Fransız deputatın yatağı Bəşər Əsədə qarşı HEKAYƏ

Fransız deputatın yatağı Bəşər Əsədə qarşı HEKAYƏ
10 sentyabr 2013
# 07:30

Ekspressiya

Ah, Aneta, axı niyə səbrin çatmadı, axı niyə bir az da dözə bilmədin. Axı neçə illərdi pəhləvana canla başla xidmət edirdin, nazıyla oynayırdın. Axı niyə? Aneta, Aneta…

***

Əsəd növbəti müşavirədən sonra kabinetinə çəkilib, ölkənin divarda asılmış iri xəritəsinə baxırdı. Hansı bölgələrin üsyançılar tərəfindən tutulduğunu, hansı şəhərlərin hökümətə asi olduğunu beynində götür qoy-edir və fikirləşirdi ki, bir vaxtlar bu yerlərə gedəndə, camaat küçələrə tökülüb mənim ayağımı öpürdü, amma indi ora ayağım dəysə, diri diri-dərimi soyarlar… Axı niyə? Nə dəyişdi ki? Adamlar bəyəm beş il əvvəlki adamlar deyil? Yoxsa mən beş il əvvəlki Əsəd deyiləm?

***

Hər şey əvvəlki kimi idi, amma Əsəd bilmirdi ki, Aneta daha əvvəlki Aneta deyildi, daha səbri çatmırdı, yorulmuşdu. Ona görə də, keçən həftə Luvr meydanında taksiyə minəndə sükan arxasında oturmuş orta yaşlı ərəb nədənsə birdən-birə ona dünyanın ən göyçək adamı kimi görünmüşdü. Ərəb doğurdan da yaraşıqlı idi. Qara saçları, üzünün sərt cizgiləri, qalın qaşları, qartal baxışları… Yaşı əlliyə yaxın olsa da, sifətində qəribə bir mərdlik ifadəsi görünürdü. Yəqin ki Əlcəzairdən, ya da Mərakeşdən olan bu ərəb sürücü nədənsə Səddam Hüseyni xatırlatmışdı Anetaya… Məhkəmədə ölüm hökmüylə üz-üzə qalsa da, əvvəlki hiddətini saxlayan və hakimlə mübahisə edən Səddam Hüseyni…

Aneta o vaxt yaşı altmışı keçən Səddamın məhkəmədəki sifətini görən kimi, qeyri-ixtiyari Mişeli xatırlamışdı. On ildən çox müddətdə parlamentdə oturan, və indi də Anetaya himayədarlıq edən «sevgilisi» Mişeli…

Qeyri-ixtiyari fikrində tutuşdurmağa başlamışdı məhkəmədəki Səddam Hüseynlə yataqdakı Mişeli… Daha doğrusu, pəhləvanına heç cür güc verə bilməyən, cürbəcür tabletkaların və Anetanın məharətinə ümid bağlayan Mişelin yazıq sifətini… Bir dəfə elə, bir dəfə belə. Gah kömək edirdi, gah kömək etmirdi həm tabletkalar, həm də Anetanın məharəti…

Kömək edəndə, Mişel əzəmətli görünürdü. Kömək etməyəndə, pəhləvana nifrətlə baxırdı, az qala kəsib atmaq istəyirdi…

Taksidəki ərəbi görən kimi, Anetin ürəyindən qəribə hisslər keçmişdi. Elə bilmişdi ki, nəsə çox əhəmiyyətli bir şey çıxıb onun qarşısına. Çox əhəmiyyətli. Və bu əhəmiyyət nədəydisə, Mişelin ona bağışladığı Yaquar maşını da, Monmartr bulvarındakı evi də, Nitsadakı villanı da onun gözündən salmışdı. Hətta iki günlük avtoservisə verdiyi Yaquarı götürmək də yadından çıxmışdı…

Sonrası çox sürətlə baş vermişdi. Ani sevgi bəlkə də belə olur. Hərçənd ki ərəbin onu nə qədər sevib- sevmədiyini Aneta dəqiq müəyyən edə bilmirdi. Burda xeyli müddət yaşadığından bu qaraşın ərəb onların dilini bilsə də, hissləri-filanı barədə danışmırdı. Ümumiyyətlə danışmağı sevmirdi. Və Mişelin sonu görünməyən bəhanələri, gücsüzlüyünün səbəblərini xırdalayan üzücü monoloqları, az qala yataqda da dünya siyasətini xırdalayan çıxışları fonunda, bu səssiz ərəbin gücü, enerjisi və sükutu Anetanı elə bil başqa bir aləmə aparmışdı. Daha bu zərif qadının öz məharətini göstərməyə ehtiyac qalmırdı. Aneta sadəcə tabe olurdu bu qaraşın məxluqa. Bütün varlığıyla tabe olurdu…

Və nəhayət partladı Aneta. Mişelin pəhləvanının heç cür pəhləvanlaşmaq istəmədiyi bu gecədə, ona güc verməkçün bütün məharətini, bacarığını, təcrübəsini işə salan Aneta, heç bir nəticənin hasil olmadığını görüb birdən-birə əl saxladı. Təngnəfəs halda dayanıb diqqətlə Mişelin sifətinə baxmağa başladı. Kişinin sarışın çöhrəsi yenə yazıq ifadə almışdı.

Mişel isə Anetanın dayandığını görüb , yenə həmişəki kimi əsəb yorğunluğundan, parlamentdəki gərgin debatlardan, seçkiqabağı narahatlıqlardan danışmağa başladı. Amma həmişə onu diqqətlə dinləyib başını tərpədən Aneta bu dəfə aman vermədi. Qəfildən bir siqaret yandırıb Mişelin sifətinə üfürdü və qətiyyətlə dedi ki, mən bir ərəbi sevirəm.

Mişel əvvəl heç nə başa düşmədi, əlləri əsə-əsə çarpayının yanındakı dolabın üstündən qızıl çərçivəli eynəyini götürüb gözünə taxdı və diqqətlə Anetaya baxdı.

-Nə ərəb?

-Səninçün nə fərqi var? Ərəbdi də… Adi ərəb, müsəlman. Qaraşın bir sürücü.

-Heç nə başa düşmürəm…

Və Aneta Bağdada düşən raket kimi qəfildən partladı.

-Başa düşmürsən? Axı sən nəyi başa düşürsən ki? Mən yorulmuşam. Anlayırsan, yorulmuşam. Dincəlmək istəyirəm. Mən insan kimi yaşamaq istəyirəm. Gündüz də, gecə də. İstəyirəm gözümü yumum, özümü kimisə ixtiyarına verim və bircə anda uçurtsun məni, aparsın göylərə…İstəyirəm ruhumu bədənimdən ayırsın, istəyirəm məni öldürüb diriltsin təzədən. Yorulmuşam o mavi səmalara kəndirlə dırmaşmaqdan. Kəndirə sürtülməkdən əllərimin dərisi gedib. Anlayırsan?

- Bəs mən axı…

Aneta yenə imkan vermədi, sarı saçlarını üzündən yığıb çarpayıda oturdu, gözlərini az qala Mişelin gözünə dirədi.

-Nə mən? Sən heç məni fikirləşmisən bu vaxtacan? Hamınız eyni zibilsiz. Aneta, başla, Aneta elə yox belə, Aneta, tez ol, hə, hə, Aneta… Bacarmıram daha… Sənin pəhləvanın yorub məni, canımı boğazıma yığıb. Axı nəyə görə mən günümün yarısını ancaq onu düşünməliyəm ki, görəsən bu gecə neynəyim, görəsən bu gecə nə fikirləşim? Elə bil döyüşdəyəm daim. Həmişə fikirləşməliyəm, tapmalıyam, nələrsə eləməliyəm, can qoymalıyam ki, sənin zirehi pas atmış cəngavərini birtəhər ata mindirim. Hər həftə eyni şey, eyni əziyyət… Bəsdi, yetər, istəmirəm, yorulmuşam. Lazım deyil mənə sənin Yaquarın da, evin də, villan da… Mən dincəlmək istəyirəm. Səndən də, sənin cəngavərindən da.

Ağır sükut çökdü…

Mişel hamar dərisi olan bu gözəl bədəni elə qəribə nəzərlərlə seyr edirdi ki, elə bil sinəsində, boynunda, çiyinlərində o məşum ərəbin əl izlərini görmək istəyirdi. Və görürdü də… Yalnız indi anlamağa başladı ki, Anetanın dərisindəki yüngül qırmızı cızıqların səbəbi nədi.

Aneta isə qəfildən üzü üstə divana çöküb hönkürməyə başladı.

Mişel hiss elədi ki, boğulur. Əslində az qala bütün Avropada hörməti olan bir parlamentarinin sadəcə bir qadın itirməsi yəqin ki elə də böyük faciə olmazdı. Sadəcə Mişel Anetaya öyrəşmişdi bu beş ildə. Hətta inanırdı ki, Aneta onu sevir. Sevdiyinə görə də, bütün yataqdakı çətinlikləri görməməyə çalışır, əziyyətlərə sevə-sevə dözür, həmişə ona təskinlik verir, problemləri dəf eləməkçün dəridən qabıqdan çıxır, bütün qadın məharətini ortaya qoyur. Çünki sevir. Bunları ürəkdən edir.

Mişel də əvəzində ürəkdən ona hər şey bağışlayırdı. Mənzil, maşın, villa və nələr, nələr.

Amma indi məlum olur ki, sevgi-filan yox imiş, Aneta bütün bunları heç də ürəkdən eləmirmiş. Bəlkə də sevirmiş. Sadəcə, özü dediyi kimi dəhşətli dərəcədə yorulub yorulub.

Qəfildən zorlamaq istədi qarşısında uzanıb hönkürən bu qadını. İstədi vəhşi kimi zorlasın, Anetanın qışqırığı bütün binanı başına götürsün, ağlasın, yalvarsın ona. İstədi ağrıtsın Anetanı, dəhşətli ağrılardan Anetanın bədəni silkələnsin, bədəni gömgöy olsun.

Qadına nəsə eləyə bilərdi, döyə də bilərdi, əzişdirə də bilərdi, hətta öldürərdi bu saat. Və içində qəfildən yaranan vəhşi qəzəb onu məhz buna sürükləyirdi. Lakin Mişelin bütün ruhu bu qadını sadəcə döyüb əzişdirmək, öldürmək yox, məhz zorlayıb pis günə qoymaq istəyirdi. Döyə-döyə zorlamaq, zorlayaraq öldürmək. Bu saat bütün dünyada onun içində yaranan vəhşi ağrını yalnız bu kəsə bilərdi…

Hətta Anetaya tərəf iki addım atdı da Mişel…

Lakin birdən təkəri boşalmış maşın kimi fısıldayıb yerində dayandı. Başa düşdü ki, bu dəqiqə Anetaya hər şey edə bilər. Çırpar, döyər, pəncərədən aşağı atar, öldürər… Bircə zorlamaqdan başqa. Bunu heç cür edə bilməyəcək. Hətta bu saat zəng vurub ona desələr ki, səni parlamentin sədri təyin etmişik, yenə də Anetanı zorlaya bilməyəcək. Nə indi, nə də sonra.

Aneta isə getdi. Elə gecəylə mənzilin, villanın, maşının açarlarını Mişelin üstünə tullayıb yox oldu onun həyatından.

Mişel səhərəcən yata bilmədi. Bütün gecəni siqaret çəkdi. Gözünün qabağında isə yalnız bir lövhə dolaşırdı. Anetanı o qaraşın ərəbin gözü qarşısında zorlayır. Döyür, çırpır və zorlayır. Aneta da qışqırır, fəryad edir, yalvarır və ərəbə tərəf baxır. Qaraşın, bığlı ərəb isə acizliklə çiyinləri çəkir, çünki Mişeldən və onun pəhləvanından qorxur. Dəhşətli dərəcədə qorxur. Bu saat hamı Mişelin pəhləvanından qorxur, bütün dünya…

Eyni lövhələr Mişelin gözünün qabağından yüz dəfə, min dəfə keçirdi, amma hirsi yenə soyumurdu. Beləcə səhər açıldı və Mişel bir də onda saata baxdı ki, artıq on tamamdı.

Bir saatdan sonra parlamentdə debatlar başlayacaqdı…

***

Həmkarlarıyla necə görüşüb salamlaşdığını heç özü də hiss eləmədi Mişel. Sanki yuxulu kimiydi. Hətta bir-iki həmkarı bunu hiss elədi, nəsə soruşdu, lakin Mişel eynək altında olan gözlərindəki yorğun qızartının səbəbini hərəyə bir cür izah elədi və keçib öz kreslosunda oturdu…

Parlamentdə isə Suriyaya müdaxilə məsələsi müzakirə olunurdu.

Ölkənin silahlı qüvvələri bu koalisiyada iştirak etsinlər, yoxsa yox? Düzü, parlamentin böyük hissəsi bunun əleyhinə idi, çünki ölkə əsgər itkilərindən çox qorxurdu. Beş-on dənə cənazə gələn kimi bütün millət ayağa qalxıb, vay-şüvən qaldıracaqdı…

Mişel isə hələ də gecəki əhvalından çıxmamışdı. Qızğın müzakirələri sanki eşitmirdi, gözünün qabağında hər şey yuxu kimi idi. Tribunaya qalxıb enən deputatları, onların ətraflarında dolaşan reportyorları, operatorları sanki duman içində görürdü..

Lakin qəfildən bu dumanın içində qulağı «ərəb», «müsəlman» sözlərini aldı. Və qəfildən coşan Mişel heç özü də bilmədi necə söz aldı, yerindən qalxıb tribunaya necə şığıdı…

Bir də onda ayıldı ki, üzünü deputatlara və kameralara tutub, ağzından da alov tökülür…

-Axı nə vaxtacan biz buna dözməliyik? Nə vaxtacan onlar bizim yerimizi dar eləməlidi… İyirmi birinci əsrdi, amma bunlar özlərini köhnə sultanlar kimi aparırlar. Hərəsi beş dənə hərəmxana saxlayır, gündə bir arvadını zorlayır, sonra da özündən razı halda gedib oturur hökümətin başında. Kim də dilini tərpətsə, yumruğu vururlar ağzının üstündən. Sizdən soruşuram, biz hansı əsrdə yaşayırıq? Orada bütöv xalqlar zorlanır, bizsə hələ müzakirə edirik. Elə bilirsiz ki, bununla sakitləşəcəklər? Əvvəlcə öz xalqlarını zorlayacaqlar, sonra keçəcəklər bizə, arvad uşağımızı zorlayacaqlar, özümüzü zorlayacaqlar… Buna son qoymaq lazımdı, biz onlara öz gücümüzü göstərməliyik… Necə ki Səddama, Qəddafiyə, Mübarəkə göstərdik. İndi də növbə onların kiçik qardaşları olan Əsədindi. Sonra da o biriləri cəzalandırmaq lazımdı. Qoy elə bilməsinlər ki, onlar hər gecə hərəmxanalarında növbənöv qadınları zorlayacaqlar, biz də buna sakit baxacağıq. Yox, baxmayacağıq. - Mişel ani olaraq narkoman olan böyük oğlunu, qey olan kiçik oğlunu və bir Seneqallı zənci idmançıyla qeyri-qanuni yaşayan əziz-xələf qızını xatırladı… Ağlına gəldi ki, öz çəkdiyini gələcəkdə oğlanları da çəkəcək. İndi o antisanitar küçələrdə qaçışan balaca qaraşınlar da böyüyəndə bura gəlib onun oğlanlarının Anetalarını əllərindən alacaq. Mişel bir az da coşdu… - Dağıtmaq lazımdı bu köhnə xilafətləri, məhv eləmək lazımdı… Yoxsa müasir sivil dünyada demokratik prinsiplər heç vaxt bərqərar olmayacaq… Özü də diqqətlə baxın, bütün dünyada ən çox insan artımı onlardadı, dovşan kimi doğub törəyirlər, əllərindən başqa şey gəlmir axı, bircə bunu bacarırlar. Biz azalırıq, onlar isə çoxalır, biz zəifləyirik, onlar isə güclənir. Bir az boş buraxsaq, hamımızı siyirib tökəcəklər okeana… Bəsdi dözdük, söz raketlərindən. Qoy bizim əvəzimizə yoğun, güclü raketlərimiz desin sözümüzü. Qoy bizim əvəzimizə raketlərimiz onları zorlasın… Və bu yolla insan haqlarını bərpa edək.

Mişelin çıxışı uzun oldu və bu müddət ərzində nə danışdığını sonra heç özü də xatırlamayacaqdı. Dediklərinin çoxunun konkret olaraq Suriyaya nə dəxli olduğunu düşünmürdü, çünki fikrində, xəyalında danışdığı sözlər deyildi, o qaraşın ərəbin gözü qarşısında zorladığı Aneta idi. Danışdıqca ona elə rahatlıq gəlirdi ki, elə bil bu saat həqiqətən də raketlərinin hamısını birdən Anetanın canına salıb və sevgili ərəbinin gözü qarşısında qadını zorlamaqla məşğuldur… Coşqudan hətta ağzı da sulanırdı.

Bir saatın tamamında nəfəsini dərən Mişel dərin bir rahatlıq hiss elədi. Elə bil Anetadan da, o miskin ərəbdən də öz qisasını almışdı…

Parlament onun çıxışını gurultulu alqışlarla qarşıladı. Ən çox da parlamentdəki millətçi fraksiyaların üzvləri onu təbrik edirdilər. Səsvermə zamanı isə səs çoxluğu ilə Suriyaya hərbi müdaxilədə iştirak etmək barədə qərar qəbul edildi. Əlbəttə ki Mişelin alovlu nitqinin təsiri altında.

***

Keçmiş sevgilisinin parlamentdəki çıxışını Aneta yalnız axşam dinlədi. Əlbəttə ki, könüllü yox, məcburi. Siyasətə nifrət edirdi, çünki siyasi məsəllər barədə eşidən kimi, həmişə Mişelin gecələr öz gücsüzlüyünə bəhanə gətirməkçün danışdıqlarını xatırlayırdı. Və əti ürpəşirdi.

Amma indi baxmağa məcbur oldu, çünki qoynuna sıxıldığı qaraşın, bığlı ərəb qəfildən yerindən qalxdı və televizorun səsini qaldırdı…

Televizorda parlamentdəki debatlardan geniş reportaj gedirdi. Reportajın yarılan çoxu məhz Mişelin çıxışına həsr olunmuşdu… onun çıxışının böyük hissəsini də, maraqlı şərhlərlə bərabər efirdə verdilər. Əlbəttə ki xalqlar arasında ədavəti qızışdırmaqda onu suçlandıra biləcək yerləri kəsib çıxartmaq şərtiylə.

Televizora baxan ərəb dodaqaltı dayanmadan söyürdü öz dilində. Aneta isə Mişelin çıxışına baxdıqca, ağzından alov tökülən pəhləvan cüssəli bu kişinin, dün gecə onun qarşısında necə acizliklə oturub öz pəhləvanına baxmasını xatırladı… Hiss elədi hər şeyi. Hiss elədi ki, bu saat Mişelin içindəki qəzəbin səbəbi Anetanın özüdü… Həm də təkcə o yox, ümumiyyətlə bütün Anetalar. Çünki Mişellər o qədər seksual inqilablar elədilər ki, axırda cəzasını özləri çəkirlər. Anetalar da yorulublar. Yaman yorulublar…

Zallda oturan və Mişelin çıxışını şövqlə dinləyən o biri deputatların iri planda göstərilən sifətlərinə diqqətlə baxdıqca, Anetaya qəfildən elə gəldi ki, bu saat bu zalda oturanların hamısı Mişellə eyni hissləri yaşayır, hamısı bu saat öz pəhləvanlarının əlində aciz qalaraq, öz qəzəblərini tökməyə yer axtarırlar. Kimisə zorlamaq istəyirlər. Adamı zorlaya bilmədiklərinə görə, dövlətləri, xalqları zorlayırlar və bu yolla öz seksual yarımçıqlıqlarını ört basdır edirlər…

Nitqini bitirib yerinə oturan Mişelin iri planda göstərilən sifətindəki rahatlığı və razılıq hissini görən Aneta, təəssüflə içini çəkdi.- Budur, zorladı.

Və Anetaya elə gəldi ki, bu illər ərzində bütün məharətini, təcrübəsini, bacarığını işə salsa da, Mişelə bu cür rahatlıq nəsib eləyə bilməyib…

Anetanın gözünün qabağına yenə nədənsə Səddam Hüseyn gəldi. On il əvvəl, hələ iyirmi yaşlarında, onun asılma məhkəməsini və asılma səhnəsini görəndə , keçirtdiyi hissləri xatırladı. Amma bu dəfə təkcə onu yox, həm də edamdan sonra koalisiya ölkələrinin rəhbərlərinin bu hadisəyə münasibət bildirərkən, sifətlərindəki ifadələr düşdü Anetanın yadına. Mişelin indi, çıxışdan sonra yerinə oturarkən, müşahidə elədiyi sifət ifadəsinə çox oxşayırdı. Bütün bu sifət ifadələrini birləşdirən xırda bir ştrix vardı. Dodağın kənarında kiçik bir təbəssüm qırışı…

Sonra o biri hadisələr gəldi gözünün qabağına. Qəddafinin meyidi, qəfəs arxasında oturan Mübarək və sair və ilaxır… Və həmin hadisələr fonunda koalisiya dövlətlərinin başçılarının sifət ifadələri. Eyni sifətlər, eyni rahatlıq hissi və dodağın qırağında eyni boyda kiçik təbəssüm qırışı…

Anetanı nədənsə vahimə basdı. Ona elə gəldi ki, bu saat dünyanın birinci yarısı Aneta ilə Mişellərdən, ikinci yarısı isə bığlı qaraşınlardan ibarətdi və bütün Mişellər bu saat birləşib Anetaların hayıfını bu bığlı qaraşınlardan almaqla məşğuldular. Bir bir hamısını zorlayırlar. Raketlər, qırıcı təyyarələr , toplar və tanklar vasitəsiylə. Ən çox da raket …

Aneta ah çəkdi və növbəti reportajda iri stol arxasında oturub hökümətin iclasını keçirən Əsədə baxmağa başladı. Aparıcı isə Əsədi iri planda göstərməklə bərabər Suriyadakı gərgin vəziyyəti də tənqid edirdi və bölgəyə hərbi müdaxilənin yaxın vaxtlarda başlayacağını bildirirdi.

Əsədin sifətinin ifadəsini diqqətlə gözdən keçirən Aneta nə qədər çalışsa da, orada axtardığını tapmadı. Nədənsə ona elə gəlmişdi ki, Əsədin sifətində də , Mişelin o gecə sifətində olan ifadə olmalıdı. Amma yox idi. Bütün Mişellər bu saat öz raketlərini ona tərəf tuşlasalar da, Əsəd elə həminki Əsəd idi.

Və Aneta ah çəkib, başını aşağı saldı. Sanki tək öz yerinə yox, bütün Anetaların yerinə Əsəddən utanırdı. Həm də təkcə Əsəddən yox.

Yanındakı ərəb isə bayaqdan öz dilində söyməsinə rəğmən, qəfildən Anetanın başa düşəcəyi dildə yavaşca mızıldandı.

-Deyəsən yavaş-yavaş bütün kişilərin axırına çıxacaqlar.

6 sentyabr 2013

# 2588 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #