“Molla Nəsrəddin epiqonizmi” polemikası böyüyür

“Molla Nəsrəddin epiqonizmi” polemikası böyüyür
19 dekabr 2012
# 15:13

Qan Turalının “Əsrin tələbi və mollanəsrəddinçilik epiqonizmi” məqaləsində kifayət qədər mübahisəli və razılaşmadığım məqamlar olduğu üçün bu yazıya münasibət bildirməyi vacib bildim. Məncə, Turalın bu yazısı ilə bağlı iradlar və əks arqumentlər məndən sonra da yazılacaq. Müəllifin məqaləyə başlayar-başlamaz irəli sürdüyü bir fikir, mənim olduqca diqqətimi çəkdi. Tural yazır ki, “Köhnəlmiş tələbi yenilik kimi sırımaq cəhdləri yaradıcı təfəkkürdən məhrum olmağın təsdiqidir”.

Bəli, Tural, mən səninlə razıyam. Bu cür cəhdlər normal inkişaf etmiş cəmiyyətlər üçün qəbulolunmazdır. Azərbaycanda isə normal inkişafdan söhbət belə gedə bilməz. Biz kitabdan, təhsildən, teatrdan, kinodan uzaq düşmüş xalqın yazarlarıyıq. Biz hələ də dini fanatizmin hökm sürdüyü, Azərbaycanı İranın, Türkiyənin, ərəb ölkələrinin bir əyaləti olaraq düşünən, saqqalını uzadıb balağını qısaldan, qızını 13 yaşında ərə verən, boynuna “Hizbullah” şərfi bağlayan, qonşusunun ac olduğunu bilə-bilə Məkkəyə Həcc ziyarətinə gedən, yazarını kürəyindən bıçaqlayan cahillərin içərisində yaşayırıq. Bu gün kitabı da, teatrı da, problemsiz təhsil və səhiyyənin olması ilə yanaşı təbliğ eləmək vacib və aktualdır.

Necə ki, “Yüz il qabaq Azərbaycan ədəbi mühitinin maddi mənada olmasa da mənəvi mənada hakimi-mütləqləri mollanəsrəddinçilər idi, onlar zamanın tələbini çox düzgün duymuşdular, savadın təhsilin zərurətini vurğulayırdılar, məktəb, teatr təbliğ edirdilər, Mirzə Fətəlini də özlərinə ustad bilirdilər.”

Doğrudur, indi ölkənin ən ucqar kəndində də məktəb var, amma təhsil heç paytaxtda da normal səviyyədə deyil. Bəli, ölkənin bütün böyük şəhərlərində teatrlar var, amma onların repertuarı, tamaşaçının teatra münasibəti hansı səviyyədədir?

Bu gün də maarifçiliyə, 100 il qabaq aktual olan məsələlərin təbliğinə ehtiyac duyulur. Hələ də sosial şəbəkələrdə ziyalılarımız Mirzə Cəlilin, Axundovun fikirlərini paylaşırsa və bu fikirlərin bu günümüzlə səsləşməsi ilə razılaşırsa deməli bu gün Axundov, Mirzə Cəlil yolunu tutmaq epiqonçuluq deyil.

Məncə yüz il bundan əvvəlin çıxışlarına bənzər yazıların günümüzün mediasında yer almasını heç də epiqonçuluq və təkrarçılıq hesab etmək olmaz. Amma bu yazıların əttökən səviyyədə, təkrar-təkrar qabartmaq da lazım deyil. Bu tip yazıların yazılma səviyyəsi, yazarların tutduğu yol məqbul olmaya bilər, amma mövzular aktualdır. Sadəcə maarifçiliyin yeni formasını tapmaq lazımdır.

Sən də yaxşı bilirsən ki, günümüzün insanı da kitabın əhəmiyyətini, teatra getməyin önəmini lazımınca anlamır. Yoxsa indiki vəziyyətdən xəbərsizsən?

Müəllifdən soruşmaq istəyirəm ki, sonuncu dəfə nə vaxt teatrın bilet kassasının qarşısında basabas görüb? Nə vaxt kitabxanaya gedəndə oturmağa yer tapmayıb? Hansı kitab mağazasında yeni çıxan kitabı almaq üçün növbə gözləyib?

Və yaxud oxuduğu universitetdə neçə tələbə aylıq təqaüdünü teatra, kitaba xərcləyirdi?

Əgər hələ də xalq olaraq kitaba, təhsilə, teatra, mədəniyyətə qarşı soyuq münasibət göstəririksə, dini fanatizmdən ciddi narahatçılıq keçiririksə mollanəsrəddinçilik günümüzdə də aktualdır.

Yazırsan ki, “...lakin nədənsə heç kimin o dövrlə bu dövr arasındakı cəhalətin miqyasını təsəvvür etmək ağlına da gəlmir”. Tural, əzizim səncə çoxmu irəli getmişik? Əgər bu fanatizmin, cəhalətin xofu sənin canını üşütmürdüsə, niyə islamdan imtina elədin və cəmi bir il əvvəl bir çoxlarının normal qarşılamadığı İslam əleyhinə bəyanata imza atdın?

“Bizi indi tamam başqa məsələlər düşündürməlidir, türklər Nobel alırlar, Kann festivalında qalib gəlirlər, bizim yazıçılar isə kitab oxumağın məziyyətlərindən danışır, öz aləmlərində bir dini inqilab xortdanı yaradıb onunla mübarizəyə girişiblər, neobolşevik ideyalarını inkişaf etdirirlər”.

Burda bir balaca kələfin ucunu itirmisən, əziz dostum. İstər-istəməz özünü inkar edirsən. Çünki Türkiyə dünyaya açılmağı bacarıb, kinonu, ədəbiyyatı normal inkişaf etdirə bilib. Türk maarifçiləri bu işdə az rol oynamayıblar və xalq da maarifçilərinin əziyyətini yerə vurmayıb.

Amma biz Axundovun da, Mirzə Cəlilin də, Sabirin də əziyyətini, məhrumiyyətini, əzablarını yerə vurmuş xalqıq. Ona görə hələ də o ideyaların gerçəkləşənə qədər inkişaf etdirilməsinə və təbliğinə ehtiyac var.

Mollanəsrəddinçilərin ideoloji rəqiblərinin Türkiyəyə qaçıb getdiyini deyirsən. Ancaq yaxşı bilirsən ki, o “qaçıb getdilər” deyə bəhs etdiyin adamlar Türkiyə ictimai fikrinə yön verən Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi nəhənglərdir. Onlar bu torpaqlardan məğlub kimi qaçmadılar. Sadəcə onlar zamanı çox qabaqlamışdılar. Əslində onlar da xalqı sənin kimi görürdülər. Onlar da elə hesab edirdi ki, bu xalq daha böyük ideallar üçün yaşamağa layiqdir. Kaş ki onların yüz il əvvəl düşündükləri də, sənin indi düşündüklərin də gerçək olaydı.

Kaş ki biz də kitab oxutdurmağı yox, Nobel almağı, teatra tamaşaçı cəlb etməyi yox, böyük qonorarla teatrlar üçün pyes yazmağı, düşünə biləydik. Təəssüf ki, reallıq budur əziz dostum! Sənin epiqonçuluq, təkrarçılıq dediyin mətləblər bu gün hələ də aktualdır.

# 3719 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #