalışdı.

- Hər şeyi olduğu kimi danışın ki, sizə kömək edə bilim, - qoca təmkinlə söylədi. - Nə olub, nə günah işlətmisiniz, Allah sizi niyə cəzalandırır? Allahın mərhəməti böyükdür! O, öz bəndəsini səbəbsiz yerə imtahana çəkməz və səbəbsiz yerə cəzalandırmaz.

Hamı susurdu, heç kəs həqiqəti deməyə cürət etmirdi. Amma hamı, gələnlərdən bir qədər aralanıb kənarda tək oturan qocaya baxırdı. Xızır baba bu baxışların altında gizlənən sirri çözməliydi, çünki bu insanlara kömək etmək, müşküllərinə əncam çəkmək istəyirdi. Xızır baba bir də ona pənah gətirən adamları diqqətlə süzdü. Bu qədər adamın arasında həmin o tək oturan qocadan başqa bircə nəfər də olsa yaşlı, ağsaqqal adam gözə dəymirdi. Elə bil Əzrayıl bir gecədə gəlib bu adamların arasında nə qədər qoca kişi vardısa, hamısını yığıb aparmışdı. Xızır baba qocaya yaxınlaşdı. Gözləri çuxura düşmüş, əlləri qurumuş ağac budaqlarını xatırladan, dərisi qırış-qırış olmuş qoca başını qaldırıb Xızır babaya baxmağa cürət etmədi.

- Danış, - dedi sakit səslə, Xızır baba. - Sən nə günah işlətmisən, sənə görə bu camaat niyə zülüm çəkir?

Qoca udqundu, köks ötürüb ətrafdakı adamlara baxdı.

- Doğrudur, mən günah işlətmişəm, amma bu adamlar da məni cəzalandırmaqla günaha batıblar!

- Sən nə demək istəyirsən? - Xızır baba mənalı-mənalı xəbər aldı.

- Onsuz da hamı hər şeyi bilir. Çox-çox illər bundan əvvəl adım dillərdə dastan idi. Burluğ Sultan idim mən. Tircan xatun adlı qızım vardı. Anası öləndə qız körpə idi hələ, sonra dayəsi böyütdü onu. Oğlan kimi böyüyürdü, günü-zamanı ovda keçir, sarayda az-az tapılır, çox vaxt meşədəki alaçıqda, bəzən də mağarada gecələyirdi. Gözəllikdə tayı-bərabəri yox idi, neçə-çeçə sultan oğlu, əmir oğlu elçi gəlmişdi onun üçün, ancaq Tircan xatun heç kəsə könül vermirdi.

Bir gün qız ovda olanda dayəsindən xəbər gəldi, Tircan dörd gün idi gecələr alaçığa qayıtmırdı. Hər tərəfə adam saldırdım, axırda nökərlərim qızı Dağxan oğlu çoban Eymurun mağarasında tapdılar. Xəbər yayıldı ki, qızım Tircan xatun çoban Eymurla evlənib. Yer-göy qəzəbimdən titrədi, qızı zorla saraya gətirdilər, Dağxan oğlu çoban Eymuru isə elə-aləmə ibrət olsun deyə camaatın gözü qarşısında edam elətdirdim, həftələrlə dar ağacından asılıb qaldı, qurd-quş cəsədini didişdirdi.

Düz dənizin sahilində Qara Qala tikdirdim, qızı sürgün edib, ağlı başına gələnə qədər orada dustaq saxlamaq istəyirdim. Bir gün münəccimbaşı əmir Sarı Boğa hüzuruma gəlmək üçün izn istədi. Gəlib hüzurumda yeri öpdü, sonra dedi ki, ulduzlar qızımın hamilə olduğunu xəbər verirlər, amma dünyaya gələcək o uşaq həm mənim öz həyatım, həm də bütün sultanlığın gələcəyi üçün təhlükədir. Əgər o körpə dünyaya gəlib yaşasa, hamımız məhv olacağıq. Əvvəlcə qızın özünü bətnindəki körpə ilə birlikdə öldürmək istədim, amma münəccimbaşı dedi ki, qızım övladını dünyaya gətirəndən sonra onu oğlu Sarı Təkinə almaq istəyir. Beləcə, həm sultanlıq varissiz qalmaz, həm də bu biabırçılığa birdəfəlik son qoyular. Razılaşdım. Körpənin dünyaya gələcəyi günü gözlədik. Vaxt-vədə tamam oldu, Qara Qaladan xəbər gətirdilər. Qızımın bir oğlu olmuşdu. “Əcəlim, doğuldu!” – ürəyimdə fikirləşdim. Tez xəbər göndərdim ki, uşağı qızdan alıb öldürsünlər. Körpəni öldürməyə gedənlərin başında Sarı Təkinin özünü göndərdim, istəmirdim sirrim ətrafa faş olsun. Bir qədər sonra Sarı Təkin saraya qayıtdı, körpəni öldürüb dənizə atdığını, lakin qızımın da bu ayrılığa dözməyib intihar etdiyini, özünü qaladan atdığını söylədi. Sən demə, qızım Sarı Təkinlə şərt kəsib, deyib ki, əgər körpəni öldürsə, o da özünü qaladan atıb intihar edəcək, yox əgər sağ saxlasa, ona ərə getməyə razı olacaq. Sarı Təkin qızımın təklifi ilə razılaşıb, uşağı beşiyə bağlayıblar, yanına bir qab su ilə bir çörək də qoyub dənizin sularına veriblər. Beşik gözdən itənə qədər Tircan xatun gözlərini sulardan çəkməyib, sonra özünü qaladan atıb, intihar edib... Beləcə, qəzəb mənə güc gəldi, gəmilər, qayıqlar dənizə çıxıb uşağın beşiyini axtarmağa başladı. Qəzəbim gözlərimi kor etdi, bizi Yaradana yalvardım, dedim ki, nəvəmi tapmayınca, əcəlimlə üz-üzə gəlməyincə canımı alma. Onu öz əllərimlə öldürməyincə, mənə ömür ver. İllər keçdi, sultanlığım nəvəmi axtarmaqla dağıldı, var-dövlətim, şan-şöhrətim dənizin dalğaları kimi zamanın sahillərinə çırpılıb itdi, mənsə nəvəmi axtarmaqdan yorulmadım. Hər şeyimi itirəndən sonra dənizin sahili ilə gəlib Cürət camaatının yanına çıxdım. Əvvəlcə sirrimi onlardan gizlətdim, adamlara heç nə demədim. Hər yerdə olduğu kimi, bu kənddə də hər gecə nəvəm bu ola bilər düşüncəsi ilə bir qoca kişi öldürdüm. Əvvəlcə adamlar heç nə başa düşmədilər, sonra kənddəki yaşlılar arasında bircə mənim qaldığımı görəndə, şübhələndilər. Üstümə gəldilər, “Yəqin, əcəlim çatmayıb”, - dedim, inanmadılar. Əl-qolumu bağlayıb məni suyu qurumuş quyuya atdılar. Sonra kənddəki bütün quyuların da, çayın da suyu qurudu. Günah etdiklərini başa düşdülər, məni quyudan çıxartdılar, ancaq kənd susuz qaldı...

Qoca danışdıqca Xızır babanın qulaqlarında uğultu qopdu, xəyalı uzaqdan uzaq dumanlı xatirələrin yanına uçdu. Dənizin suları ilə üzən beşik, beşiyin ətrafında uçuşan qağayılar, sonra bir Ağ Göyərçinin dimdiyində su içən, çörək yeyən körpə... İllər sonra hər gün ləpələrin vurub sahilə çıxartdığı çörək. Xızrır baba öz keçmişini gördü. Onu böyüdən Ağ Göyərçini gördü. Elə bu vaxt bayaqdan bəri taleyini danışan Burluğ Sultan qəflətən boğulmağa başladı, ağzı köpükləndi, zorla nəfəs aldı. Xızır baba, tez onu yerə uzadıb, öz əli ilə qocaya su içirtməyə çalışdı. Qoca bir-iki qurtum su içib, bir qədər özünə gəldi, gözlərini bərəldib, ətrafa baxdı. Qorxudan az qala gözləri şişib partlayacaqdı.

- Onlardır, - dedi xırıltılı səslə, - məndən qisas almağa gəliblər.

- Kim? - Xızır baba təəccüblə soruşdu.

- Hər gecə birini öldürdüyüm qocalar. İndi də sinəmə çöküb mənim canımı almağa gəliblər, amma mənim Yaradanla şərtim var, nəvəmi tapmadan, onun canını almadan mənə ölüm yoxdur.

- Sənin axtardığın, nəvəm dediyin adam mənəm, - Xızır baba sakit səslə dedi. - Uzun-uzun illər əvvəl beşiyim suların qoynunda sahilə çıxdı. Dənizdə qağayı cildli mələklər məni qorudu, sahildə Ağ Göyərçin donlu pəri. Hər gün sahilə bir çörək çıxırdı, Ağ Göyərçin o çörəklə həm məni, həm də öz balalarını bəslədi. Sonra mən böyüdüm, tor atmaq öyrəndim, balıq tutub dolandım. Bir gün Əcəm elindən dənizin sahili ilə gəlib rus diyarına gedən karvan mənim daxmamın yanında dayandı. Tacirlər qurutduğum balıqların hamısını aldılar, küpələrdə duza qoyduğum balıqların pulunu artıqlaması ilə verdilər. Sonra da tək olduğumu görən tacirlərdən biri Siyah Zənən adlı kənizini mənə bağışlayıb getdi. Vədə tamam olanda Cürət adlı bir oğlum, Saray adlı bir qızım gəldi dünyaya. Oğlum doğulandan sonra komamı tikdirdiyim yerin adını Cürət qoydum. Qızım böyüyəndən sonra qonşu kənddən gəlib Saraya elçi düşdülər. Qızımın ayağı o kəndə düşərli oldu. Kəndin barı-bərəkəti aşıb daşdı. Şanısı, ənciri ticarət karvanlarının yükü olub ərzin hər tərəfindəki bazarlara ayaq açdı. Həmin kəndin ağsaqqalı da o vaxta qədər adsız olan kəndə Saray adı verdi.

Beləcə nəsim artıb-törədi. Bir gün Siyah Zənənlə sahildə dayanıb uzaqlara baxırdıq. Bir qayalıq qaralırdı uzaqda. Qayığa minib o qayalığa tərəf üzdük. Sahilə çıxdıq. Yavaş-yavaş qayalığa dırmaşdıq. Bax bu gördüyünüz yerdir ora. Gülün-çiçəyin ətri adamı uzaqdan vururdu. Arılar, kəpənəklər uçuşur, quşlar cəh-cəh vurub oxuyurdu. Siyah Zənən: “Bura cənnətdir!” - dedi. O gündən ikimiz də burada yurd saldıq. Mən yenə hər gün dənizə gedib balıq tutur, qarım da o balıqları bişirir, yeyib dolanırdıq. Bir gün yenə balıq tutmağa getmişdim, fırtına başladı. Dənizdə neçə gün qaldığımı bimirəm, amma özümə gələndə sahildəydim. Qayıq yox idi, yəqin dənizdə aşıb qalmış, ləpələr məni sahilə çıxartmışdı. Ancaq gözlərimi açan kimi dəhşətdən yenə huşumu itirdim. Mənim əziz Siyah Zənənim sahildə diz çöküb oturmuş, əllərini göylərə qaldırdığı yerdə daşa dönmüşdü. Qırx gün qırx gecə, başımı onun daşı üstə qoyub ağladım. Sonra onun xatirəsi qalan cənnətimə - bura qayıtdım. O vaxtdan qarımın quruyub daşa döndüyü yer - Siyah Zənən kimi tanındı. Mən də burada əcələmi gözlədim.

Burluq Sultanın gözləri şişib-şişib partladı. Boğazındakı su daşa dönüb, onu boğdu. Qoca nəvəsinin qucağında ilan kimi qıvrıla-qıvrıla, əzab içində canını tapşırdı. Xızır baba başını qaldırıb ətrafdakı adamlara, onları diqqətlə süzən qandaşlarına baxdı. Adamların arasından beli bükülmüs, gözləri uzun kirpikləri arasında görünməz olan bir qarı ayaqları dolaşa-dolaşa irəli çıxdı. Xızır babaya yaxınlaşıb, qarşısında diz çökdü.

- Oğlum, - deyib, nalə çəkdi. - Bir vaxtılar hər kəsin Tircan xatun deyib sevdiyi, eşqindən dəli-divanə olan sultan qızı, səni dünyaya gətirən qadın mənəm. Neçə illərdir bu cəllad atamın arxasınca düşüb diyar-diyar gəzir, səni axtarıram. Cəlladlar səni beşiyinə qoyub suların pənahına verəndə, ayrılığına tap gətirmədim, səni Allaha əmanət edib, özümü qaladan dənizə atdım. Balıqçılar tapdı məni. Özümə gələndə ağlımda, xəyalımda dalğalar qoynunda yırğalanan beşikdən başqa bir şey yox idi. Tez sahilə cumub sulara baxdım, dəlilər kimi sahildə ora-bura qaçdım. Sonra məni birtəhər sakitləşdirdilər. Bir müddət balıqçılar saxladı məni, qayğıma qaldılar, mənə həyat verdilər. Hər gün evdən bir çörək götürüb sahilə gəlir, çörəyi dənizə atıb, Allaha yalvarırdım: - “Allahım, bu çörəyi ona ehtiyacı olan birinə yetir”, - deyirdim. İndi sən danışdıqca, bir daha Allahın böyüklüyünü anladım. Ehtiyacı olan sən imişsən, səni qoruyan Allah ruzuni də həmin o Ağ Göyərçinin cildində sənə yetirib.

Ətrafdakı adamlar sarsılmışdı. Kimi göz yaşı axıdır, kimi içini çəkib, köks ötürürdü.

Sonra köməkləşib Burluğ Sultanı dəfn etdilər. Xızır baba adamların arasında anasını axtardı, amma qarı yox idi. Qaya parçası üstə qonmuş Ağ Göyərçini gördü. Gözləri işıqlandı, arıq, zəif qollarına güc gəldi. Göyərçin qanad açıb uçdu, Xızır baba da onu təqib etməyə başladı. Adamlar gəldikləri kimi qayıqlarına doluşub Cürət kəndinə qayıtdılar. Xızır baba göyərçinin ardınca düşüb Gülümdostu dağına qədər getdi. İri bir qaya parçası Cürət kəndinə gedən suyun qarşını kəsmiş, yönünü dəyişmişdi. Göyərçin qayanın başına dövrə vurub qanad çalırdı. Sonra suyun qarşısını kəsmiş qaya parçası üstə qondu. Dil açıb bayaq danışan qarının səsi ilə danışdı:

- Oğlum, - dedi, - qayanın dibində qılınc var, o sənin qılıncındır, səni qoruyan Allahın sənə hədiyyəsidir. Gir suya, tap o qılıncı, var gücünlə vurub bu qayanı iki yerə böl, qoy sənin nəslin, soyun, boyun qiyamətə qədər o sudan içsin.

Xızır baba Ağ Göyərçin deyən kimi etdi. Suya girib qayanın dibini axtardı. Xeyli axtardıqdan sonra qılıncı tapdı, onu başı üstə qaldırıb qaya parçasına endirdi. Daş iki yerə bölündü, selləmə su haça qayalar arasından axıb öz yolunu tapdı. Quruyub cadar-cadar olmuş çay yatağı cana gəldi...

Cürət camaatı axşama yaxın kəndin sahillərinə yetişdi. Qayıqdan enən hər kəs əvvəlcə çaya tələsdi. Çay qupquru idi. Hər iki sahil boyu toplaşan adamlar getdikcə çoxaldı. Birdən gurultu qopdu, ətraf lərzəyə gəldi. Çay yatağında sel göründü. Sular dənizə qovuşub quzuya döndü.

Adamlar gözlərinə inana bilmirdilər. Heyrətdən hər kəsin nitqi tutulmuşdu. Bu vaxt qoçaq Buğdüz özünü suya atdı, ovuclarını su ilə doldurub ətrafdakı adamları islatdı. Sonra hamı körpə uşaq kimi çaya atılıb bir-birinə su çilədi. Səs, hay-küy bir-birinə qarışdı.

Buradakı adamların başı üstə bir Ağ Göyərçin uçurdu. Hər kəs səs-səsə verib sevinclə:

- Su qayıtdı! - deyirdi. - Ay adamlar, bu yerlərə su bir də qayıtdı. Bura su qayıtdı! Görürsünüzmü, Xızır baba suyumuzu qaytardı. Suyumuz qayıtdı! Su qaytdı! Bura su qayıtdı!

O vaxtdan hər kəs bir-birini görəndə, salamlaşmazdan əvvəl - “Gördün, su qayıtdı! Xızır baba suyu qaytardı!” - deyirdi. Və bu yerlərin adı da beləcə Su qayıtdı qaldı. O gündən Xızır baba da öz cənnətində qeybə çəkildi. Arabir qandaşları, törəmələri dara-çətinə düşəndə özünü onlara yetirdi, kömək etdi və öz əbədi ömrünü yaşadı. Xızır babanın övrəti Siyah Zənənin əbədiyyətə qovuşduğu yer Siyah Zənənin daşa döndüyü yer kimi yaddaşlarda qaldı.

Xızır babanın oğlu Cürətin adı verilmiş kənddən neçə-neçə adlı-sanlı adam, cürətli, qoçaq igid yetişdi.

Xızır babanın qızının adı verilmiş Saray kəndi əsrlərlə yaşadı, böyüdü, indi də gözəl, abad bir məkana çevrilib.

Beləcə illər ötdü, əsrlər dolandı, bəzi sözlər adamların dilində dəyişdi. Bir vaxtlar hamının “Bura su qayıtdı!” dediyi yer sonradan Sumqayıt oldu.

Siyah Zənənin daşa döndüyü yeri adamalar Siyəzən kimi tanıdılar.

Saray elə bu gün də hamının tanıdığı Abşerondakı Saray kəndidir. Cürət kəndinin adını isə yavaş-yavaş Corat kimi tanıdı hər kəs. O Ağ Göyərçin min illərdir bu şəhərin səmalarında uçur, öz xeyir-duasını bu şəhərdən əsirgəmir, onu bütün bəlalardan qoruyur. Axı o Ağ Göyərçin həm də bu şəhərin anasıdır...

# 3011 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #