Xalası qızı ilə evlənmək istəməyən oğlanın hekayəsi

Xalası qızı ilə evlənmək istəməyən oğlanın hekayəsi
19 iyun 2015
# 08:00

Kulis Mübariz Cəfərlinin “Halə” povestini təqdim edir.

Kəndə gələn gün eşitdim ki, prokuror Şura ölüb. Düzdü, bu elə bir fövqəladə hadisə deyildi, Şura yetmişi çoxdan ötmüşdü, səksənə çatdı-çatmadı Allah bilir...

Xatirəsə doğrudan-doğruya gözünün qorasını sıxırdı.

- Kəndimiz prokurorsuz qaldı, - dedim Xatirəyə. – Bundan sonra özünüzü gözləyin...

O, ağladığını unudub gülümsündü, əlini yelləyib mənə göz vurmaq istədi, yaş kirpikləri bir-birinə yapışıb qaldı, gözlərini ovuşdurub:

- Day düz-əməlli prokurorları da vecinə alan yoxdu, - dedi. Ardınca soruşdu ki, mərhumun dəfninə gedəcəm, ya yox?..

Kəndə səfərimi rus qəbiristalığından başlamaq ürəkaçan olmadığından cavab verdim ki, yol gəlmişəm, yorğunam.

Xatirə üz vurmadı və onun başçılığı ilə qonum-qonşu yığışıb Şuranı zurna-balabansız, beynəlmiləl qayda-qanunla basdırdı.

Bizim yerlərdə qadınlar dəfnə getmirlər, bu dəfəsə heç bir yasaq yox idi, ömrü boyu haqq-ədalət çarçısı olmuş qarının dəfni də demokratik şəraitdə keçmişdi.

***

Axşamüstü Xatirə bizə gəldi, mən kənddə olanda o, bizdən əl çəkməzdi. Mehribandı Xatirə, həm də mənim rəhmətlik dayımın arvadı idi. Düzdü, dayımdan sonra iki dəfə ərə getmişdi və onları da dayım gedən yerə yola salıb oturmuşdu. Özü də deyəsən, bu dəfə möhkəm oturmuşdu, daha ərə-mərə getmək fikri yox idi. Kişilər də ona yaxın durmağa ürək eləmirdilər. Xatirə əlacsızlıqdan əməlli-başlı xanım-xatın dul arvad olmuşdu, rəhmətlik ərlərinin ruhunu əziz tuturdu. Hərdənbir sonuncu qayınanası Gülnisəni qarğıyırdı, guya, Gülnisə oğlunun yasında deyibmiş ki, Əzrayılda günah yoxdu, Xatirə başyeyəndi. Beləcə, Xatirəni almaq fikrində olan neçə-neçə kişini ayıltmışdı, qorxutmuşdu. Namizədlər geriləmişdi. Daha əyyam dəyişmişdi, can canandan şirindi...

Xatirənin başyeyən olmağı kənddə dilə-ağıza düşsə də, o, camaatın gözündə elə falçı Xatirətək qaldı, intəhası, sonuncu qayınanasının “başyeyən” tapıntısından sonra axırıncı ərinin ölümünü qonum-qonşuya, tanış-bilişə yerli-yataqlı anlatmağa çalışmışdı:

- Günah elə Əzrayılındı, - demişdi yana-yana. – O gecə Mehdixan (Xatirənin üçüncü əri) soyuqlamışdı. Bankaladım yazığı, sonra dedim sən yat qravatda, xəstəsən, qoy Gülnisə yerdə yatsın, at kimi şeydi. Mən hardan biləydim ki, gecə Gülnisənin dalınca Əzrayıl gəlib qravatdakıynan yerdəkini dəyişik salacaq?.. – qaynanasını borclu çıxarıb özünə bəraət qazandırırdı.

Xatirə artırmaya çıxanda anam soruşdu:

- Ayaqyoluna girdin?

Xatirə kətildə əyləşib bərkdən:

- Hə, e, hə, - dedi, - arxayın ol...

Mən pıqqıldayıb anamdan soruşdum:

- Qarnını boşaltmayanı evə buraxmırsan?

- Əşi yox, - anam səbirlə izah elədi. – Adam yas yerindən qayıdanda qabaqca ora girər...

Anam “Quran” oxuyub namaz qılan olmasa da mövhümatçı idi. Xatirə də həmçinin... Mənsə tam qənaətə gəlməmişdim, yol ayrıcındaydım, gah tanrıya, gah şeytana qulluq eləyirdim.

Bayaq ağlayıb sızlaması əbəsmiş, Xatirə prokuror Şuranın dəfnindən elə şirin-şirin danışırdı ki, elə bil toydan qayıtmışdı. Özü də dedi ki, day yas-mas qurtardı, bircə günün içində Şura ilə haqq-hesabı çürütdük. Kimdi ona yas saxlayan? Yası saxladın kim gələcək, nəyə görə gələcək? Yaxşı, yasın xərcini kim çəkəcək? Gələnlərin qabağına bir stəkan çay... bir stəkan çaxır qoymaq lazımdı, ya yox? Onu düz deyirsən, Məsmə xala, - Xatirə üzünü anama tutdu, dayım arvadı olsa da həmişə anama “Məsmə xala” deyərdi. – Gələn çox olardı, birinin qabağına bir stəkan çaxır qoy, o saat kəndin bütün alkaşları yığışıb yasda sinə vursun. Elə o qəbirqazan Alik camaata deyir ki, bəs Şuranın evini satıb onu yerdən təntənəli götürmək lazım idi. Dedim, sözü kimə vurursan, ay qəbirqazan xortdan? Könlündən neçə gün müftə-müsəlləm tuluğunu doldurmaq keçir? Şuranın halına yanansan alma da qazdığın qəbrin haqqını, ay səni qazdığın yerə girəsən. Bəs neçə gün mən Şuraya qulluq eləyəndə, “qa” deyəndə ət, “qu” deyəndə su verəndə harda ölmüşdünüz, hay?.. Ağsaqqalıma bax mənim! İnşallah, dədən öləndə ev-eşiyinizi satıb yerdən tən... – deyəsən, söz Xatirənin yadından çıxdı, - padşah kimi götürərsən, qəbrini də pulsuz-parasız özün qazarsan.

Anam heyrətləndi:

- Lap elə belə dedin?

- Niyə demirəm, ay Məsmə xala, özündən qorxuram, ya dədəsindən? Alikə dedim, belə ürəyiyanansan, dəmirdənmi, ağacdanmı, bir xaç düzəlt, heç olmasa qəbrə başdaşı olsun. Qayıtdı ki, gərək pulunu verəsən, o boyda evi rəhmətlik sənə bağışlayıb, - “rəhmətlik” dedi, heç “əstəğfürullah” da demədi, Allah keçsin günahımdan Alikin dili ilə deyirəm, o nə bilir kafir nədi, müsəlman nədi, - indi beş-on manat xərcləməyə ürəyin gəlmir.

Dedim, gözünə girsin sənin o ev. Nə evdi ə, o! Tövləyə oxşayır, qoluzorlu bir kişi – day sənin kimi qəbirqazan xortdan yox e – dartsa sütununu çıxarar. Camaat pıqqapıkla gülüşdü, qaragün Şuranın meyiti qaldı ortalıqda. Dedim, ayə, ay haramzada, sən o kişinin oğlu deyilsənmi ki, dədən kolvozun neçə min pulunu yeyib damlanmışdı, anan da gedib yıxılmışdı bu arvadın ayağına ki, ay Şura, amanın günüdü, bir çətən yetimim başsız qalacaq, mənə kömək elə, ölmüşəm, yerdən götür, - Xatirə anamın gətirdiyi çaydan bir qurtum alıb çay qaşığı ilə fincandan balaca nəlbəkiyə mürəbbə tökdü və qaşığı yalaya-yalaya davam elədi. – Bu o arvad döyüldümü ki, sənin oğru dədənə görə təmiz rus dilində Bakıya, Moskvaya, Beemteyə, - deyəsən, BMT-ni özündən uydururdu, – bir vaqon məktub yazdı. Anan bax bu arvadın, Şuranın o uçuq-sökük daxmasına zənbil-zənbil mer-meyvə, araq-çaxır, qutu-qutu siqaret daşımaqdan yorulmuşdu. Soruşana da deyirdi ki, halal xoşu olsun, Şura mənim bacımdı. İki gözüm çıxsın yalan deyirəmsə, bu qulaqlarımnan eşitmişəm, özü də bacılığım-zadım yox e, bacım... Şura mənim bacımdı! Belə deyirdi sənin anan... İnanmırsan, arvadlı-kişili burdakıların hansından deyirsən soruşaq. Bir ara anana “rus Həlimə” də deyirdilər. Yaxşı, Şura o daxmasını mənə verməsəydi, kənddə bir başıpapaqlı irəli durmayacaqdı? Bəlkə yazığın heç evi-mevi yox idi, qalıb iylənməliydi meyiti? Bu kənddə bir kişi var, ya yox? – Bığıburmalardan bir-ikisi sir-sifətini turşutsa da dillənən olmadı. Dərinə getdiyimi anlayıb valı çevirdim, Alikin üstünə yeriyib çımxırdım. – Ayə, bax, sənin xalan ölüb, - əlimlə Şuranın meyitinə işarə elədim. –Adam da dost-doğma xalasının qəbirini qazanda pul alar? – Mən irəli getdikcə Alik geriləyirdi, axırda sürüşüb dalı üstə tappıltı ilə düşdü qəbrin içinə. Day ətrafdakılar güləndə ağzın-zadın tutmadı. Lap dilxor oldum. Ölü basdırmağa gəlmişdik, ya şeyx Nəsrullah sayağı ölənləri diriltməyə? Camaat xeyir-şərin yerini bilir ki... Alik yazıq-yazıq qəbrin içindən boylanıb: - Nə düşmüsən e, mənim üstümə, - dedi.

– Şura xalanı, - bu məqamda kimdənsə qəhqəhə qopdu, - mən öldürməmişəm ki...

- Bəs, başdaşı işini neylədin? – anam xəbər aldı.

- Sağ olsun Ramazanın oğlu Xəlili, hardansa iki dənə kubik gətirib elə-belə qoydu qəbrin üstünə. Xaçfason qoydu daşları. Birini eninə, birini uzununa. Hələlik bəd döyül, ancaq yəqin axşam o kubikləri oğurlayacaqlar. Səlimin gədəsi İsmayıl daşdan təzə zaxod tikir. Həyət qapıları da düz rus qəbiristanlığına açılır. İsmayıl orda daş qoyar? Onu görüm tikdiyi yerə başaşağı düşsün...

Mən gülmək istəyəndə çeçədim, gözlərim yaşardı, əlimdəki stəkanı güclə nəlbəkiyə qoydum. Xatirə kürəyimə bir-iki nataraz yumruq ilişdirdi, yanmışın əli yaman ağırdı: “Hamısı sənin”...

Anam gülə-gülə dedi:

- Ay Xatirə, az güldür uşağı...

- Budu uşaq? – Xatirə gözlərini bərəldib məni göstərdi. – Ay Məsmə xala, otuz yaşında da uşaq olar? Şəhərdə bunun boğaz eləmədiyi arvad qalmayıb...

Anam əlini ağzına apardı:

- Buy, abrın tökülməsin...

- Məsmə xala, vallah, məni alsa canım dincələr. Az, hansı qızdan əskiyəm? – Xatirə bir qəhqəhə çəkdi ki, az qala pəncərələrimiz çilik-çilik olub töküləcəkdi.

- Kiri, az, kiri...

- Cəmi səkkiz yaş böyüyəm də... – Xatirə mənə göz vurub üzə durdu. – Baş-başa verib dolanarıq...

Anam borclu qalmadı:

- Nə deyirəm, Allah xeyir versin, - deyib artırmaya çıxdı.

Anam otaqdan çıxan kimi Xatirə ciddiləşdi:

- Neçə günlüyə gəlmisən? – soruşdu.

- Üç-dörd günlük...

- Xeyir ola?.. Otpuskaya-zada çıxmısan?

- Yox, kişiynən arvad xəbər göndərmişdi Vilayətin oğlu Qiyasdan ki, bir ildi kənd-kəsəkdə görünmür, durmayıb gəlsin...

Xatirə bic-bic qımışdı:

- Hə?..

Qulaqlarımı şəklədim:

- Nə məsələdi ki?

Üzümə baxdı:

- Bilmirsən?

Çiyinlərimi çəkdim:

- Yox.

Gülümsünüb:

- Sabah bilərsən, - dedi və söhbəti dəyişdi. – Kişi hardadı?

Söhbətin məğzini bilməmiş zor-xoş cavab verməli oldum:

- Görməmişəm. Arvad deyir, dəyirmana buğda aparanlara qoşulub gedib əmimgilə. Bekar adamdı də...

- Day mən gedim... – Xatirə qalxdı və qapının ağzında anamla qarşılaşdı.

Anam dil-ağız elədi:

- Az, hara gedirsən, xörək gətirirəm...

Xatirə oturmadı, əvəzində mən ləzzətlə yedim. Yeməkdən sonra həyətə düşəndə eşitdiyim mal-heyvan böyürtüsündən, qoyun-quzu mələrtisindən, itlərin yeknəsəq hürüşündən, birdən-birə xoruzların səs-səsə verib banlamasından anladım ki, kənddəyəm. Şəhərdə də tez-tez itlərin səsini eşidirəm, bizim məhəllə it-pişiklə doludu, ancaq orda itlərin hürüşməsi bizim kənddəki itlərin səsinə bənzəmir. Şəhər itlərinin səsində - xüsusən, yiyəsiz küçə itlərinin – yazıqlıq, qorxaqlıq duyulur.

***

Gün günortaya qalxanda oyandm, atam gəlmişdi, xalam bizdəydi. Əl-üzümü yuyub atamla görüşdüm, xalam marça-murçla sir-sifətimdən öpəndə dalağım sancdı. Çünki bu həmişəki baxış, həmişəki öpüş deyildi, budəfəki öpüşlə baxışda ayrı bir şirinlik vardı.

- Niyə belə sınıxmısan, qadan alım? – xalam istiqanlılıqla soruşdu.

Artırmada əyləşib çay içə-içə anama baxırdım ki, yemək gətirsin (atam mənimlə hal-əhval tutub harasa getmişdi), anamsa tərpənmək bilmirdi, qaş-gözünü oynadıb bacısı ilə him-cimləşirdi, işarələrini açıq-aşkar sezirdim, axırda bezikib xəbər aldım:

- Nolub e, sizə?

Xalam qabağa düşdü:

- Yazıq Fəridə, bütün gecəni yatmayıb. Bu gün də obaşdan durub bir toyuqplov bişirib ki, gəl görəsən. Soruşdum, az, plovu neynirsən? Dedi, necə neynirsən, xaloğlum gəlib, onun adına bişirirəm. Qız dediyin bəndənin əli elə ruzulu, elə bərəkətlidi ki, bişirdiyi xörəyi bir toyxana adam yesə qurtarmaz. Evdə qazan asanda bütün kənd ətrindən bihuş olur, - xalam üzünü anama tutdu. – Az, Məsmə, plovun iyi gəlir?

Anam burnunu çəkdi:

- Gəlir... Bəh-bəh...

Yaman acmışdım, tez dilləndim:

- Gətirin də, nəyi gözləyirsiz?

Yenə baxışıb bir ağızdan xəbər aldılar:

- Nəyi?

- Plovu...

- Plov bizdədi... Fəridə deyir ki, xaloğlum gəlib mənim bişirdiyim plovdan yeməsə, ömür-billah onun üzünə baxmaram.

Gözucu anama baxdım, anam çəkinə-çəkinə:

- Get də, beş dəqiqəlik yoldu, - dedi. – Get, Fəridə sənə qulluq eləsin. Özgə-zad döyül ki...

- Get, qorxma, bizim kişi də öydədi... – xalam onun sözünə qüvvət verdi.

Məsələ aydındı, getməsəydim qabağıma quru çörək də qoymayacaqdılar. Ayağa duranda anam qaçıb otağa girdi və tezcənə artırmaya qayıdıb əlindəki qızıl boyunbağını uzatdı mənə:

- Bunu verərsən Fəridəyə...

- Yaxşı, - deyib boyunbağını boynuma saldım.

Deməli, bir qarın çörəyə görə kəndin başından ayağına düşməliydim. Yediyimin hesabını da boynumdakı ilə ödəyəcəkdim.

Evdən çıxanda fikirləşdim ki, Kürün qırağı ilə gedim, amma yadıma Xatirənin dəfn söhbəti düşdüyündən yolumu kəndin içindən saldım. Rus qəbiristanlığına çatanda Xatirənin uzaqgörənliyinə mat qaldım; Şuranın qəbrinin üstündə daş-maş yox idi. Hələlik təzə qəbri köhnələrdən ayırmaq mümkündü, sonralarsa yağış, külək qəbri çökdürəcəkdi, qədim qəbirlərdən seçilməyəcəkdi. Kimsə qəbrin üstünə iri kötük qoymuşdu. Ayaq saxlayıb İsmayılgilin həyətinə göz gəzdirməyə çalışdım, darvaza bağlı idi, hündür daş hasardan içəri görünmürdü. Hər halda, o boyda kötüyü gətirib qəbir üstünə qoyan insaflı oğru idi, həm də, indi Sura üçün bunun elə bir fərqi yoxdu.

Baxdığım darvazadan İsmayılın arvadı çıxıb:

- Xoş gəlmisən, - dedi.

Qadının gündən qaralmış sir-sifətinə, əlindəki süpürgəyə baxa-baxa:

- Sağ ol, - dedim.

Qadın əlini “ günlük” eləyib alnına qoydu:

- Xalangilə gedirsən?

Duruxdum:

- Hə.

Qadın məni tamam təəccübləndirdi:

- Get, Fəridə səninçün plov bişirib.

“Yəqin, Fəridənin plovunun iyi İsmayılgilə çatıb,” – düşündüm. Geri qayıtmaq istəsəm də özümü toxtaq göstərdim. Adı dillərə düşmüş plovdan hökmən dadmalı idim. Qadını karıxdırmağa çalışdım:

- Eşitdim İsmayıl daşdan ayaqyolu tikir...

- Hə, tikir, - qadın biganəliklə cavab verdi. – Anan deyib sənə?

Bu arvad gicdi e, ayrı dərdimiz-azarımız yox imiş ki, oturub İsmayılın tikdiyi ayaqyoludan danışaydıq. Acığa düşüb dərinə getdim:

- Prokuror Şura ölüb, deyirlər...

Qadın təsdiqlədi:

- Hə ölüb, ordadı da qəbri, - qəbiristanlığa sarı boylandı. – Üstündə kötük olan...

- Bəs Xəlil dedi iki dənə kubik qoymuşam qəbrin başına. Xaç əvəzinə...

Qadının çöhrəsinə hirsli-hikkəli təbəssüm qondu:

- Onu Xəlil yox, Xatirə deyər...

Dillənməyib yoluma davam elədim. O, özündən çıxmışdı, beləliklə də, mənim kefim durulmuşdu. Bir az gedib arxaya baxdım, qadın əlindəki süpürgəni misri qılınc kimi başının üstünə qaldırıb deyinirdi. Gülə-gülə xalamgilə gəlib çıxdım...

...Kim inanardı ki, Fəridə kənd qızıdı? Əlini ağdan-qaraya vurana oxşamırdı. Elə bəzənib düzənmişdi, deyərdin toya haşırlaşıb.

Həyətdəki kresloya yayxandım, Fəridə adı dillərə düşmüş plovu gətirməyə getdi.

Siqaret yandırdım. Az çəkirəm siqareti... Yadıma düşəndən-düşənə, gündə bir-iki dənə...

Fəridə, nəhayət... plovu süfrəyə qoydu. Sini dolu idi.

- Bu qədəri kim yeyəcək?

- Sənnən mən...

- Dədən hardadı?

Çiyinlərini çəkib:

- Mən nə bilim, - dedi.

- Təksən evdə?

Başını tərpədib masa arxasına keçdi, mənə yanında yer göstərdi. Kreslodan qalxıb stulda oturdum. Baxdım ki, süfrədə hər şey var, ancaq yenə nə isə çatmır. Hə, deyirəm axı, boşqab gözümə dəymirdi, elə sinini qoymuşdu qabağıma. Yəqin istəyirdi bir qabdan, daha doğrusu, bir sinidən yeyək. Çox ədəbli, mərifətli qızdı, yeməyə əl uzatmayıb məni gözləyirdi.

- Dədənin içməyə bir şeyi yoxdu? – soruşdum, düzü, içməzdim, içkini ona görə yada saldım ki, özünü sərbəst hiss eləsin. Elə mən özüm də! Elə bil tikan üstündə oturmuşdum, mənə elə gəlirdi ki, qonum-qonşu, tanış-biliş hasarın arxasından oğrunca boylanıb bizə izləyir. Məni çaşdıran bir də bu idi ki, Fəridəyə həmişə uşaq kimi baxmışdım, indisə yanımda tükü-tükdən seçən, bəzək-düzəkli, yetişmiş bir qız əyləşmişdi, bilmirdim üzümü necə aparım. Əslində çıxış yolunu düşünmədən, fəhmən tapmışdım, ekstremal şəraitdə yol tapmaq üçün düşünmək əbəsmiş, ilk ağlına gələni eləmək lazımdı.

Evdən araq, şampan gətirdi.

- Şampanı apar, - dedim. – Mən şampan içən deyiləm.

Könülsüz apardı. Deyəsən, korladım işləri. Bəlkə şampanı özü içəcəkdi? Masada iri qədəhlər də vardı.

O saat bilinirdi ki, çoxdan evdə qalan araqdı. Polşa arağı mən instituta girən vədələr bol idi.

Qız qayıdıb əyləşəndə:

- Mən bu araqdan sən balaca olanda içmişəm, - dedim.

- Elə əlimə bu gəldi, - daha məni gözləmədən qaşıqla sinidəki plovdan götürdü. – Ayrısını da gətirə bilərəm, - düyünü nazla, əda ilə ağzına qoydu.

Yaxşı hazırlaşmışdı görüşə, amma bir balaca yekəxanalığı vardı, yəni “evimizdə növbənöv araqlar çoxdu”. Hələ qabaqcadan evdən kreslo gətirib həyətə, tut ağacının altına qoymağı da yekəxanalığın nişanəsi idi; biz belə yaşayırıq. Əvvəllər xalamgili bizdən fərqləndirən elə bir maddi güc-qüvvə sezməmişdim...

Birinci qədəhi boşaldıb yeməyə girişdim. Üçüncü, ya dördüncü qədəhdən sonra xalaqızına primitiv bir kompliment də dedim: “Öz aramızdı, sən çox qəşəngsən”. Bayaqdan yeməkdən əl götürüb mənə baxırdı, deyəsən, sözlərim xoşuna gəldi, çöhrəsi nurlandı: “Sən hələ nə görmüsən ki...” İkibaşlı cavabdan karıxdım. Məqsədim yeyib-içib evimizə dönmək idi, sadəcə, xalaqızının könlünü xoş eləmək istəyirdim, yazıq gör nə qədər əziyyət çəkmişdi. Özümü yığışdırıb ehtiyatla soruşdum: “Nə mənada?”

Xalaqızı yanımdakı stuldan durub – daha orda oturmağın mənası yoxdu, onsuz da heç nə yemirdi – mənimlə üzbəüz oturdu. Arın-arxayın ortadakı boşqabdan bir dilim qarpız götürdü, mən içdikcə o, sərbəstləşirdi. Əslində buna sərbəstlik də demək olmazdı, öz evlərində nəsə yemək üçün məndən izn almayacaqdı ki?..

- Yəqin başa düşürsən, - qarpız yeyə-yeyə sözə başladı. – Bizimkilər də, sizinkilər də istəyir ki, mən sənə gəlim, - yenə dikbaşlıq eləyir, “sən məni alasan”, bədəbəddə, “biz evlənək”, demir, bəlkə də belə incəliklə düşünməyə dünyagörüşü yol vermir.

– Bunu kənddə bilməyən yoxdu. Neçə ildi sənin adın mənim üstümdədi, mən sənin adını uca tutmuşam, - belə pafoslu sözlərlə qarpız yemək qətiyyən uyuşmurdu. – Başqa qızlar sayağı küncdə-bucaqda gündə biriylə görüşməmişəm. İndiki qızlar yetişən kimi başlayırlar çöldə-bayırda alış-verişə. Məktəbdə oxuyandan kişilərlə, oğlanlarla sürtüşürlər. Elə bilirsən məni istəyən-zad olmayıb? Sinif yoldaşım Famil, Vilayətin oğlu, Qiyasın qardaşı məndən ötrü dəli-divanə idi, həndəvərimizdən əl çəkmirdi, qapımızın ağzında gecələyirdi. Yaxşı ki, əsgər getdi, yoxsa bizim məsələni eşitsəydi araya qan düşərdi, - bu yerdə araq boğazımda qaldı, gözlərim yaşardı, Fəridə ara verdi və mən toxtayandan sonra davam elədi.

– Mənə qalaq-qalaq məktublar göndərirdi. Məktəbdə oxuyanda... İndinin özündə də məktub yazır mənə, mən cavab verməsəm də, o məktubları oxumadan cırıb atsam da yazır... Məni istəyənlərin hamısına, elə Familə də demişəm ki, mənnən gözünüzü çəkin, məni xalam oğlu istəyir. Eşidən-bilən geri durdu, Famildən savayı. O, geri durmur ki durmur. Ancaq mən ona “hə” deməmişəm. Sənə xəbərdarlıq eləyirəm ki, ağzıgöyçəklərdən bir söz eşitsən, cin atına minməyəsən. Xatirəkimilərə nə var, işləri-peşələri ona-buna qara yaxmaqdı, elə bilirlər hamı bunların tayıdı, kişi görən kimi tumanın çıxardıb ayaqlarını qaldırır. Desələr dilləri quruyar axı, mən sənin başını aşağı eləyən bir iş tutmamışam, tutmaram da! Elə bilirsən, mən məktəbi qurtarıb xalxın qızları kimi instituta girə bilməzdim? Gətirib göstərərəm atestatımı, bütün qiymətlərim dörd-beşdi. Bircə “bədən tərbiyəsi”ndən Şirin müəllim “üç” yazdı mənə. Elə o “üç”ü də sənə görə aldım. Qızlar soyunurdu “bədən tərbiyəsi” dərsində, mən soyunmurdum. Çünki Şirin müəllim az aşın duzu deyildi, gözü qızların döşündə-başındaydı. Mən bircə dəfə də soyunmadım, Sirin müəllimə də açıqca dedim ki, soyunmayacam, xalam oğlu bilsə məni də, səni də öldürər. Şirin müəllim bir söz deməsə də acığa düşüb mənə “üç” yazdı. Təkcə sənə görə getmədim oxumağa... – nəhayət, Fəridə qarpızı yeyib qurtardı, əlini-ağzını salfetka ilə sildi.

– Qıymadım sənə, istəmədim ki, şəhərdə üzü-üzlər görmüş kişilər mənə baxsın. Bizə paxıllıq eləyən çoxdu, bir şey oldu-olmadı, Xatirəgil beşini də üstünə qoyub danışır. Gör şəhərə getsəydim nələr düzüb qoşardılar. Mən də dedim, Ali məktəb, institut-filan sənə qurban olsun. Əgər oxumağa getmədimsə, həlbət ki, mən də ərə getməlyəm. Kimin qızından əskiyəm?! Sinfimizdəki qızların bir-ikisi şəhərə oxumağa getdi, qalanları ərə... Düzdü, hələlik nişanlı olanlar da var, onların da bu gün-sabah toylarıdı. Çoxu elə son zəng günü qoşulub qaçdı, ev-eşik oldu. Yaxşı, mən ərə getməyib yenə səni gözləsəm camaat haqqqımızda nə fikirləşər? Bacılarım mən yaşda olanda oğul-uşaq sahibi idilər. Mən evin sonbeşiyiyəm, elə sən də, - son kərə qədəhi doldurub boş butulkanı masanın altına qoydum, çox içdiyimdənmi, yeyib ağırlaşdığımdanmı aşağı əyiləndə başım gicəlləndi, az qala stuldan yıxılacaqdım, birtəhər dikəlsəm də tənbəlləşmişdim, oturduğum yerdə mürğuləyirdim, gözümün birini açlb birini yumurdum, bir butulka əlli faizlik Polşa arağını içmək hər oğulun işi deyildi, özü də plovla araq sən deyən tutmur, doğrusu, inanmazdım ki, bu qədər içəcəm, arağın ağzını açanda sərbəstlik üçün bir-iki qədəh vurmaq fikrindəydim, vəssalam... – deməli, biz evlənsək bizim ev, sizin ev, üstəgəl sənin şəhərdəki evin bizim olacaq, - söhbət alış-verişə yönələndə bacardıqca diqqətimi cəmləyib qulaqlarımı şəklədim. – Pis dolanmayacağıq, bilirsən anam nə qədər cer-cehiz alıb mənə? İstəsən burda yaşayarıq, istəməzsən şəhərə köçərik. Qızımız həkim olar, oğlumuz da...

Bu yerdə yorğun-yorğun xalaqızının sözünü tamamladım:

- Tamada...

İncik-incik dodaqlarını büzüb davam elədi:

- İii...yox... Elə demə... Zarafar yeri deyil, mən ciddi danışıram. Ola bilər, sənə gülməli görünür, annıyıram, kişi xeylağısan, nə vecinə... Ancaq indi bütün kənd bilir ki, sən bizdə oturub plov yeyirsən, araq içirsən. Özüm istəmişdim sənnən təkbətək, üz-üzə oturaq, razılığa gələk, dərd-sərimizi bölüşək. Camaat bizdən toy-düyün gözləyir, sən qıymazsan axı, doğmaca xalanın evində yeyib-içib, qapını çırpıb gedəsən, xalan qızı el içində rüsvay olsun, Xatirənin əlinə girəvə düşsün. El-oba bizdən qəti tədbirlər gözləyir, - “qəti tədbirlər” kəlmələrini mən çox işlədirdim, inanmazdım ki, Fəridə belə deyəcək, ümumiyyətlə, Fəridə belə sözlər deyə bilər. – Həm də, iraq-iraq, sənin haçansa alacağın qız mənnən yaxşı olmayacaq ki... – zəndlə üzümə baxıb hiyləgərcəsinə, bic-bic qımışdı.

Axırıncı qədəhi içib güc-bəla ilə stuldan qalxdım və yandakı kresloya yayxandım:

- Yaxşı, - dedim heysiz-heysiz, - görərik qəti tədbirləri. Sən bir çay gətir...

Xalaqızı istiqanlılıqla dedi:

- Mer-meyvə-zad yemədin e...

- Bəsdi, daha yeməyə yerim yoxdu. Çay gətir.

- Bilmirəm, Fəridə çay gətirdi-gətirmədi, çayı içdim-içmədim, gözlərimi açanda ay-ulduztəhər kölgə gördüm, ağzım zəhər dadırdı, dilim-dodağım qurumuşdu, azca özümə gəlib gözüm alaqaranlığa alışanacan yan-yörəmə baxdım. İri taxtda çılpaq uzanmışdım, bədənim əzgin idi, başım şişib balqabağa dönmüşdü, bircə şeyi başa düşürdüm ki, evimizdə deyiləm. Birtəhər stulun başına atılan şalvar-köynəyimi tapıb geyindim. Qalxanda başım yüngülcə gicəldi. Termodan yapışdım, demə, o da möhkəm deyilmiş, az qala aşacaqdı. Termo məni saxladığı kimi mən də onu aşmağa qoymadım. Güzgüdə yepyekə qaraltıdan savayı heç nə görmədim. Ətrafdan da səs-səmir gəlmirdi, deyəsən, evdə heç kəs yox idi. Artırmaya çıxdım. Gecə idi, hardasa itlər hürüşürdü və o hürüşlərin içində öz adımı öləzik-öləzik eşidirdim, əlbəttə, məni itlər yox, kimsə çağırırdı. Qonşu otağın pərdədən əlavə cuna da çəkilmiş qapısı açıqdı. Astanadan içəri boylandım. Otağın arxaya, bağ-bağçaya pəncərəsi vardı və o pəncərədən bozumtul ay işığı divanda lüt-üryan uzanan Fəridənin çılpaq bədəninə düşürdü. Qəfil elə bil başımın ağrısı kəsdi, heysizliyim keçib getdi, səs salmamaqdan ötrü ayaqlarımı yavaşca döşəməyə basa-basa, ehmalca divana yaxınlaşdım. Ay işığında qızın ağappaq bədəni bərq vururdu. Durduğum yerdəcə ona tamaşa elədim, sonra diz çöküb əlimi ürkək-ürkək döşlərində gəzdirdim, yumşaq qarnına, göbəyinin üstünə sığal çəkdim. Qımıldanmırdı, ya yatmışdı, ya da özünü yuxuluğa vurmuşdu. Dodaqlarımı qızın döşlərinə toxunduranda oyandı deyəsən: “Nə olub, ay bala?” – pıçıldadı. Tez özümü bayıra atdım, çünki bu xırıltılı səsini tanıyırdım. Görünür, hələ tamam ayılmamışdım. Çəkmələrimi tapmayıb ayaqyalın həyətə düşdüm, həyətdəki masa bomboş idi, stullar, kresloda gözümə dəymədi. Kreslonun yerində bir vedrə su vardı. Vedrəni masaya qoyub başımı suya soxdum. Başımı vedrəyə soxmamışdan əlimi boğazıma salıb həyəti bir balaca batırdım və darvazanı açıb həyətdən çıxdım. Hər yan qaranlıq idi, ağımtıl, narın gecə buludları tez-tez ayın qabağını kəsirdi. Ayaqyalın, başımın suyu boyun-boğazımdan süzülə-süzülə Kürün qırağı ilə evimizə qayıdırdım. Kürün suyu qapqara qaralmışdı, arabir ay gecə buludlarından “azad olanda” suyun üzünə bozluq çökürdü. Yaş köynəyim bədənimə yapışmışdı, ayaqlarım kol-kosa ilişirdi. Hərdənbir dayanıb ayağımın altına baxırdım. Kənd yatmışdı, yol boyu məni qurbağaların qurultusu və cırcıramaların aramsız, yeknəsəq nəğməsi müşayiət eləyirdi. Sanki yer üzündə qurbağalardan və cırcıramalardan qeyri canlı qalmamışdı. Uzaqlardan gələn motor uğultusu, kater səsi belə qurbağa və cırcıramaların “həmrəyliyi” qarşısında kəsərsiz idi. Evimizə az qalmış qurbağaları, cırcıramaları unutdum. Hardansa peyda olan bir dəstə it hürüşə-hürüşə düşdü dalımca. Daş-kəsəkdən tullayıb itləri qorxutmaq fikrindən vaz keçdim, səs-küydən duydum ki, itlər çoxdu, qaranlıqda daş tapıb atanacan iş-işdən keçər. Həm də, daşı hara, nəyə atacaqdım, heç nə görmürdüm. Uşaqlıqdan bilirəm, bizim kənddəki qurdbasan itləri həyətdən buraxmırdılar ki, camaata xətər toxundurar. Görəsən hansı başdanxarab buraxıb itləri bayıra? Hürüşmədən bilinirdi ki, arxamca gələn yiyəsiz küçə itləri yox, qurdbasandı.

Yulğunluqda gizlənmək ağılsızlıqdı. Evə çox qalsaydım özümü Kürə vuracaqdım, hələliksə, qaçmağa başladım, itlər boğuq səslə hürüşə-hürüşə arxamca gəlirdi, get-gedə boğuq, hikkəli hürüşü lap aydın hiss eləyirdim, itlərin qəzəbli nəfəsini duyurdum. Kənd evlərinin çoxunda iki həyət qapısı olur. Biri əsas darvaza, o biri arxada balaca qapı, bir növ, dal qapı... Bizim həyətin Kür tərəfdən dal qapısı olsaydı – atam balıqçılıq eləsəydi hökmən olardı – evə çatmışdım. İndisə hasarımız boyu fırlanıb darvazaya yetişməliydim. Darvazasa bağlı idi. Gərək elə arxadan aşaydım hasarı, boş yerə vaxt itirdim. Daş hasara dırmaşanda köynəyim cırıldı. Hasarın üstündə oturub nəfəsimi dərə-dərə itlərə acıq verdim, itlər də aşağıda darvazanın dibini eşələyərək səs-səsə verib hürüşdü. Ancaq bu uzun sürmədi, mən artırmaya qalxanda hürüşmə kəsildi, qəfil sakitlik çökdü, sanki bayırda it-mit yoxmuş...

***

- Köynəyini harda cırmısan?

- Gecə hasarımızı aşanda cırıldı.

- Darvazanı niyə döymədin? Ayıq yatıram mən... Yuxum-zadım yoxdu düz-əməlli...

- İtlər düşmüşdü dalıma, macalım olmadı...

- Yazıq balam, - əlini saçlarıma elə çəkdi ki, doğrudan-doğruya özümə yazığım gəldi, – kənd-kəsəyə ildə-əyyamda bir yol gəlirsən, itlər də tanımır səni. Xalan axşam zəng vurub dedi ki, orda qalacaqsan, ona görə bağladım darvazanı...

- Ayrı nə dedi?

- Heç nə. Dedi ki, Fəridəni almaq istəyirsən, - yuxarıdan-aşağı üzümə baxdı, sifətindən heç nə oxumaq olmurdu, mənə elə gəldi ki, onun çöhrəsindəki qırışların sayı artıb, bəlkə həqiqətən beləydi, çoxdandı görüşmürdük. – Amma sepi boynunda aparıb, boynunda gətirmisən...

- Nə sep? - əlimi boğazıma apardım. – Sepi vermək yadıma düşməyib...

Halını pozmayıb yorğun-yorğun üzümə baxmaqda davam elədi. İllər keçdikcə balacalaşıb rəngi qarışan gözlərindən heç nə oxumaq olmurdu, amma xatirimdədi ki, mən balaca olanda o gözlər daha iri idi, daha canlı idi, ən əsası, daha işıqlı idi, bəzən par-par parıldayardı. Ya bəlkə mən o vaxtlar hər şeyi parlaq, işıqlı görürdüm?

- Nədi?.. Deyəsən, məni evləndirmək planını özün cızmısan axı...

- Plan cızan olsaydım nə dərdim vardı. Düzdü, yaşın keçir, evlənmək lazımdı, ancaq ki, kimi aldın mənə nə dəxli? Özün yaşıyacaqsan... Di gəl, işi elə tutmaq gərəkdi ki, nə şiş yansın, nə kabab. Necə istəyirsən eləcə elə, amma anla ki, sən sabah çıxıb gedəcəksən, biz, yəni dədənlə mən ölənəcən burda qalacağıq. Biz onsuz da hamıdan çəkinirik, zəmanə xarablaşıb, indi adamlardan nə desən gözləmək olar. Yazıq dədən – o da mən xasiyyətdədi, düz deyiblər ki, ərnən arvadın torpağı bir yerdən götürülüb – neçə gündü qəsdən sənin gözünə görünmür ki, birdən elə bilərsən sənin başına ağıl qoymaq niyyətindədi, yaxud bu işlərdən xəbəri var. Haqqına desəm, xəbəri var olmağına, ancaq ki, qabaqcadan mənə deyib ki, ay Məsmə, məni bu işə qatmayın, oğul mənimdi haçan istəyər evlənər, kimi istəyər alar, özü bilər, oxumuş adamdı, day bizim ona məsləhət verən vaxtımız ötüb...

- Belə işin vardısa, dünən sepi niyə mənə verdin?

- Yox, mən demirəm ki, xalanqızını al-alma, yox, yox... - əslində sualımı cavabsız buraxdı. – Fəridə pis qız döyül, gözümün qabağında böyüyüb, döğmaca bacım qızıdı, ancaq ki, yenə də özün bilərsən. Sabah bir həngamə qopanda üstümüzə gəlmə ki, ay filan-filan olmuşlar, bu nədi almısız mənə? Biz qoca adamlarıq, bizim dava-dalaşlıq halımız yoxdu, bala. Heç sənin də ipinin üstünə odun yığmağa taqətimiz qalmayıb. Düz-əməlli bilmirik ki, nəçisən, şəhərdə nəynən məşğulsan, indi durub ayağımızı yerə vuraq ki, evlən. Qəfil sən də acığa düşüb üzə durarsan ki, heç evlənmirəm! – zarafata saldı. – Siz evlənəndə məndən məsləhət almışdız? Bəlkə şəhərdə gözaltın var, ya müharibə olduğundan evlənmək istəmirsən? Görürsən, bir xeyli bəhanə tapmaq mümkündü, - aradan çıxmaq yollarını göstərirdi mənə. – Belə ki, görürəm bu dava qurtarana oxşamır. Qaldır başını, - dikəldim, boyunbağını boynumdan çıxarıb əlində oynada-oynada davam elədi. – “Hə” də desən, “yox” da desən, belə... – azca fikirləşib uyarlı sözlər axtardı, - yumşaq de. Elə de ki, sən gedəndən sonra – hərçənd sən heç kəsə heç nə deməmiş, məqsədini açmamış guya, bizdən inciyib şəhərə qayıda bilərsən, ancaq ki, bu çıxış yolu döyül, bu məsələni birkərəmlik həll elə, bu düyünü rahatca aç, sonra buyur get, Allah amanında – gəlib bizə “sağ ol” da desinlər. Adamın cəlladı dildi, bala. Qoca vaxtımızda düşmən qazanmaq bizə yaraşmaz axı...

- Elə cavanlıqda da beləydiz... Yadımdadı, bacıma bir gündə iki yerdən elçi gəlmişdi, siz ikisinə də “hə” demişdiz. Yaxşı ki, bu arada üçüncü istəkli çıxıb qaçırtdı qızı. Yoxsa biabır olacaqdıq. Əlacsızlıqdan qoşulub qaçdı yazıq qız, xalxın qızları kimi gəlin köçmədi, - sözləri hay-küysüz deyirdim, adicə söhbət kimi danışırdım, doğrudan-doğruya adiləşmişdi mənim üçün olub keçənlər. – Xatirə kəlir bizə, xalamın qarasınca o ki var döşəyir, dillənmirsən. Xatirə gedir, xalam gəlib Xatirədən danışır, yenə ağzını açıb bircə kəlmə demirsən. Axı nədən qorxursuz e, evinizin içində?..

- Bizim nəyimizə gərək, qoca adamıq... İndi kolxozun-molxozun adı qalıb. Hərə evinin qabağına bir stol qoyub İrandan, Türkiyədən, Dubaydan gətirdiyini satmaqla dolanır. Bə biz neyləyəcik dar ayaqda? Yaşımız ötüb, bala. Əlimiz boş, arxamız-köməyimiz yox... Gərək el-oba ilə birtəhər yola gedib, dil tapıb girləyək başımızı...

- Otuz ildi özünüzə qoca deyirsiz...

- Xatirə vəkil tutub bizi, ya bacım? – anam da mənim kimi sakit idi. – Biri bacımdı, biri rəhmətlik qardaşımın arvadı. Mən niyə tərəfkeşlik eləməliyəm? Hansı haqdı, hansı nahaq yuxardakı bilər...

- Nə? Şikayət-zad da yazırlar ki?..

Anam çaşsa da soruşduğumu anladı:

- Yox e, yəni Allah bilər. Tanrı o dünyada hər kəsə öz əməlinə görə verəcək. Biz kimik ki...

Anamı karıxdırmağa çalışdım:

- Demək, almırıq Fəridəni, hə?

Yaxasını kənara çəkdi:

- Öz işindi. Fəridə yaxşı qızdı, öz balamdı, ancaq ki, yenə özün bilən məsləhətdi. Dolanışıq çətinləşib, zəmanə dəyişib, adamlar yeməyə çörəyi gücnən tapır, indi köhnə palan içi tökməyin yeri döyül. Qardaşımı Əzrayıl apardı, Xatirə ərə getdi, yazıq bacım o vaxtdan düşməndi Xatirəyə. Qardaşına görə, yoxsa, ayrı nə şərikli malları var idi ki? Axtarsan bacım da haqlıdı, elə Xatirə də... Cavan gəlinin əl-ayağını zəncirləyib saxlamaq olmazdı ki... O vaxtdan kəndin yarısı Xatirənin tərəfindədi, yarısı bacımın. Elə o vaxtdan da mən Xatirə ilə bacımın arasında qalmışam. Qabaqlar kolxoz vardı, iş-güc çoxdu, camaat pambıq yığırdı, sübhdən çölə gedib gün batanda qayıdırdı, yorulub əldən düşürdü, odu ki, qeybətə, dedi-qoduya bir heylə imkan olmurdu. Indisə iş yox, güc yox, dedi-qodu boğazacan. Odu ki, qalmışam odnan suyun arasında. Bacımın başına Fəridəni sənə vermək məsələsi girəndən lap aləm qarışıb. Gecəni də səksəkəli yatıram, çünki istəmirəm sən mənim, ya bacımın sözüynən evlənəsən. Açığın deyim, qorxuram, bala, sabah yola getməsəz, mən başıma haranın külünü tökəcəm? Axır sözü yenə gərək sən özün deyəsən.

Bacında da heylə oldu, a bala, yadındadı, iki nəfərə “hə” deyib qalmışdıq kəsilə-kəsilə, bacın şəhərdən, institutdan kanikula gələəndə açdıq məsələni ki, bəs bir işə düşmüşük, bir həftədi səni iki nəfərə vermişik. Düzdü, üzük-zad almamışıq, ancaq ki, verilən söz min üzükdən irəlidi. Yaxşı ki, söz verdiyimiz adamlar kənddən döyül, biri dədənin uzaq qohumudu, biri mənim, ona görə heç birindən keçə bilməmişik.

Demə, qızın şəhərdə istəklisi varmış, bizə dedi ki, darıxmayın, biz pərt olmuşduq, utandığımızdan gizlənməyə yer axtarırdıq, bacınsa güldükcə gülürdü. Üç gün sonra şəhərə qayıtdı, istəklisinə qoşulub qaçdı. Oğlan da qoymadı bacın institutu qurtarsın, uşaq, ev-eşik qatdı başını. Zəhməti hədər getsə də, töhmətdən qurtardıq. Şükür, Allah canlarını saxlasın, indi pis dolanmırlar. Bizə başqa nə gərəkdi ki? Təki sakitlik, salamatlıq olsun. O ki qaldı dünən sənə verdiyim sepə, - nəhayət, bayaqkı sualımın üstünə gəldi. – Dünən qəsdən xalanın yanında verdim sənə bunu, - ovcunu açıb boyunbağını göstərdi. – Yəni, ay bacı, mən ikiəlli razıyam xeyir işə. Əgər Fəridəni alsan onsuz da nəyimiz var verəsiyik ona, yox, almasan da, eybi yoxdu, balaca sepdi də, halal xoşu olsun, təki ürəyində kin-küdurət qalmasın xalanın, - qımışdım, yamanca diplomatmış anam. – Düzdü, sən işləri bir balaca korlayıb sepi geri gətirmisən, ancaq ki, eybi yoxdu, xalan gördü ki, mən onu Fəridəyə sidq-ürəklə göndərdim, sepi verəndə xəlvətcə sənin qulağına heç nə pıçıldamadım. Gülmə, gülmə, bacı mənimdi bilirəm nə deyirəm, insandı, ürəyinə nə desən gələr...

- Saat neçədi? –söhbətdən yorulub dikəldim.

Anam saata baxmaq üçün qonşu otağa girdi və:

- Beşə qalıb, - dedi. – Buy, başıma xeyir, gör nə qədər yatmısan...

... Yerimdən duranda başımda ağrı-zad yox idi, özümü yüpyüngül hiss eləyirdim...

***

Çay-çörəkdən sonra bayıra çıxmaq istədim, amma xalamgildən ayaqyalın gəlmişdim. Dədəmin ayaqqabısını geyinə bilməzdim, yazığın əl-ayağı da boy-buxunu kimi balacaydı. Köhnə bir şey ayağıma keçirib camaatın gözünə görünmək – özü də kənddə qiymətimin gözgörəsi artdığı zamanda – olmazdı. Anama dedim ki, çəkməm xalamgildə qalıb. Dedi ki, bilirəm, xalan zəng vurub dedi ki, balam deyəsən, uça-uça gedib, yuxudan duranda denən gəlib ayaqqabısın aparsın.

Bu da siyasi gedişdi, yoxsa, çəkməni kimdənsə göndərmək çətin deyildi. Nə isə, evdə oturası oldum. Təzəcə şam eləmişdik ki, darvazamız hökmlə açılıb örtüldü. Xatirənin hay-harayı, səs-küyü özündən qabaq gəlirdi, darvazanın ağzında dedikləri artırmada eşidilirdi:

- Ayə, təzə gəlinlər kimi nöşün evə girmisən? – yuxarı qalxıb mənimlə üzbəsurət əyləşdi. – Məsmə xala yumurta-zad qoymuyub ki, sənin altına... – zarafat öz yerində, lakin Xatirə həmişəki deyildi, narahatdı. Həyətimizi tərifləyəndə də - guya, bizim həyət-bacanın səliqə-sahmanından, təmizliyindən ağcaqanad azdı buralarda – çaşqın görünürdü, özündə-sözündə deyildi. Təbii ki, Xatirənin tərifi anamın ürəyindəndi, çünki evimizdə təmizlik işlərinə anam baxırdı. Xatirə isə öz hayında idi, anama xoş gəlmək üçün yox, beynindəki fikirlərdən yaxa qurtarmaqdan ötrü təmizlik məsələsini atmışdı ortaya və yəqin ki, bu da ona kömək eləmədi, tərəddüddəydi, hərəkətlərində də nizamsızlıq açıq-aşkar duyulurdu; mürəbbə ilə dolu qaşıq əlində duruxub qalmışdı, bilmirdi qaşığı ağzına aparsın, ya mürəbbəni stəkana, çayın içinə töksün. Bir anlığa bayaqkı hay-küyü də keçib getdi, araya sükut çökdü, nəhayət, yəqin ki, özlüyündə qərara gəlib şuxlaşdı, qaşıqdakı mürəbbəni çayına töküb qarışdırdı, mənalı-mənalı bir anama, bir mənə baxıb qaş-gözünü oynatdı. – Yedin Fəridənin plovun?

- Onu sən hardan bilirsən? – soruşdum.

- “Qolos Amerika” deyirdi, - Xatirənin gülüşü aləmi götürdü, yaxşı ki, xalamgillə qonşu-zad deyildik. – Fəridə ləzzətli plov bişirir.

- Bilirəm, yedim...

- Ayə, o qız heç qayğanaq da bişirə bilmir e... – Xatirə şahid axtarıb üzünü laldinməz oturmuş, bizə qulaq asdığını, ya fikri uzaqlara getdiyini kəsdirmək müşkül olan anama tutdu. - Düz demirəm Məsmə xala?

Anam cavab verməyib sakitcə çayından bir qurtum aldı, sanki yanında ins-cins yox idi.

Xatirə dərinə getmədi:

- Kişi hardadı, ay Məsmə xala?

Anam dedi:

- Nə bilim, çöldə, - yox, arvadın qulağı bizdəymiş.

- Mən gələndən kişi evdə tapılmır, - dedim.

- Yəqin ordadı da... – Xatirə əli ilə haranısa göstərdi.

Anam çiyinlərini çəkdi.

- Ora haradı? – xəbər aldım.

- Sonra deyərəm, - Xatirə çayını içib stəkanı nəlbəkiyə qoydu. – Dur, düş qabağıma, - Anama xala xətrin qalmasın ağızucu izahat verdi. – Şuranın evində yır-yığış eləmək istəyirəm, üşənirəm nəsə, qoy yanımda bir kişi xeylağı olsun.

Dediklərinə nə mən inandım, nə anam. Hərçənd anamın sifətindən heç nə oxumaq olmurdu.Xatirə qorxur... işə bax! Axşam-axşam da yır-yığış eləyərlər? Qonum-qonşuda adam qəhətdi ki, mənim dalımca gəlib? Sadəcə, “gedək bizə” desəydi, bundan min kərə yaxşı idi.

Anam yenə yaxasını kənara çəkdi:

- Öz işinizdi...

Mən dedim:

- Heç yerə gedə bilmərəm...

Xatirə duruxdu:

- Niyə, ayə, altına batırmamısan ki... - ərklə ayağa qalxdı. – Dur görüm, yoxsa, qorxursan ki, xalanqızı səni mənnən görüb, day sənə gəlməz...

- Əşi yox e, - dedim çarəsizliklə. – Ayaqqabılarım qalıb olarda...

Xatirə qəhqəhə çəkdi:

- Bə necə gəlmisən?

- Ayaqyalın...

Xatirə ciddiləşdi:

- Qəsdən gizlədiblər, vallah, - anama baxdı. – Yəqin cadu-madu eləyirlər... – Anam dinmədi. – Gecə itdər dalına düşəndə ayaqyalın qaçırmışsan, ayə?.. – Xatirə kürəyimi şappıldatdı.

Təəccübləndim:

- Onu sənə kim deyib?

- Mirzə Xəzərdən eşitdim, - Xatirə pilləkəni enə-enə dedi. – Gəl düş qabağıma, köhnədən-külüşdən gey, axşamdı, göz-gözü görmür, kimdi sənə fikir verən? Day o ayaqqabılardan gözünü çəksən yaxşıdı...

Hələ də ayağa qalxmamışdım. Xatirə aşağıdan:

- Tez ol də, bir şey tap geyin, - çığırdı. – Səni dalıma alıb aparmayacam ki...

***

Axşam-axşam kəndin başından vurub ayağından çıxdıq. Rus qəbiristanlığı, müsəlman qəbiristanlığı, təzəcə təmir olmuş məscid – hə, məscidin yanından keçəndə Xatirə dedi ki, yəqin dədən brdadı, matım-mutum qurudu; deyəsən axı, bizim kişi qocalığında mollalıq fikrinə düşmüşdü – İsmayılgilin evi, Xəlilgilin evi, məktəb, klub, İslamın mağazası... Arabir Xatirəni dümsükləyirdim: “Şuranın evinə gedirik, ya gəzməyə çıxmışıq?” Sözlərimə məhəl qoymurdu, bircə: “Şuranın evi qəbirdi day,” – dedi. Daha kəlmə kəsmədik, təkdənbir rastlaşdıqlarımızla salam-kəlamlaşdıq, vəssalam. Kənd yerində hava ki, qaraldı, bayır-bacada adam olmur. Baxmayaraq ki, dədəm məsciddə idi.

Düzü-düzünə getsəydik çoxdan mənzil başındaydıq, Xatirə bütün kəndi dolaşıb, dövrələyib –bəla burasındaydı ki, mən də onunla fırlanırdım – nəhayət, Şuranın evinin çöl qapısının önündə dayandı. Xatirənin də evi burda idi, əvvəllər aralarında uçuq-sökük hasar vardı, sonralar Xatirə həmin hasarı sökdürmüşdü, yəni Xatirənin həyətindən də Şuranın evinə getmək mümkündü, əslində iki ev bir həyətdəydi. Amma bir olan həyətin iki çöl qapısı vardı və Xatirə açar çıxardıb Şuranın taxta qapısını nümayişkəranə açaraq həyətə girdi, mən də onun ardınca içəri daxil oldum. Həyət alaqaranlıq, qat-qarışıq, səliqəsiz idi. Əlbəttə ki, Şuranın evi tərəf. Deyəsən, həqiqətən Şura basdırılandan Xatirə buralara ayaq basmamışdı, kim nəyi hara atmışdısa eləcə də dururdu. Ayağımın altına diqqətlə baxırdım ki, təsadüfən nəyəsə ilişib büdrəməyim. Xatirədə günah yoxmuş, qaranlıqla sakitliyin içində addım səslərini eşitdikcə və yiyəsinin cəmi üç gün qabaq öldüyü beynimdə dolaşdıqca mən özüm də xoflanırdım, Xatirədən dala qalmamağa çalışırdım. Evin qabağındakı tut ağacının budağında ruha, o dünyadan gələnə oxşar yekə bir qaraltı vardı. Demə, kimsə cırıq palaz səribmiş ağaca. Palazın yanına çataçatda sürüşdüm, ayağımın altında qurbağa qaldı deyəsən, pəncəm boyda yumşaqlıq ətimi ürpətdi. Yıxılmamaq üçün əl atıb palazdan yapışdım. Sonra əllərimi murdar, kirli seyə vurubmuşam kimi şalvarıma sildim. “Şura hökuməti dağılmasaydı bu arvad beş-on il yaşayardı, canı bərk idi”, - Xatirə mənzilin qapısını aça-aça sükutu pozdu. Şuranın evi yerdən azca hündür , iri bir otaqdı, qabağında da şüşəbənd. “Denən hökumətin yıxılmağı sənə düşüb də”, - otağa göz gəzdirə-gəzdirə dilləndim. Dəmir çarpayı, dairəvi masa ətrafındakı rəngi getmiş stullar, ağzı qıfıllı sandıq; – rus evində sandıq görməyim mənə qəribə gəldi – otaq səliqə-sahmanlı, hündür tavanı tağlı idi, məncə, bizim kənddə başqa tavanı tağlı ev yoxdu.

“Kiri, ayə, kiri, gic-gic danışsan atacam səni bayıra, - guya, bura gəlməkdən ötrü əldən-ayaqdan gedirdim. – Elə bilirsən cinnən-şeytannan qorxurm? – düz deyirdi, evin təzəcə silinib süpürüldüyü şəksizdi. – Amma yazıqsan, səni qovsam, ömürlük bədbəxt olarsan, otur görüm, - dinməz-söyləməz stulu altıma çəkib masaya dirsəkləndim, qəfil xof basdı məni, ya nəydisə, yenə yan-yörəmə boylandım, qapıya baxdım, tül pərdəli pəncərəyə nəzər saldım, Xatirə baxışlarımı “tutdu”. – Qorxma, ayə, burda sənin çəkmələrini oğurlayan olmayacaq”, - şüşəbəndə keçib qazı yandıraraq çaydanı üstünə qoydu – açıq qapldan görürdüm – bir az eşələnib sinidə mürəbbə, limon, mer-meyvə gətirdi. Gətirdiklərini masaya düzüb çay dəmləməyə getdi. Yəqin ağcaqanadlar Şuranın ruhundan qorxurdu, qapı-pəncərə açıq olsa da bircəsi də yox idi içəridə, bəlkə də evdəki naməlum qoxu ağcaqanadları burdan uzaqlaşdırmışdı.

Xatirə sinidə çay dəstgahını gətirəndə yadıma Fəridənin plovu düşdü. Sanki ürəyimi oxudu, stəkan-nəlbəkini qabağıma qoya-qoya soruşdu: “Ac deyilsən ki?” “Yox, - dedim, - yemişəm.” Oturmamışdan əyilib sandığın yanındakı köhnə televizorun üstündən – gərək ki, televizor xarab idi, çünki ayaqsız-zadsızdı, elə döşəməyə, özü də ekranı divara sarı qoyulmuşdu, yəqin Şura bu televizordan kətil kimi istifadə eləyirmiş – kartı götürdü. Təptəzə kartdı, qutusunun yapışqanını gözümün qabağında qopartdı. “Falıma baxmaq istəyirsən? – xəbər aldlm. – Mən fala-mala inanan deyiləm”. Çay süzüb mənimlə üzbəüz oturdu və kartı qarışdırmağa başladı: “Ona da inanmırsan?” “Kimə?” – soruşdum, elə bildim xalamın, ya Fəridənin adını çəkəcək. “Başımızın üstündəkinə”. Sövq-təbii hündür, tağlı tavana baxdım. “Ona da, yuxarıdakına, - Xatirə gülümsündü. – Nə key adamsan, Allaha...” “İnanıram da, şübhələnirəm də,” – dedim. “Yaxşı-yaxşı, kafir-kafir danışma, qulaq as, - dedi. – Başıma gələnlərin əsas səbəbkarı bu olub, - kartı gözümün önünə tutdu. – Yox, qoy əvvəldən başlayım. Yer üzündə məndən çox ölü basdıran yoxdu. Saçlarımı görürsən, qapqaradı. Çaşma, rəngləmişəm, rəngin vədəsini üç gün ötürsəm başımda düşmən gözünə girəsi bircə qara tük tapmazsan. Ağlayanın bir dərdi var, gülənin min. Acıqca rəngi-rəng dalınca yaxmışam saçlarıma ki, düşmən sevinməsin. Camaat mənə arsız deyib. Saçın nə günahı, saç başına haranın daşını töksün, kim mənim yerimə olsaydı, neçə kərə ölüb dirilməliydi, qədd-qaməti bükülməliydi...

Qulaq as, mən dünyaya gələndə anam rəhmətə gedib. Həkimlər mat qalıbmış, çünki adətən qadınlar ilk uşaq üstə tələf olur, anamsa beş il öncə qardaşımı doğmuşdu, dalınca da iki qız. Düzdü, qızlar bir həftə də yaşamamışdı. Hamı qorxurmuş ki, mən də ölərəm, amma mən yaşadım, anam öldü. Buna görə adımı Xatirə qoydular, yəni anamdan son xatirə. Anam rəhmətə gedəndən sonra qonum-qonşu baxmışdı mənə. Düzdü, dədəm kənd sovetinin sədri işləyirdi, kişi kiminlə istəsə evlənərdi. Evlənmədi... Özü də yetim oğlandı, otuz yeddidə bütün qohum-əqrəbasını tutmuşdular, güllələnən güllələnmişdi, qalanlar sürgündə çürümüşdü. On dörd yaşında sürgün olunmuşdu, nəsillərindən yeganə adamdı ki, salamat qurtarmışdı. Sonra nə səbəbdənsə dədəmi vəzifəyə qoymuşdular. Bəlkə günahsız çəkdiyi əzabların haqqını ödəməkdən ötrü? Düzdü, o, heç nə danışmırdı, kim günahkardı, kim haqlıdı, guya, sürgündə-mürgündə olmamışdı... Nə isə...

Vilayətin bacısı Zəminə ilə yaşıdam mən. Onun anası Zəminəyə də, mənə də süd verib. Nə danışıram, ilahi, sən hardan biləsən, yazıq tifil altı aylığında sətəlcəmdən öldü. Ağzıgöyçəklər deyibmiş ki, onun ölümünə baiskar mənəm. Hətta kələcək qaynanam Gülnisə üzümə baxıb ifritə-ifritə qayıdıbmış ki, bu körpənin başına Əzrayıl sığal çəkib.

Zəminə ölən kimi anasının südü qurudu, day dədəm əmzikli arvad axtarmadı. Çəkinirdi, görünür, Gülnisənin sözləri dədəmin qulağına çatmışdı, bəlkə də kişi eşitdiyinə inanmışdı. Dədəmgil nəsillikcə allah-tanrı adamıydılar...

Mən inək südü ilə böyüdüm. Beş yaşım olanda dədəm məni qardaşıma, qardaşımı da mamaça Arifəyə tapşırdı ki, mən paykoma gedirəm, gec qayıdacam. Həqiqətən gec gəldi, mən yatmayın onu gözləyirdim, stulda mürgüləyən qardaşımı soyundurub yerinə saldı, mənim yanağımdan öpüb dedi ki, get yat. Yerimə girdim. Bilirdi ki, yanıma uzanmasa yuxuya getməyəcəm, ancaq masa arxasında oturub papiros çəkirdi, pəncərədən qaranlığa dikmişdi gözlərini, qanrılıb divardakı xalçanın üstündən asılan qoşalülə tüfəngə də baxırdı arabir. Beləcə oturdu, oturdu, qəfil qalxıb dəli kimi irəli şığıdı, başını divara elə çırpdı, sanki divarı dəlik-deşik eləyib keçəcəkdi. Pəncərəmizin şüşəsi çiliklənib toküldü. Mən qışqırıb ağladım, səsə qardaşım oyandı, qaranlıqdan, zülmətdən çəkinməyib qonşuya qaçdı. Qonşular tökülüşüb gəldi.

Dədəm tərpənmirdi, üz-gözü qan içindəydi, qonşular sir-sifətindən üst başına axan qanı silib onu çarpayıya uzatdılar. Nəhayət, gorbagor Qəmbər həkim gəlib çıxdı. İsmayılın babası Qəmbər... Dədəmin başını sarıyıb getdi. Ona görə gorbagor deyirəm ki, sınıqçı İbrahim dədəmə demişdi ki, Qəmbər düz eləməyib, sənin başını sarımayaydı gərək, başındakı pis qanlar axıracan axıb gedəydi, kəlləndə qalmayaydı.

Qəmbər həkim bir həftə bizdən əl çəkmədi, dədəm üç gündən sonra gözünü açdı, beşinci gün nitqi açıldı, ancaq birtəhər, çox asta, kəkələyə-kəkələyə danışırdı. İlk kəlmələri də bu oldu ki, Qəmbər, day mən yaxşıyam, məndən nigaran olma, divardakı tüfəngi də götür, çıx get. Onsuz da Qəmbər həkim kimdən ötrüsə nigaran olan körəyoğlu deyildi. Dədəm beş gün dilinə heç nə vurmamışdı, heç su da içməmişdi, güç-bəla ilə yataqdan qalxanda gördük təkcə səsi, danışığı dəyişməyib, büdrəyə-büdrəyə yeriyir, əməlli-başlı axsayır, sol qolu da tərpənmir, elə çiynindən taxta parçası kimi sallanır. Qəmbər həkim bir-iki gün də bizə gəlib getdi, bir şey eləyə bilmədi, əvəzində ağ keçimizi də apardı. Dədəm heç nəyə fikir vermirdi, elə bil anadan şikəst doğulubmuş...”

“Görmüşdüm də sənin atanı, xəstə kişiydi,” - əslində demək istəyirdim ki, qısa elə. Xatirə əlüstü fikrimi anlayıb cavabımı verdi: “Darıxma, səbrin olsun, gələcəm sənin evlənmək məsələnə, - mən səsimi xırp kəsdim. – Xəstə kişiyə bax! Sən onu başını divara vurmamışdan görəydin. Kəndin gəlinləri yox e, ər görməmişləri ondan ötrü dəli-divanə idi. Anam öləndən sonra ərlik qızlar bizdən əl çəkmirdi, biri həyətimizi süpürürdü, biri ev-eşiyimizi yığışdırırdı, biri pal-paltarımızı yuyurdu, hərdən də yola getməyib bir-birlərilə saç yoldusuna çıxırdılar. Amma rəhmətlik dədəm ağır adam idi, ev işlərimizi görməyə gələnlərə gözucu da baxmazdı, baxmağa macalı da yoxdu, yazıq səhərdən-axşamacan işdə-gücdə olurdu”.

Yenə kartı qarışdırmağa başladı və sözünə davam elədi: “Kəndə qaraçılar gələndə mən ya məktəbə təzə gedirdim, ya da ikidə oxuyurdum. Day dədəm xəstə idi, həyət-bacada güclə hərlənirdi. Hamının yadından çıxmışdıq biz, nə harasa gedirdik, nə kimsə qapımızı döyürdü. Ona görə qaraçıların kəndimizə gəlişi ürəyimdən oldu. Deyəsən, elə dədəmin də! Hardansa qəfilcə xeyllaq qaraçı doluşdu kəndimizə. Voyenni qorodokun ətrafında əməllicə çadır-madır qurub gecələyirdilər. Səhər açılılanda dəstə-dəstə düşürdülər şəhər evlərinin canına. Evdəkilərdən bir şey qoparmamış əl çəkməzdilər. Di gəl, dilənçi payı götürməzdilər. Aldıqlarının əvəzinə fala baxardılar, bircə ayın içində sevgilini istəklisinə qovuşduracaq, yoxsulu varlandıracaq, korun gözünü lalın dilini açacaq cürbəcür əfsunlar oxuyardılar. O günəcən bizim kənddə heç kəs qaraçı görməmişdi, ona görə qaraçıların işi xod gedirdi. Qaraçıları qarğıyan təkcə falçı Xeyrasa idi, çünki onlar kəndə qədəm basandan Xeyransanın bazarı bağlanmışdı.

Gələnlər o saat bildilər ki, unudulmuşuq, ya da camaatın başını iş-güc elə qatıb ki, bizimlə maraqlanmağa imkan tapan yoxdu. O vaxtlar bizim evin arxası bomboş çollük idi, sonralar tikildi arxadakı evlər. Onda evimiz kəndin qırağında, gözdən-könüldən aralıdaydı. Əlqərəz, elə ilk gəlişdən halımızdan agah oldular, evdən nə tapıb verdik götürmədilər. Çal saqqalı sol yanağındakı yekə qara xalı örtə bilməyən kişi yanındakı qaraşın arvadın qulağına nəsə pıçıldadı. Arvad harasa getdi. Bir azdan əlində zənbil qayıtdı. Kişi əl atıb zənbildən yekə bir alma götürdü, iki bölüb yarısını mənə, yarısını yanındakı saçları pırtdaşıq göygöz qıza verib: “Gedin oynayın”, - dedi. Qızla həyətə çıxdıq. Qız dedi ki, xallı kişi onun dədəsidi. İnanmadım, lap düzünəsi, indi şübhələnirəm, onda inanıb-inanmamağa ağıl-fərasətim nə gəzirdi? O dəmsə ağlıma: “Nə xəsis kişidi, zənbil mer-meyvə ilə doludu, almanı yarı bölüb verir...” – gəlmişdi.

Qızın göy gözləri dağınıq, sarışın saçları kimi par-par parıldayırdı. Bənizi isə qaraydı. Mən darağımı gətirib həyətdəkı heyva ağacının altında onun saçlarını darayanda yazığın gözləri yaşardı, dözə bilmədi, darağı əlimdən alıb sındırdı. Ağladım. O, məni ovundurmaq, başımı qatmaq üçün cibindən kart çıxartdı. Mən birinci dəfəydi kart görürdüm. Adi kartdı, elə bunnan, - Xatirə masadakı karta işarə elədi. – Qız mənə maraqlı oyunlar öyrətməyə başladı. Əvəzində mən də kitab-dəftərimi tökdüm ortaya. Gözünün ucuyla da baxmadı. Demə, məktəbə getmirmiş, hərfləri də tanımırdı. Qaraçılar bir ayacan kəndimizdə qaldı, həmən adamlarsa hər gün bizə gəlirdilər, xallı kişi ilə dədəm söhbətləşirdi, mer-meyvə gətirən arvad onların qulluğunda dururdu, evimizdə yır-yığış eləyirdi, göygöz qızla mən həyətimizdəki heyva ağacının kölgəliyində kart oynayırdıq, fala baxırdıq. Bircə qardaşım özünə yer tapa bilmirdi, gah evdə dədəmgillə otururdu, gah həyətə, bizim yanımıza gəlirdi. Ancaq karta-marta yaxın durmurdu, elə ağzına su alıb dayanırdı.

Nəhayət, ayrılıq zamanı yetişdi, qız yanağımdan ehmalca öpdü, kartını mənə bağışlayıb dedi ki, biz gedirik. Mən dədəmə xəbər vermək üçün evə cumdum, qapının ağzındasa donub qaldım. Xallı kişi müştüyünü sümürə-sümürə: “Nahaq bizimlə getmirsən, - deyirdi. – Daha burda qalmağın mənası yoxdu. Gəl gedək...” Dədəm: “Yox,” – dedi. “Onda götür bunu...” – Xallı kişi mənə upuzun görünən sükutu pozaraq masanın üstünə bir dəstə pul qoydu. Mən istəyirdim ki, biz xallı kişiyə, mer-meyvə gətirən arvada, ən əsası, göygöz rəfiqəmə qoşulub gedək, qaraçılarla birgə onların köçündə yaşayaq, onlarla birlikdə diyarbədiyar, el-el, oba-oba gəzək, çadırlarda gecələyək.

Həyətə düşəndə birinci və axırıncı kərə qardaşımı gözü yaşlı gördüm. Dədəm başını divara çırpıb yarımcan olan gecə də qardaşım ağlamamışdı...” “Mən kəndimizə qaraçıların gəlməyini eşitməmişəm”, - dedim. Xatirə cavab vermədi, ağzı qızışdığından dediklərimi qulaqardına vurdu.

“Qardaşım səkkizinci sinfi qurtarıb çəkməçi Mahmudun yanında şagirdliyə başladı. Vəzifədə olanda dədəmin Mahmuda nə yaxşılığı keçmişdisə, Mahmud onu dilə tutdu ki, qoy oğlun mənə kömək eləsin, onsuz da tez-tez yanıma gedib kəlir, əlləri qızıldı. Qardaşım neçə gün səhər-axşam baş-qulağını dəng eləyib dədəmi bezdirməsəydi, dolanışığımız yüz qat ağır olsa da kişi bu işə razılaşmazdı. Arzusu bizi oxumuş görməkdi, həm də çəkinirdi ki, qardaşımı yanında şagird götürdüyünə görə Mahmuda söz gələr. Qardaşım da az aşın duzu deyildi, axır ki, qılığına girib dədəmin saqqızını oğurladı. Onda çəkməçi yanına bir elə gedən yoxdu, ayaqqabı könnəldi, tullayıb təzəsini alırdılar. Amma qardaşım Mahmuda şagird olandan nəinki köhnə, çırıq yamamağa, hətta elə çəkmələr tikməyə başladı ki, camaat mat-məəttəl qaldı. Hamı, uşaq-böyük qardaşıma çəkmə tidirməyə axışdı, day heç kəs İslamın mağazasından ayaqqabı almırdı. Çəkməçi Mahmudun balaca köşkü İslamın mağazasına bitişikdi, köşkün qabağına qardaşımın xalı-gəbə kimi naxış vurduğu çəkmələr düzülərdi. Hansı dəli o cür yaraşıqlı ayaqqabıları qoyub mağazaya girərdi? İşi belə görən Mahmud çəkməçiliklə vidalaşıb köşkü qardaşıma verdi. Qocalmışdı, əlləri əsirdi, İslamla da üz-göz olmaq istəmirdi. Qardaşımın tikdiyi çəkmələrin sorağı şəhərə çatmışdı, şəhərin ən hörmətli adamları həmən çəkmələrin üstündə dava salırdılar. Alverçi Gülsənəm – Allah ona rəhmət eləsin – səhərə ayaqqabı daşımaqdan yorulmişdu. Təkcə İslam o çəkmələrdən geyinmirdi, ancaq Gülsənəm orda-burda danışırdı ki, İslam ondan dörd cüt ayaqqabı alıb, evinə gedən kimi həmin çəkmələri bir-bir ayağına keçirib gözünün qurdunu öldürür. Qardaşım əlinəçəkməçi çəkici alandan, ayaqqabı satmaq sarıdan İslamın bazarı kasadlaşmışdı, düzdü, o da kürəyini yerə verən deyildi, hər ay şəhərdən yeni dəbli çəkmələr gətizdirirdi, amma camaat onlara yaxın durmurdu ki durmurdu. Qardaşımsa əlini adi gönə vuran kimi olurdu şahzadə malı...” “Sənin qardaşın yadıma gəlir,” – dedim dodaqaltı. Yenə sözlərimə məhəl qoymadı: “Elə özü də kişiləşmişdi, bığ-zad qoymuşdu, bir oğul olmuşdu ki, həzrəti Yusif yanında yalandı, - elə danışırdı, sanki həzrəti Yusiflə tay-tuşdu. – Neçə-neçə qız-gəlinin ağlı başından çıxmışdı. Gündə yüz bəhanə ilə bizə gəlirdilər. Evimiz yenə qız-gəlinlə, gülüşlə, qəhqəhə ilə dolmuşdu, elə bil dədəmi təzədən yaxşı işə qoymuşdular. Qızlar qardaşımdan ötrü əldən getdiklərini gizlətmirdilər də... Mənə paxıllıq eləyirdilər. “Bəxtəvərsən, gör necə qardaşın var”, - deyirdi bəziləri. Bir dəstəsi ağız büzürdü. “Nəyi bəxtəvərdi, heç olmasa bizim ümidimiz var ki, bəlkə bir gün bəxtimiz üzümüzə güldü, birimiz ona ərə getdik, bu yazığın yalan-doğru ümidi də yoxdu”. Sonra yapışardılar məndən: “Sən Allah, bax gör qardaşın hansımızı alacaq”. İşim-gücüm səhərdən-axşamacan fala baxmaq idi, kart əlimdən düşmürdü. Qardaşım zalım da dədəmə çəkmişdi, gözünü qaldırıb qız-gəlinə baxmazdı, bir qaradinməzdi gəl görəsən. Guya, yaşı iyirmi deyil, əlli idi. Qızların salamına dodaqaltı elə “əleyk” deyirdi ki, yazıqlar qorxudan girməyə siçan deşiyi axtarırdılar. Pis günlərimiz arxada qalmışdı, amma qəfil başımıza səs-sədası bütün kəndimizi bürüyən işlər gəldi...

Hər şey ondan başladı ki, günlərin bir günü mən evdə yalqız olanda – heç vaxt tək qalmırdım, qız-gəlinlərin arası kəsiləndə, ən azı, dədəm həyət-bacada girlənirdi, həmin günsə o da əl ağacını götürüb yıxıla-dura harasa çıxmışdı – Gülnisə qapımızı açdı. Gülnisəni evimizdə görəndə gözlərimə inanmadım. Düzdü, qardaşıma gözü düşən qız-gəlin evimizdən əskik olmurdu, amma hələ ki, yaşlı, sayılan arvad, yaxud kişi qapımızı döyməmişdi. Bizə gələnlər uşaq-muşaqdı, təzə-tər qız-gəlindi. Gülnisənin qapımızı açmağı odeməkdi ki, day tilsim sındı, biz azadıq. İndu dəbdədi azadlıq-filan söyləmək, ancaq dədm başını divara vurub yaman günə qalan dəmlərdən evimizə sonuncu ayaq basan Qəmbər həkim olmuşdu, o da gedəndə qoşalülə tüfəngimizi, ağ keçimizi aparmışdı, elə bil ocağımızın bərəkəti də o ağ keçi ilə, o tüfənglə getmişdi. Hərçənd kənd-kəsəkdə gəzib dolanmaqda azad idik, hara desəydin gedirdik, istəyirsən pay-piyada rayon mərkəzinə yol al, kimin səninlə nə işi? Burası vardı ki, qonum-qonşu bizə gəlmirdisə, demək, biz də onların qapısını döyə bilməzdik, beləcə, aramızda gözəgörünməz soyuqluq, halə yaranmışdı. Uzaqbaşı həyətdə, bayır-bacada salamlaşıb hal-əhval tutardıq, vəssalam. İndisə lapdan kim-kim Gülnisə - gələcək qayınanam – günün günorta çağı görüb baxanın gözünün önüdəcə darvazamızı açıb həyətimizə girmişdi, ağır addımlarla evimizə gəlirdi. Əvvəlcə Gülnisənin qabağına qaçmaq fikrinə düşdüm, amma qorxdum ki, arvad elə həyətdən sözünü deyib geri qayıda. Onunsa qayıtmaq fikri yox idi, artırmaya çıxıb mehriban-mehriban üz-gözümdən öpdü. Çaşqın-çaşqın ona baxdım, Gülnisə də day indiki Gülnisə deyildi, hörükləri biləyim yoğunluqda, gözlər, qaşlar qapqara, bədən şaqqalı, qədd-qamətli, döşləri elə bil ağappaq donunu cırıb çıxacaqdı. Kim deyərdi ki, bunun az qala mən yaşda oğlu var? Özü də yaşı otuzu keçəndə ölüm-zülümlə döğmuşdu. Düzdü, sir-sifətdən qara idi, burnu da bir az iri idi – bir suyu sənin rəhmətlik dayına oxşamışdı – hər gözəlin bir eybi olar, deyiblər...

Məni çay-may dəmləməyə qoymayıb elə ordan-burdan sorğu-suala çəkdi. “Necəsiz, nə təhərsiz?..” Day mən yekə qız idim, bu gün-sabah məktəbi qurtaracaqdım, o saat barmağımı dişlədim ki, ay dadi-bidad, Gülnisə özxoşuna gəlməyib. “Maşalla, kəndin qızları sənin qardaşından ötrü hayıl-mayıldı, günləri burda keçir”. “Hə”, - mızıldandım, hər halda, Gülnisə qardaşıma görə gələ bilməzdi. “Deyirlər, fala da baxırsan”. Utanıb gözlərimi yerə dikdim, ərklə qolumdan yapışdı. “Dur qartını gətir. Anan yerindəyəm, adam anasından utanmaz”. Xoşbəxtlikdən qardaşım təzə kart almışdı, hələ heç qutudan çıxarmamışdım. Kartı gətirib təkrarən yanımı yerə basan kimi Gülnisə mətləbə keçdi. “Qısası, ay qızım, yəqin bilməmiş olmazsan, bizim kişi qoşulub qəhbə... – sənin o qiryətdən dəm vuran xalanın adını çəkdi – dünya-aləm yadından çıxıb. Bax bura, sənin yanına öz balam kimi gəlmişəm, gedərdim falçı Xeyransaya cadu elətdirməyə, intəhası, Xeyransanın ağzı yırtıqdı, qarı qocaldıqca lar ağlını itirir, danışığını, özünü-sözünü bilmir, gecə gördüyü yuxunu da səhər açılmamış hamıya danışır. Burda ikimizik, qızım, bir daş altda, bir daş üstdə, bax qartına, elə elə ki, bizim kişi o qəhbədən əl çəksin, heç evdən bayıra çıxmasın”, - əlini qoynuna soxdu, şax bir onluq çıxardıb qoydu mizin üstünə. Gözlərim bərəldi, həlbət ki, evimizdə təkcə qızların falına baxmırdım. Söhbətləşib dağı arana, aranı dağa qatırdıq. Eşitmişdim, bilirdim ki, Gülnisənin əri Fərhad sənin xalanla o söz...”

Yerimdə qurcalandım, çünki Xatirə “sənin xalan” kəlmələrini xüsusi kinayə ilə dedi. Qeyrətə gəldim, meyvəqabından bir armud götürüb hikkə ilə dişlədim. “Yəqin yadındadı Gülnisənin əri Fərhad. Mexanizator idi rəhmətlik, pambıqnan maşın yığırdı, e, əstəğfürullah, maşınnan pambıq yığırdı. Başı eyş-işrətə qarışandan iş-güc də yadından çıxmışdı. Kolxoz sədri onu çağıtdırıb möhkəmcə təpinmişdi. “Bu nədi, ə, camaat əlnən səndən çox pambıq yığır”. Fərhad özünü itirməyib: “Yoldaş sədr, maşınıma cadu eləyiblər, - demişdi. Sədr çörəyi qlağına yemirdi, bilirdi ki, - kənddə sənin o xalanın xoşqiryət ərindən savayı hamı bilirdi – Fərhad işləyib eləmir, çöldə gözdən iraq bir yer tapıb səhərdən-axşamacan sənin xalanı əldən-dildən salır. Deyirlər, sənin o gözəlçə Fəridən də Fərhaddandı. Görmürsən, böyük bacıları qaraqaş, qaragöz, balacaboy, Fəridənin gözləri göy, ağbəniz, boylu-buxunlu, elə bil eynən Fərhaddı.

Əlqərəz, onluğu mizin üstü ilə yavaşca Gülnisəyə sarı sürütlədim, bu dəfə pulu xalatımın cibinə basdı. “Yox, qızım, zəhmətin haqqı olmalıdı, bir onluq da düzələndən sonra verəcəm. Bir daş altda, bir daş üstdə, elə elə ki, Fərhad başıbatmış evə bağlansın”. Qürrələndim, gör Gülnisənin nə boyda işi düşmüşdü mənə, gör Gülnisə mənə nələr etibar eləyirdi? Əslində arada heç bir sirr-mirr yoxdu, hər şey çoxdan aləmə yayılmışdı. Burası danılmazdı ki, Gülnisə mənim ilk ciddi müştərim idi. İlk müştərim idi ki, cibimə pul basırdı, ilk müştərim idi ki, ərə getmək istəyən qızlar kimi şıltaqlıqdan yox, çarəsizlikdən bizə gəlmişdi. Bəlkə də mən onun son umidi idim. “Arxayın ol, - dedim Gülnisəyə, özü də qoca qarılar kimi cəsarətlə, qətiyyətlə dedim, sanki fələyin çərxi əlimdə idi. – Evə bağlanmaq nədi, quzuya dönüb sənin yanından əl çəkməyəcək”, - “yanından” əvəzinə “yatağından” deyərdim, həya elədim. Onsuz da Gülnisə arifdi, demədiyimi göydə qapdı, sevincək boynunu uzadıb mənim saçlarımdan öpdü.

Ay gidi dünya – bu sözü dədəmdən eşitmişdim, özlüyümdə tez-tez işlədərdim, conralar bildim ki, gidi elə dünya deməkdı, yəni mənası belə çıxır, ay dünya, dünya – bu həmən Gülnisədi ki, körpəlikdə mənə: “Bunun başına Əzrayıl sığal çəkib”, - demişdi, indisə yaltaqlıq eləyir. O dəm kart əlimdə Gülnisənin kimdənsə eşitdiyim kəlmələri yadıma düşdü – zərrəcə şəkk-şübhəm yoxdu onun belə dediyinə - “tanrı şükür kərəminə, düşmənimi ayağıma gətirdin, - pıçıldadım ürəyimdə, xalatımın cibindəki onluğu unudub özlüyümdə lap dərinə getdim. – Özün Gülnisənin cəzasını ver”. Bir anda Gülnisyə olan rəğbətim öləzidi, öləzidi, tamam sönüküb getdi.

Amma Gülnisə Xeyransadan da ağzıyırtıqmış. Üçcə günün içində adımı kəndlə bir elədi. Az qala məktəbdən qovacaqdılar məni, attestat-zad verməyəcəkdilər. Qardaşım məktəbin direktoruna iki cüt ayaqqabı bağışlamalı oldu; özünə verəndə direktor dili ilə demişdi ki, oğluma da bir cüt gətir. İş burasındaydı ki, mən fala baxdığım günün ertəsi çalmışdı. Namus-qeyrətdən dəm vuran xalanın ağuşunda çalmışdı ilan Fərhadı. Xalan Fərhadın ilan vuran yerini xeylağ sorub-sorub zəhəri onun canından çıxarmağa çalışmışdı, bir nəticə hasil olmadığını, işin-işdən keçdiyini görüncə özünü itirib ağız-burnu qan içində, yarıçılpaq çığıraraq camaatı haraylamağa qaçmışdı. Sonralar Gülnisə ilə xalan iki can bir qəlb oldular, day Fərhad yoxdu, şərikli dava-dalaşlı malları qalmamışdı. Gülnisə ərinin ölümündə sənin xalanı yox, məni, bir də özünü suçlayırdı. Guya, xalan aydan arı, sudan duru idi, döşü-başı açıq camaatı haraylayan özgəsiydi”. Yenə qeyrət mənə güc gəldi, meyvəqabından bir salxım üzüm götürdüm. “Mən bu əhvalatı eşitməmişəm, bircə Fərhadı çöldə ilan çalmağı, Fərhadın yası yadıma gəlir, - dedim. – Qalanlar uydurmadı”. “Uydurma-zad deyil, - Xatirə razılaşmadı. – Sənin nədən xəbərin var ki?.. Sənin bildiyinə görə, mən sənin dayına getmişəm, dayın ölüb, sonra mən iki dəfə ərdə olmuşam, bunnan ötrü xalan mənə düşmən kəsilib. Elədisə, bəs anan nöşün düşmənçilik eləmir mənnən, hə? Dayın onun da qardaşıydı axı...” “Anamın xasiyyəti başqadı”, - mızıldandım. “Yox, - sözümü kəsdı. – Sən mənə qulaq as, fikrimi dağıtma, inanırsan-inanmırsan öz işindi. Harda qaldım? Hə, Fərhad öləndən bir ay sonra qardaşımın çəkməçi köşkü yandı, ordan od düşdü İslamın mağazasına, yanğınsöndürənlər özlərini yetirincə camaat alovu söndürdü. Qardaşımın köşkü külə dönmüşdü, İslamın mağazasının tən yarısı yanmışdı. Rayon mərkəzindən gələn ekspertlər dedi ki, alov qardaşımın köşkündəki elektrik xətlərinin nasazlığından baş verib. Mən elektrik-melektrik söhbətinə inanmıram. “Köşkü Gülnisə ilə sənin xalan yandıtdırıb”, - dedi-qoduları bundan ağlabatandı. Odun İslamın mağazasına düşə biləcəyi ağıllarına gəlməyib. Yanğımı elə İslam özü təşkil elətdirib, - deyənləri də qınamaq olmazdı. – Mağazada xeyli əskiyi varmış, həm də qardaşıma qulaqburması vermək xəyalına düşüb. Rayondakı başbilənlərə də bir ətək rüşvət paylayıb ki, günahı qardaşımda görsünlər. Nə isə, neçə ay qardaşımı silistə çəkdilər. Bu arada dədəmin halı pisləşdi, hey deyirdi ki, oğlumu tutacaqlar, nahaq qaraçılarla getmədik.

Bir gün əlinin işarəsi ilə məni çağırdı. Axır vaxtlar dili də fərli-başlı söz tutmurdu, tamam yorğan-döşəyə düşmüşdü, ayaqyoluna da güc-bəla ilə gedirdi. Yaxınlaşdım. Yorğanın altından qızıl suyuna çəkilmiş balaca bir sandıqça çıxardıb mənə uzatdı. Sandıqça ovcuma yerləşərdi, üstündə zərif naxışlar vardı, indi də evimdədi, bilsəydim söhbət bura yönəcək, gətirib göstərərdim. Sandıqçanı açdım, içində üç zərf vardı. Bapbalaca... Baş barmağım boyda. Zərfciklərdə saç, tük... Dədəm özünü yığıb yığmalayıb: “Qaraçılar”, - sözünü deyəndə anladım ki, sandıqçadakı zərfciklərdə evimizə gələn qaraçıların saçıdı. Mənə ilk dəfə kart bağışlayan rəfiqəmin qızılı saçları zərfin içində də parıldayırdı. Axmaqlığıma salıb kişinin yaxasından yapışdım: “Bunları neyləyəcik, ay dədə?” Yaman səfeh olmuşam, az qala düzü-düzünə: “Sən öləndən sonra bunları neyləyək, dədə?” – deyəcəkdim, çünki inanmırdım kişi sabaha çıxsın, ancaq nə qorxurdum, nə də ağlayıb sısqayırdım, sanki dədəm köçüb başqa vilayətə gedəcəkdi. “Heç nə...ver onu bura”, - dedi kəsik-kəsik. – Get qardaşını tap... Vədə tamamdı...” Başılovlu bayıra yüyürdüm, mənə elə gəldi ki, qardaşım özünü yetirincə dədəmin ruhu bədənindən çıxacaq. Hardan tapacaqdım qardaşımı? Sübhdən gedəndi. Bəlkə yazığı yenə rayon mərkəzinə çağırmışdılar? Qabaqlar deyildi ki, səhərdən-axşamacan köşkündə gönlə-çəkməylə əlləşəydi. Bəxtimdən elə həyətimizdən çıxanda qardaşımla üz-üzə gəldim. Ağzımı açmamışdan içəri girib tez-tələsik dədəmin yanına qalxdı, stul çəkib ədəb-ərkanla kişinin çarpayısının yanında əyləşdi, əlini dədəmin alnına qoyanda kişi ağır-ağır gözlərini açdı. Araya bir xeyli sükut çökdü, elə bildim kişi day adam-zad da tanımır , amma yox, hələ ki ağlı başında idi. “Gedirəm, - pıçıldadı, - bacından muğayət ol”. Bu yerdə gözlərim doldu, çarpayıya yan alıb kişinin ayaqlarını ovuşdurdum, qaragünlünün ayaqları bumbuz idi. Qardaşım əyilib ağzını dədəmin qulağına yaxınlaşdırdı: “Ölmə, ay dədə, görürsən ki, başımıza nələr gəlib. Soğan kimi soyurlar məni. Lazım olsa ev-eşiyimizi də satacam, ancaq qorxma, gedib türməyə girməyəcəm. Ölmə hələ, dədə, imkanım yoxdu səni layiqincə yerdən götürməyə. El içində rüsvay eləmə məni. İkicə il döz, qoy bir özümə gəlim”. Yenə araya sükut çökdü, dədəm ağır-ağır nəfəs aldıqca sinəsinin xışıltısı otaqda əks-səda verirdi. Nəhayət: “İki il?” – inildədi. Qardaşım öləzik sevinclə: “Hə”, - dedi, guya, yaşamaq, ölüb-ölməmək dədəmin öz əlində idi. Lakin “sövdələşmə” baş tutdu, dədəm ölgün səsinə uyuşmayan qətiyyətlə: “Yaxşı”, - dedi.

Bu sınaqdan da çıxdıq, qardaşım işlərini yoluna qoydu, çəkməçilikdən əl çəkib İslamın mağazasında girələnməyə başladı. İnsafən əvvəlkindən pis qazanmırdı, əziyyəti də azdı. Dədəm də sözünə yiyəlik elədi; yavaş-yavaş sağalıb ayağa durdu, kişi elə gümrahlaşdı ki, verdiyi sözü, daha doğrusu, sözü yox, vaxt-vədənin yetişdiyini yaddan çıxartdıq. Dədəm özüsə hər şeyə hazırdı, heç nəyi unutmamışdı. İndiyəcən mat-məəttəl qalıram, sənə inanmayana lənət, xudaya! Düz iki il sonra – heç gününə söz ola bilməzdi – kişi dünyasını dəyişdi”.

“Dayan!” – çığırdım qəfilcə, Xatirə diksinib: “Nə oldu, ayə?” – soruşdu. “Ba... ba... ba...” – gözlərimi yumub açdım, açıb yumdum, sanki yuxudaydım. “Nə kəkələyirsən, ayə, nolub?” – Xatirə qeyri-ixtiyari ətrafa göz gəzdirdi. “Həyətdə kimsə var, - dedim. – Pəncərənin qabağından kimsə keçdi”. Xatirə tosqun qamətinə uyuşmayan cəldliklə bayıra cumdu, mən də onun ardınca çıxdım.

***

Ora adam, bura adam, heç kəsi tapmayıb evə girəndə Xatirə gecənin sakitliyini lərzəyə salan gur səslə: “Ayə, kişi qırığı, - dedi, - palazı görmüsən yəqin”. “Palaz pəncərədən görünmür, palazı necə görə bilərəm? Ağacdan düşüb yeriyə-yeriyə pəncərənin qabağına gələ bilməz ki!” “Yaxşı, gördüyün kişi idi, ya arvad?” – Xatirə məzələndi. “Fikir vermədim”, - dedim.

Şəhərdəki evimin yanında bir pivəxana var. Orda Faxı adında orta yaşlı bir kişi pivə satır. Zalımın qaşları elə qalındı, sanki alnına da bığ çıxıb. Üzügülərdi, ağappaq dişləri həmişə işım-işım işıldayır. Həmin o pivə satan Faxını mən neçə kərə yuxuda görmüşəm. Görmüşəm ki, Faxının “bığ” qaşları çatılıb, sir-sifəti elə zəhmli olub ki, boylu arvad görsə uşaq salar. Mən qorxa-qorxa Faxının upuzun, cah-cəlallı kabinetinə siyahı aparıram. Faxı zəhmlə üzümə baxıb əlini qalın bığına çəkir, siyahının altından imza atıb bircə kəlmə deyir: “Güllələnsinlər”. Hər dəfə də yuxu gördüyüm gecənin ertəsi işə gedəndə pivəxanaya dəyirəm. Faxı uzaqdan məni görən kimi gülümsünüb parçı pivə ilə doldurur. “Gəl, bacoğlu, - deyir. – Xeyir ola, götünmürsən, gözümə də birtəhər dəyirsən. Gecəni necə yatmısan?” Mənə elə gəlir ki, o, gördüyüm yuxulardan xəbərdardı. Gözlərimi Faxının çöhrəsinə dikib sir-sifətindən nə isə oxumaq istəyirəm. O, qımışa-qımışa çirkdən, kirdən qapqara qaralmış əski ilə piştaxtanı silir. Elə bil qəsdən baxışlarını gizlətməyə çalışır.

Xatirə çayı qızdırdı, bir xeyli artırmada eşələnib otağa qayıtdı, yenə mənimlə üzbəsurət yerini rahatladı. “Dədəm öləndən sonra nələr baş verdiyini danışıb söhbəti uzatmayacam, onsuz da çox uzatdım. Bircə şeyi anlatdım sənə yerli-yataqlı... Xalanın mənə düşmən kəsilməyinin əsl səbəbini. Yox, o yan-bu yan eləmə, qoy sözümü danışım. İnanırsan inan, inanmırsan qulaq as, bilmədiklərini eşit, sonra get fikirləş ki, söylədiklərim ağlabatandı, ya gopdu. Hələ de görüm, rəhmətlik dayın yadına gəlir?” “Gəlir”. “Bəs mən? İndiki mən yox e, cavanlığım, qız vaxtlarım?” “Gəlir”. “Yaxşı, bəs ağlına vurmursan ki, mənim kimi gözəl-göyçək qız aləmin gözünü çıxardıb sənin qarazırtı, pəzəvəng, yekəburun dayına niyə getdi? Axı neçə-neçə cavan, gözəgəlimli, oxumuş oğlanlar dərdimdən divanə idi. Evimizdən elçilər əskik olmurdu, mənə yazılan məktubları yığıb saxlamaq üçün yekə bir arxiv lazımdı. Ancaq qəfilcə sənin heç hərf tanımayan dayın peyda olur, mən də ona qoşulub qaçıram. Nöşün, balam?” – Xatirə susub cavab gözlədi. Çiyinlərimi çəkdim. “Mən nə bilim. Dayımı yerə vurma, kişi elə kələkötür olsa yaxşıdı, onun da dərdindən ölən qızlar az deyildi”. Xatirə güldü. “Kiri ə, kiri, dayın ölüb gedib haqq dünyasındadı, haqqüçünə danış, dayın kimi kifir kişi cəmi Azərbaycanda yoxdu. Kələkötür, kələkötür, day bu boyda yox də!.. Burnunun ağırlığından başını qaldıra bilmirdi rəhmətlik. Özü də məndən on yaş böyük idi”. “Yaşın məsələyə nə dəxli?” “Kiri, kiri, tərəfsaxlayana bax!.. Xalanın acığına qoşulub qaçdım dayına!.. Dayın məndən ötrü hayıl-mayıl idi, xalansa əlimdən zəncir çeynəyirdi, mədələni eşidəndə qulaqlarını tuturdu, neçə yerdə neçə kərə demişdi ki, qardaşım Xatirəni alsa özümü yandıracam. Fikirləşdim ki, girəvə mənimdi, qoy yandırsın özünü köpəkqızı! Yandırmadı... Evlənməyimizə razı olmadığını başqa cürə yozdu. Day aləmə car çəkə bilməzdi ki, oynaşımın ölümündə Xatirə günahkardı. Yalansa onu görüm iki gözündən olsun. “Xatirənin ayağı ağırdı, qardaşımın başını yeyəcək, - dedi orda-burda. – Yazıq qardaşım özünü bədbəxt elədi. Əslində Gülnisədən neçə il qabaq xalan demişdi bu sözü: “Başyeyən”. Amma xalanın dediyi dilə-ağıza düşməmişdi, ip salan olmamışdı sözün başına ki, bacıdı, qardaşının halına yanır, bəlkə özünün gözaltısı varmış... Xalan hikkəsindən doğma qardaşının toyuna gəlmədi, toydan sonra bizə, yəni babangilə də ayaq basmadı. Mənimsə xöşbəxt günlərim başladı, gündə neçə kərə ürəyimdə: “ Yan, çartla”, - deyib xalanı yamanlayırdım, mənə görə atası evinə də gələ bilmirdi, ata ocağına həsrət qalmışdı.

... Sənin o ifritə xalanın ağzına itin poxu, o qədər qarğış elədi ki, cəmi üçcə il yaşadıq dayınla. Dayın həyətdə yer belləyəndə dincini almaq istəyib, beli kənara qoyub, ağacın kölgəsində oturub, kürəyini ağacın gövdəsinə söykəyib, ayaqlarını uzadıb... Bir də ayağa durmayıb... Canı da yorğunluğu ilə bir yerdə çıxıb. Rəhmətlik top kimi idi, heç vədə heç yerindən şikayətlənməzdi, dava-dərman nədi bilməzdi. Sonralar ikinci ərimin yanına şəhərdən dostu gəlmişdi, şəhərdən gələn böyük adamdı, tanınmış həkimdi, sözarası dayının ölümünü özgə adam adıyla danışdım ona. Guya, bizim uzaq qohumumuz, uşaqlıqdan dava-dərman görməyən cavan, sapsağlam adam durduğu yerdə ölmüşdü. Həkim dedi ki, təbabətdə olur belə şeylər. Özü də qəfil, gözlənilmədən ölənlərin yaş həddi iyirmi ilə qırx arasındadı. Belə ölümlərin səbəbi hələ dəqiq araşdırılmayıb. Ən çox Afrikada, Latın Amerilasında tamamilə sağlam adamların qəfil ölüm halları baş verir. Səbəbi elm üçün də qaranlıqdı, sirri-xudadı. Demə, yazıq dayının ölümünün kökləri Afrikaya, Latın Amerikasına gedib çıxırmış. Özüm xəbərsiz ola-ola camaatı necə qandıra bilədim?

Hə, zurna-balabanlı söz-söhbətlər başladı. Qeybətçillərin başçısı sənin xalan idi. Yasa-masa da gəlmədi, qardaşının ölümünə sevinirdi ki, dedikləri düz çıxıb, mən sənin dayının “başını yeyib” dul qalmışam. Təki dayın balıqçı olub dənizdə-Kürdə boğulaydı, lap Fərhad kimi çöldə-bayırda ilan çalaydı onu. Dilim uzun, deməyə də sözüm olardı. Cavan adam durduğu yerdə - daha doğrusu, oturduğu yerdə - niyə ölsün axı? Deyəsən, deyilənlər düzdü axı, deyəsən, mərhumun arvadı həqiqətən bədnəfs, başyeyəndi axı? Xalanın qeybətinə uyub belə düşünənlər az deyildi. Amma sənin o Qonçə nənənə Allah qəni-qəni rəhmət eləsin. Biz onunla gəlin qayınana yox, əsl ana-bala olmuşduq, sirrimiz-sözümüz bir idi. Rəhmətlik nənən mənə görə, orda-burda mənim haqqımda hərzə-hədyan danışdığına görə öz doğmaca qızını, sənin o ifritə xalanı danışdırmırdı...

...Bu arada qardaşım yoxa çıxdı. Aləm dəydi bir-birinə. Axtarılmayan yer qalmadı. Kolxoz sədrinin qızı qardaşımın divanəsiydi. Sədr özü neçə yerə zəng vurdu, neçə qapı döydü. Qardaşımdan soraq verən tapılmadı. Hərənin ağzından bir avaz gəlirdi, kimi deyirdi öldürüblər, kimi deyirdi gecə çöldə canavarlara tuş gəlib, kimi deyirdi Kürdə boğulub, su pərisinin ona vurulub özü ilə apardığını deyənlər də vardı. Sənin xalansa əməlli-başlı nağıl açmışdı, guya, mən gecələr iblislə danışıram, mən ruhumu iblisə satmışam, buna görə uşağa qalmıram, qardaşım duyuq düşüb məni şaqqalamaq istəyirmiş, ancaq bacarmayıb, mənim istəyimlə iblis qardaşımı çərtikəyə döndərib. Ay qəhbə, mən adamı çərtikəyə döndərə bilsəydim, day doğmaca qardaşımı nöşün, elə səni döndərərdim!.. Ay pambıq kolunun dibində fahişəlik eləyən şortu mənim ruhum iblisin nəyinə gərəkdi?! Deyirlər, şortu xalan hardansa iri bir çərtikə tapıb salıbmış bankaya, qeybət qırdıqca əşyayi-dəlil kimi göstərirmiş ki, guya, bankadakı çəyirtikə mənim qardaşımdı. Avam camaat soruşmurdu ki, yaxşı, Xatirə qardaşını çərtikəyə döndəribsə, həmin çərtikə sənin əlinə hardan düşüb? Yəni, bu çərtikə həqiqətən həmin o qaraqaş, qaragöz, yaraşıqlı oğlandı? Axı Xatirə dədəsi evində qardaşı ilə yox, rəhmətlik ərinin evində qaynanası Qönçə arvadla yaşayır, qardaşını ildə-əyyamda bir kərə görür, axı bədbəxt Xatirə ərinin ölümünə, üstəlik qardaşının yoxluğuna qan ağlayır. Həmişəki kimi xalanın züytutanı, “bacılığı” Gülnisə də yanında idi, - Xatirə nəfəsini dərdi, mən dirsəklərimi masaya dayayıb gözlərimi, alnımı ovuşdurdum, xalamı neçə kərə söydüyünə görə yenə acıqlanıb iki gilə üzüm atdım ağzıma. – İki-üç il ötdü, Qönçə nənən rəhmətə getdi. Day mən qaynanamgildə yaşaya bilməzdim, dədəm evinə qayıdası oldum. Dədəm evi də suyu sovrulmuş dəyirmandı. Bir az özümə gələndən sonra çox axtardım qardaşımı. Şuraya bir eşşək yükü ərizə, şikayət məktubu yazdırdım, Moskvayacan yazdı Şura. Dəfələrlə rayona, ordan da kəndə komissiya gəldi. Ay balam, adam iynə deyil ki, durduğu yerdə yoxa çıxa. Elə öz kəndimizdəki voyenni qorodokda keçirmişdi əsgərliyini, ömründə rayon mərkəzindən kənara ayaq basmamışdı. Bu adam hara gedə bilərdi, düz-əməlli haranı tanıyırdı ki? Başına nəsə gəlmişdisə, araşdırılmalıydı, bəyəm Şura hökuməti yoxdu? Özü də o zamanada qanun-qayda vardı, Şuranın bir məktubunun dalınca beş adam gəlirdi, kənd nədi, az qala rayonda böyükdən-kiçiyə bircə nəfər qalmamışdı ki, sorğu-suala tutmayalar. Neçə kərə evimizi də axtardılar ki, bəlkə kağızdan-kuğuzdan yazıb qoya, kələfin ucu açıla. Bir nəticə hasil olmadı, nəinki qardaşımı tapmadılar, axırıncı dəfə onu kimin gördüyünü də ortaya çıxara bilmədilər. Ağzıma qara daş, elə bil bu adam, binadan bu kənddə doğulmayıbmış, belə adam yerli-dibli yoxmuş. Bəlkə nə isə bilənlər də deməyə çəkinirdilər. Ağrımaz başlarına dəsmal niyə bağlasınlar? Bəlkə doğrudan-doğruya heç kim heç nə bilmirdi, görənlər də yaddan çıxarmışdı. Kənd adamlarının günləri bir-birinə elə bənzəyir ki, kimdənsə umub- küsmək, şübhələnmək mənasızdı. Həmişə gözünün önündə olan adam qeyri-adi bir hərəkət eləməlidi ki, yaddaşlardan uzun müddət silinməsin. Hardan bilsinlər ki, bu gün rastlaşdıqları adam sabah yoxa çıxacaq? Həm də üstündən üç ildən çox keçmişdi, çox şeylər yaddan çıxmışdı, unudulmuşdu. Belə baxanda heç kəsi qınamaq olmaz, hərənin başı öz gün-güzaranına qarışıb, camaat bu gün yediyini sabah xatırlaya bilmir. Nə deyim, vallah! Gecə-gündüz fal açırdım. Sağ-salamat olduğu görsənsə də ürəyimi şəkk-şübhə didirdi. Başı əldə olsaydı məni tək qoymazdı, bilirdi ki, ərim rəhmətə gedib. Bizim bir-birimizdən savayı kimimiz vardı axı? Uzaq yerə getsəydi əvvəlcə mənimlə halallaşmalı idi. Beləcə düşünə-düşünə mən Şuraya ərizə yazdırmaqdan, yuxarıdakılar da bu işdən ötrü göstəriş verməkdən usanıb olub-olacaqlarla barışdılar. Neyləyə bilərdim, görünür qismət beləymiş, yazıya pozu yoxdu...

...Soyuq, çovğunlu-boranlı qış gəlib qapını kəsdi. O ilin qışı küləyi, qarı, şaxtası ilə bahəm, həm də Kürün donması ilə yadımda qalıb. Yəqin sənin də xatirindədi, - ay Allah, Kürün donması mənim qətiyyən yadıma gəlmir, rəhmətlik babam deyərdi ki, Kür 1924-cü ildə, Lenin ölən il donub, o da bizim yaşımızdan çox qabaqkı müddətdi, bəs Xatirə nələr danışır, necə yəni Kür dondu, necə yəni sənin də yadına gələr? Söhbəti yersiz mübahisə ilə uzatmamaqdan ötrü cınqırımı çıxarmadım, görək dalısınca nələr gəlir, hər halda, Xatirənin nağılı gop da olsa maraqlı idi. – O qış camaat Kürün üstü ilə o tay-bu taya keçirdi, təkcə adamların yox, dördatlı arabanın buzun üstü il keçməyini öz gözümlə görmüşdüm. Cavanlar buzu deşib suya qarmaq sallayırdılar, xeyli balıq tuturdular. O qış camaatı aclıqdan Kürün qarmaqla tutulan irili-xırdalı balığı; çəkisi, sıfı, porusu qurtardı, çünki şaxta gücləndikcə çörək qıtlaşırdı.

Evimizdə divarboyu iri soba vardı, sobanı yandırmağa etiyac olmazdı, adətən aran yerlərində qış mülayim keçir. O qışsa sobasız ötüşmək gözgörəsi donmaqdı. Yaxşı ki, yaydan ağlım işləmişdi, ürəyimə nə dammışdısa, odun-modun tədarükü görmüşdüm. Təkcə sobaya əl gəzdirib qalamaq qalırdı. Bizim evdəki sobanı görmüsən də, daşdan məxsusi hörülüb, ipiridi, kəndimizdə eləsi yoxdu. Rus kəndlərindən bəhs eləyən kinolarda-zadda görmüşəm bizim sobaya oxşarını. Nə isə, sobanın altını çəkib silkələyəndə döşəməyə dəmir düşdü. Tapançaya bənzəyirdi. Barmağımı dişlədim, ayə, bu iqruşkanı bura kim soxub, nə səbəbə soxub? Tapançanı yerdən götürüb ora-burasına baxdım. Gözlərim doldu, deyəsən, yazıq qardaşımın ürəyindən evlənmək keçirmiş. Gorəsən gözaltısı kim imiş? Gələcək övladına iqruşka-zad da alıb gizlədibmiş. Yəqin istəmirmiş ki, kiminsə gözünə sataşa, fikrindən duyuq düşən ola. Yaman qaradinməzdi rəh... əstəğfürullah... Can, ay qardaş, görəsən indi haralardasan? Harda olursan ol, quruca nəfəsin gedib gəlsin, mənim bəsimdi...

Belə düşünə-düşünə tapançanı sığalladım, elə bilirdim qardaşımın saçlarını qarışdırıram. Kövrəlmişdim, bir an keçsəydi ağlayacaqdım, amma həmin an gəlmədi, qəfil atəş açıldı, dik atıldım, tapança əlimdən düşdü. Nə iqruşka, ayə, bu ki, lap doğurçu tapançaymış! Gülləsi divarı oymuşdu. Şükür ki, qış idi, bayır-bacada kimsə yoxdu, yay olsaydı güllə səsinə evimizə doluşmamış kənd əhli qalmayacaqdı. Bir də şükür ki, evimizi axtaranların əlinə keçməmişdi tapança. Sonra gəl poqonlulara cavab ver! Tapaçanı elə yerdə gzlətmək lazım idi ki, heç fələk də tpa bilməsn. Kimindi, sobanın içinə kim qoyub, gec-tez bilinəcək.

Əyilib tapançanı yerdən götürmək istəyəndə gözümün önündə nə isə işıldadı. Bu, o vaxt dədəmin mənə göstərdiyi qızıl suyuna çəkilmiş balaca sandıqça idi. Tapançanı yox, sandıqçanı qaldırdı döşəmədən. Kip qapanmış ağzını açıb zərfcikləri çıxartdım. Heç vədə belə balaca, səliqəli zərfciklər görməmişəm. Elə indinin özündə də... Sanki məxsusi saç saxlamaqdan ötrüydü, məktub-zad sığışmazdı belə zərfə. Biri də olsaydı öz saçımdan bir neçə tel qayçılayıb qoyardım sandıqçaya. Amma artıq zərf yox idi, hələ desən, əskikdi də... Zərfciyin biri yox idi sandıqçada. İçərisində parıldayan qızılı saç olan, mənə fala baxmağı öyrədən rəfiqəmin telləri qoyulan zərfcik gözümə dəymirdi. Süpürgə, nəm dəsmal gətirib sobanın içini ehmalca silib süpürdüm. Zərfciyi tapmadım. Sandıqçanın ağzı kip bağlanmasaydı deyərdim harasa düşüb. Bir anlığa tapança-mapança yadımdan çıxdı, karıxıb döşəməyə sərilmiş xalçanın üstündə oturdum. Fikir məni apardı. Sobanın yanında süpürgə, döşəməsilən divara söykənəli qalmışdı, tapança da bayaq əlimdən düşdüyü yerdəydi. Mən bir az aralıda bardaş qurub sobaya baxırdım, süpürgəyə baxırdım, döşəməsilənə baxırdım, tapançaya baxırdım, əlimdəki sandıqçaya baxırdım, guya, baxdıqca üçüncü zərfciyi tapacaqdım. Əslində ətrafda gözümə dəyənlərə baxsam da heç nə gömürdüm. Xəyalım uzaqlarda idi, hardaydı dəqiq bilmirdim, başımda əcaib-qəraib səslər, əks-sədalar, pıçıltılar, qəhqəhələr bir-birinə qarışmışdı, lapdan mənə elə gəldi ki, yan-yörəm gözəgörünməz məxluqatla doludu. Üşəndim, tüklərim biz-biz oldu. Tapançanı yerdən götürdüm, qrxa-qorxa, həm də, dəli kimi dörd yanıma göz gəzdirdim ki, məxluqat görünsə, atəş açım. O qış günü evimizdə tək-tənha qorxudan, həyəcandan əsməcəyə düşəndə - əlimdəki tapançanın vahiməsi də bir yandan – bircə şeyi anladım; mən bu evdə tək yaşaya bilməyəcəm. O qış günü mənim ikinci kərə ərə getməyimə təkan oldu, o gün mən özüm-özümü ərə verdim”. “Heç inanmağım gəlmir sənin kimdənsə, nədənsə qorxmağına. Ərə getməyə bəhanə axtarırmışsan. İstədiyin yar idi, yetirdi pərvərdigar”. “Yox, adam haqqüçünə danışar, imamçün ağlayanda, yezidi də düşünmək gərəkdi. Elə bilirsən Xatirə anasının qarnında möhkəmlənib? Qara günlər daşa döndərib ürəyimi. İstəsəm olub-keçənləri söyləmərəm sənə. Üzündən görürəm: “Mənə nə dəxli?” – fikirləşirsən. Amma dəxli var. Lağa qoymağına bax bir! Yox, bu kişiləşib, xalasının qiryətin çəkir. Sənə inanmıram, sənə inanmıram... Belə, gözüm aydın! Xalanın qiryətin sən küçədə-bacada trusiklə qaçanda çəkmək lazım idi. İndi sənin xalan kimə gərəkdi? Guya, mən eşşək-zadam, sir-sifətini turşutmağından qanmıram ki, kişilik damarın cuşa gəlib. İstəyirsən deyim ki, xalan aydan arı, sudan durudu. Yox, bağışla, deyə bilməyəcəm. Əvəzində bir də ərz eləyə bilərəm ki, deyirlər – tək mən yox a, el-oba, camaat deyir – sənin xalan qızı Fəridə mənim keçmiş qaynatam Fərhadın qızıdı. Fəridə mənim baldızımdı, - Xatirə qımışdı. – Belə ki, sən Fəridəni alsan, baldızımın əri olacaqsan, ikibaşlı qohum düşəcəyik. Burda nə var ki? Özümdən çıxartma məni, mənim sözlərimə şübhə eləyincə, get xalan qızına yaxşı-yaxşı bax. Gör o qız dədəsinə zərrəcə oxşayır, ya yox? İnan Allaha, o qış günü evimizdə tək-tənha üşənməsəydim, neçə kərə üstümə falçı Xeyransanı elçi göndərən voyenni kişiyə getməyə razılıq verməyəcəkdim. Getdim. Təklik, tənhalıq qorxusundan getdim. Xalan hər yanda zurna çaldı ki, bəs Xatirə kişisiz dura bilmir. Ay yalansa dilin qurusun, cavan gəlin idim, nə səbəbə yola vermədin məni? Gəlin saxlayan idin, niyə qoyurdun dədəm evinə dönüm? Mən küçədə qalmamışdım axı, sənin kimi kəbiniz-filansız kol dibində hər yetənin altına yıxılmamışdım axı...

“Voyenni” əməlli-başlı kəbin kəsdirdi mənə. Yüngülvari şadyanalıq düzəltdik. Voyenni qorodokdan gələnlər vardı, amma prokuror Şuradan başqa kənddən heç kəs təşrif buyurmamışdı. Nə özümüz çağırmışdıq – utanırdım kənddəkilərdən, kimi inandırasan ki, mən kefdən yox, xofdan ərə gedirəm – nə də gələn olmuşdu. Ancaq rəhmətlik “voyenni” yaxşı adam idi. Təyyarəçi idi, Türkmənistanda doğulmuşdu, qabaqlar arvadı olmamışdı. Yadındadı da, bizim kəndin kənarında səliqəli “voyenni qorodok” vardı, təyyarə meydanı vardı, balaca təyyarələr, vertolyotlar vardı. Voyenni qorodoka görə kəndimiz böyüyüb-böyüyüb rayon mərkəzinə bitişmişdi. Kəndimizdə rusların sayı artmışdı, rus qəbiristanlığı az qala müsəlman məzarlığı yekəlikdə olmuşdu. Birmərtəbəli “Fin” evləri vardı, voyennilər ailələri ilə o evlərdə qalırdılar. Təkcə ərim rəhbərlikdən icazə almışdı “voyenni qorodok”dan kənarda yaşamağa. Bizim evdə, mənim yanımda qalırdı. Onun sayəsində kənddə beş-üç evdə telefon olan vədələr, bizim evə də telefon çəkdilər ki, lazım gələndə onu təcili qorodoka çağıra bilsinlər. Bir də görürdün gecəyarısı zəng vurdular – tez gəl! Yazıq tələsdiyindən bilmirdi neyləsin. Az qalırdı şalvarını kəndin ortasında əyninə keçirə, qaça-qaça, qaranəfəs özünü qərərgaha yetirirdi. Nə gizlədim, narazı deyildim. Hərdənbir qorodokun mağazalarına yolum düşəndə qürrələnirdim. Satıcı arvadlar məni tanıyırdılar, hörmət eləyirdilər. Bir-birlərinə: “Jena kapitana Raxmanova”, - deyib məni göstərirdilər. Sevinirdim ki, ərim belə intizamlı yerdə işləyir. Əslində gecəyarısı evimizə zəng vurub onu çağıranda, o yazıq da paltarları əlində yeriyə-qaça geyinəndə mənə ləzzət verirdi, yarıyuxulu onun arxasınca baxıb gülümsünürdüm ki, ərim adi adam deyil, gecənin bu vaxtında böyüklərdən kiməsə lazımdı. Hayıf ki, Şura hökuməti dağılandan sonra voyenni qorodok dağıldı. Kənddə kimin nəyə gücü çatırdısa, oğurluq-doğurluq qorodokdan daşıyıb apardı. Bir il ötdü, Bakıdan bir başbilən gəldi ki, ay camaat, qorodoku qoruyun, indi orda öz voyennilərimiz çalışacaq. Klubda idi həmin başbilənlə görüş. Afişa-zad da vurmuşdlar klubun qabağına: Əhalinin hərbi hazırlığı və hərbi maarifləndirilməsi” – Məruzəçi polkovnik A.A.Axundov. Camaat gülüşdü, Bakıdan gələn əvvəlcə heç nə anlamadı. Ancaq gedib, lələ köçüb yurdu qalan voyenni qorodoku görəndə özü də gülümsəmişdi, sonra da başlamışdı ağlamağa. Anlamamışdılar doğrudan-doğruya ağlayır, ya keflənib. Çünki qorodoka getməmişdən kolxoz sədrinin evində möhkəm içibmiş. Ağlaya-ağlaya əlini sinəsinə vurub: “Burdakı qüvvələr qalsaydı, mən tək düşmənin qabağına çıxıb darmadağın eləyərdim, - deyibmiş, - buralarda keçirilən qabaqkı hərbi təlimlərin yeri-göyü lərzəyə salan səsilə düşmənin anasını ağlatmaq olardı. Axı biz Koroğlunun, Babəkin, Xətainin, Nəbinin nəvələriyik”. İkinci ərim də hərbi təlimin qurbanı olmuşdu, hərbi məşq zamanı vertolyot qəzaya uğramışdı, bədbəxti yarımcan xəstəxanaya gətirmişdilər. “Xatirə, mən səni tək qoymaq istəmirəm”, -deyib keçinmişdi. Elə bilmişdi başının üstündəki mənəm. Mən özümü yetirincə canını tapşırmışdı. O qarabaxt da duymuşdu ki, mən təklikdən, tənhalıqdan qorxuram.

Onu itirəndən sonra çox dəyişdim. Qorxu-morxu çıxdı çanımdan. İtirdiklərimi itirmişəm, - dedim özlüyümdə. – İndi nədən qorxacam? Ata yox, qardaş yox, bir yaxın yox. Quru canımdan ötrü niyə əsirəm axı? İtirdiklərim məndən əskik-zad deyildilər ki!” – Xatirə ağlamamaq üçün dodaqlarını gəmirdi. Mən qalxıb pəncərədən qaranlığa baxdım ki, o, rahatca göz yaşı töküb yüngülləşsin. Ağlamadı, qaraldı, bozardı, yağmadı, mən pəncərədən baxdığım müddətdə özünü tamam-kamal ələ alıb kart qarışdırırdı, beş-altı kartı yan-yana masanın üstünə düzüb əylənirdi. Mən yerimdə oturanda: “Belə-belə işlər... – dodaqaltı mızıldanıb gözlərini üzümə dikdi. – İstəyirsən sənin falına baxım?” Dinmədim. O, yenə kartı kənara qoydu. “Körpəliyindən səni çox istəyirəm, - dedi. – Heç olmasa bilərdik kimi alacaqsan”. “Yox, - dedim. – Evlənmək öz yerində... Bilirsən, mən tələbəlik çağlarımdan yuxuda tez-tez həyatda heç vaxt görmədiyim bir kişini görürdüm. Kişi röyada elə zəhmli olurdu ki, deyərdin Hitlerdi, Stalindi dirilib – bilmirəm yuxuda gördüyün adama “dirilib” demək nə dərəcədə düzgündü – bığı kimi qalın qaşları çatılanda elə röyadaca adamın zəhri yarılırdı, çünki yuxuda olduğunu, gördüyünün bir röya olduğunu anlamırdın. Neçə kərə o yuxudan qan-tər içində, hövlənak oyanmışam. Sonralar iş elə gətirdi ki, şəhərdə ev aldım, həmən yuxuda gördüyüm kişi – onu indi də yuxuda görəndə dəhşətə gəlirəm – evimin yanındakı pivəxanada pivə satır. Yaman gülərüz adamdı, dişləri həmişə işım-işım işıldayır”. Xatirə sözümü kəsdi: “Səni çildağa aparmaq lazımdı”. Səsimi qaldırdım: “Nə çildağbazlıqdı, yer üzündə təsadüfi heç nə yoxdu”. Xatirə dirsəyini masaya dayayıb əlini çənəsinin altına qoydu. “Ayə, qəliz danışma, adam kimi söylə görüm nə deyirsən”. “Yəni, sən Xatirə, mənim rəhmətlik dayımın arvadı, xalamın acığına dayıma ərə getmisən, sonra dul qalıb dədən evinə qayıtmısan, evinizdə təklikdən, tənhalıqdan qorxub ikinci kərə, özün dediyin kimi, “voyenni”yə getmisən. İkinci ərin qəzaya düşüb dünyasını dəyişəndən sonra əvvəlki qorxu-morxu gedib işinə. Elədi? Bayaq özün dedin axı. Elədi, elə deyil?” Xatirə təsdiqlədi: “Elədi, ayə, elədi e, sözünün canını de”. “Bayaqdan xalama qəhbə deyirsən, fahişə deyirsən, eybi yox, öz işindi, nə istəyirsən de. Dediklərin həqiqətdisə, mən sənə tərəfəm. Xalam indiyəcən orda-burda deyir ki, Xatirə kişisiz dura bilmir. Gəl düzünü danışaq, onun da dediklərində - lap belə qeybət olsun – həqiqət var axı. Sən üçüncü kərə ərə niyə getdin? Öz işindi e, özün bilərsən, hərənin öz taleyi var. Amma “voyenni” ilə mehriban həyatdan sonra Gülnisənin oğluna getmək... Onda ki, təklikdən qorxmurdun. Bilirəm, deyəcəksən ki, Gülnisənin acığına onun oğluna getmişəm, özü də oğlan məndən dörd yaş kiçik idi, ağzından süd iyi gəlirdi. Sən deyəndisə, gərək kənddə bir nəfər də dul arvad qalmaya, hərə gündə bir ər dəyişə”.

Xatirə güldü. Bu dəfə hay-haraysız, xəfifcə... “Ayə, qırışmal, sən xalanı nə çox istəyirmişsən, hə? Amma dəxli yoxdu, min yol karta baxmışam, sən Fəridəni almayacaqsan. Bu belə... O ki, qaldı Gülnisənin oğluna ərə getməyimə, sən dediyin də var; Gülnisənin acığına getmişdim ona, daha doğrusu, o, gəlib mənim evimə girmişdi, - Xatirə azca ara verdi. – Allah günahımdan keçsin, o, ölüb gedib haqq dünyasındadı, day sirr saxlamağın mənası yoxdu. Həm də, sənə hər sözü danışmaq olar. Bir gün burdasan , bir il şəhərdə. İstəsən də xəbərçilik eləyə bilməzsən.

O vaxt Mehdixan nişanlı idi, bu gün-sabah toyu olacaqdı. Gülnisənin dediyinə baxma, oğlunun ağzından süd iyi-zad gəlmirdi, onun tayları çoxdan oğul-uşaq sahibi idilər. İnsafən, boy-buxunlu, qədd-qamətli, yaraşıqlı idi, Gülnisə kimi yekəburun deyildi, anasından çox dədəsi Fərhada oxşamışdı. O yay günlərinin – larp düzünəsi, gecələrinin – birində Mehdixan qapımı döydü. “Ay Xatirə, gərək mənim dərdimə əlac eləyəsən”. Təəccübdən gözlərim çıxdı kəlləmə. “Ayə, ay Mehdixan, anan neçə illərdi mənnən düşmənçlik eləyir, qorxmursan mənim yanıma gəlməyə?” Qayıdasan ki, anam qələt eləyir, yeddi arxa dönəniynən, dərdimə çarə elə, yoxsa özümü öldürəcəm. Anasının qarasınca söylənməyi mənə ləzzət verdi: “Keç əyləş, - dedim. – Nə dərdin var de, fal-mal söhbətini yadından çıxart. Bir dəfə anan gəlib yıxıldı ayağıma ki, sən mənim qızımsan, nə bilim, balamsan, ərimə cadu elə, yığışıb otursun evində, özgə arvadlarının dalınca əsir-yesir olmasın. Mən də sənin ananın şirin dilinə aldanıb bacardığımı elədim, - day Mehdixana: “cadudan başı çıxanın cadusu belindən vursun”, - deyib özümü biabır eləyə bilməzdim ki! Bir vaxtlar Gülnisə, ardınca onun oğlu Mehdixan elə-belə ayağıma gəlmirdi, onlar məndə hansısa Allah-tanrı qüvvəsi olduğunu güman edib kömək diləyirdilər, yalvarıb yaxarırdılar, adam yalnız çıxılmaz vəziyyətə düşəndə düşmən qapısına gedər – səhəri dədən Fərhadı ilan çaldı, anan məni el içində rüsvayi-cahan elədi. İndi, ay Mehdixan, sən Allah qoyunsakir yaşayım, balama dəyməyin, balanızı istəmirəm”. Belə deyə-deyə, əslində qiymətimi artırırdım. İstəyirdim Mehdixan da bir vədələr anası elədiyi kimi yalvar-yaxara başlasın. Mehdixansa sözünü kəsə dedi, yəqin hər şeyi əzəldən qət eləmişdi, day geriyə yolu yox idi: “Mənim işim faldan keçib, ay Xatirə, gərək biz evlənək”. Qulaqlarıma inanmadım, dilim topuq çaldı: “Nə?! Nə...ə... deyir...sən, ay Mehdixan?” Kirpiklərini də qırpmadan soyuq-soyuq təkrarladı: “Başqa çarə yoxdu, gərək biz evlənək!” Elə bil məni Fərhaddan betər ilan vurdu, qışqırardım, qonum-qonşudan çəkindim. Hərə bir zurna çalacaqdı ki, gecə gözü Xatirınin evindən yad kişi çıxır. Özü də nişanlı adam... Hirsimi boğub sakitcə, amma hikkə ilə dedim: “Dur bas bayıra, küçük! Elçiliyə gələnə bax! Sən mənim ərimin filan-filan şeyi də ola bilməzsən”, - boynuma alım ki, o dəm gözümün qabağına sənin dayın yox, ikinci ərim, “voyenni” gəldi. Qalxıb, Mehdixanın qolundan yapışıb bayıra atmaq xəyalına düşdüm, hirs-hikkəmdən unutmuşdum ki, önümdəki güclü-qüvvətli kişidi. Mehdixan ayaqlarıma yıxılıb dizlərimi qucaqladı. “Qurban olum sənə, Xatirə, anlamadın məni, səbirini bas, sözümü dinlə, sonra qov məni, gedib özümü öldürüm, - zar-zar ağlamağa başladı. – Səni and verirəm Allaha, sirrimi heç kəsə açma, mən özümü öldürsəm də qoy camaat heç nə bilməsin. Anam sənə düşmən kəsilib, bilirəm. Belə baxanda, mən də sənə düşmən görünürəm. Ancaq düşmən də adama pənah gətirəndə qapını bağlamazlar. Mən dostlarıma, anama aça bilmədiyim sirri sənə açıram. İki həftədən sonra toyumdu. O toydan sonra mən gərək el içinə çıxmayım. Çox fikirləşmişəm, Xatirə. Bircə sən əlac eləyə bilərsən. Günü sabah evlənib burda, bu damın altında yaşayaq. Bilirəm, hamı məni qınayacaq, amma heç bir qınaq, töhmət toydan sonrakı zırıltıyla müqayisə olnunmaz, ölçüyə gəlməz. Baş-başa verib dolanaq. Qurban olum sənə, Xatirə, ya sən mənə kömək eləməlisən, ya da mən özümü öldürüb canımı qurtarmalıyam. Sənin bu evin mənim üçün qala ola bilər, heç kəs – anam qohumlarım – bura gəlməyə cəsarət eləməz. Yalvarıram, Xatirə, imkan ver, qoy bu toy məsələsi pozulsun, sonra ayrılarıq”.

Fikirləşdim ki, razılaşmasam, Mehdixan yəqin elə bu gecə özünü də məni də öldürəcək. İslanmışın yağışdan nə qorxusu. Çünki məndən beli bağlı deyildi, sabah ağzıyırtıqlıq eləyə bilərdim. Zərrəcə qorxmadım, fikirdi də gəldi ağlıma. Mehdixan toyqabağı özünü öldürsəydi, Gülniəyə ömürlük dağ çəkilərdi. Gözünün ağı-qarası bircə oğlunu itirərdi. Gülnisə kimsəsiz qalardı, yetim qalardı. Amma göydə Allah var axı, mənim də ayağıma yekə bir günah yazılardı. Cəhənnəmlik günah! Mehdixana “hə” desəydim də Gülnisənin oğlu əlindən çıxırdı, beli qırılırdı. Ərini öldürən – Gülnisənin zənninə görə - ən böyük düşməni gəlib otururdu ocağının başında, lap dəqiqi, yeganə oğlunu çəkirdi ocağının başına. Birincidə də, ikincidə də Gülnisəyə elə zərbə dəyirdi ki, bir də çətin özünə gələydi. İntəhası, birinci günahlı, ikinci savablı yoldu. Həlbət ki, mən savablı yolu seçdim; Mehdixana ərə getdim, o, köçüb mənim yanımda yaşamağa başladı, bütün kənd bir-birinə dəydi...

Gülnisə bizə gəlməyə cürət eləməsə də oğluna xəbər göndərdi ki, ağlını başına yığıb evələrinə qayıtsın, üzü üzlər görmüşdən ona arvad olmaz, gül kimi nişanlısı hələ də onun yolunu gözləyir. Elə bu məqamdaca Mehdixan anasına mənim gözlədiyim zərbəni vurdu: “Mənim anam yoxdu, - dedi. – Xatirə mənim həm anamdı, həm də arvadım. Mən Xatirəni yeddi qıza dəyişmərəm”, - xəbər gətirənlərin əli ağzında qaldı. Mən qonşu otaqda girlənirdim, özümü elə aparırdım ki, guya, çay hazırlayıram gələnlərə, heç nə eşitmədim.

Mehdixanın nişanlısı nişanı qaytarıb qonşu kənddən birinə gedəndən sonra Mehdixan mənə: “İstəyirsən ayrılaq, - dedi. – Ancaq ayrılsaq Gülnisə mənə aman verməyəcək. Qorxuram yenə hansısa bədbəxtin qızını tapıb mənə ilişdirə”. “Nə qədər kefindi burda yaşa, - dedim. – Sən mənə mane olmursan”.

Tanrıya qurban olum, iş elə gətirdi ki, Gülnisə ikinci kərə ayağıma gəldi. “Olub keçənlərə görə məni bağışla, yazıya pozu yoxdu, qismətdən qaçmaq olmaz. Görünür, oğlumun qismətində varmışsan. Hayıf ki, uşağın olmur, - fikir verirsən, Gülnisə başımı sığallaya-sığallaya sonsuzluğumu yadıma salıb sinəmə dağ çəkirdi. – Gəl unudaq pislikləri, bala. Əslində, biz bir-birimizə pislik də eləməmişik. İrağ olsun... Hər yerdə: “Xatirə mənim balamdı”, - demişəm. Adi söz-sov, umu-küsü hansı evdə olmur, ay qızım? Biz səninlə ana-bala sayılırıq. Kin saxlamaq ana-balaya yaraşmaz. Sən razı olmazsan axı, ana gözünün ağı-qarası bircə oğlunun üzünü ayda-ildə bir kərə təsadüfdən-təsadüfə, uzaqdan-uzağa görsün. Oğlum səni alıb? Əcəb eləyib, qismətidi, qoşa qarıyasınız. Məni oğluma tamarzı eləsən Allaha xoş getməz, qızım. Qoy hərdənbir gəlim sizə, qaynayıb qarışaq. Su qaba girdi, oldu içməli. Bir də gördün arabir kəlləmi yerə atıb gecəni də yatdım burda”. Ağlayıb sısqasa da Gülnisəyə etibar yoxdu, əvvəlcə dedim qovum getsin, qorxurdum girəvə tapıb gizlicə zəhər-məhər qatar xörəyimə. Sonra qorxaqlığıma gülməyim gəldi, qoy Gülnisə çəkinsin ki, mən onu zəhərləyərəm. Nolar, ürəyi istəyir, qoy gəlib öz gözləri ilə görsün ki, Mehdixanla necə mehriban dolanırıq, tamam bağrı çatlasın. Razılaşdım, Mehdixansa anasının bizə ayaq açmasından narazı idi”. “Heç nə başa düşmürəm, - çiyinlərimi çəkdim. – Dərdini doğma anasına niyə demirdi axı?” “Özümüzük, yaman key adamsan, - Xatirənin dodaqları qaçdı. – Gülnisə bildiyi sirri ertəsi televizordan eşitmək olar”. “Öz oğlunun ayıbını da aləmə yaymayacaqdı ki”. “Adamın ağzı yırtıq olanda yaxın-yad bilmir. Ağzıyırtıqlıq da xəstəlikdi, ay qırışmal. Bəlkə də Gülnisəni evimə qoymasaydım, Mehdixan özünə qəsd eləməzdi”. “Kin deyir ki, Mehdixan özünə qəsd eləyib?” “Mən! Soyuqdəymədən ölməyib o. Həmin gecə Gülnisə də bizdə qalmışdı, onun gözünün qabağında bankaladım Mehdixanı, bankaladıqca yanan nöyütlü pambığın alovunda gözaltı qaynanama baxırdım, yaman qocalmışdı, sir-sifəti qırış-qırış idi, elə bil qədim qəbirüstü yazıdı, gözlərindən kədər, yazıqlıq yağırdı, sakitcə, sözəbaxan uşaq kimi üstünə nazik döşəkçə qoyulmuş kətildə oturub oğlunun açıq kürəyinə, mənə qəribə bir maraqla baxırdı. O alovun işığında gözaltı Gülnisəyə baxdıqca özümü qınayırdım; gör illər boyu mən kimə düşmən gözü ilə baxmışam, bu ki, fağırın biri imiş. Ancaq elə o dəm Gülnisənin: “Bu uşağın başına Əzrayıl sığal çəkib”, - deməsi, ərinin düz yola qaytarmaq üçün evimizə ağayana gəlişi – minnətə də gəlsə o gəliş ağayana, amiranə idi – nəhayət, sənin xalanla haqqımda uydurduğu, hətta deyirdilər, qardaşımın çəkməçi köşkünündə yandırılmasında onların əli varmış, qardaşımın guya, çərtikəyə dönməsi, əstəğfürullah, mənim iblislə yatmağım barədə şayiələr, nə bilim, birdi, ikiydi məgər, yadıma düşdükcə ürəyimdə səssiz qəhqəhə çəkirdim; yan, çartla Gülnisə səni ocağımın başında ələbaxan, sözəbaxan pişiyə döndərmişəm. Ürəyimdəki qəhqəhə elə güclü idi ki, yəqin bütün çöhrəmə sevinc hopmuşdu, yanaqlarım allanmışdı, sevindiyimdən əllərim əsirdi, az qalmışdım yazıq Mehdixanın belini yandırım.

Mehdixan oxumuş olmasa da ayıq idi. Mənim evimə pənah gətirməyi bir tərəfdən anası ilə düşmən olduğuma, Gülnisənin evimə yaxınlaşmağa belə cürəti çatmayacağından ötrüydüsə, digər tərəfdən – burası illər ötdükcə ağlıma gəldi – kənddə hamı bilirdi ki, mənim uşağım olmur, Mehdixan bunu da əsas saymışdı, özlüyündə daş-tərəziyə qoymuşdu. Həm də mənim ağzıbütövlüyümü... Hay-küyümə baxma, mən sirr dağarcığıyam, boş sözləri danışıb gizliləri saxlayıram. Mehdixanın dədəsi Fərhad öləndə Gülnisə nə qədər hay-küy salsa da, mən heç yerdə boynuma almadım ki, Fərhada fal açmışam. Hərçənd Mehdixan evimə gəlib məndən kömək diləyəndə qızışıb ağzımdan qaçırtmışdım, o da mənim sözümə ip atmamışdı, çünki öz canının hayında idi, öz canı ilə əlləşirdi.

Mehdixan anasının mənim qapımı yalvar-yaxarla, pişim-pişimlə döyəcəyini, mənim də qapını onun üzünə açacağımı gözləmirdi. Bəlkə bundan ötrü özünü öldürdü? Bəlkə bezmişdi utana-utana, çəkinə-çəkinə yaşamaqdan? Axı cidanı çuvalda gizlətmək olmaz. O yerə ki, Gülnisə burnun uzatdı, hökmən iyləyə-iyləyə bürün sirlərdən agah olacaq. Mehdixan ağıllı idi, kimi-kimi anasını yaxşı tanıyırdı. Özünə qəsd gününü, daha doğrusu, qəsd gecəsini elə seçmişdi ki, heç kəs şübhələnməsin. Soyuq dəymişdi, gecə banka qoydular, yatdı, səhər durmadı. Həmin gecə Gülnisənin bankalamağına razı olmayıb demişdi ki, sən otur, məni Xatirə bankalayacaq. Özgə vaxtı belə qətiyyətli olmazdı, həya eləyərdi, həmin gecəsə son dəfə anasına göstərmək istəyirdi ki, bax, yaxşı-yaxşı bax, Xatirə mənim arvadımdı! O gecə Gülnisə birdəfəlik uduzduğunu anlayıb yazıq görkəm almışdı.

Düzü, ilk günlər: “Ölüm gözlə qaşın arasındadı”, - düşünürdüm. Dayın kimi sapsağlam adam gözümüzün qabağında soyuqdəyməsiz-filansız dünyasını dəyişmədi? Ölüm Allahın sirri... Amma Mehdixanın ölümündən beş-on gün sonra telefonhaqqın verməyə getmişdim, qayıdanda aptekçi Mürsəllə rastlaşdım. Dayanmışdı aptekin qabağında. Mürsəl ziyansız adamdı, bir kimsəyə pisliyi keçməyib. Salam verdi, ayaq saxlayıb hal-əhval tutdum. Dedi ki, ay Xatirə, yenə tək qaldın. Ərki vardı, yaşlı kişi idi, bir yerimiz ağrıyanda həkimdən qabaq onun üstünə cummuşuq həmişə, hərdən elə aptekdəcə çəkinmədən açıb ağrıyan yerimizi göstərmişik, heç vədə Mürsəlin kişi olduğu ağlımıza gəlməyib. Heç o da bizə, dəqiqədəbir yanını-başını tutub aptekə qaçan arvadlara kişi gözü ilə baxmayıb. Dedim: “Neyləyim, qismətim beləymiş”. Həqiqətən Mehdixanın ölümündən təsirlənmişdim. Neçə müddət yaşadıq, bircə kərə nalayiq hərəkətini görmədim, mənimlə danışanda – utanırdımı, çəkinirdimi – səsini də güclə eşidirdim. “Gərək aparıb yardıraydınız meyidi, - dedi Mürsəl, - öyrənəydiniz ölümün səbəbini”. “Nə mənası, geri qayıtmayacaqdı ki? Səbəb soyuqdəymədi, həmin gecə özüm bankalamışdım onu”. “Bilirəm, soyuqdəymə öz yerində, deyəsən, əsəbləri də naxələfdi, son zamanlar yuxusu-zadı da pozulmuşdu”. Qulaqlarıma inanmadım, mən biləni Mehdixan yuxysuzluqdan şiikayətlənmirdi, əksinə pişik kimiydi, harda uzandı o dəqiqə xorultusu aləmi götürürdü. “Onu sənə kim deyib?” – soruşdum. “Heç kim, - Mürsəl cavab verdi. – Rəhmətlik ölməmişdən üç-dörd gün qabaq məndən iki qutu yuxu dərmanı almışdı.

Ağlıma nə gəldisə evə qayıdan kimi axtarışa başladım. Mehdixanın paltarlarının cibinəcən – hələ rəhmətliyin pal-paltarı bizdəydi, Gülnisə aparmamışdı – axtardım. Yuxu dərmanı-filan tapmadım. Bəlalı canım, Gülnisə orda-burda adıma “başyeyən”, - deyirdi, qalırdım kəsilə-kəsilə, dinə bilməzdim axı, necə deyəydim ki, Mehdixan özünə qəsd eləyib? Ardınca ayrı sorğu-sual çıxa bilərdi. Mən isə Mehdixana söz vermişdim, mömin bəndə verdiyi sözün quludu”.

***

“Xalana tərəfkeşlik eləməsəydin, bunları danışmazdım. Eybi yox, Allah günahımdan keçsin, sən nə Gülnisəsən, nə Xeyransa, yekə kişisən, sirr saxlamağı bacarırsan yəqin. Baxma ki, öz aramızda sənə “qırışmal” deyirəm. Day qoltuğun qarpızlanmasın, gecdi, ağzıyırtıqlıq eləsən də heç kəs inanmaz... Deməli belə, Mehdixan məsələsinin sənə isti-soyuğu yoxdu. Keçək sənə dəxli olan mətləblərə...

O dəmlər ki, Şura hökumətinin yıxılhayıxıl dövrü başladı, camaatın başını qəzet, televizor elə qatdı ki, iş-güc, yemək-içmək yaddan çıxdı. Kolxoza-molxoza ayaq basan olmadı, əkilən pambıq çöldə mal-qaraya yem oldu. Yanvar qırğınından sonra camaatın fikri-zikri lap dəyişdi, deyərdin bu kənddə binadan əkib-becərən, çoldə-torpaqda işləyən olmayıb, hamı alimdi. Kişilər səhərdən axşamacan aptekin qabağına, çayxanaya yığışıb səhərdən-axşamacan höcətləşirdilər. Hətta falçı Xeyransa arvad hamamında zənənləri başına yığıb and-aman eləyirmiş ki, ölkəmizdə o qədər sərvət var, ona-buna paylaşdırmasaq, heç kəs əlini ağdan-qaraya vurmayacaq, amma elə firavan dolanacağıq ki, keçmiş şahların bizə paxıllığı tutacaq. Ölülərə başdaşını da qızıldan düzəldəcəklər. Kimsə söz atmışdı: “Zərgər Qulu qəbiristanlıqda daş qoymayacaq denən”. O yandan Qulunun arvadı çıxmışdı, bir mərəkə qopmuşdu gəl görəsən. Arada Xeyransanın özünə də bir-ikisini ilişdirmişdilər.

Qəribə işdi, adamlar işləməklə bahəm, yeməyi də yadırğamışdılar, çörəkçi Nisəxanım əlini “Quran”a basırdı ki, neçə gün bircə çörək də satmayıb, axırda bezara gəlib, ərizə yazıb, bir ay otpuskə çıxıb. Özgə vaxtı Nisəxanım çörək dükanını bağlayıb otpuskə çıxa bilərdi? Camaat aləmi dağıdardı, ondasa heç kəs bunun fərqinə varmayıb, guya, çörək dükanı, çörəkçi Nisəxanım yerli-dibli yoxmuş. Nisəxanım da əlacsız qalıb üst-üstə ötən illərin də otpusklərini götürüb. Yenə camaatın vecinə olmayıb. Nisəxanım and-aman eləməsəydi də bilirdik ki, rayon mərkəzindəki çörək zavodu işləmir. İşçilər ya əli qoynunda durublar, ya da aptekin önündəkilərdən, çayxanadakılardan çənələrinin altına salıb höcətləşirlər. Öz aramızdı, elə mən özüm də çörəyin dadını-tamını yaddan çıxarmışdım...

Camaatın çörəyi, çörəkçini unutduğu günlərdə kəndimizə qara maşın gəldi, uşaqlar maşının dalınca düşüb qaçdılar, qışqırışdılar, maşın dayanıb içərisindən qalstuklu, gombul kişi çıxandasa uşaqlar səslərini xırp kəsdilər. Bilmirəm nədəndi, bizim kəndin uşaqları tanımadıqları qalstuklu, panamalı kişilərdən qorxurlar. Kişi gah maşınla, gah piyada böyüyüb rayon mərkəzinə bitişən kəndimizin içində hərləndi, orda bir-iki kəlmə dedi, burda pıç-pıç... Gecəni də kənddə, sənin xalangildə qaldı. Səhər tezdənsə gəldiyi maşının izi-tozu da görünmürdü. Əvəzində sənin xalanın əri – gözüylə görən biqeyrət – qollarını çırmalayıb işə girişdi ki, mən filan partiyanın rayonumuzdakı nümayəndəsiyəm. Əvvəlcə işlər yaxşı gedirdi, xalanın əri klubda iki otaq icarəyə götürmüşdü, birini özünə kabinet eləmişdi, o birini gözləmə otağı. Klubun qabağına lövhə də vurulmuşdu: “Filan partiyanın filan rayon şöbəsi”. Camaata nağıl kimi gəlirdi, dünənəcən çöldə-bayırda işləyən kəndçimiz boynuna qalstuk taxır, kabinetində oturub şikayətçiləri qəbul eləyir, ev-ev gəzib partiyasına üzvlər yığır. Kabinetinə telefon da çəkdirmişdi, panamalı, qalstuklu, gombul, gödək kişi hərdənir yenə həmin qara maşınla kəndə gəirdi, amma day heç yana getmirdi, bircə xalangilə, ordan da olsa-olsa kluba, xalanın ərinin kabinetinə. Xalanın ərinə həsəd aparanlar, ona yaltaqlananlar günü-gündən artırdı, camaat şikayətə polisə, prokurora yox, onun yanına gedirdi. Ancaq bu uzun sürmədi, kəndə yeni-yeni maşınlarda, yeni-yeni qalstuklular gəldi, yeni-yeni partiyaların şöbələri yaradıldı kəndimizdə. Sənin dədən də bir partiyaya başçılıq eləyir, hərdənbir şəhərdən sizə də xarici maşınlar gəlir. Dədən molla Məmmədəli ilə razılaşıb, məscidin həyətindəki ikigözlü köhnə otaqları təmizlətdirib, təmir elətdirib, xalanın əri kimi özünə kabinet düzəltdirib, telefon çəkdirib kabinetinə, canım sənə desin, məscidin qabağına partiyanın lövhəsini də vurdurub. İndi kənddə ayrı-ayrı partiyaların şöbələri çoxdu, əvvəllər çöldə-bayırda işləyən, lapatka, bel, kətmən əllərini qabar eləyən, mal-qoyun otaran kəndçilərimiz boyunlarına qalstuk bağlayıb bir anda kabinet adamına, partiya işçisinə çevrildilər. Qabaqlar kolxoz sədrinin qorxusundan zağ-zağ əsənlər sinələrinə döyüb çığırırdılar: “Bizə pambıq yox, azadlıq lazımdı!” Adamlar indi-indi sakitləşib, bir-iki il öncə bilirsən necə dava-dalaş olurdu? Şəhərdə aləm sözlə qarışanda, yəni partiya rəhbərləri söz davasına çıxanda, bizim kənddə yumruqlar, şillələr, təpiklər, kəllələr işə düşürdü. Bu öz yerində, qayıdaq Fəridənin məsələsinə...

Xalan qızı Fəridə qəşəngdi, buna söz yox, baxma ki, səni hərifləyib, o qız plov-zad bişirə bilmir. Vilayətin oğlu Famillə “Leyli-Məcnun” idi. Məktublaşmaq, görüşmək, mən nə bilim nə... O Vilyətin oğluyla ki, böyük qardaşı Qiyas şəhərdə işləyir, evdəkilər də onunla sənə xəbər göndəriblər, ndurma gəl, səndən ötrü darıxmışıq. Ancaq sən gələndən dədən evdə tapılmır. Çünki yaxşı bilir ki, sən şəhərə qayıdandan sonra şəhərdən xarici maşınlarla yuxarıdakılar gələcək, dədənin ətrafındakı cəsuslar yuxarıdakılara: “Bütün günü işləyir, - deyəcəklər. – Oğlu gəlmişdi şəhərdən, onu da fərli-başlı görməyə macalı olmadı. Gecə-gündüz kabinetdədi, işdə-gücdədi”. Dədəni qınamaq olmaz, partiyalarda iş belə qurulub, hər şöbə başçısının ətrafında iki-üç güdükçü, xəbərçi var. Gələnlər maşından düşməmiş olanları qoyurlar ovuclarına. Bir də gördün durduğu yerdə bir şöbə başçısını çıxardıb atdılar, kabinetidə əldən getdi, gələcəyi də. Qabaqdan seçki gəlir, bilmək olmaz, bəlkə dədən deputat, sonra da, adı nədi onun, spiral - deyəsən, spiker demək istəyirdi, - oldu. Kəndimizdəki bütün partiyaların şöbə başçılarının ürəyindən deputat olmaq keçir, bu qulağımnan eşitmişəm, hamısı gəliblər evimə ki, Xatirə, buyur, gəl gir bizim partiyaya. Öz aramızdı, dədən də gəlib məni öz partiyasına yazmaq istəyirdi, arvadından gizlin xalanın əri də gəlmişdi ki, məni öz partiyasına yazdırsın. Day nələr vəd verməyiblər. Bilirlər axı, Xatirə hansı partiyaya girsə, dalınca bir toyxana adam gətirəcək. Demişəm gedin, mənim dava- dalaşlıq halım qalmayıb. Day sakitlik istəyirəm...

O Vilayətin oğluyla ki, kiçik qardaşı Nazim dünən bütün gecəni xalangilin həndəvərində səni güdüb. Gecə evinizə qayıdanda həyətlərindəki iki heyvərə iti qısqırdıb sənin üstünə. Yaxşı uşaqdı, itləri də özü böyüdüb. Acıqlandım məsələni eşidəndə. Guya ki, qardaşının qiryətin çəkir. Bəbədi hələ, məktəbi də qurtarmayıb. Qabağımda zar-zar ağladı ki, Xatirə xala, bəs neyləyim, Famil əskər gedəndə Fəridəni mənə tapşırıb. Mən də dedim ki, nahaq özünü üzmə, o, xalasıqızını alan deyil, hələ evlənmək fikri yoxdu. O, siyasətin qurbanıdı”.

Heyrətlə gülümsünüb: “Mən siyasətin qurbanıyam?” – soruşdum. “ Hə”, - dedi. Çaşqın-çaşqın çiyinlərimi çəkdim: “Hansı siyasətin? Mən heç vaxt, heç bir partiyanın üzvü olmamışam, anadangəlmə bitərəfəm”. “Qırışmal, bu dəfə sənə elə şeylər danışacam ki, anandan Məsmə xaladan eşitmişəm. Özünə deməyəsən ha... İstəsəydi özü sənə deyərdi, madam ki, deməyib, sən açıb-ağartma. Belə çıxar ki, mən xəbərçilik eləyirəm. Əslində böyük bir sirr-mirr də yoxdu arada.... Qısası, on beş gün qabaq dədənin böyüyü ilə xalanın ərinin başbiləni bir maşında gəlmişdilər kəndə. Məsmə xala sizin həyətdə yaxşı süfrə açmışdı, dədən qoyun kəsib kabab çəkmişdi, stolda araq-çaxır bəs deyincədi. Adam azdı, elə kişilər özləriydi, dədən, xalanın əri – hərçənd ona kişi deməyə dilim gəlmir – bir də şəhərdən gələn iki nəfər. Zalımlar şoferi darvazanızın qabağında neçə saat gözlətdilər, amma həyətə çıxıb yemək-zad da təklif eləmədilər yazığa. Axırda Məsmə xala yuxanın arasında ciyər kababı aparıb şoferə ki, al ye, yəqin acsan. Şofer denən, lalmış, karmış heç yaxına qoymayıb arvadı. Yayın cırlamasında maşının pəncərələrini də bağlayıb oturub içəridə. Gələnlər sizdə xeylağ ləngiyib, amma şofer oturduğu yerdən qımıldanmayıb da... Deyirlər, uşaqlar maşına yaxınlaşmağa qorxurmuş, barmağını maşına vuranın tok ağlını başından çıxarırmış. Elə uşaqlar Məsmə xalaya deyib ki, yaxına getmə, tok vurar. Yoxsa, yazıq arvad birtəhər olacaqmış. Onun da əlacı kəsilib uzaqdan-uzağa yuxanı şoferə göstərib ki, gəl götür. Di gəl, şoferin şoferin sir-sifəti sanki daşdanmış, rulun dalında heykəltək oturub, heç kirpiklərini də qırpmayıb. Məsmə xala da açığa düşüb, ürəyində deyib ki, belə, cəhənnəmə ye, gora ye, can sənin, cəhənnəm tanrının... Həlbət ki, Məsmə xala kişilərlə həyətdə oturmayıbmış, amma arabir süfrəyə nəsə gətirmək lazım olanda bəzi sözləri qulağı alırmış. Deyir, dədənin adamı deyirmiş ki, gərək bundan belə sizin aranızdan su da keçməyə. Həqiqətən isə başçılar sizə gələn həmin o günəcən xalangillə aranız sərin idi. Xalanın əri də qayıdıb ki, onsuz da su keçmir, biz bacanağıq. Xalanın ərinin böyüyü onun sözünü kəsib ki, bacanaqlıq azdı! Dədənin adamı zarafata salıb ki, yeddi bacanaq yola çıxdı, yolda dedilər, bir Allah bəndəsi olsaydı, söhbətləşib mənzil başına nərdivan salardıq. Anan bir də süfrəyə yaxınlaşanda hamı ayaq üstəymiş, xalanın ərinin böyüyü tost deyirmiş ki, bəs, bizim partiyalar şəhərdə bir-birini dəyənəklədiyi kimi, siz də burda bir-birinizi dəyənək... tfu... şoğərib... həmişə çaşıram, nədi e, o sözün adı?” – Xatirə üzümə baxdı. Mən sakitcə: “dəstəkləmək”, - dedim, o, sözünə davam elədi. “Hə, siz də burda bir-birinizi dəstəkləməlisiniz. Vəssalam, şüdtamam, gələnlər yeyib-içib oturublar maşına, üz qoyublar geriyə. Məsmə xala axşam dədəndən soruşub ki, ay kişi, gələnlər nə deyirdilər? Kişi də cavab verib ki, sən siyasətə qarışma, baxma ki, səni partiyamıza qəbul eləmişəm. Yaxşısı budu bizə kömək elə, gərək bizim oğlanla Fəridə ər-arvad ola. Anan da acıqlanıb ki, bir yandan deyirsən qarışma, bir yandan da deyirsən kömək elə, yaxşısı budu, mən yaxamı çəkim kənara, özün necə istəyirsən elə elə. Dədən əlini yelləyib ki, heç mən də qarışmayacam, bu işi düzüb qoşmağı bacın öz boynuna götürüb. Deyəsən, əvvəldən qızını bizim oğlana vermək fikri varmış, intəhası, qabağa düşməyi özünə sığışdırmırmış. Anan da deyib ki, madam, yuxarıdakılar belə məsləhət görüb, özünüz bilən yaxşıdı, sonra da bayaqkı söhbət düşüb yadına, dədəndən soruşub ki, bəs, “dəstəkləmək” nə deyən sözdü, yəni, adamlardan dəstə bağlamaq? Adamlar göy-göyərti-zaddı ki, dəstə bağlayalar? Dədən də başını qaşıya-qaşıya cavab verib ki, yox, ay arvad, “dəstəkləmək” siyasi sözdü, o vaxt Karl Marks Almaniyanın sement zavodunda çıxış eləyəndə fəhlələrə deyib ki, əzizlərim, bir-birinizi dəstəkləyin. Məsmə xala da əl çəkməyib ki, ay kişi, bəs, o Marks köpəyoğlu bizim uşaqları hardan tanıyır? Dədən dərinə getməyib ki, ay arvad, sən Allah, az sorğu-suala tut məni, yerimi sal, yatıram, səhər tezdən durmalıyam”.

Araya çökən sükutu xoruzların səs-səsə verən banı pozdu. Xatirə yorğun-yorğun gülümsünüb: “Ayə, qırışmal, - dedi, - səhər açılır, gəl bir sənin falına baxım”.

***

Oyananda ilk anladığım bu oldu ki, Xatirirəgildə gecələmişəm. Biz yatanda səhər açılmaqda idi. Bir həyətdə, amma ayrı-ayrı evlərdə yatdıq. Xatirə Şuranın evində, mən Xatirənin. Yorulmasaydım, evimizə qayıdardım, yuxum tökülürdü, kirpiklərim qeyri-ixtiyari qapanırdı, düzünəqulusu, birtəhər evimizə dönərdim, çəkindim. Vilayətin kiçik oğlundan, Fəridənin “cangüdən”indən nə desən gözləmək mümkündü. Baxma ki, Xatirə: “acıqlanmışam”, - deyir. Uşaqdı, beyni qızdı, qurtardı. Sonra itlərin qabağında qaç, canını qurtar, görüm...

Mən yerimdən duranda gün günortadan keçmişdi. Geyinib artırmaya çıxanda gözlərimə inanmadım. Xatirə qollarını çırmalatıb yaxşıca süfrə açmışdı, əlindəki dəsmalı yelləyib süfrəyə qonmaq istəyən milçəkləri qovurdu. Qəribə burası idi ki, Xatirəni heç vaxt əməlli-başlı biş-düş eləyən, ev yığışdıran görməmişdim, ağlıma da gətirmirdim ki, Xatirə adi qadınlar kimi – lap elə mənim anam kimi – ev işləri görər, həyət-baca süpürər, yemək bişirər.

Xatirə məni görəndə:

- Nə tənbəlsən, - dedi. – Qıymıram səni durğuzmağa, sən də oyanmaq bilmirsən. Acından başım gicəllənir.

Əl-üzümü yuyub masa arxasında əyləşdim.

Xatirə qəfil şikara rast gələn yalquzaq kimi yeməyə girişdi, ağzı işləyə-işləyə dedi:

- Ye, ye... Mənim xörəklərim Fəridənin plovundan dadsız deyil. Qıtlıq da olsa, sənə gələcək arvadından yaxşı qulluq eləyirəm.

Mən evimizə qayıdanda hava qaralırdı. Pillələri qalxıb artırmaya çıxanda anam bərkdən dedi:

- Yaxşı gəlmisən. Fəridə də bizdədi. Sənin çəkmələrini gətirib. Darıxır bayaqdan... Gəl... gəl, şirin söhbət eləyin...

- Yox, xala, - Fəridə cəld pillələri endi. – Gecdi, mən gedirəm, - aşağıdan-yuxarı anama dedi.

Anam razılaşmadı:

- Bu vədə tək necə gedəcəksən?

Fəridə boynuma qoydu:

- Xaloğlum ötürər də məni, - deyəsən, elə məni gözləyirmiş.

- Hə, həlbət ki... Nə deyirəm... – anam üz vurmadı. – Yaxşı yol, qızım.

Çar-naçar “əsirlikdən qurtulan” çəkmələrimi geyindim və Fəridəni irəli buraxıb həyətdən çıxdım. Özlüyümdə: “Fəridənin cangüdəni itləri ikimizin üstünə qısqırtmağa cəsarət eləməz” – düşünüb, addımlarımı yeyinlədib, addımlarımı yeyinlədib ona çatdım.

Yönümüzü Kürün qırağından salanda Fəridə dilini dinc qoymadı:

- Xatirə ilə kəndin içində hərlənirsən, mənisə təkliyə çəkirsən ki, görən olmasın? Yoxsa, qorxursan o ifritədən? Cadu-zad eləyib bəlkə sənə?

Zarafata salmaq istədim, tərslikdən ağlıma heç nə gəlmədi.

- Bizdə yatıb qala bilmədin, - Fəridə məndən cavab-mavab gözləmirdi. – Gecəyarısı ayaqyalın, xəbər- ətərsiz, səs-soraqsız yoxa çıxdın. Bəs, Xatirənin qucağı nə şirin oldu? Necə yatdın gecəni? Onun yanına girəndə heç olmasa ürəyindəcə: “dayı, məni bağışla”, - dedin, demədin? – qımışıb qoluma girdi.

Hirslənməsəm də özümü incik göstərdim:

- Kiri, ay qız, Xatirə bizim rəhmətlik dayımızın arvadıdı... – guya ki, Amerika açdım, Fəridənin bundan yerli-dibli xəbəri yoxdu. Yersiz sözlər dediyimə görə ürəyimdə özümü danladım.

- Doğrudan?... Olmaz elə dayıdostudan... Səhərəcən salıb səni çənəsinin altına bizim qeybətimizi qırıb, - qıyğacı üzümə baxanda gözlərimi yerə dikdim, zalımın qızı düz deyirdi axı. – Oturmuşdun Şuranın evində, qabağında çay, mer-meyvə, Xatirənin əlinin altında kart... O, qaramızca döşəyirdi, sən də qulaq asırdın...

- Dayan görüm... Sən idin gecə pəncərədən baxan?..

- ...

- Hə, ya yox?

- Hə, mən idim! Burda nə var ki? Bəs, mən bilməyim ki, o Allahsız gecəgözü səni evinə salıb başına nə oyun açacaq? Elə bilirsən qaranlıqda evdən çıxmağa qorxuram? Mən ha! Ya məni ötürməsən evimizə gedib çıxa bilmərəm? Ay-hay! Kişi ürəyi var məndə. Xatirə ilə diz-dizə əyləşib söhbətləşən – yüz faiz aydındı ki, o ləçər bizim qeybətimizi qırırdı – özgəsi olsaydı, heç üzünə baxmazdım. Ancaq sən başqa məsələ... Kənddə doğulsan da qayda-qanunlarımızı bilmirsən, sadəlövhsən, Xatirənin şirin dilinə aldanırsan. Neynək, qoy olsun. Nə deyə bilər axı sənə Xatirə? Elə həmişə orda-burda dediklərini. Dedimi ki, xalan fahişədi, dedimi ki, xalanqızı gəzəyəndi, dədəsindən bixəbərdi, dedimi ki, özü üç dəfə ərə getsə də aydan arı, sudan durudu?..

- Ay qız, sakit ol, əsəbləşmə, - sözünü kəsdim.

Səsinin ahəngindən mənə elə kəldi ki, indicə ağlayacaq. Ancaq o, biganəliklə əlini yellədi:

- Niyə hirslənirəm, öyrəncəliyik. Mən də, anam da... Qulağımız dolub. Vecimizə almırıq daha... Xatirədi də, qoy nə deyir desin. Amma arabir öz işdəklərini də yada salsın. Prokuror Şuraya çörəyin arasında siçan dərmanı verib zəhərləməyini, Gülnisənin oğlu Mehdixanı – üçüncü ərini – cadulu bankalarla həmişəlik yatızdırmağını, voyenni ərini, yəni ikinci ərini də, aradan götürmək məsələsini, ərinin silahdaşı ilə başbir olandan sonra onu öyrətmişdi, yazığı vertolyotdan atsın yerə... Elə bədbəxt dayımızın da başını Xatirə yemədi? Qarabaxt dayım, ağacın altında oturub dincini alırmış, Xatirə evdən çay gətirir ki, gərək bunu içəsən. Dayım çay içən deyilmiş, ya ürəyinə nə isə damıbmış, deyir ki, içmirəm. O deyir iç, bu deyir içmirəm, axırda Xatirə zorla çayı tökür dayımın boğazına. Çay adına verdiyi o zəhrimar nəymişsə, dayım çeçəyib o saatca dünyasını dəyişir...

- Yalandı! Mən bunu eşitməmişəm. Dayım uşaq-zad deyildi ki, Xatirə onun boğazına çay tökəydi.

- Yalandı? Hardan ağlına gəlib ki, sənin bilmədiklərin uydurmadı? Mən niyə yalan danışmalıyam? İnanmırsan, gedərik xalandan soruşarsan. O ki, yalan danışmaz... Yoxsa, Xatirənin qucağında uyuyandan sonra dost-doğmaca xalana da inanmırsan?

- Danışmaz... – çarəsiz-çarəsiz razılaşdım. – Guya, kefdən Xatirəgildə yatmışdım. Mən onun evində yatdım, o, Şuranın evində - bu bir. İkincisi, mən yuxuya gedəndə səhər açılırdı. Neçə saat yerimin içində ilan vuran kimi fırlanmışam, - burasını deyəndə Fərhad yadıma düşdü, düzdü, o, mənim yadıma dumanlı, demək olar ki, güclə gəlirdi, istər-istəməz diqqətlə Fəridəyə baxdım. – Özü də həmin peçin yanında yatmışdım, ağlıma gürbəcür fikirlər gəlirdi. Elə bilirdim peçin içindən dayım çıxacaq, Mehdixan çıxacaq, voyenni çıxacaq, Xatirənin çəkməçi qardaşı çıxacaq, özümüzük onun tikdiyi çəkmələrin dillərə düşdüyünü mən heç vaxt eşidib eləməmişəm, qaraçılar çıxacaq, Xatirənin dədəsi çıxacaq. Tapançanı götürüb başıma bir güllə sıxacaqlar. Sonra da özləri ilə aparacaqlar, hamımız bir yerdə girəcəyik peçin içinə... Yataqda qıvrıla-qıvrıla ağlıma gələnlərə elə inandım ki, yuxulu-yuxulu durub peçin içinə baxmağa da ərinmədim. Tərs kimi gözüm divardakı böyüdülmüş şəklə sataşdı. Xatirənin qardaşının şəklinə. Ətrafına da qırmızı lent bağlanmışdı. Düz başımın üstündə idi şəkil... İndi yat görüm, necə yatırsan! İkinci kərə şəkli üzü üstə çevirmək üçün qalxası oldum. Ancaq şəkli çevirə bilmədim. Şəklin arxasından tapança düşdü çarpayıya. Şəklin arxasında tapança gizlətməyə yer yox idi, sanki göydən atmışdılar onu...

- Yuxuda? – Fəridə sözümü kəsəndə mən özümə gəlib: “Mən nə danışıram, xudaya?” – düşündüm.

Və sevincək təsdiqlədim:

- Hə, hə, yuxuda...

Fəridə istiqanlılıqla gülümsündü, dediklərimdən razı qalmışdı.

- Neyləyəsən, - dedi, - o ifritənin, cadu-pitinin evində gecələmək hər kişinin hünəri deyil.

- Sən də başlamısan ki, Xatirənin qucağı, mən nə bilim, filan yeri...

Fəridə mənə qısıldı:

- Zarafat-zad başa düşmürsən? Xatirə haranın ləçəridi ki, mən qısqanıb eləyim. Elə fikirləşmə ki, sənə ərə germək xatirinə özümü təmizə çıxardıb Xatirəni yamanlayıram. O falçı hara, mən hara? Mən sənin xətrinə, yalnız sənə görə gecə Şuranın evinin pəncərəsindən sizi güdmüşəm. Mən sənə görə səni dilə tuturam. Gələcəyimizə görə... Yoxsa, bütün gecəni Xatirə ilə diz-dizə oturan, Xatirənin qeybətlərinə, qarayaxdılarına qulaq asan adamı yaxına buraxardım? İraq-iraq, qarıyıb evdə qalmamışam ki... Vallah-billah, Xatirə deyənlər uydurmadı. Bir də vallah-billah ki, bizim evlənməyimiz məndən çox sənə gərəkdi. Sən bəzi məsələlərdən xəbərsizsən axı...

Xalamgilin darvazasının qabağında ayaq saxladım, qoluma girdiyindən sövq-təbii o da dayandı.

- Hansı məsələlərdən? – soruşdum.

Fəridə qolunu qolumdan çəkib həyət qapısını açdı:

- Evdə deyərəm...

- Yox, - dedim, - yorğunam, qoy qalsın sabaha...

- Gəlmirsən? – bir ayağı bayırda, digəri həyətdə qaşqabağını sallayıb dayandı.

- Yox, küsmə, dedim ki, sabah gələrəm...

Təkid eləmədi, başını döndərib yanağımdan ehmalca öpdü və “sağ ol,” – deyib evə yüyürdü. Dəmir qapının zərblə örtülən səsindən qulaqlarım bir xeyli uğuldadı.

...Evdə anam soruşdu:

- Noldu sənin evlənmək işin? Bir qərara gəldin?

- Yox, - dedim yorğun-yorğun. – Elə işlər var ki, son nöqtəni qoymaq çətindi, çox çətindi...

Anam çaşqınlıqla dedi:

- Çətinlik-mətinlik yoxdu, bala. Ya “hə” deməlisən, ya “yox”.

Göylərdən enib başa düşdüm ki, hansısa, Xatirə demişkən, qalstuklular məclisindən uzaq, savadsız anamın hüzurundayam.

Səhər qayıdacam şəhərə, - dedim. – Gərək otpusk götürüb, gəlib bir ay burda qalım. Ölçüm-biçim... Arvad almaq bazarda kartof-soğan alveri deyil ki...

Anam razılıqla başını tərpətdi, bu dəfə dediklərimi yerli-yataqlı anlamışdı.

...Hardasa itlər hürüşdü. Mənə elə gəldi ki, Vilayətin oğlunun itləri həyətdən çıxmağımı gözləyir...

***

Şəhərə gələndə eşitdim ki, Faxını öldürüblər. Deyirdilər qatillər – qəfil pivəxanaya soxulub ona atəş açanlar – iki nəfərmiş. Yazığın bədəninə üç, başına bir güllə dəyibmiş. Yalan-gerçək şahidlər danışırdı ki, gələnləri görcək Faxının sir-sifətindəki öyrəşdiyimiz, həlim təbəssüm silinib, qalın qaşları çatılıb, çöhrəsi elə zəhmli olub ki, nə gündə min yol vurmağa gələnlər, nə də yaxınlıqda yaşayan tanış-biliş heç vədə onu o cür zabitəli görməyibmiş.

Bəlkə qatillərin də qorxudan əlləri titrəyib, nə səbəbdənsə, ikicə addımlıqdan və iki tapançadan dalbadal açılan saysız-hesabsız güllələrdən cəmi dördü dəyib hədəfə...

Faxı piştaxtanın arxasından tapançalıların üstünə tullanıb, ancaq son güllə kəlləsini tutduğundan yaralı pələng təki irəli şığıyan qolları boşalıb, qanlı əlləri azca qabaqdakı tuncsifət qatilin çiyninə toxunub və daş kimi yerə dəyib...

Hay-küy qopub aləm qarışınca qatillər gəldikləri ağ “Mersedes”ə minib göz qırpımında aradan çıxıblar...

Deyirlər, kəlləsinə dəyən güllədən Faxının sifəti bədheybət hala düşübmüş, polis gəlib çıxanacan ortada qalan meyitə qorxudan yaxın duran yoxmuş...

1995

# 2349 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #